Məhkəmə qərarları › İş №1(027)-119/2022

Quba Rayon Məhkəməsi Hökm — İş №1(027)-119/2022

02.08.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Quba şəhəri İş № 1(027)-119/2022 02.08.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov İlqar Aslan oğlunun sədrliyi, Məhkəmə iclas katibi X4, Dövlət İttihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1994-cü ildə Şabran şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta ixtisas təhsilli, subay, himayəsində iki azyaşlı övladı olan, Şabran rayon Baytarlıq İdarəsində baytar həkim işləyən, Şabran şəhəri X.Əhmədov küçəsi, ev 77-də qeydiyyatda olan və yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: Təqsirləndirilən şəxs 09 dekabr 2021-ci il tarixdə saat 23 radələrində qeyri-rəsmi ailə münasibətində olduğu Quba rayonu, Tımiryazev qəsəbəsində yaşayan Zərərçəkmiş şəxs2 yaşadığı evə gəərək sonuncu ilə aralarında yaranmış mübahisə zamanı Zərərçəkmiş şəxs2 sol ayağına təpiklə. Zərərçəkmiş şəxs2 anası Zərərçəkmiş şəxs1 isə sağ əlinə yumruqla vuraraq Xəyalə Abdurəhmanovaya sol budun yuxarı 3/1-nin bayır səthində qançır ilə nəticələnən dərəcəsi təyin olunmayan, Zərərçəkmiş şəxs1 sol saidin aşağı 3/1 -nin bayır səthində qançır, sağ əlin 4-cü barmağında yumşaq toxumanın əziyi və qançırı, orta falanqanın distal metafizinin qapalı yerini dəyişməyən sınığı ilə nəticələnən sağlamlığa qısa müddətə pozğunluq törədən yüngül dərəcəli bədən xəsarətləri yetirməklə qəsdən onun sağlamlığına yüngül zərər vurmuşdur. Bundan başqa o, 21 mart 2022-ci il tarixdə, saat 19 radələrində, Quba şəhəri, Timiryazev qəsəbəsində əvvəllər qeyri-rəsmi şəkildə yaşadığı Quba şəhər sakini Zərərçəkmiş şəxs2 İsgəndər qızı ilə aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı əvvəl yumruğu ilə Zərərçəkmiş şəxs2 burun nahiyyəsinə vurmuş, Zərərçəkmiş şəxs2 burnundan qan açıldığına görə oradan uzaqlaşıb yenidən Quba şəhəri, Timiryazev qəsəbəsinə qayıtdıqda mübahisə davam etmiş, mübahisə zamanı Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 yerə yıxılmasından istifadə edərək təpik ilə sonuncunun qarın nahiyyəsinə endirdiyi zərbələrlə nəticədə ona sağlamlığının qısa müddətə pozulmasına və əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş “burun sümüyünün yerdəyişməyən sınığı və sol qurşaq nahiyyəsinin qançırı” növündə bədən xəsarətləri yetirməklə qəsdən sağlamlığına yüngül zərər vurmuşdur. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 2021-cı ilin aprel ayından Quba rayon sakini Zərərçəkmiş şəxs2 tanıyır, onunla Şabran şəhərində tanış olmuşdur. Xəyalə ilə arasında qeyri-rəsmi ailə münasibəti olmuşdur. 2021-ci ilin oktyabr ayının sonlarında Xəyalə ondan onunla rəsmi ailə həyatı qurmağını tələb edirmiş. Lakin o buna razı olmamışdır. Bundan sonra aralarında artıq münasibətlər pisləşməyə başlamışdır. O istintaq orqanına ilkin ifadə verən zaman cinayət işinə xitam verilməsi üçün 09 dekabr 2021-ci il tarixdə saat 23 radələrində Quba rayonu Timiryazev qəsəbəsində Xəyalənin yaşadığı evinə getdiyini, Xəyalənin onunla mübahisə etdiyi zaman, əsəbləşərək Xəyaləni sol ayağından təpiklə bir dəfə vurduğunu, Xəyalənin anası Roza Abdulrəhmanovanı isə ehtiyatsızlıqdan təpiklə stula vurduğu zaman sol əlinə, daha sonra Xəyaləni vurmaq istəyərkən aralarına girən zaman sağ əlinə vuraraq xəsarət yetirdiyini qeyd etmişdir. Buna səbəb Xəyalə və anası Rozanın onunla barışıq ərizələri verəcəklərini və cinayət işinə xitam veriləcəyi olmuşdur. Lakin o həmin vaxt orada olmamışdır..Bundan başqa o, Zərərçəkmiş şəxs2 21 mart 2022-ci il tarixdə Quba rayonu Timiryazev qəsəbəsində yaşadığı evin yaxınlığında burnundan yumruqla vurmadığını, Xəyalənin telefonunu qırdığını, lakin Xəyaləni zorla Şabran rayonunda yerləşən evinə gətirirərək həmin evin qarşısında təpiklə qarnına zərbələr endirmədiyini bidirmişdir. O ümumiyyətlə 21 mart tarixində Xəyalə ilə görüşməmişdir. 21 mart tarixində gün boyunca Şabran rayonunda olmuşdur. Axşam saatlarında isə tanışları Rüfət və İntiqam adlı şəxslərlə birlikdə Quba rayonunda yerləşən "Alma" restoranında olmuşdur. Düzdür o Xəyalənin telefonunu sındırmışdır. Ancaq mart ayın 21 yox, mart ayının ayın 22-sı. Belə ki o, 21 mart tarixdə gecə saat 12 radələrində Şabran rayonuna gəlmişdir. Həmin günlərdə anası Fərdə ilə münasibətləri pis olduğundan anası onu evə buraxmırmış. O da buna görə məcbur olub həmin gecə küçədə gecələmişdir. 22 mart tarixdə isə səhər saat 08 radələrində Xəyalə onun telefonuna zəng edərək Şabrana onun yaşadığı ünvana gələcəyini söyləmişdir. O da Xəyaləyə cavabında gəlməməsini demişdir. Xəyalə isə artıq çatdığını ona demişdir. Bir müddət sonra Xəyalə tanımadığı ağ rəngli markasını və dövlət qeydiyyat nişanını xatırlamadığı bir taksi ilə gələrək məhəllədə düşmüşdür. Avtomobildən düşdükdən sonra o, Xəyalə ilə küçədə söhbət eləmişdir. Söhbət zamanı Xəyalə telefonunu çıxardaraq onun yarıçılpaq şəkillərini göstərərərək onu biyabır edəcəyini bildirdikdə o, həmin vaxt əsəbiləşib telefonunu onun əlindən alıb yerə çırparaq sındırmışdır. Daha sonra Xəyaləyə təzə telefon alacağını söyləyərək yoldan keçən tanımadığı taksi avtomaşını ilə onu yaşadığı Quba rayonuna aparmışdır. Xəyaləni evinə düşürtdükdən sonra da elə həmin taksi ilə birbaşa Şabran rayonuna qayıtmışdır. İfadəsinin sonunda Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı övladının olmasını nəzərə alıb məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 bildirmişdir ki, qızı Xəyalə 2021-ci ilin aprel ayında Şabran şəhər sakini Təqsirləndirilən şəxs Namız oğlu ilə tanış olmuşdur. O, Vüsalı həmin vaxtdan tanıyır, qızı ilə Vüsalın arasında qeyri-rəsmi ailə münasibəti olmuşdur. 09 dekabr 2021-ci il tarixdə gecə saat 23 radələrində o yaşadığı Quba rayonunun Timiryazev qəsəbəsindəki evində televizora baxan zaman qapının döyüldüyünü eşitmişdir. Çölə çıxıb kim olmasını soruşduqda Vüsalın qapının arxasından səsləndiyini eşitmişdir. Həmin vaxt o, Vüsala artıq gec olduğunu bildirərək çıxıb evinə getməsini bildirmişdir. O, Vüsala Xəyalənin də, uşağın da evdə yatdığını, onları narahat etməməsini, bir caha çıxıb getməsini demişdir. Vüsal onun sözlərinə məhəl qoymadığım üçün o, Xəyaləni yuxudan durğuzmuşdur. Qızı Xəyalə qapıya yaxınlaşanda Vüsal hasardan aşaraq onların həyətinə daxil evə tərəf gələrək evin içərisinə daxil olmuşdur. Xəyalə də Vüsalın ardınca evə daxil olmuşdur. Artıq Vüsal evə daxil olduğundan Xəyalə onunla söhbət etməyə başlamış və ondan nə istədiyini soruşmuşdur. O söhbətə qarışıb Vüsala çıxıb getməsini tələb etdikdə Vüsal təpiklə stula vurub sən danışma demiş və stul sol əlinə dəymişdir. Həmin vaxt Vüsal ilə Xəyaləyə küsülü olduqları üçün Vüsal ondan barışmağı tələb etmişdir. Xəyalə onunla barışmaq istəmədiyini bildirdikdə Vüsal əsəbləşərək təpiklə Xəyaləni sol ayağından vurmuş və yumruqla üzərinə getdikdə o qızını zərbədən qorumaq üçün araya girmişdir. Vüsalın yumruğu onun sağ əlimə dəymişdir. Bu zaman Xəyalə mətbəxə qaçıb pəncərədən həyətə tərəf tullanmış və küçəyə çıxmış, Vüsal da onun ardınca pəncərədən tullanəb küçəyə çıxmışdır. O da Xəyalə və Vüsalın ardınca küçəyə tərəf getmişdir. Vüsalın yenə qızı Xəyalədən əl çəkmədiyinin, qızı ilə mübahisə etdiyinin şahidi olmuşdur. O Vüsala tərəf yaxınlaşdıqda o sarımtıl rəngli avtomobilinə əyləşib oradan kənarlaşmışdır. Münaqişə vaxtı o Vüsalı vurmamış, orada qızı Xəyalə və nəvəsi Seyfəddin olmuşdur. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 bildirmişdir ki o, Şabran şəhər sakinii Təqsirləndirilən şəxsla da təxminən 1 il əvvəl Şabran şəhərində tanış olmuşdur. Aralarında olan münasibətin yaranmasından təxminən 3-4 ay sonra Vüsalla yola gedə bilmədiyini başa düşdüyünə görə Vüsalla ayrılmaq qərarına gəlmişdir. Lakin Vüsal ondan əl çəkmirmişdir. 2021-ci ilin dekabr ayının 9-da anası Zərərçəkmiş şəxs1 ilə yaşadıqları Quba rayonunun Timiryazev qəsəbəsindəki evlərində olarkən Vüsal onların evinə Quba rayonun evində olan zaman onu və anası Rozanı döyərək xəsarət yetirmişdir. 2022-ci ilin mart ayının 19-da Bakı şəhərinə getmişdir. 2 gün sonra yəni, 21 mart tarixdə, axşam saatlarında Quba şəhərindəki yaşadığı evə gəlmişdir. Yaşadığı evə gələn zaman küçədə Vüsalı görüb onu döyəcəyindən ehtiyyat edib qaçmağa başlamışdır. Vüsal da onun arxasınca qaçıb ona çataraq əlində olan əl çantasını alıb çantadan ona məxsus olan “Samsung- A32” markalı mobil telefonunu götürüb ondan uzaqlaşmağa başlamışdır. O da telefonunu almaq üçün Vüsalın arxasınca getməyə başlamışdır. Həmin vaxt Vüsal yumruqla onun burun nahiyyəsindən zərbə vurub telefonunu isə yerə çırparaq qırmışdır. Zərbə nəticəsində burnu qanamışdır. Həmin vaxt küçədən keçən iki nəfər tanımadığı cavan qadın ona yaxınlaşaraq kömək eləməyə çalışmışdırlar. Sonra Vüsal ona məxsus olan telefonu yerdən götürərək oradan uzaqlaşmışdır. Özünə gəldikdən sonra o, tanımadığı ağ rəngli VAZ-2107” markalı taksi maşınına minərək şikayət etmək üçün Quba RPŞ-nə getmişdir. Quba rayon polis şöbəsinin qarşısına çatdıqda Vüsal həmin vaxt üzərində olan ***-***-**-** mobil nömrəsinə zəng etmişdir. O da telefonu götürərək Quba rayon polis şöbəsinin qarşısında olduğunu və telefonunu qaytarmasa onda şikayət edəcəyini Vüsala bildirmişdir. Həmin vaxt Vüsal ona telefonunu qaytaracağını söylədiyi üçün həmin taksi maşını ilə Vüsalın dediyi ünvana, yəni Quba rayon avtovağzalın yanına getmişdir. Onlar avtovağzala çatan zaman Vüsal taksiyə yaxınlaşaraq avtomobilin arxa oturacağında əyləşmişdir. Vüsal avtomobilə əyləşdikdən sonra, Vüsaldan telefonunu istəsədə Vüsal da cavabında gedək evə telefonu qaytaracam demişdir. O isə Vüsala onu evinə aparmayacağını dedikdə Vüsal, əli ilə telefonunu ikinci dəfə qırmışdır. Telefonu qırdıqdan sonra, Vüsal taksi sürücüsünə avtomobili Timirzayev qəsəbəsinə sürməsini bildirmişdir. Taksi sürücüsü də Vüsalın tapşırığı əsasında avtomobili onun evinin qarşısına sürmüşdür. Evin qarşısına çatdığı zaman Vüsal avtomobildən düşərək onu zorla maşından düşürüv evə aparmağa çalışmışdır. Vüsal onu taksidən məcbur yerə düşürdükdən sonra onun əlindən çıxıb qaçmaq istəyərkən yerə yıxılmışdır. Yerdə olan zaman Vüsal ona yaxınlaşaraq təpiklə onu vurmağa başlamışdır. Baş vermiş hadisə taksi sürücüsünün gözü qarşısında baş vermişdir. Vüsalın təpik zərbələri nəticəsində o artıq halsızlaşmışdır. Bundan sonra, Vüsal onu yerdən durğuzaraq həmin taksiyə onu Şabran şəhərinə aparmışdır. Yolda olan zaman Vüsal adını Emin olaraq söylədiyi şəxsə zəng edərək Eminə “Samsung-A32” markalı telefon lazım olduğunu söyləmişdir. Həmin şəxs də Vüsala elə telefonda həmin markada əlində telefon olduğunu, əgər pulun bir qismini əvvəlcədən verərsə, Vüsala kreditlə verə biləcəyini söyləmişdir. Həmin vaxt Vüsal ona paltarlarının pis gündə olduğunu, buna görə də evə gedib əynini dəyişməli olduğunu, əynini dəyişdikdən sonra onunla gedib guya ona telefon alacağını söyləmişdir. O da Vüsala inanmışdır. Buna görə də sürücü maşını ilk növbədə Vüsalın evinin qarşısında saxlamışdır. Evin qarşısına çatan zaman Vüsal maşından düşərək onu zorla maşından düşürüb taksiyə də 20 manat pul verib taksini yola salmışdır. Vüsalgilin evində bir gün qaldıqdan sonra, səhəri gün yəni 22 mart 2022-ci il tarixdə günorta saatlarında Vüsal tanımadığı taksi maşını ilə onun yaşadığı Timiryazev qəsəbəsinə gətirmişdir. Evinin qarşısına çatan zaman Vüsal onu istədiyini, onunla evlənəcəyini və telefonunu da qaytaracağını, bundan əlavə polisə şikayət etməməyini xahiş eıəmişdir. O da Vüsaldan yaxasını qurtarmaq üçün Vüsalla razılaşmışdır. Vüsal getdikdən sonra, isə Quba rayon polis şöbəsinə döyülməyi barədə ərizə ilə müraciət etmişdir. İfadəsinin sonunda X2 ona vurulmuş zərərin ödənilməsini tələb etdiyini bildirərək, təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə ilə bağl olmayan cəza verilməsini məhkəmədən xahiş etmişdir İbtidai istintaq zamanı şahid qismində dindirilmiş məhkəmə istintaqı zamanı ifadəsi elan olunmuş Şahid1 ifadəsindən görünür ki o, dörd ilə yaxın müddətdir Quba rayonunda özünə məxsus ağ rəngli **-MX-*** dövlət qeydiyyat nişanlı VAZ-2107 markalı avtomobillə taksi fəaliyyəti ilə məşğul olur. xx.xx.2022-ci il tarixdə. Quba rayonu, Vaqif küçəsində olan zaman tanımadığı orta yaşlarında bir qadın qaça-qaça onun idarə etdiyi avtomobili saxlatdırıb avtomobilə əyləşmişdir. Həmin xanıma baxdıqda onun burnunun qanadığını görmüşdür Adını sonradan öyrəndiyi Xəyalə onu Quba RPŞnə aparmasını xahiş etmişdir. Polis şöbəsinin qarşısına çatan zaman Xəyalənin mobil telefonuna zəng gəlmişdir. Telefonla danışan zaman Xəyalə qarşı tərəfdən telefonunu istədiyini, əks halda polisə şikayət edəcəyini bildirirmişdir. Qadının vəziyyətinin yaxşı olmadığını gördükdə telefonu alaraq qarşı tərəflə o danışmışdır. Telefonda həmin adama xanımın hələ də şikayət etmədiyini, gətirib xanımın telefonunu qaytarmasını və məsələnin sülh yolu ilə həll olunmasını söyləmişdir. Ardınca isə telefonu yenidən xanıma qaytarmışdır. Qarşı tərəf telefonu qaytaracağını, buna görə də Quba şəhərində yerləşən Asan Xidmətin yanına gəlməyi söyləmişdir. O da xanım dedikdən sonra Xəyaləni Asan Xidmətin qarşısına aparmışdır. Həmin şəxsi orada bir müddət gözlədikdən sonra həmin şəxs yenidən əlaqə saxlayaraq Quba rayonunda yerləşən avtovağzalın qarşısından gəlməyi söyləmişdir. Buna görə də məcbur olub həmin istiqamətdə getmişdir. Avtovağzala çatdıqdan təxminən 5-10 dəqiqə sonra sürücüsünü tanımadığı ağ rəngli dövlət qeydiyyat nişanını xatırlamadığı Vaz-2107 markalı bir taksi yanlarına yaxınlaşmışdır. Onunla telefonda danışan şəxs taksidən düşərək onun maşınına minmiş və ona dərhal buradan uzaqlaşmağı demişdir. Təxminən 500-600 metr getdikdən sonra Xəyalə maşını yolun kənarında saxlamağı ondan xahiş etmişdir. Adını sonradan Vüsal kimi bildiyi şəxs avtomobilə əyləşdikdən sonra. Davamlı olaraq Xəyalə ilə söz mübahisəsi etmiş və onu yaşadığı ünvana aparmağa çalışmışdır. Xəyalə isə həmin vaxt Vüsala mən səni evimə aparası deyiləm demişdir. Bunun qarşılığında Vüsal Xəyalənin telefonunu avtomobildə iki hissəyə bölmüşdür. Bundan sonra Xəyalə ona yaşadığı ünvana sürməyini söyləmişdir. Xəyalənin yaşadığı Quba rayonunun Timiryazev qəsəbəsinə çatdıqları zaman onlar yenidən avtomobildə mübahisə etməyə başlamışlar. Ardınca Vüsal avtomobilin qapısını açaraq zorla Xəyaləni avtomobildən düşürtmüşdür. Bu zaman Xəyalə qaçmaq istədikdə yerə yıxılmışdır. Bunu görən Vüsal isə təpik zərbələri yerdə olan Xəyaləni vurmağa başlamışdır. Vüsal Xəyaləni vurduqdan sonra onu yerdən qalxızıb onun maşına mindirmişdir. Avtomobildə olan zaman onlar yenidən mübahisə etmişlər. Sonra onları xahişi əsasında onları Şabran şəhərinə aparmışdır. Yolda olan zaman Vüsal Xəyaləyə telefon alıb verəcəyi bildirərək öz telefonu ilə tanımadığı bir nəfərlə danışırmışmışdır. Danışıqlarından başa düşmüşdür ki, Vüsal həmin şəxsdən mobil telefon almaq istəyir. Şabran şəhərinə çatdıqdan sonra, Vüsal Xəyaləyə paltarlarının çirkli olduğuna görə gedib evdə paltarını dəyişməyi təklif eləmişdir. Xəyalə də Vüsalla razılaşmışdır. Bundan sonra o, avtomaşınını Vüsalın söylədiyi ünvana sürüb onları maşından düşürmüşdür. Maşından düşən zaman Vüsal ona 20 manat yol pulu vermişdir İş üzrə təyin edilib keçirilmiş məhkəmə-tibb ekspertizasının xx.xx.2021-ci il tarixli, 1176 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 bədəni üzərində aşağıdakı xəsarətlər vardır: "Sol budun yuxarı 3/1-nin bayır səthində qançır”. Qeyd olunan xəsarət küt əşyanın (əşyaların) təsirindən yaranmışdır, yetirilmə müddəti qərarda göstərilən tarixə, yəni 09 dekabr 2021-ci il tarixə uyğun gəlir, xəsarətlər qərarda göstərilən vəziyyətdə əmələ gələ bilər və sağlamlığa zərər vurmadığından dərəcəsi təyin olunmayan xəsarətlər növünə aiddir. İş üzrə təyin edilib keçirilmiş məhkəmə-tibb ekspertizasının xx.xx.2021 -ci il tarixli, 1177 saylı rəyindən görünür ki, X3 bədəni üzərində aşağıdakı xəsarətlər vardır: “Sol saidin aşağı 3/1 bayır səthində qançır, sağ əlin 4-cü barmağında yumşaq toxumanın əziyi və qançırı, orta : a-sanın distal metafizinin qapalı yerini dəyişməyən sınığı”. Qeyd olunan xəsarətlər küt əşyanın (əşyaların) təsirindən yaranmışdır, yetirilmə müddəti qərarda göstərilən tarixə, yəni 09 dekabr 2021-ci il tarixə uyğun gəlir, bu xəsarətlər qərarda göstərilən vəziyyətdə əmələ gələ bilər və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərərvurmaya aiddir. İş üzrə təyin edilib keçirilmiş məhkəmə tibb ekspertizasının xx.xx.2022-ci il tarixli, 47 saylı rəyindən görünür ki, X1 bədəni üzərində aşağıdakı xəsarətlər vardır: "burun sümüyünün yerdəyişməyən sınığı və sol qurşaq nahiyyəsinin qançırı”. Qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, yetirilmə müddəti qərarda göstərilən tarixə, yəni 21 mart 2022-cı il tarixə uyğun gəlir, bu xəsarətlər qərarda göstərilən vəziyyətdə əmələ gələ bilər və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərərvurmaya aiddir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmcinin iş üzrə toplanmış sübutların və onların məçmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nətiçəyə gəlir ki, Təqsirləndirilən şəxs cinayət əməli məhkəmə istintaqında özünün və zərərçəkmiş şəxslərin ifadələri, şahid ifadəsi, iş üzrə təyin edilib keçirilmiş məhkəm-tibb ekspertizasının müvafiq rəyləri və işin digər halları ilə kifayət qədər sübuta yetirilir. Təqsirləndirilən şəxs əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi ücün əsaslar yoxdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il 25 iyun tarixli Qərarı 2-ci maddəsinin 4-cü abzasında göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının secilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri məlumatların olub-olmaması (məsələn: sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Həmin qərarın 3-cü maddəsinin 2-ci bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükəlilik törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsini müzakirə etməlidirlər. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən qeyd edir ki, Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin tördilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkumun islah edilməsi onun qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Məhkəmə hesab edir ki, bu zəmində şəxsin ictimai təhlükəliliyini müəyyən etmək üçün birinci növbədə onun törətdiyi cinayətin başqa cinayətlərin arasında yeri, şəxsin antisosial yönümünün davamlı olub-olmaması, onun cinayətin törədilməsinə gətirib çıxaran vərdişləri diqqətlə aydınlaşdırılmalıdır. Şəxsin antisosial yönümü onun törətdiyi cinayətdə özünü büruzə verir. Ancaq bu, təkcə şəxsin törətdiyi cinayətin ictimai təhlükəliliyi ilə deyil, eyni zamanda onun əvvəlki dövrlərdəki hərəkətlərində ifadə olunan antisosial davranışı və keyfiyyəti ilə də ölçülür. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsə cəza təyin edilməsi zamanı onun xarakteri, sosial-psixoloji vəziyyətinin bütün çalarları, şəxsiyyətinin xarakterik cəhətləri də nəzərə alınmalıdır. Yalnız bu halda cəzanın ədalətliliyinə və fərdiliyinə, həmçinin onun məqsədlərinə nail olmaq mümkün olar. Məhkəmə hesab edir ki, cəza təyin edilərkən şəxsin sosial və psixoloji kriteriyalarına xüsusi önəm vermək lazımdır. Şəxsin sosial kriteriyası onun qanunlara və digər sosial normalara, əməyə, ictimai vəzifələrə, ailəyə münasibətini, təhsilini, tərbiyəsini və sair sosial şərtləri özündə əks etdirir. Şəxsin psixoloji kriteriyası isə onun xarakterini, iradəsini, qabiliyyətini və digər şəxsiyyətə xas olan cəhətlərini özündə ehtiva edir. Bu cəhətlərin tədqiq olunması və qiymətləndirilməsi şəxsin mənəvi deqradasiyaya məruz qalıb-qalmamasını, törətdiyi cinayətin onun anticəmiyyət yönümünün məntiqi nəticəsi olduğunu, yoxsa təsadüfi olaraq baş verdiyini, şəxsin islah olunması üçün hansı imkanların olması və bununla bağlı hansı qanuni vasitələrin seçilməsini müəyyənləşdirmək üçün çox vacibdir. Çünki insan sosiumun tərkib hissəsidir və onun fəaliyyətinin hansı yönümə istiqamətlənməsi cəmiyyət üçün əhəmiyyətlidir. Ancaq hər bir halda bu keyfiyyətlər şəxsin törətdiyi cinayətin xarakteri və ictimai təhlükəliliyi ilə vəhdətdə nəzərə alınmalıdır. xüsusi ilə nəzərə alınmalıdır ki, cəzanın məqsədlərinə çatmaq üçün hansı yol seçilməlidir: təqsirləndirilən şəxsi azadlıqdan məhrum etməklə onu cəmiyyətdən təcrid etmək, fiziki cəhətdən imkanlarını məhdudlaşdırmaqla cəzanın məqsədlərinə nail olmaq, yoxsa, azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza seçməklə şəxsə etimad göstərib, bu yolla onun islah olunmasına və cəzanın digər məqsədlərinə çatmaq. Məhkəmə qeyd edir ki, hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət öz xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə görə böyük ictimai təhlükə törətməyən cinayətdir. Yuxarıda istinad olunan Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsi cəzanın aşağıdakı məqsədlərini önə çəkir: Sosial ədalətin bərpası; Məhkumun islah edilməsi; Məhkum tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması (xüsusi prevensiya) və başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması (ümumi prevensiya). Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsi haqq-ədaləti bərabər mənafelərə bərabər münasibət kimi təsbit edir. Bu xüsusda məhkəmə bildirir ki, CM-nin 41.2-ci maddəsində nəzərdə tutulmuş cəza tətbiq edilmək yolu ilə sosial ədalətin bərpası bütövlükdə cəmiyyətə, burada hökm sürən ictimai münasibətlərə münasibətdə həyata keçirilməklə iki istiqaməti nəzərdə tutur: 1) Dövlət cinayət törədən şəxs tərəfindən vurulmuş zərərin ödənilməsini qanunda nəzərdə tutulmuş cəzalar, habelə xüsusi müsadirə növündə cinayət-hüquqi xarakterli tədbir tətbiq etməklə təmin edir. həm də burada söhbət təkcə maddi zərərdən getmir. əslində sosial ədalətin bərpası dedikdə, cinayətkarın barəsində təyin edilən qanuni cəza vasitəsilə başqasına vurduğu zərərə adekvat məhrumiyyətlərə məruz qalması başa düşülməlidir. 2) Vətəndaşlar dövlətin cinayətkarı cəzalandırmağa qadir olmasına, həm də bu cəzanın təyin edilməsi zamanı humanizm, ədalətlilik, cəzanın törədilmiş cinayətin ağırlığına uyğunluğu, cəzanın fərdiləşdirilməsi prinsipləri əsas götürülməklə qanuna uyğun tətbiq edilməsinin təmin edilməsinə inanırlar. Məhkəmə onu da nəzərə çatdırır ki, heç şübhəsiz ki, sosial ədalətin bərpası zərərçəkmiş şəxsə münasibətdə onun cinayət nəticəsində pozulmuş hüquqlarının və qanuni mənafelərinin mühafizəsi yolu ilə həyata keçirilir. Bu zaman cəza vurulmuş zərərin ödənilməsi imkanını və onun mümkün həddini-məhkumun məhrumiyyətlərini, həmçinin hüquq və azadlıqlarının məhdudlaşdırılmasının cinayət nəticəsində zərərçəkmiş şəxsə vurulmuş zərərə uyğunluğunu təmin etməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili işlər Nazirliyi Baş Əməliyyat və Statistik informasiya idarəsindən daxil olmuş arayışdan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə olan cinayət işinə xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası CPM-nin 40.3-cü maddəsi ilə xitam verilmişdir. İş materiallarında olan Şabran RİHB-nın Şabran şəhər İƏD üzrə nümayəndəsinin xx.xx.2022-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs ünvan 4 ünvanda yaşayır və aşağıdakı tərkibdə ailə üzvləri vardır: oğlu - xx.xx.2014-cü il təvəllüdlü X8 və oğlu -xx.xx.2016-cı il təvəllüdlü X9. İş materiallarında olan Şabran RİHB-nın Şabran şəhər İƏD-si üzrə nümayəndələyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, X10 yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan Doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, X8 xx.xx.2014-cü ildə və X9 xx.xx.2016-ci ildə Şabran rayonunda anadan olmuşlar. Məhkəmə təqsirləndirilən şəxs X7 himayəsində iki azyaşlı uşağının olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını Azərbaycan Respublikası CM-nin 59.1.4 və 59.2-ci maddələrinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsinin sanksiyasında min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın ədalətli olmasını və şəxsin islah olunmasına təsirini, eyni zamanda onun şəxsiyyətini, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, eləcə də cəzanın səmərəliliyini və məqsədə uyğunluluğunu şərtləndirən digər halları nəzərə alaraq belə nəticəyə gəlir ki, X6 törədilməsində təsqirli bilindiyi Cinayət Məcəlləsinin maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə islah işləri cəzası təyin edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə 49-cu maddəsinə əsasən islah işləri iki aydan iki ilədək müddətə təyin edilir və həmin cəza məhkumun iş yeri üzrə çəkilir. İslah işlərinə məhkum olunmuş şəxsin qazancından dövlət nəfinə beş faizdən iyirmi faizədək məbləğdə pul tutulur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin başlanğıcı onun qazancından tutlmaların aparıldığı vaxtdan hesablanmalıdır. İş materiallarında olan təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi haqqında 08 iyun 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həmin tarixdə başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası CPM-nin 346.1 və 346.1.20-ci maddələrinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında digər məsələlərlə yanaşı həmçinin qətimkan tədbirinin ləğv edilməli, dəyişdirilməli və seçilməli (məhz hansı tədbirin) olub-olmadığı məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). Həmin məcəllənin 353.4.12-ci maddəsinə görə, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində hökm qanuni qüvvəyə minənədək məhkumun barəsində seçilmiş qətimkan tədbirinin həlli göstərilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edildiyindən onun barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi məqsədi ilə Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə üçün 4 saat üçün 24 manat pulun Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli qərarına əsasən dövlət büdcəsindən tutulub Quba rayon Vəkil Bürosunun hesabına ödənilməsini əsaslı hesab edir. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Şabran rayon İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. İş üzrə maddi subut, məhkəmə xərci, mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət – Prosessual Məcəlləsinin 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinib aylıq qazancından 20 (iyirmi) faiz məbləğində pul dövlət nəfinə tutulmaqla 01 (bil) il müddətə islah işləri cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli qazancından 20 (iyirmi) faiz məbləğində pulun dövlət nəfinə tutulduğu vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Şabran rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 24 (iyirmi dörd) manat məbləğində pul dövlət büdcəsindən tutulub, Quba rayon Vəkil Bürosunun hesabına keçirilsin. İş üzrə maddi sübut, məhkəmə xərci, mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətinə Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti vermək olar. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar