Məhkəmə qərarları › İş №1(027)-128/2025

Quba Rayon Məhkəməsi Hökm — İş №1(027)-128/2025

02.12.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Quba şəhəri İş № 1(027)-128/2025 02.12.2025 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Xəlilova Nigar Nemət qızının sədrliyi, Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs, onun müdafiəçisi Quba rayon Vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxx 2004-cü il tarixdə Xaçmaz şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, Quba rayonu, Qımılqışlaq kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 313 və 314.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinin materiallarına açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Təqsirləndirilən şəxs 30 iyul 2024-cü il tarixli 14-2-2-8/3-1K-115/2024 nömrəli əmrlə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Azəriqaz” X5 X7 İdarəsinin Quba rayonu üzrə Təbii qazın qəbulu və satışı xidmətinin qaz təsərrüfatının nəzarətçisi vəzifəsinə təyin edildikdən sonra işlədiyi dövrdə 30 iyul 2024-cü il tarixli 30 nömrəli əmək müqaviləsinə, ‘Azəriqaz” X5 X7 İdarəsinin rəisi tərəfindən 21 iyul 2023-cü il tarixdə təsdiq olunmuş “Xaçmaz X7 İdarəsinin Quba rayonu üzrə Təbii qazın qəbulu və satışı xidmətində 4-cü dərəcəli qaz təsərrüfatının nəzarətçisinin Peşə təlimatına”, habelə “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 6-2-ci maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 3.1.8-ci bəndinə əsasən istehlakçıların balans mənsubiyətinə aid qaz qurğuları və qaz xətləri, tüstü bacalarının, habelə havalandırma və hava dəyişmə xətlərinin işçi vəziyyətdə olması və texniki təhlükəsizlik tələblərinə riayət olunması vəziyyətinin müəyyən edilməsi, keçirilmiş müayinənin nəticəsinin müvafiq qaydada aktlaşdırılması və nüsxələrinin aidiyyəti üzrə təqdim edilməsi, müayinə zamanı nöqsan və ya pozuntuların aşkar edilməsi, onların aradan qaldırılması qaydası və müddəti ilə bağlı qeydlərin aparılması, müayinə zamanı aşkar edilmiş nöqsan və ya pozuntuların aradan qaldırılması məqsədi ilə təkrar müayinənin keçirilməsi, təbii qazın istifadəsində hər hansı bir təhlükə aşkarlanarsa qaz təchizatının dayandırılması və qanunvericiliklə nəzərdə tutulan zəruri tədbirlərin görülməsi, xəbərdarlıqlara baxmayaraq müayinə keçirilməsi üçün şərait yaratmayan iştehlakçının qaz təminatının dayandırılmasının təmin edilməsi və digər səlahiyyətlərə malik vəzifəli şəxs kimi ona həvalə olunmuş həmin vəzifə öhdəliklərini və qanunvericiliyin tələblərini vaxtında həyata keçirməyib, öz işinə vicdansız və laqeyd münasibət göstərərək öz əməlinin mühüm zərər dəyməsinə səbəb olacağı imkanını lazımi diqqət və ehtiyatlılıq göstərərək qabaqcadan görməli olduğu və görə biləcəyi halda, bunu görməyərək vəzifə təlimatına və qanunvericiliyin həmin tələblərinə əhəmiyyət verməyib təsdiq olunmuş qrafikə əsasən Quba rayonu, Zərdabi qəsəbəsində yerləşən Şahid1 məxsus fərdi yaşayış evində müayinə keçirərək həmin evin hamam otağında quraşdırılmış qazla işləyən axarlı su qızdırıcısında (pitiminutka) olan nöqsanları aşkar edərək aradan qaldırılmasını təmin etməli olmasına baxmayaraq etməmiş, vəzifəli şəxs kimi sair şəxsi niyyətlə, yəni işlədiyi xidmət tərəfindən təsdiq olunmuş qrafikdə göstərilən abonentlərin yaşayış evlərinə vaxtında baxış keçirməsini təmin edərək intizam məsuliyyətinə cəlb edilməkdən yayınmaq kimi şəxsi niyyəti ilə, 22 yanvar 2025-ci il tarixdə saat 15 radələrində Quba rayonu, Zərdabi qəsəbəsində istehlakçının qaz qurğularının və qaz xətlərinin, tüstü bacalarının, habelə havalandırma və havadəyişmə xətlərinin işçi vəziyyətdə olması və texniki təhlükəsizlik tələblərinə riayət olunması vəziyyətinin müəyyən edilməsi, o cümlədən nöqsan və (və ya) pozuntuların aşkar edilməsi məqsədilə həyata keçirilən müayinənin nəticələrini özündə əks etdirən və rəsmi sənəd hesab olunan müayinənin nəticəsinə dair 22 yanvar 2025-ci il tarixli ******* nömrəli aktı tərtib edərək məzmununa guya istehlakçı Şahid1 mülkiyyətində olan Quba rayonu, Zərdabi qəsəbəsində yerləşən fərdi yaşayış evində müayinə keçirməsi, iran peçinin zalda şlanqla birləşdirilməsi və hamamda pitiminutkanın quraşdırılmasından ibarət pozuntuların aşkar edilməsi, nöqsan və ya pozuntuların aradan qaldırılması üçün 1 ay vaxt verilməsi, müayinənin guya 22 yanvar 2025-ci il tarixdə saat 15.45-dən 16.45-dək keçirilməsi, aktın 2 nüsxədə tərtib edilərək 1 nüsxəsinin istehlakçıya təqdim edilməsi ilə bağlı bilə-bilə yalan məlumatları daxil edib, həmin pozuntularla guya Şahid1 tanış olması görüntüsünü yaratmaq məqsədi ilə Quba rayonu Zərdabi qəsəbəsində sonuncunun imzasını göy rəngli qələmlə özü çəkib saxtalaşdırmaqla sonucunun “Qazdan istifadə Qaydaları”nın tələblərinə uyğun olaraq təlimatlandırılması və həmin aktla tanış olması barədə bilə-bilə yalan məlumatlar daxil edib imzalamaqla vəzifə saxtakarlığı törətmiş, Zərərçəkmiş şəxs 27 mart 2025-ci il tarixdə hamam otağında çimərkən qazla işləyən axarlı su qızdırıcısından (pitiminutka) istifadə etməsi zamanı yanma məhsullarının hamam otağına dolması nəticəsində sonuncunun orqanizminə tənəffüs yolları vasitəsi ilə daxil olan dəm qazından zəhərlənməsi ilə nəticələnməklə vəzifəli şəxs olmaqla işinə vicdansız və ya laqeyd münasibəti nəticəsində öz xidməti vəzifəsini yerinə yetirməməsi və ya lazımi qaydada yerinə yetirməməsi ilə əlaqədar Zərərçəkmiş şəxs hüquqlarına və qanuni mənafelərinə mühüm ziyan vurulmasına səbəb olmaqla səhlənkarlıq etmişdir. Təqsirləndirilən şəxs həmin cinayət əməlini törətməsi onun özünün şahid və təqsirləndirilən şəxs qismində verdiyi etiraf edici ifadələri, zərərçəkmiş şəxsin ifadəsi, şahid ifadələri, iş üzrə təyin edilib keçirilmiş məhkəmə-tibb və məhkəmə xətşünaslıq ekspertizasının rəyləri, sənədlər və digər mötəbər sübutlarla tam təsdiqini tapmışdır. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək verdiyi ifadəsində göstərmişdir ki o, 2024-cü ildən 2025-ci ilin may ayına kimi Xaçmaz RQİİ, Quba rayonu üzrə təbii qazın qəbulu və satışı xidmətində qaz təsərrüfatının nəzarətçisi vəzifəsində işləmişdir. Nəzarətçi kimi vəzifəsinə abonentlərin sayğaclarının oxunması, bildirişlərin yazılması, kənar qoşulmaların aşkar edilərək aidiyyəti şöbəyə məlumatın verilməsi, abonentlərin evlərinə baxış keçirilərək aşkar olunmuş nöqsanlar barədə müayinə aktlarının tərtib olunması, aşkar olunmuş nöqsanların aradan qaldırılması olmuşdur. İşlədiyi dövr ərzində Quba rayonu ərazisində yerləşən evlərdə qazla bağlı yoxlanış keçirilmiş, yoxlanış zamanı vətəndaşlar texniki-təhlükəsizlik qaydaları ilə təlimatlandırılmış, müayinənin nəticəsində isə akt tərtib etmişdir. “Qaz təchizatı” haqqında qanuna əsasən abonentlərin evinə ildə bir dəfə dövrü baxış keçirmiş, baxışın məqsədi abonentin evində quraşdırılmış qazla işləyən avandalıqların standartlara uyğun quraşdırılıb-quraşdırılmamasını aşkar etməkdən ibarət olunmuşdur. Qanuna əsasən hər hansı abonentin evində nöqsan aşkar olunduğu təqdirdə tərəfindən bununla bağlı müayinə aktı tərtib olunmalı, vətəndaş həmin nöqsanların olması ilə bağlı xəbərdar edilməli, nöqsanların aradan qaldırılması üçün vətəndaşa bir ayadək vaxt verilməli, daha sonra abonent həmin aktla tanış olduqdan sonra akta imza atmalı, bir ay keçdikdən sonra abonentin evinə yenidən baxış keçirilməli və aşkar olunmuş nöqsanlar aradan qaldırırmadığı təqdirdə abonentə təbii qazın verilməsi dayandırılmalıdır. Xaçmaz RQİİ-nin Quba XS üzrə təbii qazın qəbulu və satışı xidmətinin rəisi Samir müəllim hər səhər onlara təlimat keçərək gündəlik olaraq baxış keçirəcəkləri abonentlərin sayını bildirmişdir. Onun nəzarət etdiyi Quba rayonu, Zərdabi qəsəbəsi və Barlı kəndində 766 abonenti olmuşdur. 22 yanvar 2025-ci il tarixdə Zərdabi qəsəbəsində yerləşən evlərdə baxış keçirərkən saat 15.40-da Şahid1 məxsus evə baxış keçirmək üçün həmin evə yaxınlaşmışdır. Evin qapısı bağlı olduğu üçün evin sahibi Samir Mahmudovun mobil nömrəsini qonşuluqda yaşayan şəxslərdən öyrənmişdir. İşləri çox olduğu üçün yenidən həmin ünvana qayıtmayaraq idarədən ona verilən ******* №-li boş müayinə aktına evin sahibi haqqında öyrəndiyi məlumatları yazıb müayinə aktını tərtib edərək evin sahibinin qarşısında olan imza yerinə imza ataraq həmin aktı idarəyə təqdim etmişdir Daha sonra həmin evdə suqızdırıcı avadanlıqdan qaz sızması nəticəsində zəhərlənmə baş vermiş, həmin evdə zəhərlənmə baş verməsi ilə bağlı rayon prokurorluğunda izahat verərkən saxta akt tərtib etdiyini könüllü olaraq etiraf etmişdir. İfadəsinin sonunda Təqsirləndirilən şəxs əməlindən peşiman olduğunu və cavan olduğunu nəzərə alaraq onun barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs göstərmişdir ki o, 27 mart 2025-ci il tarixdə saat 16 radələrində yuyunmaq üçün yaşadıqları evin hamam otağına girmiş, hamam otağında təxminən 10 dəqiqə qaldıqdan sonra onun halı pisləşmiş, özünü yaxşı hiss etmədiyi üçün suyu bağlayıb hamam otağından çıxmaq istəmiş, bu zaman başı fırlandığı üçün ailə üzvlərindən kömək istəmiş, ailə üzvləri onu hamam otağından çıxarmış, daha sonra əri Rasim öz şəxsi avtomobili ilə onu Quba Rayon Mərkəzi Xəstəxanasına aparmış, xəstəxanada ona sistem qoşulduqdan sonra vəziyyəti yaxşılaşdığı üçün evə buraxılmış, hadisə baş verən zaman hamam otağında suyu isitmək üçün qazla işləyən suqızdırıcı avadanlıq qurlaşdırılmış vəziyyətdə olmuş, zəhərlənməyinin səbəbi də məhz həmin avadanlıqdan dəm qazının sızması olmuş, hamam otağında pəncərə olsa da, hava soyuq olduğu üçün bağlı vəziyyətdə olmuş, otaqda havalandırma olmadığı üçün dəm qazı sızması olan zaman zəhərlənmiş, hazırda yaşadıqları hadisə baş verən evi 2024-cü ilin oktyabr ayında alsalar da, evdə müəyyən təmir işləri aparıldığına görə onlar 2025-ci il mart ayının əvvəlində həmin evə köçmüş, qeyd olunan ev Sevda Məmmədova adlı şəxsdən alınmış, evə köçən zaman hamam otağında qazla işləyən suqızdırıcı avadanlıq quraşdırılmış vəziyyətdə olmuş, həmin suqızıdırıcı avadanlığı işlətməyə davam etmiş, həmin evdə Xaçmaz RQİİ, Quba XS əməkdaşları tərəfindən onlar evi alandan sonra müayinə keçirilməmiş, X2 ümumiyyətlə tanımamış, müayinə keçirmək üçün sonuncu onların evinə gəlməmişdir. İfadəsinin sonunda Zərərçəkmiş şəxs təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 analoji ifadə verərək Zərərçəkmiş şəxs göstərdiyi xususatları bir daha təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 göstərmişdir ki o, 2010-cu ildən “Quba Rayon Mərkəzi Xəstəxanası” PHŞ-nin Təcili və X3 şöbəsinin tibb qardaşı vəzifəsində işləyir. Zərərçəkmiş şəxs əvvəllər tanımamış, 27 mart 2025-ci il tarixdə saat 17:23-də Zərərçəkmiş şəxs “dəm qazı” zəhərlənməsi diaqnozu ilə xəstəxanaya daxil olmuş, həmin vaxt onun xəstəxanaya daxil olmasını qeydiyyata almış, Təcili və X3 şöbəsinin həkimi Şahid4 tərəfindən Zərərçəkmiş şəxs “dəm qazı” zəhərlənməsi diaqnozu qoyulduqdan sonra həmin xəstəni qeydiyyata alıb bunun ardınca Quba RPŞ-yə və rayon prokurorluğuna bu barədə məlumat vermişdir. Zərərçəkmiş şəxs tibbi yardım göstərildikdən sonra, sonuncu həmin günü saat 19:30-da xəstəxanadan çıxmışdır. Xəstənin müalicəsini isə Təcili və X3 şöbəsinin həkimi Şahid4 aparmış, xəstənin müalicəsi zamanı hansı tədbirlərin görülməsi barədə isə məlumatı olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 göstərmişdir ki o, 08 iyul 2024-cü ildən “Quba Rayon Mərkəzi Xəstəxanası” PHŞ- nin Təcili və X3 şöbəsinin həkimi vəzifəsində işləyir. Xəstəxanaya daxil olmuş xəstələrin ilkin tibbi yardımını və xəstəliyinə uyğun olaraq ambulator və stasionar müalicəsini aparır. Zərərçəkmiş şəxs əvvəllər tanımamış, 27 mart 2025-ci il tarixdə saat-17:10-da Zərərçəkmiş şəxs “dəm qazı” zəhərlənməsi diaqnozu ilə xəstəxanaya daxil olmuş, xəstəni qəbul etmiş və müalicəsini aparmış, Zərərçəkmiş şəxs xəstəxanaya daxil olan zaman huşu özündə olmuş, sonuncudan şikayətlərini soruşduqda ona baş gicəllənməsi və ürəkbulanmasının olduğunu, hamam otağında olan zaman qəflətən özünü piss his etdiyini, buna görə xəstəxanaya müraciət etdiyini bildirmişdir. Sorğu-sual zamanı hadisə baş verən vaxt hamam otağında qazla işləyən suqızdırıcı avadanlığın olması və həmin otaqda havalandırma sisteminin olmaması müəyyən olunmuşdur. Buna görə də xəstənin ilk öncə dəm qazından zəhərlənməsi nəticəsinə gələrək ilk olaraq xəstənin saturasiyası, təzyiqi və temperaturu ölçülmüş, xəstənin saturasiyası aşağı olmuş, buna görə ürəkdöyüntüsü də yüksək olmuş, xəstədə tənginəfəslik olmuşdur. Dəm qazından zəhələnən xəstələrdə saturasiya aşağı olduğu üçün, xəstənin müalicəsini dəm qazı zəhərlənməsi diaqnozuna uyğun olaraq aparmış, xəstənin şikayətlərinə uyğun olaraq sonuncunu oksigenə qoşmuş, bunun ardınca xəstəyə qanının təmizlənməyi üçün sistem qoşulmuş, sistem xəstəyə köçürüldükdən sonra vəziyyəti stabilləşdiyinə görə yenidən saturasiyası, təyziqi və temperaturu ölçülmüş, hər şey qaydasında olduğuna görə xəstə 27 mart 2025-ci il tarixdə saat 19:30-da evə buraxılmış, Zərərçəkmiş şəxs xəstəxanaya daxil olan zaman 15 həftəlik hamilə olduğuna görə, habelə ürəkdöyüntüsü tam normala düşmədiyi üçün onun tərəfindən ginekoloqun və kardioloqun baxışı məsləhət görülmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 göstərmişdir ki o, 27 may 2024-cü il tarixdən Xaçmaz RQİİ-nin Quba XS üzrə təbii qazın qəbulu və satışı xidmətinin rəisi vəzifəsində işləyir və vəzifə səlahiyyətlərinə Xaçmaz RQİİ-nin Quba XS üzrə təbii qazın qəbulu və satışı xidmətində qaz təsərrüfatınınn nəzarətçilərinə ümumi nəzərəti həyata keçirmək daxil olmuşdur. Təqsirləndirilən şəxs 30 iyul 2024-cü il tarixdən 20 may 2025-ci il tarxədək Xaçmaz RQİİ, Quba XS üzrə təbii qazın qəbulu və satışı xidmətinin qaz təsərrüfatının nəzarətçisi vəzifəsində işləmiş, təbii qazın qəbulu və satışı xidmətinin qaz təsərrüfatının nəzarətçisi bilavasitə Quba rayonu üzrə Təbii qazın qəbulu və satışı xidmətinin rəisinə tabe olmuş və Xaçmaz X7 İdarəsinin rəisi tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilmişdir. Təqsirləndirilən şəxs nizam-intizamlı işçilərdən biri olmuş, sonuncunun Quba rayonu ərazisində 766 abonenti olmuş, Təqsirləndirilən şəxs Quba rayonu ərazisində Zərdabi qəsəbəsi və Barlı kəndində qaz təsərrüfatının işçisi olaraq nəzarəti həyata keçirmiş, həmin ərazilər nəzarətin həyata keçirilməsi.baxımından çətin hesab edilmiş, evlərdə qaz təsərrüfatının nəzarətçiləri tərəfindən müayinələr onların idarəsi tərəfindən tərtib olunmuş qrafik əsasında həyata keçirilmiş, həmin qrafik ilin əvvəlində tərtib olunmuş, qrafik əsasında gündəlik olaraq neçə evdə nəzarətçilər tərəfindən müayinə keçirilməli olduğu müəyyənləşdirilmiş, nəzarətçilər öz xidmət əraziləri üzrə ən azı qrafikdə göstərilən sayda evlərdə müayinə keçirməli, nəzarətçilər müayinəni keçirdikdən sonra idarə tərəfindən onlara verilmiş müayinə aktını keçirilmiş müayinənin nəticəsinə uyğun olaraq doldurmalı, müayinə aktı son olaraq qaz təsərrüfatının nəzarətçisi və müayinədə iştirak etmiş evdə yaşayan şəxs tərəfindən imzalanmalı, qaz təsərrüfatının nəzarətçiləri evlərdə müayinə keçirən zaman ilk növbədə qaz sayğaclarına baxış keçirməli, onların üzərindəki plomblar, sayğacın viziual görünüşü, üzərində hər hansı defektin olub-olmaması yoxlanılmalı, daha sonra evə daxil olan qaz xətlərinə, qaz qurğularına və avadanlıqlarına, tüstü və bacalarına baxış keçirilməli, əgər nöqsan aşkar edilərsə bu zaman həmin nöqsanlar müayinə aktında göstərilməli, abonentə qeyd olunmuş nöqsanları aradan qaldırması üçün 1 ayadək müddət verilməli olmuşdur. Qaz təsərrüfatının nəzarətçiləri öz fəaliyyətlərini Xaçmaz RQİİ-nin Quba rayonu üzrə Təbii qazın qəbulu və satışı xidmətinin 4-cü dərəcəli qaz təsərrüfatı nəzarətçisinin Peşə təlimatına və “Qaz təchizatı haqqında” qanuna əsasən həyata keçirməli, nəzarətçilər qazdan istifadə qaydalarını, qaz təsərrüfatında texniki təhlükəsizlik qaydalarını, müayinə və texniki xidmət məlumatları üzrə reyestrin aparılması, ondan istifadə qaydasını, qaz itkilərinin növlərini, onun yaranma səbəblərini və aradan qaldırılması yollarını, habelə Peşə təlimatında göstərilən digər qaydaları bilməli, qaz təsərrüfatının nəzarətçiləri hər iş günü ən azı onlara verilmiş qrafikdə göstərilən sayda evlərdə müayinə keçirməlidir. Müayinə keçirildikdən sonra tərtib olunmuş müayinə aktı növbəti iş günü nəzarətçilər tərəfindən idarəyə təqdim olunmuş və daha sonra isə sistemə işlənmişdir. Nəzarətçilər əgər qrafikdə.göstərilən saydan daha az evdə müayinə keçirərlərsə bu zaman onlara xəbərdarlıq edilmiş, bu hal davamlı olaraq təkrarlanarsa onun tərəfindən bununla bağlı həmin nəzarətçi barəsində xidməti sənəd tərtib edilərək, Xaçmaz RQİİ-nin Quba XS üzrə rəis Fuad Mahmudova təqdim edilir. Fuad Mahmudov həmin sənədi imzaladıqdan sonra Xaçmaz RQİİ-nin rəisi Azər Abbasova göndərmiş, Təqsirləndirilən şəxs gündəlik olaraq qrafikdə göstərilən sayda evlərdə müayinə keçirdiyinə görə onun barəsində xidməti sənəd tərtib olunmamış, sonuncunun saxta müayinə aktı tərtib etməsi barədə rayon prokurorluğundan ona məlumat verilmiş, həmin vaxtadək bu barədə onun məlumatı olmamış, Təqsirləndirilən şəxs etdiyi əmələ görə çox peşman olduğunu, artıq işləyə bilməyəcəyini bildirib ərizəsini yazıb işdən çıxmış, sonuncu qrafikdə göstərilən sayı tamamlamaq üçün saxta müayinə aktı tərtib etmiş, abonentlərin sayı çox olduğuna görə bu kimi pozuntular baş verdikdə onlar tərəfindən bu pozuntuların müəyyənləşdirilməyi olduqca çətin olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Azəriqaz” X5 X7 İdarəsinin 30 iyul 2024-cü il tarixli 30 nömrəli əmək müqaviləsindən görünür ki, həmin tarixdə Xaçmaz X7 İdarəsinin rəisi X6 ilə X4 arasında əmək müqaviləsi bağlanmış, sonuncu Xaçmaz X7 İdarəsinin Quba rayonu üzrə Təbii qazın qəbulu və satışı xidmətində 4-cü dərəcəli qaz təsərrüfatının nəzarətçisi vəzifəsinə təyin olunmaqla istehlakçıların balans mənsubiyətinə aid qaz qurğuları və qaz xətləri, tüstü bacalarının, habelə havalandırma və hava dəyişmə xətlərinin işçi vəziyyətdə olması və texniki təhlükəsizlik tələblərinə riayət olunması vəziyyətinin müəyyən edilməsini, keçirilmiş müayinənin nəticəsinin müvafiq qaydada aktlaşdırıİması və nüsxələrinin aidiyyəti üzrə təqdim edilməsini, müayinə zamanı nöqsan və ya pozuntuların aşkar edilməsini, onların aradan qaldırılması qaydası və müddəti ilə bağlı qeydlərin aparılmasını, müayinə zamanı aşkar edilmiş nöqsan və ya pozuntuların aradan qaldırılması məqsədi ilə təkrar müayinənin keçirilməsini, təbii qazın istifadəsində hər hansı bir təhlükə aşkarlanarsa qaz təchizatının dayandırılmasını və qanunvericiliklə nəzərdə tutulan zəruri tədbirlərin görülməsini, xəbərdarlıqlara baxmayaraq müayinə keçirilməsi üçün şərait yaratmayan iştehlakçının qaz təminatının dayandırılmasının təmin edilməsini öz öhdəsinə götürmüşdür. İş materiallarına əlavə edilmiş “Azəriqaz” X5 X7 İdarəsinin rəisi tərəfindən 21 iyul 2023-cü il tarixdə təsdiq olunmuş “Xaçmaz X7 İdarəsinin Quba rayonu üzrə Təbii qazın qəbulu və satışı xidmətində 4- cü dərəcəli qaz təsərrüfatının nəzarətçisinin Peşə təlimatı”ndan görünür ki, qaz təsərrüfatının nəzarətçisinin iş xüsusiyyətlərinə xidmət göstərdiyi ərazidə istehlakçıların balans mənsubiyyəti sərhəddi (qaz paylayıcısı tərəfindən qazın istehlakçıya çatdırılma məntəqəsində qaz paylayıcısı və istehlakçı arasında müqavilə ilə qaz paylayıcı şəbəkənin balans mənsubiyyətini müəyyənləşdirən ayırma nöqtəsi) aktı çərçivəsində qaz qurğuları və qaz xətləri, tüstü bacaları, habelə havalandırma və havadəyişmə xətlərinin işçi vəziyyətdə olması və texniki təhlükəsizlik tələblərinə riayət olunması vəziyyətinin müəyyən edilməsi, o cümlədən nöqsan və (və ya) pozuntuların aşkar edilməsi, həmçinin bu məqsədlə həyata keçirilən müayinə xidməti işlərinin tərtib edilmiş plan-qrafiklərdə nəzərdə tutulan müddətlərdə həyata keçirilməsi, təbii qazın istifadəsində hər hansı bir təhlükə aşkarlanarsa həmin an qaz təchizatının dayandırılması və qanunvericiliklə nəzərdə tutulan zəruri tədbirlərin görülməsi, eləcə də xidmət göstərdiyi ərazidə müayinə aktlarının “Müayinə və texniki xidmət məlumatları” reyesterinə daxil edilməsi üçün müvafiq qaydada aidiyyəti üzrə təqdim edilməsi aiddir. İş materiallarında olan 22 yanvar 2025-ci il tarixli ******* nömrəli müayinə nəticələrinə dair aktdan görünür ki, 22 yanvar 2025-ci il tarixdə saat 15:45-dən 16:45-dək abonent X1 evinə Təqsirləndirilən şəxs tərəfindən baxış keçirilmiş evin zalında iran peçinin şlanqla birləşdirilməsi, hamamda isə qazla işləyən axarlı su qızdırıcısının (pitiminutka) quraşdırılması müəyyən edilmiş, nöqsan və pozuntuların aradan qaldırılması üçün bir ay vaxt verilmiş, bununla bağlı akt tərtib edilərək bir nüsxəsi istehlakçı Samir Mahmudova təqdim edilməklə “Qazdan istifadə Qaydaları”nın tələblərinə uyğun olaraq təlimatlandırılmaqla ona imza çəkdirilmişdir. İş materiallarında olan “Azəriqaz” X5 X7 İdarəsinin 15 iyul 2025-ci il tarixli 240 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs 30 iyul 2024-cü il tarixdə Xaçmaz X7 İdarəsinin Quba rayonu üzrə Təbii qazın qəbulu və satışı xidmətində 4-cü dərəcəli qaz təsərrüfatının nəzarətçisi vəzifəsinə qəbul edilmiş, 20 may 2025-ci il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69.3-cü maddəsi, yəni yeni yaşayış yerinə köçməsi ilə bağlı işdən azad edilmişdir. İş materiallarına əlavə edilmiş Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsinin 27 mart 2025-ci il tarixli 4053 nömrəli xəstə müayinə və müşahidə formasından görünür ki, Zərərçəkmiş şəxs 27 mart 2025-ci il tarixdə saat 17:10-da baş ağrıları və nəfəs darlığı ilə xəstəxanaya müraciət etmiş və ona dəm qazı zəhərlənməsi diaqnozu təyin edilərək ilkin tibbi yardım göstərilmişdir. İş üzrə təyin edilib keçirilmiş və məhkəmə istintaqı zamanı təhqiq edilmiş məhkəməxətşünaslıq ekspertizasının 13 may 2025-ci il tarixli 4/686 nömrəli rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş, 22 yanvar 2025-ci il tarixli ******* nömrəli “Müayinənin nəticəsinə dair” aktdakı əlyazmalar və həmin aktın sonunda “21. İmzalar” qrafasında “QTN. Təqsirləndirilən şəxs” əlyazması qarşısındakı imza - Təqsirləndirilən şəxs tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş, 22 yanvar 2025-ci il tarixli ******* nömrəli “Müayinənin nəticəsinə dair” aktın sonunda “21. İmzalar” qrafasında “Samir Mahmudov” əlyazması qarşısındakı imza - Təqsirləndirilən şəxs tərəfindən icra olunmuşdur. İş üzrə təyin edilib keçirilmiş məhkəmə-tibbi ekspertizasının 15 iyul 2025-ci il tarixli, 443 nömrəli rəyindən görünür ki, 2005-ci il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəməekspertizası, raport-arayışdakı və tibbi sənəddəki məlumatlar əsasında, belə nəticəyə gəlinmişdir ki, onda dəm qazı zəhərlənməsi baş vermişdir ki, bu da həmin qazın nəfəs yollarından qəbulu nəticəsində qərarda göstərilən tarixdə, yəni xx.xx.2025-ci il tarixdə mümkündür və sağlamlığa zərər vurmadığından dərəcəsi təyin olunmayan xəsarətlər növünə aiddir. Məhkəmə təqsirləndirilən və zərərçəkmiş şəxsləri və şahidləri dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 313 və 314.1-ci maddələri ilə müəyyən edilmiş cinayət əməllərini törətmişdir və onun təqsiri özünün və zərərçəkmiş şəxsin ifadələri, şahidlərin ifadələri, iş üzrə təyin edilib keçirilmiş məhkəmə-tibb və məhkəmə xətşunaslıq ekspertizalarının müvafiq rəyləri və eləcədə məhkəmə istintaqı zamanı təhqiq olunmuş digər subutlarla tam subuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 313 və 314.1-ci maddələri ilə düzgün tövsif edilmişdir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, habelə əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Odur ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin təqsirləndirildiyi maddələrin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd olunan Qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli Sərəncamının 13, 13.3, 13.4-cü bəndlərinə əsasən məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən, cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 5.1-ci maddəsinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər yalnız bu Məcəllə ilə müəyyən edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə müvafiq olaraq cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə müvafiq olaraq cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, habelə təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkum edilməmiş şəxsdir. İş materiallarında olan “Quba Rayon Mərkəzi Xəstəxanası” PHŞ-nın 23 iyun 2025-ci il tarixli 18-1- 56/2-880/2025 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Quba Rayon Mərkəzi Xəstəxanasının Poliklinika şöbəsinin narkoloji və psixiatrik kabinetlərində qeydiyyatda yoxdur. İş materiallarında olan Quba Rayonlararası Psixonevroloji Reablitasiya Mərkəzinin 08 iyul 2025-ci il tarixli 1191 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Quba Rayonlararası Psixonevroloji Reablitasiya Mərkəzinə müraciət etməmişdir. İş materiallarına əlavə edilmiş Quba RİHB-nin Hacıhüseynli kənd İƏD-si üzrə nümayəndəli tərəfindən verilmiş 14 iyul 2025- ci il tarixli, 321 nömrəli arayışından və arayışa əlavə edilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs həqiqətən də Quba rayonu, Qımılqışlaq kəndində qeydiyyatda olmaqla, hal-hazırda ailə üzvləri ilə birlikdə Xaçmaz rayon, Qımılqışlaq kəndində yaşayır və o, qeydiyyatda olduğu yer üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan “Azəriqaz” X5 X7 İdarəsinin 15 iyul 2025-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs işlədiyi yer üzrə müsbət xarakterizə olunur. Zərərçəkmiş şəxs məhkəməyə daxil olmuş ərizəsindən görünür ki, onun Təqsirləndirilən şəxs qarşı şikayət və tələbi yoxdur. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edib, səmimi peşiman olmasını, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını, qeydiyyatda oldyğu yer üzrə həmçinin iş yeri üzrə müsbət xarakterizə olunmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən isə məhkəmə Təqsirləndirilən şəxs əməlində nəzərdə tutulan cəzanı ağırlaşdıran halların olmadığını müəyyən edir. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 №-li qərarının, 45-ci bəndində qeyd olunmuşdur ki, “məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər”. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən halları, ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın cinayət əməlini törətmiş şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 313-cü maddəsinə əsasən vəzifə saxtakarlığı, yəni vəzifəli şəxs tərəfindən rəsmi sənədlərə və ya informasiya resurslarına bilə-bilə yalan məlumatların daxil edilməsi, habelə göstərilən sənədlərdə və ya informasiya resurslarında onların həqiqi məzmununu təhrif edən düzəlişlərin edilməsi, bu əməllər tamah və ya sair şəxsi niyyətlərlə törədildikdə - min beş yüz manatdan üç min manatadək miqdarda cərimə və ya bir ildən iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314.1-ci maddəsinə səhlənkarlıq, yəni vəzifəli şəxsin işə vicdansız və ya laqeyd münasibəti nəticəsində öz xidməti vəzifəsini yerinə yetirməməsi və ya lazımi qaydada yerinə yetirməməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə və ya dövlətin və ya cəmiyyətin qanunla qorunan mənafelərinə mühüm zərər vurulmasına səbəb olduqda - min beş yüz manatdan üç min manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan dörd yüz altmış saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini xarakterizə edən halları, cəzasını yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmamasını, habelə təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq ona təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş islah işləri cəzasının təyin edilməsini məqsədə uyğun sayır və belə nəticəyə gəlir ki, qeyd olunan cəza növü onun əməlinə adekvat olmaqla cəzanın məqsədlərinə cavab verir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə 49-cu maddəsinə görə islah işləri iki aydan iki ilədək müddətə təyin edilir və həmin cəza məhkumun iş yeri üzrə çəkilir. İslah işlərinə məhkum olunmuş şəxsin qazancından dövlət nəfinə beş faizdən iyirmi faizədək məbləğdə pul tutulur. Təqsirləndirilən şəxs hazırda rəsmi qeydə alınmaqla iş yerinin olmaması barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə 49-cu maddəsinə islah işləri cəzasının təyin edilməsinə maneə deyildir, belə ki, Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 43.3-cü maddəsinə əsasən işsiz məhkum özü işə düzəlməli və ya icra məmurunun iştirakı ilə məşğulluq xidməti orqanında qeydiyyata durmalıdır. Azərbaycan Respublikası CM-nin 66.1-ci maddəsinə əsasən Cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 66.1 və 66.2-ci maddələrinin tələbləri nəzərə alınmaqla qəti cəza təyin edilməlidir. İş materiallarında olan təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində 25 avqust 2025-ci il tarixdə başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası CPM-nin 346.1 və 346.1.20-ci maddələrinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında digər məsələlərlə yanaşı həmçinin qətimkan tədbirinin ləğv edilməli, dəyişdirilməli və seçilməli (məhz hansı tədbirin) olubolmadığı məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). Həmin Məcəllənin 353.4.12-ci maddəsinə görə, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində hökm qanuni qüvvəyə minənədək məhkumun barəsində seçilmiş qətimkan tədbirinin həlli göstərilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs islah işləri növündə cəza təyin ediləcəyindən onun barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minədək dəyişdirilmədən qüvvəsində saxlanılmalıdır. “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilmasi haqqında” 07 mart 2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə görə məhkəmə, hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli olan əmlakın olub-olmaması məsələsini həll etməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1 və 99-1.1.1-ci maddəsinə əsasən məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) Xüsusi müsadirə olunan əmlak hesab olunur. Məhkəmə xüsusi müsadirə ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, iş üzrə belə bir əmlak olmadığından təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə ilə bağlı müddəa tətbiq edilməməlidir. Həmçinin məhkəmə keçirilmiş məhkəmə ekspertizası tədqiqatının dəyəri olan 126 manatın Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməsini əsaslı hesab edir. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə, 08 (səkkiz) iş saatına görə 88 (səksən səkkiz) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsindən Quba rayon Vəkil Bürosunun hesabına (H/h AZ18İBAZ********************, Bank rekvizitləri: ABB Quba filialı, VÖEN: **********, Kod: 805476) köçürülməlidir. İş üzrə mülki iddia və maddi subut yoxdur. Yuxarıda göstərilənlərəəsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347; 349; 351-353, 356, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 313-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək aylıq qazancından 10 (on) faiz dövlət nəfinə tutulmaqla 01 il (bir) müddətinə islah işləri cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək aylıq qazancından 10 (on) faiz dövlət nəfinə tutulmaqla, 01 (bir) il 06 (altı) ay müddətinə islah işləri cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş cəzalar qismən toplanmaqla üzərində qəti olaraq aylıq qazancından 10 (on) faiz dövlət nəfinə tutulmaqla, 01 (bir) il 09 (doqquz) ay müddətinə islah işləri cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli qazancından dövlət nəfinə ilkin tutulmaların aparıldığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə, 08 (səkkiz) iş saatına görə 88 (səksən səkkiz) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsindən Quba rayon Vəkil Bürosunun hesabına (H/h AZ18İBAZ********************, Bank rekvizitləri: ABB Quba filialı, VÖEN: **********, Kod: 805476) köçürülsün. İş üzrə ekspertiza xərci 126 manat Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin Dövlət xəzinadarlığı Agentliyi, kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22 Məhkəmə Ekspertiza Mərkəzi VÖEN ********** Hesab AZ34OTRE**********002088501 hesabına ödənilsin. Cəzanın icrası Quba rayon İcra və probasiya şöbəsinə həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətinə Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya protesti və ya şikayəti verilməzsə, həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Nigar Xəlilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar