Məhkəmə qərarları › İş №1(027)-129/2021

Quba Rayon Məhkəməsi Hökm — İş №1(027)-129/2021

28.09.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Quba şəhəri İş № 1(027)-129/2021 28.09.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, Məhkəmə iclas katibi X3, Dövlət İttihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon və (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi iştirakları ilə xx xxxxxx 1975-cü ildə Quba şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, himayəsində 1 azyaşlı uşağı olan, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanda yaşayan, barəsində 01 iyun 2021-ci il tarixdə “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən, satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, bir ədəd bükümdə. Təmiz çəkisi 0.268 qram narkotik vasitə olan heroin əldə edərək üzərində gəzirməklə saxlamış. 31.05.2021-ci il tarixdə Quba RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyya-axtarış nəticəsində Quba şəhəri, H.Əliyev prospektində yerləşən yaşadığı binanın qarşısında saxlanılaraq yerindəcə saat 23:20-də üzərinə şəxsi axtarış küçirilərkən əynində olan ağ rəngli köynəyin sol qoltuq cibindən satış məqsədi olmadan, qanunsuz əldə edərək üzərində saxladığı, şəxsi istehlak miqdarından artıq miqdarda bir ədəd bükümdə. Təmiz çəkisi 0.268 qram olan həmin narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki o, narkotik vasitə olan marixuana və heroindən əvvəllər bir neçə dəfə istifadə etmişdir. Təxminən 3-4 gün əvvəl yaşadığı binanın qarşısında piyada gəzdiyi zaman yolun kənarından siqaretin gümüşü rəngli kağızına bükülmüş bükülü tapmış və içərisinə açıb baxdıqda narkotik vasitə olan heroin olduğunu görmüşdür. O, narkotik vasitə qəbul etdiyinə görə qərara gəlmişdir ki, həmin narkotik vasitə olan heroini özü qəbul etsin. Bu məqsədlə də o, siqaretin gümüşü rəngli kağızına bükülmüş bükülüdə tapdığı narkotik vasitə olan heroini gələcəkdə özü istifadə etmək üçün əynində olan ağ rəngli köynəyinin sol qoltuq cibinə qoymuşdur. 30.05.2021-ci il tarixdə təxminən saat 23 radələrində Quba şəhəri. H.Əliyev prospektində yerləşən binanın qarşısında gəzdiyi zaman Quba rayon polis şöbəsinin əməkdaşları ona yaxınlaşıb üzərində narkotik vasitə olmasında şübhəli olduğu üçün üzərinə şəxsi axtarış aparacaqlarını bildirmişlər. O, da polis əməkdaşlarına heç bir etiraz etməyərək öz razılığını bildirmişdir. Sonra polis əməkdaşları ona müdəfiəçi təqdim edərək vəkilin iştirakı ilə və videoçəkiliş aparmaqla ona üzərində olan əşyaları çıxarıb təqdim etməyini bildirmişlər. O, da əynində olan ağ rəngli qısaqol köynəyinin sol qoltuq cibində saxladığı 1 ədəd içərisində heroin olan bükülmüş vəziyyətdə olan gümüşü rəngli siqaret kağızını cibindən çıxarıb polis əməkdaşlarına təqdim etmişdir. Polis əməkdaşları həmin kütlənin nə olduğunu və haradan əldə etməyini soruşmuşlar. O da polis əməkdaşlarına həmin kütlənin 3-4 gün əvvəl yaşadığı binanın qarşısında gəzdiyi zaman yerdən tapdığını, həmin kütlənin narkotik vasitə olan heroin olduğunu və öz istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Həmin kütlə elektron tərəziyə qoyularaq çəkildikdən sonra, polis əməkdaşları tərəfindən kağız zərfə qoyularaq qablaşdırılmış və o da vəkillə birlikdə həmin zərfi imzalamışdır. Şəxsi axtarış zamanı üzərindən qanunla qadağan olunan əşya aşkar edilməmişdir. İfadəsinin sonunda Təqsirləndirilən şəxs əməlindən peşman olduğunu, himayəsində bir azyaşlı övladının olmasını, hepatit xəstəliyindən əziyyət çəkməsini və ömürlük İİ qrup əlil olmasını bildirərək məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki o, Quba RPŞ-nin Təhqiqat bölməsinin baş təhqiqatçısı vəzifəsində işləyir. 30 may 2021-ci il tarixdə şöbənin əməliyyat aparatına Quba şəhərində yaşayan Təqsirləndirilən şəxs narkotik vasitəni özündə saxlayıb istifadə etməsi barədə məlumat daxil olduqdan sonra dərhal əməliyyat istintaq qrupu yaradılmışdır. Keçirilmiş əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs 30 may 2021-ci il tarixdə, saat 23:00 radələrində Quba şəhəri,H.Əliyev prospektində yaşadığı evin yaxınlığında saxlanılaraq videoçəkilişlə və vəkilin iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmişdir. Axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan ağ rəngli köynəyin sol qoltuq cibiindən 1 ədəd bükülü çıxarıb təqdim etmişdir. Azaddan təqdim etdiyi 1 ədəd bükümün içərisində nə olması soruşulduqda o, cavab vermişdir ki həmin bükülüdə narkotik vasitə olan olan heroindir. Heroini 3-4 gün əvvəl yaşadığı binanın qarşısında gəzdiyi zaman tapmışdır. Aşkar olunmuş bir ədəd büküm elektron tərəzidə çəkilərək qablaşdırılmışdır. İş üzrə şahid qismində dindirilmiş Şahid5 və Şahid4 Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək, onunla eyni məzmunlu ifadə vermişlər. İş materialında olan məhkəmə-bioloji ekspertizasının 31 may 2021-ci ıl tarixli, 6/2172 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş...” sözlər və imzalar olan 1ədəd zərfdəki 1 (bir) ədəd bükümdə təmiz çəkisi-0.268 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. İş üzrə təyin edilib keçirilmiş məhkəmə narkoloji ekspertizasının 14 avqust 2021-ci il tarixli 2866 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs OPİOİDLƏRİN və psixotrop maddə olan metamfetaminin birgə qəbulu naticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 09.02.2006-cı il tarixli 39 saylı “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin. Habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi qaydasının təsdiq edilməsi barədə” Qərarı ilə təsdiq edilmiş məcburi müalicə tətbiq edilməyən narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərə məcburi müalicə qaydalarının 3.2-ci bəndinə uyğun olaraq hal-hazırda Təqsirləndirilən şəxs İİ dərəcəli əlil olması ilə əlaqədar olaraq. Ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir. Ərazi narkoloji dispanserə qeydiyyata alınması məsləhət görülür. Məhkəmə təqsirləndirilən şəxsi və şahidləri dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri özünün və şahidlərin ifadələri, ekspertiza rəyləri və eləcədə məhkəmə istintaqı zamanı tədqiq olunmuş digər sübutlarla tam sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif olunmuşdur. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, habelə əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Odur ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin təqsirləndirildiyi maddənin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən, cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 5.1-ci maddəsinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər yalnız bu Məcəllə ilə müəyyən edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə müvafiq olaraq cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası CM-nin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə müvafiq olaraq cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, habelə təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd olunan Qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Məhkəmə hesab edir ki, bu zəmində şəxsin ictimai təhlükəliliyini müəyyən etmək üçün birinci növbədə onun törətdiyi cinayətin başqa cinayətlərin arasında yeri, şəxsin antisosial yönümünün davamlı olub-olmaması, onun cinayətin törədilməsinə gətirib çıxaran vərdişləri diqqətlə aydınlaşdırılmalıdır. Şəxsin antisosial yönümü onun törətdiyi cinayətdə özünü büruzə verir. Ancaq bu, təkcə şəxsin törətdiyi cinayətin ictimai təhlükəliliyi ilə deyil, eyni zamanda onun əvvəlki dövrlərdəki hərəkətlərində ifadə olunan antisosial davranışı və keyfiyyəti ilə də ölçülür. İnsan öz imkanlarından kənara çıxmaq qabiliyyətinə malik deyil. Ancaq o, öz həyatı baxışlarına uyğun hərəkət vasitəsi seçməkdə azaddır. Əgər o, cəmiyyət tərəfindən qəbul olunmuş sosial-mənəvi normalara zidd olan davranış forması seçirsə, onda bu, şəxsin psixologiyasında antisosial yönümün olduğunu göstərir. Lakin bu yönümün davamlı olması, yəni şəxsin psixologiyasında dominantlıq təşkil edərək model davranışa çevrilməsi, yoxsa təsadüf nəticəsində meydana çıxması hallarını fərqləndirmək lazımdır. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsin cəzalandırılması üçün onun xarakteri, sosialpsixoloji vəziyyətinin bütün çalarları, şəxsiyyətinin xarakterik cəhətləri də nəzərə alınmalıdır. Yalnız bu halda cəzanın ədalətliliyinə və fərdiliyinə, həmçinin onun məqsədlərinə nail olmaq mümkün olar. Məhkəmə hesab edir ki, cəza təyin edilərkən şəxsin sosial və psixoloji kriteriyalarına xüsusi önəm vermək lazımdır. Şəxsin sosial kriteriyası onun qanunlara və digər sosial normalara, əməyə, ictimai vəzifələrə, ailəyə münasibətini, təhsilini, tərbiyəsini və sair sosial şərtləri özündə əks etdirir. Şəxsin psixoloji kriteriyası isə onun xarakterini, iradəsini, qabiliyyətini və digər şəxsiyyətə xas olan cəhətlərini özündə ehtiva edir. Bu cəhətlərin tədqiq olunması və qiymətləndirilməsi şəxsin mənəvi deqradasiyaya məruz qalıb-qalmamasını, törətdiyi cinayətin onun anti-cəmiyyət yönümünün məntiqi nəticəsi olduğunu, yoxsa təsadüfi olaraq baş verdiyini, şəxsin islah olunması üçün hansı imkanların olması və bununla bağlı hansı qanuni vasitələrin seçilməsini müəyyənləşdirmək üçün çox vacibdir. Çünki insan sosiumun tərkib hissəsidir və onun fəaliyyətinin hansı yönümə istiqamətlənməsi cəmiyyət üçün əhəmiyyətlidir. Ancaq hər bir halda bu keyfiyyətlər şəxsin törətdiyi cinayətin xarakteri və ictimai təhlükəliliyi ilə vəhdətdə nəzərə alınmalıdır. Xüsusi ilə nəzərə alınmalıdır ki, cəzanın məqsədlərinə çatmaq üçün hansı yol seçilməlidir: təqsirləndirilən şəxsi azadlıqdan məhrum etməklə onu cəmiyyətdən təcrid etmək, fiziki cəhətdən imkanlarını məhdudlaşdırmaqla cəzanın məqsədlərinə nail olmaq, yoxsa, azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza seçməklə şəxsə etimad göstərib bu yolla onun islah olunmasına nail olmaq və cəzanın digər məqsədlərinə çatmaq. İş materialında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya idarəsindən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs sonuncu dəfə Quba rayon Məhkəməsinin 03.11.2011-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 2 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Bakı şəhəri, Xəzər rayon Məhkəməsinin 18.03.2021-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş hissəsindən vaxtından əvvəl şərti azad olunmuşdur. 03.06.2013-cü il tarixdə Azərbaycan Respublikası Milli Məclisinin 07.05.2013-cü il tarxli amnistiya qəraının 4.5-ci bəndinə əsasən cəzadan azad olunmuşdur. İş materiallarında olan Quba Rayon İcra Hakimiyyəti Başçısının Quba şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 18.08.2021-ci il tarixli 2255 saylı arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ünvan 2 ünvanında qeydiyyatdadır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur İş materialında olan Quba Rayon İcra Hakimiyyəti Başçısının Quba şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş 18.08.2021-ci il tarixli, 2257 saylı arayışından görünür ki, Təqsirləndirilən şəxs həyat yoldaşı X2 və qızı X4 ibarət ailə tərkibi vardır. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dövlət Sosial Təminat Xidmətinin Quba rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin 22.08.2014-cü il tarixli, 1314 saylı arayışından görünür ki, Təqsirləndirilən şəxs həqiqətən Quba rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzindən 01.09.2013-cü il tarixdən ömürlük İİ qrup əlil kimi ömürlük sosial müavinət alır. İş materiallarında olan AZ-İİİ № 796013 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 04.05.2016-cı il təvəlldlü bir azyaşlı övladı vardır. İş materiallarında olan AZ-İİ № 033099 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs ilə X1 arasında 05.06.2015-ci ildə nikahın bağlanması haqqında akt qeydləri kitabında 178 nömrə ilə qeyd edilmiş, ərə Rəsulov, arvada isə Rəsulova soyadı verilmişdir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli az ağır və qəsdən törədilən cinayətdir. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən əməlindən səmimi peşman olmasını, cinayət qanunu ilə qadağan olunmuş törətdiyi əməlini səmimi etiraf etməsini, himayəsində azyaşlı övladının olmasını, İİ qrup ömürlük əlil olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzanı yüngülləşdirən hal qismində nəzərə alır. İş üzrə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərədə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsinin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddə üzrə məhz hansı cəzanın təyin olunması ilə bağlı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsi təyin olunmuş cəzasının preventiv təsirə malik olması, cəzanın məqsədlərinə nail olunması baxımından səmərəli olması barədə nəticəyə gəlməyə əsas yaradır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzası təyin edib, onu cəmiyyətdən tam təcrid etməməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Bu cəza həm də törətdiyi cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, şəxsiyyətini xarakterizə edən hallara, islah olunmasına və ailəsinin həyat şəratinə təsiri nəzərə alınmaqla, ədalətlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.5-ci maddəinə əsasən məhkəmənin müəyyən etdiyi vəzifələri mütəmadi və ya qərəzli olaraq yerinə yetirməkdən boyun qaçıran məhkumun cəzasının çəkilməmiş hissəsi cəzanın icrasına nəzarət edən orqanın təqdimatı əsasında məhkəmə tərəfindən müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza ilə əvəz edilir. Bu zaman iki gün azadlığın məhdudlaşdırılması bir gün azadlıqdan məhrum etmə hesabı ilə hesablanır. Həmçinin Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. İş materiallarında olan cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 30 may 2021-ci il tarixdə şübhəli şəxs qismində tutlmuşdur. İş materiallarında oaln təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində 01 iyun 2021-ci il tarixdə “polisin nəzarəti altına vermə haqqında” qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası CPM-158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlandığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxildir. Azərbaycan Respublikası CPM-nin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlama müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə hesab edir ki, Qanunun bu tələbi baxımından Təqsirləndirilən şəxs 30 may 2021-ci il tarixdən 01 iyun 2021-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 gün müddət, azadlıqdan məhrum etmə cəzasının bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər tutulmaqla ona təyin olunacaq azadlığın məhdudlaşdırılması cəzaından çıxılmaqla ona qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası CPM-nin 346.1 və 346.1.20-ci maddələrinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında digər məsələlərlə yanaşı həmçinin qətimkan tədbirinin ləğv edilməli, dəyişdirilməli və seçilməli (məhz hansı tədbirin) olub-olmadığı məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). Həmin Məcəllənin 353.4.12-ci maddəsinə görə, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində hökm qanuni qüvvəyə minənədək məhkumun barəsində seçilmiş qətimkan tədbirinin həlli göstərilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması növündə cəza təyin edildiyindən onun barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Məhkəmə həmçinin hesab edir ki, İş üzrə maddi sübut olan bir ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalı, Quba rayon PŞ-nin saxlanc anbarında saxlanılan maddi sübut olan ekspertiza təhqiqatında sonra qalıq çəkisi 0.218 qram heroin hökm qanuni qüvəyə mindikdən sonra məhv edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 91 manat 76 qəpik (doxsan bir manat yetmiş altı qəpik) ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin Dövlət xəzinadarlığı Agentliyi, kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22 Məhkəmə Ekspertiza Mərkəzi VÖEN ********** Hesab AZ34OTRE**********002088501 hesabına ödənilməlidir. Habelə məhkəmə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi məqsədi ilə Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 12 saat üçün 72 manat pulun Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli qərarına əsasən dövlət büdcəsindən tutulub Quba rayon Vəkil Bürosunun hesabına ödənilməsini əsaslı hesab edir. Hökmün icrası Quba rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. İş üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsinə əsasən xüsusi müsadirə tətbiq edilməli əmlak yoxdur. İş üzrə mülki iddia və maddi ziyan yoxdur. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 381-384-cü maddələrini rəhbər tutaraq məhkəmə, Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 30 may 2021-ci il tarixdən 01 iyun 2021-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 gün müddət nəzərə alınaraq, azadlıqdan məhrum etmə cəzasının bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki günü hesabı ilə hesablanmaqla ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 24:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Quba rayonu ərazisi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan 1 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın, Quba rayon PŞ-nin saxlanc anbarında saxlanılan maddi sübut ekspertiza təhqiqatından sonra qalıq çəkisi 0.218 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs 91,76 (doxsan bir) manat 76 (yetmiş altı) qəpik ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin Dövlət xəzinadarlığı Agentliyi, kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22 Məhkəmə Ekspertiza Mərkəzi VÖEN ********** Hesab AZ34OTRE**********002088501 hesabına ödənilsin. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 12 (on iki) iş saatına görə 72 (yetmiş iki) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsindən Quba rayon Vəkil Bürosunun hesabına (H/h AZ62İBAZ********************, Bank rekvizitləri: ABB Quba filialı, VÖEN: **********, Kod: 805476) köçürülsün. Hökmün icrası Quba rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Müsadirə olunası əmlakın, maddi ziyanın və mülki iddianın olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətinə Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Apelyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Vüqar Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar