Məhkəmə qərarları › İş №1(027)-12/2023

Quba Rayon Məhkəməsi Hökm — İş №1(027)-12/2023

07.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Quba şəhəri İş № 1(027)-12/2023 07.02.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi məhkəmə iclas katibi Fətəliyev Veysəl Surxay oğlunun katibliyi dövlət İttihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon və (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, Dövlət ittihamçısı, zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs, müdafiəçi - Quba rayon vəkil bürosunun vəkili Müdafiəçi, təqsirləndirilən şəxs və mülki cavabdeh: Təqsirləndirilən şəxs iştirakları ilə xx xxx 1972-ci ildə Xaçmaz rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək, 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Xaçmaz rayonu X2 kəndində qeydiyyatda olan və həmin kənddə yaşayan, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 08 iyul 2022-ci il tarixdə, saat 10 radələrində Quba şəhəri Nizami adına Mədəniyyət və İstirahət parkından yerləşən Quba uşaq-gənclər Şahmat Mərkəzinə daxil olaraq orada katib-kompüterçi yazılan otaqda masanın üzərində olan Quba şəhər sakini Zərərçəkmiş şəxs məxsus əl çantasının içərisindəki pul kisəsini oğurladıqdan sonra pul kisəsinin içərisində olan Zərərçəkmiş şəxs məxsus **********278484 nömrəli Birkart kredit kartı və Leo Banka məxsus kredit kartını özgənin əmlakını ələ keçirmək məqsədilə özündə saxlamaqla faktiki olaraq qanunsuz əldə edib həmin gün, saat 12 radələrində Leo Bank kredit kartından 612 manat, saat 12:10-da "xxxx" ASC-nin Qusar şəhəri Heydər Əliyev prospekti 127 ünvanında yerləşən filialının terminalına daxil etməklə şifrəni yığaraq 200 manat, saat 12:12-də 1025 manat, olmaqla Zərərçəkmiş şəxs kart hesablarından ümumilikdə 1837 manat pulu çıxararaq elektron məlumat daşıyısısından istifadə etməklə oğurluq etmişdir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə protokollarını və digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, Təqsirləndirilən şəxsnın törətmiş olduğu cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə tövsif olunmuşdur. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, ailə üzvələri ilə birlikdə Xaçmaz rayonunun Hacıisa Oba kəndində yaşayır. Əvvəllər dəfələrlə CM-nin 177-ci maddəsi ilə məhkum olunmuşdur. 2022-ci ilin iyul ayının 8-də səhər saat 10 radələrində Quba şəhərində olan zaman spirtli içki qəbul etdikdən sonra, Nizami parkında yerləşən Şahmat məktəbinin yanından keçən zaman məktəbin otaqlarının birindən oğurluq etmək qərarına gəlmişdir. Bu məqsədlə o, məktəbin içərisinə daxil olub məktəbin dəhlizi ilə gəzən zaman, dəhlizin sonunda sağ tərəfdə olan otağın açıq olduğunu görüb həmin otağa yaxınlaşmışdır. Otaqda bir nəfər qadının olduğunu görüb, həmin qadından məktəbin direktorunun harada olması barədə maraqlanmışdır. Qadın ona direktorun otağını göstərdikdən sonra, dəhlizdə məktəbin direktoru ilə görüşüb övladlarını şahmat məktəbinə yazdırmaq istədiyini bildirmişdir. Özünü məktəbin direktoru kimi təqdim edən həmin şəxs məktəbə yazılmaq üçün tələb olunan sənədlərin siyahısını ona bildirdikdən sonra, həmin şəxsdən ayrılmışdır. Dəhlizlə hərəkət edən zaman, ilk olaraq yaxınlaşdığı otağın yanından keçərkən, açıq qapıdan masanın üzərində olan qadın əl çantasını görüb otağa daxil olaraq çantanın içərisindəki pul kisəsini götürüb həmin yerdən uzaqlaşmışdır. Məktəbdən çıxdıqdan sonra, oradan birbaşa Qusar şəhərinə getmişdir. Qusar şəhərinin mərkəzində olan zaman oğurladığı pul kisəsini açıb baxdıqda içərisində bir ədəd Kapital Banka məxsus birkartın və Leo Bank aid kartın olduğu görmüşdür. Kartların üzərində olan şifrələrə baxdıqdan sonra, Kapital Banka məxsus bankomata yaxınlaşaraq birkart kredit kartından ümumilikdə 1225 manat və Leo bank kredit kartından 612 manat pul çıxardaraq oradan uzaqlaşmışdır. Pulu çıxardıqdan sonra kartları Qusar şəhərində yol kənarında atmışdır. Kartlardan şıxardığı pulları şəxsi ehtiyyacları üçün xərcləmişdir. Onun məqsədi pul kisəsində olan nağd pulları oğurlamaq olmuşdur. Nağd pul olmadığından birkart kredit kartından ümumilikdə 1225 manat və Leo bank kredit kartından 612 manat pul çıxartmışdır. İfadəsinin sonunda Təqsirləndirilən şəxs törətdiyi əməldən peşman olmasını bildirərək ona yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında mülki iddiaçı və zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, Quba şəhəri Nizami adına Mədəniyyət və İstirahət parkında yerləşən Şahmat məktəbində təlimatçı vəzifəsində işləyir. 08 iyul 2022-ci il tarixdə, saat 10 radələrində işdə olan zaman tanımadığı bir nəfər 50 yaşlarında olan kişi onun iş otağına gələrək məktəbin direktorunun harada olmasını soruşmuşdur. Həmin şəxsə hazırda direktorun işdə olmadığını bildirdikdən, sonra həmin şəxs otaqdan çıxıb getmişdir. İşləri ilə əlaqədar həmişə olduğu kimi otağın qapısını açıq qoyub başqa otağa keçmışdır. Həmin vaxt əl çantasını masanın üzərində olmuşdur. Əl çantasının içərisində pul kisəsi, pul kisəsinin içərisində isə Kapital Banka məxsus birkart və Leo Bank aid kart olmuşdur. Həmin günü saat 12 radələrində otağa gəlib əl çantasına baxan zaman pul kisəsinin çantanın içərisində olmadığını görmüşdür. O, ilk öncə pul kisəsini evdə qoyduğunu fikirləşmişdir. Həmin gün saat 12 radələrində onun mobil telefonuna Kapital Bankdan ona məxsus olan kartdan pul çıxarılması barədə mesaj gəlmişdir. Mesaj gəldikdən sonra o, banka zəng edərək kartın bloklanmasını xahiş etmişdir. Həmin vaxt ona məlum olmuşdur ki, Kapital Banka məxsus olan bir kartından 1225 manat pul çıxarılmışdır. Daha sonra Leo bank kartının mobil tətbiqinə daxil olub kartı bloklayana qədər həmin kartdan da 612 manat pul çıxarıldığını görmüşdür. Bundan sonra kartından pulların oğurlanması barədə DİN-in 102 xidmətinə məlumat vermişdir. Telefonunda olan bank mobil tətbiqlərinə daxil olduqdan sonra ona məlum olmuşdur ki, ona məxsus Birkart kredit kartında ümumilikdə 1225 manat pul, Leo bank kredit kartından isə 612 manat pul çıxarılmışdır. İfadəsinin sonunda zərərçəkmiş şəxs mülki iddianı müdafiə edərək, mülki iddianın təmin olunmasını, cinayət əməli nəticəsində ona dəymiş ziyanın ödənilməsini tələb etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki o, Quba şəhəri Nizami adına Mədəniyyət və istirahət parkında yerləşən X1 Şahmat məktəbinin direktoru vəzifəsində işləyir. 08 iyul 2022-ci il tarixdə səhər saatlarında məktəbin dəhlizində olarkən tanımadığı bir nəfər orta yaşlı kişi ona yaxışlaşaraq uşaqlarını şahmat məktəbinə yazdırmaq istədiyini ona bildirmişdir. O, həmin şəxsə məktəbə yazılmaq üçün lazım olan sənədlərin siyahısını verdikdən sonra, həmin şəxs ondan ayrılmışdır. Sonradan həmin şəxsin Zərərçəkmiş şəxs əl çantasından bank kartlarını oğurladığını və həmin kartlardan pul çıxartdığını öyrənmişdir. Beləliklə, məhkəmə təqsirləndirilən şəxsi dinləyib, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələrini nəzərdən keçirib, iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi özünün etirafı ilə yanaşı, zərərçəkmiş şəxsin və şahidin ifadələri, ekspert rəyi və aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Beləliklə, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edərək belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə təqsirləndirilən şəxsə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli qərarında qeyd olunur ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Təqsirkar şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi, sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan oğurluq cinayəti başa çatmış hesab edilir. Xeyli miqdarda və ya külli miqdarda ziyan vurmaq tövsifedici əlamətilə, oğurluq törətmiş şəxsin əməli tövsif edilərkən, məhkəmələr CM-in 177-ci maddəsinin qeydinin 2-ci bəndini rəhbər tutmalıdır. Talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” 22 iyun 2015-ci il tarixli qərarında qeyd edilir ki, CM-in 177.2.3-1-ci maddəsinin birinci hissəsində nəzərdə tutulmuş cinayət, şəxs tərəfindən talama və ya müxtəlif qanunsuz yollarla əldə edilmiş kartdan və onun identifikasiya nömrəsindən (pin kodundan) istifadə etməklə törədilməsidir. Bu əməlin obyektiv cəhəti gizli yolla elektron məlumat daşıyıcısı olan bank kartını və onun şifrəsini əldə etmək və sonradan kartı bakomata daxil edib, pin kodu yığmaqla kart sahibinin hesabından pul vəsaitini çıxarmaqdır. Bu zaman, cinayəti törədən şəxsin niyyəti bankomatın fəaliyyətinə, əməliyyat sisteminə müdaxilə etmək deyil, yalnız əldə etdiyi imkandan istifadə etməklə kart sahibinin hesabından pul vəsaitini talamaqdır. Bu halda, zərərçəkmiş şəxs kartı oğurlanmış şəxsdir, çünki oğurlanmış və başqa qanunsuz yolla ələ keçirilmiş hesab kartını bankomata daxil edərkən şəxs bankomatın seyfindən deyil, həmin kartın sahibinin hesabından oğurluq edir. Sözügedən qərarda həmçinin qeyd edilir ki, ödəniş kartı ilə həyata keçirilən bütün bank əməliyyatları kartın sahibi və emitent (bank) arasında bağlanmış müqavilə əsasında və çərçivəsində həyata keçirilir. Kartı bankomata daxil edərək və klaviatura ilə müvafiq əməliyyatlar apararaq, təqsirli şəxs bilavasitə bankın seyfinə daxil olmur, sadəcə bankemitentin əməliyyat sisteminə qoşularaq hesaba müdaxilə edir və banka müəyyən əməliyyatın aparılması üçün göstəriş verir. Burada bankomatın yarılmasından fərqli olaraq, saxlanc yerinə (bankomatın seyfinə) fiziki daxil olma baş vermir. Konkret şəxşin adına olan və oğurlanmış bank kartından istifadə etməklə nağd pul vəsaitlərinin oğurlanması zamanı, şəxs hər hansı texnologiyadan istifadə etmir, sadəcə olaraq ona məlum olan identifikasiya nömrəsini (pin kodu) bankın kompüter sisteminə daxil etməklə kart sahibinin pul vəsaitini ələ keçirməyə nail olur, yaxud həmin şəxsin pul vəsaiti hesabına müxtəlif ödənişləri həyata keçirir. CM-in 177.2.3-1-ci maddəsində nəzərdə tutulmuş “informasiya texnologiyaları” müddəası isə informasiyanın ötürülməsi, qəbulu və emalı üzrə proseslər zamanı alət və ya vasitələr toplusunu nəzərdə tutur. “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən informasiya texnologiyaları-informasiya prosesləri zamanı, o cümlədən hesablama və rabitə texnikasının tətbiqi ilə istifadə edilən üsul və vasitələr sistemidir. Oğurluğun informasiya texnologiyalarından istifadə edilməklə törədilməsi xüsusi proqramlardan və qurğulardan istifadə etməklə bankomatların, nəticə etibarı ilə bankın kompyuter sisteminə daxil olub həm nağd pul vəsaitlərini, həm də müxtəlif növ ödənişləri həyata keçirməklə, yaxud da pul vəsaitlərini bankın hesabından öz şəxsi hesabına köçürməklə talamanı ehtiva edir. Nəhayət, Konstitusiya Məhkəməsinin Plenumu belə qənaətə gəlmişdir ki, ödəniş kartında şəxs haqqında və onun bank hesabında olan pul vəsaiti barədə məlumat əks olunduğundan, bu kart elektron məlumat daşıyıcısı kimi qiymətləndirilməli, ondan istifadə edilməklə törədilən oğurluq cinayəti isə CM-in 177.2.3-1-ci maddəsi ilə tövsif olunmalıdır. CM-in 177.2.3-1-ci maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama, elektron məlumat daşıyıcılarından, yaxud informasiya texnologiyalarından istifadə edilməklə törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin maddənin “Qeyd” hissəsinin 1-ci bəndinə əsasən bu Məcəllənin 177.1, 178.1 və 179.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı, lakin beş min manatdan artıq olmayan məbləğdə ziyan vurulduğu hallarda yaranır. Bu Məcəllənin 177.2.1-177.2.3-2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə yüz manatdan yuxarı məbləğdə ziyan vurulduğu hallarda yaranır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən, cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 5.1-ci maddəsinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər yalnız bu Məcəllə ilə müəyyən edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə müvafiq olaraq cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə müvafiq olaraq cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, habelə təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. İş materialında olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş tələbnamədən və hökmlərin surətindən görünür ki, Təqsirləndirilən şəxs, Nəsimi rayon Məhkəməsinin 16 oktyabr 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 03 il 06 ay müddətinə azadlıqdan məhrumetmə məhkum edilmiş, Bakı şəhəri Xətai rayon məhkəməsinin 03 sentyabr 2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 16 oktyabr 2018-ci il tarixli hökmü ilə təyin edilmiş 03 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş qalan 26 gün hissəsini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmiş və 29 sentyabr 2021-ci il tarixdə cəzasını çəkib qurtarmışdır. Bundan başqa o, Bakı şəhəri Nəsimi rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək cəzaçəkmə müddətinin əvvəli 29 iyul 2022-ci il tarixdən hesablanmaqla. 03 (üç) il müddətinə azadlıqdan mərhum etmə cəzasına məhkum edilmişdir. Göründyü kimi, Təqsirləndirilən şəxs Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 16 oktyabr 2018-ci il hökmü ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını 29 sentyabr 2021-ci il tarixdə çəkib qurtarmışdır. Azərbaycan Respublikası CM-nın 83.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkumluğunun ödənilməsi üçün qanunla müəyyən edilmiş 02 il müddətinin axımı onun cəzasını çəkib qurtardığı vaxtdan yəni, 29 sentyabr 2021-ci il tarixdən hesablanır. Göründüyü kimi, Təqsirləndirilən şəxs hazırki iş üzrə cinayət əməlini 08 iyul 2022-ci il tarixdə törədərkən əvvəlki məhkumluğu ödənilməmiş və götürülməmişdir ki, bu da öz növbəsində onun əməlində cinayətin residivini yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayət törədilməsi cinayəti residivini yaradır. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. İş materiallarında olan Xaçmaz RİHB-nın Qımıl-qışlaq kənd İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş 15 oktyabr 2022-ci il tarixli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Xaçmaz rayonu X2 kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayır və yaşayış yeri üzrə mənfi xarakterizə olunur. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxslə barışıq əldə olunmasına cəhd etməsini cəzanı yüngülləşdirən hal qismində nəzərə alır. Məhkəmə hesab edir ki cinayətin residivi CM-nin 61.1.1-ci maddəsinin müddəalarına əsasən Təqsirləndirilən şəxs təyin ediləcək cəzanı ağırlaşdıran haldır. Azərbaycan Respublikası CM-in 177.2.3-1-ci maddəsinin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cinayət qanununun ədalət və cəzanın fərdiləşdirilməsi prinsiplərini rəhbər tutur və törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, təqsirləndirilən şəxsin şəxsiyyətini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, sosial ədalət baxımından cəzanın məqsədləri Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin olunduğu təqdirdə təmin edilə bilər. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs hazırki iş üzrə cinayət əməlini Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 30 noyabr 2022-ci il tarixli hökmündən əvvəl, yəni 08 iyul 2022-ci il tarixdə törətmişdir. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən, cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Məhkəmə hesab edir ki, Qanunun bu tələbi baxımından Təqsirləndirilən şəxs cinayətlərin məcmusu qaydasında birinci hökmlə təyin edilmiş cəza hazırki hökmlə təyin olunmuş cəza ilə toplanılmaqla qəti cəza təyin edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinin tələbinə görə Təqsirləndirilən şəxs ona təyin edilən azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin əvvəli 29 iyul 2022-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası CPM-nin 346.1 və 346.1.20-ci maddələrinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında digər məsələlərlə yanaşı həmçinin qətimkan tədbirinin ləğv edilməli, dəyişdirilməli və seçilməli (məhz hansı tədbirin) olubolmadığı məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). Həmin Məcəllənin 353.4.12-ci maddəsinə görə, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində hökm qanuni qüvvəyə minənədək məhkumun barəsində seçilmiş qətimkan tədbirinin həlli göstərilməlidir. İş materiallarında olan Quba rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli məhkəmə hazırlıq iclasının qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbiri seçilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri qüvvəsində saxlanılmalıdır. Məhkəmə hazırki cinayət işi üzrə mülki iddiaçı Zərərçəkmiş şəxs tərəfindən Təqsirləndirilən şəxs qarşı verilmiş mülki iddia ilə bağlı aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası CPM-nin 181.1-ci maddəsinə əsasən əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı aşağıdakı hallarda mülki iddia verməyə haqlıdır: 181.1.1. ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda; 181.1.2. ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda. Azərbaycan Respublikası CPM-nin 179.1 və 179.2-ci maddələrinin tələblərinə əsasən, cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Eləcə də, Mülki-Prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar Cinayət-Prosessual Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. Həmin Məcəllənin 179.3-cü maddəsinə əsasən, mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. Eyni Məcəllənin 354.1 və 354.1.1-ci maddələrinə görə, məhkəmənin hökmündə mülki iddianın əsaslarının və məbləğinin sübuta yetirilməsindən asılı olaraq iddianın tam və ya qismən təmin edilməsi əks etdirilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci məddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Həmin Məcəllənin 52.5-ci maddəsinə görə iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.3-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilindiyi üçün ona bu əməlin törədilməsi ilə əlaqədar mülki iddiaçı Zərərçəkmiş şəxs vurduğu ziyan təqsirləndirilən şəxs tərəfindən ödənilməlidir. Məhkəmə hesab edir ki, mülki iddia təmin edilməli, cinayət nəticəsində vurulmuş 1837 manat məbləğində maddi ziyan və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 39 manat Təqsirləndirilən şəxs tutularaq Zərərçəkmiş şəxs ödənilməlidir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində qeyd olunmuş əmlakın müəyyən olunmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs xüsusi müsadirə cinayət-hüquqi tədbiri tətbiq olunmamalıdır. Həmçinin, məhkəmə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi məqsədi ilə Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 07 saat üçün 42 manat pulun Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli qərarına əsasən dövlət büdcəsindən tutulub Quba rayon Vəkil Bürosunun hesabına ödənilməsini əsaslı hesab edir İş üzrə maddi subut yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351-356-cı maddələrini rəhbər tutaraq, məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 30 noyabr 2022-ci il tarixli hökmü ilə təyin edilmiş 03 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzası hazırki hökm üzrə təyin olunmuş cəzaya qismən birləşdirilməklə Təqsirləndirilən şəxs qəti olaraq 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli 29 iyul 2022-ci tarixdən hesablansın. Hökmün icrası Quba rayon Polis şöbəsinə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına tapşırılsın. Zərərçəkmiş şəxs mülki iddiası təmin edilsin. Təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs cinayət əməli nəticəsində vurulmuş zərərin əvəzi olaraq 1837 manat və dövlət rüsumunun əvəzi 39 manat zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs xeyrinə tutulsun. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 7 (yeddi) iş saatına görə 42 (qırx iki) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsindən Quba rayon Vəkil Bürosunun hesabına (H/h AZ62İBAZ**********9350293257, Bank rekvizitləri: ABB Quba filialı, VÖEN: **********, Kod: 805476) köçürülsün. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökm apelyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdıqdan sonra qüvvəyə minir. Hakim: Vüqar Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar