Azərbaycan Respublikası adından HÖKM Quba şəhəri İş № 1(027)-119/2024 10.06.2024 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Samir Əlibala oğlunun sədrliyi Muradov Əli Şakir oğlunun katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Quba rayon Vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxxx 1975-ci il tarixdə Quba şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, məhkumluğu olmayan, işsiz, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 23 yanvar 2024-cü il tarixdə Quba şəhəri “Azərbaycan-Türkiyə Dostluq parkı” ərazisində satış məqsədi olmadan xeyli miqdarda yəni, 02 ədəd bükümdə təmiz çəkisi 10,98 qram narkotik vasitə qurudulmuş marixuananı, məlum olmayan mənbədən qanunsuz olaraq əldə etməklə bükümlərdəki kütləsini özündə olan “Vest” siqaret qutusuna yığıb daşıyaraq Quba şəhəri Tuti Bikə küçəsi ev 13-də yaşadığı evdə saxlamış, 24 yanvar 2024-cü il tarixdə saat 00:30 radələrində Quba rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Quba şəhəri Tuti Bikə küçəsində saxlanılaraq onun həmin küçədəki yaşayış evində çarpayı üzərindəki döşəyin altında gizlətdiyi xeyli miqdarda yəni, 01 ədəd Vest siqaret qutusunda təmiz çəkisi 10,98 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə protokollarını, ekspertiza rəylərini və digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, məhkəmə iclasında iş üzrə Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, ünvan 3-də daimi pasport qeydiyyatında olsa da hazırda Quba şəhəri Tuti Bikə küçəsi ev 13-də tək yaşayır. Hazırda heç bir yerdə işləmir. Əvvəllər məhkum olunmamışdır. O, keçmişdə vaxtaşırı qurudulmuş marixuanadan qəbul etmişdir. 23 yanvar 2024-cü il tarixdə axşama yaxın qonşusu olmuş Elşan adlı tanıdığı şəxsə zəng etmiş və narkotik vasitə istəmiş, sonuncu da ona 20 manata iki bükümdə “nəşə” verə biləcəyini demişdir. Elşanla razılaşdıqdan sonra Quba şəhərində yerləşən “Türkiyə-Azərbaycan Dostluq parkı”nda görüşmüşlər. Orada o Elşana iki ədəd “onluq” küpürdə cəmisi 20 manat pul vermişdir. Əvəzində də Elşan, ona papirosa oxşar iki bükülüdə içlərində “nəşə” satmışdır. Bundan sonra, həmin bükülüləri özündə olan “Vest” siqaret qutusunun içinə tökmüş və onu özü ilə Quba şəhəri Tuti Bikə küçəsi ev 13-də yaşadığı evə daşıyıb gətirmişdir. Evdə o həmin “nəşə” olan siqaret qutusunu çarpayının üzərindəki döşəyin altına qoyub gizlətmişdir ki, gələcəkdə imkan tapıb ondan özü çəksin. Lakin 24 yanvar 2024-cü il tarixə keçən gecə vaxtı saat 00:30 radələrində yaşadığı evin küçə qapısı yanında olarkən Quba rayon polis şöbəsinin əməkdaşları ona yaxınlaşmışlar. Həmin polislər ona narkotik vasitələrdən istifadə etməkdə və saxlamaqda şübhəli olduğunu bildirib tutulduğunu elan etmişlər. Həmin vaxtı ona hüquqlarının müdafiəsi ilə əlaqədar bir nəfər vəkili təqdim etmişlər. Hüquq və vəzifələrini izah etdikdən sonra, həmin vəkilin iştirakı ilə video çəkilişlə əvvəlcə üzərində şəxsi axtarış aparmışlar. Üzərindən qanunsuz heçnə aşkar edilməmişdir. Daha sonra, polislər evində narkotik saxlayıbsaxladığını soruşmışlar. Onda etiraf etmək məcburiyyətində qalmışdır ki, yaşadığı evdə narkotik saxlayır. Həmin vaxt onun razılığı ilə polislər yaşadığı evə daxil olmuşlar. Evə baxış zamanı polislərə çarpayının üzərindəki döşəyin altına qoyub gizlətdiyi “Vest” siqaret qutusundakı narkotik vasitə olan qurudulmuş marixuananı göstərmişdir. Məhkəmədə verilən suallara cavab olaraq təqsirləndirilən şəxs bildirdi ki, əvvəllər qonşusu olmuş Elşan adlı şəxsin narkotik vasitə istifadəçi olmasını bilmiş və ondan narkotik vasitə istəmişdir. Elşan da ona 20 manata iki büküm narkotik vasitə satmışdır. O Elşandan aldığı narkotik vasitəni yaşadığı evə gətirmiş və siqaret qutusunun içərisində çarpayının altında saxlamışdır. Polis əməkdaşlarına narkotik vasitə qurudulmuş marixuananı Elşandan pul müqabilində aldığını deməmişdir. Qorxduğu üçün aşkar edilmiş narkotik vasitəni təxminən 15 gün əvvəl çay qırağında yerdən tapdığını demişdir. Elşan ona narkotik vasitə təklif etməmiş, o özü Elşandan istəmişdir. Sonda təqsirləndirilən şəxs ilk dəfə cinayət törətdiyini, törətdiyi əməli dərk etdiyini və əməlindən peşiman olduğunu bildirərək, barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ibtidai istintaqa verdiyi ifadəsini təsdiq edərək göstərdi ki, 24 yanvar 2024-cü il tarixdə Təqsirləndirilən şəxs qanunsuz narkotik vasitələrdən istifadə etməsi, daşıması və evində saxlaması barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatın yoxlanılması məqsədilə əməliyyat qrupu yaradılaraq əməliyyat tədbirləri keçirilmişdir. Keçirilmiş əməliyyat tədbirləri nəticəsində 24 yanvar 2024cü il tarixdə saat 00:30 radələrində Təqsirləndirilən şəxs Quba şəhəri, Tuti Bikə küçəsində yaşadığı evin yanında saxlanılmış, polis əməkdaşları özlərini təqdim etdikdən sonra Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli şəxs olaraq saxlanıldığı izah edilmiş və hüquqlarının müdafiə edilməsi məqsədilə dövlət hesabına müdafiəçi təqdim edilmişdir. Təqdim edilmiş vəkilin iştirakı ilə əvvəlcə üzərində videoçəkilişlə şəxsi axtarış aparılmış, üzərindən qanunsuz heçnə aşkar edilməmişdir. Təqsirləndirilən şəxs evində narkotik saxlayıb-saxladığını soruşduqda yaşadığı evdə narkotik vasitə saxladığını etiraf etmişdir. Təqsirləndirilən şəxs razılığı ilə yaşadığı evə daxil olub baxış keçirmişlər. Evə baxış zamanı çarpayının üzərindəki döşəyin altında “Vest” siqaret qutusundakı narkotik vasitə olan qurudulmuş marixuanaya oxşar kütləni aşkar etmişlər. Təqsirləndirilən şəxs siqaret qutusunun içərisində olan kütlənin narkotik vasitə qurudulmuş marixuana olduğunu və onun özünə məxsus olduğunu demiş, təxminən 15 gün əvvəl çay qırağında yerdən tapdığını demişdir. Aşkar edilmiş kütlə elektron tərəzidə ölçülmüş və ekspertizaya təqdim edilməsi üçün qablaşdırılmışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 analoji ifadə verərək Şahid2 dediklərini təsdiq etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 bildirdi ki, Təqsirləndirilən şəxs tanıyır, əvvəl qonşu olmuşlar. Təqsirləndirilən şəxs narkotik vasitə satmamış, sonuncunun dedikləri yalandır. Təqsirləndirilən şəxs ondan hər dəfə narkotik vasitə istəmiş, o isə özündə hər hansı narkotik vasitə olmadığını bildirmişdir. 23 yanvar 2024-cü il tarixdə Təqsirləndirilən şəxs xahişi ilə onunla görüşmüş və ona narkotik vasitə adı ilə iki büküm şalfey yarpağı vermişdir ki, onu bir daha narahat etməsin. Lakin bunun müqabilində Təqsirləndirilən şəxs pul almamışdır. Məhkəmə təqsirləndirilən şəxsi və şahidləri dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi və onun təqsiri aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. Belə ki, Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış və evinə baxış zamanı çəkilmiş videogörüntünün olduğu 01 ədəd DVD formatlı diskə məhkəmədə baxış keçirilərkən müəyyən edilmişdir ki, 24 yanvar 2024-cü il tarixdə gecə vaxtı Təqsirləndirilən şəxs Quba şəhəri Tuti Bikə küçəsində yaşadığı evinin yanında saxlanılır. Həmin vaxtı Quba RPŞ-nin əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim edirlər, narkotik vasitələrdən istifadə etməkdə və saxlamaqda şübhəli olduğunu bildirib tutulduğunu elan edərək ona təqdim edilmiş vəkilin iştirakı ilə əvvəlcə üzərində videoçəkilişlə şəxsi axtarış aparılar. Həmin vaxt üzərindən qanunsuz heçnə aşkar edilmir. Təqsirləndirilən şəxs evində narkotik saxlayıb-saxladığını soruşduqda yaşadığı evdə narkotik vasitə saxladığını etiraf edir. Həmin vaxt onun razılığı ilə yaşadığı evə daxil olub orada baxış keçirirlər. Evə baxış zamanı çarpayının üzərindəki döşəyin altında selofana bükülmüş “Vest” siqaret qutusundakı narkotik vasitə olan qurudulmuş marixuanaya oxşar kütlə aşkar edilir. Təqsirləndirilən şəxs siqaret qutusunun içərisində olan kütlənin narkotik vasitə qurudulmuş marixuana olduğunu və onun özünə məxsus olduğunu söyləyir, narkotik vasitəni təxminən 15 gün əvvəl çay qırağında yerdən tapdığını deyir. Aşkar edilmiş narkotik vasitə elektron tərəzidə ölçlmüş və çəkisi 13,25 qram müəyyən edilmişdir. Kütlə zərfdə qablaşdırılır və zərflər baxış iştirakçıları tərəfindən imzalanır. İş materiallarında olan: “şəxsi axtarışın keçirilməsi barədə” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Quba RPŞ-nin əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə Quba şəhəri, Tutu Bikə küçəsində saxlanılmış, üzərində olan qanunsuz əsyaların çıxarıb təqdim etməsi bildirilmişdir. Təqsirləndirilən şəxs üzərindən 01 ədəd “Prima” markalı siqaret və 01 ədəd sarı rəngli alışqanı təqdim etmişdir. Üzərində başqa qanunla qadağan olunmuş əşya aşkar edilməmişdir; “baxış keçirilməsi barədə” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, xx.xx.2024cü il tarixdə təxminən saat 00:30-da Təqsirləndirilən şəxs məxsus fərdi yaşayış evinə onun icazəsi əsasında baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs özünə məxsus yaşayış evində olan çarpayının üzərində döşəyin altında ağ rəngli sellofan torbaya bükülmüş “West” markalı siqaret qutusunun içində saxladığı narkotik vasitə olan marixuanaya oxşar spesifik iyə malik, yaşıl rəngli, otşəkilli kütləni təqdim etmişdir. Aşkar edilmiş kütlə “Portable Elektronic scale” markalı elektron tərəzi vasitəsilə ölçülmuş, kütlənin ümumi çəkisi 13,25 qram olduğu müəyyən olmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs evində aşkar olunmuş narkotik vasitə marixuana olmasını və özünə məxsus olmasını bildirmişdir. Qeyd olunan narkotik vasitəni özü təxminən 15 gün əvvəl çay qırağından yerdən tapdığını, özünün istifadə etməsi məqsədi ilə yaşadığı fərdi yaşayış serdə saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs yaşadığı fərdi yaşayış evindən aşkar edilərək götürülmüş qurudulmuş şəkildə ağ rəngli sellofan torbada olan narkotik vasitə qablaşdırılaraq götürülmüşdür; Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (məhkəmə-bioloji ekspertizası üzrə) 24 yanvar 2024-cü il tarixli 3-16-16/2-7/134 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs yaşadığı evindən aşkar edilərək götürülmüş və 01 ədəd kağız paketdə qablaşdırılmış 01 ədəd Vest siqaret qutusunda təmiz çəkisi 10,98 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə — qurudulmuş marixuanadır. Marixuananın təmiz çəkisi 10,98 qram təşkil edir, tədqiqata sərf edildi - 0,05 qram, qalıq isə 10,93 qramdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X7 Şəxsi Ambulator X1 (ambulator məhkəmə-narkoloji ekspertizası) 23 fevral 2023-cü il tarixli 1359 nömrəli rəyində görünür ki, Təqsirləndirilən şəxs kannabioidlərin istifadə etmə halları olub. Lakin hazırda Təqsirləndirilən şəxs müayinəsi zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. O, narkomaniya xəstəliyindən əzab çəkmir və narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. Məhkəmədə ekspert rəyləri tədqiq edilərkən müəyyən edildi ki, ekspert rəyləri işin müəyyən edilmiş hallarına uyğun gəldiyindən və digər sübutlarla təsdiq edildiyindən sübut kimi qəbul edilməlidir. “əməliyyat-axtarış tədbirlərinin məhkəmə nəzarəti qaydasında yoxlanılmasının nəticələri haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası DİN-nin Quba RPŞ-nin CAB-nın əməliyyat müvəkkili Şahid2 xx.xx.2024-cü il tarixli qərarı əsasında keçirilmiş əməliyyat-axtarış tədbiri qanuna uyğun hesab edilmişdir; “maddi sübut kimi tanıma haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs məxsus evdən aşkar edilmiş və ekspertiza təhqiqatından sonra qalıq qalmış -10,93 qram qurudulmuş marixuana maddi sübut kimi tanınmış və saxlanılması üçün Quba RPŞ-nə təhvil verilmişdir. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsiri onun özünün etirafı, ekspert rəyləri, şahid ifadələri və iş üzrə olan maddi sübut ilə də tam subuta yetirilir. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2008-ci il tarixli Qanununun 21-ci maddəsinə əsasən, “narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilir”. Azərbaycan Respublikasının 28 iyun 2005-ci il Qanunu ilə təsdiq edilmiş “şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına habelə onların külli miqdarına görə” 1-ci siyahının 12-ci bəndinə görə narkotik vasitə hesab edilən qurudulmuş marixuananın şəxsi istehlak miqdarından artıq miqdarının yuxarı həddi 5 qram təşkil edir. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə Təqsirləndirilən şəxs aşkar edilmiş narkotik vasitə qurudulmuş marixuananın ümumi təmiz çəkisi 10,98 qram təşkil etmişdir ki, qeyd olunan siyahıya əsasən, həmin miqdar X3 cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli 2 saylı qərarının 4-cü bəndində göstərilmişdir ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür”. Məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs oğunun barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən, hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri, həmçinin aşağıda qeyd olunanlar da nəzərə alınmalıdır. İş materiallarında olan: “cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” 24 yanvar 2024-cü il tarixli qərardan və protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur; “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” 25 yanvar 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilərək ona CM-nin 234.1-ci maddəsi ilə ittiham elan olunmuşdur; Quba Rayon prokuroru Namiq Muradovun 25 yanvar 2024-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə müstəntiqin vəsatəti təmin edilməmiş və o, dərhal həbsdən azad edilmişdir; “qətimkan tədbiri seçilməsi haqqında” 25 yanvar 2024-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir; DİN-nin BƏSİİ-nin verdiyi cinayət işi üzrə yoxlamaya dair tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir; Quba RİHB-nın Quba şəhər İƏD üzrə nümayəndəliyinin 05 aprel 2024-cü il tarixli 698 nömrəli arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ünvan 3 ünvanında qeydiyyatdadır. Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmə Azərbaycan Respublikası CM-nin: 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, törətdiyi cinayət əməlini etiraf edib, səmimi peşiman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır; 61-ci maddəsinə əsasən isə məhkəmə Təqsirləndirilən şəxs əməlində nəzərdə tutulan cəzanı ağırlaşdıran halların olmadığını müəyyən edir. Məhkəmə cəza məsələsini müzakirə edərkən, Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən halları, ağırlaşdıran halların olmadığını nəzərə alaraq hesab edir ki, ona təyin olunan cəza ədalətli olmaqla yanaşı, törətdiyi cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə, həmin cinayətin törədilməsi halına, onun özünün şəxsiyyətinə tam uyğun olmalıdır. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Azərbaycan Respublikası CM-nin: 8.1-ci maddəsinə əsasən “cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır”. 58.3-cü maddəsinə görə “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır”. 41.2-ci maddəsinə əsasən “cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir”. 58.1-ci maddəsinin tələblərindən görünür ki, “cinayət törətməkdə təqsirli bilinən şəxsə bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir”. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 №-li qərarının, 45-ci bəndində qeyd olunmuşdur ki, “məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər”. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Təqsirləndirilən şəxs 24 yanvar 2024-cü il tarixdən 25 yanvar 2024-cü il tarixədək həbsdə olduğu 01 (bir) gün Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrumetmənin 01 (bir) gününə azadlığın məhdudlaşdırılması cəzasının 02 (iki) günü bərabər tutulmaqla, 02 (iki) gün təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasına hesablanmalı və üzərində qəti cəza təyin edilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Belə olan halda, azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs üzərinə CM-nin müvafiq maddələrində nəzərdə tutulan vəzifələr qoyulmalıdır. Belə ki, Azərbaycan Respublikası CM-nin: 52-1.2.1-ci maddəsinə əsasən yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2-ci maddəsinə əsasən elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3-cü maddəsinə əsasən məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4-cü maddəsinə əsasən müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Belə ki, Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin: 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir; 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır; 51-3.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir; Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Bundan başqa, Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut kimi tanınmış və Quba rayon Polis şöbəsində saxlanılan ekspertiza tədqiqatından sonrakı qalıq çəkisi 10,93 qram qurudulmuş marixuana məhv edilməlidir. Sübut növü olan 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Həmçinin, cinayət işi üzrə keçirilmiş məhkəmə-kimyəvi ekspertizasının xərci 72 (yetmiş iki) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər eidlmasi haqqında” 07 mart 2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə görə məhkəmə, hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli olan əmlakın olub-olmaması məsələsini həll etməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1 və 99-1.1.1-ci maddəsinə əsasən məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) Xüsusi müsadirə olunan əmlak hesab olunur. Məhkəmə xüsusi müsadirə ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, iş üzrə belə bir əmlak olmadığından təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə ilə bağlı müddəa tətbiq edilməməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Odur ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 5 (beş) iş saatına görə 30 (otuz) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsindən Quba rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1, 351-353, 356, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs 24 yanvar 2024-cü il tarixdən 25 yanvar 2024-cü il tarixədək həbsdə olduğu 01 (bir) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrumetmənin 01 (bir) gününə azadlığın məhdudlaşdırılması cəzasının 02 (iki) günü bərabər tutulmaqla, 02 (iki) gün təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasına hesablansın və üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Quba rayonunun hüdudlarını tərk etməmək, axşam saat 23:30-dan səhər saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Quba rayon Polis şöbəsində saxlanılan ekspertiza tədqiqatından sonra qaytarılan qalıq çəkisi 10,93 qram qurudulmuş marixuana məhv edilsin. Sübut növü olan 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş ekspertizanın xərci 72 (yetmiş iki) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, AZ34CTRE********************, X2, Kod:210005, VÖEN**********, Mühbir hesab AZ41NABZ********************, S.W.İ.F.T. Bik: CTREAZ22) köçürülsün. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 5 (beş) iş saatına görə 30 (otuz) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsindən Quba rayon Vəkil Bürosunun hesabına köçürülsün. Cəzanın icrası Quba rayon İcra və probasiya şöbəsinə həvalə edilsin. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökm apelyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdıqdan sonra qüvvəyə minir. Hakim: Samir Məmmədov
Məhkəmə qərarları › İş №1(027)-119/2024
Quba Rayon Məhkəməsi Hökm — İş №1(027)-119/2024
10.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver