Məhkəmə qərarları › İş №1(027)-120/2024

Quba Rayon Məhkəməsi Hökm — İş №1(027)-120/2024

21.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Quba şəhəri İş № 1(027)-120/2024 21.05.2024 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon və (şəhər) məhkəmələrində dövlət ittihamının müdafisəi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçi Quba rayon Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxx 1983-cü ildə Quba rayonu, Vladimirovka kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, himayəsində iki azyaşlı övladı olan, məhkum olunmayan, Quba rayonu, Vladimirovka kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin materiallarına Quba Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 09 yanvar 2024-cü il tarixdə, saat 15 radələrində Quba rayonu, Vladimirovka kəndi ərazisində həmkəndlisi Zərərçəkmiş şəxs, sonuncunun yaşadığı evin həyət darvazasının küçə tərəfində, şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə ilə əlaqədar baş vermiş dalaşma zamanı əvvəlcə yumruqları ilə sifət nahiyyəsindən, tutaşıb yerə yıxıldıqdan sonra isə sağ əlinə götürdüyü daşla baş nahiyəsindən vuraraq sonuncunun başın təpə nahiyəsində solda və sağda, ənsə nahiyəsində yuxarıda sağda hərəsində bir yerdə əzilmiş-cırılmış yara, sifətində solda qançır, burnunun ucunda sıyrıq xəsarətini yetirməklə dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, tikintilərdə fərdi qaydada usta işləyir. Zərərçəkmiş şəxs həmkəndlisidir, onunla əvvəllər düşmənçiliyi və ədavəti olmamışdır. Zərərçəkmiş şəxs xahişi ilə 16 noyabr 2023-cü il tarixdən 26 noyabr 2023-cü il tarixədək həmkəndlisi Şahid1 ilə birlikdə Zərərçəkmiş şəxs evində suvaq işləri və hasarın üstünə dəmir lövhə quraşdırma işlərini görmüşlər. Zərərçəkmiş şəxs işlərində nöqsan olduğunu bildirib 260 manat məbləğində pulunu vermədiyi üçün işlərini tamamlamamışdır. 09 yanvar 2024-cü il tarixdə, saat 14:30 radələrində Sərxana zəng vurub telefonla danışaraq Sərxanın evində işlədiyi işçi alətlərini götürmək üçün gəlmək istədiyini bildirdikdə Sərxan telefonda “suvağın kvadratını bir manatdan işləyən usta var, sən dörd manatdan baha işləmisən, buna görə də sənə pul verən deyiləm” demişdir. O da Şahid1 götürüb idarə etdiyi avtomobili ilə Sərxanın yaşadığı evin qarşısına getmiş və evinin küçə darvazasının qarşısında avtomobili saxlayıb hər ikisi yerə düşmüşlər, sonra isə Sərxanı qapıdan səsləyib küçəyə çağırmışdır. Sərxanın atası Ramiz isə biraz aralıda öz avtomobilində küçədə dayanmışdır. Sərxan onun işçi alətləri darvazanın küçə tərəfində qoymuşdur. Alətləri götürüb avtomobilinə qoyaraq Sərxanı gözləmiş, az sonra Sərxan küçəyə, darvaza qarşısına çıxmış və Sərxanla görüşdükdən sonra demişdir ki, “mənə bir manata işləyən ustanın telefon nömrəsini ver”. Sərxan nömrəni demiş və zəng vurub həmin usta ilə telefonda danışmışdır. Danışdığı şəxs “əl çatan yerləri üç manata, qalan yerləri dörd manatdan işləyirəm” demiş, o da Sərxana “al özün də danış, gətir bizim üçün iki manatdan işləsin, ya da pulumuzu ver”, hətta 200 manat verməsinə də razı olmuşdur. Bu sözü deyən kimi Sərxan əvvəllcə əlləri ilə sinəsindən arxaya itələmiş, çevrilib getmək istədikdə Sərxan arxadan yan nahiyyəsinə astaca təpik vurmuş, ona tərəf çevrildikdə yumruqla sinəsindən vurmuş və o da yumruqla Sərxanın sifətindən vurmuşdur. Bundan sonra Sərxan əvvəlcə əlləri ilə boğazından tutub sıxmağa başlamış, sonra boynunu öz qolları arasına salıb sıxmışdır. Həmin vaxt Şahid1 yaxınlaşıb Sərxanı ondan ayırmaq istəmiş, lakin Sərxanın atası Şahid3 Adaya yaxınlaşıb Adanı tutub saxlayaraq Sərxana onun üçün “ver bunun dərsini” demişdir. Sərxan boynunu buraxmayıb qol gücündən istifadə edərək dartıb onu öz altına yerə yıxmış, nəticədə onun sol ayağı Sərxanın bədəni altında qalmışdır. Ayağında möhkəm ağrı hiss edərək qışqırmış, lakin Sərxan onu buraxmayıb bədəninə yumruqlar vurmuşdur. Çölə çıxan Sərxanın anası ilə arvadı yaxınlaşıb Sərxanı ondan ayırmışlar. Bundan sonra Sərxan yenidən üstünə əyilib yerdə qollarından tutaraq onu qucaqlayıb özünə sıxmışdır. O da əvvəlcə Sərxanın sifətinə əli ilə bir yumruq zərbəsi vurmuş, amma buraxmadığı üçün sağ əlinə yerdən ovuc boyda çay daşı götürüb iki dəfə yüngülvari Sərxanın baş nahiyyəsinə vurmuş, buraxmadığı üçün üçüncü dəfə möhkəm zərbə vurmuşdur. Bundan sonra Sərxanın anası ilə arvadı, Şahid1 və yoldan ötən qardaşı X4 ayırmışlar, sonra da onu avtomobilinə əyləşdirib xəstəxanaya aparmışlar. Zərərçəkmiş şəxs özündən uzaqlaşdırmaq üçün daşla üç dəfə vurmuşdur. Sonuncu zərbədən Sərxanın başı qanadığından anası ilə arvadı gəlib Sərxanı onun üstündən qaldıraraq ondan ayırmışlar. İfadəsinin sonunda Təqsirləndirilən şəxs bildirdi ki, Sərxan ona ardıcıl zərbələr vurmuş, o da özünü müdafiə etmək məqsədilə Sərxanın başından daşla vurmuşdur. Göstərilənləri nəzərə alaraq, baş verən hadisədə günahı olmadığı üçün məhkəmədən barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikasının Cinayət-Prossesual Məcəlləsinin 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Məhkəmə iclasına zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs göstərmişdir ki, Təqsirləndirilən şəxs həmkəndlisidir, əvvəllər onunla və ailə üzvləri arasında heç bir düşmənçilikləri və ədavətləri olmamışdır. Yaşadıqları evin təmiri üçün 2023-cü ilin noyabr ayında Azəri usta kimi çağırmış, Azər təxminən bir aya yaxın, yənin dekabr ayına kimi onun evində usta işləyib suvaq işləri görmüşdür. Azər əvvəl tək işləmiş, sonra Şahid1 adlı kənd sakinini özünə köməkçi kimi gətirmiş, əvvəl evin üstünün suvağını vurmuş, pulunu da artıqlaması ilə almışdır. Sonra həyətdə olan divarın suvağını vurmağa başlasada, işləri tamamlamamışdır. Azər ona vatsapda yazaraq 200 manat pul istəmiş, o da işi bitirməmiş pul verməyəcini bildirmişdir. 09 yanvar 2024-cü il tarixdə, saat 14:30 radələrində Azər zəng edib alətlərimi aparmağa gələcəyini bildirdikdən sonra o, Azərin alətlərini çıxarıb evin həyət darvazasının küçə tərəfinə qoymuşdur. Təxminən yarım saat sonra, Azər idarə etdiyi avtomobillə Şahid1 ilə birlikdə küçə darvazasının qarşısına gəlmişlər. Onlar gələndə o, evdə olmuş, atası Ramiz isə küçədə avtomobilini işə salıb bağa getməyə hazırlaşırmışdır. Azər evin qarşısına gəlib onu küçəyə çağırmış və özündən əvvəl evində usta işləmiş ustanın telefon nömrəsini istəmişdir. Küçəyə çıxıb Azərə ustanın telefon nömrəsini demiş, Azər onun yanında telefonda usta ilə nəsə danışmış və danışıb qurtardıqdan sonra “sən mənə deyirdin bu ustalar sənin üçün bir manata işləyib, amma indi isə 2 manata da razı deyillər” və onu söyüb “pulumu ver” demişdir. O Azərə söyüş söyməməsini demiş, Azər isə qəfildən sifətinə bir yumruq zərbəsi vurmuşdur. O da cavabında əlləri ilə Azərin əllərindən geri itələmiş və üzünü Adaya çevirdikdə Azər yerə əyilib sağ əlinə çay daşı götürərək üstünə gəlmişdir. Bu vaxt o, Azərin yaxasından yapışıb boynunu sol qolunun arasına salaraq sıxıb onu 5 metr aralıda saxladığı avtomobilinə tərəf aparmağa çalışmışdır ki, avtomobilinə əyləşdirib yola salsın. Həmin vaxt Azər sağ əlində tutduğu daşla başına zərbələr vurmuşdur. Onların səslərinə gələn anası Elmira onları ayırmaq istəmiş, lakin ayıra bilməmiş və o Azəri yerə yıxmış, özü də üstünə yıxılmışdır. Anası Elmira, atası Ramiz, avtomobildən yerə düşmüş Şahid1 və qonşuları Süleyman Məmmədov onları ayırmışlar. O, ayağa qalxmış, lakin Azər ayağa qalxa bilməmişdir. Dava bitdikdən sonra Azərin qardaşı Samir gəlmiş və Ada ilə birlikdə Azəri xəstəxanaya aparmışlar. Həmin vaxt ətrafda başqa şəxslər olmamışdır. Dalaşma zamanı Təqsirləndirilən şəxs əvvəlcə sifətinə yumruqla vurmuş, o, Azərin boynunu qolları arasında sıxanda baş nahiyyəsinə daşla vuraraq ona xəsarətlər yetirmişdir. Aralarındakı dalaşma Quba rayonu, Vladimirovka kəndində yaşadıqları evin həyətinin küçə tərəfində, həyət darvazasının qarşısında baş vermişdir və dava-dalaş təxminən 5 dəqiqə davam etmişdir. İfadəsinin sonunda zərərçəkmiş şəxs Təqsirləndirilən şəxslə barışmadığını bildirib, məhkəmədən onun qanunla nəzərdə tutulmuş qaydada cəzalandırılmasını xahiş etmişdir Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, həmkəndlisi Təqsirləndirilən şəxslə birlikdə 2023-cü ilin noyabr ayında təxminən 10 gün müddətində, həmkəndliləri Zərərçəkmiş şəxs evində suvaq işləri görmüşlər. Sərxan gördükləri işdə nöqsan olduğunu bildirib onların 260 manat məbləğində pullarını verməmişdir. 09 yanvar 2024-cü il tarixdə, saat 14:30 radələrində Azərlə başqa yerdə iş tapdıqları üçün, Sərxanın evində qalmış iş alətlərini götürmək üçün Azərin idarə etdiyi avtomobillə Sərxanın yaşadığı evin qarşısına getmişlər. Sərxanın yaşadığı evin qarşısına çatdıqda alətlərin darvazanın küçə tərəfində olmasını görmüşlər. Azərlə bir yerdə düşüb alətləri götürüb avtomobilin yük yerinə yığdıqdan sonra, yenidən avtomobilə, qabaq sağ oturacağa əyləşmişdir. Azər isə zəng vurub Sərxanı küçəyə çağırmışdır. Sərxan darvaza qarşısına çıxıb Azərlə görüşmüşdür. Azər Sərxandan telefon nömrəsi almış və gəlib avtomobilə oturaraq Sərxandan aldığı nömrəyə zəng vurub danışmışdır. Telefonda Azər danışdığı adamdan soruşmuşdur ki, “suvaq işini neçəyə görürsən”, həmin şəxs demişdir ki, “3 manata” və Azər düşüb telefonu möhkəm səsə qoyaraq Sərxana yaxınlaşıb həmin şəxsin danışığını Sərxana eşitdirmişdir və sonra telefonu şalvarının cibinə qoyaraq Sərxanla nəsə öz aralarında danışmışdır. Bundan sonra, Sərxan əlləri ilə Azərin sinəsindən arxaya itələmiş və Azər Sərxanın üstünə getmiş və bir-birlərinin yaxasından tutub dartışmağa başlamışlar. O, avtomobildən düşüb onlara tərəf qaçmış və ayırmağa çalışmış, lakin ayıra bilməmişdir. Sərxan Azərin boynunu öz qolları arasına salmış və Azəri arxası üstə yerə, altına yıxmış, yerdə isə digər əli ilə Azərin qarnına yumruqlar vurmağa başlamışdır. Yerdə onları ayırmağa çalışmış, amma Sərxan əlləri ilə Azərin boynunu möhkəm sıxdığından ayıra bilməmişdir. Həmin vaxt Azər əvvəlcə əlləri ilə Sərxanın sifətinə, başına yumruqlar vurmuş, sonra isə sağ əlini atıb yerdən götürdüyü çay daşı ilə Sərxanın baş nahiyyəsinə bir neçə zərbə vurmuş, Sərxanın başı qanamışdır. Həmin vaxt Sərxanın anası, atası və arvadı da köməyə gəlib onunla birlikdə Sərxanı dartıb Azərdən ayırmışlar. Azər isə yerdə qalmış, qışqırmışdır ki, sol ayağı ağrıyır, qalxa bilmir. Sərxan isə ayağa qalxdıqdan sonra başında qanı görüb yerdə uzanıqlı vəziyyətdə qalmış Azərin ayaqlarına zərbələr vurmağa başlamışdır. Yenə onları ayırmış və valideynləri Sərxanı həyətə salmışlar. Həmin vaxt yoldan keçən Azərin qardaşı Samir bu vəziyyəti görüb həmin yerə gəlmiş və köməkləşib Azəri avtomobilə qoyub xəstəxanaya aparmışlar, Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun oğludur. 09 yanvar 2024-cü il tarixdə saat 15 radələrində yaşadığı evin mətbəx otağında olarkən küçədən oğlu Sərxanla Təqsirləndirilən şəxs mübahisə etdiklərinin eşidib küçəyə çıxdıqda Sərxanın Azərin boynunu qolları arasında tutduğunu, Azər isə əlində olan daşla Sərxanın başına zərbələr vurduğunu, hər ikisinin ayaq üstə olmasını görmüşdür. Sərxanın başından qan axdığı üçün o, qışqırmış və həmin vaxt Sərxanla Azər birlikdə yerə, qumun üstünə yıxılmışlar. Həmin vaxt o, gəlinin, əri Ramiz və orada olan həmkəndliləri Ada onları ayırmışlar və Sərxanı ayağa qaldırıb həyətə aparmışlar. Dava-dalaş zamanı kimin kimin üstünə yıxılmasını görməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, 09 yanvar 2024-cü il tarixdə, saat 15 radələrində evlərinin küçə darvazasının qarşısında saxladığı avtomobilinin arxa yük yerinə bağa getmək üçün termosla bel qoyduğu vaxt Sərxanı kiminsə darvazadan çağırdığını eşidib, avtomobilin qarşısına keçəndə oğlu Sərxanın bir müddət əvvəl onların evində suvaq işləri görən Azər adlı həmkədlilərini itələyərək darvazadan çölə çıxardığını görmüşdür. Həmin vaxt Azər Sərxanın başına yumruqla vurduğu üçün, onlar bir-birilərin yaxasından tutmuşlar. Azərin avtomobilində olan Ada adlı həmkəndliləri maşından düşüb Sərxanla Azərə yaxınlaşaraq Sərxanı tuttduğu üçün. O, Şahid1 tutub kənara çəkmiş və Sərxanın başından qan gəldiyni görmüşdür. Sərxan qolları ilə Azərin boynundan yapışmış, Azər isə əlləri ilə Sərxanın başına zərbələr vurmuşdur. Sərxanla Azər yerə, qumun üstünə yıxılmışlar. Bundan sonra, küçəyə çıxmış arvadı Elmiranın, gəlininin və Adanın köməkliyi ilə Sərxanla Azəri biri-birindən ayırmışlar. Həmin vaxt küçədən keçən Azərin qardaşı da ora gəlib Şahid1lə birlikdə Azəri yerdən qaldırıb avtomobilə mindirib oradan getmişlər. İş üzrə təyin edilib keçirilmiş məhkəmə-tibb ekspertizasının 15 yanvar 2024-cü il tarixli 27 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşkar olunan xəsarətlər- başın təpə nahiyəsində solda və sağda, ənsə nahiyəsində yuxarıda sağda hərəsində bir yerdə əzilmiş-cırılmış yara, sifətində solda qançır, burnunun ucunda sıyrıq küt əşyanın (əşyaların) təsirindən törənməklə yetirilmə müddətləri 09 yanvar 2024-cü il tarixə uyğun gəlir, dərəcəsinə görə sağlamlıqda qısa müddətə pozğunluq törətdiklərindən sağlamlığa yüngül zərər vurmaya aiddir. Məhkəmə təqsirləndirilən şəxsi, zərərçəkmiş şəxsi və şahidləri dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri özünün etirafedici ifadəsi ilə yanaşı zərərçəkmiş şəxsin ifadəsi, şahid ifadələri, iş üzrə təyin edilib keçirilmiş məhkəmə-tbb ekspertizasının müvafiq rəyi və məhkəmə istintaqı zamanı təhqiqi edilmiş digər subutlaral tam sübuta yetirilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə tövsif olunmuş və ona həmin maddənin sanksiyası daxilində cəza təyin edilməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, habelə əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin tələblərinə müvafiq olaraq, cəza təyin edərkən məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təyin olunan cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsinə görə sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunan Azərbaycan Respublikası DİN-in BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamışdır. İş materiallarına əlavə olunmuş Quba rayon İHB-nin Talabi İnzibati Ərazi X3 tərəfindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Quba rayonu, Vladimirovka kəndində qeydiyyatda olmaqla yaşayır. Onun arvadı - xx.xx.1994cü il təvəllüdlü X1, oğlu - xx.xx.2011-ci il təvəllüdlü X6 və qızı - xx.xx.2015-ci il təvəllüdlü X2 ibarət ailə tərkibi vardır. Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə böyük ictimai təhlükə törtəməyən cinayət əməli törətməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, himayəsində iki azyaşlı uşağın olmasını ona təyin ediləcək cəzanı yüngülləşdirən hallar hesab edir. İş üzrə Təqsirləndirilən şəxs təyin ediləcək cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, habelə təqsirkarın şəxsiyyəti, cəzanı yüngülləşdirən halların olduğunu, cəzanı ağırlaşdıran halların olmadığını nəzərə alaraq, onun cəmiyyətdən təcrid edilmədən islah edilməsini mümkün sayaraq, ona ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulan cəza növü- islah işləri cəzasının tətbiq edilməsi qənaətinə gəlir və hesab edir ki, bu cəza ilə cəzanın məqsədlərini təmin etmək mümkündür. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə 49-cu maddəsinə görə islah işləri iki aydan iki ilədək müddətə təyin edilir və həmin cəza məhkumun iş yeri üzrə çəkilir. İslah işlərinə məhkum olunmuş şəxsin qazancından dövlət nəfinə beş faizdən iyirmi faizədək məbləğdə pul tutulur. Təqsirləndirilən şəxs hazırda rəsmi qeydə alınmaqla iş yerinin olmaması barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə 49-cu maddəsinə islah işləri cəzasının təyin edilməsinə maneə deyildir, belə ki, Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 43.3-cü maddəsinə əsasən işsiz məhkum özü işə düzəlməli və ya icra məmurunun iştirakı ilə məşğulluq xidməti orqanında qeydiyyata durmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı onun qazancından dövlət nəfinə ilkin tutulmaların aparıldığı vaxtdan hesablanmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi məqsədi ilə Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə üçün 04 (dörd) iş saatına görə 24 (iyirmi dörd) manat məbləğində vəsaitin Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli qərarına əsasən dövlət büdcəsindən tutulub Quba rayon Vəkil Bürosunun hesabına ödənilməsini əsaslı hesab edir. “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər eidlmasi haqqında” 07 mart 2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə görə məhkəmə, hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli olan əmlakın olub-olmaması məsələsini həll etməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1 və 99-1.1.1-ci maddəsinə əsasən məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) Xüsusi müsadirə olunan əmlak hesab olunur. Məhkəmə xüsusi müsadirə ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, iş üzrə belə bir əmlak olmadığından təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə ilə bağlı müddəa tətbiq edilməməlidir. İş üzrə maddi sübut, mülki iddia iddia və məhkəmə xərcləri yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət – Prosessual Məcəlləsinin 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona, qazancından 10 (on) faiz dövlət nəfinə pul tutulmaqla 06 (altı) ay müddətinə islah işləri növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını iş yeri üzrə çəksin və cəzaçəkmə müddətinin başlanğıcı onun qazancından 10 (on) faiz dövlət nəfinə pul tutulduğu vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 04 (dörd) iş saatına görə 24 (iyirmi dörd) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsindən Quba rayon Vəkil Bürosunun hesabına (H/h AZ62İBAZ**********9350293257, Bank rekvizitləri: ABB Quba filialı, VÖEN: **********, Kod: 805476) köçürülsün. Hökmün icrası Quba rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Hökm elan olunduğu andan 20 gün müddətində Quba Rayon Məhkəməsinin vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya protesti və ya şikayəti verilmədikdə, həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Vüqar Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar