Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 1(027)-116/2021 11.08.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Samir Əlibala oğlunun sədrliyi, məhkəmə iclas katibi Muradov Əli Şakir oğlunun katibliyi xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X3, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş X15 iştirakı ilə, X10, X16 və X15 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilmələrinə dair X3 xüsusi ittiham qaydasında şikayətinə məhkəmənin açıq hazırlıq iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X6 xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət edərək, X10, X16 və X15 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilərək onlara həmin maddələrin sanksiyasında nəzərdə tutulmuş ən ağır cəza verilməsini, Kanal24 (“Kanal24.az") internet televiziyasında və “Birxəbər” facebook səhifəsində yazılmış yazı və səslənmiş fikirlərin obyektiv və həqiqətə uyğun olmayan hesab edilməsi, həmin məqaləni dərc etməklə onun işgüzar nüfuzunu, habelə şərəf və ləyaqətini ləkələyən məlumatların yayılmasına görə, barələrində xüsusi ittiham qaydasında şikayət verilən şəxslərin üzərinə “Kanal24” internet televiziyasında və “Birxəbər” facebook səhifəsində üzr istəmək və həqiqətə uyğun olmayan məlumatların “Kanal24” internet televiziyasında və “Birxəbər" facebook səhifəsində təkzib edilməsi vəzifəsinin qoyulmasını məhkəmədən xahiş etmişdir. X6 şikayətini onunla əsaslandırmışdır ki, X14 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə məhkum olunmuş və hal-hazırda 6 saylı cəzaçəkmə müəssisəsində cəza çəkir. Rahib Hüseynov və onun valideynləri olan X16 və X10 Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına şikayət ərizələri yazaraq qeyd etmişlər ki, guya o, Rahib Hüseynovun valideynləri olaraq onlardan 400000 (dörd yüz min) manat, Rahib Hüseynovun özündən 500000 (beş yüz min) manatdan çox, bundan başqa, “Range Rover” və “Şangan" markalı avtomobilləri, Bakı şəhəri Nəsimi rayonu Rəşid Məmmədov küçəsində yerləşən, “FM-2016" Mənzil-Tikinti Kooperativinin inşa etdiyi 117 kvadratmetrlik 3 (üç) otaqlı yeni tikilini öz adına sənədləşdirməklə kifayətlənməyib, Tovuz rayonunda yerləşən var-dövlətlərini də öz adına sənədləşdirmişdir. Bundan başqa, guya o, X10, X11 aldadaraq Türkiyənin İstanbul şəhərində ev, Xaçmaz rayonunda fermer təsərrüfatı, Bakı şəhərində evlər almışdır. Bundan başqa, guya o, 10-dan çox nömrəni 6000-7000 manata satmış və adına olan “50-222-45-05" telefon nömrəsindən istifadə edərək qarşı tərəfi 2000 manatdan çox borca salmışdır. Həmçinin, Lətifə və İsmayıl Hüseynovlar "Bir xəbər" facebook səhifəsində “Kanal24”ün youtube internet kanalında “həbsdə olan oğlumla nikaha girdi, var-dövlətimi əlimdən aldı" başlıqlı yazı ilə guya o, öz vəzifə səlahiyyətlərindən, əlaqələrindən istifadə etməklə onları hədələyir. Bundan başqa, guya o, X10 və X11 bütün qohum və qudalarını düşmən etmiş, bahalı telefonlara sahib olmuş, Ramin adlı bir şəxsə "Kökəltmə" adlanan yerin bir hissəsini 20000 manata sataraq mənimsəmiş və var-dövlətlərini əllərindən almışdır. X10 və X9 yazdıqları ərizələrində və sosial şəbəkədə etdikləri çıxışlarında onu həm külli miqdarda mənimsəmə, həm də külli miqdarda dələduzluq cinayətində ittiham edən böhtan atmışlar. Barəsində şikayət etdiyi şəxslər böhtan yazdıqları şikayət ərizələrini hər ikisi imzaladıqlarına görə və sosial şəbəkədə böhtan dolu məlumat yaydıqlarından, bu cinayəti birgə törətmişlər. 21.06.2020ci il tarixdə kanal-24 internet televiziyasında İsmayıl və Lətifə Hüseynovlar verdikləri müsahibədə onların əmlakını ələ keçirməkdə, onların oğlanları həbs etdirməkdə, onları zəhərləyərək və başqa yollarla öldürməklə hədələməkdə günahlandıraraq böhtan atmışlar. Həmçinin, X10 və X16 onun kürəkəni Vüqar Tağızadəyə, rəfiqəsi Aybəniz Ramazanovaya, Bela Akimovaya, qohumu Seva Teymurovaya, onların borclu olduqları Quliyev İlqara, Zenfira İmamverdiyevaya və kürəkəni Emil adlı şəxslərə zəng edərək, onun barəsində əxlaqsız sözlər deyərək onu təhqir etmiş, həmin şəxslərə onların əmlakını mənimsədiyini deyərək böhtan atmışlar. X10 və X16 onun barəsində yalniş, qeyri-obyektiv ve təhqir xarakterli fikirlər ifadə etmişlər. Yazıda və videoyayımda dərc olunmuş və səslənmiş məlumat əxlaqi prinsiplər, xidmət və ictimai fəaliyyətlə əlaqəda cəmiyyətdə vətəndaş barəsində mənfi rəy yaradır. Onun barəsində yayılan məlumatlar şikayət etdiyi şəxslər tərəfindən yayılan məlumatlardır. Həmin şəxslər tərəfindən yayılan böhtanlar ona qanunsuz təsir etmək məqsədini güdür. Böhtan cinayətinə görə məsuliyyəti yalnız böhtanın məzmununu təşkil edən məlumatları yayan şəxs daşıyır. Bəhs olunan şəxslərin böhtan cinayətini törətmələri onda olan mötəbər sübutlarla təsdiq olunur. Həmçinin "Kanal24"ün rəhbəri və əməkdaşı özlərinin hüquq və azadlıqlarından istifadə edərək onun şərəf və ləyaqətini ləkələyən, onu nüfuzdan salan təhqir və böhtan xarakterli məlumatları kütləvi şəkildə yayılmasına yol vermişlər. Ona görə də hesab edir ki, yuxarıda qeyd edilən faktlar X10, X16 və X15 CM-in 147.2 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilmələri barədə qərar qəbul edilməsi üçün tam əsaslıdır. Məhkəmə iclasında xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X6 şikayətində göstərdiklərini bir daha təsdiq edərək bildirdi ki, “Kanal 24.az" internet televiziyasının və “Bir xəbər” facebook səhifəsinin rəhbəri X19r. Belə ki, “Kanal 24.az" “Youtube” kanalında X10 və X9 böhtan və təhqir xarakterli məlumatları əsasında sujet hazırlanmış və yayınlanmışdır. Barəsində yayımlanan sujetin altında telefon nömrəsi qeyd olunduğu üçün, o, öz iradlarını bildirmək üçün həmin nömrə ilə əlaqə saxlamış və onun zənginə Tural Əhmədov cavab verdiyi üçün o, Tural Əhmədovun “Kanal 24.az" kanalının əməkdaşı olduğunu öyrənmişdir. Bunda başqa Tural Əhmədov öz şəxsi “Facebook” səhifəsində də bu süjeti yaymışdır. Hesab edir ki, barəsində böhtan xarakterli məlumatları yaymaqda X10 və X16 ilə yanaşı Tural Əhmədov da məsuliyyət daşıyır. Belə ki, Tural Əhmədov barəsində deyilənlərlə bağlı onun mövqeyini öyrənmədən həmin məlumatları ictimailəşdirmişdir. Göstərfiklərini nəzərə alaraq, xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X6 xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsi və məhkəmə baxışının təyin edilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş X23 bildirdi ki, işdə adı şəkilən “Kanal 24.az"ın qeydiyyat ünvanı İzraildədir. “Kanal 24.az"ın Azərbaycanda rəsmi fəaliyyəti üçün vaxtilə müvafiq qurumlara müraciət olunmuş, lakin buna icazə verilmədiyi üçün, “Kanal 24.az" “YouTube” üzərindən yayımlanmağa başlanmışdır. Xüsusi ittiham qaydasında şikayət vermiş X6 ilə heç bir qərəzliyi yoxdur. O, Gəncə şəhərində olan zaman Sevil Hacıyeva onunla telefon vasitəsilə əlaqə saxlamış və “Kanal24.az” internet televiziyasında yayımlanan video haqqında soruşmuşdur. O, maraqlanmış və ona məlum olmuşdur ki, X1 müraciəti əsasında çəkiliş qrupu yerində çəkiliş aparılmışdır. Daha sonra həmin süjet kanalın baş ofisinə göndərilmiş və oradan yayımlanmışdır. Belə ki, qaynar xətt vasitəsilə gələn zənglər əsasında, müraciət etmiş şəxsin istəyi əsasında gedib çəkiliş aparılır.Onun tərəfindən Sevil Hacıyeva ilə bağlı heç bir şərh verilməmişdir. Çəkilişi Elçin adında şəxs aparmışdır, onun isə bu sujetlə bağlı ümumiyyətlə heç bir əlaqəsi olmamışdır. “Bir xəbər" facebook səhifəsinə gəldikdə isə, Tural Əhmədov qeyd etdi ki, həmin səhifə də həmçinin “Kanal24.az” kanalına məxsusdur. Şəxsi facebook səhifəsinə gəldikdə isə, onun özünə məxsus fərdi facebook səhifəsində yalnız dövlətçiliklə bağlı paylaşımlar edir, Sevil Hacıyeva ilə bağlı öz səhifəsində heç vaxt paylaşımlar etməyib. Tural Əhmədov həmçinin qeyd etdi ki, “Kanal 24.az"ın qeydiyyat ünvanı İzraildədir və kanalın rəhbəri Səadət xanım İzrail vətəndaşı olmaqla daimi orada yaşayır. Müvafiq olaraq, Səadət xanımın istifadəsində azərbaycan mobil operatorlarına məxsus əlaqə nömrəsi olmadığından, kanalda onun nömrələri göstərilmişdir. Bir qayda olaraq, kanalın altında əlaqə nömrəsinin yerləşdirilməsi vacib şərtlərdən biri olduğu üçün, kanal rəhbərinin xahişi ilə yayımlanan sujetlərin altında məhz onun nörməsi göstərilmişdir. Kanalda yayımlanan sujetlərlə heç bir əlaqəsi olmasa da, həmin sujetlərlə bağlı zəngləri o, özü cavablandırmışdır. Bunda başqa, süjetdə yer alan məsələlərlə bağlı X4 şikayəti əsasında Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq İdarəsində X6 barəsində Azərbaycan Respublikası CMnin 178.3.2 və 32.4, 312.2-ci maddələri ilə cinayət işi başlanılmış və istintaqı aparılır. Sonda barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş X23 xüsusi ittiham qaydasında barəsində verilmiş şikayəti əsassız hesab edərək şikayətin icraata qəbulundan imtina edilməlisi barədə qərar qəbul edilməsini xahiş etdi. Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş X10 məhkəməyə teleqram göndərərək, səhhətilə bağlı məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmişdir. Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş X10 və X16 məhkəməyə ərizə təqdim edərək, onların yaşlı və xəstə olmalarını nəzərə alaraq, məhkəmə iclaslarının onların iştirakı olmadan keçirib ədaləli qərar çıxarılmasını xahiş etmişlər. Məhkəmə xüsusi ittiham qaydasında şikayəti və məhkəməyə təqdim olunan sənədləri öyrənərək aşağıdakıları müəyyən edir: Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq İdarəsindən Tovuz rayonu, Qovlar kənd sakini X7 ünvanlanmış məktubdan görünür ki, Lətifə Hüseynovanın 30.04.2021-ci il tarixdə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə etdiyi müraciətinə cavab olaraq bildirmişdir ki, əvvəllər 4 saylı vəkil bürosunda sonradan isə fərdi qaydada vəkillik fəaliyyəti ilə məşğul olmuş, hazırda vəkillik fəaliyyəti dayandırılmış X3 qanunsuz əməlləri barədə Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılmış araşdırma nəticəsində fakta görə 28.07.2021-cl il tarixdə Azərbaycan Respublikası CM-nin 178.3.2 və 32. 312.2-ci maddələri ilə cinayət işi başlanmış, istintaqın aparılması Baş İdarənin istintaq idarəsinə həvalə edilmişdir; X6 barəsində Azərbaycan Respublikası CM-nin 178.3.2 və 32.4, 312.2-ci maddələri ilə başlanılmış və istintaqın aparılması Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq İdarəsinə tapşırılmış “cinayət işinin başlanması barədə” qərardan aydın olur ki, əvvəllər 4 saylı vəkil bürosunda, sonradan isə fərdi qaydada vəkillik fəaliyyəti ilə məşğul olmuş, hazırda vəkillik fəaliyyəti dayandırılmış X2 rayonu, Qovlar kənd sakini vətəndaş X4 9 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş övladları - Hüseynov Rahib ismayil oğlu və Hüseynov Emin ismayıl oğlunu həbsdən azad etdirəcəyi ilə əlaqədar cinayət işi üzrə ibtidai istintaqı aparan vəzifəli şəxslərə, məhkəmə və həmin şəxslərin saxlanıldıqları İstintaq Təcridxanalarının vəzifəli şəxslərinə, həmçinin zərərçəkmiş şəxslərə veriləcəyi adı ilə ondan 2016-2019-ci illər ərzində nağd şəkildə, eləcə də banklardan köçürmə yolu ilə, hissə-hissə olmaqla vahid niyyətlə, ümumilikdə 278.000 manat məbləğində pul vəsaitini dələduzluq yolu ilə ələ keçirmiş və vətəndaşı rüşvət verməyə təhrik etmişdir. Etibardan suiistifadə etmə və ya aldatma yolu ilə külli miqdarda özgə əmlakını ələ keçirmə, qanunsuz hərəkətlərə görə rüşvət verməyə təhrik etmə cinayətlərinin tərkib əlamətlərini əks etdirən kifayət qədər dəlillərin mövcud olmasını nəzərə alaraq, fakta görə Azərbaycan Respublikası CM-nin 178.3.2 və 32.4, 312.2-ci maddələri ilə cinayət işi başlanılmışdır. Məhkəmə qeyd edilənləri nəzərə alaraq hesab edir ki, X4 şikayəti əsasında X6 barəsində Azərbaycan Respublikası CM-nin 178.3.2 və 32.4, 312.2-ci maddələri ilə başlanılmış cinayət işi üzrə qanuni qüvvəsini almış yekun qərar çıxarılanadək, X10 və X16 tərəfindən yayılan məlumatların böhtan və təhqir xarakterli olduğuna qiymət vermək yolverilməzdir. Ona görə məhkəmə hesab edir ki, X10 və X12 münasibətdə X3 xüsusi ittiham qaydasında şikayəti üzrə məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbulundan imtina edilməlidir. Digər tərəfdən, X6 öz şikayətində X20 münasibətdə iddia edir ki, X10 və X16 tərəfindən ona qarşı səslənən təhqir və böhtan xarakterli süjet “Kanal24.az” “Youtube” kanalında və “Bir xəbər" facebook səhifəsində məhz X23 tərəfindən dərc edilmişdir. Bununla bağlı məhkəmədə müəyyən edildi ki, “Kanal24.az” internet informasiya ehtiyatı –Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik xidmətində ünvan 2 ünvan üzrə X5 adına qeydiyyata alınmışdır. Sözügedən süjetin “Kanal24.az” “Youtube” kanalında və “Bir xəbər" facebook səhifəsidə bilavasitə X23 tərəfindən yayımlanmasına dair xüsusi ittihamçı tərəfindən məhkəməyə hər hansı bir sübut təqdim edilməmişdir. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, X20 münasibətdə X3 xüsusi ittiham qaydasında şikayətində əks olunanlar sübuta yetirilmədiyindən məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbulundan imtina edilməlidir. Belə ki, xüsusi ittiham qaydasında şikayət Azərbaycan Respublikası CPM-nin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun tərtib edilməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 293.3-cü maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə yazılı şikayətdə və ya şifahi şikayətin qəbul edilməsi barədə protokolda aşağıdakılar göstərilir: 293.3.4. şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi; Eyni Məcəllənin 302.1 və 302.1.7-ci maddələrinə əsasən, şikayət əsassız olduqda və şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədikdə, məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. Qeyd olunan əsaslarla yanaşı məhkəmə onu da vurğulayır ki, mövcud vəziyyətdə hazırki şikayətin məhkəmə aidiyyətinin müəyyən edilməsi də mümkün deyildir. Belə ki, “Youtube” və “Facebook” internet portallarının qeydiyyatı Azəzrbaycan Resbubliksında həyata keçirilmədiyindən, həmin informasiya mənbəyində yayımlanan məlumatlarla bağlı şikaytələrə bunu həyata keçirmiş şəxsin yaşayış yeri üzrə məhkəmələrdə baxılır. Hazırki işdə isə bu məlumatların kim tərəfindən yayılmasına dair məhkəməyə heç bir sübut təqdim edilməmişdir. Məhkəmə, “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21.02.2014-cü il tarixli 3 nömrəli Qərarını rəhbər tutaraq qeyd edir ki, xüsusi ittiham qaydasında şikayətlərə məhkəmələrdə baxılması aidiyyəti Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 74.1-74.4 və 74.8-ci maddələrinə əsasən müəyyən edilir. Kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatlarında yerləşdirilməklə böhtan və ya təhqir xarakterli məlumatların yayılması ilə əlaqədar verilmiş şikayətlərə internet informasiya ehtiyatlarının hüquqi ünvanı üzrə birinci instansiya məhkəmələri tərəfindən baxılır. İnternet informasiya ehtiyatının hüquqi ünvanı məlum olmadıqda, yaxud da onlar xaricdə qeydiyyata alındıqda xüsusi ittiham qaydasında şikayətə təhqir və ya böhtan xarakterli məlumatları belə internet informasiya ehtiyatlarında yaymış şəxsin Azərbaycan Respublikasında axırıncı yaşayış yeri üzrə fəaliyyət göstərən məhkəmə tərəfindən baxılır. “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun: 2-ci maddəsinə əsasən internet informasiya ehtiyatı internet şəbəkəsində yaradılan, informasiyanın yayılması üçün istifadə olunan, müraciət edilməsi üçün domen adına və sahibi tərəfindən müəyyənləşdirilmiş digər işarələnməyə malik olan informasiya ehtiyatıdır. İnternet informasiya ehtiyatının sahibi internet informasiya ehtiyatından istifadə edilməsi, o cümlədən burada informasiya yerləşdirilməsi qaydalarını sərbəst olaraq müəyyən edən, internet informasiya ehtiyatına sahiblik və istifadə hüquqlarına malik olan şəxsdir. Domen adı internet şəbəkəsində yerləşdirilən informasiya ehtiyatına müraciətin təmin olunması üçün verilən unikal simvol düzülüşüdür. Domen adlarının milli inzibatçısı “az” ölkə kodlu yüksək səviyyəli domen zonasında domen adlarının inzibatçılığını həyata keçirən səlahiyyətli şəxsdir. Domen adlarının qeydiyyatçısı domen adların milli inzibatçısı ilə bağlanılmış müqaviləyə əsasən “az” ölkə kodlu yüksək səviyyəli domen zonasında domenlərin qeydiyyatı üzrə xidmət göstərən şəxsdir; 13-1-ci maddəsinə əsasən internet informasiya ehtiyatı üçün domen adı “az” ölkə kodlu yüksək səviyyəli domen zonasında və ya digər domen adları zonalarında seçilə bilər. “az” ölkə kodlu yüksək səviyyəli domen adlarının qeydiyyatı domen adlarının milli inzibatçısı və qeydiyyatçıları tərəfindən həyata keçirilir. Domen adlarının milli inzibatçısı qeydiyyatdan keçmiş domen adlarının reyestrini aparır və reyestr məlumatlarından sorğu əsasında istifadəni təmin edir. “az” ölkə kodlu yüksək səviyyəli domen adlarının qeydiyyatı və istifadəsi qaydaları, habelə domen adlarının reyestrinə daxil edilən məlumatlar Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən müəyyən edilir. Adı çəkilən Qanunun 13-1-ci maddəsinin icrası məqsədi ilə hazırlanmış Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 25 fevral tarixli 63 nömrəli Qərarı ilə təsdiq edilmiş “az” ölkə kodlu yüksək səviyyəli domen adlarının qeydiyyatı və istifadəsi Qaydaları”nın: 3.1-ci bəndinə əsasən “az” ölkə kodlu yüksək səviyyəli domen zonasında domen adlarının inzibatçılığı domen adlarının milli inzibatçısı, domen adlarının qeydiyyatı və onlara texniki xidmət isə yerli və ya xarici qeydiyyatçılar tərəfindən aparılır; 3.17-ci bəndinə əsasən bu Qaydalar, habelə domen adlarının nümunəvi qeydiyyat müqaviləsi, müraciət forması və qeydiyyat proseduru barədə məlumatlar qeydiyyatçıların internet informasiya ehtiyatlarında və milli inzibatçı tərəfindən idarə olunan “www.whois.az” internet informasiya ehtiyatında yerləşdirilir; 3.18-ci bəndinə əsasən sifarişçi domen adının cari vəziyyəti barədə milli inzibatçı tərəfindən idarə olunan “www.whois.az” internet informasiya ehtiyatında sorğu verməklə məlumat əldə edə bilər. Göründüyü kimi, milli inzibatçı tərəfindən yalnız “az” ölkə kodlu yüksək səviyyəli domen adlarının qeydiyyatı həyata keçirilir. Azərbaycan Respublikası CPM-in: 74.1-ci maddəsinə əsasən cinayət işinə və digər materiala cinayətin törədildiyi yerin yurisdiksına aid olan birinci instansiya məhkəməsində baxılır; 88.4.1-ci maddəsinə əsasən xüsusi ittiham qaydasında şikayət üzrə materialların hazırlanmasını həyata keçirmək xüsusi ittihamçının vəzifəsidir; 299.3.1-ci maddəsinə əsasən hər bir halda cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmənin hazırlıq iclasında məhkəməyə daxil olmuş cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarının və ya xüsusi ittiham qaydasında şikayətin ona aid olub-olmaması barədə məsələlərə baxılır; Həmin Məcəllənin 302.2.3-cü maddəsinə əsasən, bu Məcəllənin 302.1.2-302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar çıxarır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 302.1.3 və 302.2.3-cü maddələrini maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X10, X16 və X15 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair X3 xüsusi ittiham qaydasında şikayəti üzrə məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbulundan imtina edilsin. Qərar elan olunduğu gündən hesablanmaqla 20 (iyirmi) gün müddətində Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Samir Məmmədov
Məhkəmə qərarları › İş №1(027)-116/2021
Quba Rayon Məhkəməsi Qərar — İş №1(027)-116/2021
11.08.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver