Azərbaycan Respublikası adından HÖKM Quba şəhəri İş № 1(027)-113/2024 14.05.2024 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Samir Əlibala oğlunun sədrliyi, Muradov Əli Şakir oğlunun katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Quba rayon Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxx 1986-cı il tarixdə Quba rayonu, Rustov kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işsiz, məhkumluğu olmayan, Quba rayonu Rustov kəndində qeydiyyatda olmaqla, həmin kənddə yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin materiallarına açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 21 oktyabr 2023-cü il tarixdə saat 18 radələrində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuz olaraq nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan “nəqliyyat vasitələrinə sərəncəm verilməsi haqqında” etibarnamə əsasında idarə etdiyi VAZ 21011 markalı AZ **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobillə Quba- Qonaqkənd yolunun Quba rayonu Pirvahid kəndi ərazisində Birinci Nügədi kəndi istiqamətində hərəkətdə olan zaman «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə əsasən yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı olduğu halda cinayətkarcasına etinasızlıq edərək qanunun qeyd olunan tələblərinə əməl etməyib həmin yolda əks istiqamətdə hərəkətdə olan Zərərçəkmiş şəxs idarə etdiyi VAZ 2108 markalı **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobillə qarşı hərəkət zolağında toqquşmuş və nəticədə ehtiyyatsızlıqdan VAZ 2108 markalı **-BX-*** dövlət qeydiyyat nişanlı sürücüsü Zərərçəkmiş şəxs başın alın gicgah nahiyəsində əzilmiş-cırılmış yara, sağ gicgah sümüyünün xətti sınığı, qarının yumşaq toxumalarının əziyi, sağ dizdə əzilmiş-cırılmış yara olmaqla sağlamlığına ağır zərər vurulmasına səbəb olmuşdur. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263-1.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (CPM) 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə protokollarını, digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 263-1.2-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, 21 oktyabr 2023-cü il tarixdə saat 18 radələrində yaşadığı Quba rayonu, Rustov kəndindən rayonun Birinci Nügədi kəndi istiqamətdə özünə məxsus “VAZ 21011” markalı **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkət etmişdir. Quba rayonu, Pirvahid kəndində asfalt yolda hərəkətdə olan zaman fikri yayınmış və avtomobilinin sağ tərəfdə olan hər iki təkəri yolun sağ ehtiyyat hissəsində olan arxa düşmüşdür. Bu zaman o, avtomobilin rolunu sola doğru fırlatmış və avtomobili öz yolundan çıxıb qarşı hərəkət zolağına doğru fırlanmişdir. Bu zaman qarşı hərəkət zolağında hərəkətdə olan Zərərçəkmiş şəxs idarə etdiyi “Vaz 2108” markalı avtomobilin yoluna çıxmış və həmin avtomobil onun idarə etdiyi avtomobilin sağ hissəsinə dəymişdir. Toqquşmadan sonra avtomobildən enib Zərərçəkmiş şəxs yanına getmiş və sonuncunun xəsarət aldığını görüb hadisə yerinə gələn tanımadığı sürücünün avtomobili ilə Qalibi xəstəxanaya yola salmışdır. Bundan sonra DİN-in 102 xidməti hadisə barədə məlumat vermişdir. Hadisədən sonra Qaliblə mütəmadi olaraq əlaqə saxlayıb səhhəti ilə maraqlanmışdır. Qalibə dəymiş ziyanı da tamamilə qarşılamışdır. Məhkəmədə verilən suallara cavab olaraq, təqsirləndirilən şəxs bildirdi ki, avtomobili sürücülük vəsiqəsi olmadan, bir aydır ki, etibarnamə əsasında idarə etmişdir. Zərərçəkmiş şəxs ilə barışmış, sonuncunun ona qarşı heç bir şikayət və tələbi yoxdur. Göstərilənləri nəzərə alaraq, ona yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263-1.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi özünün etirafından başqa, aşağıdakı qeyd edilənlərlə tam sübuta yetirilir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində bildirdi ki, 21 oktyabr 2023-cü il tarixdə saat 18 radələrində özünə məxsus “VAZ 2108” markalı **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobillə Quba rayonu, İkinci Nügədi kəndindən yaşadığı Püstəqasım kəndinə doğru hərəkət etmişdir. Quba rayonu, Pirvahid kəndində asfalt yolda hərəkətdə olan zaman qarşıdan Təqsirləndirilən şəxs idarə etdiyi “VAZ 21011” markalı **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobili yolda fırlanaraq onun idarə etdiyi avtomobilin qarşısına çıxmış və onun hərəkət zolağında avtomobillər toqquşmuşdur. Hadisə zamanı o, başından xəsarət almış və yoldan keçən şəxsin avtomobili ilə Quba RMX-na aparılmışdır. Hadisədən sonra Təqsirləndirilən şəxs onunla mütəmadi olaraq maraqlanmışdır. Təqsirləndirilən şəxs onun müalicəsi ilə bağlı bütün xərclərini qarşılamışdır. Hazırda Təqsirləndirilən şəxsla barışmış, baş vermiş hadisə ilə əlaqədar şikayət və tələbi yoxdur. Məhkəmə iclasında Şahid ibtidai istintaqda verdiyi ifadəsini təsdiq edərək, bildirdi ki, zərərçəkmiş şəxs X11 onu xalası oğludur. 21 oktyabr 2023-cü il tarixdə Qalib idarə etdiyi avtomobillə yol-nəqliyyat hadisəsi baş verdiyini, hadisə zamanı Qalibin xəsarət alaraq Quba RDM-na aparıldığını öyrənmişdir. Qalibi görmək üçün xəstəxanaya getdikdə toqquşduğu avtomobilin sahibi Təqsirləndirilən şəxs xəstəxanada görmüşdür. X7 barışdığını, Eldostun dəymiş ziyanı ödədiyini öyrənmişdir. İş materiallarında olan: “yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, hadisə baş verən yer Quba rayonunun Qonaqkənd-Pirvahid yolunun düz və döngəli hərəkət hissəsinin torpaq sahəsidir. Yol quru, düz, asfaltbeton örtüklü olmaqla nişanlanmayan, işıqlandırılmayandır. Yolun hərəkət hissəsinin eni 3,45 metrdir. Hadisə havanın qaranlıq vaxtı baş vermişdir. Qeyd olunan hadisə yerində müşahidə kamerası yoxdur. Asfalt yolun kənarlarında yolun ehtiyyat hissələri vardır. Hadisə yerində “VAZ 2109” markalı AZ38- BX-017 avtomobilə məxsus 11 metr tormoz (əyləc) izi aşkar edilmişdir. Hadisə havanın qaranlıq vaxtı baş vermişdir. Hadisənin baş verdiyi yol-nəqliyyat vasitələrinin hərəkət sürətinin 60 km/saata qədər məhdudlaşdıran yol nişanı və ötmə qadağandır. Yol nişanının təsir zonasındadır. Yolun hərəkət hissəsində qarşı-qarşıya nəqliyyat axınını ayırmaq üçün uzununa nişanlanma xətti mövcuddur; Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin (yolnəqliyyat hadisələrinin məhkəmə ekspertizası) 19 fevral 2024-cü il tarixli 3-16-16/2- 8/300 nömrəli rəyindən görünür ki, “Vaz-21011” markalı **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cu maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs “Vaz 21011” markalı avtomobili sürücülük vəsiqəsi olmadan idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. “VAZ 2108” markalı **-BX- *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs hadisənin qarşısının alınması ilə əlaqədar olan hərəkətlərini texniki nöqteyi nəzərdən tədqiq etməyə lüzum yoxdur. Sürücü Zərərçəkmiş şəxs “Vaz 2108” markalı avtomobili sürücülük vəsiqəsi olmadan idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur; "xxxx" MMC-nin tərtib etdiyi ziyan aktından görünür ki, Zərərçəkmiş şəxs idarə etdiyi VAZ 2108 markalı **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobilə 2191 manat ziyan dəymişdir; Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X13 X14 rayon şöbəsinin 28 oktyabr 2023-cü il tarixli 870 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşkar olunan xəsarətlər - başın alın gicgah nahiyəsində əzilmiş cırılmış yara, sağ gicgah sümüyünün xətti sınığı, qarının yumşaq toxumalarının əziyi, sağ dizdə əzilmiş-cırılmış yara küt əşyanın (əşyaların) təsirindən törənməklə yetirilmə müddəti qaərarda göstərilən vaxta, yəni 21 oktyabr 2023-cü il tarixə uyğun gəlir, bu xəsarətlər qərarda göstərilən vəziyyətdə əmələ gələ bilər və dərəcəsinə görə həyat üçün təhlükə törətdiyindən sağlamlığa ağır zərər vurmaya aiddir. Məhkəmədə ekspert rəyləri tədqiq edilərkən müəyyən edildi ki, ekspert rəyləri işin müəyyən edilmiş hallarına uyğun gəldiyindən və digər sübutlarla təsdiq edildiyindən iş üzrə sübut kimi qəbul edilməlidir. Quba RPŞ-nin DYPB tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs sürücülük hüququ yoxdur. “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən, Təqsirləndirilən şəxs təqsirləndirlən şəxs qismində cəlb edilməsi və ona Azərbaycan Respublikası CM-in 263-1.2-ci maddəsi ilə ittiham elan olunması, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-in 43 və 264-cü maddələrinin tərkib əlamətləri olmadığından barəsində həmin xüsusatlar üzrə cinayət təqibinin başlanması rədd edilməsi, Zərərçəkmiş şəxs barəsində Azərbaycan Respublikası İXM-n 332.2-ci maddəsi inzibati qaydada tədbir görülməsindən ötrü qərarın surəti RPŞ-nin DYPB-nə verilməsi qərara alınmışdır. Beləliklə, məhkəmə və məhkəməyədək araşdırma zamanı toplanmış sübutlara məcmu halında qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs yol hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs sağlamlığına ehtiyatsızlıqdan ağır zərər vurulmasına səbəb olan yol-nəqliyyat hadisəsi törətməsi özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin ifadəsi, ekspert rəyləri, hadisə yerinə baxış protokolu və digər sübutlarla tam təsdiq edilir. Məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 263-1.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun: 36-cu maddəsinin 1-ci hissəsinin 3-cü bəndində göstərilir ki, yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar; 33-cü maddəsinin İV hissəsinə əsasən velosiped, araba, asma mühərrikli velosiped və moped istisna olmaqla, Azərbaycan Respublikasının ərazisindəki yollarda nəqliyyat vasitələrini idarəetmə hüququ sürücülük vəsiqəsi əsasında həyata keçirilir. “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli, 5 nömrəli Qərarının: 1-ci bəndində qeyd edilir ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ilə bağlı cinayətlərin geniş yayılması hərəkət təhlükəsizliyinin təmin edilməsini və yol-nəqliyyat hadisələrinin qarşısının alınması üçün təşkilati və təsiredici hüquqi tədbirlərin həyata keçirilməsini zəruri edir. Bununla bağlı məhkəmələrin diqqəti yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması cinayətlərinə dair işlərə obyektiv və keyfiyyətli baxılmasına, işin bütün hallarının tam və hərtərəfli araşdırılmasına, o cümlədən yol hərəkəti qaydalarını pozmuş şəxsin hadisədən bilavasitə əvvəl vəziyyətinin, psixoloji və sağlamlıq durumunun müəyyən edilməsinə, cinayətlərin törədilməsinə səbəb olmuş və şərait yaratmış halların aşkar edilməsinə, cinayət işləri üzrə qanuni, əsaslı və ədalətli qərarların qəbul edilməsinə yönəldilsin; 17-ci bəndinə əsasən məhkəmələr nəzərə almalıdırlar ki, konkret bir hadisədə yolhərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması CM-nin 263.1, 263.1-1, 263.2, 263.3, 263-1.1, 263-1.2, 263-1.3, 263-1.4, 351.1, 351.1-1, 351.2 və 351.3-cü maddələrində nəzərdə tutulmuş nəticələrdən bir neçəsinə səbəb olduqda, təqsirləndirilən şəxsə elan olunmuş ittihamda və ittiham hökmünün təsviri-əsaslandırıcı hissəsində baş vermiş nəticələrin hamısı göstərilməli, lakin onun əməli cinayət qanununun bu nəticələrdən daha ağırına görə məsuliyyət nəzərdə tutan maddəsi ilə tövsif edilməlidir. Belə hallarda yol-nəqliyyat hadisəsi nəticəsində sağlamlıqlarına müvafiq maddələrin dispozisiyalarında göstərilən ağırlıqda fiziki zərər vurulmuş şəxslər zərər çəkmiş şəxs qismində, ölmüş zərərçəkmiş şəxsin yaxın qohumu və ya yaxın qohumu olmadıqda CPM-in 106.1-ci maddəsinə göstərilən digər şəxs zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınmalı və cinayət təqibi zamanı onların CPM-nin 87 və 106-cı maddələrində nəzərdə tutulmuş hüquqları təmin edilməlidir. Qeyd edilən cinayətlərin törədilməsi nəticəsində əmlakına maddi zərər vurulmuş şəxs cinayət prosesində CPM-in tələblərinə müvafiq olaraq mülki iddia verdikdə mülki iddiaçı qismində tanına bilər. Biri biri ilə əlaqədar olmayan və müxtəlif vaxtlarda yol hərəkətinin və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması qeyd edilən maddələrdə nəzərdə tutulmuş eyni nəticələrə səbəb olduqda törədilmiş əməllər CMnin həmin nəticəyə görə məsuliyyət müəyyən edən müvafiq maddəsi ilə, belə əməllərin hər birisi müxtəlif nətiəcələrə səbəb olduqda isə həmin əməllər cinayətlərin məcmusu qaydasında tövsif edilir. 4 və 22-ci bəndlərində tövsiyə edildiyi kimi, nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs dedikdə, həmin hüququ ümumiyyətlə əldə etməmiş və ya ondan qanunvericilikdə nəzərdə tutulmuş qaydada məhrum olunmuş, habelə bu hüququ müvəqqəti məhdudlaşdırılmış şəxslərlə yanaşı, həm də müvafiq kateqoriyaya aid olan nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxslər başa düşülür (məsələn, yalnız “B” kateqoriyasına aid olan avtomaşınları idarə etmək hüququna malik olub avtobusları idarə edən şəxslər). Məhkəmələr nəzərə almalıdırlar ki, CM-in 263, 263-1, 264 və 351-ci maddələrində nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirləndirilən şəxslərin sürücülük hüququnun olmaması və ya yetkinlik yaşına çatmaması onun barəsində nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə növündə əlavə cəzanın tətbiq olunmasına maneə deyildir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1-ci maddəsinin “nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs” müddəasının şərh edilməsinə dair” 24 sentyabr 2014-cü il tarixli qərarında qeyd edilir ki, CM-in 263-1-ci maddəsində nəzərdə tutulan cinayət əməli insanların həyat və ya sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlərə yönəldiyi üçün bu cinayətin tərkibinin, xüsusilə də onun subyektinin düzgün müəyyən olunması böyük əhəmiyyət kəsb edir. CM-in 263 və 263-1-ci maddələrində nəzərdə tutulan cinayətlərin obyekti yol hərəkətinin və nəqliyyat vasitələrinin istismarının təhlükəsizliyini təmin edən ictimai münasibətlərdir. Eyni zamanda, CM-in qeyd olunan maddələri ilə cinayət məsuliyyətinin yaranması insan sağlamlığına zərər vurulmasından asılı olduğu üçün bu cinayətlərin əlavə obyekti insanın həyat və ya sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlərdir. CM-in 263 və 263-1-ci maddələrində nəzərdə tutulmuş cinayətlərin subyekti yalnız yol-nəqliyyat hadisəsinin törədildiyi anda 16 yaşına çatmış, anlaqlı vəziyyətdə olan və nəqliyyat vasitələrini idarə edən şəxs ola bilər. Bununla yanaşı, CM-in 263-1-ci maddəsində nəzərdə tutulan cinayətin subyekti yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını alkoqollu içkilərin qəbulu, narkotik vasitələrdən, psixotrop maddələrdən və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində sərxoş halda pozan nəqliyyat vasitələrini idarə edən şəxsdir. Bu cinayətin digər subyekti isə yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını pozan nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxsdir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun normasında nəqliyyat vasitələrini idarəetmə hüququnun əldə edilməsinin şərtləri və qaydaları dəqiq müəyyən olunmuşdur və bu Qanuna uyğun olaraq sürücülük vəsiqəsini əldə etmiş şəxs nəqliyyat vasitələrini idarə etmək hüququ olan şəxs hesab edilməlidir. Beləliklə, CM-in 263-1-ci maddəsinin “nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs” müddəası, ilk növbədə, hadisə törədilən zaman ümumiyyətlə sürücülük vəsiqəsi olmayan şəxsi ehtiva edir. Göstərilənləri nəzərə alaraq, Konstitusiya Məhkəməsinin Plenumu belə qənaətə gəlir ki, CM-in 263-1-ci maddəsinin “nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs” müddəası hadisə törədilən zaman ümumiyyətlə sürücülük vəsiqəsi olmayan şəxsi, qanunvericiliyə uyğun olaraq nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilmiş şəxsi, nəqliyyat vasitələrini idarə etmək hüququ məhdudlaşdırılmış şəxsi, həmin növ nəqliyyat vasitəsini idarə etmək hüququna malik olmayan şəxsi ehtiva edir. Azərbaycan Respublikası CM-nin: 263.1-ci maddəsinə əsasən avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda iki ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş min manatdan yeddi min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır; 263-1.2-ci maddəsinə əsasən eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmasına, yaxud ümumi istifadədə olan nəqliyyat vasitəsinin idarə edilməsi zamanı ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır və ya ağır zərər vurulmasına səbəb olduqda dörd ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıdakılar nəzərə alınmalıdır. Cinayət işinin materiallarında olan: “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.2-ci maddəsi ilə ittiham elan olunmuşdur; “qətimkan tədbiri seçilməsi barədə” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir; Quba RİHB-nın Rustov kənd İƏD üzrə nümayəndəsinin xx.xx.2023-cü il tarixli arayışından və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Quba rayonu, Rustov kəndində qeydiyyatda olmaqla yaşayır, anası - 1959-cu il təvəllüdlü X1, arvadı - 1988-ci il təvəllüdlü X2, qızı - 2009-cu il təvəllüdlü X3, oğulları - 2010-cu il təvəllüdlü X6 və 2019-cu il təvəllüdlü X4 ibarət ailə tərkibi vardır. Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur; məhkəmənin elektron sistemindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2009-cu il təvəllüdlü Nəzrin adında qızı və xx.xx.2019-cu il təvəllüdlü Əli adında oğlu vardır; nəqliyyat vasitələrinə sərəncam verilməsi haqqında xx.xx.2023-cü il tarixli etibarnamədən görünür ki, X12 özünə məxsus “VAZ 21011” markalı AZ **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobili Təqsirləndirilən şəxs 05 ay 20 gün müddətinə etibar etmişdir; sərxoşluğun müəyyən edilməsi haqqında xx.xx.2023-cü il tarixli 01528 nömrəli protokoldan görünür ki, Təqsirləndirilən şəxs hadisə zamanı və ya hadisədən əvvəl spirtli içki qəbul etməmişdir; Azərbaycan Pespublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməli qismən etiraf edərək peşiman olmasını, yaşayış yerindən müsbət xarakterizə olunmasını, himayəsində bir yetkinlik yaşına çatmayan və bir azyaşlı uşaqların olmasını, zərərçəkmiş şəxs ilə barışıq əldə etməsini, sonuncunun ona qarşı şikayət və tələbinin olmamasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən isə məhkəmə Təqsirləndirilən şəxs əməlində nəzərdə tutulan cəzanı ağırlaşdıran halların olmadığını müəyyən edir. Cinayət törətmiş şəxslərə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cinayət törətmiş şəxslərin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə və xarakterinə mütənasibdir və hazırkı halda həmin cəza, cəzanın məqsədini təmin edir. Belə ki, Azərbaycan Respublikası CM-nin: 8.1-ci maddəsinə əsasən “cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır”. 58.3-cü maddəsinə görə “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır”. 41.2-ci maddəsinə əsasən “cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir”. 56.1.1-ci maddəsinə əsasən, ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. 58.1-ci maddəsinin tələblərindən görünür ki, “cinayət törətməkdə təqsirli bilinən şəxsə bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir”. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 №-li qərarının, 45-ci bəndində qeyd olunmuşdur ki, “məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər”. Eyni zamanda məhkəmə qeyd edir ki Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.2-ci maddəsinin sanksiyasının göstərişinə əsasən, təqsirləndirilən şəxs nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.2-ci maddəsi ilə təqsirli bilinməli, ona həmin maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə əsas cəza, nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilmə növündə əlavə cəza təyin olunmalıdır. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin əvvəli məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata düşdüyü vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Bundan başqa, iş üzrə məhkəmə xərci olan 128 (bir yüz iyirmi səkkiz) manat Təqsirləndirilən şəxs alınaraq Məhkəmə Ekspertiza Məkəzinin hesabına köçürülməlidir. “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edillməsi haqqında” 07 mart 2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə görə məhkəmə, hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli olan əmlakın olub-olmaması məsələsini həll etməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1 və 99-1.1.1-ci maddəsinə əsasən məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) Xüsusi müsadirə olunan əmlak hesab olunur. Məhkəmə xüsusi müsadirə ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, iş üzrə belə bir əmlak olmadığından təqsirləndirilən şəxslərin barəsində xüsusi müsadirə ilə bağlı müddəa tətbiq edilməməlidir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347; 349; 351-353, 356, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və 01 (bir) il 06 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə məhkəmə məsrəfi olan 128 (bir yüz iyirmi səkkiz) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertiza Məkəzinin hesabına (büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, X5, kod 210005, VOEN **********, müxbir hesab AZE41 NABZ********************, SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, hesab AZ34CTRE********************) köçürülsün. Hökmün icrası Quba rayon İcra və probasiya şöbəsinə həvalə edilsin. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökm apelyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdıqdan sonra qüvvəyə minir. Hakim: Samir Məmmədov
Məhkəmə qərarları › İş №1(027)-113/2024
Quba Rayon Məhkəməsi Hökm — İş №1(027)-113/2024
14.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver