Məhkəmə qərarları › İş №1(027)-114/2021

Quba Rayon Məhkəməsi Hökm — İş №1(027)-114/2021

24.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Quba şəhəri İş № 1(027)-114/2021 24.11.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, Sumqayıt şəhər Vəkil Bürosunun vəkili X1 iştirakları ilə, xx.xx.1985-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuş, orta təhsilli, subay, Azərbaycan Respublikasının vətəndaşı, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, Sumqayıt şəhəri, Zeynalabdin qəsəbəsi D/Y, Y/M, ev 10, mənzil 36-da qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində 28.02.2021-ci il tarixdə, Quba Rayon Məhkəməsi tərəfindən “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışı X7 və X4 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında, 30.01.2014-cü il tarixdə səhər saatlarında Zərərçəkmiş şəxs yaşadığı Sumqayıt şəhər, Ceyranbatan bağlar massivi, ev 131-in qarşısına gəlmiş, evdə yaşayanların getməsinə əmin olduqdan sonra aralarında olan razılaşmaya əsasən kənar şəxslərin gəldiyi barədə məlumat vermək məqsədi ilə Taleh Hüseynov gözətçilik etmiş, o isə evin hasarından keçərək evin qapısını arxadan açmış və İlkin İsdamovla evə qanunsuz daxil olub evin qonaq otağında olan şkafdan bir ədəd 300 (üç yüz) manat dəyərində “Maktime” markalı, ümumi çəkisi 28.71 qram, 7.94 qram 585 əyarlı qızıl hissələri olan, qara rəngli dəri kəmərli kişi qol saatını, 6 ədəd ümumi dəyəri 700 (yeddi yüz) manat olan qızıl qolbaqları və yataq otağında olan şkafdan bir ədəd 80 (səksən) manat dəyərində “Melanist” markalı, süni xəz dəridən hazırlanmış qara rəngli qadın şubasını gizli yolla talayaraq, ümumilikdə zərərçəkmiş Zərərçəkmiş şəxs 1080 (bir min səksən) manat məbləğində ziyan vuraraq oğurluq etmişdir. Bundan başqa o, istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda bir ədəd bükümdə təmiz çəkisi 1.005 qram narkotik vasitə olan heroin əldə edərək üzərində gəzdirməklə saxlamış, 26.02.2021-ci il tarixdə Quba RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində üzərində qanunsuz olaraq narkotik vasitələri gəzdirməsində şübhəli olduğundan Quba şəhəri, H.Əliyev prospektində yerləşən X5 yaxınlığında saxlanılaraq yerindəcə, saat 18:10 radələrində üzərinə şəxsi axtarış keçirilərkən əynində olan göy rəngli cins şalvarın sağ yan cibliyindən satış məqsədi olmadan qanunsuz əldə edərək üzərində saxladığı şəxsi istehlak miqdarından artıq miqdarda bir ədəd bükümdə təmiz çəkisi 1.005 qram olan həmin narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.3 və 234.1-ci maddələri ilə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək, ifadəsində göstərdi ki o, narkotik vasitə olan heroindən təxminən 2 aydan artıq müddətdir istifadə edir. Sumqayıt şəhər, Zeynalabdin qəsəbəsində yaşasa da, Qusar rayonu, Gedəzeyxur kəndində baba yurdu var. Atası Raut həmin evdə yaşadığı üçün vaxt olduqca onun yanına gəlib gedir. 26.02.2021-ci il tarixdə Sumqayıt şəhəri, Zeynalabdin qəsəbəsində evdə olan zaman Qusar rayonuna ailə üzvlərinin yanına gəlmək qərarına gəlmiş, təxminən saat 14 radələrində Sumqayıt şəhər sakini Tofiqlə qarşılaşmışdır. Tofiqinin narkotik vasitələrinin satışı ilə məşğul olduğunu bildiyi üçün həmin vaxt 20 manat pul verib bir büküm narkotik vasitə almışdır. Tofiqdən narkotik vasitə aldıqdan sonra, Qusar rayonuna getmək üçün avtomobil yolunun kənarına gəlmişdir. Yolda Qusar rayonuna gedən Ravon markalı, **-PT- *** dövlət nömrə nişanlı avtomobilə əl edib saxlatmış, avtomobilin sürücüsündən Qusar rayonuna gedib getmədiyini soruşmuş, avtomobilin sürücüsü sonradan adının Zamik Aslanov olduğunu bildiyi şəxs Qusar rayonuna gedən taksı olduğunu və onu Qusar rayonuna 15 manata apara biləcəyini demişdir. O da razılaşmış və avtomobilə əyləşmiş, avtomobildə ondan başqa 1 qadın və 1 kişi olmaqla 2 sərnişin olmuşdur. Avtomobilə əyləşən zaman Tofiqdən aldığı 1 bükümdə olan heroini də əynində olan şalvarın cibinə qoymuşdur. Həmin avtomobil ilə Quba şəhərində yerləşən X5 yaxınlığına çatan zaman polislər tərəfindən saxlanılmış, sürücü avtomobili saxladıqdan sonra digər avtomobildən yanına yaxınlaşan şəxslər özlərini təqdim edərək Quba RPŞ-nin əməkdaşları olduqlarını deyərək, onun üzərində narkotik vasitələri saxlamaqda şübhəli olduğunu demişlər. Həmin vaxt ona müdafiəçi təqdim olunduqdan sonra, üzərinə baxış keçirilmişdir. Baxış zamanı o, əynində olan göy rəngli cins şalvarın sağ balaca cibindən Tofiqdən 20 manata aldığı bir ədəd bükümdəki narkotik vasitə olan heroini, həmçinin üzərində olan bir ədəd Nokia markalı mobil telefonu və 9 manat pulu çıxarıb polis əməkdaşlarına təqdim etmişdir. Baxış video çəkilişdən istifadə edilməklə aparılmışdır. Polis əməkdaşları tərəfindən təqdim etdiyi narkotik vasitəni haradan və hansı məqsədlə əldə etdiyini soruşulduqda o, həmin narkotik vasitə olan heroini yaşadığı Zeynalabdin qəsəbəsində Tofiq adlı şəxsdən 20 manata aldığını bildirmişdir. Narkotik vasitə olan heroin polis əməkdaşı tərəfindən elektron tərəzidə çəkildikdən sonra qablaşdırılmışdır. Bundan başqa o, Taleh Hüseynovun qardaşı Fərhad Hüseynovla münasibəti və tanışlığının olduğunu, Talehi də Fərhadın qardaşı kimi tanıyıb münasibət saxladığını, İlkin İsdamovu isə tanımadığını və heç bir münasibəti olmadığını bildirmişdir. Taleh və İlkinin ifadələrində onlarla birlikdə 2014-cü ilin əvvəllərində Ceyranbatan bağlar massivində Zərərçəkmiş şəxs məxsus qızılları və xəz dərisini oğurlamaqda onu ittaham etmələrinin doğru olmadığını, çünki onlarla birlkdə heç bir cinayət əməlində iştirakı olmamasını bildirmişdir. İfadəsinin sonunda Təqsirləndirilən şəxs əməlindən peşiman olmasını, oğurluq nəticəsində Zərərçəkmiş şəxs vurduğu maddi ziyanı tam şəkildə ödənilməsini və zərərçəkmiş şəxsin ondan heç bir şikayət və tələbinin olmamasını və gənc olmasını bildirərək məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs Quba Rayon Məhkəməsinə notarial qaydada təsdiq olunmuş ərizə ünvanlayaraq səhhəti ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyini, oğurluq cinayəti nəticəsində ona vurulmuş maddi ziyan ödənildiyindən onun təqsirləndirilən şəxsə qarşı şikayət və tələbinin olmadığını bildirmişdir. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş məhkəmədə ifadəsi elan olunmuş Zərərçəkmiş şəxs ifadəsindən görünür ki, Sumqayıt şəhəri, Ceyranbatan bağlar massivində ailəsi ilə birlikdə yaşayır. 30.01.2014-cü il tarixdə səhər saat 08:20 radələrində evdən çıxıb uşağını məktəbə aparmış, oradan H.Z.Tağıyev qəsəbəsinə getmişdir. Daha sonra işlədiyi CTM-nə getmiş, işdən sonra bacısı ilə H.Z.Tağıyev qəsəbəsinə atasıgilə getmişdir. Həmin vaxt qardaşı ona zəng edərək evindən oğurluq olduğunu bildirmişdir. Buna görə də o, evə getmiş, evə gedəndə evin dağınıq vəziyyətdə olmasını və evindən 350 manat dəyərində qızıl kişi saatının, 700 manat dəyərində 6 ədəd (beri 2.5 qram) qızıl qolbağın və 88 manat dəyərində qadın qış geyimi şubanın oğurlandığını müəyyən edib hadisə barədə DİN-nin 102 xidmətinə zəng edib məlumat vermişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş məhkəmədə ifadəsi elan olunmuş X2 ifadəsindən görünür ki, 2014-cü ilədək hər hansı bir cinayət törətməmişdir. 2014-cü ilin yanvar ayının sonlarında əvvəllər yaşadığı Sumqayıt şəhəri, 42-ci məhəllədən tanıdığı Yaşar adlı şəxslə çayxanada oturub söhbət edən zaman Yaşar Sumqayıt şəhəri, Ceyranbatan bağlar massivi, ev 131-də usta işlədiyini, həmin evin sahibinin qadın olduğunu və qadının ərinin türk olmasını demiş, Yaşar türkün evdə olmadığını qadının tək yaşadığını bildirmişdir. Buna görə zəng edib İlkin İsdamovu çağırmışlar. İlkin gəldikdən sonra, onlar həmin ünvandan oğurluq etmək qərarına gəlmişlər. Qadının işlədiyi və evdən səhər tezdən çıxdığını öyrəndikdən sonra, ona məxsus olan “Opel Omega” markalı avtomobili ilə həmin ünvanın yaxınlığına getmişlər. O avtomobildə qalmış, Yaşar hasardan keçib həyətə daxil olmuş, evin darvazasını açdıqdan sonra İlkin də evə daxil olmuş, bir az keçmiş qayıtmışlar. Evdən bir ədəd şuba, bir ədəd kişi üçün qızıl qol saatı və 6 ədəd adi metaldan olan qolbağı oğurlamışlar. Həmin qolbaqları sonradan bir neçə zərgərdə yoxladanda məlum olmuşdur ki, qolbaqlar qızıl deyilmiş, kişi saatını İlkin götürüb satmış, həmin saatı 150 manata satdığını bildirmiş və pulun 100 manatını ona göndərmiş, o isə 50 manatını Yaşara vermişdir. Şubanı da özü götürmüşdür. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş məhkəmədə ifadəsi elan olunmuş X3 ifadəsindən görünür ki, 2014-cü ilin yanvar ayının sonlarında Taleh və onun tanışı Yaşar ilə Sumqayıt şəhəri, Ceyranbatan bağlar massivi, ev 131-dən qızıl və geyim əşyası oğurlamışlar. Yaşar əvvəllər həmin evdə usta işlədiyindən bilmişdir ki, həmin evdə qadın yaşayır və əri türkdür, oğurluq edəcəkləri ərəfələrdə türk evdə olmayacaqdır. Qadının evdən səhər çıxdığını və evə axşam gəldiyini öyrənmişlər. Yaşar qadının yaxşı imkanlı olmasını və evində çoxlu pulu olduğunu bildirmişdir. Onlar aralarında razılaşıb həmin evdən oğurluq etmək qərarına gəlmişlər. Razılığa əsasən 2014-cü ilin yanvar ayının sonlarında Talehin markası və dövlət qeydiyyat nışanını xatırlamadığı avtomobili ilə Yaşar, o və Taleh həmin ünvanın yaxınlığına getmiş, Taleh maşında gözləmiş, əvvəl Yaşar hasardan keçib həyətə daxil olmuş, darvazanı açdıqdan sonra o da evə daxil olmuşdur. Yaşar evə girərək oradan qızıl və paltar götürmüş və götürdüyü paltarları evin giriş qapısının ağzına qoymuş, o da həmin paltarları götürmüş, yaşayış binasına daxil olmuşdur. Həmin evdən bir ədəd şuba, bir ədəd kişi üçün qızıl qol saatı və 6 ədəd adi metaldan olan qolbağı oğurlamışlar, həmin qolbaqları Taleh sonradan bir neçə zərgərdə yoxladanda həmin qolbaqların qızıl deyil, dəmirdən olması müəyyən edilmişdir. Oğurladıqları qol saatı xoşuna gəldiyindən Talehgildə həmin saatı satdığını bildirərək onlara 150 manat pul vermişdir. Şubanı isə Taleh götürmüş, həmin saatı sonradan tanıdığı X6 girov qoyub pul götürmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş Quba RPŞ-nin əməliyyat müvəkkili X10 ifadəsində göstərmişdir ki, Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi sakini Yaşar adlı şəxsin narkotik vasitə əldə etməsi, istifadə etməsi ilə məşğul olması və üzərində saxlayaraq Quba şəhərinə gəlməsi barədə Quba rayon polis şöbəsinə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatın yoxlanılması məqsədi ilə ondan, Qonaqkənd PB-nin rəisi polis mayoru Şahid1, Quba RPŞ-nin təhqiqa qrupunun təhqiqatçısı Cəlal Sultanovdan, Quba RPŞ-nin CAB-nin baş əməliyyat müvəkkili polis baş leytenantı Şahid2 və KTQ-nun baş inspektoru kriminalisti Fuad İslamovdan ibarət əməliyyat qrupu yaradılaraq əməliyyat tədbirləri keçirilmişdir. Keçirilmiş əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs 26.02.2021-ci il tarixdə, saat 18 radələrində Quba şəhəri, H.Əliyev prospektində yerləşən X5 yaxınlığında saxlanılaraq yerindəcə, saat 18:10 radələrində üzərində video çəkilişdən istifadə olunmaqla şəxsi axtarış keçirilmişdir. Təqsirləndirilən şəxs narkotik vasitələri istifadə etməkdə və üzərində saxlamada şübhəli olması bildirilmiş, hüquq və vəzifələri izah edilməklə Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi ona təqdim edilmişdir. Yaşar vəkilin iştirakı ilə üzərində şəxsi axtarış keçirilməsinə etiraz etməmiş, Yaşara üzərində olan əşyaları təqdim etməsi bildirildikdə o, əynində olan göy rəngli cins şalvarın sağ yan cibliyində 1 ədəd qırmızı rəngli kağıza bükülmüş bükümü, həmçinin 1 ədəd Nokia markalı mobil telefonu, 9 manat pulu və özünə məxsus şəxsiyyət vəsiqəsini çıxarıb təqdim etmişdir. Yaşardan üzərindən aşkar olunmuş 1 ədəd kağızda olan bükümün içərisində nə olmasını soruşduqda, həmin bükümdə narkotik vasitə heroin olduğunu və Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində Tofiq adlı şəxsdən həmin gün 20 manata aldığını və şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini bildirmişdir. Yaşarın üzərindən aşkar olunmuş bir ədəd qırmızı rəngli kağız büküm “Constant” markalı elektron tərəzidə çəkildikdən sonra qablaşdırılmışdır. İş materiallarında olan məhkəmə kimyəvi ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində AR DİN “Zərflər üçün №67”, möhür əksi, “Vət...Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş...” və s. yazılar, imzalar olan zərfdəki 1 ədəd bükümdə təmiz çəkisi 1,005 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroindir. Ekspertiza tədqiqatına 0,05 qram sərf edildikdən sonra qalıq çəkisi 0,955 qramdır. İş üzrə təyin edilib keçirilmiş məcburi-narkoloji tibbi yoxlamanın verdiyi 20 may 2021ci il tarixli, 1541 saylı rəydən görünür ki, Təqsirləndirilən şəxs TİRYƏK alkoloidlərini tərkibində saxlayan maddələrdən və ÇƏTƏNƏ bitkisi preparatlarından sui-istifadə edilməsi ilə nəticələnən NAKOMANİYA xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş üzrə təyin edilib keçirilmiş məhkəmə-əmtəəşunaslıq ekspertizasının 19 fevral 2015-ci il tarixli rəyindən görünür ki, ümumi çəkisi 28,71 qram 585 əyarlı qızıl hissəsi olan qara rəngli kişi qol saatının-qiyməti 300,00 manatdır. İş üzrə təyin edilib keçirilmiş məhkəmə-əmtəəşunaslıq ekspertizasının 17 mart 2015ci il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 1 ədəd üzərində Melaisent markalı, istifadə olunmuş qara rəngli xəz dəridən hazırlanmış qadın şubasının hazırki vəziyyətdə qiyməti 80,0 manat müəyyən olunur. İş materiallarında olan cinayət işi materiallarından başqa cinayət işi ayrılması barədə 08 iyun 2015-ci il tarixli qərardan görünür ki, X2 Azərbaycan Respublikası CM-nin 177.2.3, 181.3.2 və 234.1-ci maddələri, X3 CM-nin 177.3.2 və 183.3.2-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3, 177.2.4--cü maddələri ilə ********* saylı cinayət işi ayrılmışdır. İş materiallarında olan cinayət təqibi üzrə icraatın dayandırılması haqqında 08 iyul 2015-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi həmin tarixdə CPM-nin 53.1.4-cü maddəsinə əsasən dayandırılmışdır. İş materiallarına əlavə olunmuş Bakı Ağır Cinayətlər Məhkəməsinin 23 oktyabr 2015ci il tarixli hökmünün surətindən görünür ki, X7 Azərbaycan Respublikası CM-nin 181.3.2, 177.3.2, 234.1-ci maddələri ilə təqsirli bilinərək, CM-nin 66.3-cü maddəsinə əsasən 13 il müddətinə azadlıqdan məhrum etmə cəzasına, X8 Azərbaycan Respublikası CM-nin 181.3.2, 177.3.2-ci maddələri ilə təqsirli bilinərək, CM-nin 66.3 və 66.5-ci maddələrinə əsasən 13 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşlar. İş materiallarında olan qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi 01.05.2021-ci il tarixdə təzələnmişdir. İş materiallarında olan qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülmüş narkotik vasitənin mənbəyini müəyyən etmək üçün material ayrılmışdır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs üzərində şəxsi axtarışın və götürmənin aparılmasını özündə əks edən diskə baxış keçirilərkən müəyyən olundu ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılan zaman onun əynində olan göy rəngli cins şalvarın qabaq sağ cibliyindən bir ədəd qırmızı rəngdə kağız kəsiyi bükümündə qablaşdırılmış halda qəhvəyi rəngli narkotik vasitə olan heroinə bəzər maddə aşkar edilərək götürülmüşdür. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 234.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməsi özünün, zərərçəkmiş şəxsin ibtidai istintaq zamanı vermiş olduğu və məhkəmə istintaqı zamanı elan olunmuş ifadəsi, şahid ifadələri, iş üzrə təyin edilib keçirilmiş məhkəmə kimyəvi və məhkəmə narkoloji və məhkəməəmtəəşunaslıq ekspertizalarının müvafiq rəyləri və məhkəmə istintaqı zamanı tədqiq olunmuş digər sübutlarla tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs hərəkətlərinə münasibətdə əməllərinin cinayət olmasını aradan qaldıran halların, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməlləri istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 234.1-ci maddələri ilə düzgün tövsif edilmişdir. Odur ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin təqsirləndirildiyi maddələrin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 5.1-ci maddəsinə əsasən, əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər yalnız bu Məcəllə ilə müəyyən edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə müvafiq olaraq cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə müvafiq olaraq cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, habelə təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. İş materiallarında olan DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 04.10.2016-cı il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. İş materiallarında olan Sumqayıt şəhər İcra Hakimiyyəti BMKTİB-nin 23 saylı MKS-nin tərəfindən verilmiş 09.07.2021-ci il tarixli, 515 saylı arayış və 46 saylı xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, D/Y yaşayış massivi, ev 10, mənzil 36-da daimi qeydiyyatda olmaqla həmin ünvanda yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən əməlindən səmimi peşman olmasını, gənc olmasını və zərərçəkmiş şəxsə dəymiş ziyanın ödənilməsini, zərərçəkmiş şəxsin ondan heç bir şikayət və tələbinin olmamasını cəzanı yüngülləşdirən hal qismində nəzərə alır. İş üzrə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsinin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzası, CM-nin 177.2.1 və 177.2.3-cü maddəsinin sanksiyasında isə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cinayət qanununun ədalət və cəzanın fərdiləşdirilməsi prinsiplərini rəhbər tutur və törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, təqsirləndirilən şəxsin şəxsiyyətini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, sosial ədalət baxımından cəzanın məqsədləri Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası, həmin Məcəllənin 234.1-ci maddəsinə əsasən isə müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin olunduğu təqdirdə təmin edilə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna yalnız böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda qəti cəzanın müddəti və ya həcmi törədilmiş cinayətlərdən daha ağırı üçün müəyyən edilmiş cəzanın yuxarı həddindən çox ola bilməz. Cinayətlərin məcmusu üzrə təyin edilən əsas cəzaya, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində həmin cinayətlərə görə müəyyən edilmiş əlavə cəza növləri birləşdirilə bilər. Tamamilə və ya qismən toplamaq yolu ilə təyin edilən qəti əlavə cəzanın müddəti və ya həcmi həmin cəza növü üçün bu Məcəllənin Ümumi hissəsində müəyyən edilmiş yuxarı həddən çox ola bilməz. Həmin Məcəllənin 68.1.1-1-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmə cəzasının bir gününə azdlığın məhdudlaşdırılması cəzasının iki günü barəbar tutulur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.1 və 66.2-ci maddələrinin ümumi məzmununa görə, cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. Cinayətlərin məcmusuna az ağır, ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Göstərilən maddənin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddələrin sanksiyalarında nəzərdə tutulmuş cəzalar toplanılmaqla ona qəti cəza təyin edilməlidir. İstinad edilən maddələrin tələbləri baxımından Təqsirləndirilən şəxs təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasının bir gününə azadlıqdan məhrum etmə cəzasının iki günü hesablanmaqla cəzalar Cinayət Məcəlləsinin 66.2-ci maddələrinə əsasən qismən toplanılaraq ona qəti cəza təyin edilməlidir. İş materiallarında olan şübhəli şəxsin tutulması haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs 26 fevral 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində-həbs etmənin əvvəli 26 fevral 2021-ci il tarixdən hesablanmaqla Quba Rayon Məhkəməsinin 28 fevral 2021-ci il tarixli qərarı ilə 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan təqsirləndirilən şəxsin həbsdə saxlanılması müddətinin uzadılması barədə Quba Rayon Məhkəməsinin 24.05.2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində-həbsdə saxlanılması müddəti iki ay müddətinə uzadılmışdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza təyin ediləcəyi təqdirdə onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanunü qüvvəyə minənədək qüvvəsində saxlanılmalıdır. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 26 fevral 2021-ci il tarixdən hesablanmalıdır. Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş üzrə Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməklə o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə hesab edir ki, İş üzrə maddi sübutlar 01 ədəd Nokia markalı mobil telefon Təqsirləndirilən şəxs qaytarılmalı, 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalı, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,955 qram olan narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə 109 manat 90 qəpik məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respubikasının dövlət büdcəsinə köçürülməlidir. İş üzrə mülki iddia və maddi ziyan yoxdur. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nın 344-347, 349, 351-354, 356, 358-ci maddələrini rəhbər tutaraq, hökm e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin. Həmin Məcəllənin 68.1.1-1-ci maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir gününə təyin edilən azadlığın məhdudlaşdırılması cəzasının iki günü hesablanmaqla ona, 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinərək, 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddələrinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 26 fevral 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübutlar 01 ədəd Nokia markalı mobil telefon Təqsirləndirilən şəxs qaytarılsın, 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,955 qram olan narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə 109 manat 90 qəpik məhkəmə xərci Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə köçürülsün. İş üzrə mülki iddia və maddi ziyan yoxdur. Hökmdən iyirmi gün müddətində Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən: Vüqar Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar