Azərbaycan Respublikası adından HÖKM Quba şəhəri İş № 1(027)-12/2021 03.03.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Samir Əlibala oğlunun sədrliyi, məhkəmə iclas katibi Muradov Əli Şakir oğlunun katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, X7, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs2, Təqsirləndirilən şəxs və onun müdafiəçisi “Kredo” vəkil bürosunun vəkili X11 iştirakı ilə, xx.xx.1989-cu il tarixdə Quba şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, evli, məhkumluğu olmayan, X1 mühəndis-pasportçu işləyən, Quba şəhəri, Əliqulu Nərimanov küçəsi, 39 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin materiallarına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə saat 21:48-də Quba şəhəri Ə.Nərimanov küçəsi ilə etibarnamə əsasında idarə etdiyi “Nıssan X-Traıl minik” markalı **-CH-*** qeydiyyat nişanlı avtomobili ilə Quba şəhəri “köhnə avtovağzal” dairəsi istiqamətində 50 km/saat surətlə hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 60-cı maddəsinin 2-ci hissəsinin tələblərinə əsasən svetoforun qırmızı işıq qadağanedici siqnalı verildikdə avtomobili svetofor qarşısında dayandırılmalı olduğu halda cinayətkarcasına etinasızlıq edərək qanunun qeyd olunan tələbinə əməl etməyib yolayırıcını qırmızı işıqda keçərək, Ə.Nərimanov küçəsi ilə kəsişən Azərbaycan küçəsi ilə Amsar kəndi istiqamətində hərəkət edən Zərərçəkmiş şəxs2 baş etibarnamə əsasında idarə etdiyi “Mercedes Benz G63 minik” markalı **-ZR-*** qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə ehtiyatsızlıqdan “Mercedes Benz G63 minik” markalı avtomobildə olan sərnişin Zərərçəkmiş şəxs1 başın təpə nahiyyəsində, sol qaşarası sahədə, burnunun üstündə sağda əzilmiş-cırılmış yaralar, sağ göz orbiti ətrafında qançır-hematoma, burun tənəffüsünün pozulması ilə burun sümüklərinin açıq qəlpəli sınığı kimi sağlamlığına uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid xəsarətlər, “Mercedes Benz G63 minik” markalı sürücüsü Zərərçəkmiş şəxs2 başın təpə nahiyyəsində əzilmiş-cırılmış yara, döş qəfəsinin arxa tərəfində sağda yumşaq toxumaların əziyi və qançırı kimi sağlamlıqda qısa müddətə pozğunluq törədən sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər, sərnişin Zərərçəkmiş şəxs3 sağ saidin yuxarı 1/3-nin bayır səthində əzilmiş yara kimi sağlamlığa zərər vurmadığından dərəcəsi təyin olunmayan xəsarətlər yetirməklə və Zərərçəkmiş şəxs2 avtomobilin ciddi şəkildə zədələnməsi ilə ona 26 620 manat 80 qəpik məbləğində maddi zərər vurmaqla yol-hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan bir nəfər şəxsin sağlamlığına az ağır zərər vurmaya səbəb olan yol nəqliyyat hadisəsi törətmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (CPM) 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə protokollarını, digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, ailəsi ilə birlikdə Quba şəhərində yaşayır. Hazırda X1 mühəndis-pasportçu vəzifəsində işləyir. xx.xx.2020-ci il tarixdə saat 22:50-də etibarnamə və “BC” kategoriyalı sürücülük vəsiqəsi ilə idarə etdiyi “Nıssan X-Trail” markalı **-CH-*** dövlət qeydiyyat nişanlı avtomobillə Quba dövlət qeydiyyat nişanlı avtomobillə Quba şəhəri Əliqulu Nərimanov küçəsi ilə təxminən 50 km/saat sürətlə hərəkətdə olarkən Azərbaycan küçəsi ilə kəsişmədə həmin küçəylə hərəkətdə olan markasını modelini həmin vaxtı görmədiyi avtomobillə toqquşaraq qəza törətmişdir. Avtoqəza vaxtı avtomobili texniki cəhətdən saz vəziyyətdə olmuşdur. İdarə etdiyi “Nıssan X-Trall” markalı **-CH-*** dövlət qeydiyyat nişanlı avtomobili 2012-ci ilin aprel ayında X5 almış, Oktay həmin vaxtı ona etibarnamə vermiş, lakin sonradan başı qarışıq olduğu üçün avtomobili öz adına rəsmiləşdirə bilməmişdir, avtomobil faktiki özünə məxsusdur. Hadisə vaxtı avtomobildə tək özü olmuş, başqa şəxs olmamış, hadisə nəticəsində özü heç bir xəsarət almamışdır. Məhkəmədə verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, hadisə baş verən gün gücləndirilmiş iş rejimində işlədiyi üçün yorğun olmuşdur. Hadisənin baş verməsinə səbəb yorğunluqdan sükan arxasında yuxulaması olmuşdur. Toqquşma baş verəndən sonra ayılıb qəza törətdiyini anlamışdır. Həmin gün o, içkili olmamışdır. Eyni zamanda hadisə baş verən anda yoldan diqqətini yayındıran hər hansı amillər olmamış, o cümlədən səhhətində hər hansı problem yaranmamışdır. Hadisə zamanı onun idarə etdiyi avtomobildə ondan başqa kimsə olmamışdır. Hadisə ehtiyyatsızlığından baş vermişdir. Maddi vəziyyətinin aşağı olmasından dolayı hadisə nəticəsində zərərçəkmiş şəxslərə dəymiş ziyanı ödəməyə imkanı olmamışdır. Bu səbəbdən bu vaxtadək zərərçəkmişlərlə barışıq əldə edə bilməmişdir. Təqsirləndirilən şəxs ilk dəfə cinayət törətdiyini nəzərə alaraq, məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi özünün etirafından başqa, aşağıdakı qeyd edilənlərlə sübuta yetirilir. Belə ki, məhkəmə iclasında Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, o, ailəsi ilə birlikdə Bakı şəhərində yaşayır, Zərərçəkmiş şəxs3 onun əmisi oğlu, Zərərçəkmiş şəxs1 isə yaxın dostudur. xx.xx.2020-ci il tarixdə axşam saat 21:30 radələrində onlarla birlikdə özünə məxsus baş etibarnamə ilə idarə etdiyi “Mercedes Benz G63” markalı, **-ZR-*** qeydiyyat nişanlı avtomobillə Quba şəhəri, H.Əliyev prospektindən Quba rayon Nügədi kəndinə gedən yola dönüb 60 km/saat surətlə hərəkət etdiyi zaman yolayrıcını işıqforun yaşıl işığında keçmişdir. Yol ayrıcını keçdiyi zaman sağ tərəfdən, işıqforun qırmızı işığında sürətlə gələn avtomobil onun avtomobilinin sağ yan tərəfindən vurmuş və avtomobil bir neçə dəfə aşıb yanı üstə dayanmışdır. O, qabaq oturacaqda oturan Zərərçəkmiş şəxs1 və arxa oturacaqda əyləşmiş Zərərçəkmiş şəxs3 avtomobilin lükundan çıxmışlar. Zərərçəkmiş şəxs1 xəsarət aldığından Qubada xəstəxanaya getmişdir. Onun avtomobilini vuran şəxs “Nissan X-Trail” markalı avtomobilin sürücüsü avtomobilində tək olmuşdur. Onlar “Nissan X-Trail” markalı avtomobilin sürücüsünü əvvəllər heç yerdə görməmiş və tanımırlar. O, işıqforun yaşıl işıqda hərəkət edən zaman sağ tərəfdən işıqforun qırmızı işığında gələn “Nissan X-Trail” markalı, **-CH-*** qeydiyyat nişanlı avtomobili görməmişdir. Məhkəmədə verilən suallara cavab olaraq, Zərərçəkmiş şəxs2 bildirmişdir ki, “Mercedes Benz G63” markalı, **-ZR-*** dövlət-qeydiyyat nişanlı avtomobil anası Nüşabə Zeynalovanın adına olsa da, hadisə olan zaman həmin avtomobili etibarnamə əsasında o, idarə etmişdir. Hadisə baş verən gün o, yol hərəkəti qaydalarına riayət edərək, işıqforun yaşıl işığı yanandan sonra 1-2 saniyə gözləyib keçmişdir. Avtoqəza təqsirləndirilən şəxsin səhlənkarlığı səbəbindən baş vermişdir. Təqsirləndirilən şəxs tərəfindən qəza nəticəsində dəymiş ziyanın ödənilməsini və sonuncunun qanunla nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, ailəsi ilə birlikdə Bakı şəhərində yaşayır, Zərərçəkmiş şəxs2 onun yaxın dostudur. xx.xx.2020-ci il tarixdə dostları İsmayıl və Ruslanla birlikdə istirahət etmək üçün Quba şəhərinə gəlmişlər, həmin gün saat 21:30 radələrində Ruslan idarə etdiyi özünə məxsus “Mercedes Benz G63” markalı, **-ZR-*** dövlət-qeydiyyat nişanlı avtomobili ilə Quba şəhəri, H.Əliyev prospektindən Quba rayonu, Nügədi kəndinə gedən yola dönüb hərəkət etdiyi zaman yolayrıcını işıqforun yaşıl işığında keçmişdir. Yol ayrıcını keçdiyi zaman sağ tərəfdən, işıqforun qırmızı işığında sürətlə gələn avtomobil Ruslanın idarə etdiyi avtomobili sağ yan tərəfindən vurmuş və avtomobil bir neçə dəfə aşıb yanı üstə dayanmışdır. O, Ruslan və arxa oturacaqda əyləşmiş Zərərçəkmiş şəxs3 avtomobilin lükundan çıxmışlar. O, xəsarət aldığından Qubada xəstəxanaya getmişdir. Xəstəxanada ona ilk yardım göstərilmiş və müəyyən olunmuşdur ki, avtoqəza nəticəsində onun burnunun sümükləri sınmışdır. Ruslanın idarə etdiyi “Mercedes Benz G63” markalı, **-ZR-*** dövlət-qeydiyyat nişanlı avtomobili vuran şəxs “Nissan X-Trail” markalı avtomobilin sürücüsü avtomobildə tək olmuşdur. Onlar “Nissan X-Trail” markalı avtomobilin sürücüsünü əvvəllər heç yerdə görməmişlər, tanımırlar. Məhkəmədə verilən suallara cavab olaraq, Zərərçəkmiş şəxs1 bildirmişdir ki, hadisə zamanı o xəsarət almış və bir neçə dəfə Bakı şəhərində müalicə almışdır. Təqsirləndirilən şəxs tərəfindən qəza nəticəsində dəymiş ziyanın ödənilməsini və Təqsirləndirilən şəxs qanunla nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 ifadələri ilə eyni məzmunlu ifadəsində onların ifadələrində göstərdiklərini təsdiq edərək, məhkəmədə verilən suallara cavab olaraq bildirmişdir ki, hadisə baş verən zaman avtomobilin arxa oturacağında əyləşmişdir. Avtoqəza nəticəsində xəsarət almış və bir neçə dəfə müalicə almışdır. Hazırda Təqsirləndirilən şəxs tərəfindən dəymiş ziyanın ödənilməsini və Təqsirləndirilən şəxs qanunla nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etmişdir. Baş vermiş hadisəni özündə əks etdirən DVD diskə məhkəmədə baxış keçirilərkən müəyyən edildi ki, Quba şəhəri, Ə.Nərimanov küçəsi ilə hərəkət edən “Nissan X-Trail minik” markalı, **-CH-*** qeydiyyat nişanlı avtomobil svetoforun qırmızı işığı yandıqdan 3 saniyə sonra svetoforda dayanmalı olduğu halda dayanmadan Azərbaycan küçəsi ilə kəsişməyə daxil olmuş və həmin an avtomobilin qabaq hissəsi ilə svetoforun yaşıl işığında Azərbaycan küçəsi ilə yolun sol tərəfindən gələn “Mercedes Benz G63” markalı, **-ZR-*** dövlət-qeydiyyat nişanlı avtomobilin sağ yan tərəfindən vuraraq toqquşmuş, “Nissan X- Trail minik” markalı avtomobil dönüb yolun ortasında dayanmış, həmin avtomobilin sürücüsü sükan arxasından düşmüş, “Mercedes Benz G63” markalı avtomobil isə toqquşma nəticəsində 3 dəfə aşaraq, Azərbaycan küçəsində dayanmışdır. Həmin avtomobilin lyukundan isə 3 nəfər şəxs düşmüşdür. Cinayət işinin materiallarında olan: Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertizası və X13- Təcrübi və X14 rayon şöbəsinin (məhkəmə-tibbi ekspertizası) xx.xx.2020-ci il tarixli 884 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 bədəni üzərində aşkar olunmuş xəsarətlər - başın təpə nahiyyəsində, sol qaşarası sahədə, burnunun üstündə sağda əzilmiş-cırılmış yaralar, sağ göz orbiti ətrafında qançır-hematoma, burun tənəffüsünün pozulması ilə burun sümüklərinin açıq qəlpəli sınığı küt əşyanın (əşyaların) təsirindən əmələ gəlmişdirlər, törənmə müddəti xx.xx.2020-ci il tarixə uyğun gəlir, bu xəsarətlər yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilər, dərəcəsinə görə sağlamlıqda uzun müddətə pozğunluq törətdiyindən sağlamlığa az ağır zərər vurmaya aiddir (iş vər.: 52); Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertizası və X13- Təcrübi və X14 rayon şöbəsinin (məhkəmə-tibbi ekspertizası) xx.xx.2020-ci il tarixli 883 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 bədəni üzərində aşkar olunmuş xəsarətlər - başın təpə nahiyyəsində əzilmiş-cırılmış yara, döş qəfəsinin arxa tərəfində sağda yumşaq toxumaların əziyi və qançırı küt əşyanın (əşyaların) təsirindən əmələ gəlmişdirlər, törənmə müddəti xx.xx.2020-ci il tarixə uyğun gəlir, bu xəsarətlər yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilər, dərəcəsinə görə sağlamlıqda qısa müddətə pozğunluq törətdiyindən sağlamlığa yüngül zərər vurmaya aiddir (iş vər.: 54); Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertizası və X13- Təcrübi və X14 rayon şöbəsinin (məhkəmə-tibbi ekspertizası) xx.xx.2020-ci il tarixli 918 nömrəli rəyindən müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs3 bədəni üzərində aşkar olunmuş xəsarətlər - sağ saidin yuxarı 1/3-nin bayır səthində əzilmiş yara küt əşyanın (əşyaların) təsirindən əmələ gəlmişdirlər, törənmə müddəti xx.xx.2020-ci il tarixə uyğun gəlir, bu xəsarətlər yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilər, sağlamlığa zərər vurmadığından dərəcəsi təyin olunmayan xəsarətlər növünə aiddir (iş vər.: 58); Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin (yolnəqliyyat hadisələrinin məhkəmə ekspertizası) xx.xx.2020-ci il tarixli 8/1044 saylı rəyindən görünür ki, “Nissan X-Trail minik” markalı **-CH-*** qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs tədqiq olunan şəraitdə hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 60-cı maddəsinin 2-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddələrin tələblərinə riayət eməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur (iş vər.: 49-51); Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin (məhkəmə-əmtəəşünaslıq ekspertizası) xx.xx.2020-ci il tarixli 9/3308 saylı rəyindən görünür ki, xx.xx.2020-ci il tarixli ziyan aktında olan məlumata əsasən 2001-ci buraxılışlı “Nissan X-Trail” markalı **-CH-*** qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci təxminən 3955,00 manat müəyyən edilir. O cümlədən dəyişilməli olan hissələrin qiyməti – 2615,00 manat, təmir-bərpa işlərinin qiyməti – 1340,00 manatdır (iş vər.: 113-116); Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Psixiatrik X4 Hüquqi Şəxsin (ambulator məhkəmə psixiatrik ekspertizasının) xx.xx.2020-ci il tarixli 1971 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur. Hal-hazırda Təqsirləndirilən şəxs öz hərəkətlərinin mənasını və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs hal-hazırda hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs 2019-cu ildə keçirdiyi psixi pozuntunun hal-hazırda hər hansı bir əlaməti aşkar olunmur. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs ittiham edilən əməl dövründə kəmağıllıq, hər hansı bir psixi xəstəliyin və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası CM-nin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır, yəni anlaqlıdır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur (iş vər.: 117-119); Məhkəmədə ekspert rəyləri tədqiq edilərkən müəyyən edildi ki, ekspert rəyləri işin müəyyən edilmiş hallarına uyğun gəldiyindən və digər sübutlarla təsdiq edildiyindən sübut kimi qəbul edilməlidir. “xxxx” AUTOSERVİCE MMC-nin təqdim etdiyi xx.xx.2020-ci il tarixli qüsur aktından görünür ki, “Mercedes Benz G63” markalı, **-ZR-*** dövlət qeydiyyat nişanlı avtomobilin bərpası üçün təmir işlərinə 26620,80 manat məbləğində vəsait tələb olunur (iş vər.: 111,112); xx.xx.2020-ci il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsinin tərkibini yaratdığından, onun təqsirləndirilən şəxs qismində cəlb edilməklə həmin maddə ilə ittiham edilməsi, sonuncu barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin seçilməsi, istintaq zamanı işə əlavə edilmiş baş vermiş yol-nəqliyyat hadisəsinin videogörüntüsü ilə olan DVD diski iş üzrə maddi sübutlar kimi tanınması qərara alınmışdır (iş vər.: 129-133). Beləliklə, məhkəmə və məhkəməyədək araşdırma zamanı toplanmış sübutlara məcmu halında qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs yol hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan Zərərçəkmiş şəxs1 sağlamlığına az ağır, Zərərçəkmiş şəxs3 sağlamlığına dərəcəsi təyin olunmayan və Zərərçəkmiş şəxs2 sağlamlığına yüngül zərər vurmaya aid xəsarətlər yetirmələrinə səbəb olan yol-nəqliyyat hadisəsi törətməsi özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxslərin ifadələri, ekspert rəyləri, hadisə yerinə baxış protokolu və digər sübutlarla tam təsdiq edililr. Məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Belə ki, Azərbaycan Respublikası CM-in 263.1-ci maddəsində nəzərdə tutulan əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda iki ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş min manatdan yeddi min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 60-cı maddəsinin 2-ci hissəsinə əsasən, svetoforun və ya nizamlayıcının qadağanedici siqnalı verildikdə sürücülər nəqliyyat vasitələrini stop-xətt (1.12 yol xətti) qarşısında (əgər bu xətt yoxdursa, piyadaların hərəkətinə maneə törətmədən kəsişən yolun hərəkət hissəsi qarşısında), piyada keçidi qarşısında, digər yolayrıclarında isə svetofor qarşısında dayanmalıdırlar: 1) yolayrıcında — kəsişən yolun hərəkət hissəsi qarşısında (bu Qanunun 76-cı maddəsinin dördüncü hissəsini nəzərə almaqla); 2) bu Qanunun 44-cü maddəsinin üçüncü hissəsinə uyğun olaraq dəmiryol keçidi qarşısında; 3) başqa yerlərdə — hərəkətinə icazə verilən nəqliyyat vasitələrinə və piyadalara maneə yaratmadan svetofor və ya nizamlayıcı qarşısında. “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2013-cü il tarixli 5 nömrəli Qərarının: 1-ci bəndində qeyd edilir ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ilə bağlı cinayətlərin geniş yayılması hərəkət təhlükəsizliyinin təmin edilməsini və yolnəqliyyat hadisələrinin qarşısının alınması üçün təşkilati və təsiredici hüquqi tədbirlərin həyata keçirilməsini zəruri edir. Bununla bağlı məhkəmələrin diqqəti yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması cinayətlərinə dair işlərə obyektiv və keyfiyyətli baxılmasına, işin bütün hallarının tam və hərtərəfli araşdırılmasına, o cümlədən yol hərəkəti qaydalarını pozmuş şəxsin hadisədən bilavasitə əvvəl vəziyyətinin, psixoloji və sağlamlıq durumunun müəyyən edilməsinə, cinayətlərin törədilməsinə səbəb olmuş və şərait yaratmış halların aşkar edilməsinə, cinayət işləri üzrə qanuni, əsaslı və ədalətli qərarların qəbul edilməsinə yönəldilsin; Həmin Qərarın 12-ci bəndinə əsasən məhkəmələrə izah edilsin ki, yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair işlərə tam, hərtərəfli və obyektiv baxılmasının təmin olunması və qanuni və əsaslı qərarların qəbul edilməsi üçün həmin işlər üzrə qanunvericilikdə nəzərdə tutulmuş qaydada rəsmiləşdirmə aparılmaqla hadisə yerinin müayinə edilməsi, nəqliyyat vasitələrinə baxış keçirilməsi, sürücülərin sağlamlıq və ya sərxoşluq vəziyyətinin yoxlanılması (müvafiq müayinələrdən keçirilməklə), ifadələrin yerində yoxlanılması, istintaq eksperimentinin keçirilməsi kimi istintaq hərəkətlərinin aparılması, iş üzrə məhkəmə-tibbi, məhkəmə-texniki və məhkəmə-yolnəqliyyat hadisələri ekspertizalarının keçirilməsi mühüm əhəmiyyət kəsb edir. Bundan başqa, yol-nəqliyyat hadisələrinin baş verdiyi ərazi videomüşahidə vasitələrinin nəzarəti altında olduqda, müvafiq görüntülərin elektron daşıyıcıda cinayət işinə əlavə olunması təmin edilməlidir. Məhkəmələrə həmçinin izah edilsin ki, bu kateqoriyadan olan cinayət işləri üzrə şəxsin təqsirlilik məsələsi həll edilərkən işin bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırılmaqla yanaşı, həm də təqsirləndirilən şəxsin “Yol hərəkəti haqqında” Qanunun məhz hansı normasının tələblərinin pozması və bu pozuntunun konkret nədə ifadə olunması qəbul edilmiş məhkəmə aktlarında göstərilməli, həmin qayda pozuntuları ilə baş vermiş nəticə arasında səbəbli əlaqənin mövcudluğu, habelə təqsirləndirilən şəxsin yol-nəqliyyat hadisəsinin qarşısını almaq üçün texniki cəhətdən imkanının olub-olmaması müəyyənləşdirilməlidir. Nəhayət, Qərarın 17-ci bəndində məhkəmələrə tövsiyyə edilir ki, konkret bir hadisədə yol-hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması həm CM-nin 263.1, 263.1-1, 263.2, 263.3, 263-1.1, 263-1.2, 263-1.3, 263-1.4, 351.1, 351.2 və 351.3-cü maddələrində nəzərdə tutulmuş, həm də bu madələrdə nəzərdə tutulmamış (məsələn, şəxsin sağlamlığına yüngül zərər vurulması, yaxud da onun əmlakının zədələnməsi və ya məhv edilməsi) nəticələrdən bir neçəsinə səbəb olduqda, təqsirləndirilən şəxsə elan olunmuş ittihamda və ittiham hökmünün təsviri hissəsində baş vermiş nəticələrin hamısı göstərilməli, lakin onun əməli cinayət qanununun bu nəticələrdən daha ağırına görə məsuliyyət nəzərdə tutan maddəsi ilə tövsif edilməlidir. Belə hallarda yol-nəqliyyat hadisəsi nəticəsində sağlamlıqlarına fiziki, əmlaklarına isə maddi zərər vurulmuş bütün şəxslər zərər çəkmiş şəxs qismində tanınmalı və cinayət təqibi zamanı onların CPM-nin 87-ci maddəsində nəzərdə tutulmuş hüquqları təmin edilməlidir. ” Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıdakılar nəzərə alınmalıdır. İş materiallarında olan: “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə ittiham elan olunmuş və barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (iş vər.: 136,137, 152); Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin verdiyi cinayət işi üzrə yoxlamaya dair tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamış və cinayət məsuliyyətinə cəlb edilməmişdir (iş vər.: 44); AB seriyalı 719094 nömrəli xx.xx.2012-ci il tarixdə verilmiş və xx.xx.2022-ci il tarixə kimi qüvvədə olan sürücülük vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs “BC” kateqoriyalı nəqliyyat vasitələrini idarə etmək hüququ vardır (iş vər.: 31); Azərbaycan Respublikası DİN-nin BDYPİ-nin xx.xx.2020-ci il tarixli arayışından görünür ki, DİN-nin BDYPİ mərkəzləşdirilmiş kompüter bazasına əsasən Təqsirləndirilən şəxs “BC” kateqoriyalı AB 719094 nömrəli sürcülük vəsiqələri vardır və o, sürücülük hüququndan məhrum edilməmişdir (iş vər.: 106); nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin (xx.xx.2012-ci il tarixli AB 758850 nömrəli) surətindən görünür ki, 2001-ci il buraxılışlı “Nissan X-Trail minik” markalı, **-CH- *** qeydiyyat nişanlı avtomobil Sumqayıt şəhər sakini X8 mülkiyyətindədir (iş vərş: 31); xx.xx.2012-ci il tarixli baş etibarnamənin surətindən görünür ki, Sumqayıt şəhər sakini X12 tərəfindən 2001-ci il buraxılışlı “Nissan X-Trail minik” markalı, **-CH-*** qeydiyyat nişanlı avtomobilə dair səlahiyyətlər 50 il müddətinə, yəni xx.xx.2062-ci il tarixədək Təqsirləndirilən şəxs verilmişdir (iş vərş: 32); xx.xx.2020-ci il tarixli 385 nömrəli sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, hadisə baş verən zaman sürücü Təqsirləndirilən şəxs ayıq olmuşdur (iş vər.: 20); Quba rayon Mərkəzi xəstəxanasının xx.xx.2020-ci il tarixli 2467 nöməli məktubundan görünür ki, xx.xx.1989-cu il təvəllüdlü Təqsirləndirilən şəxs xx.xx.2019-cu il tarixdə Quba rayon Mərkəzi xəstəxanasının Konsultativ Poliklinika şöbəsinin psixiatrik kabintinə müraciət etmiş, “şizofreniya” diaqnozu ilə müalicə almışdır (iş vər.: 42); Quba RİHB-nm Quba şəhər İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs ailə tərkibi atası X9 və anası X2 ibarətdir (iş vər.: 102); Quba RİHB-nın Quba şəhər İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, ünvan 2 ünvanında yaşayan xx.xx.1989-cu il təvəllüdlü Təqsirləndirilən şəxs yaşadığı ərazi üzrə müsbət xarakterizə olunur (iş vər.: 103); Məhkəmə Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs hadisələrin təsadüfi axarı zəminində ilk dəfə ehtiyatsızlıqdan böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, törətdiyi əməli etiraf edərək peşiman olmasını, yaşayış yerindən müsbət xarakterizə olunmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən isə məhkəmə Təqsirləndirilən şəxs əməlində nəzərdə tutulan cəzanı ağırlaşdıran halların olmadığını müəyyən edir. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət hadisəsi nəticəsində 3 nəfər şəxsin müxtəlif dərəcəli bədən xəsarətləri yetirməsini, onlardan birinin sağlamlığına az ağır zərər yetirməsini, zərərçəkmiş şəxslərlə barışıq əldə etmək üçün tədbirlər görməməsini, vurduğu maddi zərərlə bağlı heç bir ödəniş etməməsini nəzərə alaraq, ona Azərbaycan Respublikası CM-in 263.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədəuyğun sayır. Cinayət törətmiş şəxslərə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cinayət törətmiş şəxslərin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə və xarakterinə mütənasibdir və hazırkı halda həmin cəza, cəzanın məqsədini təmin edir. Belə ki, Azərbaycan Respublikası CM-nin: 8.1-ci maddəsinə əsasən “cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır”. 58.3-cü maddəsinə görə “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır”. 41.2-ci maddəsinə əsasən “cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir”. 58.1-ci maddəsinin tələblərindən görünür ki, “cinayət törətməkdə təqsirli bilinən şəxsə bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir”. 56.1.1-ci maddəsinə əsasən, ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxxxx 1996-cı il tarixli 4 №-li qərarının, 13-cü bəndində qeyd olunmuşdur ki, “məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir”. Eyni zamanda məhkəmə qeyd edir ki Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsinin sanksiyasının göstərişinə əsasən, təqsirləndirilən şəxs nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirli bilinməli, ona həmin maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə əsas cəza, nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilmə növündə əlavə cəza təyin olunmalıdır. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin əvvəli məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata düşdüyü vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs oğlu barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan başqa, iş üzrə məhkəmə xərci olan 120 (bir yüz iyirmi) manat Təqsirləndirilən şəxs alınaraq Məhkəmə Ekspertiza Məkəzinin hesabına köçürülməlidir. “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edillməsi haqqında” xx xxxx 2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə görə məhkəmə, hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli olan əmlakın olub-olmaması məsələsini həll etməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1 və 99-1.1.1-ci maddəsinə əsasən məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) Xüsusi müsadirə olunan əmlak hesab olunur. Məhkəmə xüsusi müsadirə ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, iş üzrə belə bir əmlak olmadığından təqsirləndirilən şəxslərin barəsində xüsusi müsadirə ilə bağlı müddəa tətbiq edilməməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs istintaq orqanında dövlət hesabına hüquqlarını müdafiə etmiş Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin x xxxxxx 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Odur ki, Təqsirləndirilən şəxs ibtidai istintaq orqanında dövlət hesabına hüquqlarını müdafiə etmiş Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 10 (on) iş saatına görə 60 (altmış) manat məbləğində manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsindən Quba rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347; 349; 351-353, 356, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və 1 (bir) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə məhkəmə məsrəfi olan 120 (bir yüz iyirmi) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertiza Məkəzinin hesabına (büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, Dövlət Xəzinadarlıq Agentliyi, kod 210005, VOEN **********, müxbir hesab AZE41 NABZ********************, SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, hesab AZ34CTRE********************) ödənilsin. İş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs ibtidai istintaqda dövlət hesabına hüquqlarını müdafiə etmiş Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 10 (on) iş saatına görə 60 (altmış) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsindən Quba rayon Vəkil Bürosunun hesabına (H/h AZ18İBAZ********************, Bank rekvizitləri: ABB Quba filialı, VÖEN: **********, Kod: 805476) köçürülsün. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökm apelyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdıqdan sonra qüvvəyə minir. Hakim: Samir Məmmədov
Məhkəmə qərarları › İş №1(027)-12/2021
Quba Rayon Məhkəməsi Hökm — İş №1(027)-12/2021
03.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver