Azərbaycan Respublikası adından HÖKM Quba şəhəri İş № 1(027)-115/2021 16.11.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, Məhkəmə iclas katibi X5, Dövlət İttihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon və (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs və onun müdafiəçisi, Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx xxxxxx 1986-cı ildə Füzuli rayunu, Aşağı Veysəlli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkum olunmayan, Füzuli rayunu, Aşağı Veysəlli kəndində daimi pasport qeydiyyatında olmaqla faktiki olaraq ünvan 1 ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən, satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, yəni, 01 (bir) ədəd gümüşü rəngli kağız bükümdə təmiz çəkisi 0.298 qram olan psixotrop maddə metamfetamini və 01 (bir) ədəd gümüşü rəngli kağız bükümdə təmiz çəkisi 0.329 qram olan narkotik vasitə heroini qanusuz olaraq əldə edərək, tanışı X1 tutduğu Quba rayonu, Amsar kəndində yerləşən evə daşıyaraq üzərində saxlamış, 10 aprel 2021-ci il tarixdə, saat 02 radələrində həmin evə baxış keçirilən zaman evdə olan masanın üzərinə qoyulmuş Təqsirləndirilən şəxs məxsus 01 (bir) ədəd gümüşü rəngli kağız bükümdə təmiz çəkisi 0.298 qram olan ağ rəngli kristal şəkilli kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamin və 01 (bir) ədəd gümüşü rəngli kağız bükümdə təmiz çəkisi 0.329 qram olan qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə-heroin aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki o, təxminən 4-5 ay olar ki, narkotik vasitə heroin və “şüşə” adlanan metamfetamindən istifadə edir. O, 5-6 ilə yaxındır, Quba rayonu 1-ci Nügədi kənd sakini Namir adlı şəxsi tanıyır və sonuncu ilə Quba rayonuna mişar daşı gətirərkən tanış olmuşdur. Təxminən bir neçə ay əvvəl Namir ona zəng vuraraq Quba rayonu, 1-ci Nügədi kəndində yaşayan tanışı Cavad adlı şəxsə mişar daşı lazım olduğunu demiş, ondan sonra Namirin vasitəsi ilə Cavada bir maşın mişar daşı gətirdikdən sonra sonuncu ilə tanış olmuşdur. Cavadla söhbət zamanı ona narkotik vasitə olan “şüşə” və heroindən istifadə etdiyini demişdir. Həmçinin Cavad özü də ona narkotik vasitədən istifadə etdiyini bildirmişdir. Aprel ayının əvvəllərində Cavad ona zəng vuraraq, 09.04.2021-ci il tarixdə doğum günü olduğunu deyib Quba rayonuna dəvət etmişdir. 09.04.2021-ci il tarixdə, saat 16 radələrində xalası oğlu Şamil ilə birlikdə idarə etdiyi “Kamaz” markalı yük avtomobilinə mişar daşı yığaraq Quba şəhərinə yola düşmüşlər. Quba şəhərinə gedərkən özündə olan iki ədəd bükümlərdə narkotik vasitələr olan heroini və metamfetamini götürmüşdür ki, istifadə etsin. Quba şəhərinə çatdıqdan sonra mişar daşını boşaldıb Quba rayonunun 1-ci Nügədi yolunda yerləşən liseyin qarşısına getmişdir. Bir qədər sonra Cavad Namir ilə birlikdə adının sonradan Sədrəddin olduğunu bildiyi şəxsin “VAZ 2106” markalı avtomobili ilə onların yanına gəlib onları Quba rayonunun Amsar kəndində tanımadığı bir evə aparmışlar. Həmin evdə tanımadığı bir neçə nəfər şəxsin olduğunu görmüşdür. Cavadla Namir həmin şəxslərin tanışları olduğunu və doğum gününə gəldiklərini ona bildirmişlər. Bundan sonra o, üzərində olan 02 ədəd bükülüdə olan narkotikləri çıxarıb stolun üstünə qoymuşdur. Daha sonra gümüşü rəngli kağız bükümdə olan “şüşəni” orada olan lampanın içərisinə qoyaraq əvvəlcə özü, sonra isə Cavad, Namir və orda olan 5 nəfər şəxs istifadə etmişlər. 10.04.2021-ci il tarixdə gecə karantin qaydalarını pozduqlarına görə olduqları həmin evə Quba rayon polis şöbəsinin əməkdaşları gəlib stolun üstunə qoyduğu və içərisində narkotik vasitələr olan iki ədəd gümüşü kağızda olan bükülüləri və lampanı görmüşlər. Bundan sonra polis əməkdaşları Quba rayon polis şöbəsinin növbətçi hissəsinə zəng edərək olduqları evə əməliyyat qrupunu dəvət etmişlər. Əməliyyat qrupu gəldikdən sonra evə baxış keçirilmişdir. Baxış zamanı masanın üzərində olan bükülülərdə olan narkotik vasitələr aşkar olunmuşdur. Sorğu sual zamanı o, etiraf etmişdir ki, həmin narkotik vasitələr ona məxsusdur. Sonra stolun üzərində olan 02 ədəd gümüşü rəngli kağız bükülülər açıldıqda birinin işərisində qəhvəyi rəngli toz şəklində kütlə, digərinin içərisində isə şəffaf ağ rəngdə, kristal formada kütlələr aşkar olunmuşdur. Bundan sonra, həmin 02 ədəd bükülülər polis əməkdaşları tərəfindən “Constant” markalı tərəzidə çəkilmişdir. Daha sonra, masanın üzərində olan 02 ədəd gümüşü kağız bükülülər, həmçinin üzərində yanmış heroin hissəcikləri olan 02 ədəd gümüşü kağız və 01 ədəd lampa iki ədəd ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılaraq möhürlənmişdir. Bu barədə protokol tərtib olunuqdan sonra o Quba RPŞ-nə dəvət edilmişdir. İfadəsinin sonunda Təqsirləndirilən şəxs əməlindən peşman olduğunu, himayəsində üç azyaşlı övladının olmasını, məcburi köçkün olmasını və ailənin yeganə qazanc gətirən şəxs olmasını bildirərək məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadəsində göstərmişdir ki, 09.04.2021-ci il tarixdə yaxın dostu Cavadın doğum günü olduğu üçün sonuncu ona həmkəndliləri ilə birlikdə doğum gününü qeyd etmək istəyini bildirmiş və ondan Quba rayonu, Amsar kəndində ev tapmasını xahiş etmişdir. Bundan sonra o da Amsar kəndində bir günlük qalmağa kirayə ev tapmışdır. Daha sonra həmin evdə həmkəndliləri Zaur, Altay, Yusif, Namir və Cavadla birlikdə toplaşmışlar. Həmin günü Cavadla Namir ona Quba liseyinin yanında 02 nəfər qonaqlarının gəldiyini və birlikdə onları götürməyi xahiş etmişdir. Cavadgil onun idarə etdiyi maşında həmin liseyin yanına gedərək qonaq gələn həmin iki nəfəri götürüb Amsar kəndinə gəlmişlər. Maşını saxlayıb onların ardınca evə girdikdə stolun üzərində üst hissəsi deşilmiş vəziyyətdə olan elektrik lampası və gümüşü rəngli kağız bükülülərin olduğunu görmüşdür. Həmin vaxt ondan və Şamildən başqa orada olan şəxslər birlikdə elektrik lampasının işərisində olan maddəni iyləmişlər. Sonradan onların istirahət etdiyi evə Quba RPŞ-nin əməkdaşları daxil olmuş və burada nə etdiklərini onlardan soruşmuşlar. Onlar polis əməkdaşlarına ad günü qeyd etdiklərini bildirdikdə sonuncuların diqqətini stolun üzərində olan elektrik lampası və gümüşü kağız bükülüləri cəlb etmişdir. Daha sonra polis əməkdaşları oraya vəkil dəvət edərək evə baxış keçirməyə başlamışlar. Baxış zamanı Elçin stolun üzərində olan 02 ədəd gümüşü rəngli kağız bükülünün ona məxsus olduğunu, elektrik lampası ilə psixotrop maddə olan “şüşədən” istifadə etdiyini bildirmişdir. Daha sonra stolun üzərində olan 02 ədəd gümüşü rəngdə olan kağız bükülülər açıldıqda birinin içərisində qəhvəyi rəngli toz şəklində kütlə, digərinin içərisində isə şəffaf ağ rəngdə, kristal formada kütlələr aşkar olunmuşdur. Bundan başqa, digər 02 ədəd gümüşü rəngli kağız bükülülərdə isə yanmış heroin qalıqları aşkar edilmişdir. Həmin 02 ədəd gümüşü rəngli kağız bükülülər polis əməkdaşları tərəfindən “Constant” markalı tərəzidə çəkilərək elektrik lampası və bükümlərdə olan narkotik vasitələr kağız zərfə qoyularaq qablaşdırılmaqla möhürlənmişdir. Bu barədə protokol tərtib edilmiş və orada yazılanlarla tanış edildikdən sonra o, həmin protokola imza etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2, Şahid7 və Şahid3 X3 ifadəsində göstərdiyi xususatları təsdiq edərək onunla eyni məzmunlu ifadə vermişlər. Məhkəmədə şahid qismində dindirilmiş Quba RPŞ-nin PPXB-nin tağım komandiri vəzifəsində işləyən Şahid11 ifadəsində bildirmişdir ki, 09.04.2021-ci il tarixdə, saat 23 radələrində Quba rayon polis şöbəsinin PPXB-nin komandir müavini, Şahid10, manqa komandiri Şahid16, polis serjantları Şahid19, Şahid18 və Şahid17la birlikdə xidmətdə olduğu zaman karantin qaydalarının pozulması ilə əlaqədar Quba rayonu, Amsar kəndində yerləşən bir evdə doğum günü məclisi təşkil edilməsi və orada çoxlu sayda şəxslərin yığışması barədə məlimat əldə edərək 10.04.2021-ci il tarixə keçən gecə qeyd olunan ünvanı yoxladıqda orada on nəfərə yaxın şəxsin olduğu müəyyən etmişlər. Həmin məclisin keçirildiyi otaqda stolun üzərində 01 ədəd dəlik olan elektrik lampası, 02 ədəd gümüşü rəngli kağız bükülü və 02 ədəd üzərində qəhvəyi yanmış vəziyyətdə olan narkotik vasitəyə oxşar kütlənin izi olan bükülüləri gördükdə diqqətlərini cəlb etmişdir. Ona görə də bu barədə dərhal Quba RPŞ-nin Növbətçi hissəsinə məlumat vermişlər. Bundan sonra, həmin evə əməliyyat qrupunun üzvləri gələrək evə baxış keçirtmişlər. Baxış zamanı stolun üzərinə qoyulmuş 02 ədəd gümüşü rəngli kağız bükülünün həmin evdə doğum günü məclisində iştirak etdiyi müəyyən edilən Füzuli rayonu, Aşağı Veysəlli kənd sakini Təqsirləndirilən şəxs məxsus olduğu məlum olunmuşdur. Baxışda iştirak edən Təqsirləndirilən şəxs özüdə də həmin büklülərin özünə məxsus olduğunu etiraf etmişdir. 02 ədəd gümüşü rəngli kağız bükülülər açıldıqda birinin içərisində qəhvəyi rəngli toz şəklində olan heroinə oxşar kütlə, digərinin içərisində isə şəffaf ağ rəngdə, krista formada olan metamfetaminə oxşar kütlə aşkar olunmuşdur. Digər 02 ədəd gümüşü rəngli ağ kağız bükülülərdə isə yanmış heroin qalıqları aşkar olunmuşdur. Bundan sonra həmin 02 ədəd gümüşü rəngli kağız bükülülər “Constant” markalı tərəzidə çəkilmiş və daha sonra həmin bükülülər və lampa kağız zərfə qoyularaq qablaşdırılıb möhürlənmişdir. İş üzrə şahid qismində dindirilmiş Şahid15 və Şahid17 Şahid11 ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək, onunla eyni məzmunlu ifadə vermişlər. İş materialında olan məhkəmə-kimyəvi ekspertizasının 10 aprel 2021-ci ıl tarixli, 6/1003 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərlərində AR DİN “Zərflər üçün № 67” möhür əksi, “.. X1 yaşadığı evdən götürülmüş...” və s. yazılar olan 02 ədəd zərfdən birində 01 ədəd bükümdə təmiz çəkisi 0.298 qram ağ rəngli kristal şəkilli kütlə kusta üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir, 01 ədəd bükümdə təmiz çəkisi 0.329 qram qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Digər zərfdəki 02 ədəd folqa materialı kəsiklərində heroin izləri müəyyən edildi. Həmin materiallarda heroin az miqdarda olduğundan çəkisini müəyyən etmək mümkün olmadı. 01 ədəd içərisində borucuq formasına salınmış 1 manatlıq əskinaz olan səthi deşilmiş elektrik lampasının daxilində metamfetaminin izləri müəyyən edildi. Bu predmetdə metamfetaminin az miqdarda olduğundan çəkisini müəyyən etmək mümkün olmadı. (Heroinin təmiz çəkisi 0.329 qram, tədiqata sərf edildi 0.05 qram, qalıq 0.279 qram metamfetaminin təmiz çəkisi 0.298 qram, tədqiqata sərf edildi 0.05 qram, qalıq 0.248 qram). İş üzrə təyin edilib keçirilmiş məhkəmə narkoloji ekspertizasının 24 iyun 2021-ci il tarixli 2047 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs TİRYƏK alkoloidlərinin tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfetamdən sui-istifadə edilməsi naticəsində ASLİLİQ SİNDROMU (Narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə təqsirləndirilən şəxsi və şahidləri dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri özünün və şahidlərin ifadələri, ekspertiza rəyləri və eləcədə məhkəmə istintaqı zamanı tədqiq olunmuş digər sübutlarla tam sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif olunmuşdur. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, habelə əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Odur ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin təqsirləndirildiyi maddənin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən, cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 5.1-ci maddəsinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər yalnız bu Məcəllə ilə müəyyən edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə müvafiq olaraq cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası CM-nin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə müvafiq olaraq cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, habelə təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd olunan Qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Məhkəmə hesab edir ki, bu zəmində şəxsin ictimai təhlükəliliyini müəyyən etmək üçün birinci növbədə onun törətdiyi cinayətin başqa cinayətlərin arasında yeri, şəxsin antisosial yönümünün davamlı olub-olmaması, onun cinayətin törədilməsinə gətirib çıxaran vərdişləri diqqətlə aydınlaşdırılmalıdır. Şəxsin antisosial yönümü onun törətdiyi cinayətdə özünü büruzə verir. Ancaq bu, təkcə şəxsin törətdiyi cinayətin ictimai təhlükəliliyi ilə deyil, eyni zamanda onun əvvəlki dövrlərdəki hərəkətlərində ifadə olunan antisosial davranışı və keyfiyyəti ilə də ölçülür. İnsan öz imkanlarından kənara çıxmaq qabiliyyətinə malik deyil. Ancaq o, öz həyatı baxışlarına uyğun hərəkət vasitəsi seçməkdə azaddır. Əgər o, cəmiyyət tərəfindən qəbul olunmuş sosial-mənəvi normalara zidd olan davranış forması seçirsə, onda bu, şəxsin psixologiyasında antisosial yönümün olduğunu göstərir. Lakin bu yönümün davamlı olması, yəni şəxsin psixologiyasında dominantlıq təşkil edərək model davranışa çevrilməsi, yoxsa təsadüf nəticəsində meydana çıxması hallarını fərqləndirmək lazımdır. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsin cəzalandırılması üçün onun xarakteri, sosialpsixoloji vəziyyətinin bütün çalarları, şəxsiyyətinin xarakterik cəhətləri də nəzərə alınmalıdır. Yalnız bu halda cəzanın ədalətliliyinə və fərdiliyinə, həmçinin onun məqsədlərinə nail olmaq mümkün olar. Məhkəmə hesab edir ki, cəza təyin edilərkən şəxsin sosial və psixoloji kriteriyalarına xüsusi önəm vermək lazımdır. Şəxsin sosial kriteriyası onun qanunlara və digər sosial normalara, əməyə, ictimai vəzifələrə, ailəyə münasibətini, təhsilini, tərbiyəsini və sair sosial şərtləri özündə əks etdirir. Şəxsin psixoloji kriteriyası isə onun xarakterini, iradəsini, qabiliyyətini və digər şəxsiyyətə xas olan cəhətlərini özündə ehtiva edir. Bu cəhətlərin tədqiq olunması və qiymətləndirilməsi şəxsin mənəvi deqradasiyaya məruz qalıb-qalmamasını, törətdiyi cinayətin onun anti-cəmiyyət yönümünün məntiqi nəticəsi olduğunu, yoxsa təsadüfi olaraq baş verdiyini, şəxsin islah olunması üçün hansı imkanların olması və bununla bağlı hansı qanuni vasitələrin seçilməsini müəyyənləşdirmək üçün çox vacibdir. Çünki insan sosiumun tərkib hissəsidir və onun fəaliyyətinin hansı yönümə istiqamətlənməsi cəmiyyət üçün əhəmiyyətlidir. Ancaq hər bir halda bu keyfiyyətlər şəxsin törətdiyi cinayətin xarakteri və ictimai təhlükəliliyi ilə vəhdətdə nəzərə alınmalıdır. Xüsusi ilə nəzərə alınmalıdır ki, cəzanın məqsədlərinə çatmaq üçün hansı yol seçilməlidir: təqsirləndirilən şəxsi azadlıqdan məhrum etməklə onu cəmiyyətdən təcrid etmək, fiziki cəhətdən imkanlarını məhdudlaşdırmaqla cəzanın məqsədlərinə nail olmaq, yoxsa, azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza seçməklə şəxsə etimad göstərib bu yolla onun islah olunmasına nail olmaq və cəzanın digər məqsədlərinə çatmaq. İş materialında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya idarəsindən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkum olmamışdır. İş materiallarında olan Füzuli Rayon İcra Hakimiyyəti Başçısının Veysəlli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 15.04.2021-ci il tarixli, 025 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs, Füzuli rayon, Aşağı Veysəlli kəndində qeydiyyatda olmaqla müvvəqqəti olaraq Xırdalan şəhərində yaşayır. İş materialında olan Füzuli Rayon İcra Hakimiyyəti Başçısının Aşağı Veysəlli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş 15.04.2021-ci il tarixli, 01 saylı xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur. İş materiallarında olan "xxxx" MTK-i tərəfindən verilmiş 16.11.2021-ci il tarixli, 51 saylı arayışdan görünür ki, X10 məxsus olan Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, məhəllə 30 ünvanında tikilən yaşayış binalarının 40-cı bina, 1-ci blok, 4-cü mərtəbə, 28 №-li mənzildə Təqsirləndirilən şəxs hal-hazırda qeydiyyatsiz yaşayır. İş materiallarında olan AZ-İİ № 613263 saylı, AZ-İİİ № 483778 saylı və AZ-İV № 595229 saylı, doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 15.02.2010-cu il təvəlldlü, 13.05.2014-cü il təvəlldlü və 20.04.2021-ci il təvəlldlü üç azyaşlı övladları vardır. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli az ağır və qəsdən törədilən cinayətdir. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən əməlindən səmimi peşman olmasını, cinayət qanunu ilə qadağan olunmuş törətdiyi əməlini səmimi etiraf etməsini, himayəsində üç azyaşlı övladının olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzanı yüngülləşdirən hal qismində nəzərə alır. İş üzrə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərədə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsinin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddə üzrə məhz hansı cəzanın təyin olunması ilə bağlı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsi təyin olunmuş cəzasının preventiv təsirə malik olması, cəzanın məqsədlərinə nail olunması baxımından səmərəli olması barədə nəticəyə gəlməyə əsas yaradır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzası təyin edib, onu cəmiyyətdən tam təcrid etməməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Bu cəza həm də törətdiyi cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, şəxsiyyətini xarakterizə edən hallara, islah olunmasına və ailəsinin həyat şəratinə təsiri nəzərə alınmaqla, ədalətlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.5-ci maddəinə əsasən məhkəmənin müəyyən etdiyi vəzifələri mütəmadi və ya qərəzli olaraq yerinə yetirməkdən boyun qaçıran məhkumun cəzasının çəkilməmiş hissəsi cəzanın icrasına nəzarət edən orqanın təqdimatı əsasında məhkəmə tərəfindən müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza ilə əvəz edilir. Bu zaman iki gün azadlığın məhdudlaşdırılması bir gün azadlıqdan məhrum etmə hesabı ilə hesablanır. Həmçinin Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. İş materiallarında olan cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 10 aprel 2021-ci il tarixdə şübhəli şəxs qismində tutlmuşdur. İş materiallarında olan təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbirinin seçilməsi haqqında Quba rayon Məhkəməsinin 11.04.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 10 aprel 2021-ci il tarixdən hesablanmaqla 03 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan təqsirləndirilən şəxsin barəsində həbsdə saxlama müddətinin uzadılmasından imtina edilməsi haqqında Quba rayon Məhkəməsinin 09.07.2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlama müddətinin uzadılmasından imtina edilmişdir. İş materiallarında olan təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında 10.07.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmİş və o, həmin tarixdə həbsdən azad edilmişdir. Azərbaycan Respublikası CPM-158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlandığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxildir. Azərbaycan Respublikası CPM-nin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlama müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə hesab edir ki, Qanunun bu tələbi baxımından Təqsirləndirilən şəxs 10 aprel 2021ci il tarixdən 10 iyul 2021-ci il tarixədək həbsdə saxlandığı 03 (üç) ay müddət, azadlıqdan məhrum etmə cəzasının bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər tutulmaqla ona təyin olunacaq azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla ona qəti cəza təyin edilməlidir. Məhkəmə, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cinayət əməli törətməsini etiraf edib, bu əməli törətməsindən səmimi peşmançılıq çəkməsi, himayəsində üç azyaşlı övladının olması və yaşayış yeri üzrə müsbət xarakterizə olunması kimi cəzasını yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmamasını, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, ədalət və humanizm prinsiplərini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 10 aprel 2021-ci il tarixdən 10 iyul 2021-ci il tarixədək həbsdə olduğu 03 ay müddət nəzərə alınaraq, azadlıqdan məhrum etmə cəzasının bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki günü hesabı ilə hesablanmaqla ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla, üzərində qəti olaraq 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalı, Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 22:00-dan növbəti gün saat 05:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Abşeron rayonu ərazisi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulmalıdır. Azərbaycan Respublikası CPM-nin 346.1 və 346.1.20-ci maddələrinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında digər məsələlərlə yanaşı həmçinin qətimkan tədbirinin ləğv edilməli, dəyişdirilməli və seçilməli (məhz hansı tədbirin) olub-olmadığı məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). Həmin Məcəllənin 353.4.12-ci maddəsinə görə, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində hökm qanuni qüvvəyə minənədək məhkumun barəsində seçilmiş qətimkan tədbirinin həlli göstərilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması növündə cəza təyin edildiyindən onun barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə maddi sübut olan bir ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalı, Quba rayon PŞ-nin saxlanc anbarında saxlanılan maddi sübutlar olan ekspertiza təhqiqatından sonra qalıq çəkisi 0.248 qram psixotrop maddə metamfetamin, ekspertiza təhqiqatından sonra qalıq çəkisi 0.279 qram narkotik vasitə heroin və bir ədəd üzərində dəlik olan elektrik lampası hökm qanuni qüvəyə mindikdən sonra məhv edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 109 manat 90 qəpik (yüz doqquz manat doxsan qəpik) ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin Dövlət xəzinadarlığı Agentliyi, kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22 Məhkəmə Ekspertiza Mərkəzi VÖEN ********** Hesab AZ34OTRE**********002088501 hesabına ödənilməlidir. Hökmün icrası Abşeron rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. İş üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsinə əsasən xüsusi müsadirə tətbiq edilməli əmlak yoxdur. İş üzrə mülki iddia və maddi ziyan yoxdur. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 381-384-cü maddələrini rəhbər tutaraq məhkəmə, Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 10 aprel 2021-ci il tarixdən 10 iyul 2021-ci il tarixədək həbsdə olduğu 03 ay müddət nəzərə alınaraq, azadlıqdan məhrum etmə cəzasının bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki günü hesabı ilə hesablanmaqla ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 22:00-dan növbəti gün saat 05:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Abşeron rayonu ərazisi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan 1 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın, Quba rayon PŞ-nin saxlanc anbarında saxlanılan maddi sübutlar ekspertiza təhqiqatından sonra qalıq çəkisi 0.248 qram psixotrop maddə metamfetamin, ekspertiza təhqiqatından sonra qalıq çəkisi 0.279 qram narkotik vasitə olan heroin və bir ədəd üzərində dəlik olan elektrik lampası hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs 109,90 manat (yüz doqquz manat doxsan qəpik) ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin Dövlət xəzinadarlığı Agentliyi, kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22 Məhkəmə Ekspertiza Mərkəzi VÖEN ********** Hesab AZ34OTRE**********002088501 hesabına ödənilsin. Hökmün icrası Abşeron rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Müsadirə olunası əmlakın, maddi ziyanın və mülki iddianın olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətinə Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Apelyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Vüqar Seyidov
Məhkəmə qərarları › İş №1(027)-115/2021
Quba Rayon Məhkəməsi Hökm — İş №1(027)-115/2021
16.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver