Məhkəmə qərarları › İş №1(027)-112/2025

Quba Rayon Məhkəməsi Hökm — İş №1(027)-112/2025

14.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Quba şəhəri İş № 1(027)-112/2025 14.07.2025 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Kamilli Günel Hakim qızının sədrliyi Xudaverdiyev Elşad Mütəllim oğlunun katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakı ilə, xx xxxxxx 1986-ci il tarixdə Quba rayonu Rustov kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, Quba rayonu, Rustov kəndində qeydiyyatda olmaqla faktiki yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 19 iyun 2025-ci il tarixdə Quba rayonu İdrisi-Qışlaq kənd ərazisində Zərərçəkmiş şəxs ilə aralarında yaranmış mübahisə zamanı əl zərbəsi ilə sonuncunu qəsdən yumruqla vuraraq onun sağlamlığının qısa müddətə pozulmasına səbəb olmuş hər iki ağız künclərinin cırılış yaraları, alt dodağın şişkinliyi, alt dodağın selikli qişasının orta hissəsinin qansızması, boynun sağ yan səthin yuxarı şöbəsinin, ön səthin orta şöbəsinin qançırları (3 ədəd), boynun ön səthin orta şöbəsinin iki ədəd sıyrığı küt əşyanın təsirindən ibarət bədən xəsarəti yetirməklə qəsdən sağlamlığına yüngül zərər vurmuşdur. Məhkəmə, sadələşdirilmiş icraat materialları ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (CPM) 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, təhqiqat və məhkəmə protokollarını, ekspertiza rəyini və digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, məhkəmə iclasında Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə qardaşının övladının toy məclisində iştirak etmək məqsədi ilə atası Qurban və əmisi Tahir ilə birlikdə Sumqayıt şəhərinə getmişdir. Toy məclisində iştirak edib və yeyib-içdikdən sonra yaşadığı Quba rayonu Rustov kəndinə gəlməkdən ötrü əmisi Tahir ilə birlikdə atasının idarə etdiyi avtomaşına əyləşib yola düşmüşlər. Quba rayonu İdrisi- Qışlaq kənd ərazisinə çatanda əmisi Tahir ilə onun arasında yaşadığı evlə bağlı söz mübahisəsi baş vermişdir. Mübahisə zamanı Tahir onun və ailə üzvlərinin ünvanına nalayiq ifadələr işlətdiyinə görə əsəbləşib əmisi Tahirin üz nahiyəsinə əl zərbəsi ilə vurmuşdur. İfadəsinin sonunda Təqsirləndirilən şəxs əmisi ilə barışıq əldə etməyə cəhd etdiyini, əməlindən peşman olduğunun bildirərək məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə qardaşı oğlu Fuadın övladının toy məclisində iştirak etmək məqsədi ilə qardaşı Qurban Paşayev və qardaşı oğlu Təqsirləndirilən şəxs ilə birlikdə qardaşı Qurbanın idarə etdiyi avtomaşınla Sumqayıt şəhərinə getmişdir. Toy məclisində iştirak etdikdən sonra, birlikdə yaşadıqları rayona qayıdarkən Quba rayonu ərazisində avtomaşının içərisində qardaşı oğlu Ceyhun atalarından qalan mülk üstündə onunla mübahisə etməyə başlamışdır. Hər hansı bir nalayiq ifadədən istifadə etməmişdir. Mübahisə zamanı Ceyhun əyləşdiyi arxa oturacaqdan qəfildən onun üz və boyun nahiyələrindən əli ilə vuraraq ona müxtəlif dərəcəli bədən xəsarəti yetirmişdir. İfadəsinin sonunda Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə barışmadığını və ona qanunla nəzərdə tutulmuş qaydada cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. İş üzrə təyin edilib keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmətibbi ekspertizasının 19 iyun 2025-ci il tarixli 254 nömrəli rəyindən görünür ki, xx.xx.1958-ci il təvəllüdlü Zərərçəkmiş şəxs bədəni üzərində aşkar olunan xəsarət - hər iki ağız künclərinin cırılış yaraları, alt dodağın şişkinliyi, alt dodağın selikli qişasının orta hissəsinin qansızması, boynun sağ yan səthin yuxarı şöbəsinin, ön səthin orta şöbəsinin qançırları (3 ədəd), boynun ön səthin orta şöbəsinin iki ədəd sıyrıqı küt əşyanın (əşyaların) təsirindən törənməklə yetirilmə müddəti qərarda göstərilən tarixə, yəni 19 iyun 2025-ci il tarixə uyğun gəlir, dərəcəsinə görə sağlamlıqda qısa müddətə pozğunluq törətdiyindən sağlamlığa yüngül zərər vurmaya aiddir. Sadələşdirilmiş icraat materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamışdır. Sadələşdirilmiş icraat materiallarına əlavə edilmiş “Quba rayon mərkəzi xəstəxanası” publik hüquqi şəxsin 23 iyun 2025-ci il tarixli 18-1- 56/2-872/2025 nömrəli məktubundan görünür ki, Quba rayonu, Rustov kəndində yaşayan, xx xxxxxx 1986-ci il təvəllüdlü Təqsirləndirilən şəxs RMX-nın Poliklinika şöbəsinin narkoloji və psixatrik kabinetlərində qeydiyyatda yoxdur; Sadələşdirilmiş icraat materiallarına əlavə edilmiş Quba RİHB-nın Quba rayon Rustov kənd İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışdan və arayışa əlavə edilmiş xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Quba rayonu, Rustov kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayır və o, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmə təqsirləndirilən və zərərçəkmiş şəxsləri dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri özünün və zərərçəkmiş şəxsin ifadələri, iş üzrə təyin edilib keçirilmiş məhkəmə-tibb ekspertizasının müvafiq rəyi və eləcə də məhkəmə istintaqı zamanı təhqiq olunmuş digər subutlarla tam yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə tövsif olunmuş və ona həmin maddənin sanksiyası daxilində cəza təyin edilməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, habelə əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 5.1-ci maddəsinə əsasən, əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər yalnız bu Məcəllə ilə müəyyən edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə müvafiq olaraq cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə müvafiq olaraq cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, habelə təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəzasının həddini və növünü müəyyən edərkən ilk dəfə olaraq cinayət məsuliyyətinə cəlb edilməsini, əməlindən peşman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olmasını və zərərçəkmiş şəxs ilə barışmağa cəhd göstərməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-cü maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. İş üzrə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən olunmadı. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsinə əsasən Sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma—min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Həmin Məcəllənin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Həmin Məcəllənin 72-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinə əsasən şəxs bu Məcəllənin 72-73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın ədalətli olmasını və şəxsin islah olunmasına təsirini, eyni zamanda onun şəxsiyyətini, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, eləcə də cəzanın səmərəliliyini və məqsədə uyğunluluğunu şərtləndirən digər halları nəzərə alaraq belə nəticəyə gəlir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs təsqirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə cəzası təyin olunduğu təqdirdə təmin edilə bilər. Bu növ cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 23.1-ci maddəsinə əsasən məhkumlar cəriməni hökm qanuni qüvvəyə mindiyi gündən bir aydan gec olmayaraq müvafiq bank hesabına köçürməklə ödəməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməli və hökm qanuni qüvvəyə minənədək həmin qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında» 07 mart 2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə görə məhkəmə, hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli olan əmlakın olub-olmaması məsələsini həll etməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1 və 99-1.1.1-ci maddəsinə əsasən məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) Xüsusi müsadirə olunan əmlak hesab olunur. Məhkəmə xüsusi müsadirə ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, iş üzrə belə bir əmlak olmadığından təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə ilə bağlı müddəa tətbiq edilməməlidir. Məhkəmə hesab edir ki, cəzanın icrası Təqsirləndirilən şəxs yaşadığı yer üzrə Quba rayon İcra və probasiya şöbəsinə həvalə edilməlidir. Həmçinin, məhkəmə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi məqsədi ilə Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən təqsirləndirilən şəxsin hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 5 saat üçün 55 manat Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli Qərarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2025-ci il tarixli qərarına əsasən dövlət büdcəsindən tutulub Quba rayon Vəkil Bürosunun hesabına ödənilməsini əsaslı hesab edir. İş üzrə mülki iddia, maddi sübut və məhkəmə xərci yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347; 349; 351-353, 356, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 1300 (bir min üç yüz) manat miqdarında cərimə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilsin və hökm qanuni qüvvəyə minənədək seçilmiş qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Quba rayon Vəkil bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesablanmaqla, 5 (beş) iş saatına görə 55 (əlli beş) manat Dövlət büdcəsindən Quba rayon Vəkil Bürosunun hesabına köçürülsün. Cəzanın icrası yaşadığı yer üzrə Quba rayon İcra və probasiya şöbəsinə həvalə edilsin. Qərardan 20 gün müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Qərar apelyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdıqdan sonra qüvvəyə minir. Hakim: Günel Kamilli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar