Məhkəmə qərarları › İş №1(027)-127/2024

Quba Rayon Məhkəməsi Hökm — İş №1(027)-127/2024

09.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Quba şəhəri İş № 1(027)-127/2024 09.07.2024 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, Dövlət ittihamçısı, zərər çəkmiş şəxsin nümayəndəsi Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Şahdağ Milli Parkının nümayəndəsi Nümayəndə, Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi Quba rayon Vəkil bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi Quba rayon Vəkil bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə xx xxxxxx 1998-ci il tarixdə Quba rayonu Xanagah kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmamış, Quba rayonu Rustov kəndində qeydiyyatda olmaqla Quba rayonu Xanagah kəndində yaşayan, 03 may 2024-cü il tarixdə barəsində “polis nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 259.3-cü maddəsilə təqsirləndirilməsinə dair, xx xxxxxx 1995-ci il tarixdə Quba rayonu Xanagah kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, natamam orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, Quba rayonu Rustov kəndində qeydiyyatda olmaqla Quba rayonu Xanagah kəndində yaşayan, 03 may 2024-cü il tarixdə barəsində “polis nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 259.3-cü maddəsilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs1 2023-cü ilin fevral ayının ortalarında Quba rayonu Xanagah kəndi ərazisində yerləşən Şahdağ Milli Parkının Quba bölməsinin Rustov meşəbəyiliyinin 08 saylı meşə dolayının 65-66-cı kvartal sahəsində ağacları qanunsuz olaraq kəsmək məqsədilə həmkəndlisi Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 2023-cü ilin fevral ayının ortalarından 17 fevral 2023-cü il tarixdə saat 17 radələrinə kimi həmin sahədə bitmiş köküstə yaş, palıd cinsinə mənsub diametri 76 sm, 4.80 m3-lik olan 01 ədəd ağacı qanunsuz kəsməklə müxtəlif hissələrə doğramaqla daşıyaraq təbiətə xeyli miqdarda yəni, 1356,26 manat məbləğində ziyan vurmuşdur. Təqsirləndirilən şəxs2 2023-cü ilin fevral ayının ortalarında Quba rayonu Xanagah kəndi ərazisində yerləşən Şahdağ Milli Parkının Quba bölməsinin Rustov meşəbəyiliyinin 08 saylı meşə dolayının 65-66-cı kvartal sahəsində ağacları qanunsuz olaraq kəsmək məqsədilə həmkəndlisi Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 2023-cü ilin fevral ayının ortalarından 17 fevral 2023-cü il tarixdə saat 17 radələrinə kimi həmin sahədə bitmiş köküstə yaş, palıd cinsinə mənsub diametri 76 sm, 4.80 m3-lik olan 01 ədəd ağacı qanunsuz kəsməklə müxtəlif hissələrə doğramaqla daşıyaraq təbiətə xeyli miqdarda yəni, 1356,26 manat məbləğində ziyan vurmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 259.3-cü maddəsilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində bildirmişdir ki, 2023-cü ilin fevral ayında onun satıb pul qazanması üçün oduna ehtiyacı olmuş, bu səbəbdən 2023-cü ilin fevral ayının ortalarında həmkəndlisi Təqsirləndirilən şəxs2 ilə görüşüb danışaraq sonuncu ilə qabaqcadan razılaşmışdır ki, onunla birlikdə yaşadığı kəndin ətrafında yerləşən meşə sahəsinə ağac kəsməyə getsinlər. Bu məqsədlə mişar götürüb özlərinə məxsus atla bu meşə sahəsinə getmişlər. Onlar ikisi də meşə sahəsində böyük ölçülərdə olan palıd cinsli 01 ədəd ağacı kökdən mişar ilə kəsmişlər. Sonra onlar ağacın hissələrini ata bağlayıb hissə-hissə meşə sahəsindən yaşadıqları Xanagah kəndində onun yaşadığı həyətə daşımışlar. O, kəsdikləri palıd ağacının bir hissəsini kəndlərinə qapı-qapı gəzib satılıq odun axtaran şəxslərə satmışdır. 17 fevral 2023-cü il tarixdə təxminən saat 17 radələrində onlar həmin meşə ərazisinə gedib oradan kəsdikləri palıd ağacının yerdə qalan hissələrini daşıyaraq meşədən çıxdıqları zaman yolda özlərini Şahdağ Milli Parkının əməkdaşları kimi təqdim edən şəxslərlə rastlaşmışlar, onların kəsdikləri palıd ağacı olan yerə baxış keçirib özlərinin daşıdıqları ağacın foto şəkillərini çəkmişlər. Həmin vaxtı o və Nadir yalnız bir ədəd ağac kəsib hissə-hissə daşıdıqlarını söyləmişlər. Xanagah kəndində yerləşən Rustov meşəbəyiliyinin 8 saylı dolaylarından ağaclar kəsmək üçün onun icazəsi olmamış və qırma bileti də olmamışdır. O həmin dolaylardan ağacları qabaqcadan razılaşdığı Nadirlə birlikdə kəsmişdir. Sonda Təqsirləndirilən şəxs2 vurulmuş ziyanı zərərçəkiş şəxsə ödəməyə imkanı olmadığını bildirərək, lakin əməlindən peşiman olmasını və ailə vəziyyətini nəzərə alaraq məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 259.3-cü maddəsilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində bildirmişdir ki, pula ehtiyacı olduğundan 2023-cü ilin fevral ayının ortalarında həmkəndlisi Təqsirləndirilən şəxs1 ilə görüşüb danışaraq sonuncu ilə qabaqcadan razılaşmışdır ki, onunla birlikdə yaşadığı kəndin ətrafında yerləşən meşə sahəsinə ağac kəsməyə getsinlər. Bu məqsədlə mişar götürüb özlərinə məxsus atla meşə sahəsinə getmişlər. Onlar meşə sahəsində böyük ölçülərdə olan palıd cinsli 01 ədəd ağacı kökdən mişar ilə kəsmişlər. Sonra onlar ağacın hissələrini ata bağlayıb hissə-hissə meşə sahəsindən yaşadıqları Xanagah kəndində onun yaşadığı həyətə daşımışlar. Roman kəsdikləri palıd ağacının bir hissəsini kəndlərinə qapı-qapı gəzib satılıq odun axtaran şəxslərə satmışdır. 17 fevral 2023-cü il tarixdə təxminən saat 17 radələrində onlar həmin meşə ərazisinə gedib oradan kəsdikləri palıd ağacının yerdə qalan hissələrini daşıyaraq meşədən çıxdıqları zaman yolda özlərini Şahdağ Milli Parkının əməkdaşları kimi təqdim edən şəxslərlə rastlaşmışlar, onların kəsdikləri palıd ağacı olan yerə baxış keçirib özlərinin daşıdıqları ağacın foto şəkillərini çəkmişlər. Həmin vaxtı o və Roman yalnız bir ədəd ağac kəsib hissə-hissə daşıdıqlarını söyləmişlər. Xanagah kəndində yerləşən Rustov meşəbəyiliyinin 8 saylı dolaylarından ağaclar kəsmək üçün onun icazəsi olmamış və qırma bileti də olmamışdır. O həmin dolaylardan ağacı qabaqcadan razılaşdığı Romanla birlikdə kəsmişdir. Sonda Təqsirləndirilən şəxs2 vurulmuş ziyanı zərərçəkiş şəxsə ödəməyə imkanı olmadığını bildirərək, lakin əməlindən peşiman olmasını və ailə vəziyyətini nəzərə alaraq məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin nümayəndəsi qismində dindirilmiş Nümayəndə ifadəsində bildirmişdir ki, 2015-ci ilin iyun ayından hazırki müddətə kimi Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Şahdağ Milli Parkında sahə müfəttişi vəzifəsində işləyir. O, Şahdağ Milli Parkının Quba-Qusar bölməsi üzrə Quba rayon ərazisində yerləşən Rustov meşəbəyiliyinin xidməti ərazisinə nəzarət edir. 17 fevral 2023-cü il tarixdə təxminən saat 17 radələrində həmin meşəbəyiliyin 8, 8a saylı dolaylarının mühafizə yegeri Şahid2 və həmin meşəbəyiliyin 6, 9 saylı dolaylarının yegeri Şahid1 ilə birlikdə xidməti ərazidə reyd edərkən 8 saylı dolayın ərazisində, mişarla ağac kəsilməsi səslərini eşitmişlər. Həmin səs olan yeri dəqiqləşdirmək üçün dolayın Xanagah kəndinə aid meşə sahəsini gəzdikləri zaman onun 65-66-cı kvartal sahələrində sonradan Quba rayonu Xanagah kənd sakinləri Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 olduqlarını bildikləri şəxslərin özlərində olan mişarla 01 ədəd palıd cinsindən olan yaş köküstə işliyə yararlı ağacı qanunsuz kəsmələrini, həmin ağacdan ata bağlayıb kəsilmiş ağacı daşımalarını aşkar etmişlər. O həmin şəxsləri saxladıqdan sonra orada baxış keçirmişlər. Bununla bağlı, ağacı qanunsuz kəsmiş həmin şəxslərin iştirakı ilə yazılı akt tərtib olunmuş, onların palıd cinsinə mənsub diametri 76 sm, 4.80 m3-lik olan 01 ədəd ağacın qanunsuz olaraq kəsilməsi nəticəsində X4 1356,26 manat məbləğində ziyan vurması müəyyən edildikdən sonra toplanmış sənədlər Quba RPŞ-nə təqdim olunmuşdur. İfadəsinin sonunda Nümayəndə təqsirləndirilən şəxslər tərəfindən vurulmuş maddi ziyanın ödənilmədiyini bildirib onlara qanununla nəzərdə tutulmuş qaydada cəza yəyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Şahdağ Milli Parkının mühafizə yegəri işləyir. Mühafizəsini həyata keçirdiyi meşə sahəsi Rustov meşəbəyiliyinin 6 və 9 saylı meşə dolaylarının sahəsidir. O Nümayəndə və oğlu Şahid2la birlikdə xidməti ərazidə reyd edərkən 8 saylı dolayın ərazisində, mişarla ağac kəsilməsi səslərini eşitmişlər. Həmin səs olan yeri dəqiqləşdirmək üçün dolayın Xanagah kəndinə aid meşə sahəsini gəzdikləri zaman onun 65-66-cı kvartal sahələrində sonradan Quba rayonu Xanagah kənd sakinləri Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 olduqlarını bildikləri şəxslərin özlərində olan mişarla 01 ədəd palıd cinsindən olan yaş köküstə işliyə yararlı ağacı qanunsuz kəsmələrini, həmin ağacdan ata bağlayıb kəsilmiş ağacı daşımalarını aşkar etmişlər. Həmin şəxslər saxlanıldıqdan sonra orada baxış keçirmişlər. Bununla bağlı, ağacı qanunsuz kəsmiş həmin şəxslərin iştirakı ilə yazılı akt tərtib olunmuş, onların palıd cinsinə mənsub diametri 76 sm, 4.80 m3-lik olan 01 ədəd ağacın qanunsuz olaraq kəsilməsi nəticəsində X4 1356,26 manat məbləğində ziyan vurması müəyyən edildikdən sonra toplanmış sənədlər Quba RPŞ-nə təqdim olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 analoji ifadə verərək Şahid1 ifadəsində bildirdiyi xüsusatları təsdiq etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Şahdağ Milli Parkından təqdim edilmiş 17 fevral 2023-cü il tarixli 65693 №-li aktdan görünür ki, bu parkın əməkdaşları Quba rayonu, Xanagah kəndi ərazisində olan Rustov Meşəbəyilinin 8 saylı dolayının 65-66-cı kvartal sahələrinə baxış keçirərkən orada 01 ədəd yaş köküstə işliyə yararlı palıd cinsli ağacın Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən mişar ilə qanunsuz kəsilərək daşınmasını aşkar etmişlər. İş üzrə təyin təyin edilib keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-əmtəəşünasiıq ekspertizasının 17 mart 2023-cü il tarixli 9/1428 rəyindən görünür ki, Rustov meşəbəyiliyinin 8 saylı meşə dolayında aşkar edilmiş və Şahdağ Milli Parkı tərəfindən tərtib edilmiş 17 fevral 2023-cü il tarixli akt və ona əlavə edilmiş Cədvələ, palıd cinsinə mənsub diametri 76 sm, 4.80 m3-lik olan 01 ədəd ağacın qanunsuz kəsilməsi nəticəsində X4 dəymiş ziyanın ümumi məbləği 1356,26 manat müəyyən edilir. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs kimi meşədə ağacları qanunsuz kəsərək xeyli miqdarda ziyan vurmaqla Azərbaycan Respublikası CM-nin 259.3-ci maddəsilə nəzərdə tutulan cinayət əməlini törətmişlər. Onların qeyd edilən cinayət əməllərini törətmələri zərərçəkmiş şəxsin nümayəndəsinin ifadəsi, şahidlərin ifadələri, görüntünü əks etdirən foto material və məhkəmə istintaqı zamanı tədqiq edilmiş digər subutlara tam sübuta yetirilir. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdikləri cinayət əməlləri qeyd edilən maddələrlə düzgün tövsif olunmuşdur. Məhkəmə hesab edir ki, onların cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, habelə əməlin cinayət olmasını aradan qaldıran hallar olmadığından, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində ittiham hökmü çıxarılmalı və onlara Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin təqsirləndirildiyi maddələrin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd olunan Qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəzasiyasətininhumanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativcəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli Sərəncamının 8-ci bəndində qeyd edilmişdir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Həmin Sərəncamının 13, 13.3, 13.4-cü bəndlərinə əsasən məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə müvafiq olaraq cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə müvafiq olaraq cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, habelə təqsirkarınşəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. İş materiallarında olan Azərbaycan Respublikası DİN Baş Əməliyyat Statistika və İnformasiya İdarəsi tərəfindən verilmiş tələbnamələrdən görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayət məsuliyyətinə cəlb olunmamışlar. İş materiallarında olan Quba RİHB-nın Rustov kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 04 mart 2024-cü il tarixli 258 №-li arayışdan və arayışa əlavə edilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 Quba rayonu Rustov kəndində qeydiyyatda olmaqla Quba rayonu Xanagah kəndində yaşayır, evlidir, bir azyaşlı uşağı vardır. O yaşayış yeri üzrə özünü müsbət cəhətdən göstərmiş, onun barəsində nümayəndəliyə heç bir şikayət daxil olmamışdır. İş materiallarında olan Quba RİHB-nın Rustov kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 04 mart 2024-cü il tarixli 259 №-li arayışdan və arayışa əlavə edilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 Quba rayonu Rustov kəndində qeydiyyatda olmaqla Quba rayonu Xanagah kəndində yaşayır, evlidir, bir azyaşlı uşağı vardır. O yaşayış yeri üzrə özünü müsbət cəhətdən göstərmiş, onun barəsində nümayəndəliyə heç bir şikayət daxil olmamışdır. İş materiallarında olan Məhkəmə İnformasiya Sistemindən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2022-ci il təvəllüdlü X1 adında bir oğlu vardır. Məhkəmə, Təqsirləndirilən şəxs1 təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən onun əməlindən peşiman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, himayəsində bir azyaşlı uşağın olmasını cəzanı yüngülləşdirən hallar qismində nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs2 təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən onun əməlindən peşiman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzanı yüngülləşdirən hallar qismində nəzərə alır. İş üzrə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməllərində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.3-ci maddəsinə əsasən Bu Məcəllənin 259.1-ci və ya 259.2-ci maddəsində nəzərdə tutulmuş əməllər, yəni Meşələrdə və ya xüsusi mühafizə olunan təbiət ərazilərində ağacların, kolların və ya digər yaşıllıqların, eləcə də meşə fonduna daxil olmayan ağacların, kolların və ya digər yaşıllıqların qanunsuz kəsilməsi (götürülməsi) xeyli miqdarda ziyan vurması qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə - doqquz min manatdan on bir min manatadək miqdarda cərimə və ya iki ildən beş ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə üç ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən cinayətin xarakteri və ictimai təhlükəlilikdərəcəsi, habelə onların şəxsiyyətini, cəzanı yüngülləşdirən halların mövcudluğunu, cəzanı ağırlaşdıran halların olmadığını nəzərə alaraq, onların cəmiyyətdən təcrid edilmədən islah olunmalarını mümkün hesab edərək, onlara ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəzanın tətbiq edilməsi qənaətinə gəlir və hesab edir ki, bu cəza ilə cəzanın məqsədlərini təmin etmək mümkündür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. İş materiallarında olan təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2024-cü il tarixli qərarlardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində həmin tarixdə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində həmin tarixdə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 azadlığın məhdudlaşdırılması cəzası təyin ediləcəyi nəzərə alınmaqla barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs2 azadlığın məhdudlaşdırılması cəzası təyin ediləcəyi nəzərə alınmaqla barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə, Azərbaycan Respublikası CM-in 99-1.1-ci maddəsində qeyd olunmuş əmlakın müəyyən olunmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 xüsusi müsadirə cinayət-hüquqi tədbiri tətbiq olunmamalıdır. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Həmin Məcəllənin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Məhkəmə həmçinin hesab edir ki, hökmün icrası Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə Quba rayon İcra və Probasiya şöbəsnə həvalə edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197-198-ci maddələrinə əsasən ekspertə verilməli olan məbləğ məhkəmə məsrəflərinə aid olduğundan, məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. Həmin Məcəllənin 198.3-cü maddəsinə əsasən cinayət təqibi üzrə bir neçə şəxs məhkum olunmuşsa, məhkəmə məsrəfləri məhkumların hər birindən təqsirlilik dərəcəsi, təyin olunmuş cəzanın ciddiliyi və əmlak vəziyyəti nəzərə alınaraq məhkəmə tərəfindən müəyyən olunmuş pay üzrə tutulmalıdır. Məhkəmə hesab edir ki, məhkəmə ekspertizası tədqiqatlarının dəyərini təşkil edən 50 (əlli) manat Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq məhkəmə ekspertiza mərkəzinin hesabına ödənilməlidir. Həmçinin, Təqsirləndirilən şəxs1 dövlət hesabına hüquqlarını müdafiə etmiş Quba rayon Vəkil bürosunun vəkili Müdafiəçi1 sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesablanmaqla, 7 (yeddi) iş saatına görə 42 (qırx iki) manat, Təqsirləndirilən şəxs2 dövlət hesabına hüquqlarını müdafiə etmiş Quba rayon Vəkil bürosunun vəkili Müdafiəçi2 sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 7 (yeddi) iş saatına görə 42 (qırx iki) manat Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli qərarına əsasən dövlət büdcəsindən tutulub Quba rayon Vəkil Bürosunun hesabına ödənilməsini əsaslı hesab edir. İş üzrə mülki iddia verilməmişdir, xüsusi müsadirə olunası əmlak və maddi subut yoxdur. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nın 344-347, 349, 351- 354, 356, 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 259.3-cü maddəsilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 üzərinə Quba rayonunun inzibati hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 23:30-dan növbəti gün saat 05:30-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 259.3-cü maddəsilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 üzərinə Quba rayonunun inzibati hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 23:30-dan növbəti gün saat 05:30-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri 50 (əlli) manat Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Təqsirləndirilən şəxs1 dövlət hesabına hüquqlarını müdafiə etmiş Quba rayon Vəkil bürosunun vəkili Müdafiəçi1 sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesablanmaqla, 7 (yeddi) iş saatına görə 42 (qırx iki) manat, Təqsirləndirilən şəxs2 dövlət hesabına hüquqlarını müdafiə etmiş Quba rayon Vəkil bürosunun vəkili Müdafiəçi2 sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 7 (yeddi) iş saatına görə 42 (qırx iki) manat dövlət büdcəsindən Quba rayon Vəkil Bürosunun hesabına köçürülsün. Hökmün icrası Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə - Quba rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökm apelyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdıqdan sonra qüvvəyə minir. Hakim: Vüqar Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar