Məhkəmə qərarları › İş №1(027)-121/2021

Quba Rayon Məhkəməsi Hökm — İş №1(027)-121/2021

06.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Quba şəhəri İş № 1(027)-121/2021 06.10.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Samir Əlibala oğlunun sədrliyi, məhkəmə iclas katibi X7, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi Quba rayon Vəkil bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi Quba rayon Vəkil bürosunun vəkili X2 iştirakı ilə xx.xx.1967-ci il tarixdə Quba rayonu, İ Nügədi kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, 1-ci Qarabağ müharibəsinin iştirakçısı, Quba rayonu, İİ Nügədi kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə xx.xx.1966-cı il tarixdə Quba rayonu, İİ Nügədi kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, 1-ci Qarabağ müharibəsinin veteranı, Quba rayonu, İİ Nügədi kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinin materiallarına açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 istintaqa məlum olmayan tarixdə və mənbədən qanunsuz olaraq bir ədəd zavod üsulu ilə istehsal olunmuş, müdafiə təyinatlı “F-1” tipli əl qumbarasının gövdəsini və bir ədəd “UZRQM” tipli partlayıcını əldə edərək özünə məxsus Quba rayonu, İİ Nügədi kəndində yerləşən evində saxlamış, 2021-ci ilin mart ayının sonlarında öz yaşadığı evdə qonşusu Təqsirləndirilən şəxs2 həmin döyüş sursatlarını vermiş, 31.05.2021-ci il tarixdə Quba RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs2 yaşadığı Quba rayonu, İİ Nügədi kəndində yerləşən evində saat 15:45-də keçirilmiş baxış zamanı evin yardımçı tikilisindəki taxta çemodanın içindəki göy rəngli sellofanın içərisindən həmin 1 ədəd zavod üsulu ilə istehsal olunmuş, müdafiə təyinatlı “F-1” tipli əl qumbarasının gövdəsi və 1 ədəd “UZRQM” tipli partlayıcı aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs2 2021-ci ilin mart ayının sonlarında qonşusu Təqsirləndirilən şəxs1 yaşadığı Quba rayonu, İİ Nügədi kəndində yerləşən evinə gedərək sonuncunun ona verdiyi bir ədəd zavod üsulu ilə istehsal olunmuş, müdafiə təyinatlı “F-1” tipli əl qumbarasının gövdəsini və bir ədəd “UZRQM” tipli partlayıcını qanunsuz əldə edib öz yaşadığı həmin kənddə yerləşən evinə gətirərək saxlaması, 31.05.2021-ci il tarixdə Quba RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs2 yaşadığı Quba rayonu, İİ Nügədi kəndində yerləşən evinə saat 15:45-də keçirilmiş baxış zamanı evin yardımçı tikilisindəki taxta çemodanın içindəki göy rəngli sellofanın içərisindən həmin 1 ədəd zavod üsulu ilə istehsal olunmuş, müdafiə təyinatlı “F-1” tipli əl qumbarasının gövdəsi və 1 ədəd “UZRQM” tipli partlayıcının aşkar edilərək götürülməsi, əsas isə həmin fakt əsasında toplanmış material olmuşdur. Bununla da, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (CPM) 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə protokollarını, ekspertiza rəylərini və digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hər birinin əməllərində cinayət tərkibi vardır, onların törətmiş olduğu cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, məhkəmə iclasında ifadə verərkən Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittihamda özünü təqsirli bilərək göstərdi ki, o, 1993-1994-cü illərdə Ağcabədi rayonu istiqamətində gedən 1-ci Qarabağ müharibəsi döyüşlərində iştirak etmiş və 12.01.1994-cü il tarixdə döyüşdə sağ ayağından güllə yarası almışdır. Döyüş vaxtı üzərində hərbi hissədən götürdüyü “F-1” əl qumbarası olmuşdur. Qumbaranın alışdırıcı fitili üstünə bağlanmamış, ayrıca olmuşdur. Döyüşdən yadigar olaraq həmin qumbaranı və alışdırıcısını özü ilə evə gətirmiş və evdə həyətdəki ayaqyolunda, göy rəngli sellofanın içində saxlamışdır. Qonşusu Təqsirləndirilən şəxs2 onunla birlikdə 1-ci Qarabağ müharibəsi döyüşlərində iştirak etmişdir. Bi neçə ay əvvəl yaşadığı evdə araq içib sərxoş olmuş, Qarabağ döyüşlərindən söhbət edərkən həmin qumbaranı Qarabağın yadigarı olmasını bildirərək saxlaması üçün Fizuliyə vermişdir. Bunun müqabilində Fizulidən hər hansı məbləğdə pul almamışdır. Məhkəmədə verilən suallara cavab olaraq, Təqsirləndirilən şəxs1 bildirdi ki, o, 1-ci Qarabağ müharibəsində döyüşlərdə iştirak edən zaman əynində olan hərbi geyimin cibində “F-1” əl qumbarasının gövdəsi və onun partlayıcısını gəzdirmişdir. 12.01.1994-cü il tarixdə olan döyüş zamanı yaralanaraq hospitala yerləşdirilən zaman da həmin qumbara cibində qalmışdır. Müayinədə olan zaman əynində olan paltarlar dəyişdirilmədiyindən cibində olan qumbaranı kimsə görməmiş və qumbara əynində olan gödəkçsiənin cibində qalmışdır. Müalicə olunandan sonra da o, əynindəki paltarlarla Qubaya göndərilmişdir. Gödəkçənin cibində gətirdiyi qumbara həmin vaxtdan Təqsirləndirilən şəxs2 verildiyi günədək onun yaşadığı evdə saxlanılmışdır. Həmin döyüş sursatı işlək vəziyyətdə olmamış, alışdırıcısı qumbaradan ayrılmış şəkildə olmuşdur. Cari ilin may ayında Təqsirləndirilən şəxs2la qələbə gününü qeyd edən zaman, o, evində saxladığı qumbaranı çıxardıb Fizuliyə göstərmiş və döyüşlərdə iştirak etməklərinin yadigarı kimi həmin qumbaranı və onun alışdırcısını təmənnasız şəkildə Fizuliyə vermişdir. Bu vaxta qədər həmin döyüş sursatını özündə saxlamaqda hər hansı bir məqsədi olmamışdır. Həmin qumbara ilə hər hansı yeri partlatmaq, kiməsə ziyan vurmaq kimi bir niyyəti olmamışdır. Həmin vaxt sərxoş olduğu üçün nəticəsini düşünmədən özü ilə gətirdiyi döyüş sursatını polis əməkdaşlarına deyil, məhz Fizuliyə vermişdir. Hərəkətlərinin qanunazidd olduğunu təxmin etməmiş, ona görə də evində döyüş sursatının olması barədə polis əməkdaşlarına məlumat verməmişdir. O, törətdiyi əməlin cinayət olduğunu bilməmişdir. Sonda Təqsirləndirilən şəxs1 törətdiyi əməldən peşiman olduğunu bildirərək, məhkəmədən ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında ifadə verərkən Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittihamda özünü təqsirli bilərək göstərdi ki, o, Təqsirləndirilən şəxs1 ilə birlikdə 1-ci Qarabağ döyüşlərində iştirak etmişdir. Bir neçə ay əvvəl Hümmətin yaşadığı evdə müharibə illərindən söhbət edən zaman Hümmət ona döyüşdən qayıdarkən özü ilə yadigar olaraq 1 ədəd “F-1” qumbarası və onun alışdırcısı gətirdiyini demiş və həyətə çıxanda göy sellofan parçasında bükülü vəziyyətdə olan həmin əl qumbarasını yadigar olaraq vermişdir. Sellofanı açıb baxaraq içində fitili ayrı olan əl qumbarası olduğunu görmüşdür. O da həmin qumbaranı sellofan parçasına bükülü vəziyyətdə gətirib həyətindəki anbar tikilidə olan təsərrüfat alətləri saxladığı taxta çemodana qoymuşdur. Həmin vaxtdan qumbaranı orada saxlamışdır. 31.05.2021-ci il tarixdə polis əməkdaşları Quba rayonu, İİ Nügədi kəndində yerləşən yaşadığı evə gəlmiş, özlərini ona təqdim edərək yaşadığı evdə əl qumbarası saxlamağı barədə onlara məlumat daxil olmasını bildirmişlər. Sorğu əsnasında o, evində əl qumbarası saxladığını polis əməkdaşlarına bildirmiş və yaşadığı evə baxış keçirilməsinə etiraz etməmişdir. O, evin həyətində olan yardımçı tikiliyə doğru addımlayaraq tikilidən içəri daxil olmuş, əl qumbarasını saxladığı taxta çemodanın içindəki göy rəngli sellofana bükülmüş, alışdırıcısı gövdəsindən ayrılmış 1 ədəd əl qumbarasının gövdəsini və 1 ədəd partlayıcısını polis əməkdaşlarına təqdim etmişdir. Polis əməkdaşları əl qumbarasını və onun alışdırıcısını götürüb baxış keçirmək üçün həyətdəki çardağın altında kiçik masanın üzərinə qoymuşdur. “F-1” tipli əl qumbarasının gövdəsinə baxış keçirərkən qumbaranın arxa səthində 33-8 yazısı yazıldığı müəyyən olunmuş, gövdə və alışdırıcısı ayrı-ayrı zərflərə qoyularaq qablaşdırılmışdır. Yaşadığı evə baxış keçirilməsi videoçəkilişlə videokamera ilə qeydə alınmışdır. Bu barədə protokol tərtib olunmuş, o və baxışda iştirak edən şəxslər tərtib olunmuş protokolu imza etmişdirlər. Baxışın keçirilməsi tamamlandıqdan sonra onu araşdırmanın davam etdirilməsi üçün Quba RPŞ-nə dəvət etmişlər. O, polis əməkdaşları ilə birlikdə polis şöbəsinə getmişdir. Polis şöbəsində izahatı alınan zaman 1-ci Qarabağ müharibəsində 1993-1994-cü illərdə Füzuli rayonu istiqamətində gedən döyüşlərdə iştirak etdiyini, Təqsirləndirilən şəxs1 ona verdiyi döyüş sursatına görə ondan bunun müqabilində pul almadığını, yadigar olaraq verdiyini qeyd etmişdir. Məhkəmədə verilən suallara cavab olaraq, Təqsirləndirilən şəxs2 bildirdi ki, o, 1-ci Qarabağ müharibəsinin veteranıdır. Cari ilin may ayında xidmət yoldaşı Təqsirləndirilən şəxs1 yaşadığı evində qələbə gününü qeyd edən zaman aralarında döyüş haqqında söhbət açılmış və Hümmət ona döyüşdən qayıdarkən özü ilə yadigar olaraq 1 ədəd “F-1” qumbara və onun alışdırcısını gətirdiyi bildirərək, həyətə çıxanda göy sellofan parçasında bükülü vəziyyətdə olan həmin əl qumbarasını və onun alışdırıcısını yadigar olaraq ona vermişdir. O, da həmin əl qumbarasını və onun alışdırıcısını hədiyyə kimi qəbul edərək öz yaşadığı evə aparıb saxlamışdır. Hərəkətlərinin qanunazidd olduğunu təxmin etsə də, nəticələrindən qorxduğu üçün evində döyüş sursatının olması barədə polis əməkdaşlarına məlumat verməmişdir. Bu vaxta qədər həmin döyüş sursatını özündə saxlamaqda heç bir yan məqsədi olmamışdır. Həmin vaxt sərxoş olduğu üçün nəticəsini düşünmədən Hümmətin verdiyi döyüş sursatını öz evinə gətirmişdir. Həmin qumbara ilə hər hansı yeri partlatmaq kimi düşüncəsi, kiməsə ziyan vurmaq kimi bir niyyəti olmamışdır. Sonda Təqsirləndirilən şəxs2 törətdiyi əməldən peşiman olduğunu bildirərək, məhkəmədən ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ibtidai istintaqa verdiyi ifadəsini təsdiq edərək, bildirdi ki, o, Quba RPŞ-nin TB-nin təhqiqatçısı vəzifəsində işləyir. 31.05.2021-ci il tarixdə xx.xx.1966-cı il təvəllüdlü Quba rayonu, İİ Nügədi kənd sakini Təqsirləndirilən şəxs2 yaşadığı ünvanda qanunsuz olaraq əl qumbarası saxlaması barədə əməliyyat məlumatı ilə əlaqədar əməliyyat qrupu yaradılmışdır. Təqsirləndirilən şəxs2 yaşadığı ünvanda əl qumbarası saxlamasını müəyyən etmək və baxış keçirmək məqsədilə onun yaşadığı ünvana getmişlər. O boz rəngli dəmir darvazanı döymüş və qapıya bir nəfər orta yaşlı kişi çıxmışdır. Həmin şəxs özünü Təqsirləndirilən şəxs2 kimi təqdim edərək, evinə baxış keçirilməsinə etirazının olmadığını bildirmişdir. O və digər polis əməkdaşları Təqsirləndirilən şəxs2la birgə yaşadığı evin giriş qapısından həyətə daxil olmuşlar. Təqsirləndirilən şəxs2 evin həyətində olan yardımçı tikiliyə doğru addımlamış, tikilidən içəri daxil olaraq əl qumbarasını saxladığı taxta çemodanın içindəki göy rəngli sellofana bükülmüş, alışdırıcısı gövdəsindən ayrılmış 1 ədəd əl qumbarasının gövdəsini və 1 ədəd partlayıcısını təqdim etmişdir. O göy sellofana bükülmüş əl qumbarasını və onun alışdırıcısını götürüb baxış keçirmək üçün həyətdəki çardağın altında kiçik masanın üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs2 təqdim etdiyi əl qumbarasını haradan əldə etməsini soruşduqda, sonuncu ona həmin əl qumbarasını həmkəndlisi Təqsirləndirilən şəxs1 iki ay bundan öncə saxlaması üçün verdiyini bildirmiş və əl qumbarasından başqa evində silah və ya döyüş sursatı olmadığını qeyd etmişdir. Şahid1 “F-1” tipli əl qumbarasının gövdəsinə baxış keçirərkən qumbaranın arxa səthində 33-8 yazısı yazıldığını müəyyən etmiş, gövdə və alışdırıcısını ayrı-ayrı zərflərə qoyaraq qablaşdırmışdır. Təqsirləndirilən şəxs2 yaşadığı evə baxış keçirilməsi RPŞ-nin KTQ-nin baş inspektor kriminalisti, polis mayoru Şahid4 tərəfindən fasiləsiz videoçəkilişlə “panasonic” markalı videokamera ilə qeydə alınmışdır. Bu barədə Şahid1 tərəfindən protokol tərtib olunmuş və baxışda iştirak edən şəxslər tərtib olunmuş protokolu imza etmişlər. Baxışın keçirilməsi tamamlandıqdan sonra Təqsirləndirilən şəxs2 araşdırmanın davam etdirilməsi üçün Quba RPŞ-nə dəvət edilmiş və birlikdə həmin ünvanı tərk etmişlər. Məhkəmədə verilən suallara cavab olaraq şahid bildirdi ki, Təqsirləndirilən şəxs2 yaşadığı ünvanda əl qumbarası saxlaması barədə məlumat daxil olmuş, həmin məlumat əsasında o, əməliyyat qrupu ilə birlikdə Təqsirləndirilən şəxs2 yaşadığı evə getmişdir. Sorğu əsnasında Təqsirləndirilən şəxs2 yaşadığı evin həyətində yerləşən yardımçı tikilidə olan sandıqda 1 ədəd əl qumbarasının gövdəsini və 1 ədəd partlayıcısını saxladığını, həmin döyüş sursatını Təqsirləndirilən şəxs1 hədiyyə olaraq qəbul etdiyini bildirmişdir. Həmin vaxt o, əməliyyat qrupu ilə birlikdə Təqsirləndirilən şəxs1 yaşadığı evə getmiş və sorğu əsnasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 1-ci Qarabağ döyüşlərində iştirak edən zaman özü ilə yadigar saxlamaq məqsədilə döyüş sursatı olan 1 ədəd əl qumbarasının gövdəsini və 1 ədəd partlayıcısını gətirmiş və evində saxlamışdır. Cari ilin may ayında Təqsirləndirilən şəxs2la yeyib-içən zaman sərxoş vəziyyətdə olduğu üçün evində saxladığı döyüş sursatını Fizuliyə hədiyyə etmişdir. Təqsirləndirilən şəxs2 yaşadığı evə baxış keçirilən zaman polis əməkdaşları tərəfindən götürülmüş əl qumbarasının gövdəsi və onun alışdırıcısı ayrı-ayrı zərflərə qoyularaq qablaşdırılmışdır. Baxış videoçəkilişlə qeydə alınmış, bu barədə protokol tərtib olunmuşdur. O və baxışda iştirak edən şəxslər tərtib olunmuş protokolu imza etmişlər. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ibtidai istintaqa verdiyi ifadəsini təsdiq edərək, bildirdi ki, o, Quba RPŞ-nin PPXB-nin polis nəfəri işləyir. 31.05.2021-ci il tarixdə xx.xx.1966-ci il təvəllüdlü Quba rayonu, İİ Nügədi kənd sakini Təqsirləndirilən şəxs2 yaşadığı ünvanda qanunsuz olaraq əl qumbarası saxlaması barədə əməliyyat məlumatı ilə əlaqədar əməliyyat qrupu yaradılmış və o, əməliyyat qrupu ilə birlikdə əl qumbarası saxlamasını müəyyən etmək və baxış keçirmək məqsədilə Təqsirləndirilən şəxs2 yaşadığı ünvana getmişlər. Quba RPŞ-nin əməkdaşı Şahid1 evin darvazasını döymüş və qapıya bir nəfər orta yaşlı kişi çıxmışdır. Şahid1 özünü həmin şəxsə təqdim etmiş, evinə gəlmə səbəbini ona izah etmişdir. Sorğu əsnasında qapını açan şəxs özünü Təqsirləndirilən şəxs2 kimi təqdim etmiş, baxış keçirilməli olan evin ona məxsus olduğunu bildirmiş və evinə baxış keçirilməsinə etirazının olmadığını bildirmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs2 evin həyətində olan yardımçı tikiliyə doğru addımlamış, tikilidən içəri daxil olaraq taxta çemodanın içindəki göy rəngli sellofana bükülmüş, alışdırıcısı gövdəsindən ayrılmış 1 ədəd əl qumbarasının gövdəsini və 1 ədəd partlayıcısını təqdim etmişdir. O göy sellofana bükülmüş əl qumbarasını və onun alışdırıcısını götürüb baxış keçirmək üçün həyətdəki çardağın altında kiçik masanın üzərinə qoymuşdur. Sorğulara cavab olaraq, Təqsirləndirilən şəxs2 həmin əl qumbarasını həmkəndlisi Təqsirləndirilən şəxs1 iki ay bundan öncə saxlaması üçün verdiyini bildirmişdir. Əl qumbarasından başqa evində silah və ya döyüş sursatı olmadığını qeyd etmişdir. “F-1” tipli əl qumbarasının gövdəsinə baxış keçirərkən qumbaranın arxa səthində 33-8 yazısı yazıldığını müəyyən edilmiş, gövdə və alışdırıcısını ayrı-ayrı zərflərə qoyaraq qablaşdırılmışdır. Təqsirləndirilən şəxs2 yaşadığı evə baxış keçirilməsi videoçəkilişlə ilə qeydə alınmışdır. Bu barədə Şahid1 tərəfindən protokol tərtib olunmuş və baxışda iştirak edən şəxslər tərtib olunmuş protokolu imza etmişlər. Baxışın keçirilməsi tamamlandıqdan sonra Təqsirləndirilən şəxs2 araşdırmanın davam etdirilməsi üçün Quba RPŞ-nə dəvət edilmiş və onlar birlikdə həmin ünvanı tərk etmişlər. Məhkəmədə verilən suallara cavab olaraq şahid bildirdi ki, Təqsirləndirilən şəxs2 yaşadığı ünvanda əl qumbarası saxlaması barədə məlumat daxil olmuş, həmin məlumat əsasında baxış keçirilməsi məqsədilə o, əməliyyat qrupu ilə birlikdə Təqsirləndirilən şəxs2 yaşadığı evə getmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs2 yaşadığı evin həyətində yerləşən yardımçı tikilidə olan sandıqda 1 ədəd əl qumbarasının gövdəsini və 1 ədəd partlayıcısını saxladığını, həmin döyüş sursatını Təqsirləndirilən şəxs1 hədiyyə olaraq qəbul etdiyini bildirmiş və həmin döyüş sursatının yeini göstərmişdir. Təqsirləndirilən şəxs2 yaşadığı evə baxış keçirilən zaman polis əməkdaşları tərəfindən götürülmüş əl qumbarasının gövdəsi və onun alışdırıcısı ayrı-ayrı zərflərə qoyularaq qablaşdırılmışdır. Baxış videoçəkilişlə qeydə alınmış, bu barədə protokol tərtib olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Quba RPŞ-nin CAB-nin əməliyyat müvəkkili işləyən Şahid2 eyni məzmunlu ifadə verərək digər şahidlər Şahid1 və Şahid3 ifadəsində göstərdiklərini təsdiq etmişdir. İttiham aktının siyahısında şahid qismində göstərilən Şahid4 məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olmasına baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdir. Şahid4 ibtidai istintaq zamanı verdiyi ifadəsi məhkəmədə elan edilərkən məlum oldu ki, o, Quba RPŞ-nin KTQ-nin baş inspektor kriminalisti vəzifəsində işləyir. 31.05.2021-ci il tarixdə xx.xx.1966-cı il təvəllüdlü Quba rayonu, İİ Nügədi kənd sakini Təqsirləndirilən şəxs2 yaşadığı ünvanda qanunsuz olaraq əl qumbarası saxlaması barədə əməliyyat məlumatı ilə əlaqədar o və Quba RPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis kapitanı Şahid2, PPXB-nin polis nəfəri, polis serjantı Şahid3, TB-nin təhqiqatçısı polis kapitanı Şahid1 ilə birgə əməliyyat qrupu yaradılmışdır. Təqsirləndirilən şəxs2 yaşadığı ünvanda əl qumbarası saxlamasını müəyyən etmək məqsədilə onun yaşadığı Quba rayonu, İİ Nügədi kəndində yerləşən evinə baxış keçirilməsi üçün getmişlər. Evin giriş qapısının önündə o və Quba RPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis kapitanı Şahid2, PPXB-nin polis nəfəri, polis serjantı Şahid3, TB-nin təhqiqatçısı polis kapitanı Şahid1 dayanmışlar. Şahid1 boz rəngli dəmir darvazanı döymüş, qapıya bir nəfər orta yaşlı kişi çıxmış, Şahid1 özünü həmin şəxsə təqdim etmiş, evinə gəlmə səbəbini ona izah etmiş və həmin şəxsdən özünü təqdim etməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs2 özünü təqdim edərək, evinə baxış keçirilməsinə etirazının olmamasını bildirmişdir. O və digər polis əməkdaşları Təqsirləndirilən şəxs2la birgə yaşadığı evin giriş qapısından həyətə daxil olmuşlar. Təqsirləndirilən şəxs2 evin həyətində olan yardımçı tikiliyə doğru addımlamış, tikilidən içəri daxil olaraq əl qumbarasını saxladığı taxta çemodanın içindəki göy rəngli sellofana bükülmüş, alışdırıcısı gövdəsindən ayrılmış 1 ədəd əl qumbarasının gövdəsini və 1 ədəd partlayıcısını təqdim etmişdir. Şahid1 göy sellofana bükülmüş əl qumbarasını və onun alışdırıcısını götürüb baxış keçirmək üçün həyətdəki çardağın altında kiçik masanın üzərinə qoymuş, Təqsirləndirilən şəxs2 təqdim etdiyi əl qumbarasını haradan əldə etməsini soruşduqda, sonuncu ona həmin əl qumbarasını həmkəndlisi Təqsirləndirilən şəxs1 iki ay bundan öncə saxlaması üçün verdiyini bildirmiş və əl qumbarasından başqa evində silah və ya döyüş sursatının olmadığını qeyd etmişdir. Şahid1 “F-1” tipli əl qumbarasının gövdəsinə baxış keçirərkən qumbaranın arxa səthində 33-8 yazısı yazıldığını müəyyən etmişdir. Gövdə və alışdırıcı ayrı-ayrı zərflərə qoyaraq qablaşdırılmışdır. Təqsirləndirilən şəxs2 yaşadığı evə baxış keçirilməsi onun tərəfindən fasiləsiz videoçəkilişlə “panasonic” markalı videokamera ilə qeydə alınmışdır. Bu barədə protokol tərtib olunmuş və baxışda iştirak edən şəxslər tərtib olunmuş protokolu imza etmişlər. Baxışın keçirilməsi tamamlandıqdan sonra onlar Təqsirləndirilən şəxs2 araşdırmanın davam etdirilməsi üçün Quba RPŞ-nə dəvət etmişlər. İş materiallarında olan: “baxış keçirilməsi barədə” 31.05.2021-ci il tarixli protokoldan görünür ki, Quba RPŞnin TB-nin təhqiqatçısı, polis kapitanı Şahid1, Quba RPŞ-nin CАВ-nın əməliyyat müvəkkili, polis kapitanı Şahid2, Quba RPŞ-nin PPXB-nin polis nəfəri, polis serjantı Şahid3, KTQ-nin baş inspektor kriminalisti, polis mayoru Şahid4 ibarət əməliyyat qrupu Quba rayonu, İİ Nügədi kəndində yaşayan Təqsirləndirilən şəxs2 Pəsul oğlunun yaşadığı evin qarşısına gəlmiş və sonuncunu həyət qapısının qarşısına çağırıb evində əl qumbarası olubolmaması barədə soruşaraq evə baxış keçirilməsinə icazə istəmişdir. Təqsirləndirilən şəxs2 evinin həyətindəki yardımçı tikilidə əl zumbarası olduğunu bildirib evinə baxış keçirilməsinə etiraz etməmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs2 yaşadığı evin həyətindəki yardımçı tikilidə olan taxta çemodanın içindən göy sellofan parçasının içində bükülü halda olan bir ədəd üstü paslı vəziyyətdə və alışdıcırı fitili ayrı olan “F-1” tipli əl qumbarası alışdırıcı fitili ilə ayrı-ayrılıqda zərflərə qoyulub qablaşdırılaraq 67 saylı möhürlə möhürlənib araşdırma zərurəti ilə əlaqədar götürülmüş və “Panasonic” markalı videokamera ilə baxışın keçirilməsi qeydə alınmışdır. Təqsirləndirilən şəxs2 baxış zamanı bildirmişdir ki, həmin qumbaranı ona həmkəndlisi Təqsirləndirilən şəxs1 iki ay bundan qabaq saxlaması üçün vermişdir (iş vər.: 9); Təqsirləndirilən şəxs2 yaşadığı ünvana keçirilən baxış zamanı çəkilmiş videogörüntünün olduğu 01 ədəd DVD formatlı diskə məhkəmədə baxış keçirilərkən müəyyən edildi ki, 14 dəqiqə 13 saniyəlik videoyazıda Quba RPŞ-nin TB-nin təhqiqatçısı, polis kapitanı Şahid1, Quba RPŞ-nin baş inspektor kriminalisti, polis mayoru Şahid4, Quba RPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis kapitanı Samir Abasov, Quba RPŞ-nin PPXBnin polis nəfəri Şahid3 Təqsirləndirilən şəxs2 yaşadığı Quba rayonu, İİ Nügədi kəndində yerləşən evinin giriş qapısının önündə dayanmışlar. Şahid1 özünü və iştirakçıları təqdim edərək, Təqsirləndirilən şəxs2 yaşadığı evdə əl qumbarası olması barədə məlumat olmasını və ondan bu barədə soruşduqda, Təqsirləndirilən şəxs2 evində əl qubarası saxladığını, bildirir. Təqsirləndirilən şəxs2 təhqiqatçı Şahid1 və baxışın digər iştirakçıları evin həyətinə daxil olurlar. Həyətdə olan yardımçı tikiliyə doğru gedərək Təqsirləndirilən şəxs2 orda olan taxta çemodanın içərisində saxladığı göy rəngli sellofana bükülmüş halda 1 ədəd üstü paslı vəziyyətdə və alışdırıcıdan ayrı olan “F-1” tipli əl qumbarası və alışdırıcısını təqdim edir. Təhqiqatçı qumbaraya baxış keçirir, qumbaranın alt hissəsində “33-8” yazısı yazıldığı görünür. Təhqiqatçı əl qumbarasını haradan əldə etdiyini soruşur, yaxınlıqda yaşayan həmkəndlisi Hümmət adlı şəxsin ona saxlaması üçün verdiyini bildirir. Evdə başqa silah və onun döyüş sursatının olub-olmaması soruşulduqda, Təqsirləndirilən şəxs2 başqa heç bir silah və onun döyüş sursatın olmadığını bildirir. 1 ədəd üstü paslı vəziyyətdə və alışdırıcıdan ayrı olan “F-1” tipli əl qumbarası və alışdırıcısı ayr-ayrı zərflərə qoyulub qablaşdırılaraq 67 saylı möhürlə möhürlənib araşdırma zərurəti ilə əlaqədar götürülür (işin materialrına əlavə edilmiş DVD disk); Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (məhkəmə ballistik ekspertizası üzrə) 03.06.2021-ci il tarixli, 21/365R nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Daxili İşlər Nazirliyi zərflər üçün №67 dairəvi möhrü ilə möhürlənmiş” və s. yazılar, imzalar olan 02 ədəd kağız zərfdə olan bir ədəd əşya zavod üsulu ilə istehsal olunmuş, müdafiə təyinatlı F-1 tipli əl qumbarasının gövdəsidir, natamam döyüş sursatıdır. Digər 01 ədəd əşya “UZRQM” tipli partlayıcıdır, döyüş sursatıdır, F-1, RQD-5, RQ-42 əl qumbaralarının partlayıcısıdır. Həmin 01 ədəd əl qumbarasının gövdəsi və 01 ədəd “UZRQM” tipli partlayıcısı ilə birlikdə zavod üsulu ilə istehsalı olunmuş döyüş sursatıdır, tamlığının pozulmadığına görə təyinatı üzrə istifadə üçün yararlıdır (iş vər.: 24-29); Məhkəmədə ekspert rəyi tədqiq edilərkən müəyyən edildi ki, ekspert rəyi işin müəyyən edilmiş hallarına uyğun gəldiyindən və digər sübutlarla təsdiq edildiyindən sübut kimi qəbul edilməlidir. “maddi sübut kimi tanınma haqqında” 09.06.2021-ci il tarixli qərardan görünür ki, 02 ədəd ayrı-ayrı zərflərdə (büküm) 01 ədəd zavod üsulu ilə istehsal olunmuş, müdafiə təyinatlı “F-1” tipli əl qumbarasının gövdəsi və digər 01 ədəd əşya “UZRQM” tipli partlayıcı cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi hesab olunub, saxlanılması üçün Quba RPŞ-nin maddi sübutların saxlanc anbarına təhvil verilmişdir (iş vər.: 112,113); “sübutların qiymətləndirilməsi haqqında” 27.07.2021-ci il tarixli qərardan görünür ki, iş üzrə təyin olunmuş məhkəmə-ballistik ekspertizasının 03.06.2021-ci il tarixli 21/365R nömrəli rəyi sübut əhəmiyyətinə malik olduğundan sübut növü kimi qiymətləndirilməsi, baxış protokoluna əlavə edilmiş bir ədəd DVD disk maddi sübut kimi tanınanaraq cinayət işinin materiallarına əlavə edilməsi qərara alınmışdır (iş vər.: 127-137). Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 istintaqa məlum olmayan tarixdə və mənbədən qanunsuz olaraq əldə etdiyi bir ədəd zavod üsulu ilə istehsal olunmuş, müdafiə təyinatlı “F-1” tipli əl qumbarasının gövdəsini və bir ədəd “UZRQM” tipli partlayıcını qanunsuz olaraq əldə edib saxlamaqda və 2021-ci ilin mart ayının sonlarında Təqsirləndirilən şəxs2 verməkdə, sonuncunun da həmin “F-1” tipli əl qumbarasının gövdəsini və bir ədəd “UZRQM” tipli partlayıcını yaşadığı evində qanunsuz olaraq saxlamaqda təqsirli olması özlərinin etirafedici ifadəsi ilə yanaşı şahid ifadələri, ekspert rəyi və iş üzrə maddi sübut ilə də tam subuta yetirilir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1, 229.1, 230, 231 və 232.1-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» 21 iyun 2010-cu il tarixli qərarında göstərilmişdir ki, «odlu silah» anlayışı Azərbaycan Respublikasının 2004-cü il 10 sentyabr tarixli, 750-İİQ nömrəli Qanunla qoşulduğu Birləşmiş Millətlər Təşkilatının Transmilli mütəşəkkil cinayətkarlığa qarşı Konvensiyasını tamamlayan «Odlu silahların, onların hissələrinin və komponentlərinin, habelə döyüş sursatının qanunsuz hazırlanmasına və dövriyyəsinə qarşı» Protokolunda göstərilmişdir. Həmin Protokolun 3-cü maddəsinin “a” bəndinə əsasən «odlu silah» dedikdə, əntiq odlu silahlar və ya onların modelləri istisna olmaqla, atəş açan, atəş açmaq üçün nəzərdə tutulan və ya asanlıqla atəş açmaq üçün vasitəyə çevrilə bilən hər hansı daşına bilən lüləli odlu silah, güllə və ya partlayıcı reaktiv mərmi başa düşülür. “Xidməti və mülki silah haqqında” Qanun və digər müvafiq qanunvericilik aktları ilə müəyyən olunmuş qaydaların pozulması isə məsuliyyətin yaranmasına səbəb olur. Belə ki, qeyd olunan Qanun xidməti və mülki silahın yalnız dövriyyəsi ilə bağlı hüquqi münasibətləri tənzimləyir, odlu silahla qanunsuz hərəkərlərə görə məsuliyyət isə digər qanunlar, o cümlədən cinayət məsuliyyəti cinayət qanunu ilə müəyyən edilir. Belə məsuliyyətin növlərindən biri kimi CM-in 228-ci maddəsi çıxış edir. Həmin maddəyə əsasən “qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə” cinayət əməlini təşkil edir». Məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməlləri Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən məhkəmə Təqsirləndirilən şəxs1 barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıdakılar nəzərə alınmalıdır. İş materiallarında olan: “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” 04.06.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə ittiham elan olunmuşdur (iş vər.: 50,51); “təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsinə dair vəsatətin təmin edilməməsi haqqında” 04.06.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində həbs qətimkan tədbiri seçilməsinə dair vəsatət prokuror tərəfindən təmin edilməmişdir (iş vər.: 96,97) “qətimkan tədbirinin seçilməsi haqqında” 04.06.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir (iş vər.: 98,99); Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin verdiyi cinayət işi üzrə yoxlamaya dair tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamış və cinayət məsuliyyətinə cəlb edilməmişdir (iş vər.: 115); Quba RİHB-nın İİ Nügədi İƏD üzrə nümayəndəliyin 07.06.2021-ci il tarixli arayış və xasiyyətnaməsindən görünür ki, Quba rayonu, İİ Nügədi kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan Təqsirləndirilən şəxs1 ailəsi həyat yoldaşı – Zeynəb Məmmədova, qızı - Şahnaz Məmmədova və oğlu – Mətləb Məmmədovdan ibarətdir. Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə müsbət xarakterizə olunur (iş vər.: 103,104); Müdafiə Nazirliyi İşlər İdarəsi Mərkəzi Arxivin 2-19759 saylı məktubundan görünür ki, 1967-ci il təvəllüdlü Təqsirləndirilən şəxs1 adı 23-cü motoatıcı batalyonun silahla təhkim olunmuş şəxsi heyətin siyahısında baş tuşlayıcı kimi qeyd olunmuşdur (iş vər.: 105). Məhkəmə Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs1 1-ci Qarabağ müharibəsi döyüşlərində iştirak etməsi, ilk dəfə az ağır cinayət törətməsini, törətdiyi əməli etiraf edərək peşiman olmasını, yaşayış yerindən müsbət xarakterizə olunmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən isə məhkəmə Təqsirləndirilən şəxs1 əməlində nəzərdə tutulan cəzanı ağırlaşdıran halların olmadığını müəyyən edir. Həmçinin, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən məhkəmə Təqsirləndirilən şəxs2 barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıdakılar nəzərə alınmalıdır. İş materiallarında olan: “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” 04.06.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə ittiham elan olunmuşdur (iş vər.: 73,74); “təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsinə dair vəsatətin təmin edilməməsi haqqında” 04.06.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində həbs qətimkan tədbiri seçilməsinə dair vəsatət prokuror tərəfindən təmin edilməmişdir (iş vər.: 91,92) “qətimkan tədbirinin seçilməsi haqqında” 04.06.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir (iş vər.: 93,94); Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin verdiyi cinayət işi üzrə yoxlamaya dair tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 hazırda məhkumluğu olmayan şəxsdir (iş vər.: 116); Quba RİHB-nın İİ Nügədi İƏD üzrə nümayəndəliyin 07.06.2021-ci il tarixli arayış və xasiyyətnamədən görünür ki, Quba rayonu, İİ Nügədi kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan Təqsirləndirilən şəxs2 ailəsi həyat yoldaşı – Solmaz İsmayılovadan ibarətdir. Təqsirləndirilən şəxs2 yaşadığı yer üzrə müsbət xarakterizə olunur (iş vər.: 107,108); Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyinin 59429 nömrəli vəsiqəsindən görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş və Azərbaycan Vətən Müharibəsi X6 rayon şöbəsində üzv kimi qeydiyyatdadır (iş vər.: 109); Məhkəmə Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs2 1-ci Qarabağ müharibəsinin veteranı olması, ilk dəfə az ağır cinayət törətməsini, törətdiyi əməli etiraf edərək peşiman olmasını, yaşayış yerindən müsbət xarakterizə olunmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən isə məhkəmə Təqsirləndirilən şəxs2 əməlində nəzərdə tutulan cəzanı ağırlaşdıran halların olmadığını müəyyən edir. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 – hər birinə Azərbaycan Respublikası CM-in 228.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsini məqsədəuyğun sayır. Cinayət törətmiş şəxslərə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tətbiq edilməsi nəzərdə tutulan cəza cinayət törətmiş şəxslərin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə və xarakterinə mütənasibdir və hazırkı halda həmin cəza, cəzanın məqsədini təmin edir. Azərbaycan Respublikası CM-nin: 8.1-ci maddəsinə əsasən “cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır”. 58.3-cü maddəsinə görə “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır”. 41.2-ci maddəsinə əsasən “cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir”. 58.1-ci maddəsinin tələblərindən görünür ki, “cinayət törətməkdə təqsirli bilinən şəxsə bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir”. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 №-li qərarının, 13-cü bəndində qeyd olunmuşdur ki, “məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir”. Odur ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Belə olan halda, azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərinə CM-nin müvafiq maddələrində nəzərdə tutulan vəzifələr qoyulmalıdır. Belə ki, Azərbaycan Respublikası CM-nin: 52-1.2.1-ci maddəsinə əsasən yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2-ci maddəsinə əsasən elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3-cü maddəsinə əsasən məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4-cü maddəsinə əsasən müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 – hər birinin ayrı-ayrılıqda cəzanı icra edən orqanda qeydiyyata alındıqları vaxtdan hesablanmalıdır. Belə ki, Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin: 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir; 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır; 51-3.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. İş üzrə maddi sübut kimi tanınmış və Quba RPŞ-nin maddi sübutların saxlanc anbarında saxlanılan 1 ədəd “F-1” tipli əl qumbarasının gövdəsi və 1 ədəd “UZRQM” tipli partlayıcı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə təhvil verilməlidir. İş materiallarına əlavə edilmiş 01 (bir) ədəd DVD disk isə cinayət işinin materiallarında saxlanılmalıdır. “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər eidlmasi haqqında” 07 mart 2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə görə məhkəmə, hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli olan əmlakın olub-olmaması məsələsini həll etməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1 və 99-1.1.1-ci maddəsinə əsasən məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) Xüsusi müsadirə olunan əmlak hesab olunur. Məhkəmə xüsusi müsadirə ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, iş üzrə belə bir əmlak olmadığından təqsirləndirilən şəxslərin barəsində xüsusi müsadirə ilə bağlı müddəa tətbiq edilməməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs2 məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Quba rayon Vəkil Bürosunun vəkili X3 dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Odur ki, Təqsirləndirilən şəxs1 məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1 sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 15 (on beş) iş saatına görə 90 (doxsan) manat manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsindən Quba rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. Təqsirləndirilən şəxs2 məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Quba rayon Vəkil Bürosunun vəkili X1 etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 15 (on beş) iş saatına görə 90 (doxsan) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsindən Quba rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347; 349; 351-353, 356, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs1 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 üzərinə Quba rayonunun hüdudlarını tərk etməmək, axşam saat 23:00-dan səhər saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, habelə epidemiya əleyhinə rejimə, sanitariya-gigiyena və karantin rejimlərinə riayət edilməsi ilə bağlı Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə və Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında operativ qərargahın qərarlarına əməl edilməsi vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs2 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 üzərinə Quba rayonunun hüdudlarını tərk etməmək, axşam saat 23:00-dan səhər saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, habelə epidemiya əleyhinə rejimə, sanitariya-gigiyena və karantin rejimlərinə riayət edilməsi ilə bağlı Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə və Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında operativ qərargahın qərarlarına əməl edilməsi vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış və Quba RPŞ-nin maddi sübutların saxlanc anbarında saxlanılan “F-1” tipli əl qumbarasının gövdəsi və 01 ədəd “UZRQM” tipli partlayıcı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə təhvil verilsin. Cinayət işinin materiallarına əlavə edilmiş 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs1 məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1 sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 15 (on beş) iş saatına görə 90 (doxsan) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsindən Quba rayon Vəkil Bürosunun hesabına (H/h AZ62İBAZ********************, Bank rekvizitləri: ABB Quba filialı, VÖEN: **********, Kod: 805476) köçürülsün. Təqsirləndirilən şəxs2 məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Quba rayon Vəkil Bürosunun vəkili X1 etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 15 (on beş) iş saatına görə 90 (doxsan) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsindən Quba rayon Vəkil Bürosunun hesabına (H/h AZ62İBAZ********************, Bank rekvizitləri: ABB Quba filialı, VÖEN: **********, Kod: 805476) köçürülsün. Cəzanın icrası Quba rayonu İcra və probasiya şöbəsinə həvalə edilsin. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökm apelyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdıqdan sonra qüvvəyə minir. Hakim: Samir Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar