Azərbaycan Respublikası adından HÖKM Quba şəhəri İş № 1(027)-126/2024 06.08.2024 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Samir Əlibala oğlunun sədrliyi Muradov Əli Şakir oğlunun katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, Dövlət ittihamçısı, zərərçəkmiş hüquqi şəxs Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin X18 Təsərrüfatı Mərkəzinin nümayəndəsi Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxx 1959-cu il tarixdə Quba rayonu, Möhüc kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işsiz, evli, məhkumluğu olmayan, Quba rayonu, Möhüc kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 2023-cü ilin oktyabr ayının əvvəllərində, saat 15 radələrində Quba rayonu Möhüc kəndi ərazisində yerləşən Quba rayon Tüləkəran bələdiyyəsinə məxsus torpaq sahəsində meşə fonduna daxil olmayan köküstə yaş bioloji inkişafda olan diametrləri 8 sm olan 2 ədəd,12 sm olan 3 ədəd vələs cinsə məxsus, diametrləri 12 sm olan 2 ədəd, 16 sm olan 1 ədəd palıd cinsinə məxsus cəmi 8 ədəd ağacı və diametrləri 4 sm olan 12 ədəd fındıq kolunun kök boğaz nahiyyəsindən qanunsuz kəsərək təbiətə 1910 manat məbləğində olmaqla xeyli miqdarda ziyan vurmuşdur. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 259.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (CPM) 124-cü maddəsinin tələblərinə uyğun olaraq məhkəmə istintaqı zamanı dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə protokollarını, digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 259.1-ci maddəsi ilə tövsif olunmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Quba rayonu, Möhüc kəndindəki evində arvadı, oğlanları, Sərxan, Orxan və Orxanın ailəsi və azyaşlı uşaqları ilə birlikdə yaşayır. Özü və arvadı işləmirlər, Orxan fəhləçiliklə məşğuldur, ailəsi işləmir, o biri oğlu Sərxan isə anadan gəlmə fiziki qüsurludur, İ qrup əlildir, yataq xəstəsidir. Yaşadıqları kənd dağlıq ərazidə yerləşir, qış sərt keçir, təbii qaz gəlmir. Buna görə də evi qızdırmaq üçün odundan istifadə edirlər. Kəndin kənarında meşə ətəyində ata-baba torpağı kimi istifadə etdikləri bağ sahəsi vardır. Həmin bağ sahəsində də uzun müddətdir ki, heç bir əkinti aparmırlar, bağ sahəsini kol-kos basmışdır. Maddi imkanları olmadığı üçün qış üçün odun ala bilmirlər. Buna görə də, məcburdur ki, həmin bağ sahəsində olan kol-kosdan qırıb evinə gətirsin. Həmin bağ sahəsinə aid heç bir sənədləri olmamışdır. Kənddə belə ərazilər çoxdur və hər kəs öz yerini tanıyır, ama öz adlarına sənədləşdirə bilmirlər. O, da həmin yerə sənəd ala bilməmiş, heç oranı almaq fikri də yoxdur. Həmin bağ sahəsinin ətrafı açıqdır, heç bir çəpəri, hasarı yoxdur. 2023-cü ilin oktyabr ayının əvvəllərində, dəqiq tarix yadında qalmamışdır, saat 15 radələrində edarə etdiyi UAZ 469B markalı, **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobillə həmin bağ sahəsinə tək gedib avtomobili saxlayaraq düşüb balta ilə kök üstə bitmiş yaş cır fındıq, vələs və palıd ağaclarının kollarını gövdələrinin aşağı hissəsindən kəsib doğrayaraq hissələrə ayırıb avtomobilin yük yerinə yığmış və sonra da sürüb yaşadığı evə gətirmiş, həmin oduncağı da çoxdan istifadə etmişlər. Bundan bir qədər sonra yaşadığı evin qapısına Ekologiya və Təbii Sərvətlər Nazirliyinin iki nəfər əməkdaşı gəlib demişlər ki, qardaşı Şərafəddin ondan şikayət etmişdir ki, ağac kəsmişdir, həmin əraziyə baxmağa gedirlər, oraya gəlsin. Onlar öz avtomobilləri ilə getmiş, o, da sonradan UAZ 469B markalı,**-BD-*** dövlət-qeydiyyat nişanlı avtomobili ilə kolları kəsdiyi əraziyə getmişdir. Həmin əraziyə çatanda görmüşdür ki, bələdiyyə sədri və qardaşı Şərafəddin də oradadır, ərazinin fotoşəkillərini çəkirlər. Onlarla birlikdə əraziyə baxmışdır. Ekologiyanın əməkdaşları demişlər ki, izahat yazsın ki, ağacları kəsmişdir. O, sonunculara kəsilənlərin ağac deyil, kol olduğunu deyərək belə izahat yaza biləcəyini bildirmişdir. Bundan bir qədər sonra isə onu Quba rayon prokurorluğuna çağırmışlar və orada gedib izahat yazmışdır. Prokurorluğa izahat yazarkən ona məlum olmuşdur ki, Şərafəddin oğlu Tehranın ağac kəsməsi barədə yalan məlumat vermişdir. Prokurorluğa verdiyi izahatda bildirmişdir ki, Tehranın bu işə aidiyyəti yoxdur, özü tək getmiş və kolları da tək kəsmişdir. Qardaşı Şərafəddin təxminən 30 ildir ki, ondan küsülüdür, Tehranın adını qəsdən yazmışdır. Şərafəddinin həmin ərazidə torpaq sahəsi olduğunu bilməmiş və onun torpaq sahəsindən ağac və ya kol kəsməmişdir. Ağacları kəsdiyi balta isə çoxdan sıradan çıxıb və tullamışdır, hara tulladığı isə yadında deyildir. Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib edilmiş aktda qeyd olunan 08 sm diametrində 02 ədəd, 12 sm diametrində 03 ədəd vələs ağacı, 12 sm diametrində 02 ədəd, 16 sm diametrində 01 ədəd palıd ağacı və 04 sm diametrində 12 ədəd fındıq kolu kəsdiyinə görə öz əməlindən peşmandır. Təbiətə dəymiş 1910 manat ziyanı isə ödəməyə hazırda maddi imkanı yoxdur. Lakin ödəməkdən boyun qaçırmır. Belə ki, hər ay aldığı təqaüddən müəyyən ödəniş edə bilər. Sonda təqsirləndirilən şəxs ilk dəfə cinayət törətdiyini, törətdiyi əməli dərk etdiyini və əməlindən peşiman olduğunu bildirərək, barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxs Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin X18 Təsərrüfatı Mərkəzinin nümayəndəsi Zərərçəkmiş şəxs ibtidai istintaqda verdiyi ifadəsini təsdiq edərək bildirdi ki, 2002-ci ildən Ekologoya və Təbii Sərvətlər Nazirliyinin Regional Ekologiya və Təbii Sərvətlər şöbəsində müxtəlif vəzifələrdə, 2009-cu ildən 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin X5 Nəzarət və Ekoloji Monitoring sektorunu baş məsləhətçi müfəttişi işləyir. Vəzifəsi ətraf mühitin mühafizəsi ilə bağlı daxil olan şikayət və ərizələrin araşdırılması, bu barədə müvafiq tədbirlərin görülməsindən ibarətdir. Quba rayon Möhüc kənd sakini Şahid2 idarəyə daxil olmuş müraciəti ilə əlaqədar bələdiyyə sədri Şahid1 və şikayətçi Şahid2 iştirakı ilə sonuncunun göstərdiyi Quba rayon Möhüc kəndi ərazisində ağaclar kəsilmiş, əraziyə gedib baxış keçirmişlər. Baxışa getməzdən əvvəl barəsində şikayət olunan Təqsirləndirilən şəxs da yaşadığı evin qapısına gedib ağaclar kəsilən əraziyə dəvət etmişlər. Həmin ağaclar kəsilmiş ərazi kəndin yaşayış evlərində 2 kilometr aralıda, Buduq kəndi istiqamətində meşəyə gedən torpaq avtomobil yolunun sol tərəfində olmuşdur. Həmin ərazidə kəsilmiş ağacları bir-bir sayıb müəyyən etmişlər ki, 2 ədəd diametri 8 sm olan və 3 ədəd diametri 12 sm olan cəmi 5 ədəd vələs cinsli, 2 ədəd diammetri 12 sm olan və 1 ədəd diametri 16 sm olan cəmi 3 ədəd palıd cinsli olmaqla ümumilikdə 8 ədəd ağac və 12 ədəd diametri 4 sm olan fındıq kolu kəsilmişdir. Bu barədə akt tərtib etmişlər. Lakin Təqsirləndirilən şəxs akta imza etməmişdir. Kəsilmiş ağac və kolların hamısı köküstə yaş vəziyyətdə və bioloji inkişafda olmuşdur. Ağaclar mişar və balta ilə kəsilmişdir. Baxışda iştirak edən Şahid2 bildirmişdir ki, ağaclar kəsilmiş ərazi atasından qalmış sənədsiz yerdir, bələdiyyə sədri Şahid1 isə bildirmişdir ki, ağaclar kəsilmiş ərazi bələdiyyə mülkiyyətinə aid torpaq sahəsidir. Kəsilmiş ağacların oduncağı yerində deyilmiş. Həmin ağaclara görə təbiətə dəymiş ziyan hesablandıqda 1910 manat etmişdir. Təbiətə vurduğu xeyli miqdarda ziyana görə Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsini və ziyanı ödəməsini xahiş etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirdi ki, Quba rayonu, Möhüc kəndi ərazisində oğlu Turanın adına mülkiyyətlərində 0,86 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahələri vardır. Həmin torpaq sahəsi səhv etmirsə, 2003-cü ildə islahatlar zamanı ona verilmiş, həmin torpaqdan daha əvvəl istifadə etsə də, daha sonra imkanı olmadığı üçün, həmin yer kənd evlərindən 3 km uzaqlıqda olduğuna görə gedib-gəlmək çətinlik yaratdığından istifadə edə bilməmişdir. Torpaq sahıəsi ona verilən ilk vaxtlar həmin torpaq sahəsində əkin-biçin işləri aparmışdır. Lakin sonra torpaqdan istifadə etmədiyi üçün torpaqda kol-kos bitməyə başlamışdır. Torpaq sahəsi kənd bələdiyyəsinə məxsus meşənin ətəyində yerləşir. Torpaqda bitən kol-kos ağaclarını 3 ildir ki, qardaşı Təqsirləndirilən şəxs və onun oğlu Tehran Şükürov kəsirlər. Dəfələrlə qardaşına və onun oğlu Tehrana ona məxsus torpaq sahəsində bitmiş kol-kosları və ağacları kəsməmələrini bildirsə də, onu eşitmək istəməmişlər. Daha məcbur qalıb 2023-cü ilin oktyabr ayının axırlarında Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə və kənd bələdiyyəsinə müraciət etmişdir. Nazirliyin əməkdaşları gəlib bələdiyyə sədri Şahid1 iştirakı və onun, Sahibin öz iştirakı ilə ağaclar kəsilmiş əraziyə baxış keçirilib akt tərtib etmişlər. Müəyyən olunmuşdur ki, ərazidən 12 ədəd fındıq kolu, 3 ədəd palıd ağacı və 5 ədəd vələs ağacı kök hissədən kəsilib və oduncağı da aparılmışdır. Təqsirləndirilən şəxs orada akta imza etməmiş və demişdir ki, həmin ağacları özü kəsmiş və bundan sonra da kəsməkdə davam edəcəkdir. Həmin ağac və kollar təzə kəsilmişlər. Ağacların diametrləri dəqiq yadında qalmamışdır. Ona məxsus torpaq sahəsi kənd bələdiyyəsinə məxsus meşənin ətəyində yerləşir, dəqiq koordinatlarını bilmir. Ola bilər ki, həmin ərazi kənd bələdiyyəsinə də məxsus olsun. 2023-cü ilin oktyabr ayının əvvəllərində saat 14-15 radələrində Sahibin özünü həmin ərazidə yanacaq mişarı ilə ağacları kəsdiyini görmüş, lakin ehtiyyat edib yaxınlaşmamışdır. Sahib kəsdiyi ağac və kolları öz UAZ markalı avtomobilinə yükləyərək evinə tərəf daşımışdır. Lakin oğlu Tehranı görməmişdir. Tehranın da odun daşıması barədə bilir, amma bununla bağlı konkret vaxtlar yadında qalmadığı üçün göstərə bilməyəcəkdir. Məhkəmədə şahid qismində dindirilmiş Quba rayon Tüləkəran bələdiyyəsinin sədri Şahid1 ifadəsində göstərmişdir ki, 2020-ci ildən Tüləkəran bələdiyyəsinin sədri vəzifəsində işləyir. Quba rayon Möhüc kəndinin ərazisi də Tüləkəran bələdiyyəsinin inzibati ərazisidir və xəritə üzrə bələdiyyənin inzibati ərazisinin hüdudlarını bilir. Möhüc kənd sakinləri Şahid2 və qardaşı Təqsirləndirilən şəxs və həmin kənd sakinləri kimi uzun müddətdir ki, tanıyır, amma heç biri ilə düşmənçiliyi və ədavəti yoxdur, olmamışdır. 2023-cü ilin oktyabr ayının əvvəllərində Şahid2 şifahi qaydada ona müraciət edib demişdir ki, qardaşı Sahib onun pay torpağında bitmiş kök üstə yaş ağacı qıraraq UAZ markalı avtomobili ilə öz evinə daşıyanda görmüşdür, ondan da tədbir görülməsini xahiş etmişdir. O, da öz növbəsində aidiyyəti üzrə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşı Zərərçəkmiş şəxsa məlumat vermiş və vətəndaşa da həmin idarəyə ərizə verilməsini izah etmişdir. Bundan sonra Şahid2 özü ərizə ilə həmin idarəyə müraciət etmişdir. Özü də ağaclar kəsilmiş əraziyə gedib baxaraq görmüşdür ki, həmin ərazi Tüləkəran bələdiyyəsinin mülkiyyətinə aid qoruma zolağıdır. Bununla bağlı 30 oktyabr 2023-cü il tarixdə 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə arayış da təqdim etmişdir. 31 oktyabr 2023-cü il tarixdə isə 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları Zərərçəkmiş şəxs, Şahid3, şikayətçi Şahid2 və qardaşı Təqsirləndirilən şəxsla ağaclar kəsilmiş həmin əraziyə gedib baxmışlar və bu barədə akt tərtib edilmişdir.Həmin ərazidən 2 ədəd diametri 8 sm olan və 3 ədəd diiametri 12 sm olan cəmi 5 ədəd vələs cinsli, 2 ədəd diametri 12 sm olan və 1 ədəd diametri 16 sm olan cəmi 3 ədəd palıd cinsli olmaqla ümumilikdə 8 ədəd ağac və 12 ədəd diametri 4sm olan fındıq kolu kəsilməklə təbiətə dəymiş ümumi ziyan 1910 manat təşkil edir. İş üzrə digər Şahid3 məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iclaslarda iştirak etməmişdir. Şahid3 oğlu məhkəməyə göndərdiyi teleqramda üzürlü səbəbdən məhkəmədə iştirak edə bilməyəcəyini, ibtidai istintaqa vermiş olduğu ifadəni təsdiq etdiyini bildirmişdir. İttiham aktının siyahısında şahid qismində göstərilmiş Şahid3 ibtidai istintaqa verdiyi ifadəsi məhkəmədə elan olunan zaman müəyyən edildi ki, 2020-ci ilin noyabr ayından 04 aprel 2024-cü il tarixədək Ekologiya və Təbii Sərvətlər İdarəsinin X5 Nəzarət və Ekoloji Monitoring sektorunun aparıcı məsləhətçi müfəttişi işləmiş və 04 aprel 2024-cü il tarixdə öz ərizəsi ilə işdən çıxmışdır. İşlədiyi vaxt vəzifəsi ətraf mühitin mühafizəsi ilə bağlı daxil olan şikayət və ərizələrin araşdırılması, bu barədə müvafiq tədbirlərin görülməsindən ibarət olmuşdur. Quba rayon Möhüc kənd sakini Şahid2 idarəyə daxil olmuş müraciəti ilə əlaqədar idarənin baş məsləhətçi müfəttişi Zərərçəkmiş şəxs, bələdiyyə sədri Şahid1 və şikayətçi Şahid2 iştirakı ilə sonuncunun göstərdiyi Quba rayon Möhüc kəndi ərazisində ağaclar kəsilmiş əraziyə gedib baxış keçirmişlər. Baxışa getməzdən əvvəl barəsində şikayət olunan Təqsirləndirilən şəxs da yaşadığı evin qapısına gedib ağaclar kəsilən əraziyə dəvət etmişlər, ardlarınca gəlmişdir. Həmin ağaclar kəsilmiş ərazi kəndin yaşayış evlərindən 2 kilometr aralıda, kəndin qərb tərəfində Buduq kəndi istiqamətində meşəyə gedən torpaq avtomobil yolunun sol tərəfində imiş. Həmin ərazidə kəsilmiş ağacları bir-bir sayıb müəyyən etmişlər ki, 2 ədəd diametri 8 sm olan və 3 ədəd diametri 12 sm olan cəmi 5 ədəd vələs cinsli, 2 ədəd diametri 12 sm olan və 1 ədəd diametri 16 sm olan cəmi 3 ədəd palıd cinsli olmaqla ümumilikdə 8 ədəd ağac və 12 ədəd diametri 4 sm olan fındıq kolu kəsilmişdir. Bu barədə akt tərtib etmişlər. Lakin Təqsirləndirilən şəxs akta imza etməmişdir. Kəsilmiş ağac və kolların hamısı köküstə yaş vəziyyətdə və bioloji inkiçafda imiş. Ağaclar mişar və balta ilə kəsilmişdir. Baxışda iştirak edən Şahid2 bildirmişdir ki, ağaclar kəsilmiş ərazi atasından qalmış sənədsiz yerdir, bələdiyyə sədri Şahid1 isə bildirmişdir ki, ağaclar kəsilmiş ərazi bələdiyyə mülkiyyətinə aid torpaq sahəsi olmaqla qorunma zolağıdır. Kəsilmiş ağacların oduncağı yerində olmamışdır. Həmin ağaclara görə təbiətə dəymiş ziyan hesablandıqda 1910 manat etmişdir. İş materiallarında olan: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin X18 Təsərrüfatı Mərkəzinin xx.xx.2023-cü il tarixli, 82321 saylı aktndan görünür ki, Quba rayonu Möhüc kəndində Tüləkəran bələdiyyəsinə məxsus pay torpaq sahələrinə gedən yolun ətrafına baxış zamanı qırma sahəsinə aid olmayan ərazidə 2 ədəd diametri 8 sm olan və 3 ədəd diametri 12 sm olan cəmi 5 ədəd vələs cinsli, 2 ədəd diametri 12 sm olan və 1 ədəd diametri 16 sm olan cəmi 3 ədəd palıd cinsli olmaqla ümumilikdə 8 ədəd ağac və 12 ədəd diametri 4 sm olan fındıq kolu kəsilməsinə görə təbiətə ümumilikdə 1910 manat məbləğdə ziyan dəymişdir; “hadisə yerinə baxış keçirilməsi barədə” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Quba rayonu Möhüc kəndində Tüləkəran bələdiyyəsinə məxsus pay torpaq sahələrinə gedən yolun ətrafına baxış zamanı qırma sahəsinə aid olmayan ərazidə 2 ədəd diametri 8 sm olan və 3 ədəd diametri 12 sm olan cəmi 5 ədəd vələs cinsli, 2 ədəd diametri 12 sm olan və 1 ədəd diametri 16 sm olan cəmi 3 ədəd palıd cinsli olmaqla ümumilikdə 8 ədəd ağac və 12 ədəd diametri 4 sm olan fındıq kolu və ağacların kəsilməsi müəyyən edilmişdir. Həmin ağacların hər birinin diametri ölçülməklə qeyd edilmiş, bu barədə fotocədvəl tərtib edilib protokola əlavə edilmişdir; Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi (məhkəmə-əmtəəşünaslıq ekspertizasına dair) 6 aprel 2024-cü il tarixli 9/1866 №-li rəyində göstərilmişdir ki, vələs cinsinə mənsub diametrləri 8 sm olmaqla 2 ədəd, 12 sm olmaqla 3 ədəd, palıd cinsinə mənsub diametrləri 12 sm olmaqla 2 ədəd, 16 sm olmaqla 1 ədəd ağacların və diametrləri 4 sm olmaqla 12 ədəd fındıq kolunun qanunsuz kəsilməsi nəticəsində təbiətə dəymiş ziyanın ümumi məbləği 1910 manat olaraq müəyyən edilmişdir. Məhkəmədə ekspert rəyi tədqiq edilərkən müəyyən edildi ki, ekspert rəyi işin müəyyən edilmiş hallarına uyğun gəldiyindən və digər sübutlarla təsdiq edildiyindən sübut kimi qəbul edilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs oğlu ağacları və kolları qanunsuz kəsərək təbiətə xeyli miqdarda ziyan vurmaqla Azərbaycan Respublikası CMnin 259.1-ci maddəsilə nəzərdə tutulan cinayət əməlini törətməsi zərərçəkmiş şəxsin nümayəndəsinin ifadəsi, şahidlərin ifadələri, görüntünü əks etdirən foto material və məhkəmə istintaqı zamanı tədqiq edilmiş digər subutlara tam sübuta yetirilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.1-ci maddəsinə əsasən Meşələrdə və ya xüsusi mühafizə olunan təbiət ərazilərində ağacların, kolların və ya digər yaşıllıqların, eləcə də meşə fonduna daxil olmayan ağacların, kolların və ya digər yaşıllıqların qanunsuz kəsilməsi (götürülməsi) xeyli miqdarda ziyan vurduqda cinayət məsuliyyətinə səbəb olur. Hüquq ədəbiyyatında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259-cu maddəsi şərh edilərkən göstərilir ki, qanunsuz kəsmə dedikdə, qoruyucu, sanitariyagigiyena və sağlamlaşdırma funksiyasını yerinə yetirən meşələrdən, qoruq və digər meşələrdən, milli və ya təbii parklardan ağacın, kolun müvafiq icazə olmadan, yəni meşə fondu sahəsinin (torpaqlarının) icarə müqaviləsi, meşəqırma bileti və ya orderi, yaxud meşə bileti olmadan kökündən ayrılması başa düşülür. Qanunsuz kəsmənin üsulları müxtəlif ola bilər: qırma, mişarlama, kökündən çıxarma, baltalama və s. Müvafiq icazə (meşəqırma bileti, order, meşə bileti və s.) olsa da, ağac və ya yol kəsmə zamanı bu icazənin şərtlərinə, yəni ağac və ya kol kəsmək üçün ayrılmış xüsusi sahəyə və ya ağac (kol) qırmanın həcminə, kəsilən ağacların, kolların cins tərkibinə, yaşına və digər əlamətlərinə riayət edilməməsi qanunsuz ağac kəsmə kimi tövsif olunur. CM-in 259-cu maddəsinin dispozisiyasına görə, qanunsuz ağac kəsmə yalnız xeyli miqdarda ziyan vurduqda cinayət məsuliyyətinin yaranmasına səbəb olur. Xeyli miqdarda ziyan qiymətləndirici anlayışdır. Buna görə də şərh olunan cinayətin törədilməsi nəticəsində vurulan ziyanın xeyli miqdarda olub-olmaması məhkəmə tərəfindən qanunsuz olaraq kəsilmiş ağacların və ya kolların cins tərkibi, yaşı, məhsuldarlığı, mühitqoruyucu rolu, miqdarı, ekoloji, estetik əhəmiyyəti, nadir və nəsli kəsilmək üzrə olan növdən olub-olmaması və digər əlamətləri nəzərə alınmaqla müəyyən edilir. Təhlil olunan cinayət qanunsuz olaraq ağacların və ya kolların kəsilməsi nəticəsində xeyli miqdarda ziyan vurulduğu andan başa çatmış hesab edilir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259-cu maddəsinin "Qeyd” hissəsinin 1-ci bəndinin və həmin Məcəllənin 314-cü maddəsinin “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 8 və 9-cu maddələri baxımından şərh edilməsinə” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 noyabr 2022-ci il tarixli qərarında qeyd edilmişdir ki, “hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirinin olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Cinayət Məcəlləsinin 259-cu maddəsinə əsasən, meşələrdə və ya xüsusi mühafizə olunan təbiət ərazilərində ağacların, kolların və ya digər yaşıllıqların, eləcə də meşə fonduna daxil olmayan ağacların, kolların və ya digər yaşıllıqların qanunsuz kəsilməsi (götürülməsi) cinayət məsuliyyəti yaradır. Eyni zamanda ölkəmizdə ekoloji təhlükəsizliyin təmin edilməsi və ətraf mühitin qorunması baxımından yaşıllıqların mühafizəsi ilə bağlı qaydalara həm fərdlər, həm də səlahiyyətli orqanlar tərəfindən ciddi riayət edilməlidir. Qeyd olunmalıdır ki, torpaq münasibətlərinin tənzimlənməsinə, torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçilərinin torpaqla bağlı vəzifələrinin yerinə yetirilməsinə və torpaq üzərində hüquqlarının müdafiəsinə, torpaqlardan səmərəli istifadə və onların mühafizəsi üçün şərait yaradılmasına, təbii mühitin qorunub saxlanmasına və yaxşılaşdırılmasına yönəlmiş Torpaq Məcəlləsi ilə Azərbaycan Respublikasının vahid torpaq fondu və tərkibinə daxil olan torpaqların kateqoriyaları müəyyən edilmişdir. Belə ki, həmin Məcəllənin 9-cu maddəsinə əsasən Azərbaycan Respublikasının hüdudları daxilində yerləşən bütün torpaqlar onun vahid torpaq fondunu təşkil edir. Məqsədli təyinatına və hüquqi rejiminə uyğun olaraq, Azərbaycan Respublikasının torpaqları aşağıdakı kateqoriyalara bölünür: kənd təsərrüfatı təyinatlı torpaqlar, yaşayış məntəqələrinin (şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin) torpaqları, sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar, xüsusi qorunan ərazilərin torpaqları, meşə fondu torpaqları, su fondu torpaqları, ehtiyat fondu torpaqları. Qanunvericiliklə yaşayış məntəqələrinin torpaqları anlayışı geniş müəyyən olunduğundan, həmin torpaqlarda xüsusi mülkiyyətdə olan həyətyanı və bağ sahələrindəki yaşıllıqlar və kənd təsərrüfatı məhsullarının istehsalı üçün istifadə edilən bitkilərdən ibarət yaşıllıqlar (əkinlər) ilə yanaşı, ümumi istifadədə olan yaşıllıqların (park, meşə-park, bağ, bağça, bulvar ərazisində olan yaşıllıqlar), habelə məhdud istifadəli yaşıllıqların (məhəllədaxili, təhsil, tibb, mədəni-məişət, sənaye müəssisələrinin və digər obyektlərin ərazisində olan yaşıllıqların) olması istisna edilməmişdir. Bu baxımdan Cinayət Məcəlləsinin 259-cu maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndində əksini tapmış “xüsusi mülkiyyətdə olan həyətyanı və bağ sahələri” anlayışının geniş məzmunda təfsir edilməklə “yaşayış məntəqələrinin torpaqları” anlayışı ilə eyniləşdirilməsi doğru hesab edilə bilməz. “Yaşıllıqların mühafizəsi haqqında” Qanunun 1.0.3-cü maddəsinə görə, yaşıllıqların mühafizəsi - ətraf mühitin mühafizəsi və ekoloji vəziyyətin yaxşılaşdırılması məqsədi ilə yaşıllıqların istifadəsinə, qorunmasına, bərpasına və genişlənməsinə yönəlmiş hüquqi, təşkilati və iqtisadi tədbirlərdir. Qanunun 8-ci maddəsinə müvafiq olaraq, bələdiyyə mülkiyyətində olan torpaqlardakı yaşıllıqların mühafizəsini bələdiyyələr həyata keçirir. Yaşıllıqların mühafizəsi sahəsində bələdiyyələrin vəzifələri olaraq mülkiyyətində olan torpaqlardakı yaşıllıqların uçotunu, monitorinqini aparmaq və s. müəyyən edilmişdir. Göründüyü kimi, qanunvericilikdə bələdiyyə mülkiyyətində olan torpaqlardakı yaşıllıqların mühafizəsini bələdiyyələrin həyata keçirdiyi müəyyən edilsə də, yaşıllıqların mühafizəsi sahəsində bələdiyyələrin vəzifələri sırasında konkret olaraq qanun pozuntularının qarşısını almaq vəzifəsi qeyd edilməmişdir. Lakin bu, bələdiyyələrə məxsus torpaqlardakı yaşıllıqlarla bağlı qanun pozuntularının qarşısının alınmasında bələdiyyələrin müvafiq vəzifələrinin olmaması anlamına gəlmir. Belə ki, həmin Qanunun 9-cu maddəsi ilə yaşıllıqların mühafizəsi tədbirlərinin dairəsi müəyyən edilməklə, bura yaşıllıqların uçotunun, kadastrının və monitorinqinin aparılması, onların mühafizəsinə dövlət və ictimai nəzarətin təşkili, habelə qanun pozuntularının qarşısının alınması, onların nəticələrinin aradan qaldırılması və s. aid edilmişdir. O da qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 15 may tarixli qərarı ilə təsdiq edilmiş “Yaşıllıqların uçotunun, kadastrının və monitorinqinin aparılması Qaydası”nın 3.1-ci bəndinə əsasən, yaşıllıqların monitorinqinin aparılmasının məqsədi yaşıllıqlara mənfi təsirlərin qarşısının alınması və nəticələrinin aradan qaldırılması üçün yaşıllıqların üzərində müntəzəm müşahidələr və tədqiqatlar aparmaq, antropogen təsirlər nəticəsində yaşıllıq üçün kritik vəziyyətin yaranması haqqında toplanmış məlumatlar əsasında xəbərdarlıq etməkdir. Bu baxımdan bələdiyyə torpaqlarındakı yaşıllıqların uçotunun və monitorinqinin aparılması həm də bələdiyyələr tərəfindən yaşıllıqların mühafizəsi tədbiri olaraq qanun pozuntularının vaxtında aşkar edilməsinə, qarşısının alınmasına və bununla da yaşıllıqların zədələnmədən və məhv olmadan qorunmasına yönəlmişdir. “Yaşıllıqların mühafizəsi haqqında” Qanunun 24-cü maddəsinə görə isə bu Qanunun tələblərinin pozulmasına görə şəxslər Azərbaycan Respublikasının Mülki, İnzibati Xətalar və Cinayət məcəllələrinə uyğun olaraq məsuliyyət daşıyırlar. Beləliklə, Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, bələdiyyə mülkiyyətində olan torpaq sahələrindəki yaşıllıqlara münasibətdə bələdiyyələr yaşıllıqların mühafizəsi tədbiri olaraq qanun pozuntularının qarşısının alınması vəzifəsini daşıyırlar. Respublika ərazisindəki yaşıllıqların (meşə fondu torpaqlarında, xüsusi mühafizə olunan təbiət əraziləri və obyektlərində olan yaşıllıqlar, habelə xüsusi mülkiyyətdə olan həyətyanı və bağ sahələrindəki yaşıllıqlar və kənd təsərrüfatı məhsulları istehsalı üçün istifadə olunan bitkilərdən ibarət olan yaşıllıqlar istisna olmaqla) götürülməsi mexanizmi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 30 avqust tarixli qərarı ilə təsdiq edilmiş “Yaşıllıqların götürülməsi Qaydası” ilə tənzimlənir. Həmin Qaydanın 2.1-ci bəndinə əsasən, yaşıllıqların götürülməsi Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəyi nəzərə alınmaqla, istifadəsində olan torpaqlarda mərkəzi icra hakimiyyəti orqanlarının, digər torpaq sahələrində isə yerli icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarı əsasında həyata keçirilir. Qaydanın 2.2-ci bəndində yaşıllıqların götürülməsinin yol verildiyi hallar müəyyən edilmişdir. Həmin Qaydanın 2.4-cü bəndinə görə, fiziki və hüquqi şəxslər bu Qаydanın 2.2-ci bəndində nəzərdə tutulan hallarda yaşıllıqların götürülməsi məqsədi ilə istifadəsində olan torpaq sahələrinə münasibətdə müvafiq mərkəzi icra hakimiyyəti orqanına, digər torpaq sahələrinə münasibətdə isə yerli icra hakimiyyəti orqanına və ya bələdiyyəyə ərizə ilə müraciət etməlidirlər. Yaşıllıqların götürülməsinə dair ərizə müvafiq mərkəzi icra hakimiyyəti orqanında, yerli icra hakimiyyəti orqanında və ya bələdiyyədə qeydiyyata alınır, 2 (iki) təqvim günü ərzində həmin qurum tərəfindən təqdim olunmuş sənədlər yoxlanılır və imtinaya əsas olmadığı təqdirdə, yaşıllıqların götürülməsinə dair rəyin alınması üçün Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət olunur (“Yaşıllıqların götürülməsi Qaydası”nın 2.7-ci bəndi). Qaydanın 3.1 və 3.2-ci bəndlərinə görə isə bu Qaydanın 2.7-ci bəndinə uyğun olaraq yaşıllıqların götürülməsinə dair istifadəsində olan torpaq sahələrinə münasibətdə müvafiq mərkəzi icra hakimiyyəti orqanının, digər torpaq sahələrində isə yerli icra hakimiyyəti orqanının və ya bələdiyyənin müraciəti Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyində qeydiyyata alınır və 3 (üç) təqvim günü müddətində onun yerli qurumları tərəfindən təqdim olunmuş sənədlər əsasında yaşıllığa yerində baxış keçirilir və müvafiq rəy tərtib edilir. Yaşıllıqların götürülməsinə dair rəydə yaşıllıqların yerinin dəyişdirilməsinin (kökündən çıxarılmasının) və ya bərpa edilməsi şərtilə kəsilməsinin məqsədəuyğunluğu əsaslandırılmalı, götürülən yaşıllıqların növü, sayı, cinsi, yaşı, diametri, hündürlüyü, bioloji vəziyyəti və gül-çiçək və ot bitkilərinin sahəsi barədə məlumatlar əks olunmalı, həmçinin rəydə müvafiq şərtlər (aqrotexniki, mövsümi, vegetativ və s.) nəzərə alınmaqla işlərin icra müddəti müəyyənləşdirilməlidir.” Azərbaycan Respublikası meşələrində köküstü oduncaq buraxılışı Qaydalarının təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 mart 1999-cu il tarixli 38 nömrəli Qərarında göstərilir ki: 1.1. Bu Qaydalar Azərbaycan Respublikası meşələrində köküstü oduncaq buraxılışını tənzimləyir və meşədə oduncaq tədarükü və daşınması zamanı tətbiq olunur. 1.2. Köküstü oduncaq buraxılışı meşədən istifadə rejiminə uyğun olaraq aşağıdakı kimi aparılır: meşəbərpa qırması bərpası ilə - kurort meşələri, xüsusi qiymətli meşə massivləri, şəhərlərin və digər yaşayış məntəqələri ətrafındakı yaşıllıq zonalarının meşələri və dövlət meşə zolaqları istisna olmaqla, digər meşələrdə bərpa məqsədilə aparılan qırmalar; aralıq istifadə qırması ilə - meşələrdə qulluq, sanitariya və az qiymətli meşəliklərin rekonstruksiyası (yenidən əkmə qırmaları) ilə əlaqədar aparılan qırmalar; başqa qırmaları ilə - başdan-başa sanitariya qırmaları (su qovşaqlarının, boru kəmərlərinin, yolların, rabitə və elektrik xətlərinin tikintisi və digər işlərlə əlaqədar, meşə sahələrinin müəyyən olunmuş qaydada qeyri-meşə sahələrinə keçirildiyi zaman), həmçinin yanğından mühafizə keçidlərinin açılması və digər belə məqsədlər üçün aparılan qırmalar. Göstərilən qırmalar təsdiq olunmuş layihələr və aparılan işlərin texniki şərtlərinə uyğun olaraq yalnız meşəqırma bileti və order əsasında aparılır. 1.4. Meşə istifadəçiləri köküstü oduncaq buraxılışı haqqında yerli meşə təsərrüfatı müəssisəsinə ərizə ilə müraciət etməlidir. Beləliklə məhkəmə istintaqı zamanı müəyyən edilir ki, Təqsirləndirilən şəxs 2023-cü ilin oktyabr ayının əvvəllərində, saat 15 radələrində Quba rayonu Möhüc kəndi ərazisində yerləşən Quba rayon Tüləkəran bələdiyyəsinə məxsus torpaq sahəsində meşə fonduna daxil olmayan köküstə yaş bioloji inkişafda olan diametrləri 8 sm olan 2 ədəd,12 sm olan 3 ədəd vələs cinsə məxsus, diametrləri 12 sm olan 2 ədəd, 16 sm olan 1 ədəd palıd cinsinə məxsus cəmi 8 ədəd ağacı və diametrləri 4 sm olan 12 ədəd fındıq kolunun kök boğaz nahiyyəsindən qanunsuz kəsərək təbiətə 1910 manat məbləğində olmaqla xeyli miqdarda ziyan vurmuşdur. Həmin xüsusat təqsirləndirilən şəxsin etirafı ilə yanaşı şahid ifadələri, ekspert rəyi və işdən olan digən sənədlərlə tam təsdiqini tapır. Məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 259.1-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs oğunun barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Onun cinayət məsuliyyətindən və cazadan azad edilməsi üçün hallar müəyyən edilmədi. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəza məsələsini müzakirə edərkən hesab edir ki, aşağıda qeyd olunanlar həmçinin nəzərə alınmalıdır. İş materiallarında olan: “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” 11 may 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilərək ona CM-nin 259.1-ci maddəsi ilə ittiham elan olunmuşdur; -“qətimkan tədbirinin seçilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında” qətimkan tədbiri seçilmişdir; -Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin verdiyi cinayət işi üzrə yoxlamaya dair tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir; -Quba RİHB-nın Tüləkəran kənd İƏD üzrə nümayəndəliyindən verilmiş 29 mart 2024cü il tarixli, 124/1 №-li arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Quba rayonu Möhüc kəndində qeydiyyatda olmaqla yaşayır, evlidir və himayəsində 1991ci il təvəllüdlü İ qrup əlil oğlu vardır. O, yaşayış yeri üzrə özünü müsbət cəhətdən göstərmiş, barəsində nümayəndəliyə heç bir şikayət daxil olmamışdır. -Quba RİHB-nın Tüləkəran kənd İƏD üzrə nümayəndəliyindən verilmiş 29 mart 2024cü il tarixli, 124/2 №-li arayışdan görünür ki, Təqsirləndirilən şəxs Quba rayonu, Möhüc kəndində yaşayır və onun 1965-ci il təvəllüdlü həyat yoldaşı X4, oğlu 1986-cı il təvəllüdlü X9, oğlu 1991-ci il təvəllüdlü X7 (1-ci qrup əlil), gəlini 1993-cü il təvəllüdlü X1, nəvəsi 2012-ci il təvəllüdlü X10, nəvəsi 2014-cü il təvəllüdlü X8 və nəvəsi 2015-ci il təvəllüdlü X3 ibarət ailə tərkibi vardır. -Quba Rayon Məhkəməsinin 2(027)-173/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən görünür ki, Quba rayonu, Möhüc kəndində doğulmuş 04 avqust 1991-ci il təvəllüdlü X7 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmişdir. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, törətdiyi cinayət əməlini etiraf edib səmimi peşmançılıq çəkməsini, himayəsində fəaliyyət qabiliyyəti olmayan hesab edilmiş 1-ci qrup əlil oğlunun olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, ailəni dolandıran yeganə şəxs olmasını onun cəzasının yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iş üzrə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran halların olmadığını müəyyən edir. Beləliklə, məhkəmə cəza məsələsini müzakirə edərkən, təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən halları, ağırlaşdıran halların olmadığını nəzərə alaraq hesab edir ki, ona təyin olunan cəza ədalətli olmaqla yanaşı, törətdiyi cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə, həmin cinayətin törədilməsi halına, şəxsiyyətinə tam uyğun olmalıdır. Törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş islah işləri növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Bu növ cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Qeyd olunanlara əsasən, məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 259.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş islah işləri cəzasının təyin edilməsini məqsədəuyğun sayır. Azərbaycan Respublikası CM-nin: 8.1-ci maddəsinə əsasən “cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır”. 58.3-cü maddəsinə görə “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır”. 41.2-ci maddəsinə əsasən “cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir”. 58.1-ci maddəsinin tələblərindən görünür ki, “cinayət törətməkdə təqsirli bilinən şəxsə bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir”. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.1ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan islah işləri cəzası təyin edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə 49-cu maddəsinə görə islah işləri iki aydan iki ilədək müddətə təyin edilir və həmin cəza məhkumun iş yeri üzrə çəkilir. İslah işlərinə məhkum olunmuş şəxsin qazancından dövlət nəfinə beş faizdən iyirmi faizədək məbləğdə pul tutulur. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin başlanğıcı onun qazancından tutulmaların aparıldığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə keçirilmiş ekspertizanın xərci olan 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər eidlmasi haqqında” 07 mart 2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə görə məhkəmə, hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli olan əmlakın olub-olmaması məsələsini həll etməlidir. «Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər eidlmasi haqqında» 07 mart 2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə görə məhkəmə, hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli olan əmlakın olub-olmaması məsələsini həll etməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1 və 99-1.1.1-ci maddəsinə əsasən məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) Xüsusi müsadirə olunan əmlak hesab olunur. Məhkəmə xüsusi müsadirə ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, iş üzrə belə bir əmlak olmadığından təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə ilə bağlı müddəa tətbiq edilməməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Odur ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 10 (on) iş saatına görə 60 (altmış) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsindən Quba rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347; 349; 351-353, 356, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona aylıq qazancından 20% dövlət nəfinə tutulmaqla 02 (iki) il müddətinə islah işləri növündə cəza təyin edilsin. Cəzasının əvvəli Təqsirləndirilən şəxs aylıq qazancından ilk dəfə 20 % dövlət nəfinə tutulduğu gündən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cinayət işi üzrə keçirilmiş ekspertizanın xərci olan 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, AZ34CTRE********************, X2, Kod:210005, VÖEN**********, Mühbir hesab AZ41NABZ********************, S.W.İ.F.T. Bik: CTREAZ22) köçürülsün. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 10 (on) iş saatına görə 60 (altmış) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsindən Quba rayon Vəkil Bürosunun hesabına köçürülsün. Hökmün icrası Quba rayonu İcra və probasiya şöbəsinə həvalə edilsin. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökm apelyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdıqdan sonra qüvvəyə minir. Hakim: Samir Məmmədov
Məhkəmə qərarları › İş №1(027)-126/2024
Quba Rayon Məhkəməsi Hökm — İş №1(027)-126/2024
06.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver