Məhkəmə qərarları › İş №1(027)-113/2025

Quba Rayon Məhkəməsi Qərar — İş №1(027)-113/2025

21.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 1(027)-113/2025 21.07.2025 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Xəlilova Nigar Nemət qızının sədrliyi, Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakı ilə xx.xx.1993-cü ildə Quba rayonu, Zərdabi qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkum olunmayan, Quba rayonu, Zərdabi qəsəbəsində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 10 fevral 2025-ci il tarixdə, saat 19 radələrində Quba rayonu, Zərdabi qəsəbəsində yaşadığı evdə arvadı Zərərçəkmiş şəxs ilə aralarında ailə-məişət problemlərindən irəli gələn şəxsi münasibətləri zəminində yaranmış mübahisə zamanı sonuncunun sifət nahiyəsindən sillə və yumruq zərbələri endirərək sol qulağın arxa səthində yumşaq toxumanın əziyi və qançır hematoması ilə nəticələnən sağlamlığının qısa müddətə pozulmasına səbəb olan bədən xəsarəti yetirməklə qəsdən sağlamlığına yüngül zərər vurmuşdur. Məhkəmə, cinayət işi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (CPM) 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, təhqiqat və məhkəmə protokollarını, ekspertiza rəyini və digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə tövsif olunmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə özünü təqsirli bilərək, ifadəsində göstərdi ki, 2018-ci ildə Zərərçəkmiş şəxs ilə rəsmi ailə həyatı qurmuş, həmin evlilikdən 3 övladı dünyaya gəlmiş, evləndikdən sonra aralarında hər hansı mübahisə olmamış, lakin son bir neçə aydır ki, müxtəlif bəhanələr gətirərək Ülviyyə onunla mübahisə etməyə başlamış və onlar boşanmaq üçün Quba Rayon Məhkəməsinə müraciət etmişlər. Təxminən 2025-ci ilin fevral ayının əvvəllərində Ülviyyə özbaşına balaca qızı Sevgini də götürüb Xaçmaz şəhərində yaşayan anasının yanına getmiş, 10 fevral 2025-ci il tarixdə isə Ülviyyə yenidən evə qayıtmış və onun yaşadığı evdə qalmaq istəmədiyini deyərək mübahisə etməyə başlamış, mübahisə zamanı Ülviyyə onu söyüb təhqir etmiş, o, Ülviyyəni sakitləşdirməyə çalışsa da, Ülviyyə buna məhəl qoymamış, o, da əsəbləşərək Ülviyyəni şillə ilə sifətindən vurmuş, qolundan tutub yaşadıqları evdən çölə çıxarmış və Ülviyyə yaşadıqları evdən getmişdir. Ülviyyə ilə aralarında olan mübahisə yaşadıqları evdə olmuş, mübahisə zamanı orada o və Ülviyyədən başqa azyaşlı övladları olmuş, başqa heçkəs olmamışdır. Mübahisə zamanı Zərərçəkmiş şəxs onu vurmamış, ancaq ünvanına nalayiq sözlər demiş, mübahisə zamanı yanında, başqa şəxs və ya şəxslər olmamış, hadisə 10 fevral 2025-ci il tarixdə, saat 19 radələrində Quba rayonu, Zərdabi qəsəbəsində yaşadıqları evin içərisində baş vermiş və təxminən 5-10 dəqiqə müddətində davam etmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs əməlindən peşman olmasını, zərərçəkmiş şəxslə barışdıqlarını nəzərə alaraq, cinayət məsuliyyətindən azad edilməsini və barəsində olan cinayət təqibinə xitam verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs məhkəməyə ərizə təqdim edərək zərərçəkmiş şəxslə barışdığını, sonuncunun ona qarşı şikayət və tələbinin olmamasını nəzərə alaraq, barəsində olan cinayət işinin icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirdi ki, 2018-ci ildə Quba rayonu, Zərdabi qəsəbə sakini Təqsirləndirilən şəxs ilə rəsmi ailə həyatı qurmuş, həmin nikahdan üç övladları olmuş, münasibətləri əvvəllər yaxşı olsa da, sonradan aralarında tez-tez ailə münaqişələri baş vermiş, mübahisələrə səbəb Cabbar ilə xarakter baxımından yola getməməsi, eləcə də onun psixi problemlərinin olması olmuşdur. Münasibətləri pisləşdiyindən ilk əvvəl o boşanma üçün müraciət etsə də, qaynının təkidi ilə müraciətini geri götürmüş, sonra isə Cabbar özü boşanma üçün rayon məhkəməsinə müraciət etmişdir. Lakin buna baxmayaraq onlar eyni evdə yaşamağa davam etdikləri üçün aralarında mütəmadi mübahisələr yaranmış, təxminən 2025-ci ilin fevral ayının əvvəllərində Cabbar onu evdən qovduğundan o, Xaçmaz şəhərində yaşayan anasının yanına getmiş, 10 fevral 2025-ci il tarixdə isə evə geri qayıtmış, evə qayıtdıqdan sonra saat 19 radələrində aralarında təkrar mübahisələri yaranmış, Cabbar ondan evi tərk etməyi tələb etmiş, o isə Cabbara hazırda rəsmi olaraq boşanmadığını, məhkmə qərar verdikdən sonra çıxıb gedəcəyini demiş, mübahisə zamanı Cabbar onu şillə və yumruqla döyərək evdən çıxarmaq istəmiş, o isə məcburiyyət qarşısında qalıb polisə zəng edərək şikayət etmişdir. Mübahisə və dava-dalaş zamanı evdə kənar şəxslər olmamış, ancaq azyaşlı övladları olmuş, mübahisə təxminən 5-10 dəqiqə davam etmiş, hadisə zamanı o, Cabbara heç bir xəsarət yetirməmiş, mübahisə nəticəsində o, sifət və sol qulaq nahiyəsindən xəsarət almış, Cabbar ona şillə və yumruq zərbələri vuraraq həmin xəsarətləri yetirmişdir. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs hazırda əməli törətmiş şəxslə barışdığını və ona qarşı şikayət və tələbinin olmadığını bildirmişdir. Zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək, Təqsirləndirilən şəxs ilə barışdığını, sonuncu barəsində şikayət və tələbinin olmadığını, Təqsirləndirilən şəxs barəsində olan cinayət işinin icraatına xitam verilməsinə etiraz etmədiyini bildirmişdir. İş üzrə təyin edilib keçirilmiş məhkəmə-tibb ekspertizasının 11 fevral 2025-ci il tarixli, 73 nömrəli rəyindən görünür ki, 1998-ci il təvəllüdlü Zərərçəkmiş şəxs bədəni üzərində aşkar olunan xəsarət - sol qulağın arxa səthində yumşaq toxumanın əziyi və qançırhematoması küt əşyanın təsirindən törənməklə, yetirilmə müddəti qərarda göstərilən vaxta, yəni 10 fevral 2025-ci il tarixə uyğun gəlir, qərarda göstərilən vəziyyətdə əmələ gələ bilər, dərəcəsinə görə sağlamlıqda qısa müddətə pozğunluq törətdiyindən sağlamlığa yüngül zərər vurmaya aiddir. İş üzrə təyin edilib keçirilmiş komisyon kompleks ambulator məhkəmə psixiatrik və psixoloji ekspertizasının 12 may 2025-ci il tarixli, 1523 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs Yüngül kəmağıllılıq (orta debillik dərəcəsində oliqofreniya), davranış pozuntuları ilə müəyyən edilir. Təqsirləndirilən şəxs əməli törətdiyi zaman Anlaqlı hesab olunur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Bununla yanaşı qeyd edilməlidir ki, Təqsirləndirilən şəxs aşkar edilən Yüngül kəmağıllılıq (orta debillik dərəcəsində oliqofreniya), davranış pozuntuları ilə diaqnozlu kəmağıllılıqla əlaqədar öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini tam dərk etmək və onları tam idarə etmək iqtidarında olmayan şəxs kimi onun əməli Azərbaycan Respublikası CM-nin 22.1-ci maddəsinin təsiri altına düşür. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs hazırki psixi vəziyyətinə görə prosessual fəaliyyət qabiliyyətli hesab edilir. İş materiallarında olan Quba RİHB-nın Zərdabi qəsəbə İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş arayış və arayışa əlavə edilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Quba rayonu Zərdabi qəsəbəsində qeydiyyatda olmaqla yaşayır və o, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamışdır. Beləliklə, Təqsirləndirilən şəxs əməli özünün etirafı ilə yanaşı zərərçəkmiş şəxsin ifadəsi, iş üzrə təyin edilib keçirilmiş məhkəmə-tibb və komisyon kompleks ambulator məhkəmə psixiatrik və psixoloji ekspertizalarının rəyi, eləcə də məhkəmə istintaqı zamanı təhqiqi olunmuş digər subutlarala tam sübuta yetirilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai araşdırma orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə tövsif edilmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışmasını nəzərə alaraq, onun cinayət məsuliyyətindən azad olunması və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məqsədə uyğun hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən, bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Odur ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsi tətbiq edilməklə, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli, onun Azərbaycan Respublikası Cinayət Məcəlləsnin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilməli, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri xitam olunmalıdır. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə, 03 (üç) iş saatına görə 33 (otuz üç) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsindən Quba rayon Vəkil Bürosunun hesabına (H/h AZ18İBAZ********************, Bank rekvizitləri: ABB Quba filialı, VÖEN: **********, Kod: 805476) köçürülsün. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nın 40.3, 43, 321, 347, 356, 384-385-ci və CM-nın 73.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsi tətbiq edilməklə, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsnin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri xitam olunsun. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə, 03 (üç) iş saatına görə 33 (otuz üç) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsindən Quba rayon Vəkil Bürosunun hesabına (H/h AZ18İBAZ********************, Bank rekvizitləri: ABB Quba filialı, VÖEN: **********, Kod: 805476) köçürülsün. Qərardan 20 gün müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Qərar apelyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdıqdan sonra qüvvəyə minir. Hakim: Nigar Xəlilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar