Məhkəmə qərarları › İş №1(027)-120/2025

Quba Rayon Məhkəməsi Hökm — İş №1(027)-120/2025

14.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Quba şəhəri İş № 1(027)-120/2025 14.10.2025 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Samir Əlibala oğlunun sədrliyi məhkəmə iclas katibi Muradov Əli Şakir oğlunun katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi X1 iştirakı ilə xx.xx.1990-cı il tarixdə Quba rayonu, Səbətlər kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta-ixtisas təhsilli, işsiz, məhkumluğu olmayan, Quba rayonu, Səbətlər kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 28 may 2025-ci il tarixdə, saat 00:40 radələrində Quba rayonu, Vladimirovka kəndində yerləşən icarə əsasında işlətdiyi “505” adlı marketdə olarkən ora müştəri qismində gəlmiş həmkəndlisi Zərərçəkmiş şəxs mağazaya borcu olduğu halda yenidən nisyə mal istəməsinə görə sonuncu ilə aralarında baş vermiş mübahisə zamanı Zərərçəkmiş şəxs mağazanın vitrinlərin aşırması və onun boyununun sağ hissəsindən zərbə endirməsi səbəbindən əsəbləşərək törədəcəyi ictimai təhlükəli əməli dərk edib bunu arzu edərək Zərərçəkmiş şəxs üz nahiyyəsinə qəsdən yumruq ilə bir dəfə zərbə vurmaqla ona “hər iki göz orbiti ətrafında qançır-hematoma, alnında sağda və ənsədə solda yumşaq toxumanın əziyi və qançırı, sol dirsəkdə sıyrıq” ilə müşayiət olunan xəsarətlər yetirməklə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə, cinayət işi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (CPM) 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, təhqiqat və məhkəmə protokollarını, ekspertiza rəyini və digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək izahatında göstərdi ki, Zərərçəkmiş şəxs onun həmkəndlisidir. Aralarında heç vaxt ədavət olmamış, münasibətləri həm özü və ailəsi ilə həmişə yaxşı olmuşdur. Özü Quba rayonu, Vladimirovka kəndində icarə müqaviləsi əsasında “505” adlı marketi işlədir. 28 may 2025-ci il tarixdə təxminən saat 00:40 radələrində həmkəndlisi Zərərçəkmiş şəxs sərxoş halda mağazaya daxil olmuş, ona yaxınlaşaraq nisyə siqaret və içki istəmiş, o isə nisyə mal vermədiyini demişdir. Elgün səbəbsiz yerə onunla mübahisə edərək təhqir etmişdir. O Zərərçəkmiş şəxs sakitləşdirməyə çalışmış, lakin Zərərçəkmiş şəxs ona məhəl qoymadan təhqir etməyə davam etmişdir. Zərərçəkmiş şəxs əli ilə kassa masasının üzərinə vurmuş, həmçinin vitrində olan ərzaq mallarını dağıtmışdır. Daha sonra Zərərçəkmiş şəxs yumruqla onun boyununun sağ hissəsindən vurmuşdur. O, da Zərərçəkmiş şəxs itələmiş və üz nahiyyəsindən bir dəfə yumruqla vurmuşdur. Sonra özü Zərərçəkmiş şəxs mağazadan çıxardıb su vermişdir ki, əlini-üzünü yusun. Eyni zamanda Elgünlə söhbət edərək sakitləşdirməyə çalışmışdır. Lakin, Zərərçəkmiş şəxs onu təkrar söyüb təhqir etmiş və çıxıb getmişdir. Aralarındakı mübahisə təxminən 5-7 dəqiqə davam etmişdir. Həmin vaxt mağazada kimsə olmamışdır. O, Zərərçəkmiş şəxs yalnız yumruq zərbəsi ilə bir dəfə üz nahiyyəsindən vurmuşdur. Hadisədən sonra zərərçəkmiş şəxslə və ailəsi ilə əlaqə yaratmağa, barışmağa cəhdlər göstərmiş, lakin müsbət nəticə əldə edə bilməmişdir. Zərərçəkmiş şəxs barışmaq üçn ondan 10000 manat pul istəmiş, o, da həmin məbləğdə pulu olmadığını, lakin mualicəsi üçün zəruri olan bütün xərcləri çəkəcəyini bildirmişdir. Hazırda zərərçəkmiş şəxsə 2000 manat pul verə bilər. Özünü qismən təqsirli bilir, ona görə ki, zərərçəkmiş şəxsi, özünü müdafiə etmək məqsədilə, vurmuşdur. O Zərərçəkmiş şəxs nisyə mal vermədiyi üçün, sonuncu əlindəki telefonu masanın üstünə çırpmış, sonra nalayiq ifadələr işlədərək vitrini dağıltmışdır. O da məcbur olub Zərərçəkmiş şəxs sakitləşdirmək üçün 1 dəfə vurmuşdur. Sonda təqsirləndirilən şəxs əməlindən peşman olmasını olmasını nəzərə alaraq, ona həbslə bağlı olmayan cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında göstərdi ki, 28 may 2025-ci il tarixdə, saat 00:40 radələrində Vladimirovka kəndinin girişində yerləşən “505” adlı ərzaq mağazasına getmişdir. O, nisyə siqaret almaq istəmiş, Elgün isə nisya mal verməyəcəyini demişdir. Təqsirləndirilən şəxs isə “bu mağazanın ona məxsus olduğunu və nə istəyirsə edə biləcəyini, yaxşı etdiyini” demişdir. O, isə Təqsirləndirilən şəxs cavab verərək onunla normal səs tonunda danışmasını istəmişdir. Bu zaman Elgün kassanın qarşısından keçərək yumruqla onun sifət nahiyəsindən vurmuşdur. O, zərbənin təsirindən yerə yıxılmışdır. Mübahisə zamanı mağazada onların ikisindən başqa heç kim olmamışdır. Yumruq zərbəsi ona güclü təsir etdiyi üçün özündə olmamışdır. Yerdən durmuş və oradan çıxaraq evə gəlmişdir. Elgün onu döydükdən sonra köməklik belə etməmişdir. Baş vermiş hadisə təxminən 5-7 dəqiqə davam etmişdir. Hadisə zamanı heç bir təhqiramiz ifadə işlətməmiş, mübahisə yaradacaq bir söz deməmişdir. Səhətində problemlər olduğundan özünü qorumağa çalışmışdır. Ona görə də mübahisədən, dava-dalaşdan uzaq olmuşdur. Ancaq buna baxmayaraq Elgün onu gözləmədiyi anda, müdafiəsiz şəkildə vuraraq döymüşdür. Elgün ona bir dəfə yumruq zərbəsi vurmuşdur. Lakin, o, Təqsirləndirilən şəxs vurmamışdır. Zərərçəkmiş şəxs ona verilmiş suallara cavab olaraq bildirdi ki, hadisə zamanı Təqsirləndirilən şəxslə əlbəyaxa olmamış, ona heç bir xəsarət yetirməmişdir. Mübahisə zamanı ikisi tək olmuş, ətrafda da heç kim olmamışdır. Bu zaman səs küyə heç kim yığışmamışdır. Bu zaman əlində hər hansı əşya və ya predmet olmamışdır. Əlavə suallara cavab olaraq bildirdi ki, həmin gün cəmi bir şüşə pivə içmişdir. O, Elgündən spirtli içki istəməmiş, yanlız nisyə siqaret istəmişdir. Egün Nurullayev ona nisyə siqaret vermədiyi üçün, həmçinin kobud cavab verdiyi üçün əsəbləşib təhqir etmiş və vitrinə vurmuşdur. O, 44 günlük müharibə veteranıdır. Mübahirədən sonra başında qəlpələr qalmış, bununla bağlı müalicilər almışdır. Təqsirləndirilən şəxs yetirdiyi xəasrətdən sonra başındakı ağrıları şiddətlənmişdir. Təqsirləndirilən şəxsdən 10000 manat pul istəməmişdir. Lakin müalicəsinə 2500 manat xərc çəkmişdir. Sonda zərərçəkmiş şəxs təqsirləndirilən şəxslə barışmadığını bildirsə də, sonuncuya həbslə bağlı olmayan cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında Şahid1 bildirdi ki, Zərərçəkmiş şəxs oğludur. Hadisənin birbaşa şahidi olmamışdır. 28 may 2025-ci il tarixdə saat 02 radələrində Elgün evə gəlmiş, Elgünün üzündə xəsarətlər olduğunu görmüşdür. Elgündən bu xəsarətləri hansı səbəbdən aldığını soruşduqda heç nə bildirməmişdir. Səhəri gün məsələni aydılnlaşdırmaq üçün Quba Rayon Polis Şöbəsinə getmiş və Elgün həmkəndlisi Təqsirləndirilən şəxs tərəfindən mağazada döyüldüyünü bildirmişdir. Verilən suallara cavab olaraq bildirdi ki, Elgünün deməsinə görə 28 may 2025-ci il tarixdə, saat 00 radələrində siqaret almaq üçün Vladimirovka kəndinin girişində yerləşən “505” adlı ərzaq mağazasına getmiş, lakin üzərində pul olmağdığı üçün siqareti nisyə istəmişdir. Həmin vaxt mağazanı işlədən şəxs Elgün Nurllayev də orada olmuş və nisyə mal verməyəcəyini bildirmişdir. Oğlu Elgünün bildirdiyinə görə Təqsirləndirilən şəxs oğlu ilə kobud tərzdə danışmış və siqaret verməsinə təkid etdikdə dayandığı yerdən gələrək oğlu Elgünün sifət nahiyyəsindən yumruq zərbəsi vurmuşdur. Bundan sonra oğlu Elgün yerə yıxılmış və Təqsirləndirilən şəxs onu yerdə təpikləmişdir. 27 may 2025-ci il tarixdə Elgün bütün günü icarəyə götürdükləri bağda onunla birlikdə işləmiş və evə gəlib yemək yeyərək saat 19:30 radələrində evdən çıxmışdır. Evdən çıxmamışdan əvvəl 1 şüşə pivə içmişdir. X5 Qarabağ müharibəsində iştirak etmiş və yaralanmışdır. Başında 9 qəlpə vardır. İttiham aktının siyahısında şahid kimi göstərilmiş Şahid2 məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Şahid2 ifadəsi məhkəmədə elan olunan zaman məlum oldu ki, Təqsirləndirilən şəxs onun uşaqlıq dostudur. Həmkəndlisi Zərərçəkmiş şəxs ilə aralarında mübahisə baş verməsi barədə Təqsirləndirilən şəxs ona məlumat vermişdir. Təqsirləndirilən şəxs ona bildirmişdir ki, 28 may 2025-ci il tarixdə təxminən saat 00:40 radələrində mağazada tək olduğu zaman həmkəndlisi Zərərçəkmiş şəxs mağazaya daxil olaraq nisyə siqaret və içki istəmiş, lakin o, bundan imtina etdikdə heç bir səbəb olmadan mübahisə etməyə, hansı səbəbdən nisyə mal vermədiyini soruşaraq onu təhqir etməyə başlamışdır. Həmçinin Zərərçəkmiş şəxs vitrində olan ərzaq mallarını dağıtmış, işçi vitrinini aşırtmaq istəyən zaman Təqsirləndirilən şəxs onu tutmuşdur. Bu zaman Zərərçəkmiş şəxs onun boyununun sağ hissəsindən zərbə endirmişdir. O isə Zərərçəkmiş şəxs itələmiş və ona üz nahiyyəsindən bir dəfə yumruq zərbəsi vurmuşdur. Daha sonra Elgün onu təhqir edərək marketdən uzaqlaşmışdır. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətməsi iş materialları və aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. Belə ki, iş materiallarında olan: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə tibbi ekspertiza və X3-Təcrübi və Tədris Birliyinin xx.xx.2025-ci il tarixli, 333 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs bədəni üzərində hər iki göz orbiti ətrafında qançır-hematoma, alnında sağda və və ənsədə yumşaq toxumanın əziyi və qançırı, sol dirsəkdə sıyrıq xəsarətləri küt əşyanın (əşyaların) təsirindən törənməklə yetirilmə müddəti qərarda göstərilən tarixə, yəni 27 may 2025-ci il tarixə uyğun gəlmiş, həmin xəsarətlər qərarda göstərilən vəziyyətdə əmələ gəlmiş, dərəcəsinə görə sağlamlıqda qısa müddətə pozğunluq törətdiklərindən sağlamlığa yüngül zərərvurmaya aid olmuşdur; Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə tibbi ekspertiza və X3-Təcrübi və Tədris Birliyinin xx.xx.2025-ci il tarixli, 342 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs boynunda sağda sıyrıq, sağ çiynində qançır küt əşyanın (əşyaların) təsirindən törənməklə yetirilmə müddəti qərarda göstərilən tarixə, yəni 28 may 2025-ci il tarixə uyğun gəlir və sağlamlığa zərər vurmadıqlarından dərəcəsitəyin olunmayan xəsarətlər növünə aiddir; Quba RİHB-nın Vladimirovka kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Quba rayonu, Vladimirovka kəndində qeydiyyatda olmaqla yaşayır. Nümayəndəliyə onun barəsində heç bir şikayət daxil olmamışdır; Quba Rayon Məhkəməsinin 3(027)-776/2025 saylı xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 300 (üç yüz) manat məbləğində cərimə edilmişdir. “cinayəti törətməkdə şübhəli şəxsin tutulması haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs xuliqanlıq əməlini törətməkdə şübhəli şəxs kimi tutulmuşdur; “təqsirləndirilən şəxsin müvəqqəti saxlama yerindən azad edilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs saxlanıldığı müvəqqəti saxlama yerindən azad edilmişdir; “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə ittiham elan olunmuş və barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir; “sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə cinayət təqibinin başlanılması rədd edilsin, əməl CM-nin 221.1-ci maddəsindən həmin məcəllənin 128-ci maddəsinə tövsif olunmuş, Təqsirləndirilən şəxs 01 iyun 2025-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə elan edilmiş ittihamın məzmunu dəyişdirilərək ona həmin məcəllənin 128-ci maddəsi ilə yenidən ittiham elan etmək haqqında qərar qəbul edilsin və ə barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilmədən qüvvəsində saxlanılmış, cinayət işi üzrə onun ifadələri ilə yanaşı, zərərçəkmiş şəxsin ifadəsi, istintaq hərəkətlərinin protokolları, ekspert rəyi və digər istintaq sənədləri sübut kimi qiymətləndirilmiş, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 120.1-ci maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmiş, Zərərçəkmiş şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin nin 221.1-ci maddəsi ilə cinayət təqibin başlanması rədd edilsin və barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın surəti Quba RPŞ-nin İctimai təhlükəsizlik bölməsinə göndərilmiş, Zərərçəkmiş şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 134-cü maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmişdir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin verdiyi cinayət işi üzrə yoxlamaya dair tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini təqsirli olaraq törətməsi məhkəmə istintaqı zamanı tam sübuta yetirilir. Belə ki, zərərçəkmiş şəxslə təqsirləndirilən şəxsin arasında 28 may 2025-ci il tarixdə, saat 00:40 radələrində mübahisə baş verməsi və Təqsirləndirilən şəxs zərərçəkmişə qəsdən yüngül xəsarət yetirməsi hər iki tərəfin məhkəmədə verdikləri ifadələri ilə tam təsdiqini tapır. Bununla da, məhkəmə zərərçəkmiş şəxsin məhkəmədə vermiş olduğu ifadəsini, iş üzrə əldə edilmiş məhkəmə-tibbi ekspertizasının rəyini daha mötəbər sübut kimi qəbul edir, təqsirləndirilən şəxsin ifadəsini isə məsuliyyətdən boyun qaçırmaq məqsədilə vermiş olduğu kimi qiymətləndirir və hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə düzgün olaraq tövsif edilmişdir. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədə müvafiq hesab edir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur və ona qanunla müəyyən edilmiş qaydada həmin maddənin sanksiyası həddində cəza təyin olunmalıdır. Məhkəmə Azərbaycan Respublikası CM-nin: 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlini etiraf edib səmimi peşman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, zərərçəkmiş şəxslə barışıq əldə etməyə və dəymiş zərəri ödəməyə cəhd etməsini cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır; 61-ci maddəsinə əsasən isə məhkəmə Təqsirləndirilən şəxs əməlində nəzərdə tutulan cəzanı ağırlaşdıran halların olmadığını müəyyən edir. Məhkəmə cəza məsələsini müzakirə edərkən, Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən halları, ağırlaşdıran halların olmadığını nəzərə alaraq hesab edir ki, ona təyin olunan cəza ədalətli olmaqla yanaşı, törətdiyi cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə, həmin cinayətin törədilməsi halına, onun özünün şəxsiyyətinə tam uyğun olmalıdır. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nın 128-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş islah işləri növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Belə ki, Azərbaycan Respublikası CM-nin: 8.1-ci maddəsinə əsasən “cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır”. 58.3-cü maddəsinə görə “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır”. 41.2-ci maddəsinə əsasən “cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir”. 58.1-ci maddəsinin tələblərindən görünür ki, “cinayət törətməkdə təqsirli bilinən şəxsə bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir”. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz Qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli əməlinin törədilməsində təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan islah işləri cəzası təyin edilməlidir. Törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş islah işləri növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Bu növ cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə 49-cu maddəsinə görə islah işləri iki aydan iki ilədək müddətə təyin edilir və həmin cəza məhkumun iş yeri üzrə çəkilir. İslah işlərinə məhkum olunmuş şəxsin qazancından dövlət nəfinə beş faizdən iyirmi faizədək məbləğdə pul tutulur. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin başlanğıcı onun qazancından tutulmaların aparıldığı vaxtdan hesablanmalıdır. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinməli və ona aylıq qazancının 20 %-i dövlət nəfinə tutulmaqla islah işləri növündə cəzası təyin edilməli, Təqsirləndirilən şəxs 30 may 2025-ci il tarixdən 01 iyun 2025-ci il tarixədək həbsdə olduğu 01 (bir) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrumetmənin 01 (bir) gününə islah işləri cəzasının 04 (dörd) günü bərabər tutulmaqla, 04 (dörd) gün təyin edilmiş islah işləri cəzasına hesablanaraq, üzərində qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası CPM-nin 346.1 və 346.1.20-ci maddələrinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında digər məsələlərlə yanaşı həmçinin qətimkan tədbirinin ləğv edilməli, dəyişdirilməli və seçilməli (məhz hansı tədbirin) olubolmadığı məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməli və hökm qanuni qüvvəyə minənədək həmin qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalıdır. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Quba rayon İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında» 07 mart 2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə görə məhkəmə, hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli olan əmlakın olub-olmaması məsələsini həll etməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1 və 99-1.1.1-ci maddəsinə əsasən məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) Xüsusi müsadirə olunan əmlak hesab olunur. Məhkəmə xüsusi müsadirə ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, iş üzrə belə bir əmlak olmadığından təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə ilə bağlı müddəa tətbiq edilməməlidir. İş üzrə maddi sübut, məhkəmə xərci və mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347; 349; 351-353, 356, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona ona aylıq qazancının 20 %-i dövlət nəfinə tutulmaqla, 01 (bir) il müddətinə islah işləri cəzası təyin edilsin. Təqsirləndirilən şəxs 30 may 2025-ci il tarixdən 01 iyun 2025-ci il tarixədək həbsdə olduğu 01 (bir) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrumetmənin 01 (bir) gününə islah işləri cəzasının 04 (dörd) günü bərabər tutulmaqla, 04 (dörd) gün təyin edilmiş islah işləri cəzasına hesablansın və üzərində qəti olaraq aylıq qazancının 20 %-i dövlət nəfinə tutulmaqla, 11 (on bir) ay 26 (iyirmi altı) gün islah işləri cəzası saxlanılsın. Cəzanın icrasının başlanğıcı aylıq qazancından tutulmaların başlandığı gündən hesab edilsin. Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilsin və hökm qanuni qüvvəyə minənədək həmin qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Cəzanın icrası yaşadığı yer üzrə İcra və probasiya şöbəsinə həvalə edilsin. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökm apelyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdıqdan sonra qüvvəyə minir. Hakim: Samir Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar