Məhkəmə qərarları › İş №1(027)-119/2023

Quba Rayon Məhkəməsi Hökm — İş №1(027)-119/2023

30.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Quba şəhəri İş № 1(027)-119/2023 30.08.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X3 qızının katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon və (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi vəkil Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs - xx xxxxx 1978-ci ildə Quba şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, Quba rayon məhkəməsinin 30 iyul 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Quba rayon məhkəməsinin 20 fevral 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.1 və 234.1-ci maddələri ilə təqsirli bilinərək CM-nin 66.2 və 66.5-ci maddələrinə əsasən 02 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, Quba rayon məhkəməsinin 29 sentyabr 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək CM-nin 66.5-ci maddəsinə əsasən 03 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı şəhəri, Xəzər rayon məhkəməsinin 21 yanvar 2022-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Amnistiya qərarına əsasən 29 sentyabr 2020-ci il tarixli hökmlə təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş qalan hissəsi 06 ay azaldılmış, Bakı şəhəri, Xəzər rayon məhkəməsinin 13 may 2022-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş qalan 03 ay 07 gün hissəsindən vaxtından əvvəl şərti azad edilmiş xx.xx.2022-ci il tarixdə cəzanın sonu ilə azad olunmuş, məhkumluğu ödənilməyən, Quba şəhəri Musabəyov küçəsi ev 52-də daimi pasport qeydiyyatında olan və yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs, istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda yəni, 01 ədəd kağız bükümdə təmiz çəkisi 0,552 qram olan narkotik vasitə heroini qanunsuz olaraq əldə edib daşıyaraq üzərində saxlamış, 13 may 2023-cü il tarixdə saat 17:30 radələrində Quba rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Quba şəhəri Y.Qasımov küçəsində saxlanılıb orada onun üzərində şəxsi axtarış aparılarkən əynindəki qara gödəkçəsinin sağ yan cibində saxladığı siqaret qutusunun üzərinə çəkilmiş şəffaf rəngli selofanın arasında gizlətdiyi 01 ədəd kağız bükümdə təmiz çəkisi 0,552 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, əvvəllər bir neçə dəfə məhkum olunmuşdur. Bədənində ağrılar olduğu üçün arabir narkotik vasitə istifadə edir. 13 may 2023-cü il tarixdə Xaçmaz rayonu Çax-Çaxlı kəndinə gəzərkən yolun kənarında yerdə bir ədəd qara rəngli kağız bükülü gözünə dəymişdir. Həmin qara rəngli kağız bükülünü əyilib yerdən götürüb içinə baxdıqda, bükülünün içərisində narkotik vasitə heroin olduğunu müəyyən etmişdir. Narkotik vasitə istifadəçisi olduğu üçün həmin bükülünü cibindəki siqaret qutusunun arxasına, “klyonka” ilə kağız arasına qoymuşdur. Həmin gün saat 12 radələrində yol maşını ilə Xaçmaz rayonundan Quba şəhərinə yaşadığı evə gəlmişdir. Nahar etdikdən sonra, tanışları ilə çay içib vaxt keçirmək üçün evdən çıxıb saat 17:30 radələrində Quba şəhəri Y.Qasımov küçəsində piyada hərəkətdə olan zaman Quba RPŞnin əməkdaşları tərəfindən saxlanılmışdır. Bu vaxt polislər ona narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirdikdən sonra üzərində narkotik vasitə olubolmamasını soruşmuşlar. Həmin vaxt o, polis əməkdaşlarının onu ifşa edəcəyini anlayıb etiraf etmişdir ki, üzərində narkotik vasitə heroin var. Bundan sonra, hüquqularını müdafiə etmək üçün ona vəkil təqdim edilmiş və video çəkilişdən istifadə edilməklə üzərində şəxsi axtarış aparılmışdır. Axtarış zamanı əynindəki qara rəngli gödəkçənin sağ yan cibindəki siqaret qutusunun “klyonka”sına yerləşdirdiyi qara rəngli kağız bükülüdə olan narkotik vasitə heroini çıxardıb polis əməkdaşlarına təqdim etmişdir. Həmin qara rəngli kağız bükülü, içərisindəki heroinlə birlikdə elektron tərəzidə çəkilərək kağız zərfə qoyulub qablaşdırılaraq götürülmüşdür. O və müdafiəçisi həmin qara kağız bükülünün qablaşdırıldığı zərfin üzərini imzalar atmışlar. Şəxsi axtarış başa çatdıqdan sonra isə polis əməkdaşları bu barədə protokol tərtib etmiş, həmin protokol bütün iştirakçılara oxunmuş, heç kimin etiraz daxil olmadığı üçün iştirakçılar, eləcədə onun özü və müdafiəçisi həmin protokola imza etmişlər. İfadəsinin sonunda Təqsirləndirilən şəxs əməlindən peşman olmasını bildirərək ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki o, Quba rayon polis şöbəsinin CAB-də əməliyyat müvəkkili vəzifəsinəndə xidmət edir. Quba şəhəri Musabəyov küçəsi ev 52-də qeydiyyatda olan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrdən istifadə etməsi, üzərində daşıması və saxlaması barədə əldə olunmuş əməliyyat məlumatı ilə bağlı keçirilmiş əməliyyat-axtarış tədbirlərində iştirak etmişdir. Belə ki, əməliyyat qrupunun üzvləri ilə birlikdə 13 may 2023-cü il tarixdə saat 17:40 radələrində Təqsirləndirilən şəxs Quba şəhəri Y.Qasımov küçəsində saxlamışlar. Təqsirləndirilən şəxs narkotik vasitələri saxlamaqda şübhəli olduğunu bildirib ona təqdim edilmiş vəkilin iştirakı ilə üzərində şəxsi axtarış aparmışlar. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əyinindəki qara rəngli parça gödəkçəsinin sağ yan cibindən siqaret qutusunun üstündəki “klyonka”sı ilə kağızı arasında 01 ədəd qara rəngli kağız büküm aşkar edilmişdir. Aşkar edilmiş büküm açıldıqda, içərisində narkotik vasitə heroinə oxşar kütlənin olduğu müəyyən edilmişdir. Sorgu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, bükümdəki kütlə narkotik vasitə heroindir, narkotik vasitəni Xaçmaz rayonu Çax-Çaxlı kəndi ərazisində yerdən tapıb şəxsi istifadəsi üçün üzərində saxlamışdır. Bundan sonra, aşkar edilmiş kütlə elektron tərəzidə çəkilərək zərfə qoyularaq qablaşdırılmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 Şahid2 göstərdiyi xususatları təsdiq edərək onunla eyni məzmunlu ifadə vermişdir. İş üzrə təyin edilib keçirilmiş və məhkəmə istintaqı zamanı təhqiq olunmuş məhkəməkimyəvi ekspertizasının 14 may 2023-cü il tarixli 6/2786 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və 01 ədəd kağız zərfdə qablaşdırılmış 01 ədəd bükümdə təmiz çəkisi 0,552 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Qeyd: Heroinin təmiz çəkisi 0,552 qram təşkil edir, tədqiqata sərf edildi ~ 0,05 qram, qalıq isə 0,502 qramdır. İş üzrə təyin edilib keçirilmiş və məhkəmə istintaqı zamanı təhqiq olunmuş məhkəmənarkoloji ekspertizasının 03 iyun 2023-cü il tarixli 3424 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu yəni narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs üzərində şəxsi axtarışın və götürmənin aparılmasını özündə əks edən diskə baxış keçirilərkən müəyyən olundu ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılan zaman onun əynindəki qara gödəkçəsinin sağ yan cibində saxladığı siqaret qutusunun üzərinə çəkilmiş şəffaf rəngli selofanın arasında gizlətdiyi 01 ədəd kağız bükümdə təmiz çəkisi 0,552 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə təqsirləndirilən şəxsi və şahidləri dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri özünün və şahidlərin ifadələri, iş üzrə təyin edilib keçirilmiş məhkəmə-kimyəvi və məhkəmə narkoloji ekspertizalarının müvafiq rəyləri və eləcədə məhkəmə istintaqı zamanı təhqiq olunmuş digər subutlarla tam subuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Həmçinin məhkəmə hesab edir ki, X1 cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, habelə əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Odur ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin təqsirləndirildiyi maddənin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən, cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 5.1-ci maddəsinə əsasən, əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər yalnız bu Məcəllə ilə müəyyən edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə müvafiq olaraq cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə müvafiq olaraq cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, habelə təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış 18 may 2023-cü il tarixli tələbnamədən və hökmlərin surətindən görünür ki, Təqsirləndirilən şəxs Quba rayon məhkəməsinin 30 iyul 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Quba rayon məhkəməsinin 20 fevral 2020ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.1 və 234.1-ci maddələri ilə təqsirli bilinərək CM-nin 66.2 və 66.5-ci maddələrinə əsasən 02 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, Quba rayon məhkəməsinin 29 sentyabr 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3cü maddələri ilə təqsirli bilinərək CM-nin 66.5-ci maddəsinə əsasən 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bakı şəhəri, Xəzər rayon məhkəməsinin 21 yanvar 2022-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Amnistiya qərarına əsasən 29 sentyabr 2020-ci il tarixli hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan hissəsi 06 ay azaldılmış, Bakı şəhəri, Xəzər rayon məhkəməsinin 13 may 2022-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş qalan 03 ay 07 gün hissəsindən vaxtından əvvəl şərti azad edilmiş xx.xx.2022-ci tarixdə cəzanın sonu ilə azad olunmuşdur. İş materiallarında olan Quba RİHB-nın Quba şəhər İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş 20 iyun 2023-cü il tarixli arayış və arayışa əlavə edilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Quba şəhəri Musabəyov küçəsi ev 52də daimi pasport qeydiyyatında olan və yaşayan Quba şəhəri 32-33- cü kvartalda yaşayır və o, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Göründüyü kimi, Təqsirləndirilən şəxs oğlu Quba rayon məhkəməsinin 29 sentyabr 2020-ci il tarixli hökmü ilə CM-nin 66.5-ci maddəsinə əsasən təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını 23 may 2022-ci il tarixdə çəkib qurtarmışdır. Azərbaycan Respublikası CM-nin: 15.3-cü maddəsinə görə, bu Məcəllə ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər hesab olunur. 83.1-ci maddəsinə əsasən, cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. 83.3 Aşağıdakı hallarda məhkumluq ödənilmiş hesab olunur 83.3.3-ci maddəsinə görə, Az ağır cinayət törətməyə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. 83.4-cü maddəsi tələb edir ki, məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən əməlindən səmimi peşman olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzanı yüngülləşdirən hal qismində nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əməlində cinayətin residivinin olmasını Azərbaycan Respublikası CM-in 61.1.1-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsinin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 65.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. İş materiallarına olan şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan təsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həmin tarixdə “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası CPM-158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlandığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxildir. Azərbaycan Respublikasg CPM-158.2.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin ev dustaqlığında saxlanılığı müddət həbsdə saxlama müddətinə daxil edilir. Azərbaycan Respublikası CPM-nin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlama müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə hesab edir ki, Qanunun bu tələbi baxımından Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət həbsdə saxlama müddətinin bir günü azadlıqdan məhrum cəzasının bir gününə bərabər tutulmaqla ona təyin edilmiş cəzasından çıxılmaqla ona qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası CPM-nin 346.1 və 346.1.20-ci maddələrinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında digər məsələlərlə yanaşı həmçinin qətimkan tədbirinin ləğv edilməli, dəyişdirilməli və seçilməli (məhz hansı tədbirin) olubolmadığı məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). Həmin Məcəllənin 353.4.12-ci maddəsinə görə, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində hökm qanuni qüvvəyə minənədək məhkumun barəsində seçilmiş qətimkan tədbirinin həlli göstərilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilməli və o, məhkəmə iclas zalından dərhal həbs edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində qeyd olunmuş əmlakın müəyyən olunmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs xüsusi müsadirə cinayət-hüquqi tədbiri tətbiq olunmamalıdır. Həmçinin məhkəmə keçirilmiş məhkəmə ekspertizası tədqiqatının dəyəri olan 92 manatın Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə köçürülməsini əsaslı hesab edir. Həmçinin, məhkəmə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi məqsədi ilə, Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən təqsirləndirilən şəxsin hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 05 saat üçün 30 manat pulun Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli qərarına əsasən dövlət büdcəsindən tutulub Quba rayon Vəkil Bürosunun hesabına ödənilməsini əsaslı hesab edir. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan 1 ədəd CD disk iş materiallarında saxlanılmalı, ekspertiza tədqiqatında sonra qalıq çəkisi 0.502 qram heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351-356-cı maddələrini rəhbər tutaraq, məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinərək, 02 (iki) il 04 (dörd) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələbinə əsasən onun xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət həbsdə saxlama müddətinin bir günü azadlıqdan məhrum etmə növündə cəzanın bir günü hesabı ilə hesablanmaqla ona təyin edilmiş cəzadan çıxılaraq, üzərində qəti olaraq 02 (iki) il 03 (üç) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilsin. Təqsirləndirilən şəxs məhkəmə iclas zalından dərhal həbs edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli xx.xx.2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 92 manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 05 (beş) iş saatına görə 30 (otuz) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsindən Quba rayon Vəkil Bürosunun hesabına (H/h AZ62İBAZ**********9350293257, Bank rekvizitləri: ABB Quba filialı, VÖEN: **********, Kod: 805476) köçürülsün. Təqsirləndirilən şəxs xüsusi müsadirə cinayət-hüquqi tədbiri tətbiq olunmasın. İş üzrə maddi sübut olan 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın, ekspertiza tədqiqatında sonra qalıq çəkisi 0.502 qram heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Hökmün icrası Quba rayon Polis Şöbəsinə və Ədliyyə Nazirliyi Penitesiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasına həvalə edilsin. Hökmdən 20 gün müddətində Quba rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya şikayəti və apellyasiya protesti verilməzsə, qeyd olunan müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Rahim Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar