Azərbaycan Respublikası adından HÖKM Quba şəhəri İş № 1(027)-121/2025 28.10.2025 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Xəlilova Nigar Nemət qızının sədrliyi, Məhkəmə iclas katibi Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon və (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxs X1 və onun müdafiəçisi Müdafiəçi iştirakı ilə, xx.xx.1986-ci ildə Quba rayonunda anadan olan, Azərbaycan Respublikası vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Quba rayonu İspik kəndində qeydiyyatda olan və yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Quba Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: X3 18 may 2025-ci il tarixdə, saat 03 radələrində Quba şəhəri, X5 küçəsində yerləşən, “Körpü” adlı iaşə obyektində bibisi oğlu Zərərçəkmiş şəxs ilə yemək yeyib spirtli içki qəbul edərkən sonuncunun ona spirtli içkini içməsini təkid etməsi səbəbindən aralarında yaranmış mübahisə zamanı “Körpü” adlı iaşə obyektinin normal iş rejimini və qarşılıqlı davranış qaydalarını qərəzli olaraq kobud surətdə qəsdən pozaraq sonuncunun ünvanına nalayiq ifadələr işlətməklə münaqişə yaratmış, iaşə obyektinin rəhbəri və işçilərinin tələbi ilə oradan uzaqlaşdırıldıqdan sonra piyada şəkildə Quba şəhəri, 223-cü Atıcı Diviziya küçəsi ilə köhnə avtovağzal istiqamətində hərəkətdə olarkən mübahisəyə davam etmiş, həmin küçədə olarkən Zərərçəkmiş şəxs bir daha spirtli içki içməyi təkid etməsindən hiddətlənib heç bir əsaslı səbəb olmadan ictimai təhlükəli əməli dərk edib bunu arzu edərək sonuncu üzərində zor tədbiq edib onun sağ göz nahiyəsinə yumruq ilə bir dəfə qəsdən zərbə vuraraq ona dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərər vurmaya aid “sağ göz orbiti ətrafında qançır-hematoma, belində solda qançır”ndan ibarət xəsarətlər yetirmiş, nəticədə ictimai qaydanı kobud surətdə pozan və cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq edilməsi ilə müşayiət edilən, ətrafdakı şəxslərin rahatlığının və sözügedən iaşə obyektinin normal iş fəaliyyətinin pozulmasına səbəb olan həmin qərəzli hərəkətləri ilə xuliqanlıq cinayət əməlini törətmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş X3 Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun doğma bibisi oğludur. Onunla aralarında heç bir ədavət və düşmənçilik yoxdur. xx.xx.2025-c il tarixdə o, Vilayətgilə qonaq getmişdir. Onlar həmin gün günortadan axşamadək Vilayətlə birlikdə Quba rayonu, Qımılqazma kəndində yerləşən piknik yerində özlərinin aldıqları ərzaqlar ilə spirtli içki qəbul etmişlər. Axşam isə tanımadıqları yol maşınlarını ilə Quba şəhərinə gəlmişlər. Onlar xx.xx.2025-ci il saat təxminən 01 radələrində Qubaya gələrək köhnə avtovaqzalın yaxınlığında maşından düşmüşlər..Quba şəhərinə gələrkən Vilayət özü ilə yarmçıq qalmış bir şüşə arağıda gətirmişdir. Saat 02 radələrinə onlar Quba şəhəri, Qırmızı qəsəbə ilə üzbəüz yerləşən “Körpü” çay evinə getmişlər. Çay evində müdir və ofisiantlardan başqa heç kim olmamışdır. Onlar oturduqdan sonra meyə və təbii şirə sifariş vermişlər. Onlara orta boylu, kök bir qadın qulluq etmişdir. Həmin qadın onların sifarişlərini və arağı içmək üçün rumkalar gətirmişdir. O, Vilayətlə birlikdə hərəyə iki rumka araq içdikdən sonra Vilayətə daha spirtli içki qəbul etməməyi bildirmişdir. Vilayət isə təkidlə araq içmək etmişdir. Bu zaman o, Vilayətin üzərinə qışqıraraq onun ünvanına nalayiq söyüşlər işlətmişdir. Daha spirtli içki içməməsini bildirmişdir. Bu zaman onunla aralarında yüngül mübahisə baş vermişdir. Vilayət də onun ünvanına nalayiq söyüşlər söymüşdür. Bundan sonra onlara kafenin müdiri yaxınlaşmışdır. Kafenin müdiri kafeni tərk etmələrini tələb etmişdir. Bundan sonra Vilayət sakitləşmişdir. Bundan sonra onlar yavaş-yavaş kafeni tərk etmək üçün çölə çıxmışlar. Kafedən çıxdıqdan sonra onlar yolun kənarı ilə piyada olaraq Quba şəhəri, Köhnə avtovağzal istiqamətində hərəkətə başlamışlar. Bu zaman yolun kənarında yenə də mübahisələri baş vermişdir. Bu zaman onlar Quba şəhəri, 223-cü Atıcı Diviziya küçəsində yerləşən “Ayxan” marketin yanına yaxınlaşmış və orada olarkən Vilayət onun paltarından tutaraq dartmışdır. Həmçinin onun və valideynlərinin ünvanına nalayiq söyüşlər söymüşdür. Həmin vaxt Vilayət ona təkidlə yenə də haradasa içmək istədiyini bildirmişdir. Lakin o, bundan imtina etmişdir. Bir qədər də getdikdən sonra o, Vilayətə qoşularaq spirtli içki qəbul etdiyi və kafedə lazımsız hərkətlər etdiyi üçün ani qəzəblənərək onun sağ göz nahiyyəsindən bir dəfə yumruqla zərbə endirmişdir. Həmçinin onun ünvanına ucadan nalayiq söyüşlər söymüşdür. Bundan sonra isə Vilayət ondan ayrılaraq uzaqlaşmışdır. Sonradan ona məlum olmuşdur ki, Vilayət həmin gün səhər saat 6 radələrində xəstəxanaya gedərək göz və bel nahiyylərində ağrılarının olduğunu bildirmiş, orada ona ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılmışdır.İfadəsinin sonunda X3 əməlindən peşiman olmasını, zərərçəkmiş şəxslə barışdığını bildirərək məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, ailəsi ilə birlikdə Quba şəhəri, Dəvədabanı yaşayış massivində yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir. Təqsirləndirilən şəxs onun doğma dayısı oğludur. Onunla aralarında heç bir ədavət və düşmənçilik yoxdur. xx.xx.2025-c il tarixdə Pərviz onun evinə qonaq gəlmişdir. Onlar həmin gün günortadan axşamadək Pərvizlə birlikdə Quba rayonu, Qımılqazma kəndində yerləşən piknik yerində özlərinin aldığı ərzaqlar ilə spirtli içki qəbul etmişlər. Axşam isə tanımadıqları yol maşınlarını ilə Quba şəhərinə gəlmişlər. Onlar Qubaya çatanda artıq xx.xx.2025-ci il saat təxminən 01 radələri olmuşdur. Həmin vaxt onun əlində bir şüşə spirtli işki olmuşdur. Qubada bir qədər dolaşdıqdan sonra saat 02 radələrinə yaxın o, dayısı oğlu Pərvizlə birlikdə piyada olaraq Quba şəhəri, Qırmızı qəsəbə ilə üzbəüz yerləşən “Körpü” çay evinə getmişlər.Həmin vaxt çay evində müdir və ofisiantlardan başqa heç kim olmamışdır.. Onlar oturduqdan sonra meyə və təbii şirə sifarişi vermişlər. Onlara bir orta boylu, kök qadın qulluq etmişdir. Həmin qadın onların sifarişlərini və arağı içmək üçün rumkaları gətirmişdir. Onlar orada bir qədər spirtli içki qəbul etdikdən sonra Pərviz ona spirtli içki qəbul etməməyi bildirmişdir. O isə Pərvizə təkid edərək “ölənə qədər içəcəm” demişdir. Lakin Pərviz getmələrini istəmişdir. Bu zaman Pərviz onun üzərinə qışqıraraq onu nalayiq söyüşlərlə söydüyü üçün aralarında yüngül mübahisə baş vermişdir. Dayısı oğlu Pərviz onun ünvanına nalayiq söyüşlər söyməyə davam etdiyi üçün o da Pərvizin ünvanına nalayiq söyüşlər söymüşdür. Bu zaman kafenin müdiri onlara yaxınlaşaraq kafeni tərk etmələrini xahiş etmişdir. Onlar bundan sonra qismən sakitləşmişib kafeni tərk etmişlər. Kafedən çıxdıqdan sonra, onlar yolun kənarı ilə piyada Quba şəhəri, Köhnə avtovağzal istiqamətində hərəkətə başlamışlar. Bu zaman yolun kənarında yenə də mübahisələri baş vermişdir. O, Pərvizə təkidlə yenə də haradasa içmək istədiyini bildirmişdir. Lakin Pərviz bundan imtina etmişdir. Onlar Quba şəhəri, 223-cü Atıcı Diviziya küçəsində yerləşən “Ayxan” marketin yanına yaxınlaşdıqda onların arasında yenidən mübahisə yaranmışdır. Onlar ucadan bir-birilərinin ünvanına nalayiq söyüşlər söyərkən Pərviz ani olaraq onun sağ göz nahiyyəsindən bir dəfə yumruqla zərbə endirmişdir. Bundan sonra isə o, Pərvizdən ayrılıb yaşadığı evə getmişdir. Bundan sonra həmin gün səhər saat 6 radələrində xəstəxanaya gedərək göz və bel nahiyylərində ağrılarının olduğunu bildirmişdir. Xəstəxanada ona ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılmışdır. Xəstəxanada ondan nə baş verdiyi soruşulduqda “Ayxan” marketin yanında döyüldüyünü bildirmişdir. İfadəsinin sonunda Zərərçəkmiş şəxs təqsirləndirilən şəxslə barışdığını, sonuncuya qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. İttiham aktının siyahısında şahid kimi göstərilmiş Şahid1 və Şahid2 məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasına gəlməmişlər. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid1 məhkəmədə elan olunmuş ifadəsindən görünür ki o, Masallı rayonu, Böyük Xocavar kəndində qeydiyyatda olmaqla, Quba rayonu, Qam-qam kəndində yaşayır və “Körpü” çay evində ofisiant kimi fəaliyyət göstərir. Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. Həmin şəxslərə 18 may 2025-ci il tarixdə saat 02 radələrində onunişlədiyi kafeyə gəlmişlər. Kafenin müdiri Hüseyn onların içkili olmadıqlarını gördükdən sonra, kafeyə girmələrinə mane olmağa çalışsa da sonuncular təkid edərək özləri ilə gətirdikləri spirtli içkini içib çıxacaqlarını bildirərək kafeyə girmişdirlər. Onlar çay evinin ikinici mərtəbəsində yerləşən zalda əyləşmişdirlər. Həmin şəxslər zalda olan müddətdə o və kafenin müdiri Hüseyn də kafedə olmuşdur. O, həmin şəxslərin stoluna ümumilikdə üç dəfə yaxınlaşmışdır. Birincidə onlardan sifariş qəbul etmiş və onlar doğranmış meyvə və təbii şirə sifariş etmişlər. İkinci dəfə onlara yaxınlaşaraq bu sifarişləri hazır halda təqdim etmiş, daha sonra isə bir dəfə də onlar salfetka istəmiş və o da təqdim etmişdir. O, həmin şəxslərə xidmət göstərən zaman həmin şəxslər yüksəkdən danışaraq onları narahat etmişlər. Həmin şəxslər bir qədər oturduqdan sonra o, görmüşdür ki, onlar öz aralarında mübahisə edirlər. Belə ki, onlar biribirinin ünvanına ucadan nalayiq söyüşlər söymüşdürlər. O, bu barədə dərhal müdir Hüseynə məlumat vermişdir. Hüseyn də onunla birlikdə onlara yaxınlaşmış və onları intizamlı olmağa dəvət edib gec olduğu üçün onlara kafeni bağlamaq istədiyini bildirmişdir. Onlar buna məhəl qoymadıqda Hüseyn obyekti tərk etmələrini tələb etmiş, lakin onlar kafenin iş rejimi də pozaraq hərkətlərinə davam etmişlər. Bir qədər sonra onlar kafeni tərk etmişlər. Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs işlədiyi kafedə olarkən biri-birini vurduqlarını görməmişdir, lakin biri-birinin ünvanına ucadan nalayiq söyüşlər söymüş və bununla da kafenin iş rejimini pozmuşdurlar. Məhkəmə iclasına ifadəsi elan edilmiş Şahid2 ifadəsindən görünür ki o, eyni məzmunlu ifadə verərək, həmin hadisə ilə bağlı Şahid1 göstərdiyi xüsusatları təsdiq etmişdir. İş üzrə təyin edilib keçirilmiş məhkəmə-tibbi ekspertizasının 19 may 2025-ci il tarixli, 317 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində sağ göz orbiti ətrafında qançır-hematoma, belində solda qançır xəsarəti aşkar olunmuş, həmin xəsarətlər küt əşyanın (əşyaların) təsirindən törənməklə yetirilmə müddəti qərarda göstərilən tarixə, yəni 18 may 2025-ci il tarixə uyğun gəlir, dərəcəsinə görə sağlamlıqda qısa müddətə pozğunluq törətdiklərindən sağlamlığa yüngül zərər vurmaya aid olmuşdur. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli 18-1-56/2-763/2025-ci il tarixli TƏBİB Publik hüquqi şəxsinin “Quba rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsinin verdiyi arayışa əsasən Təqsirləndirilən şəxs narkoloji və psixiatrik kabinetlərdə qeydiyyatda yoxdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” 23 mart 2004-cü il tarixli 1 nömrəli Qərarında göstərilmişdir ki, ictimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. İctimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında, şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisə və ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan, yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunur. “B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 7 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli Qərarında qeyd olunur ki, ictimai qaydanın kobud surətdə pozulması, cəmiyyətə açıqca hörmətsizliyin ifadə edilməsi, vətəndaşlar üzərində zor tətbiq olunması və ya belə zorun tətbiq edilməsi hədəsi, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi xuliqanlıq hadisəsini xarakterizə edən əlamətlərdir. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər - təqsirkarın nəqliyyatın, müəssisə, idarə və təşkilatın normal fəaliyyətinin, kütləvi tədbirin və ya uzun müddətə ictimai asayişin pozulmasına, yaxud vətəndaşların hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və həyəcanın yaranmasına səbəb olan, habelə qanunvericiliklə tənzimlənən birgəyaşayış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətləridir. Cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər - təqsirkarın ətrafdakı şəxslər və özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq göstərən, bir qrup şəxsin və ya cəmiyyətin hər hansı bir üzvünün qanuni mənafelərinə toxunan hərəkətləridir. Göründüyü kimi, xuliqanlıq hərəkətləri müxtəlif formada ifadə olunsa da, onların hamısı üç əlamətə malik olmalıdır. Yəni, bu hərəkətlər ictimai qaydanı kobud surətdə pozmalı, belə pozuntu cəmiyyətə açıqca hörmətsizlik ifadə etməli və nəhayət vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilməlidir. Xuliqanlıq - öz hərəkətlərinin ictimai təhlükəlilik xarakterini dərk edən, onların ictimai təhlükəli nəticələrini qabaqcadan görən, bu nəticələrin baş verməsini arzu edən şəxs tərəfindən qəsdən törədilən cinayətdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221-ci maddəsi xuliqanlıq cinayət əməlini - ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər kimi müəyyənləşdirir. Maddənin dispozisiyasına görə aşağıdakı əlamətlər xuliqanlıq hadisəsini xarakterizə edir: ictimai qaydanın kobud surətdə pozulması; cəmiyyətə açıqca hörmətsizliyin ifadə edilməsi; şəxslər üzərində zor tətbiq olunması və ya belə zorun tətbiq edilməsi hədəsi, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi. Bu normanı tətbiq edərkən təqsirkarın hərəkətlərini xarakterizə edən yuxarıda sadalanan əlamətlərin mövcudluğu mütləqdir. Belə ki, ictimai qaydanı kobud surətdə pozan hərəkətlər-təqsirkarın nəqliyyatın, müəssisə, idarə və təşkilatın normal fəaliyyətinin, kütləvi tədbirin və ya uzun müddətə ictimai asayişin pozulmasına, yaxud vətəndaşların hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və həyəcanın yaranmasına səbəb olan, habelə qanunvericiliklə tənzimlənən birgəyaşayış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətləridir. Cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər - təqsirkarın ətrafdakı şəxslər və özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq göstərən, bir qrup şəxsin və ya cəmiyyətin hər hansı bir üzvünün qanuni mənafelərinə toxunan hərəkətləridir. Bu cinayətin əsas obyektini ictimai qayda, əlavə obyektini isə insanların sağlamlığının, şərəf və ləyaqətinin, habelə mülkiyyətin mühafizəsi ilə bağlı olan ictimai münasibətlər təşkil edir. Cinayətin obyektiv cəhəti ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik nümayiş etdirən, şəxslər üzərində zor tətbiqi və ya zor tətbiqi hədəsi və ya özgə əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlərdə ifadə olunur. Əməlin subyektiv cəhətin müstəqil əlamətləri kimi motiv və məqsəd yalnız qəsdən törədilən cinayətlər zamanı mövcud olur. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221-ci maddəsində nəzərdə tutulmuş cinayətin subyektiv cəhətinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli Qərardadında əsasən cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir Məhkəmə təqsirləndirilən və zərərçəkmiş şəxsi dinləyib, şahidlərin ifadələrini nəzərdən keçirib, iş materiallarını tədqiq edərək hesab edir ki, X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri özünün, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, iş üzrə təyin edilib keçirilmiş məhkəmə-tibb ekspertizasının müvafiq rəyi və eləcədə məhkəmə istintaqı zamanı təhqiq olunmuş digər sübutlarla tam yetirilmişdir. Məhkəmə hesab edir ki, X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin sanksiyası daxilində cəza təyin edilməlidir. Həmçinin məhkəmə hesab edir ki, X1 cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, habelə əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Odur ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə təqsirləndirilən şəxs X3 barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin təqsirləndirildiyi maddənin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxs X2 cəza təyin etmək məsələsini həll edərkən, cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin: -5.1-ci maddəsinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər yalnız bu Məcəllə ilə müəyyən edilir. - 8.1-ci maddəsinə müvafiq olaraq cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. - 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayəthüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. - 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. - 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. - 58.3-cü maddəsinə müvafiq olaraq cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, habelə təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. İş materiallarında olan tələbnamədən görünür ki, X3 əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Quba RİHB-nın İspik kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 27 may 2025-ci il tarixli, 1860 nömrəli arayış və xasiyyətnamədən görünür ki, X3 həmin ünvanda qeydiyyatdadır və o, qeydiyyat yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarına əlavə edilmiş elektron məhkəmə informasiya sistemindən əldə edilmiş məlumatdan görünür ki, X1 himayəsində xx.xx.2013-cü və xx.xx.2015-ci il təvvəlüdlü iki azyaşlı uşağı var. Məhkəmə təqsirləndirilən şəxs X1 əməlindən peşiman olmasını, zərərçəkmiş şəxslə barışıq əldə etməsini və himayəsində iki azyaşlı uşağının olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. İş üzrə X1 vəziyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq məhkəmə hesab edir ki, cəzanın məqsədləri X1 təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş daha yüngül cəza olan islah işləri növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Bu növ cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə 49-cu maddəsinə görə islah işləri iki aydan iki ilədək müddətə təyin edilir və həmin cəza məhkumun iş yeri üzrə çəkilir. İslah işlərinə məhkum olunmuş şəxsin qazancından dövlət nəfinə beş faizdən iyirmi faizədək məbləğdə pul tutulur. Məhkəmə hesab edir ki, X1 cəza çəkmə müddətinin başlanğıcı onun qazancından tutlmaların aparıldığı vaxtdan hesablanmalıdır. İş materiallarında olan şübhəli şəxsin tutulması haqqına qərardan görünür ki, X3 xx.xx.2025-ci il tarixdə sübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, xx.xx.2025-ci il tarixdə X3 MSY–dən azad edilmiş və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Beləliklə məhkəmə hesab edir ki, X1 müvəqqəti saxlama yerində saxlanıldığı iki gün cəza təyin edilərkən əsas cəzadan çıxılmalıdır. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən ibtidai istintaq zamanı xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət azadlıqdan məhrumetmə cəzasının 01 (bir) günü islah işləri cəzasının 04 (dörd) günü hesabı ilə hesablanmaqla ona təyin olunmuş cəzadan çıxılaraq Təqsirləndirilən şəxs üzərində qəti olaraq il 11 (on bir) ay 22 (iyirmi iki) gün müddətə islah işləri cəzası saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-nin 346.1 və 346.1.20-ci maddələrinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında digər məsələlərlə yanaşı həmçinin qətimkan tədbirinin ləğv edilməli, dəyişdirilməli və seçilməli (məhz hansı tədbirin) olubolmadığı məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). Həmin Məcəllənin 353.4.12-ci maddəsinə görə, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində hökm qanuni qüvvəyə minənədək məhkumun barəsində seçilmiş qətimkan tədbirinin həlli göstərilməlidir. Təqsirləndirilən şəxs islah işləri cəzası təyin ediləcəyini nəzərə alıb məhkəmə hesab edir ki, onun barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə həmçinin hüsab edir ki, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli qazancından dövlət nəfinə ilkin tutulmaların aparıldığı vaxtdan hesablanmalıdır. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə, 05 (beş) iş saatına görə 55 (əlli beş) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsindən Quba rayon Vəkil Bürosunun hesabına (H/h AZ18İBAZ********************, Bank rekvizitləri: ABB Quba filialı, VÖEN: **********, Kod: 805476) köçürülməlidir. Hökmün icrası X1 yaşayış yeri üzrə Quba rayon İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. İş üzrə ekspertiza xərci, mülki iddia və müsadirə edilməli əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət – Prosessual Məcəlləsinin 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib, aylıq qazancından 10 (on) faiz dövlət nəfinə tutulmaqla, 01 il (bir) müddətinə islah işləri cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli qazancından dövlət nəfinə ilkin tutulmaların aparıldığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə, 05 (beş) iş saatına görə 55 (əlli beş) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsindən Quba rayon Vəkil Bürosunun hesabına (H/h AZ18İBAZ********************, Bank rekvizitləri: ABB Quba filialı, VÖEN: **********, Kod: 805476) köçürülsün. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza xərcinin, mülki iddianın və müsadirə edilməli əmlakın olmaması nəzərə alınsın. Cəzanın icrası Quba rayon İcra və probasiya şöbəsinə həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətinə Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya protesti və ya şikayəti verilməzsə, həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Nigar Xəlilova
Məhkəmə qərarları › İş №1(027)-121/2025
Quba Rayon Məhkəməsi Hökm — İş №1(027)-121/2025
28.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver