Məhkəmə qərarları › İş №1(027)-12/2025

Quba Rayon Məhkəməsi Hökm — İş №1(027)-12/2025

21.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Quba şəhəri İş № 1(027)-12/2025 21.01.2025 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Samir Əlibala oğlunun sədrliyi, Muradov Əli Şakir oğlunun katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, X5, zərərçəkmiş şəxs X6, təqsirləndirilən şəxs X25 və onun müdafiəçisi Quba rayon Vəkil bürosunun vəkili X13 iştirakları ilə 29 noyabr 1984-cü il tarixdə Quba şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işsiz, subay, Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 15 yanvar 2008-ci İl tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 120.1, 67-cı maddəsi ilə təqsirli bilinərək 10 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və 17 avqust 2017-ci il tarixdə cəzasının sonu ilə azad edilmiş, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2sində “polisin nəzarəti altına vermə" qətimkan tədbiri seçilmiş X14 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X25 25 mart 2024-cü il tarixdə, saat 21:30 radələrində Quba şəhəri köhnə avtovağzal ərazisində yerləşən, icarə əsasında işlətdiyi “Quba” çay evində alkoqol sərxoşluğu vəziyyətində ictimai qaydanı kobud surətdə pozan və cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli hərəkətlərlə orada müştəri qismində əyləşmiş kənar şəxslərin olmasına əhəmiyyət vermədən çay evində ofisiant işləyən X10 müştərilərin sifarişini qəbul etmədiyini əsas gətirərək əvvəlcə sillə zərbəsi bir dəfə sifətinə, sonra ünvanına nalayıq ifadələr işlətməklə yenidən sillə zərbəsi bir dəfə sifətinə daha sonra yumruq zərbələri hər iki qollarına və başına vurmuş, öz qərəzli hərəkətlərini davam etdirələk onun bu hərəkətlərindən qorxub qaçmaq istəyən Yeganə Həsənovanın saçından tutaraq başını aşağı əyib diz zərbəsi ilə iki dəfə sifət nahiyəsinə qəsdən vurmaqla Yeganə Həsənovaya dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərər vurmaya aid “hər iki göz orbiti ətrafında, burnunun üstündə qançır-hematoma, sol qaşın üzərində əzilmiş-cırılmış yara, sağ və sol bazuda qançırlarından ibarət xəsarətlər yetirməklə döyərək, ictimai qaydanı kobud surətdə pozan və cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq edilməsi ilə müşayiət edilən ətrafdakı şəxslərin rahatlığının və sözügedən çay evinin normal iş fəaliyyətinin pozulmasına səbəb olan həmin qərəzli hərəkətləri ilə xuliqanlıq etmişdir. Bununla da, X25 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə, sadələşdirilmiş icraat materialları ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (CPM) 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, təhqiqat və məhkəmə protokollarını, ekspertiza rəyini və digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs X14 əməlində cinayət tərkibi vardır, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, məhkəmə iclasında iş üzrə təqsirləndirilən şəxs X25 Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə ona elan olunmuş ittihamda özünü təqsirli bilərək, ifadəsində göstərdi ki, 2023-cü ilin dekabr ayından Quba şəhəri, köhnə avtovağzal ərazisindəki ikimərtəbəli tikilinin ikinci mərtəbəsində yerləşən “Quba” çay evini icarə əsasında tanışları Kamil Həmzəliyev və Günəş Mürsəliyeva ilə birlikdə işlədir. X10 2023-cü ilin noyabr ayının sonlarında tanımışdır. 2023-cü ilin noyabr ayının sonlarında Quba şəhəri, Heydər Əliyev prospektində yerləşən "QafqazOil" yanacaqdoldurma məntəqəsində tanış olmuş, sonuncu özünə iş axtardığını bildirmiş onu işlətdiyi çayçıda işlə təmin etmişdir. 25 mart 2024-cü il tarixdə saat 20 radələrində Yeganənin tanışı Bəhruz adlı şəxs yanında iki nəfər şəxs ilə birlikdə çay evinə gəlmiş və masa arxasında əyləşmişlər. Yeganə də onlarla birlikdə oturub içki içmişdir. O Yeganəyə iş rejimini pozaraq spirtli içki qəbul etməsinə görə irad bildirmiş və masadan qalxıb müştərilərdən sifarişləri götürülməsini tələb etmişdir. Lakin Yeganə hərəkətlərinə davam edərək, içkili olmasını və sifarişləri götürməyəcəyini bildirmişdir. O Yeganəni mətbəxə çağırmış və "çantanı da götürüb get, işdən azadsan, gedə bilərsən, mənə belə işçi lazım deyil" demiş və Yeganənin hərəkətlərindən əsəbləşib sonuncunun sifətinin sol tərəfindən sillə ilə bir dəfə vurmuşdur. Məhkəmədə verilən suallara cavab olaraq bildirdi ki, o da Yeganə də həmin gün sərxoş olmuşlar. Yeganənin dediklərinin çoxu yalandır. Yeganə iş rejimini pozaraq spirtli içki qəbul edib müştərilərin sifarişini qəbul etmədiyindən və onun ailəsinin ünvanına nalayiq ifadələr işlətdiyinə görə əsəbləşərək Yeganəni bir dəfə söyərək sifətinin sol tərəfindən bir dəfə sillə zərbəsi ilə vurmuşdur. Yeganəyə başqa xəsarətlər yetirməmişdir. Həmin vaxt hadisəni görən şəxslər arasında Yeganənin tanışları və tanımadığı digər müştərilər olmuşdur. Bundan sonra aralarında barışıq əldə olunsa da, sonradan ona məlum olmuşdur ki, Yeganənin şikayəti əsasında barəsində iş açılmışdır. Hərəkətləri xoşuna gəlmədiyi üçün zərərçəkmişi vurmuşdur. Hazırda Yeganə ilə barışmışlar. Sonda təqsirləndirilən şəxs əməlindən peşman olmasını, zərərçəkmiş şəxslə barışdığını nəzərə alaraq, ona ən yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında iş üzrə zərərçəkmiş şəxs X15 ifadəsində bildirdi ki, 2023-cü ilin dekabr ayının ortalarında X14 işlətdiyi Quba şəhəri, köhnə avtovağzal ərazisində yerləşən “Quba” çay evində ofisiant işləməyə başlamışdır. 25 mart 2024-cü il tarixdə saat 20 radələrində o, çay evində masalardan birinin arxasında tanıdığı müştərilərlə, yəni Bəhruz, Bəhruzun tanışı Etibar və bibisi oğlu Rüstəm ilə birlikdə əyləşmiş və spirtli içki içmişdir. Tural onu yanına çağırıb müştərinin sifarişini qəbul etməyi bildirmiş, o da içkili və halsız olduğu üçün müştəridən sifariş götürməkdən imtina etmişdir. Tural onun əyləşdiyi masaya yaxınlaşaraq onu nalayiq ifadələrlə söymüş və sifətinin sol tərəfindən sillə zərbəsi ilə bir dəfə vurmuşdur. Məhkəmədə verilən suallara cavab olaraq bildirdi ki, hadisə 25 mart 2024-cü il tarixdə saat 21 radələrində “Quba” adlı çay evində olmuş və həmin vaxt çay evində müştərilər olmuşdur. O, müştəridən sifərişləri götürmədiyi üçün Tural onu vurmuşdur. Tural əvvəl onu sillə ilə vurmuş, o, qaçmağa çalışdığı üçün Tural ona başqa xəsarətlər də yetirmişdir. Həmin vaxt çox içki içdiyindən hadisənin tam xatırlamır. Sonda zərərçəkmiş şəxs bildirdi ki, təqsirləndirilən şəxslə barışmış və ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Eyni zamanda zərərçəkmiş şəxs X15 məhkəmə istintaqı zamanı notarial təsdiqli ərizə təqdim edərək, X25 tərəfindən ona dəymiş ziyan tam ödənildiyini və onun Tural Cəfərova qarşı şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş X17 ibtidai istintaqa verdiyi ifadəsini təsdiq edərək bildirdi ki, X18 tanısa da, qohumluq münasibətləri yoxdur. X8 şəhəri, köhnə avtovağzal ərazisində yerləşən “Quba” çay evini işlədir, X15 isə həmin çay evində ofisiant işləmişdir. Hadisə 25 mart 2024-cu ıl tarixdə saat 21:30 radələrində “Quba” çay evində işçi və müdriyyət arasında olmuşdur. Hadisə baş verən gün o, tanışları ilə çayçıda əyləşib yemək yeyən zaman X2 Yeganə İbrahim qızına müştərilərin sifarişini qəbul etməsini demiş, sonuncu da içkili olduğundan sifarişləri qəbul etməkdən imtina etmişdir. Tural bundan sonra əsəbləşib Yeganədən işdən çıxmasını tələb etmişdir. Bununla bağlı aralarında mübahisə yaranmış və Tural Yeganənin sifətindən bir dəfə sillə ilə vurmuşdur. X26 yumruqla döyməsini görməmişdir. Onlardan başqa çayçıda əlavə altı nəfər olmuşdur. Məhkəmədə şahid qismində dindirilmiş X24 ibtidai istintaqa verdiyi ifadəsini təsdiq edərək bildirdi ki, X18 tanımır. X17 ilə çayçıda oturub çay içmişlər. X8 şəhəri, köhnə avtovağzal ərazisində yerləşən “Quba” çay evini işlədir, X15 isə həmin çay evində ofisiant işləmişdir. X15 içkili olmuş, Tural isə Yeganədən müştərilərin sifarişini qəbul etməsini demiş, sonuncu da Turalın ünvanına nalayiq ifadələr işlədərək sifarişləri qəbul etməyəcəyini bildirmişdir. Tural bundan sonra əsəbləşib Yeganədən sifətindən bir dəfə sillə ilə vurmuşdur. İttiham aktının siyahısında şahid kimi göstərilmiş X19 məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. X1 ifadəsi məhkəmədə elan olunan zaman məlum oldu ki, 25 mart 2024-cu ıl tarixdə saat 18:30 radələrində Turalın ona dediyi müştərilər, yəni əvvəllər tanımadığı və həmin vaxt tanıyaraq adlarını bildiyi Bəhruz, Etibar və Rüstəm adlı şəxslər çay evinə gələrək yemək sifariş etmişlər. Yeganə də onlarla oturmuşdur. Rüstəm gedib marketdən araq alaraq gətirmişdir. O, yemək bişirməyə başlamışdır. Tural da gedib onlarla oturmuşdur O yeməyi bişirib onlara verəndən sonra onu masaya dəvət etmişlər ki, “gəl birlikdə içək”, o da dəvəti qəbul edərək onlarla birlikdə yemək yeyərək araq içməyə başlamışlar. Bir az içəndən sonra çay evinə 3-4 nəfər müştəri gəldiyi üçün Tural masadan qalxıb piştaxtanın arxasındakı mətbəx kimi istifadə olunan yerə getmiş və 2-3 dəqiqə sonra Yeganəni yanına çağırıb ki, müştərilərin sifarişini qəbul etməyi tapşırmışdır. Yeganə içkili olduğu uçun müştərilərə yaxınlaşa bilməyəcəyini demişdir. Buna görə Tural və Yeganə arasında yaranmış söz mübahisəsinin daha da böyüməməsi üçün müştərilərə o özu yaxınlaşmaq istəmiş, lakin Tural narazılıq edərək onu qoymamışdır ki, Yeganə ofisiantıdır, müştərilərə ozü yaxınlaşmalıdır. Buna baxmayaraq Yeganə müştərilərə yaxınlaşmamışdır. Bır neçə dəqiqə sonra Yeganə sifətini tutub onların əyləşdiyi masaya yaxınlaşaraq gəlmiş və onlara demişdir ki, "Tural məni vurdu". Piştaxtanın arxasında olan Tural da bır neçə dəqiqə sonra onların əyləşdiyi masaya yaxınlaşaraq sillə zərbəsi ilə Yeganənin sifətinə bır dəfə vurmuş və onlar arasında mübahisə yaranmışdır. Tural yumruq və təpik zərbələri ilə Yeganəni vurmağa başlamışdır. O, isə Turalı sakitləşdirməyə çalışmışdır Bu vəziyyəti görən digər müştərilər çıxıb getmişlər. Bəhruzgil də Turalı ayırmağa çalışmışlar. O, polis gələcəyindən narahat olaraq çay evindən çölə çıxmış və yaxınlıqda dayanaraq yarım saat sonra çay evinə qaytmışdır. O, gələndə Yeganə çıxıb getmişdir o da oradan başqa çay evinə getmişdir. Tural Yeganəni döyən zaman hadisənin şahidi olmuş şəxslərdən tanıdıqları Bəhruz, Etibar və Rüstəm olmuşdur. Həmin vaxt hadisəni görən şəxslər arasında tanımadığı digər müştərilər də olmuşdur. Turalın Yeganəni döyməsi ilə bağlı hadisə 25 mart 2024-cü iİ tarixdə saat 21:30 radələrində Quba şəhəri, Köhnə Avtovağzal ərazisində yerləşən “Quba” çay evinin zal otağının baş tərəfində yerləşən mətbəx kimi istifadə olunan piştaxtanın arxasında başlamış, zal otağında davam etmişdir. Hadisə davam edərkən o, polis gələcəyindən ehtiyat edib çölə çıxdığı üçün hadisənin başa çatmasını görməmişdir. O, orada olan vaxt ərzində hadisə 10 dəqiqə idi ki, davam edirdi. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, təqsirləndirilən şəxs X14 Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətməsi, yəni xuliqanlı etməklə, X15 üzərində zor tətbiq etməklə sonuncuya xəsarət yetirməsi özünün etirafı ilə yanaşı iş materialları və aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, Məhkəmə-Tibbi Ekspertiza və X29-Təcrübi və Tədris Birliyinin (məhkəmə-tibbi ekspertizası) 26 mart 2024-cu li tarixli 226 nömrəli ekspert rəyindən görünür ki, X6 bədəni üzərində aşkar edilmiş xəsarətlər - “hər iki göz orbiti ətrafında, burnunun üstündə qançırhematoma, sol qaşın üzərində əzilmiş- cırılmış yara qarnında göbəkdən solda, sağ və sol bazuda, sol budda, hər iki baldırda qançırlar, sol əlin arxa səthində sıyrılmış yara’’ küt əşyanın (əşyaların) təsirindən törənməklə yerinə yetirilmə müddəti qərarda göstərilən vaxta, yəni 25 mart 2024-cü il tarixə uyğun gəlir bu xəsarətlər qərarda göstərilən vəziyyətdə əmələ gələ bilər, dərəcəsinə görə sağlamlıqda qısa müddətə pozğunluq törətdiyindən sağlamlığa yüngül zərər vurmaya aiddir. “sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, X14 əməli Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsindən həmin məcəllənin 221.1-ci maddəsinə tövsif olunmuş, X14 barəsində Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” qərar qəbul edilərək ona həmin maddə ittiham elan olunmuş, cinayət işi üzrə zərərçəkmiş şəxsin ifadəsi, şahidlərin ifadələri, istintaq hərəkətlərinin protokolları, ekspert rəyləri və digər istintaq sənədləri sübut kimi qiymətləndirilmiş, məhkəmə-tibbi ekspertizasının rəyində göstərilmiş “hər iki göz orbiti ətrafında, burnunun üstündə qançır-hematoma, sol qaşın üzərində əzilmiş-cırılmış yara”dan ibarət xəsarətləri istər ayrı-ayrılıqda, istərsə də birlikdə dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərər vurmaya aid, “qarnında göbəkdən solda, sağ və sol bazuda, sol budda, hər iki baldırda qançırlar, sol əlin arxa səthində sıyrılmış yara”dan ibarət xəsarətlər istər ayrıayrılıqda, istərsə də birlikdə dərəcəsi təyin olmayan xəsarətlər növünə aid hesab edilmiş, X20 elan edilən ittihama yalnız hadisə vaxtı onun yetirdiyi “hər iki göz orbiti ətrafında, burnunun üstündə qançır-hematoma, sol qaşın üzərində əzilmiş-cırılmış yara, sağ və sol bazuda qançırlar” xəsarətləri daxil edilmiş, X14 törətdiyi cinayət əməlini qismən etiraf edərək, həmin vaxt o, X10 yalnız sillə zərbəsi ilə sifətindən bir dəfə vurduğunu, çay evinin zal otağında Yeganə Həsənova əvvəlcə sillə ilə sifətinə, sonra yumruq zərbələri hər iki qollarına və başına vurmadığını, Yeganə Həsənova qaçmaq istəyəndə saçından tutaraq başını aşağı əyib diz zərbəsi ilə iki dəfə sifət nahiyəsinə vurmadığını göstərməsi «özünü müdafiə» kimi qiymətləndirilsin. X14 həmin cinayət əməlini alkoqol sərxoşluğu vəziyyətində törətməsi kimi qiymətləndirilmiş, X6 ilkin araşdırma zamanı izahat verərək 3 gün gecə Quba çay evində onunla qalan Tural Cəfərovun hər gün onunla məcbur olaraq cinsi əlaqəyə girməsi, onu çay evində olan müşətərin masasında əyləşdirərək müştəri ilə otelə gedərək pul qarşılığında görüşməyə məcbur etməsi və əldə ediləcək pulu Tural Cəfərova verməyi bildirməsi, lakin o, razı olmadığı üçün çay evinin mətbəx kimi istifadə olunan yerində üzərinə bıçaq çıxarması, müştərilər ilə getmədiyi təqdirdə onu öldürəcəyi ilə hədələməsi, mübahisə zamanı onun mobil telefonunu əlindən alması, çantasında olan 300 manat pulunu götürməsi, həmçinin Tural Cəfərov əvvəllər onun hesab kartında olan 43 manat pulunu çıxarması və onu həmin çay evində döyməsi ilə bağlı göstərdiyi faktlar öz təsdiqini tapmadığı üçün həmin xüsustlar üzrə cinayət işinin başlanması rədd edilmişdir. X7 barəsində Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə cinayət təqibin başlanması rədd edilmiş, X6 barəsində Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə cinayət təqibin başlanması rədd edilmiş, X6 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 187.2-ci maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmiş, X7 barəsində Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə cinayət təqibin başlanması rədd edilmişdir. Beləliklə, təqsirləndirilən şəxs X14 Azərbaycan Respublikası CM-in 221.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini təqsirli olaraq törətməsi məhkəmə istintaqı zamanı tam sübuta yetirilir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plemumunun «Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında» xx.xx.2004-cü il tarixli 1 saylı Qərarının 2-3-cü bəndlərində göstərilir ki, «Cinayət Məcəlləsinin xuliqanlığa görə məsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə, təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür. Məhkəmələrin diqqəti xuliqanlıq cinayətinin digər oxşar cinayətlərdən fərqləndirilməsi zəruriyyətinə cəlb edilməlidir. İzah edilməlidir ki, ictimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında, şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən, zərər çəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisə və ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunur. Şəxsi münasibətlər zəminində başlanılmış belə hərəkətlər sonradan ictimai qaydanı kobud surətdə pozmağa və cəmiyyətə qarşı açıq-aşkar hörmətsizlik ifadə edən hərəkətlərə çevrilərsə, onda şəxsin əməli xuliqanlıq kimi qiymətləndirilə bilər.» Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında göstərilir: «Cinayət qanunvericiliyində xuliqanlıq cinayəti ictimai təhlükəsizlik əleyhinə olan cinayətlər kateqoriyasına aid edilmiş, onun əsas obyekti kimi ictimai qayda, əlavə obyekti qismində isə insanların sağlamlığının, şərəf və ləyaqətinin, habelə mülkiyyətin mühafizəsi ilə bağlı olan ictimai münasibətlər çıxış edir. İctimai təhlükəsizlik əleyhinə olan cinayətlər ictimai qaydanın, şəxsiyyətin təhlükəsizliyinin və sağlamlığının, şərəf və ləyaqətinin, şəxsi və dövlət əmlakının qorunmasını, eləcə də insanların əmək və istirahətini, müəssisə və təşkilatların normal fəaliyyətini təmin etmək üçün qanunvericilikdə müəyyən edilmiş qaydaları pozan ictimai təhlükəli əməllərdir. Məhkəmə iclasında araşdırılan sübutlara qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin əməlində xuliqanlıq cinayətinin əlamətləri vardır və onun əməli Azərbaycan Respublikası CM-in 221.1-ci maddəsi ilə düzgün tövsif edildiyindən, o həmin maddə ilə məsuliyyət daşımalıdır. Odur ki, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə təqsirləndirilən şəxs X21 barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. X20 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən, hesab edir ki, X20 cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri, həmçinin aşağıda qeyd olunanlar da nəzərə alınmalıdır. İş materiallarında olan: “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” 09 iyul 2024-cü il tarixdə qərardan görünür ki, X25 təqsirləndirilən şəxs qismində cəlb edilərək ona CM-nin 221.1-ci maddəsi ilə ittiham elan olunmuşdur; “qətimkan tədbirinin seçilməsi haqqında” 28 oktyabr 2024-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə təqsirləndirilən şəxs X25 barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir; Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin verdiyi yoxlamaya dair tələbnamədən görünür ki, X9 Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 15 yanvar 2008-ci İl tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 120.1, 67-cı maddəsi ilə təqsirli bilinərək 10 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və 17 avqust 2017-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 15 yanvar 2008-ci İl tarixli 1(101)-90/2008 saylı hökmündən görünür ki, X25 Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 10 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Cəzasının əvvəli 17 avqust 2007-ci il tarixdən hesablanmışdır. Quba RİHB-nın Quba şəhər İƏD üzrə nümayəndəliyinin xx.xx.2024-cü il tarixli arayış və xasiyyətnamədən görünür ki, X14 ünvan 1 ünvanında qeydiyyatdadır, hazırda Quba şəhəri, Cəfər Cabarlı küçəsi, ev 84 ünvanında yaşayır. X25 barəsində nümyəndəliyə şikayət və narazıçılıq daxil olmamışdır. Azərbaycan Respublikası CM-nın CM-nin: 15.5. Bu Məcəllə ilə qəsdən törədilməsinə görə on iki ildən artıq azadlıqdan məhrum etmə cəzası və ya daha ağır cəza nəzərdə tutulmuş əməllər xüsusilə ağır cinayətlər hesab olunur. 18.1. Qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. 18.4. Residivin müəyyən edilməsi zamanı aşağıdakılar nəzərə alınmır: 18.4.1. böyük ictimai təhlükə törətməyən cinayətlər. 83.3. Aşağıdakı hallarda məhkumluq ödənilmiş hesab olunur: 83.3.5. xüsusilə ağır cinayət törətməyə görə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən səkkiz il keçdikdə. Beləliklə, iş materiallarından göründüyü kimi, X14 Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 15 yanvar 2008-ci İl tarixli hökmü ilə yaranmış məhkumluğun 8 il müddətində axımı onun 17 avqust 2017-ci il tarixdə cəzasının sonu ilə azad edildiyi vaxtdan başlamış və hazırki ittiham üzrə cinayət əməlini 25 mart 2024-cu ıl tarixdə törədərkən ödənilməmiş və götürülməmişdir. X3 25 mart 2024-cu ıl tarixdə törətmiş olduğu cinayət əməli böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına aid edildiyindən, onun əməlinə qiymət verərkən, əvvəlki məhkumluğa görə residiv nəzərə alınmır. Azərbaycan Respublikası CM-nın CM-nin: 59-cu maddəsinə əsasən təqsirləndirilən şəxs X14 yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, əməlindən peşiman olmasını, zərərçəkmiş şəxslə barışmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır; 61-ci maddəsinə əsasən isə məhkəmə təqsirləndirilən şəxs X14 əməlində nəzərdə tutulan cəzanı ağırlaşdıran halların olmadığını müəyyən edir. Məhkəmə cəza məsələsini müzakirə edərkən, X14 cəzasını yüngülləşdirən halları, ağırlaşdıran halların olmadığını nəzərə alaraq hesab edir ki, ona təyin olunan cəza ədalətli olmaqla yanaşı, törətdiyi cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə, həmin cinayətin törədilməsi halına, onun özünün şəxsiyyətinə tam uyğun olmalıdır. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri X20 Azərbaycan Respublikası CM-nın 221.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Belə ki, Azərbaycan Respublikası CM-nin: 8.1-ci maddəsinə əsasən “cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır”. 58.3-cü maddəsinə görə “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır”. 41.2-ci maddəsinə əsasən “cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir”. 58.1-ci maddəsinin tələblərindən görünür ki, “cinayət törətməkdə təqsirli bilinən şəxsə bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir”. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 №-li qərarının, 45-ci bəndində qeyd olunmuşdur ki, “məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər”. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz Qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə yuxarıda göstərilənlərə əsasən, hesab edir ki, X20 cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə X14 cəmiyyətdən təcrid olunmadan islah edilməsinin mümkünlüyü qənaətinə gələrək, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədəuyğun sayır. Odur ki, X25 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Belə olan halda, azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş X14 üzərinə CM-nin müvafiq maddələrində nəzərdə tutulan vəzifələr qoyulmalıdır. Belə ki, Azərbaycan Respublikası CM-nin: 52-1.1. Azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti X14 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Belə ki, Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin: 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir; 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır; 51-3.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir; Məhkəmə hesab edir ki, X14 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında» 07 mart 2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə görə məhkəmə, hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli olan əmlakın olub-olmaması məsələsini həll etməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1 və 99-1.1.1-ci maddəsinə əsasən məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) Xüsusi müsadirə olunan əmlak hesab olunur. Məhkəmə xüsusi müsadirə ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, iş üzrə belə bir əmlak olmadığından təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə ilə bağlı müddəa tətbiq edilməməlidir. Həmçinin məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs X16 məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Quba rayon Vəkil Bürosunun vəkili X22 dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə, hesab edir ki, X16 dövlət hesabına hüquqlarını müdafiə etmiş Quba rayon Vəkil bürosunun vəkili X4 etdiyi hər iş saatına görə 6 (altı) manat hesablanmaqla, 8 (səkkiz) iş saatına görə 48 (qırx səkkiz) manat Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli qərarına əsasən dövlət büdcəsindən tutulub Quba rayon Vəkil Bürosunun hesabına ödənilməsini əsaslı hesab edir. İş üzrə mülki iddia, maddi sübut məsrəfi yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1, 344-353, 356, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: X25 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 09 (doqquz) ay müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti X14 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. X14 üzərinə Quba rayonunun hüdudlarını tərk etməmək, axşam saat 23:30-dan səhər saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. X14 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. X14 məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Quba rayon Vəkil Bürosunun vəkili X4 etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 8 (səkkiz) iş saatına görə 48 (qırx səkkiz) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsindən Quba rayon Vəkil Bürosunun hesabına köçürülsün. Hökmün icrası Quba rayon İcra və probasiya şöbəsinə həvalə olunsun. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökm apelyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdıqdan sonra qüvvəyə minir. Hakim: Samir Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar