Məhkəmə qərarları › İş №1(027)-124/2024

Quba Rayon Məhkəməsi Hökm — İş №1(027)-124/2024

24.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Quba şəhəri İş № 1(027)-124/2024 24.09.2024 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Babayev Aydın Vahid oğlunun sədrliyi, X3 qızının katibliyi, Dövlət İttihamçısı– Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon və (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs və onun qanuni nümayəndəsi Qanuni nümayəndə1, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs və onun qanuni nümayəndəsi Qanuni nümayəndə3, Təqsirləndirilən şəxsin müdafiəçisi – Müdafiəçi iştirakı ilə, xx xxxx 2008-ci il tarixdə Quba rayonu Birinci Nügədi kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, natamam orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, işləməyən, Quba rayonu Amsar kəndində daimi pasport qeydiyyatında olmaqla hazırda həmin kənddə valideyn himayəsində yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs 14 dekabr 2023-cü il tarixdə, saat 11:00 radələrində oxuduğu Quba rayonu, Amsar kənd tam orta məktəbində tənəffüs vaxtı sinif yoldaşı Zərərçəkmiş şəxs arasında qarşılıqlı söyüşlə danışmaları üstündə şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı sonuncunun burun nahiyəsinə yumruq zərbəsi vurub onu yerə yıxmaqla Zərərçəkmiş şəxs qəsdən onun sağlamlığının uzun müddət pozulmasına səbəb olmuş sağlamlığına az ağır zərər vurmuşdur. Məhkəmə iclasında qanuni nümayəndəsinin iştirakı ilə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə ona elan edilmiş itiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində bildirmişdir ki, Quba rayonu, Amsar kənd tam orta məktəbində 10-cu sinifə kimi Zərərçəkmiş şəxs onunla bir sinifdə oxumuş və nalayiq söyüşlə danışması üstündə Bəybala ilə aralarda tez-tez narazılıqlar olmuşdur. Sonuncu dəfə 14 dekabr 2023-cü il tarixdə, saat 11 radələrində məktəbdə tənəffüs vaxtı sinif otağında olarkən Bəybala onun ailəsinin ünvanına nalayiq söz işlətdiyindən aralarında mübahisə yaranmışdır. Mübahisə vaxtı Bəybala onu vurmaq istədikdə özünü müdafiə etmək məqsədilə əli ilə Bəybalanın sinəsinə vurub onu itələmişdir. Həmin anda Bəybala üzü üstə yerə yıxılaraq dəymiş və burun nahiyəsindən xəsarət almışdır. Sinifdə olan uşaqlar onu ayağa qaldırmışlar. Həmin vaxtı oraya sinif rəhbəri Ruhiyyə müəllimə gəlmiş, onu və Bəybalanı məktəbin direktor müavini Yelmar müəllimin otağına aparmışlar. Onları valideynlərini çağırdıqdan sonra, atası Bəxtiyar gəlib onu evə aparmışdır. Mübahisə vaxtı yanlarında qohumu və digər sinif yoldaşı İlqar da olmuş və hadisəni görmüşdür. İfadəsinin sonunda Təqsirləndirilən şəxs barışıq əldə etməyə çox cəhd etdiklərini, lakin zərərçəkmiş şəxsin barışmadığını bildirmişdir. Məhkəmə iclasında qanuni nümayəndəsinin iştirakı ilə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, Quba rayonu, Amsar kənd tam orta məktəbinin 10-cu sinifində Təqsirləndirilən şəxs ilə bir sinifdə oxuyur. A.Məliko onunla yersiz zarafatlar etməsi və söyüşlə danışmasına görə əvvəllər aralarında tez-tez narazılıqlar olmuşdur. O, Allahyara onunla zarafat etməməsini dəfələrlə xəbərdarlıq etsə də, tələbinə məhəl qoyulmamışdır. Axırıncı dəfə 14 dekabr 2023- cü il tarixdə məktəbdə olarkən dərs zamanı arxasınca asta səslənərək onu “nəsilsiz” adlandırmışdır. O, Allahyara cavab qaytardıqda, saat 11 radələrində İİ dərsin tənəffüs vaxtı sinif otağında Allahyar onu söyərək mübahisə etməyə başlamışdır. Mübahisə zamanı Allahyar yaxasından tutaraq əvvəlcə burnuna yumruqla vuraraq xəsarət yetirmiş, sonra isə onu itələyərək yerə yıxmışdır. Dalınca Allahyar onu təpiklə vurduqda digər sinif yoldaşları onları ayırmış və ayağa qalxmasına kömək etmişlər. Sonra atası Qəhrəman məktəbə gəlib onu evlərinə gətirmişdir. İfadəsinin sonunda Zərərçəkmiş şəxs təqsirləndirilən şəxslə barışmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, o, Quba rayonu, Amsar kənd tam orta məktəbində 10-cu sinifdə Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs ilə bir sinifdə oxumuşlar. Eyni zamanda Allahyarla qohumluğu da var. 14 dekabr 2023-cu il tarixdə, saat 11 radələrində məktəbdə İİ dərs tənəffüsü zamanı sinif otağında Bəybalanın söyüş işlətməsi üstündə onunla Allahyar arasında mübahisə baş vermişdir. Allahyarla Bəybalanın dalaşdıqlarını, həmin anda Allahyarın Bəybalanı vurduğunu və Bəybalanın üzü üstə yerə yıxıldığını görmüşdür. Sonra o hər ikisini ayırmışdır. Bu zaman Bəybalanın burnundan qan gəlmiş, qanaxmanı dayanırmaq üçün burnunu tutmağa kömək etmişdir. Sonra, Zəminə müəllimə gəlmiş və Allahyarla Bəybalanı sinif otağından aparmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 Farid oğlu ifadəsində bilrimişdir ki, Quba rayonu, Amsar kənd tam orta məktəbində 10-cu sinifdə Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs ilə bir sinifdə oxumuşlar. 14 dekabr 2023-cu il tarixdə, saat 11 radələrində, tənəffüsdə ayq yoluna getmiş və sinif otağında olmamış, qayıtdıqda Bəybalanın sinif otağından burnu qanamış vəziyyətdə çıxdığını görmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifafəsində bildirmişdir ki, o. 2009-cu ildən Quba rayon Amsar kənd tam orta məktəbində direktor vəzifəsində çalışır. 09 dekabr 2023-cü il tarixdən 7 saylı seçki məntəqəsində komissiya sədri vəzifəsini yerinə yetirdiyinə görə həmin məktəbdə onun vəzifələrini Şahid3 Allahkərım qızı həyata keçirmişdir. 14 dekabr 2023-cü il tarixdə məktəbdə olmamışdır. Orada 10-cu sinif şagirdləri Allahyarla Bəybala arasında münaqişə olmasından xəbəri sonra olmuşdur. Bu barədə məlumatı olduqdan sonra həmin şagirdlərin valideynləri ilə telefonda danışıb onlara hadisə barədə məlumat vermişdir. O, əvvəllər Allahyar və Bəybala arasında münaqişələrin olmasına şahid olmamış və bu barədə onların valideynləri tərəfindən ona müraciətlərdə edilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, 1989-cu ildən hazırki müddətə kimi Quba rayonu, Amsar kənd tam orta məktəbində tərbiyə işləri üzrə direktor müavini vəzifəsində işləyir. 09 dekabr 2023-cü il tarixdən başlayaraq direktor vəzifəsini müvəqqəti olaraq icra etmiş və 14 dekabr 2023-cu il tarixdə, saat 11 radələrində məktəbdə tənəffüs zamanı həyətdə olduğu zaman uşaqlar ona bildirmişlər ki, 10-cu sinif şagirdləri Təqsirləndirilən şəxsla Zərərçəkmiş şəxs dalaşırlar. O dalaşma barədə eşidib sinif otağına gəldikdə Bəybalanın burnundan qan axdığını aşkar etmiş və ikisini də direktor müavini Yelmar müəllimin otağına aparmışdır. Bu zaman Allahyar bildirmişdir ki, Bəybala onu söydüyü üçün Bəybalanı itələmiş və sonuncu da yıxılıb başı yerə dəyərək burnundan xəsarət almışdır. O, Bəybalanın burnundan gələn qanaxmanı kəsməsinə köməklik etmişdir. Daha sonra onların hər ikisinin valideynlərini çağırmışlar və olanları onlara da bildirmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Quba rayonu, Amsar kənd tam orta məktəbinin direktor müavini Şahid7, həmin məktəbin psixoloqu Şahid4 və həmin məktəbin müəlliməsi Şahid6 Şahid3 ilə eyni məzmunlu ifadələr vermişlər. İş üzrə təyin edilib keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş məhkəmə-tibb ekspertizasının 12 yanvar 2024-cü il tarixli 1011 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs müayinəsi zamanı onun burnunun üstündə və hər iki gözün altında qançır, burun tənəffüsünün pozulması ilə burun sümüyünün qapalı köndələn yerini dəyişən sınığı olub 14 dekabr 2023-cü il tarixdə döyülmə nəticəsində yetirilməyə uyğun gəlir, dərəcəsinə ğörə sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş sağlamlığına az ağır zərər vurmaya aiddir. Məhkəmə istintaqı zamanı təyin edilərək keçirilmiş məhkəmə-tibb ekspertizasının 16 iyul 2024-cü il tarixli T531/2024 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs müayinəsi zamanı onun burnunun və hər iki gözaltının qançır ilə müşayiət olunan alın-burun birləşməsinin aralanması olmuşdur. Qeyd edilən xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmiş, 14 dekabr 2023cü il tarixdə yarana bilər. Dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müddət pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddir. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs sağlamlığının qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa az ağır zərər vurmaqla Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Qeyd edilən cinayət əməlini törətməsi qismən etirafedici ifadəsilə yanaşı, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, iş üzrə keçirilmiş ekspertiza rəyləri və məhkəmə istintaqı zamanı tədqiq edilmiş digər subutlara tam sübuta yetirilir. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsilə düzgün tövsif olunmuşdur və ona görə də cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, habelə əməlin cinayət olmasını aradan qaldıran hallar olmadığından, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin təqsirləndirildiyi maddələrin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd olunan Qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəzasiyasətininhumanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativcəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017ci il tarixli Sərəncamının 8-ci bəndində qeyd edilmişdir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayətprosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Həmin Sərəncamının 13, 13.3, 13.4-cü bəndlərinə əsasən məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə müvafiq olaraq cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə müvafiq olaraq cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, habelə təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. İş materiallarında olan Azərbaycan Respublikası DİN Baş Əməliyyat Statistika və İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Quba RİHB-nın Amsar kənd İƏD üzrə nümayəndəliyindən alınmış 04 aprel 2024-cü il tarixli 122 №-li arayışdan və Quba rayon Amsar kənd tam orta məktəbindən alınmış 01 aprel 2024-cü il tarixli 9 №-li xasiyyətnamədən görünür ki, Zərərçəkmiş şəxs Quba rayonu Amsar kəndində qeydiyyatda olub valideyn himayəsində yaşayır və subaydır. O, oxuduğu məktəbin rəhbərliyi tərəfindən müsbət cəhətdən xarakterizə olunmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.2-ci maddəsinə əsasən cinayətin yetkinlik yaşına çatmayan şəxs tərəfindən törədilməsi və 59.2-ci maddəsinə əsasən yaşayış yeri üzrə müsbət xarakterizə olunması və zərərçəkmiş şəxs və qanuni nümayəndəsi ilə barışıq əldə edilməsinə cəhd edilmsi cəzasını yüngülləşdirən hallar kimi müəyyən olunmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən olunmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsinə əsasən Zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu Məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş və ya ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsi ilə nəticələnən qəsdən sağlamlığa az ağır zərər vurma - iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Alı Məhkəməsi Plenumunun “Yetkinlik yaşına çatmayanların cinayətləri barədə işlər üzrə məhkəmə təcrübəsi haqqında” 30 iyun 2008-ci il tarixli Qərarının 11-ci bəndinə əsasən 1. Məhkəmələrə izah olunsun ki, yetkinlik yaşına çatmayanların törətdiyi cinayətə görə cəza təyin olunması haqqında məsələ həll edilərkən, Azərbaycan Respublikası CM-nin 58-ci maddəsində qeyd olunan (törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirləndirilən şəxsin şəxsiyyəti haqqında məlumatlar, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar) hallardan başqa, həmçinin Azərbaycan Respublikası CM-nin 86-cı maddəsində nəzərdə tutulan şərtlər də (yetkinlik yaşına çatmamış şəxsin həyat və tərbiyə şəraiti, əqli və psixiki inkişaf səviyyəsi, şəxsiyyətlərinin digər xüsusiyyətləri, yetkinlik yaşına çatmış şəxslərin ona təsiri və s.) nəzərə alınmalıdır. İlk növbədə, azadlıqdan məhrum etməklə əlaqədar olmayan cəzanın tətbiq olunmasının mümkünlüyü müzakirə olunmalıdır. Yetkinlik yaşına çatmayanlara cəza təyin edərkən məhkəmələr nəzərə almalıdırlar ki, cəza maksimum dərəcədə məhkumun islah və yenidən tərbiyə olunması məqsədinə xidmət etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, habelə onun şəxsiyyətini, cəzanı yüngülləşdirən halların olduğunu, cəzanı ağırlaşdıran halların olmadığını nəzərə alaraq, onun cəmiyyətdən təcrid edilmədən islah edilməsini mümkün sayaraq, ona ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulan cəza növü – azadlığın məhdudlaşdırılması cəzasının tətbiq edilməsi qənaətinə gəlir və hesab edir ki, bu cəza ilə cəzanın məqsədlərini təmin etmək mümkündür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 85.4-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması yetkinlik yaşına çatmayanlara iki aydan iki ilədək müddətə təyin edilir. Həmçinin Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Məhkəmə hesab edir ki, hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Quba rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. Qeyd edilən Məcəllənin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Azərbaycan Respublikası CPM-nin 346.1 və 346.1.20-ci maddələrinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında digər məsələlərlə yanaşı həmçinin qətimkan tədbirinin ləğv edilməli, dəyişdirilməli və seçilməli (məhz hansı tədbirin) olub-olmadığı məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). Həmin Məcəllənin 353.4.12-ci maddəsinə görə, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində hökm qanuni qüvvəyə minənədək məhkumun barəsində seçilmiş qətimkan tədbirinin həlli göstərilməlidir. Belə ki, iş materiallarında olan qətimkan tədbirinin seçilməsi haqqında 24 aprel 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri seçilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzası təyin edildiyindən barəsində seçilmiş “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə Azərbaycan Respublikası CM-in 99-1.1-ci maddəsində qeyd olunmuş əmlakın müəyyən olunmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs xüsusi müsadirə cinayət-hüquqi tədbiri tətbiq olunmamalıdır. Həmçinin, məhkəmə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi məqsədi ilə Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən təqsirləndirilən şəxsin hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesablanmaqla, 5 saat üçün 30 manat Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli qərarına əsasən dövlət büdcəsindən tutulub Quba rayon Vəkil Bürosunun hesabına ödənilməsini əsaslı hesab edir. İş üzrə mülki iddia verilməmişdir, maddi sübut və müsadirə olunası əmlak yoxdur. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nın 344-347, 349, 351- 354, 356, 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsilə nəzrədə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs üzərinə Quba rayonu inzibati ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 23:00dan növbəti gün saat 07:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə - Quba rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Quba rayon Vəkil bürosunun vəkili Müdafiəçi 06 (altı) iş saatına görə 30 (otuz) manat Dövlət büdcəsindən Quba rayon Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətinə Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya protesti və ya şikayəti verilməzsə, həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Aydın Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar