Məhkəmə qərarları › İş №1(027)-122/2024

Quba Rayon Məhkəməsi Hökm — İş №1(027)-122/2024

16.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Quba şəhəri İş № 1(027)-122/2024 16.07.2024 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Samir Əlibala oğlunun sədrliyi Muradov Əli Şakir oğlunun katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, Dövlət ittihamçısı, zərərçəkmiş şəxs X1, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1979-cu ildə Quba rayonu, Güiəzi kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, natamam orta təhsilli, subay, məhkumluğu olmayan, işsiz, Quba rayonu, Güiəzi kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin materiallarına açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs övladları xx.xx.2013-cü il təvəllüdlü X6 və xx.xx.2015-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 80,00 manat olmaqla cəmi 160,00 manat sabit pul məbləğində alimentin alınaraq zərərçəkmiş şəxs X2 ödənilməsinə dair Quba Rayon Məhkəməsinin 10 yanvar 2017-ci il tarixli, 2(027)-248/2017 saylı qanuni qüvvəyə minmiş qətnaməsinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini üzürsüz səbəbdən yerinə yetirmədiyinə görə Quba Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmünə əsasən AR CM-nin 306.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsinə, eləcə də Quba Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında iş üzrə qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 10 gün müddətində inzibati qaydada həbs olunmasına, yenidən izahatı alınıb, Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət məsuliyyəti barədə xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlərdə rəsmi xəbərdarlıq edilməsinə baxmayaraq, şəxsi maraq niyyətilə, ilkin təqdimat verilən xx.xx.2018-ci il tarixdən sonuncu təqdimat verilən xx.xx.2023-cü il tarixədək 10080,00 manat məbləğində aliment borcunu zərərçəkmiş şəxs X1 xeyrinə ödəməmiş, ona həmin məbləğdə maddi ziyan vurmaqla, məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsini qərəzli olaraq, qəsdən icra etməyərək, ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (CPM) 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə protokollarını, digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, məhkəmə iclasında ifadə verərkən iş üzrə Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək ibtidai istintaq zamanı vermiş olduğu ifadəsini təsdiq etdi və göstərdi ki, X5 onun keçmiş həyat yoldaşıdır. Birgə nikahdan onların xx.xx.2013-cü il təvəllüdlü Mələk və xx.xx.2015-ci il təvəllüdlü Mətin adlı uşaqları vardır. Ailə münasibətləri pozulduğundan aralarında olan nikah pozulmuş, məhkəmə qətnaməsi ilə uşaqların anaların yanında saxlanılması, xx.xx.2016-ci il tarixdən başlayaraq, övladları, xx.xx.2013-cü il təvəllüdlü X6 və xx.xx.2015-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 80,00 manat olmaqla cəmi 160,00 manat məbləğində sabit alimentin alınaraq Aygün Əhmədovanın xeyrinə ödənilməsi qət edilmişdir. Aliment borcunu ödəmədiyindən dəfələrlə Quba rayon İcra və probasiya şöbəsinə dəvət olunaraq izahatlar vermişdir. Quba Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmünə əsasən CM-nin 306.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. İcra şöbəsinin inzibati xəta barədə protokoluna əsasən Quba Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında iş üzrə qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 10 gün müddətində inzibati qaydada həbs olunmuş və bundan sonra icra məmuru tərəfindən ona yenidən aliment borcunu ödəməyi barədə bildiriş verilmişdir. Hazırda fərdi əməklə yəni fəhləliklə məşğul olmaqla aylıq 250-300 manat məbləğində qazanc əldə edir. Maddi imkanı buna yol vermədiyi üçün yaranmış borcu ödəyə bilmir. Dəfələrlə müxtəlif orqanlara mqraciət etmiş, lakin işlə təmin edilməmişdir. Bu səbəbdən aliment borcunu ödəyə bilməmişdir. Hazırda 1000 manat ödəyə bilər, oktyabr ayınadək də daha 2000 manat ödəyəcəkdir. O, hətta kredir götürüb aliment ödəmişdir ki, hazırda o, kredit borcunu da ödəyə bilmir. Beləliklə də, o qərəzli olaraq alimenti ödəməkdən yayınmamışdır. Göstərdiklərini nəzərə alaraq, ona həbslə bağlı olmayan cəza təyin edilməsini xahiş etdi. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi özünün etirafından başqa, aşağıdakı qeyd edilənlərlə tam sübuta yetirilir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X5 ibtidai istintaqa verdiyi ifadəsini təsdiq edərək göstərdi ki, Təqsirləndirilən şəxs ilə birgə nikahdan xx.xx.2013-cü il təvəllüdlü Mələk və xx.xx.2015-ci il təvəllüdlü Mətin adlı uşaqları vardır. Ailə münasibətləri pozulduğundan aralarında olan nikah pozulmuş, məhkəmə qətnaməsi ilə uşaqların onun yanında saxlanılması, xx.xx.2016-ci il tarixdən başlayaraq, övladları, xx.xx.2013-cü il təvəllüdlü X6 və xx.xx.2015-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 80,00 manat olmaqla cəmi 160,00 manat məbləğində sabit alimentin alınaraq ona ödənilməsi qət edilmişdir. Birgə nikahda olduqları dövrdə Təqsirləndirilən şəxs müxtəlif yerlərdə fəhlə işləyib aylıq 500-600 manat qazanc əldə etmiş, lakin qazancını özünə xərcləmiş, uşaqların saxlanması üçün ona maddi yardım göstərməmişdir. İcra məmurları tərəfindən dəfələrlə bildirişlər verilməsinə baxmayaraq borclu Təqsirləndirilən şəxs icradan yayınmış və bu səbəbdən də Quba Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmünə əsasən AR CM-nin 306.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, həmçinin Quba Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında iş üzrə qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 10 gün müddətində inzibati qaydada həbs olunmuşdur. Maddi vəziyyəti aşağı olduğundan aliment borcunu tam olaraq nağd şəkildə tələb edir. Odur ki, aliment üzrə toplanmış 10080 manat pulun Təqsirləndirilən şəxs alınaraq ona verilməsinə, əks halda barəsində qanuni tədbirlərin görülməsində köməklik göstərilməsini xahiş etdi. Məhkəmə iclasında şahid Quba rayon İcra və probasiya şöbəsinin icra məmuru Şahid2 ibtidai istintaqa verdiyi ifadəsini təsdiq edərək bildirdi ki, Quba Rayon Məhkəməsinin 10 yanvar 2017-ci il tarixli, 2(027)-248/2017 saylı qanuni qüvvəyə minmiş qətnaməsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2016-ci il tarixdən başlayaraq, övladları, xx.xx.2013-cü il təvəllüdlü X6 və xx.xx.2015-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 80,00 manat olmaqla cəmi 160,00 manat məbləğində sabit alimentin alınaraq tələbkar X1 xeyrinə ödənilməsi qət edilmişdir. Həmin qətnamə üzrə borclu Təqsirləndirilən şəxs tələbkarın xeyrinə heç bir ödəniş etməmiş və cinayət məsuliyyətinə cəlb olunması məsələsinə baxılması üçün təqdimat verilən xx.xx.2023-cü il tarixədək 10080 manat məbləğində aliment borcu yaranmışdır. Sözügedən qətnamə icra edilməsi üçün Quba rayon İcra və probasiya şöbəsinə göndərilmiş, qətnamə üzrə icraata başlamaq haqqında qərar qəbul edilmiş, borcluya tələbin könüllü icrası ilə bağlı bildiriş göndərilərək 10 gün könüllü icra müddəti təyin edilmiş, lakin xəbərdarlıqlar edilməyinə, izahatı alınıb məsulliyyəti izah edilməsinə, ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmasına, eləcə də Quba Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsinə, həmçinin Quba rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında iş üzrə qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 10 gün müddətində inzibati qaydada həbs olunmasına, yenidən izahatı alınıb Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsinə ilə nəzərdə tutulan cinayət məsuliyyəti barədə xəbərdar edilməyinə baxmayaraq, borclu Təqsirləndirilən şəxs təqdimat verilən xx.xx.2023-cü il tarixədək 10080 manat məbləğində aliment borcunu tələbkarın xeyrinə qərəzli olaraq ödəməmişdir. Tələbin borclunun əmlak və gəlirlərinə yönəldilməsi məqsədi ilə zəruri icra hərəkətləri həyata keçirilmişdir. Borclunun əmlak və gəlir yerlərinin axtarışları ilə bağlı görülmüş tədbirlər nəticə verməmişdir. Məhkəmə iclasında şahid Quba rayon İcra və probasiya şöbəsinin icra məmuru Şahid1 analoji ifadə verərək Şahid2 göstərdiklərini təsdiq etmişdir. Beləliklə, məhkəmə və məhkəməyədək araşdırma zamanı toplanmış sübutlara məcmu halında qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq icra etməməkdə təqsirli olması özünün etirafı, şahid ifadələri və iş materialları ilə də tam subuta yetirilir. Belə ki, cinayət işinin materiallarında olan: Quba Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(027)-248/2017 saylı qətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2016-ci il tarixdən başlayaraq, övladları xx.xx.2013-cü il təvəllüdlü X6 və xx.xx.2015-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 80 manat olmaqla cəmi 160 manat məbləğində sabit alimentin alınaraq X1 ödənilməsi qət edilmişdir; icra vərəqəsinin icraya yönəldilməsini təsdiq edən xx.xx.2017-ci il tarixli “İcraata başlamaq haqqında” qərar və müvafiq bildirişin surətlərindən görünür ki, borclu Təqsirləndirilən şəxs icraata başlama haqqında qərarın surəti göndərilmiş və o, Quba Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(027)-248/2017 saylı qətnaməsi üzrə verilmiş icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinin hüquqi nəticələri barədə xəbərdar edilmişdir; Quba Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 3(027)-136/2018 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək, barəsinə 10 gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir; Quba Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 8(027)-608/2018 saylı qərarından görünür ki, Quba Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(027)-248/2017 saylı icra sənədinə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasından getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır; Quba Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 1(027)-23/2019 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir; Quba Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 3(027)-514/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək, barəsinə 10 gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir; “aliment borcunun hesablanması haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aliment borcu 10080 manat müəyyən edilmişdir; “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” icra məmurunun xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilərək ona CM-nin 306.1-ci maddəsi ilə ittiham elan olunmuşdur; “qətimkan tədbiri seçmək haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” seçilmişdir; Quba RİHB-nın Güləzi kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Quba rayonu, Güləzi kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayır. Təqsirləndirilən şəxs barəsində nümayəndəliyə heç bir şifahi və yazılı şikayət daxil olmamışdır; Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİl-dən daxil olmuş xx.xx.2024cü il tarixli məlumatdan görünür ki, Təqsirləndirilən şəxs Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx.xx.2001-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 334.1, 62-ci maddəsi ilə təqsirli bilinərək ona 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, həmçinin Quba Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə təqsirli bilinərək ona 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. xx.xx.2021-ci il tarixdə cəza müddəti başa çatmışdır. Hazırda Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun: 82.1-ci maddəsinə əsasən borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. İnzibati məsuliyyətə cəlb etmə haqqında qərar qəbul edildikdən sonra icra məmuru tərəfindən borcluya icra üçün yeni müddət təyin edilir; 82.3-cü maddəsinə əsasən icra sənədi qərəzli olaraq icra edilmədikdə, icra məmuru məhkəmə qərarını icra etməyə borclu olan şəxsin Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətinə cəlb olunması haqqında müvafiq cinayətlərə dair işlər üzrə ibtidai istintaq aparan orqana, icra xidmətinin rəhbəri (baş icra məmuru) tərəfindən təsdiq olunan təqdimat verir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin şərh edilməsinə dair” 2 oktyabr 2012-ci il tarixli Qərarı ilə müəyyən etmişdir ki, “CM-in 306-cı maddəsində nəzərdə tutulmuş cinayət tərkibi məhkəmə aktını icra etməməsinə görə İXM-in 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edildikdən sonra şəxs tərəfindən həmin icra sənədinin yenidən qərəzli olaraq icra edilmədiyi hallarda yaranır”. Sözü gedən qərarda həmçinin qeyd edilir ki, “CM-in 306.1-ci maddəsində qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını və ya qərarını qərəzli olaraq icra etməmə və ya həmin məhkəmə aktlarının icrasına maneçilik törədilməsinə görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Bu maddə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin, hökmünün, qərardadının və ya qərarının icra edilməməsinin iki üsulunu nəzərdə tutmuşdur: məhkəmə aktlarını qərəzli icra etməmə və məhkəmə aktlarının icrasına maneçilik törətmə. Qeyd edilən hər iki üsul CM-nin 306-cı maddəsində nəzərdə tutulmuş əməlin tövsif edilməsi zamanı böyük rol oynayan spesifik əlamətlərə malikdir. Birinci halda bir qayda olaraq, cinayət hərəkətsizlik nəticəsində baş verir. Borclu məhkəmə qərarının icrası üçün müəyyən hərəkətləri etmir. Bununla yanaşı, icra etməmə borclunun müəyyən hərəkətləri etməsi ilə də həyata keçirilə bilər. Məsələn, subyekt yazılı və ya şifahi şəkildə məhkəmə qərarını icra etməyəcəyi barədə məlumat verir və ya məhkəmə qərarını icra etmək niyyətinin olmadığını ifadə edir. Göstərilənlərdən belə nəticəyə gəlmək olar ki, məhkəmə qətnaməsini, hökmünü, qərarını, yaxud digər aktını icra etməmə dedikdə, icra üçün daxil olmuş məhkəmə qətnaməsinin, hökmünün, qərardadının və ya qərarının icrasını həyata keçirmək üçün bu və ya digər hərəkəti etməli olan şəxsin qanunla müəyyən edilmiş müddətdə həmin hərəkətləri etməməsi başa düşülür. Məhkəmə aktlarını icra etməmə yalnız qərəzli olduqda CM-nin 306-cı maddəsində nəzərdə tutulmuş cinayət tərkibini yaradır. İcra etməmə o halda qərəzli olur ki, təqsirkar şəxsə yazılı şəkildə xəbərdarlıq edildikdən sonra da o, məhkəmə aktının tələbini icra etmir və ya məhkəmə aktlarının icrasını mümkünsüz etməyə yönələn hərəkətlərini davam etdirir. Bununla yanaşı nəzərə alınmalıdır ki, CM-in 306.1-ci maddəsində müəyyən edilmiş “qərəzli” müddəası qiymətləndirici (tövsifedici) əlamət olduğundan ibtidai istintaq aparan orqan və ya məhkəmə yalnız konkret işin hallarına uyğun olaraq bu əlamətin mövcud olub-olmamasını müəyyən etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 37-ci maddəsinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi baxımından şərh edilməsinə dair” 18 dekabr 2014-cü il qərarında inzibati tənbeh təkcə inzibati hüquq pozuntusu ilə deyil, həm də cinayətlə mübarizədə hüquqi vasitə hesab edilir. Belə ki, inzibati pozuntu törətmiş və buna görə inzibati məsuliyyətə cəlb olunmuş şəxs təkrarən eyni pozuntunu törətməsi halında cinayət məsuliyyətinə cəlb ediləcəyi barədə xəbərdar edilir. İnzibati məsuliyyətə cəlb edilmənin nəticəsiz qalması, bu inzibati tənbehin tərbiyəedici, xəbərdaredici təsir göstərmədiyini sübut edir. Belə olan halda, təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilir. İnzibati tənbehin icrası zamanı və qanunla nəzərdə tutulmuş icradan sonrakı müddət şəxsin inzibati məsuliyyətə cəlb olunmuş hesab edildiyi müddətdir. Bu müddət ərzində şəxsin yeni inzibati xəta törətməsi faktı onun üçün hüquqi xarakterli mənfi nəticələr (inzibati məsuliyyəti ağırlaşdıran hal və daha ciddi inzibati tənbehin tətbiqi üçün tövsifedici əlamət) yarada bilər. İnzibati tənbehin ödənilməsi müddəti sınaq müddəti hesab edilir və bu müddətdə məsuliyyətə cəlb olunmuş şəxs özünün islah olunmasını sübut etməlidir. Qərarda həmçinin qeyd edilir ki, “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 313-1.1-ci maddəsinə müvafiq olaraq barəsində inzibati tənbeh tətbiq olunmuş şəxs, məhkəmə aktını qərəzli olaraq icra etməməkdə davam edərsə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilir. Bu hallara Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 37-ci maddəsinin tələbləri şamil edilmir”. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 265.5-ci maddəsinin və “Məhkəmə qərarlarının icrası haqqında” Azərbaycan Respublikası Qanununun 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2008-ci il 15 fevral tarixli Qərarında göstərilmişdir ki, “Məhkəmə qərarlarının icrası haqqında” Azərbaycan Respublikası Qanununun 82-ci maddəsinin quruluşunda qanunverici tərəfindən inzibati preyudisiyadan istifadə olunmuşdur. Həmçinin inzibati məsuliyyətdən sonra borclunun hüquqazidd davranışı davam etdiyi halda onun cinayət məsuliyyətinə cəlb olunması, bunun məhz Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada müvafiq orqana, məhkəmə icraçıları qurumunun rəhbərinin təqdimatı əsasında mümkünlüyü müəyyən olunmuşdur.” Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair” 2018-ci il 04 sentyabr tarixli Qərarında vurğulanır: “göstərilənləri nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi vacib hesab edir ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilməməsinə görə şəxsin inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə baxılarkən hüquqtətbiqedici işin faktiki hallarını hərtərəfli araşdırmalı, bundan əvvəl onun barəsində bu əmələ görə inzibati tənbeh tətbiq edilib-edilməməsini, inzibati tənbehin məqsədlərinə nail olunub-olunmamasını, əməlin məhz qərəzli olaraq törədilibtörədilməməsini və digər mühüm halları araşdırmalıdır. Məhkəmələr nəzərə almalıdırlar ki, tənbeh və ya cəzanın tətbiqi tərbiyəvi xarakter daşıyır. Hər hansı bir sanksiyanın tətbiqi isə mütənasib və ədalətli olmalıdır. Məhkəmə aktlarının icra edilməməsi ilə əlaqədar hər hansı inzibati tənbeh və ya cəza tətbiq edilərkən, ilk növbədə, borclu şəxs tərəfindən icra məmurunun tələblərinin yerinə yetirilməsi üçün mümkün vasitələrdən istifadə edilib-edilməməsi obyektiv qiymətləndirilməlidir. Bununla yanaşı, Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, məhkəmələr belə işlərə baxarkən Konstitusiyadan irəli gələn tarazlıq prinsipini rəhbər tutaraq, bir tərəfdən məhkəmə aktının icrasının vacibliyinə, digər tərəfdən isə şəxsin lüzumsuz olaraq cinayət məsuliyyətinə cəlb edilməməsinə xüsusi diqqət yetirməlidirlər. Bu yanaşma, həmçinin Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 2017-ci il 10 fevral tarixli 2668 nömrəli Sərəncamında əks olunmuş dekriminallaşdırma siyasətinə dair tövsiyələrdən irəli gəlir”. Beləliklə, məhkəmə və məhkəməyədək araşdırma zamanı toplanmış sübutlara məcmu halında qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində nəzərdə tutulmuş tələblərin müəyyən edilmiş müddət ərzində dəfələrlə rəsmi xəbərdarlıq edilməsinə, məhkəmə qətnaməsini icra etməməsinə görə inzibati məsuliyyətə cəlb edilməsinə baxmayaraq, məhkəmə qətnaməsinin icrası üçün yetərli tədbirlərin görməməsi və qərəzli olaraq icra etməməsi özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri və digər sübutlarla tam təsdiq edilir. Təqsirləndirilən şəxsin işlə təmin edilməməsi ilə bağlı alimenti ödəməməsi ilə bağlı fikirləri ilə məhkəmə razılaşmır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına almaq və onları tərbiyə etmək valideynlərin borcudur. Həmçinin, Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar; 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur; 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, yaxud qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində, həm də bu Məcllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər; 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 13–cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Birləşmiş Millətlər Təşkilatının X3 3-cü maddəsinin tələblərinə əsasən, “Sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilibkeçirilməməsindən asılı olmayaraq uşaqlar barəsində keçirilən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilir”. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunundan görünür ki, 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 235 (iki yüz otuz beş) manat məbləğində müəyyən edilmişdir. Belə ki, “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinin 2-ci hissəsinə görə valideyn (valideynlər) və ya uşağı tərbiyə edən digər şəxslər özlərinin qabiliyyəti və maliyyə imkanları çərçivəsində uşağın inkişafı üçün zəruri olan həyat şəraitini təmin edilməsinə görə əsas məsuliyyət daşıyırlar. Məhkəmə bu müddəadakı “özlərinin qabiliyyəti çərçivəsində” ifadəsini vurğulayaraq qeyd edir ki, cavabdeh əmək qabiliyyətlidir və uşağa görə hər ay aliment verə biləcək səviyyədə qazanc əldə etmək imkanına malikdir. Başqa sözlə, təqsirləndirilən şəxs sağlamlığı imkan verdiyi təqdirdə işləyib qazanc əldə etməsində və bununla da uşaqlarının saxlanılması üçün məhkəmə qətnaməsi ilə müəyyən edilmiş aliment məbləğinin ödənilməsində özü maraqlı olmalı, bunun üçün real səylər göstərməli və əldə etdiyi gündəlik qazancının ən azı bir hissəsini aliment borcuna ödəməli idi. Lakin təqsirləndirilən şəxs buna dair məhkəməyə heç bir sübut təqdim etməmişdir. Odur ki, məhkəmə onun bu cür ifadəsini məsuliyyətdən boyun qaçırmaq məqsədilə vermiş olduğu kimi qiymətləndirir və buna tənqidi yanaşır. Məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Belə ki, cinayət işinin materiallarından və məhkəmədə tədqiq edilən sübutlardan aydın olduğu kimi, birgə nikahdan doğulmuş övladlarının saxlanılması ilə bağlı qanuni qüvvəsini almış məhkəmə qətnaməsini qərəzli olaraq icra etmədiyinə görə Təqsirləndirilən şəxs iki dəfə inzibati məsuliyyətə cəlb edilmiş, Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinərək xx.xx.2019-cu il tarixdə 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsinə ilə nəzərdə tutulan cinayət məsuliyyəti barədə xəbərdar edilməsinə baxmayaraq, aliment borcunun ödənilməsinə dair üzərinə qoyulmuş vəzifəni yenə də icra etməmiş və yaranmış 10080 manat məbləğində aliment borcunu ödəməmişdir. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə Azərbaycan Respublikası CM-nin: 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxsnın təqsirini qismən etiraf etməsini cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır; 61-ci maddəsinə əsasən isə məhkəmə Təqsirləndirilən şəxsnın əməlində nəzərdə tutulan cəzanı ağırlaşdıran halların olmadığını müəyyən edir. Məhkəmə cəza məsələsini müzakirə edərkən, Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən halları, ağırlaşdıran halların olmadığını nəzərə alaraq hesab edir ki, ona təyin olunan cəza ədalətli olmaqla yanaşı, törətdiyi cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə, həmin cinayətin törədilməsi halına, onun özünün şəxsiyyətinə tam uyğun olmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs alimenti ödəməkdən qərəzli olaraq yayınması ilə yanaşı ibtidai və məhkəmə istintaqı zamanı qaçıb gizlənməklə gələcəkdə cəzadan da boyun qaçıracağına dair ehtimalların real olmasını nəzərə alaraq belə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Azərbaycan Respublikası CM-nin: 8.1-ci maddəsinə əsasən “cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır”. 58.3-cü maddəsinə görə “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır”. 41.2-ci maddəsinə əsasən “cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir”. 58.1-ci maddəsinin tələblərindən görünür ki, “cinayət törətməkdə təqsirli bilinən şəxsə bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir”. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 №-li qərarının, 45-ci bəndində qeyd olunmuşdur ki, “məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər”. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə cəzası təyin edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında tızam» qətimkan tədbiri «həbs» qətimkan tədbirinə dəyişdirilsin və o, məhkəmə iclas zalından dərhal həbsə alınmalı, barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzasının əvvəli 16 iyul 2024-cü il tarixdən hesablanmalıdır. “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər eidlmasi haqqında” 07 mart 2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə görə məhkəmə, hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli olan əmlakın olub-olmaması məsələsini həll etməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1 və 99-1.1.1-ci maddəsinə əsasən məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) Xüsusi müsadirə olunan əmlak hesab olunur. Məhkəmə xüsusi müsadirə ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, iş üzrə belə bir əmlak olmadığından təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə ilə bağlı müddəa tətbiq edilməməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə, vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 15 (on beş) iş saatına görə 90 (doxsan) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsindən Quba rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1, 351-353, 356, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 01 (bir) il müddətinə azadlıqdan məhrumetmə növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında tızam» qətimkan tədbiri «həbs» qətimkan tədbirinə dəyişdirilsin və o, məhkəmə iclas zalından dərhal həbsə alınsın. Barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzasının əvvəli 16 iyul 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 06 (altı) manat hesab edilməklə, 15 (on beş) iş saatına görə 90 (doxsan) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsindən Quba rayon Vəkil Bürosunun hesabına (H/h AZ62İBAZ********************, VÖEN: **********, Bank rekvizitləri: ABB Quba filialı, VÖEN: **********, Kod: 805476) köçürülsün. Hökmün icrası Quba rayon polis şöbəsinə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasına həvalə olunsun. Hökmdən elan olunduğu andan, həbsdə saxlanılan məhkum şəxsə isə rəsmi verildiyi andan 20 gün müddətində Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hakim: Samir Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar