Məhkəmə qərarları › İş №1(027)-118/2023

Quba Rayon Məhkəməsi Qərar — İş №1(027)-118/2023

18.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 1(027)-118/2023 18.07.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Samir Əlibala oğlunun sədrliyi Muradov Əli Şakir oğlunun katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakı ilə, xx.xx.1990-cı il tarixdə Quba rayonu, Qələdüz kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, məhkumluğu olmayan, işsiz, Quba rayonu, Qələdüz kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 05 iyun 2023-cü il tarixdə saat 20 radələrində yaşadığı Quba rayonu Qələdüz kəndində həmkəndlisi Zərərçəkmiş şəxs şəxsi münasibətlərin pozulması zəminində aralarında yaranmış mübahisə zamanı yumruqla sifət, kəllə ilə sinə nahiyyələrindən vuraraq ona sol yanağın selikli qişasının əzilmiş yarası, sinənin sağ tərəfinin qançırından ibarət olan və sağlamlıqda qısa müddətə pozğunluq törətdiyindən sağlamlığa yüngül zərər vurmaya aid edilən bədən xəsarəti yetirməklə onun sağlamlığına qəsdən yüngül zərər vurmuşdur. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə, məhkəməyədək sadələşdirilmiş icraat materialı ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (CPM) 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, təhqiqat və məhkəmə protokollarını, ekspertiza rəyini və digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə tövsif olunmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs, ona Azərbaycan Respubliksı CM-nin 128ci maddəsi ilə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs həmkəndlisi olmaqla qonşuluqda yaşayır, həm də qohumluq münasibətləri vardır. Münasibətləri normal olmuş, aralarında heç bir ədavət olmamışdır. Bir il əvvəl Raminə 1 rəst at satmış, qarşılığında 300 manat pul almışdır. Daha sonra Ramin həmin atın axsamasını iddia edərək qaytarmışdır. O, əvəzində başqa bir at versə də, Ramin həmin atın da kor olmasını deyərək geri qaytarmışdır. Ramin ondan 300 manat pulunu tələb etmişdir. O, bir qədər gözləməsini, maddi çətinliklərə görə qaytara bilmədiyini, həmin pulu yay aylarında qaytaracağını desə də, xx.xx.2023-cü il tarixdə saat 20 radələrində Ramin onun mobil nömrəsinə zəng etmiş və telefonla danışıq zamanı aralarında mübahisə yaranmışdır. Bir qədər sonra Raminlə kənd içində rastlaşmış, aralarında yaranmış münaqişə zamanı o, əli ilə Raminin yaxasından tutub dartışdırmış, daha sonra isə əli ilə onun sifətindən, kəllə ilə də sinə nahiyyəsindən zərbə yetirmişdir. Münaqişə zamanı yanlarında heç kim olmamışdır. Mübahisə baş verən gün o, işkili olmamışdır. Sonda əməlindən peşiman olmasını, zərərçəkmiş şəxslə barışdıqlarını nəzərə alaraq, cinayət məsuliyyətindən azad edilməsini və barəsində olan cinayət təqibinə xitam verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs məhkəməyə ərizə təqdim edərək zərərçəkmiş şəxslə barışdığını, sonuncunun ona qarşı şikayət və tələbinin olmamasını nəzərə alaraq, barəsində olan işin icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs bildirmişdir ki, Təqsirləndirilən şəxs onun qonşusudur. Təqsirləndirilən şəxslə münasibətləri normal olmuş, aralarında heç bir ədavət olmamışdır. Bir il əvvəl Aydından 1 rəst at alaraq ona 300 manat pul vermişdir. Bir ay müddətində həmin at onda olmuş, axsamağa başladığı üçün atı qaytarmışdır. Buna görə Aydın ona başqa at vermiş, lakin həmin atın da kor olmasını müəyyən etdiyi üçün ondan artıq verdiyi pulu geri istəmişdir. Aydın pulun qaytarılması ilə bağlı hər dəfəsində müxtəlif bəhanələr gətirmiş, sonradan isə boyun qaçırmışdır. xx.xx.2023-cü il tarixdə saat 20 radələrində Aydına zəng vuraraq pulunu tələb etmiş, sonuncu isə Aydın pulu verməyəcəyini deyərək onu söymüşdür. Sonradan kənd ərazisində onunla rastlaşmış, aralarında bununla bağlı mübahisə yaranmış, Aydın onun yaxasından tutub dartışdırmaqla əli ilə sol çənə, daha sonra isə kəllə ilə sinə nahiyyələrindən vuraraq xəsarət yetirmiş, zərbənin təsirindən o daş hasara dəymişdir. Hazırda o, Təqsirləndirilən şəxs ilə barışmışdır. Zərərçəkmiş şəxs ərizə təqdim edərək, Təqsirləndirilən şəxs ilə barışdığını, sonuncu barəsində şikayət və tələbinin olmadığını, Təqsirləndirilən şəxs barəsində olan işin icraatına xitam verilməsinə etiraz etmədiyini bildirmişdir. İş materiallarında olan: Azərbaycan Rrespublikasının Səhiyyə Nazirliyinin Məhkəmə - Tibbi Ekspertizası və Pataloji Anatomiya Elmi-Təcrübi və Tədris biliyinin Quba Rayon Şöbəsinin 07 iyun 2023-cü il tarixli, 246 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində aşkar olunan xəsarətlər - sol yanağın selikli qişasının əzilmiş yarası, sinənin sağ tərəfinin qançırı küt əşyanın təsirindən törənməklə yetirilmə müddəti qərarda göstərilən vaxta, yəni 05 iyun 2023-cü il tarixə uyğun gəlir, dərəcəsinə görə sağlamlıqda qısa müddətə pozğunluq törətdiyindən sağlamlığa yüngül zərər vurmaya aiddir; Quba RİHB-nın Küpçal İƏD üzrə nümayəndəliyinin 22 iyun 2023-cü il tarixli arayış və xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Quba rayonu, Qələdüz kəndində yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrini İdarəetmə X3 Şəxs Quba Rayon X1 Hüquqi Şəxsin məktubundan görünür ki,, Təqsirləndirilən şəxs RMX-nin Konsultativ poliklinika şöbəsinin psixiatrik və narkoloji kabinetlərində qeydiyyatda yoxdur; Azərbaycan Respublikası DİN Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamış və cinayət məsuliyyətinə cəlb edilməmişdir. Beləliklə, Təqsirləndirilən şəxs əməli özünün etirafı ilə yanaşı zərərçəkmiş şəxsin ibtidai araşdırmada verdiyi izahatı, ekspert rəyi, eləcə də işdə olan digər obyektiv dəlillərlə və iş materialları ilə tamamilə sübuta yetirilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai araşdırma orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə tövsif edilmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışmasını nəzərə alaraq, onun cinayət məsuliyyətindən azad olunması və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məqsədə uyğun hesab edir. Belə ki, Azərbaycan Respublikası CPM-nin aşağıda qeyd olunan maddələrinə görə: 40.3-cü maddəsinə əsasən, şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2, 73.2, 73.3, 73-1.1 və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilməlidir. 43.1.2-ci maddəsinə əsasən, məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı Məcəllənin 39.1.4, 39.1.6- 39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda çıxarılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən, bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Odur ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsi tətbiq edilməklə, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli, onun Azərbaycan Respublikası Cinayət Məcəlləsnin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına xitam verilməlidir. İş üzrə mülki iddia, məhkəmə xərci və maddi sübut yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nın 40.3, 43, 321, 347, 356, 384-385-ci və CM-nın 73.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsi tətbiq edilməklə, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsnin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair sadələşdirilmiş icraat materialları üzrə icraata xitam verilsin. Qərardan 20 gün müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Qərar apelyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdıqdan sonra qüvvəyə minir. Hakim: Samir Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar