Məhkəmə qərarları › İş №1(027)-123/2022

Quba Rayon Məhkəməsi Hökm — İş №1(027)-123/2022

26.07.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Quba şəhəri İş № 1(027)-123/2022 26.07.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Samir Əlibala oğlunun sədrliyi məhkəmə iclas katibi Muradov Əli Şakir oğlunun katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1973-cü il tarixdə Quba şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta ixtisas təhsilli, məhkumluğu olmayan, evli, işsiz, İ qrup əlil, ünvan 1 ünvanda yaşayan, barəsində "polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs məlum olmayan tarixdə və mənbədən, satış məqsədi olmadan, şəxsi istehlak miqdarından artıq miqdarda bir ədəd bükümdə təmiz çəkisi 1,264 qram narkotik vasitə olan heroini qanunsuz olaraq əldə edib daşıyaraq üzərində "Zəfəran" sözü yazılmış bir ədəd ağ rəngli sellofan torbanın içərisindəki bir ədəd “Ketonal” adlı dərman firmasına məxsus şüşə flakonun içərisində saxlamış, xx.xx.2022-ci il tarixdə saat 15 radələrində Quba RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Quba şəhəri Fətəlixan küçəsində saxlanılıb Quba RPŞ-nə gətirilərək RPŞ-də üzərində şəxsi axtarış aparılan zaman əlində olan üzərində "Zəfəran" sözü yazılmış bir ədəd ağ rəngli sellofan torbanın İçərisindəki bir ədəd "Ketonal” adlı dərman firmasına məxsus şüşə flakonun içərisində bir ədəd qırmızı rəngli sellofan bükümdə tünd qəhvəyi rəngli, təmiz çəkisi 1,264 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə protokollarını, ekspertiza rəylərini və digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, məhkəmə iclasında iş üzrə Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, hadisədən bir müddət əvvəl əslən qubalı Elşad adlı şəxslə Quba şəhərində rastlaşmış və çayxanada oturmuşlar. O, Elşadı əvvəllər də tanıyırdı. Elşad ondan xahiş etmişdir ki, Bakıdan narkotik vasitə göndərəcək və o, həmin vasitəni taksidən götürüb kiməsə çatdırmalıdır. Elşad xx.xx.2022-ci İl tarixdə ona zəng edərək, taksi ilə narkotik vasitə göndərdiyini bildirmiş və ondan həmin vasitəni götürüb deyəcəyi adama çatdırmasını xahiş etmişdir. xx.xx.2022-ci il tarixdə Ramin adlı taksi sürücüsü ona zəng etmiş və onlar Quba şəhərində “Xan” adlı restoranın yaxınlığında görüşmüşlər. Ramin ona üzərində zəfəran sözü yazılmış paketi vermişdir. Paketi götürdükdən bir qədər sonra polis əməkdaşları ona yaxınlaşmış, özlərini təqdim edərək onun narkotik vasitələri əldə etməkdə və üzərində saxlamaqda şübhəli olduğunu bildirərək Quba RPŞ-nə dəvət etmişlər. Orada təhqiqatçı tərəfindən hüquq və vəzifələri izah olunduqdan sonra ona müdafiəçi təqdim edilmişdir. Onun razılığı ilə, müdafiəçisinin iştirakı ilə videoçəkilişlə üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı o, əlində olan üzərində Zəfəran sözü yazılmış ağ sellofan torbanı təhqiqatçıya vermişdir. Təhqiqatçı onun üzərinə baxış keçirtdikdə üzərindən 326 manat pul və bir ədəd göy rəngli Redmi markalı telefon aşkar edilmişdir. Daha sonra təqdim etdiyi üzərində Zəfəran sözü yazılmış ağ rəngli sellofan torba açıldıqda içərisindən “Deksalgin” adlı boş dərman qutusu və “Ketonal” yazısı olan şüşə dərman flakonu aşkar edilmişdir. Şüşə flakonun içərisinə baxıldıqda oradan bir ədəd qırmızı rəngli sellofan bükülünün içərisində narkotik vasitə heroin olduğunu müəyyən edilmişdir. Bükülünün içərisindəki qəhvəyi rəngli kütlə elektron tərəzidə çəkildikdən sonra zərfə qoyularaq möhürlənib qablaşdırılmışdır. Bu barədə protokol tərtib edilmiş, zərf və protokol onun tərəfindən imzalanmışdır. Məhkəmədə verilən suallara cavab olaraq isə Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edərək, həqiqətən öz istifadəsi üçün əvvəllər tanıdığı Elşad adlı şəxsə ödəmə terminalı vasitəsi ilə 70 manat pul ödəyərək narkotik vasitə heroin aldığını və həmin vasitənin Elşad pulu ödənildikdən sonra dərman şüşəsində gizlədib taksi sürücüsü vasitəsi ilə ona göndərdiyini bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş narkotik vasitəni şəxsi istifadəsi üçün əldə edərək üzərində saxladığını, narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmadığını, arada-sıra özü istifadə etdiyini bildirmişdir. Polis əməkdaşları onu saxlayarkən, hər hansı bir fiziki və psixoloji təsir göstərməmişlər, həmin vaxt müdafiəçisi də yanında olmuşdur. Sonda təqsirləndirilən şəxs törətdiyi əməli dərk etdiyini və əməlindən peşiman olduğunu, gözdən İ qrub əlil olduğunu, ailəsini dolandıran yeganə şəxs olduğunu bildirərək, barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 Bayram oğlu ibtidai istintaqa verdiyi ifadəsini təsdiq edərək bildirdi ki, Quba şəhər sakini Təqsirləndirilən şəxs narkotik vasitə əldə edib saxlaması və istifadə etməsi barədə əməliyyat məlumatı daxil olmuş, həmin məlumatın yoxlanılması məqsədilə əməliyyat qrupu yaradılaraq əməliyyat-axtarış tədbirləri keçirilmiş, nəticədə Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə təxminən saat 15 radələrində Quba şəhəri, Fətəlixan küçəsində, Xan restoranının yaxınlığında saxlanılaraq üzərində şəxsi axtarış keçirilməsi üçün Quba RPŞ-nə dəvət edilmişdir. Polis şöbəsində təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərində vəkilinin iştirakı ilə videoçəkilişlə şəxsi axtarış keçiriləcəyi bildirilmiş və Aydın da buna etiraz etməmişdir. Təqsirləndirilən şəxs əlində olan ağ rəngli sellofan paketi təqdim edərək paketin içərisində narkotik vasitə olduğunu bildirmişdir. Təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılarkən əynində olan qara rəngli gödəkcənin sol yan cibindən bir ədəd göy rəngli “Redmi” markalı mobil telefon və göy rəngli cins şalvarın sol yan cibindən 326 manat pul aşkar edilərək götürülmüşdür. Daha sonra təhqiqatçı tərəfindən üzərində “Zəfəran" sözü yazılmış ağ rəngli sellofan torba açıldıqda içərisindən boş dərman qutusu və “ketonal” adlı dərman firmasına məxsus şüşə flakon aşkar edilmişdir. Şüşə flakonun içərisinə baxıldıqda oradan bir ədəd qırmızı rəngli sellofan bükülü içərisində qəhvəyi rəngli kütlə aşkar edilmişdir. Həmin kütlə elektron tərəzi ilə çəkilmiş və 1,6 qram çəkidə olması müəyyən edilmişdir. Həmin kütlə təhqiqatçı tərəfindən zərfə qoyularaq möhürlənib qablaşdırılmışdır. Məhkəmədə verilən suallara cavab olaraq, şahid bildirdi ki, Təqsirləndirilən şəxs narkotik vasitə əldə edib saxlaması və istifadə etməsi barədə əməliyyat məlumatı əməliyyatçı Elvinə daxil olmuşdur. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarışın aparılması Quba RPŞ-nin KTQ-nin baş inspektor-kriminalisti, polis mayoru Fuad İslamov tərəfindən videokamera İlə qeydə alınmışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 Faiq oğlu ibtidai istintaqa verdiyi ifadəsini təsdiq edərək digər Şahid1 Bayram oğlunun ifadəsi ilə analoji ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ibtidai istintaqa verdiyi ifadəsini təsdiq edərək bildirdi ki, o, 2011-ci ildən Quba-Bakı istiqamətində taksi fəaliyyəti ilə məşğul olur. Elşad adlı şəxsi 20 ildən çoxdur ki, tanıyır. Belə ki, əvvəllər Quba şəhərində fəaliyyət göstərən yarmarkada Elşadla bir yerdə işləmişdir. Sonradan Elşad Bakı şəhərinə köçmüşdür. O Quba-Bakı istiqamətində öz avtomobili ilə taksi kimi sərnişin aparıbgətirərkən Elşad da bir neçə dəfə onunla Quba şəhərinə gəlmişdir. xx.xx.2022-ci il tarixdə gecə saat 12 radələrində o Bakı şəhərində Şamaxinka adlanan ərazidə Bakı-Quba taksilərinin dayandığı yerdə olarkən Elşad ona yaxınlaşıb üzərində “Zəfəran” sözü yazılmış bir ədəd sellofan paketi verib paketin içərisində dərman olduğunu, həmin dərmanı Quba şəhərinə çatdığı zaman Aydın adlı şəxsə verməsini xahiş etmişdir. Elşad ona Quba şəhərinə çatdıqda Aydınla əlaqə saxlamasından ötrü Aydının telefon nömrəsini də vermişdir. O paketin içərisinə baxdıqda orada dərman pereparatı olduğunu görmüşdür. Elşad ona paketi verdikdən sonra çıxıb getmişdir. O da xx.xx.2022-ci il tarixdə təxminən saat 01:30 radələrində idarə etdiyi avtomobillə Quba şəhəri istiqamətində yola düşmüşdür. Elşadın verdiyi nömrəyə zəng etmiş, lakin səhv yığdığı üçün Aydına düşə bilməmişdir. xx.xx.2022-ci il tarixdə günorta saatlarında tanımadığı nömrədən ona zəng gəlmişdir. O nömrəyə baxdıqda Elşadın ona verdiyi nömrəyə oxşar olduğunu görmüş və başa düşmüşdür ki, Elşad ona Aydının nömrəsini verərkən rəqəmlərdən birini səhv yazmışdır. Telefonu açdıqda zəng edən şəxs Aydın olduğunu, ötən gün axşam ona dərman verilibverilmədiyini soruşmuş, o da Aydına Elşadın dünən gecə saatlarında ona dərman verdiyini, həmçinin Aydının nömrəsini də verdiyini demişdir. Aydın ondan həmin dərman paketini Quba şəhərində yerləşən Xan restoranının qarşısına çatdırmasını xahiş etmişdir. O, öz avtomobili ilə Aydının dediyi ünvana gedib avtomobildən düşərək paketi Aydına vermişdir. Bundan sonra avtomobilinə əyləşib Köhnə avtovağzal adlanan yerə qayıtmışdır. O, narkotik vasitələrdən və ya psixotrop maddələrdən istifadə etmir. Onun paketin içərisində narkotik vasitə olmasından məlumatı olmamışdır. Elşad ona həmin paketi verərkən içərisində dərman olduğunu demişdir. Elşad əvvəllər onunla Quba şəhərinə heç bir əşya və ya yük göndərməmişdir. O Aydını əvvəllər tanımamışdır. Məhkəmə təqsirləndirilən şəxsi və şahidləri dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi və onun təqsiri aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. Belə ki, Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış zamanı çəkilmiş videogörüntünün olduğu 01 ədəd DVD formatlı diskə məhkəmədə baxış keçirilərkən müəyyən edilmişdir ki, Quba RPŞ-nin İB-nin təhqiqatçısı, polis mayoru Xəzər Nəcəfov, Quba RPŞ-nin CAB-nin əməliyyat muvəkkili, polis leytenantı Şahid1, CAB-nin axtarış üzrə baş əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 və Quba rayon vəkil bürosunun vəkili Müdafiəçi yanında dayanmış Təqsirləndirilən şəxs özünü və iştirakçıları təqdim edərək, narkotik vasitələrin istifadəsində və satışında şübhəli olduğu üçün Quba şəhəri ərazisində saxlanıldığını və üzərində şəxsi axtarış keçirilməsi zərurəti yarandığından Quba RPŞ-nə gətirildiyini bildirərək videoçəkilişlə üzərində şəxsi axtarış seçirilməsinə və müdafiəçiyə etirazının olub-olmamasını soruşur. Təqsirləndirilən şəxs heç bir etirazı olmadığını qeyd edir. Təqsirləndirilən şəxs əlində olan ağ rəngli sellofan paketi təqdim edərək paketin içərisində narkotik vasitə olduğunu bildirir. Təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış apararkən əynində olan qara rəngli gödəkcənin sol yan cibindən bir ədəd göy rəngli “Redmi” markalı mobil telefon və göy rəngli cins şalvarın sol yan cibindən 326 manat pul aşkar edilərək götürülmüşdür. Daha sonra təhqiqatçı tərəfindən üzərində “Zəfəran” sözü yazılmış ağ rəngli sellofan torba açıldıqda içərisindən “deksalgin” adlı boş dərman qutusu və “ketonal” adlı dərman firmasına məxsus şüşə flakon aşkar edilmişdir. Şüşə flakonun içərisinə baxıldıqda oradan bir ədəd qırmızı rəngli sellofan bükülü aşkar edilmişdir. Təhqiqatçı Təqsirləndirilən şəxs bükülünün nə olmasını soruşduqda Təqsirləndirilən şəxs bükülünün içərisində narkotik vasitə olduğunu, həmin narkotik vasitəni Elşad adlı şəxsdən 70 manata aldığını, pulu terminal vasitəsilə göndərdiyini bildirir. Təhqiqatçı bükülünü açıb içinə taxdıqda içərisində qəhvəyi rəngli kütlə aşkar edilir və həmin kütlə elektron tərəzi ilə çəkildikdə çəkisinin 1,6 qram olduğu müəyyən edilir. Həmin kütlə zərfə qoyularaq möhürlənib qablaşdırılır. Təqsirləndirilən şəxs və vəkili həmin zərfləri imzalayır. Bununla da video çəkiliş başa çatır (DVD disk). İş materiallarında olan: “şəxsi axtarışın keçirilməsi barədə” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, xx.xx.2022-ci il tarixdə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinməsi barədə alınmış məlumat əsasında keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Quba şəhəri, Fətəlixan küçəsində saxlanılaraq Quba RPŞ- nə dəvət edilmişdir. Hal şahidlərinin iştirakı ilə yerində şəxsi axtarış keçirilməsi mümkün olmadığından şəxs RPŞ-yə dəvət edilmiş və xx.xx.2022-ci il tarixdə saat 16:05-də RPŞ-də Təqsirləndirilən şəxs üzərində olan əşyaları çıxarıb təqdim etməsi bildirilmişdir. Təqsirləndirilən şəxs əlində olan, üzərində “Zəfəran" sözləri yazılmış ağ rəngli selofan torbanı təqdim etmiş, torbanın içərisindən üzərində “Dexaligin inject” sözləri yazılmış 1 ədəd boş dərman qutusu, 1 ədəd “Ketanol” dərman həbləri şüşə flakonun içərisində 1 ədəd qırmızı selofan bükümdə tünd qəhvəyi rəngli tozşəkilli kütlə aşkar olunmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs aşkar olunmuş kütlənin narkotik vasitə olduğunu bildirmişdir. Bükülünün ümumi çəkisi 1,6 qram olduğu müəyyən olunmuşdur. Maddi sübut əhəmiyyəti kəsb etdiyindən götürülmüşdür. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin MEM-nə göndərilməsi üçün qablaşdırılmış və DİN-nin 67 saylı möhürü ilə möhürlənmişdir. Təqsirləndirilən şəxs üzərinə əlavə axtarış keçirilən zaman onun üzərindən əynində olan qara gödəkçənın sol yan cibindən 1 ədəd göy rəngli “Redmi ’’ markalı M1908C3KG modelli mobil telefon, göy cins şalvarının sol cibindən 326 manat pul əskınazı, aşkar olunaraq götürülmüşdür (iş vər.: 26); iş materiallarına əlavə edilmiş qəbzdən görünür ki, Təqsirləndirilən şəxs Quba RPŞnin İB-nin müstəntiqi X7 “Redmi’’ markalı mobil telefonunu, 326 manat pulunu təhvil almışdır (iş vər.: 87); Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (məhkəmə-bioloji ekspertizası üzrə) xx.xx.2022-ci il tarixli 6/1833 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində "Azərbaycan Respublikası DİN Zərflər üçün N°67" dairəvi möhür əksi olan, "Vət. Təqsirləndirilən şəxs üzərindən..." yazı və imzalar olan zərfdə bir ədəd bükümdə təmiz çəkisi 1,264 qram tünd qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Heroinin təmiz çəkisi 1,264 qram, tədqiqata sərf edildi 0,05 qram, qalıq 1,214 qram (iş vər.: 32-36); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X13 Şəxsi Ambulator X2 (ambulator məhkəmə-narkoloji ekspertizası) xx.xx.2022-ci il tarixli 2006 saylı nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabioidlərin və opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu(narkomaniya xəstəliyi) aşkar olunur. Hazırda Təqsirləndirilən şəxs İ dərəcəli əlil olması ilə əlaqədar olaraq, ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (iş vər.: 91,92). Məhkəmədə ekspert rəyləri tədqiq edilərkən müəyyən edildi ki, ekspert rəyləri işin müəyyən edilmiş hallarına uyğun gəldiyindən və digər sübutlarla təsdiq edildiyindən sübut kimi qəbul edilməlidir. “narkotik vasitənin maddi sübut hesab edilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, ekspertiza tədqiqatından sonra qaytarılan qalıq çəkisi 1,214 qram olan heroin cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut hesab edilərək saxlanılması üçün Quba RPŞ-nin maddi sübutların saxlanc anbarına təhvil verilmişdir (cild 1, iş vər.: 89); “əməliyyat-axtarış tədbirlərinin məhkəmə nəzarəti qaydasında yoxlanılmasının nəticələri haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası DİN-nin Quba RPŞ-nin əməliyyat müvəkkili Şahid1 Bayram oğlunun xx.xx.2022-ci il tarixli qərarı əsasında keçirilmiş əməliyyat-axtarış tədbiri qanuna uyğun hesab edilmişdir (iş vər.: 69); “sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 234.2-ci mədəsinin tərkibi olmadığından barəsində həmin xüsusat üzrə cinayət işinin başlanılması rədd edilmiş, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi istintaq hərəkətinin görüntüləri əks olunmuş bir ədəd DVD disk maddi sübut hesab edilərək cinayət işinin materiallarına əlavə olunmuş, “Constant” markalı elektron tərəzidə çəkilərkən Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş bir ədəd bükümdə narkotik vasitə olan heroinin çəkisinin 1,6 qram olması, məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2022-ci il tarixli, 6/1833 nömrəli ekspert rəyində Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş bir ədəd bükümdə narkotik vasitə olan heroinin təmiz çəkisinin 1,264 qram olması tərəzi fərqi kimi qiymətləndirilmişdir, Şahid3 əməllərində Azərbaycan Respublikası CM-nin 234.1 və 234.4.1-ci mədələrinin tərkibi olmadığından barəsində həmin xüsusatlar üzrə cinayət işinin başlanılması rədd edilmişdir, Təqsirləndirilən şəxs narkotik vasitə heroini əldə etdiyi mənbəni müəyyən etmək məqsədilə ********* nömrəli cinayət işi materiallarından Bakı şəhər sakini “Elşad” adlı şəxs barəsində material ayrılması və material üzrə müvafiq araşdırma aparılması qərara alınmışdır (iş vər.: 94-100). Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan heroin əldə edib saxlamaqda təqsirli olması onun özünü etirafı, ekspert rəyləri, şahid ifadələri və iş üzrə olan maddi sübut ilə də tam subuta yetirilir. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2008-ci il tarixli Qanununun 21-ci maddəsinə əsasən, “narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilir”. Azərbaycan Respublikasının 28 iyun 2005-ci il Qanunu ilə təsdiq edilmiş “şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına habelə onların külli miqdarına görə” 1-ci siyahının 5-ci bəndinə görə narkotik vasitə hesab edilən heroinin şəxsi istehlak miqdarından artıq miqdarının yuxarı həddi 0,15 qram təşkil edir. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə heroinin xalis çəkisi 1,264 qram təşkil etmişdir ki, qeyd olunan siyahıya əsasən, həmin miqdar Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli 2 saylı qərarının 4-cü bəndində göstərilmişdir ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür”. Məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs oğunun barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən, hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri, həmçinin aşağıda qeyd olunanlar da nəzərə alınmalıdır. İş materiallarında olan: “cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” xx.xx.2022-ci il tarixli qərardan və protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (iş vər.: 10-12); “şübhəli şəxsin tutulmadan azad olunması və barəsində qətimkan tədbiri seçilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərardan görnür ki, Təqsirləndirilən şəxs MSY-dən azad edilmiş və barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir (iş vər.: 30); “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilərək ona CM-nin 234.1-ci maddəsi ilə ittiham elan olunmuşdur (iş vər.: 46, 47); Quba Rayon prokuroru Namiq Muradovun xx.xx.2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə müstəntiqin vəsatəti təmin edilməmişdir (iş vər.: 59, 60); “qətimkan tədbiri seçilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir (cild İ, iş vər.: 61, 62); DİN-nin BƏSİİ-nin verdiyi cinayət işi üzrə yoxlamaya dair tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2019-cu il tarixdə Quba Rayon Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib, 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinə əsasən barəsində 02 (iki) il sınaq müddəti tətbiq edilməklə, Təqsirləndirilən şəxs təyin olunmuş 02 (iki) il müddətə azadlıqdan məhrumetmə cəzası şərti hesab edilmişdir. xx.xx.2021-ci il tarixdə cəza müddəti başa çatmışdır (iş vər.: 85); Quba rayon İcra və probasiya şöbəsinin 50393/xx/xx-3357 saylı arayışından görünür ki, Quba Rayon Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib, 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş cəzasının Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinə əsasən barəsində 02 (iki) il sınaq müddəti tətbiq edilməklə şərti hesab edilməsinə dair Quba Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 1(027)-35 saylı hökmü xx.xx.2019-cu il tarixdə Quba rayon İcra və probasiya şöbəsinin icraatına daxil olmuş və məhkum qeydiyyata götürülmüşdür. Təqsirləndirilən şəxs təyin olunmuş sınaq müddəti bitdiyinden o, xx.xx.2021-ci il tarixdə Quba rayon İcra və Probasiya şöbəsinin qeydiyyatından çıxarılmışdır. Quba RİHB-nın Quba şəhər İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs ünvan 2 ünvanında yaşayır və ailə tərkibi: həyat yoldaşı xx.xx.1977-ci il təvəllüdlü X3, qızı - xx.xx.2004-cü il təvəllüdlü X5, oğlu - xx.xx.2001-cı il təvəllüdlü X1 ibarətdir (iş vər.: 71); Quba RİHB-nın Quba şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən daxil olmuş Təqsirləndirilən şəxs barəsində olan xasiyyətnamədən görünür ki, Quba şəhəri ərazisində yaşadığı müddət ərzində Quba şəhər İƏD üzrə nümayəndəliyinə heç bir şikayət və narazıçılıq daxil olmamışdır (iş vər.: 72); 350775 nömrəli tibbi arayışdan görünür ki, Təqsirləndirilən şəxs göz xəstəliyinə görə birinci qrup əlildir (iş vər.: 73). Məhkəmə Azərbaycan Respublikası CM-nin: 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf edib, səmimi peşiman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, göz xəstəliyinə görə birinci qrup əlil olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır; 61-ci maddəsinə əsasən isə məhkəmə Təqsirləndirilən şəxs əməlində nəzərdə tutulan cəzanı ağırlaşdıran halların olmadığını müəyyən edir. Belə ki, CPM-nın 83.3. və 83.3.1 çmaddələrinə görə, şərti məhkum edilmiş şəxslər barəsində — sınaq müddəti başa çatdıqda, çəkilməmiş əlavə cəzası olduğu hallarda isə həmçinin əlavə cəza icra olunub qurtardıqda məhkumluq ödənilmiş hesab olunur. Təqsirləndirilən şəxs təyin olunmuş 02 (iki) il müddətə azadlıqdan məhrumetmə cəzası üzrə sınaq müddəti xx.xx.2021-ci il tarixdə başa çatmışdır. Deməli hazırki cinayət əməlini tərədərkən və hazırda o, məhkumluğu olmayan şəxs hesab edilməlidir. Məhkəmə cəza məsələsini müzakirə edərkən, Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən halları, ağırlaşdıran halların olmadığını nəzərə alaraq hesab edir ki, ona təyin olunan cəza ədalətli olmaqla yanaşı, törətdiyi cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə, həmin cinayətin törədilməsi halına, onun özünün şəxsiyyətinə tam uyğun olmalıdır. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Azərbaycan Respublikası CM-nin: 8.1-ci maddəsinə əsasən “cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır”. 58.3-cü maddəsinə görə “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır”. 41.2-ci maddəsinə əsasən “cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir”. 58.1-ci maddəsinin tələblərindən görünür ki, “cinayət törətməkdə təqsirli bilinən şəxsə bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir”. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 №-li qərarının, 45-ci bəndində qeyd olunmuşdur ki, “məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər”. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək həbsdə olduğu 01 (bir) gün Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrumetmənin 01 (bir) gününə azadlığın məhdudlaşdırılması cəzasının 02 (iki) günü bərabər tutulmaqla, 02 (iki) gün təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasına hesablanmalı və üzərində qəti cəza təyin edilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Belə olan halda, azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs üzərinə CM-nin müvafiq maddələrində nəzərdə tutulan vəzifələr qoyulmalıdır. Belə ki, Azərbaycan Respublikası CM-nin: 52-1.2.1-ci maddəsinə əsasən yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2-ci maddəsinə əsasən elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3-cü maddəsinə əsasən məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4-cü maddəsinə əsasən müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Belə ki, Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin: 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir; 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır; 51-3.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir; Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Bundan başqa, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli 2 saylı “Qərarın” 26-cı bəndində qeyd olunur ki, “məhkəmələr narkomaniya xəstəliyinə düçar olmuş təqsirli şəxslər barəsində cəza təyin edərkən onların cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi qaydada müalicə olunması məsələsini həll etməlidirlər (belə müalicənin tətbiq edilməli olub-olmaması barədə müvafiq ekspertiza rəyi alınmalıdır). Bu halda məcburi müalicənin müddəti məhkəmələr tərəfindən hökmdə göstərilməməlidir. Narkomaniyadan məcburi müalicənin belə şəxslərə zərərli təsir göstərməsi həkim rəyində qeyd olunduğu halda və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09 fevral 2006-cı il tarixli 39 №-li qərarının 3-cü bəndində nəzərdə tutulan digər hallarda məhkəmə hökmdə Cinayət Məcəlləsinin 93.1.4-cü maddəsinin tətbiq edilməməsinin səbəblərini əsaslandırmalı, belə şəxslərin ərazi narkoloji dispanserində qeydiyyata götürülməsi təmin edilməlidir”. Beləliklə məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut kimi tanınmış və Quba rayon Polis şöbəsində saxlanılan ekspertiza tədqiqatından sonra qalıq çəkisi 1,214 qram təşkil edən narkotik vasitə heroin məhv edilməlidir. Bundan başqa, cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci 88 (səksən səkkiz) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edillməsi haqqında” 07 mart 2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə görə məhkəmə, hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli olan əmlakın olub-olmaması məsələsini həll etməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1 və 99-1.1.1-ci maddəsinə əsasən məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) Xüsusi müsadirə olunan əmlak hesab olunur. Məhkəmə xüsusi müsadirə ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, iş üzrə belə bir əmlak olmadığından təqsirləndirilən şəxslərin barəsində xüsusi müsadirə ilə bağlı müddəa tətbiq edilməməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs istintaq orqanında dövlət hesabına hüquqlarını müdafiə etmiş Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Odur ki, Təqsirləndirilən şəxs məhkəmədə dövlət hesabına hüquqlarını müdafiə etmiş Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 4 (dörd) iş saatına görə 24 (iyirmi dörd) manat məbləğində manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsindən Quba rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1, 351-353, 356, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək həbsdə olduğu 01 (bir) gün Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrumetmənin 01 (bir) gününə azadlığın məhdudlaşdırılması cəzasının 02 (iki) günü bərabər tutulmaqla, 02 (iki) gün təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasına hesablansın və üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Quba rayonunun hüdudlarını tərk etməmək, axşam saat 23:00-dan səhər saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Quba rayon Polis şöbəsində saxlanılan ekspertiza tədqiqatından sonra qalıq çəkisi 1,214 qram təşkil edən narkotik vasitə heroin məhv edilsin. Cinayət işi üzrə keçirilmiş ekspertizanın xərci 88 (səksən səkkiz) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, AZ34CTRE********************, X4, Kod:210005, VÖEN**********, Mühbir hesab AZ41NABZ********************, S.W.İ.F.T. Bik: CTREAZ22) köçürülsün. Təqsirləndirilən şəxs məhkəmədə dövlət hesabına hüquqlarını müdafiə etmiş Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 4 (dörd) iş saatına görə 24 (iyirmi dörd) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsindən Quba rayon Vəkil Bürosunun hesabına (H/h AZ18İBAZ********************, Bank rekvizitləri: ABB Quba filialı, VÖEN: **********, Kod: 805476) köçürülsün. Cəzanın icrası Quba rayonu İcra və probasiya şöbəsinə həvalə edilsin. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökm apelyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdıqdan sonra qüvvəyə minir. Hakim: Samir Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar