Məhkəmə qərarları › İş №1(027)-123/2023

Quba Rayon Məhkəməsi Hökm — İş №1(027)-123/2023

08.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Quba şəhəri İş № 1(027)-123/2023 08.08.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Samir Əlibala oğlunun sədrliyi məhkəmə iclas katibi Muradov Əli Şakir oğlunun katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxx 1973-cü il tarixdə Quba şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işsiz, məhkumluğu olmayan, Quba şəhəri, H.Əliyev prospekti 227 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən şəxsi istehlak miqdarından artıq miqdarda 01 ədəd gümüşü rəngli bükülüdə 0,390 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroini satış məqsədi olmadan qanunsuz olaraq əldə edib üzərində daşımaqla saxlamış, Quba RPŞ-nin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində 02 may 2023-cü il tarixdə saat 16 radələrində Quba şəhəri. Mövlud Qonaq küçəsində yol kənarında saxlanılaraq üzərində şəxsi axtarış keçirilən zaman əynində olan boz rəngli şalvarının sağ yan cibində saxladığı bir ədəd gümüşü rəngli bükülüdə ümumi təmiz çəkisi 0,390 qram olan kustar üsulla hazırlanmış həmin narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə protokollarını, ekspertiza rəylərini və digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, məhkəmə iclasında iş üzrə Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək və ibtidai istintaqa verdiyi ifadəsini təsdiq etdi və bildirdi ki, 02 may 2023-cü il tarixdə Quba şəhərində yerləşən Daşınmaz Əmlak İdarəsinə doğru gələn zaman polis əməkdaşları yol kənarında ona yaxınlaşıb özlərini təqdim etmiş və onun narkotik vasitələri üzərində gəzdirməkdə şübhəli olduğunu bildirmişlər. Bundan sonra polis əməkdaşları və dəvət edilmiş vəkilin də iştirakı ilə üzərində şəxsi axtarış aparılmışdır. Sorğu zamanı o, üzərində narkotik vasitə olduğunu deyib əynindəki şalvarının sağ yan cibində saxladığı bir ədəd gümüşü rəngli sellofanda olan narkotik vasitəni polis əməkdaşlarına təqdim etmişdir. Bundan sonra həmin narkotik vasitə tərəzidə ölçülmüş və qablaşdırılmışdır. Məhkəmədə verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirdi ki, Xaçmaz rayonundan Quba rayonuna gələn zaman Zərdabi qəsəbəsi ərazisində yol kənarında gümüşü rəngli bükülü tapmışdır. Həmin bükülünü açıb içərisində kakos adı ilə tanıdığı narkotik vasitə olduğunu görmüşdür. Özü də narkotik vasitələrdən istifadə etdiyindən həmin bükülünü götürüb şəxsi istifadəsi üçün cibinə qoymuşdur. Əvvəl qəza keçirmiş, ağrıları olmuşdur. Ağrıları azalmadığından narkotik vasitədən istifadə etmişdir. Hazırda istifadə etmir. Özü birinci Qarabağ müharibəsinin, iki oğlu isə ikinci Qarabağ müharibəsinin iştirakçısıdır. Bir oğlu hazırda da aldığı yaralardan müalicə alır. Sonda təqsirləndirilən şəxs əməlindən peşiman olmasını, səhhətinin nasaz olmasını nəzərə alaraq, barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ibtidai istintaqa verdiyi ifadəsini təsdiq edərək bildirdi ki, 02 may 2023-cü il tarixdə Quba rayon sakini Təqsirləndirilən şəxs üzərində qanunsuz olaraq narkotik vasitələr saxlaması barədə rayon polis şöbəsinə daxil olmuş əməliyyat məlumatın yoxlanılması məqsədilə əməliyyat qrupu yaradılaraq əməliyyat tədbirləri keçirilmişdir. Keçirilmiş əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs 02 may 2023-cü il tarixdə saat 16 radələrində Quba şəhəri, Mövlud Qonaq küçəsində saxlanılaraq, sonuncuya qanunsuz olaraq narkotik vasitə saxlamasında şübhəli olduğu bildirilmiş və çəkiliş aparılmaqla vəkilin də iştirakı ilə üzərində şəxsi axtarış aparılmışdır. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olduğunu deyib əynindəki şalvarının sağ yan cibində saxladığı bir ədəd gümüşü rəngli sellofanda olan narkotik vasitəni təqdim etmişdir. Aşkar edilmiş narkotik vasitə elektron tərəzidə ölçülmüş və çəkisi 0,6 qram gəlmişdir. Bundan başqa Təqsirləndirilən şəxs üzərindən dövriyyəsi qadağan edilmiş əşya və ya predmetlər aşkar edilməmişdir. Məhkəmədə verilən suallara cavab olaraq, şahid bildirdi ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış videoçəkiliş aparılmaqla keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs özünü könüllü olaraq üzərində olan narkotik vasitəni polis əməkdaşlarına təqdim etmişdir. İttiham aktının siyahısında şahid kimi göstərilmiş Şahid2 məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmalarına baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. İş üzrə Şahid2 ifadəsi məhkəmədə elan olunan zaman məlum oldu ki, o da digər Şahid1 ilə analoji ifadə vermişdir. Məhkəmə təqsirləndirilən şəxsi və şahidi dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi və onun təqsiri aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. Belə ki, Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış zamanı çəkilmiş videogörüntünün olduğu 01 ədəd DVD formatlı diskə məhkəmədə baxış keçirilərkən müəyyən edilmişdir ki, Quba RPŞ-nin TB-nin baş təhqiqatçısı polis mayoru Fərid Rəcəbov, polis əməkdaşları Quba rayon vəkil bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs havanın işıqlı vaxtı yol kənarında dayanmışlar. Təhqiqatçı özünü və iştirakçıları təqdim etdikdən sonra Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrdən istifadə etməsində şübhəli olmasını bildirir və sorğu zamanı Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olduğunu deyib əynindəki şalvarının sağ yan cibində saxladığı bir ədəd gümüşü rəngli sellofanda olan narkotik vasitəni təqdim edir. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin bükülüdə kakos adı ilə bildiyi narkotik vasitə olduğunu qeyd edir və həmin narkotik vasitəni yol kənarından tapdığını bildirir. Bundan başqa Təqsirləndirilən şəxs üzərindən dövriyyəsi qadağan edilmiş əşya və ya predmetlər aşkar edilmir. Aşkar edilmiş narkotik vasitə elektron tərəzidə ölçülür və çəkisi 0,6 qram gəlir. Aşkar edilmiş kütlə zərfə qoyularaq qablaşdırılır. İş materiallarında olan: “şəxsi axtarışın keçirilməsi barədə” xx.xx.2023-ci il tarixli protokoldan görünür ki, xx.xx.2023-cü il tarixdə saat 16:35 radələrində Quba şəhəri, H. Əliyev prospekti ev 227-də yaşayan Təqsirləndirilən şəxs narkotik vasitənin qanunsuz dövriyyəsində şübhəli bilinməsi ilə bağlı üzərində şəxsi-axtarış keçirilmiş, əynindəki boz rəngli cins şalvarın sağ yan cibində siqaret qutusunun sellofan üzlüyünün içərisində olan gümüşü rəngli siqaret kağızı bükümündə ümumi çəkisi 0,6 qram olan qəhvəyi rəngli tozşəkilli kütlə aşkar edilmişdir. Həmin 1 ədəd bağlama elektron tərəzidə ölçüldükdən sonra qablaşdırılmaqla 67 saylı möhürlə möhürlənmişdir. Təqsirləndirilən şəxs həmin narkotik vasitənin ona məxsus olmasını, 2 gün öncə Xaçmaz rayonundan qayıdarkən Quba rayonunda Savxoz adlanan ərazidə yerdən tapmasını və həmin vaxtdan özünün istfiadə etməsi üçün üzərində gəzdirməsini bildirmişdir. Üzərində şəxsi-axtarış zamanı qanunla istifadəsi, saxlanılması, gəzdirilməsi qadağan edilmiş digər əşya, predmet aşkarlanmamış, 63 manat kağız pul, 1 ədəd alışqan, Piramida markalı siqaret qutusunu təqdim etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (məhkəmə-bioloji ekspertizası üzrə) 03 may 2023-cü il tarixli 6/2548 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №67”-li dairəvi möhür əksi, “Təqsirləndirilən şəxs şəxsi axtarış zamanı aşkar edilərək götürülmüş” yazı və imzalar olan zərfdəki 1 (bir) ədəd bükümdə təmiz çəkisi 0,390 qram açıq qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in İ siyahısına daxildir; Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X9 Şəxsi Ambulator X1 (ambulator məhkəmə-narkoloji ekspertizası) 03 iyun 2023-cü il tarixli 3423 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmədə ekspert rəyləri tədqiq edilərkən müəyyən edildi ki, ekspert rəyləri işin müəyyən edilmiş hallarına uyğun gəldiyindən və digər sübutlarla təsdiq edildiyindən sübut kimi qəbul edilməlidir. “əməliyyat-axtarış tədbirlərinin məhkəmə nəzarəti qaydasında yoxlanılmasının nəticələri haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası DİN-nin Quba RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid1 xx.xx.2023-cü il tarixli qərarı əsasında keçirilmiş əməliyyat-axtarış tədbiri qanuna uyğun hesab edilmişdir; “sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması istintaq hərəkətinin görüntülərini əks olunmuş 01 ədəd DVD disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə olunmuş, iş üzrə toplanmış təqsirləndirilən şəxslərin ifadəsi ilə yanaşı, 02 may 2023cü il tarixli şəxsi axtarış protokolu və əlavə edilən DVD disk, şahid ifədələri, məhkəmə kimyəvi, məhkəmə narkoloji ekspertizasının rəyləri, maddi sübutlar və digər sənədlər onların həqiqiliyinə, yaranma mənbələrinə və əldə edilmə hallarına şübhələr olmadığından həmin cinayət işi üzrə sübut kimi qəbul edilməklə cinayət işinin materiallarına əlavə olunmuş, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman aşkar olunaraq götürülmüş narkotik vasitəyə oxşar kütlənin elektron tərəzidə çəkilərkən çəkisinin 0,6 qram olması, məhkəmə kimyəvi ekspertizasının 03 may 2023-cü il tarixli 6/2548 nömrəli rəyində isə həmin narkotik vasitənin çəkisinin 0,390 qram çəkidə narkotik vasitə heroin olması tərəzi fərqi kimi qiymətləndirilmiş, cinayət işi üzrə 02 may 2023-cü il tarixli protokollarla qablaşdırılaraq Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilən zaman aşkar edilərək götürülmüş narkotik vasitənin ekspert rəyindən sonrakı qalığı, yəni, 0,340 qram narkotik vasitə heroin maddi sübut kimi tanınmalı və saxlanması üçün Quba RPŞ-nin maddi sübutlar saxlama otağına təhvil verilmiş, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin tərkib əlamətləri olmadığından barəsində həmin xüsusat üzrə cinayət təqibinin başlanması rədd edilmişdir. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda heroini əldə edib üzərində saxlamaqda təqsirli olması onun özünü etirafı, ekspert rəyləri, şahid ifadələri və iş üzrə olan maddi sübut ilə də tam subuta yetirilir. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2008-ci il tarixli Qanununun 21-ci maddəsinə əsasən, “narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilir”. Azərbaycan Respublikasının 28 iyun 2005-ci il Qanunu ilə təsdiq edilmiş “şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına habelə onların külli miqdarına görə” 1-ci siyahının 5-ci bəndinə görə narkotik vasitə hesab edilən heroinin şəxsi istehlak miqdarından artıq miqdarının yuxarı həddi 0,15 qram təşkil edir. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə heroinin xalis çəkisi 0,390 qram təşkil etmişdir ki, qeyd olunan siyahıya əsasən, həmin miqdar Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli 2 saylı qərarının 4-cü bəndində göstərilmişdir ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür”. Məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs oğunun barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən, hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri, həmçinin aşağıda qeyd olunanlar da nəzərə alınmalıdır. İş materiallarında olan: “cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” xx.xx.2023-cü il tarixli qərardan və protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur; “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilərək ona CM-nin 234.1-ci maddəsi ilə ittiham elan olunmuşdur; “təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona yenidən ittiham elan edilmişdir; “şəxsin MSY-dən azad edilməsi və qətimkan tədbiri seçilməsi haqqında” xx.xx.2023cü il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs Quba RPŞ-nin MSYdən azad edilmiş və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir; DİN-nin BƏSİİ-nin verdiyi cinayət işi üzrə yoxlamaya dair tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 20 avqust 2001-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.2-ci maddələri ilə təqsirli bilinərək 08 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 28 yanvar 2009-cu il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Hazırda Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxs hesab edilməlidir. Quba RİHB-nın Quba şəhəri İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Quba şəhəri, H.Əliyev prospekti 227 ünvanında qeydiyyatdadır. Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur; Təqsirləndirilən şəxsin oğlu - X5 adına verilmiş İ-24728, İ-2143, İ-3517, İ-6166 və İ- 6980 nömrəli vəsiqələrdən görünür ki, Fuad Eyvazov “vətən müharibəsi iştirakçısı” medalı, “cəsur döyüşçü” medalı, “Qubadlının azad olunmasına görə” medalı, “Füzulinin azad olunmasına görə” medalı və “Şuşanın azad olunmasına görə” medalı ilə təltif edilmişdir. Məhkəmə Azərbaycan Respublikası CM-nin: 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf edib, səmimi peşiman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, oğlu – X3 İİ Qarabağ müharibəsinin iştirakçısı olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır; 61-ci maddəsinə əsasən isə məhkəmə Təqsirləndirilən şəxs əməlində nəzərdə tutulan cəzanı ağırlaşdıran halların olmadığını müəyyən edir. Məhkəmə cəza məsələsini müzakirə edərkən, Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən halları, ağırlaşdıran halların olmadığını nəzərə alaraq hesab edir ki, ona təyin olunan cəza ədalətli olmaqla yanaşı, törətdiyi cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə, həmin cinayətin törədilməsi halına, onun özünün şəxsiyyətinə tam uyğun olmalıdır. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Azərbaycan Respublikası CM-nin: 8.1-ci maddəsinə əsasən “cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır”. 58.3-cü maddəsinə görə “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır”. 41.2-ci maddəsinə əsasən “cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir”. 58.1-ci maddəsinin tələblərindən görünür ki, “cinayət törətməkdə təqsirli bilinən şəxsə bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir”. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 №-li qərarının, 45-ci bəndində qeyd olunmuşdur ki, “məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər”. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Təqsirləndirilən şəxs 02 may 2023-cü il tarixdən 04 may 2023-cü il tarixədək həbsdə olduğu 02 (iki) gün Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrumetmənin 01 (bir) günü azadlığın məhdudlaşdırılması cəzasının 02 (iki) gününə bərabər tutulmaqla, 04 (dörd) gün təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasına hesablanmalı və üzərində qəti cəza təyin edilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Belə olan halda, azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs üzərinə CM-nin müvafiq maddələrində nəzərdə tutulan vəzifələr qoyulmalıdır. Belə ki, Azərbaycan Respublikası CM-nin: 52-1.1. Azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Belə ki, Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin: 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir; 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır; 51-3.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir; Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Bundan başqa, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli 2 saylı “Qərarın” 26-cı bəndində qeyd olunur ki, “məhkəmələr narkomaniya xəstəliyinə düçar olmuş təqsirli şəxslər barəsində cəza təyin edərkən onların cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi qaydada müalicə olunması məsələsini həll etməlidirlər (belə müalicənin tətbiq edilməli olub-olmaması barədə müvafiq ekspertiza rəyi alınmalıdır). Bu halda məcburi müalicənin müddəti məhkəmələr tərəfindən hökmdə göstərilməməlidir. Narkomaniyadan məcburi müalicənin belə şəxslərə zərərli təsir göstərməsi həkim rəyində qeyd olunduğu halda və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09 fevral 2006-cı il tarixli 39 №-li qərarının 3-cü bəndində nəzərdə tutulan digər hallarda məhkəmə hökmdə Cinayət Məcəlləsinin 93.1.4-cü maddəsinin tətbiq edilməməsinin səbəblərini əsaslandırmalı, belə şəxslərin ərazi narkoloji dispanserində qeydiyyata götürülməsi təmin edilməlidir”. Beləliklə məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut kimi tanınmış və Quba rayon Polis şöbəsində saxlanılan ekspertiza tədqiqatından sonra qaytarılan qalıq çəkisi 0,340 qram narkotik vasitə heroin məhv edilməlidir. Bundan başqa, cinayət işi üzrə keçirilmiş keçirilmiş ekspertizanın xərci 114 (bir yüz on dörd) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər eidlmasi haqqında” 07 mart 2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə görə məhkəmə, hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli olan əmlakın olub-olmaması məsələsini həll etməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1 və 99-1.1.1-ci maddəsinə əsasən məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) Xüsusi müsadirə olunan əmlak hesab olunur. Məhkəmə xüsusi müsadirə ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, iş üzrə belə bir əmlak olmadığından təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə ilə bağlı müddəa tətbiq edilməməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1, 351-353, 356, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs 02 may 2023-cü il tarixdən 04 may 2023-cü il tarixədək həbsdə olduğu 02 (iki) gün Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrumetmənin 01 (bir) gününə azadlığın məhdudlaşdırılması cəzasının 02 (iki) günü bərabər tutulmaqla, 04 (dörd) gün təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasına hesablansın və üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Quba rayonunun hüdudlarını tərk etməmək, axşam saat 23:00-dan səhər saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Quba rayon Polis şöbəsində saxlanılan ekspertiza tədqiqatından sonra qaytarılan qalıq çəkisi 0,340 qram narkotik vasitə heroin məhv edilsin. Cinayət işi üzrə keçirilmiş ekspertizanın xərci 114 (bir yüz on dörd) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, AZ34CTRE********************, X2, Kod:210005, VÖEN**********, Mühbir hesab AZ41NABZ********************, S.W.İ.F.T. Bik: CTREAZ22) köçürülsün. Cəzanın icrası Quba rayonu İcra və probasiya şöbəsinə həvalə edilsin. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökm apelyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdıqdan sonra qüvvəyə minir. Hakim: Samir Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar