Məhkəmə qərarları › İş №1(027)-113/2021

Quba Rayon Məhkəməsi Qərar — İş №1(027)-113/2021

31.08.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 1(027)-113/2021 31.08.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim – Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri X3, müdafiəçi – Quba rayon vəkil bürosunun vəkili Müdafiəçi, zərərçəkmiş şəxsin hüquqi varisi – Zərərçəkmiş şəxs, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs – Təqsirləndirilən şəxs Cabir oğlunun iştirakları ilə, xx.xx.2002-ci ildə Quba rayonu, Püstəqasım kəndində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkum olunmayan, Quba rayonunun Püstəqasım kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Cabir oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına Quba Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i̇ : Təqsirləndirilən şəxs Cabir oğlu 06.04.2021-ci il tarixdə, saat 11:00 radələrində Quba rayonu, Püstəqasım kəndində yaşadığı evin qarşısında yerləşən bağ sahəsində fəhlə işləyən həmkəndlisi X4 ilə aralarında yaranmış mübahisə zamanı sonuncunun sifətinə bir dəfə yumruqla zərbə endirməklə Zakir Hacıəliyevin sol gözaltı və almacıq nahiyyəsində qançır-hematoma ilə nəticələnən sağlamlığının qısa müddətə pozulmasına səbəb olan bədən xəsarəti yetirməklə qəsdən sağlamlığına yüngül zərər vurmuşdur. Məhkəmə iclasında cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Cabir oğlu özünü ona qarşı irəli sürülmüş ittihamda təqsirli bilərək ifadəsində göstərdi ki, yaşadığı evin həyətyanı sahəsinin yanında həmkəndlisi Ayazın bağ sahəsi vardır. 06.04.2021-ci il tarixdə, saat 09 radələrində Zakir Ayazın bağına gedən yerdə Ayazın sifarişi ilə ağaclardan çəpər düzəltməyə gəlmiş, həmin çəpər digər qonşusu Fəxrəddinin çəpəri ilə bitişikdir. O, yaşadığı evin həyət qapısının giriş hissəsinin qarşısına torpaq töküb hamarlamış, Zakir də gəlib həmin torpaqdan bel ilə götürüb Ayazın çəpərinin dibinə doldurmağa başlamışdır. X11 xəbərdalıq etmişdir ki, qapının qarşısındakı torpağı götürməsin. X12 üstünə qışqırmış, o da həmin vaxt evdə yatmışdır. Saat 10 radələrində o, yuxudan oyandıqdan sonra anası ona bu barədə demişdir. O, həyətdə balta ilə odun doğrayıb və anası odun parçalarını həyətə araba ilə daşıyaraq səliqə ilə yığan zaman, Zakir və Fəxrəddin adlı qonşularının sözlə çəpərlə bağlı mübahisə etdiyini eşitmişdir. Sonra Fəxrəddin öz həyətindən Cəsura səslənərək çəpərin yanında iş görən Zakirə balta verməsini xahiş etmiş, o, da baltanı aparıb Zakirə vermişdir. Zakir təxminən 5 dəqiqə əlində olan balta ilə uzun ağac parçalarından hazırladığı çəpərdən Fəxrəddinin sahəsinə tərəf keçən hissələri doğramışdır. Sonra o Zakirə hansı səbəbdən anası Qızılgül ilə səhər saatlarında kobud danışması və torpağı qazıb götürməsini soruşmuş, Zakir də üstünə qışqırmışdır. Həmin vaxt Zakirin sağ əlində çəkic, sol əlində balta olmuş, onun üstünə gəlib çəkici yuxarı qaldırmış, o da sol əli ilə Zakirin çəkic tutan sağ əlindən tutmuş, sağ əli ilə Zakirin sol gözünün altına bir yumruq, sinə nahiyyəsinə də bir yumruq zərbəsi vurmuşdur. Zakir əlindəki balta ilə onu vurmaq istədikdə o Zakirin balta olan əlini tutmuş, Zakir də onu qucaqlayıb çəkiclə kürəyinə iki zərbə vurmuşdur. Bu zaman Qızılgül yaxınlaşaraq onları ayırmağa çalışsa da, bacarmamış, Fəxrəddin yaxınlaşıb onları ayırmışdır. O, evə getmiş, Zakir də çıxıb getmişdir. O, Zakir Hacıəliyevin psixi xəstə olmasını qeyd etmiş, baş vermiş mübahisənin 06.04.2021-ci il tarixdə, saat 11 radələrində yaşadığı Quba rayonu, Püstəqasım kəndində evinin qarşısından Zakir Hacıəliyev torpaq götürməsi səbəbindən baş verdiyini, Qızılgül orada olmuş və onu kənara dartmış, lakin Zakirə toxunmamış, hadisə zamanı Fəxrəddin də orada olmuşdur. O, törətdiyi əməldən peşman olduğunu, hazırda zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışdığını bildirərək onun barəsində olan məhkəməyədək sadələşdirilmiş icraat materiallarına xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınmış qardaşı Zərərçəkmiş şəxs bildirmişdir ki, X4 doğma qardaşıdır. 06.04.2021-ci il tarixdə, saat 11 radələrində qardaşı Zakirin Cəsurun evinin qarşısından torpaq götürməsinə görə aralarında mübahisə yaranmış və Cəsur Zakiri yumruqla vurmuşdur. Mahir onların dalaşmasını bir gün sonra telefonla anasına zəng edib danışarkən anasından eşitmişdir. 23.04.2021-ci il tarixdə qardaşı Zakir yaşadıqları Quba rayonu, Püstəqasım kəndində örüş sahəsində mal-qara otarmağa getmiş, həmin gün gecə evə gəlməmiş, bu barədə 24.04.2021-ci il tarixdə səhər saatlarında ona kənddən zəng edilərək məlumat vermişlər, xəbəri eşitdikdə o Xaçmaz şəhərindəymiş, oradan geri qayıdarkən bu barədə polisə də məlumat vermiş, polis əməkdaşları ilə birgə qardaşı Zakirin cəsədini kənd ərazisində örüş sahəsində tapmışdılar. Zakir əqli cəhətdən qüsurlu idi, ilkin olaraq Zakirin sol ayağından qan itirməsi nəticəsində vəfat etdiyi bildirilmişdir. O, hazırda Təqsirləndirilən şəxs ilə barışdığını və ona qarşı şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124.2.2-ci maddəsinin tələbinə uyğun olaraq iş materiallarında olan şübhəli, təqsirləndirilən, zərər çəkmiş şəxsin, zərər çəkmiş şəxsin hüquqi varisinin, şahid ifadələrini və ekspertiza rəyini sübut növü kimi qəbul etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 06.04.2021-ci il tarixdə, saat 10 radələrində evdə olanda, yaşadığı evin həyətindən Zakir Ayazın bağına gedən yola çəpər düzəltdiyini görmüşdür. Zakir çəpər düzəltdiyi yer Cəsurgilin evinin qarşısıdır. O, Zakirə yaxınlaşıb bir ağac paya verib çəpərə basdırmasını və çəpərə vurduğu ağacların onun həyətinə tərəf keçən hissələrini balta ilə kəsməsini bildirmişdir. Həmin vaxt, qonşuluqda yaşayan Təqsirləndirilən şəxs həyətində balta ilə odun doğrayırdi. Cəsura çəpərin dibindəki artıq ağacların kəsməsi üçün əlindəki baltanı gətirərərk Zakirə verməsini demiş, Cəsur baltanı gətirib Zakirə vermiş, Zakir balta ilə artıq budaqları kəsmişdir. O evinə tərəf qalxmaq istədikdə Cəsurun Zakirə hansı səbəbdən evinin qarşısından torpaq götürməsini soruşmasını, Zakir də Cəsura “yaxşı eləmişəm” deyərək söz mübahisəsinə başlamalarını eşitmiş, yaxalaşmalarını və dalaşmalarını görmüşdür. O tez oraya qaçıb Cəsurla Zakiri ayırmışdır. Həmin vaxt Cəsurun anası Qızılgül də oraya gəlmiş və Qızılgül Cəsuru kənara dartmış, lakin Zakirə toxunmamışdır. Zakir çıxıb evinə tərəf getmişdir. Zakirlə Cəsurun arasında baş vermiş mübahisə 06.04.2021-ci il tarixdə, saat 11 radələrində yaşadığı Quba rayonu, Püstəqasım kəndində evinin qarşısında Zakirin Cəsurun evinin qabağından torpaq götürdüyü üçün baş vermiş, Zakirlə Cəsur tutuşub dalaşanda o, 7-8 metr aralıda, çəpərdən öz həyəti tərəfdə olmuş, oradan tullanıb gələrək onları ayırmışdır. Buna görə də kimin nə cür vurduğunu dəqiq bilmədiyini qeyd etmiş, Qızılgülün Zakirə toxunmadığını və yaxasında tutmadığını bildirmişdir. Zakirin əlində çəkic gördüyünü, balta olmasını xatırlamadığını. Həmçinin çəkiclə Cəsuru vurub-vurmadığını dəqiq bilmədiyini qeyd etmişdir. Hadisə olan vaxtı orada özü, Zakir, Cəsur və anası Qızılgüldən başqa heç kəs olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdur ki, X4 həmkəndlisidir, özü və ailə üzvləri ilə münasibətləri normal olmuş, aralarında heç bir ədavət və düşmənçilik olmamışdır. 06.04.2021-ci il tarixdə, saat 10 radələrində həyətə çıxanda qonşuluqda yaşayan Zakir Hacıəliyev onların həyət qapısının qarşısında olan torpağı götürüb başqası üçün çəpər dibi düzəldərək görmüşdür. O, Zakirə yaxınlaşıb qapının önündən hansı səbəbdən torpaq götürməsini soruşmuş, Zakir isə ona kobud cavab verərək söyüş söymüşdür. O, Zakirə heç bir cavab qaytarmayaraq evə gəlmiş, həmin vaxt oğlu Cəsur evdə yatırmış. Cəsuru oyadıb bu barədə deyərək evə nəzarət etməsini bildirmiş, Cəsur evdən çıxıb həyətdə odun doğramış, o da doğranmış odunları araba ilə həyətə daşıyaraq səliqə ilə yığmışdır. Bir qədər sonra üz-bəüz qonşuluqda yaşayan Fəxrəddin səslənərək Cəsuru çağırmış və çəpərin önündə ağac parçalarını balta ilə kəsmək üçün orada iş görən Zakirə baltanı verməsini bildirmiş, Cəsur baltanı aparıb Zakirə vermiş, təxminən 10 dəqiqə sonra çöldə səs-küy gəldiyini eşidib, Cəsurun Zakirlə mübahisə etdiyini görmüş, həmin vaxt Zakirin bir əlində balta, digər əlində isə çəkic olmuş, Zakir çəkiclə Cəsuru vurduğuna görə Cəsur müdafiə olunmaq üçün Zakiri yumruqla sifətindən bir dəfə vurmuşdur. O, Zakirlə Cəsuru ayırmaq üçün cəhd etsə də, gücü çatmamış, yaxınlıqda olan qonşu Fəxrəddin mübahisə edən Zakir və Cəsuru ayırmış və bundan sonra da Zakir getmişdir. O, hadisə zamanı Cəsurun əlində balta olmadığını və ona da balta verən olmadığını bildirmişdir. Zakirin bir əlində balta, digər əlində isə çəkic olmuş, o, Zakirin yaxasından yapışmamış, nə də yerə yıxmamışdır. Sadəcə onları aralaşdırmağa cəhd etmişdir. Dalaşma vaxtı Zakir Hacıəliyevin anası Mənsurə orada olmamış, o, Cəsur, Zakir və Fəxrəddindən başqa heç kəs orada olmamışdır. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəməyədək icraat dövründə keçirilmiş məhkəmə-tibbi ekspertizasının 06.04.2021-ci il tarixli, 252 saylı rəyindən görünür ki, 1982-ci il təvəllüdlü X2 məhkəmə-tibb ekpertizası əsasında belə nəticəyə gəlirəm ki, onun bədəni üzərində aşkar olunan xəsarət- sol gözaltı və almacıq nahiyəsində qançır-hematoma küt əşyanın təsirindən törənməklə yetirilmə müddəti qərarda göstərilən tarixə, yəni 06.04.2021-ci il tarixə uyğun gəlir, bu xəsarət qərarda göstərilən vəziyyətdə yetirilə bilər, dərəcəsinə görə sağlamılqda qısa müddətə pozğunluq törətdiyindən sağlamlığa YÜNGÜL zərər vurmaya aiddir. İşdə olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən verilmiş 08 aprel 2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Fazil oğlu məhkum olunmamışdır. İş materiallarında olan Quba RMX PHŞ-in 10 aprel 2021-ci il tarixli, 683 saylı arayışından görünür ki, Təqsirləndirilən şəxs Quba RMX-nin Konsultativ Poliklinika şöbəsinin psixiatrik kabentində qeydiyyatda yoxdur. X4 17.06.2012-ci il tarixdən “Oliqofreniya-debillik dərəcəsində” diaqnozu ilə qeydiyyatdadır. İş materiallarına əlavə olunmuş Quba rayon İHB-nin Rustov İnzibati Ərazi X6 tərəfindən verilmiş 08 aprel 2021-ci il tarixli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs 1974-cü il təvəllüdlü atası X5, 1974-cü il təvəllüdlü anası Şahid2, 2004-cü il təvəllüdlü bacısı X1 ibarət ailə tərkibi vardır, Quba RİHB-nın Rustov İƏD üzrə nümayəndəliyinin xasiyyətnaməsinə əsasən Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarına əlavə olunmuş Quba rayon İHB-nin Rustov İnzibati Ərazi X6 tərəfindən verilmiş 30 avqust 2021-ci il tarixli, 74 saylı arayışdan görünür ki, Quba rayonu, Püstəqasım kənd sakinləri mərhum X4 ilə Zərərçəkmiş şəxs doğma qardaşdırlar. Beləliklə, məhkəmə iş üzrə toplanmış subutların məcmusuna qiymət verərək bu qənaətə gəlir ki, təqsirəndirilən şəxs Təqsirləndirilən şəxs istinad edilən ittiham onun özünün məhkəmədə verdiyi ifadə ilə yanaşı zərərçəkmiş şəxsin hüquqi varisinin ifadəsi, şahidlərin ifadəsi, məhkəmtibb ekspertizasının müvafiq rəyi və məhkəmə istintaqı zamanı təhqiqi olunmuş digər mötəbər subutlarla tam sübuta yetirilir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Təqsirəndirilən şəxs Təqsirləndirilən şəxs ərizə ilə məhkəməyə müraciət edərək zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınmış qardaşı Zərərçəkmiş şəxs ilə barışmasını nəzərə alıb barəsində olan məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə bəraətverici əsaslar olmadan icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs məhkəməyə daxil olmuş ərizəsindən görünür ki o, təqsirəndirilən şəxs Təqsirləndirilən şəxs ilə barışmışdır və ona qarşı heç bir şikayət və tələbi yoxdur. Azərbaycan Respublikasının CM-nin 73.2-ci maddəsinə əsasən, “Bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir.” Azərbaycan Respublikasının CM-nin 72-ci maddəsinin Qeyd hissəsinə əsasən, “Şəxs bu Məcəllənin 72-73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir.” Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən, cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanılmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlanıla bilməz, başlanılmış cinayət işi üzrə icraata xitam verilməlidir). Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən, məhkəmə baxışı gedişində 39.1.11-ci maddəsində nəzərdə tutulmuş hallar olduqda təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarır. Həmin Məcəllənin 106.5-ci maddəsinə əsasən, Zərər çəkmiş şəxsin hüquqi varisi cinayət təqibi üzrə icraatda zərər çəkmiş şəxsin əvəzinə iştirak edir. Bu zaman o, zərər çəkmiş şəxsin ifadə vermək hüququndan və şəxsiyyətin ayrılmaz hüquqları istisna olmaqla, digər hüquqlardan istifadə edir və digər vəzifələr daşiyir. Zərər çəkmiş şəxsin hüquqi varisi zərər çəkmiş şəxs kimi eyni əsaslar üzrə xüsusi ittihamçı hüquqlarından istifadə edə və onun vəzifələrini daşıya bilər. Həmin Məcəllənin 106.6-cı maddəsinə əsasən, Zərərçəkmiş şəxsin yaxin qohumu olan hüquqi varisi istisna olmaqla, digər hüquqi varisin aşağıdakılara hüququ yoxdur: 106.6.1. şübhəli və ya təqsirləndirilən şəxslə barışmaq; 106.6.2. xüsusi ittihamçı qismində cinayət təqibindən imtina etmək; 106.6.3. zərər çəkmiş şəxsin verdiyi şikayətdən imtina etmək. Həmin Məcəllənin 106.8-ci maddəsinə əsasən, Zərər çəkmiş şəxsin hüquqi varisi bu Məcəllədə nəzərdə tutulmuş digər hüquqları və vəzifələri yerinə yetirir. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.11 və 43.1.2-ci maddələrinə əsasən bəraətverici əsaslar olmadan xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Şərh edilənləri nəzərə alaraq, Təqsirləndirilən şəxs barəsində cinayət təqibinin həyata keçirilməməsinə imkan verən hallar olduğundan, onun haqqında cinayət təqibinə xitam verilməli və o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-cü maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilməlidir. Təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində 25 iyun 2021-ci il tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası CPM-nin 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində cinayət təqibinə xitam verildiyindən onun barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinə xitam verilməlidir. Həmçinin, məhkəmə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi məqsədi ilə Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə üçün 07 saat üçün 42 manat pulun Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli qərarına əsasən dövlət büdcəsindən tutulub Quba rayon Vəkil Bürosunun hesabına ödənilməsini əsaslı hesab edir. İş üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsinə əsasən xüsusi müsadirə tətbiq edilməli əmlak yoxdur. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası CPM-in 39.1.11, 43.1.2, 321, 346-347, 356, 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q ə r a r a a l d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata bəraətverici əsaslar olmadan xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinə xitam verilsin. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 07 (yeddi) iş saatına görə 42 (qırx iki) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsindən Quba rayon Vəkil Bürosunun hesabına (H/h AZ62İBAZ********************, Bank rekvizitləri: ABB Quba filialı, VÖEN: **********, Kod: 805476) köçürülsün. İş üzrə mülki iddia, müsadirə olunası əmlak və maddi sübut yoxdur. Qərardan 20 gün müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hakim: Vüqar Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar