Məhkəmə qərarları › İş №1(027)-115/2025

Quba Rayon Məhkəməsi Hökm — İş №1(027)-115/2025

24.11.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Quba şəhəri İş № 1(027)-115/2025 24.11.2025 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Kamilli Günel Hakim qızının sədrliyi, Xudaverdiyev Elşad Mütəllim oğlunun katibliyi, Dövlət İttihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs, Onun müdafiəçisi – Müdafiəçi iştirakları ilə, xx xxxx 1996-cı ildə Quba şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, subay, Quba Rayon Məhkəməsinin 22 avqust 2016-cı il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 3 (üç) il azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və 10 noyabr 2018-ci il tarixdə cəzasının sonu ilə azad edilmiş, Quba şəhəri, Yusif Qasımov küçəsi, ev 44-də qeydiyyatda olan, 12 aprel 2025-ci il tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda, yəni 5 qramdan artıq miqdarda olan ümumi xalis çəkisi 12,452 qram narkotik vasitə qurudulmuş marixuananı əldə edib üzərində daşımaqla saxlamış, Quba RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində o, 10 aprel 2025-ci il tarixdə, saat 13 radələrində Quba şəhəri, Qarabağ küçəsində saxlanılaraq üzərində şəxsi axtarış aparılarkən əynindəki şalvarın sağ yan cibindən bir ədəd siqaret qutusunda xalis çəkisi 12,452 qram çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində bildirmişdir ki, o, Quba şəhəri, Yusif Qasımov küçəsi, ev 44-də qeydiyyatda olsa da, həmin evi satmışdır.və hal-hazırda Quba şəhərində müxtəlif ünvanlarda və otellərdə müvəqqəti qalır. O, uşaq olanda valideynləri boşanmış və atasını heç vaxt görməmişdir. Anası 5-6 olar ki, rəhmətə getmişdir. Ondan yaşca balaca olan bir qardaşı var ki, xarici ölkədə yaşayır. Əsəb xəstəliyinə görə bir neçə dəfə Bakı şəhəri, Maştağa qəsəbəsində yerləşən Psixiatriya Xəstəxanasında müalicə almışdır. Heç vaxt evli olmamışdır. İş düşəndən- düşənə fəhlə kimi işləyir. Hərdən “nəşə” və “ot” kimi tanınan narkotik vasitə qurudulmuş marixuanadan istifadə edir. 2025-ci ilin aprel ayının əvvəllərində Quba şəhərində Qarabağ küçəsi ilə piyada gedərkən yerdə olan “Winston” markalı siqaret qutusu diqqətini cəlb etmişdir. Həmin qutunu götürüb açaraq baxanda içərisindəki yaşıl rəngli ot kütləsinin narkotik vasitə qurudulmuş marixuana olduğunu tanımışdır. Narkotik vasitə istifadəçisi olduğu üçün həmin marixuananı istifadə etmək məqsədilə götürmüşdür. Tapdığı narkotik vasitənin üzərindən 3-4 gün sonra az miqdarda götürüb bir dəfə istifadə etmiş və qalan hissəsini isə sonra istifadə etmək üçün üzərində saxlamışdır. 10 aprel 2025-ci il tarixdə, saat 13 radələrində Qarabağ küçəsində piyada gedərkən Quba RPŞ-nin əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim edib barəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmağına dair məlumat olduğunu bildirmişlər. Polis əməkdaşları ona üzərində şəxsi axtarış aparılması üçün Quba RPŞ-yə məlumat verərək təhqiqatçı və vəkil dəvət edəcəklərini bildirmişlər. Onlar təhqiqatçı və vəkil gələnə kimi onun hərəkətlərini daim nəzarətdə saxlamışlar. Təhqiqatçı və vəkil gələndən sonra özünü Quba RPŞ-nin təhqiqatçısı İlkin Rəhimov kimi təqdim edən polis əməkdaşı ona şübhəli şəxs qismində tutularaq dəvət edilmiş vəkilin və polis əməkdaşlarının iştirakı ilə saxlanıldığı həmin yerdə video çəkilişlə üzərində şəxsi axtarış aparılacağını izah etmişdir. O, şəxsi axtarışın aparılmasına etiraz etməmişdir. Şəxsi axtarış aparılmağa başlanarkən təhqiqatçı ona üzərində qanunla qadağan olunan nə varsa, hamısını təqdim etməyi təklif etmişdir. O, üzərində saxladığı narkotik vasitəni təqdim etmədiyi halda, məcburi şəkildə götürüləcəyini başa düşüb, əynindəki boz rəngli şalvarın sağ yan cibindən bir ədəd “Winston” markalı siqaret qutusunu çıxararaq təqdim etmişdir. Qutunu açarkən içərisindən yaşıl rəngli bitki kütləsi aşkar edilmişdir ki, o, bu kütlənin “nəşə” və “ot” kimi tanınan narkotik vasitə qurudulmuş marixuana olduğunu, bir həftə əvvəl şəxsi axtarışın aparıldığı tərəflərdən tapdığını, öz istifadəsi üçün saxladığını, heç kimə vermədiyini və satmadığını bidirmişdir. İçərisində yaşıl rəngli bitki kütləsinin olduğu həmin qutu elektron tərəzidə çəkildikdən sora ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmışdır. Zərfin üzərinə o və müdafiəçisi imza edərək qablaşdırmanın tamlığını təsdiq etmişlər. Bundan başqa onun əynindəki şalvarın sol yan cibindən bir ədəd “Samsung” markalı mobil telefon, bir ədəd kibrit qutusunu, şəxsiyyət vəsiqəsini, pasportunu, hərbi biletini və “BakıKart” plastik kartı aşkar edillmişdir. İçərisində qurudulmuş marixuananın olduğu “Winston” markalı siqaret qutusudan başqa onun üzərindən qanunla qadağan edilən heç nə aşkar edilməmişdir. Şəxsi axtarış başa çatandan sonra, üzərində şəxsi axtarışın aparılması barədə protokol tərtib edilmişdir. Protokolu o, da daxil olmaqla bütün iştirakçılar imza edərək düzgünlüyünü təsdiq etmişlər. Təqsirləndirilən şəxs ifadəsində həmçinin göstərmişdir ki, heç kimdən narkotik vasitə almamış, heç kimə də narkotik vasitə satmamış, narkotik vasitə satan şəxsləri tanımır. Polis əməkdaşları tərəfindən saxlanılarkən ona qarşı hər hansı zor tətbiq edilməmiş və zor tətbiq etmə hədəsi işlədilməmiş, həmin vaxt hər hansı xəsarət almamışdır. İfadəsinin sonunda Təqsirləndirilən şəxs əməlindən peşman olduğunu bildirməklə ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Quba RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatını raportla şöbənin rəhbərliyinə məruzə edib məlumatın yoxlanılaraq Təqsirləndirilən şəxs qanunsuz əməllərinin ifşa edilməsi məqsədilə əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərar qəbul etmişdir. Həmin qərar şöbə rəisi tərəfindən təsdiq edildikdən sonra müvafiq əməliyyat tədbirlərinin keçirilməsindən ötrü ondan, işlədiyi şöbənin Narkotiklərlə mübarizə qrupunun əməliyyat müvəkkili Şahid2 və şöbənin baş inspektor kriminalisti Fuad İslamovdan ibarət tərkibdə əməliyyat qrupu yaradılmışdır. Əməliyyat məlumatı əsasında onlar Təqsirləndirilən şəxs Qarabağ küçəsində piyada getdiyini müəyyən edib 10 aprel 2025-ci il tarixdə, saat 13 radələrində radələrində həmin küçədə Təqsirləndirilən şəxs yaxınlaşıb özlərini təqdim edərək narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması ilə bağlı barəsində məlumat olduğunu bildirmişlər. Sonra müvafiq prosessual hərəkətlərin həyata keçirilməsindən ötrü dərhal həmin yerə şöbədən təhqiqatçı dəvət etmişlər. Təhqiqatçı gələnə kimi Təqsirləndirilən şəxs hərəkətlərini daim nəzarətdə saxlamışlar ki, əgər üzərində narkotik vasitə və yaxud qanunla qadağan olunan digər bir şey varsa, onları üzərindən kənarlaşdıra bilməsin. Bir qədər sonra vəkillə birlikdə gələn təhqiqatçı İlkin Rəhimov tərəfindən şübhəli şəxs qismində tutularaq Təqsirləndirilən şəxs dəvət edilmiş vəkilin və onların iştirakı ilə saxlandığı həmin yerdə üzərində video çəkilişlə şəxsi axtarış aparılacağı izah olunmuşdur. Təqsirləndirilən şəxs buna etiraz etməmişdir. Video çəkiliş Fuad İslamov tərəfindən aparılmışdır. Şəxsi axtarış aparılmağa başlanarkən təhqiqatçı Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunan nə varsa, hamısını təqdim etməyi təklif etmişdir. Təqsirləndirilən şəxs əynindəki boz rəngli şalvarın sağ yan cibindən bir ədəd “Winston” markalı siqaret qutusunu çıxararaq təqdim etmişdir. Qutunu açarkən içərisindən yaşıl rəngli bitki kütləsi aşkar edilmişdir ki, Təqsirləndirilən şəxs bu kütlənin “nəşə” və “ot” kimi tanınan narkotik vasitə qurudulmuş marixuana olduğunu, bir həftə əvvəl şəxsi axtarışın aparıldığı həmin küçədən tapdığını, öz istifadəsi üçün saxladığını, heç kimə vermədiyini və satmadığını bidirmişdir. İçərisində yaşıl rəngli bitki kütləsinin olduğu həmin qutu elektron tərəzidə çəkildikdən sonra, bir ədəd ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmışdır. Zərfin üzərinə Təqsirləndirilən şəxs və müdafiəçisi imza edərək qablaşdırmanın tamlığını təsdiq etmişlər. İçərisində qurudulmuş marixuananın olduğu “Winston” markalı siqaret qutusudan başqa Təqsirləndirilən şəxs üzərindən qanunla qadağan edilən heç nə aşkar edilməmişdir. Şəxsi axtarış başa çatandan sonra, şəxsi axtarış aparılması barədə protokol tərtib edilmişdir. Protokolun məzmunu video çəkilişə uyğun yazıldığı üçün o da daxil olmaqla bütün iştirakçılar imza edərək düzgünlüyünü təsdiq etmişlər. Təqsirləndirilən şəxs əvvəllər tanımamış, aralarında hər hansı münasibət, düşmənçilik və ya ədavət olmamışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Məhkəmə-bioloji ekspertizasının Sumqayıt Regional Bölməsi tərəfindən verilmiş 11 aprel 2025-ci il tarixli, 20/187 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş “Winston” markalı siqaret qutusunda xalis çəkisi 12,452 qram təşkil edən bitki mənşəli kütlə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Qeyd: Marixuananın ümumi çəkisi - 12,452 qram, tədqiqata sərf edildi - 0,05 qram, qalıq - 12,402 qram. Ambulator məhkəmə-narkoloji ekspertizasına dair Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” Publik hüquqi şəxsi tərəfindən verilmiş ambulator məcburi-narkoloji tibbi yoxlamasının xx.xx.2025-ci il tarixli, 1073 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsəhət görülür. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixatrik Ekspertiza Mərkəzi” X2 kompleks ambulator Məhkəmə-Psixiatrik və Psixoloji Ekspertizasının xx.xx.2025-ci il tarixli, 1252 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs hazırda hər hansı bir hərəkətinə görə özündə hər hansı bir psixi xəstəliyi və ya psixi xəstəliklə və ya psixi xəstəliyin mexanizmi ilə uyğun olmayan bir əlamət müşahidə edilmir və hazırda onun əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini tam dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikasının CM-nin 21-ci maddəsinin tələblərinə cavab vermir. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs mövcud müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs baş vermiş hadisəni adekvat olaraq qavramaq qabiliyyətinə malikdir. Təqsirləndirilən şəxs əqli-intellektual imkanları (diqqət, yaddaş, qavrama, təfəkkür, dərk etmə və s.) norma daxilindədir. Fərdi-psixi xüsusiyyətlərində özünə qarşı həssaslıq, emosional qeyri-sabitlik, konfliktə meyillilik aşkar olunmaqla xasiyyətinin psixopatik cizgiləri müşahidə edilir. Təqsirləndirilən şəxs öz hərəkətlərini idarə etmək qabiliyyətinə malikdir. Təqsirləndirilən şəxs özündən uydurmağa meyillik əlamətləri müşahidə edilmədi. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs üzərində şəxsi axtarışın keçirilməsini özündə əks etdirən diskə baxış keçirilərkən müəyyən olundu ki, Təqsirləndirilən şəxs 10 aprel 2025-ci il tarixdə, saat 13 radələrində Quba şəhəri, Qarabağ küçəsində saxlanılaraq üzərində şəxsi axtarış aparılarkən əynindəki şalvarın sağ yan cibindən bir ədəd siqaret qutusunda çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Aşkar edilmiş 12,452 qram çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana Azərbaycan Respublikasının xx.xx.2005-ci tarixli Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları»nda ittiham aktında göstərilən narkotik vasitənin miqdarı şəxsi istehlak miqdarından artıq miqdar kimi müəyyən edilmişdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən hazırki əməl narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi və qanunsuz saxlanması kimi müəyyən edilmişdir. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni və psixotrop maddəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlamaqla Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsilə nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməlini törətməsi öz etirafedici ifadəsilə yanaşı, şahid ifadələri, iş üzrə keçirilmiş məhkəmə-kimyəvi və məhkəmə-narkoloji ekspertizalarının müvafiq rəyləri və məhkəmə istintaqı zamanı tədqiq edilmiş digər subutlara tam sübuta yetirilir. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsilə düzgün tövsif olunmuşdur. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, habelə əməlin cinayət olmasını aradan qaldıran hallar olmadığından, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin təqsirləndirildiyi maddələrin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli Sərəncamının 13, 13.3, 13.4-cü bəndlərinə əsasən məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə müvafiq olaraq cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə müvafiq olaraq cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, habelə təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. İş materiallarında olan Azərbaycan Respublikası DİN Baş Əməliyyat Statistika və İnformasiya İdarəsi tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Quba Rayon Məhkəməsinin 22 avqust 2016-cı il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 3 (üç) il azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və 10 noyabr 2018-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. İş materiallarında olan Quba Rayon İcra hakimiyyəti Başçısının Quba şəhər İƏD üzrə nümayəndəliyinə ünvanlanmış sorğuya cavab olaraq verilmiş 21 aprel 2025-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs qeydiyyatda olduğu Quba şəhəri, Yusif Qasımov küçəsi, ev 44-də yaşamır və barəsində heç bir məlumat aşkar edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təqsirini etiraf etməklə səmimi peşmançılığı cəzanı yüngülləşdirən hal kimi müəyyən edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən olunmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, habelə təqsirkarın şəxsiyyəti, cəzanı yüngülləşdirən halların olduğunu, cəzanı ağırlaşdıran halların olmadığını nəzərə alaraq, onun cəmiyyətdən təcrid edilmədən islah edilməsini mümkün sayaraq, ona ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulan cəza növü – azadlığın məhdudlaşdırılması cəzasının tətbiq edilməsi qənaətinə gəlir və hesab edir ki, bu cəza ilə cəzanın məqsədlərini təmin etmək mümkündür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmçinin Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Həmin Məcəllənin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Məhkəmə hesab edir ki, hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Quba rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. İş materiallarında olan şübhəli şəxsin tutulması haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində xx.xx.2025-ci il tarixdə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət azadlıqdan məhrum etmə cəzasının bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər tutulmaqla ona təyin olunacaq azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla ona qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası CPM-nin 346.1 və 346.1.20-ci maddələrinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında digər məsələlərlə yanaşı həmçinin qətimkan tədbirinin ləğv edilməli, dəyişdirilməli və seçilməli (məhz hansı tədbirin) olubolmadığı məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). Həmin Məcəllənin 353.4.12-ci maddəsinə görə, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində hökm qanuni qüvvəyə minənədək məhkumun barəsində seçilmiş qətimkan tədbirinin həlli göstərilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzası təyin edildiyindən barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə hesab edir ki, ambulator məcburi–narkoloji tibbi yoxlamanın rəyi nəzərə alınaraq, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə Azərbaycan Respublikası CM-in 99-1.1-ci maddəsində qeyd olunmuş əmlakın müəyyən olunmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs xüsusi müsadirə cinayət-hüquqi tədbiri tətbiq olunmamalıdır. Həmçinin, təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi ilə əlaqədar Müdafiəçi sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə, 5 (beş) iş saatına görə 55 (əlli beş) manat, Azərbaycan Respublikası CPM-in 193.2-ci və 193.3-cü maddələrinə, Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli Qərarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2025-ci il tarixli qərarına əsasən dövlət büdcəsindən tutulub Quba rayon Vəkil Bürosunun hesabına ödənilməsini əsaslı hesab edir. Azərbaycan Respublikası CPM-nin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut - 1 ədəd CD cinayət işinin materiallarında saxlanılmalı, maddi sübut olan və ekspertiza tədqiqatından sonra qalıq çəkisi 12,452 qram çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197-198-ci maddələrinə əsasən ekspertə verilməli olan məbləğ məhkəmə məsrəflərinə aid olduğundan, məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. Məhkəmə hesab edir ki, məhkəmə ekspertizası tədqiqatlarının dəyərini təşkil edən 60 manat Təqsirləndirilən şəxs tutulub məhkəmə ekspertiza mərkəzinin hesabına ödənilməlidir. İş üzrə mülki iddia verilməmişdir və xüsusi müsadirə olunası əmlak yoxdur. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nın 344-347, 349, 351-354, 356, 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki günü hesabı ilə ona təyin edilmiş cəzadan çıxılmaqla Təqsirləndirilən şəxs üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə Quba rayonunun inzibati ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 23:30-dan növbəti gün saat 06:30-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 60 (altımış) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə - Quba rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Quba rayon Vəkil bürosunun vəkili Müdafiəçi 05 (beş) iş saatına görə 55 (əlli beş) manat Azərbaycan Respublikası Dövlət büdcəsindən Quba rayon Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə maddi sübut olan ekspertiza tədqiqatından sonra qalıq çəkisi 12,402 qram narkotik vasitə olan marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, maddi sübut 1 ədəd CD cinayət işi materiallarında saxlanılsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətinə Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya protesti və ya şikayəti verilməzsə, həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Günel Kamilli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar