Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 1(027)-13/2021 22.12.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov İlqar Aslan oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, Dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakı ilə, xx.xx.1984-cü il tarixdə Quba rayonu Talabıqışlaq kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, Quba rayonu Talabıqışlaq kəndində qeydiyyatda olan və yaşayan, barəsində 12.10.2020-ci il tarixdə “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 22.07.2020-ci il tarixdə saat 18 radələrində Quba rayonu Talabıqışlaq kəndinin mərkəzində mağazanın qarşısında olarkən tanışı Quba rayonu Xaroşa kənd sakini X1 onu salamlamasına cavab vermədikdə Ə.Fətəliyevin ona yaxınlaşıb bunun səbəbini soruşarkən heç bir əsaslı səbəb olmadan onu nalayiq ifadələrlə söyüb təhqir etmiş, bununla bağlı aralarında yaranmış mübahisə zamanı ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər edərək özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini nümayiş etdirərək cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları və əxlaq normalarına etinasızlıq etməklə, Əliflan Fətəliyevin üz nahiyəsinə baş ilə zərbə vuraraq, üst çənədə solda 1-ci kəsici dis ortadan travmatik sınığı, alt çənədə 1-ci kəsici dişin travmatik çıxığı və alt çənədə sağda 2-ci kəsici dişin travmatik laxlaması kimi sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarətləri yetirməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən və şəxs üzərində zor tətbiq edilməsi ilə müşayiət olunan qərəzli hərəkətlər etməklə xuliqanlıq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respubliksı CM-nin 221.1-ci maddəsi ilə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, 22.07.2020-ci il tarixdə saat təxminən 13 radələrində yaşadığı evdə spirtli içki qəbul etdikdən sonra, yaşadığı kəndin mətkəzində yerləşən poçtun qarşısına gəlmiş və qardaşı oğlu Rəvanla birlikdə mağazanın qarşısında oturmuşdur. Saat 18 radələrində onunla qonşu kənddə yaşayan Əliflan Fətəliyev onların yanından keçərək onlara salam vermiş və o, Əliflanın salamını almamışdır. Əlifan mağazada 5-10 dəqiqə olduqdan sonra, onun yanına gələrək salamını almama səbəbini ondan soruşmuşdur. İçkili olduğu üçün həmin vaxt o, Əlifanın ünvanına nalayiq ifadələr işlədərək onunla mübahisə etməyə başlamışdır. Əliflan onun söyüşlərindən sonra, yaxasından tutduğu üçün o, kəllə ilə Əliflanın üz nahiyyəsindən bir dəfə vuraraq onu yerə yıxmışdır. Əliflan yerə yıxılan zaman yaxasından tutduğundan o da Əliflanla birgə yerə yıxılmışdır. Ayağa qalxdıqdan sonra, Əliflan yaxasından tutub fənn işlədərək onu yerə yıxmışdır. Əliflan onu yerə yıxdıqdan sonra, qarnının üzərində oturmuş və bir əli ilə üz nahiyyəsindən tutub saxlayaraq, digər əli ilə döş qəfəsinin sol tərəfinə, həmçinin alın nahiyyəsinə yumruqla zərbələr endirmişdir. Əliflan onu döyən zaman mağazada satıcı işləyən Şahid1 və Əlifanın dayısı Vəfadar onları ayırmışlar. Bundan sonra o, hadisə yerinə gələn dayısı Nazifin avtomaşını ilə evlərinə getmiş və baş vermiş hadisə barəsində DİN-nin 102 xidmətinə zəng edərək məlumat vermişdir. İfadəsinin sonunda Təqsirləndirilən şəxs əməlindən peşiman olduğunu və barəsində 8 X11 münasibəti ilə Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Amnistiya Aktının tətbiq edilərək məsuliyyətdən azad olunmasını xahiş etmişdir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş X2 göstərmişdir ki, o, Təqsirləndirilən şəxs təxminən bir ildir ki, tanıyır, onunla qonşu kənddə yaşadığından aralarında münasibət yaranmış, bir neçə dəfə içki məclislərində birlikdə iştirak etmişlər, aralarında düşmənçilik və ya ədavət olmamışdır. 22 iyul 2020-ci il saat 18 radələrində yaşadığı kəndə getmək üçün Quba rayonu Çağacıq kəndində qeydiyyat nişanı və markasını xatırlamadığı avtomobilə əyləşmiş, həmin avtomobildən Quba rayonu Talabıqışlaq kəndində mağazadan özünə nəm salfet almaq üçün enmişdir. Bu məqsədlə Elvin adlı şəxsin işlətdiyi mağazadan nəm salfet almaq üçün girəndə mağaza ilə üzbəüz Təqsirləndirilən şəxs qardaşı oğlu Rəvanla dayandığını görüb salam vermiş ancaq Xəqani onun salamına cavab verməmişdir. Mağazadan nəm salfet alıb çölə çıxmış, Təqsirləndirilən şəxs yaxınlaşıb nəyə görə salamı almadığını soruşanda Xəqani səbəbsiz yerə onu təhqir etmişdir. Xəqaniyə tələsdiyini və daha sonra onunla bu barədə söhbət edəcəyini deyib yanından ayrılıb gedən zaman Xəqani onu yenidən təhqir etmiş və o Xəqaninin yanna geri qayıtmışdır. Həmin vaxt ətrafda 5-10 nəfər tanımadığı kənd camaatı olmuş və buna görə aralarında olan söhbəti aydınlaşdırmaq üçün Xəqani onu kənara dəvət etmiş, üzbəüz duran zaman gözləmədiyi halda Xəqani baş zərbəsi ilə onun sifət nahiyyəsindən vurmuş, bu zaman başı “Qazel” markalı avtomobilə dəymiş və o yerə yıxılmışdır. Yerdə olan halda Xəqami ona əli və ayağı ilə zərbələr endirmiş, həmin vaxt onun dişləri sınmış və. ağzından qan gəlmişdir. Avtomobilin altından çıxaraq Xəqaniyə tərəf cumub onu qaldırıb yerə çırparaq onun sinəsinə yumruqla vurmuşdur. Hadisə yerinə gələn Xəqaninin qardaşı Təbriz ona polisə şikayət etməməsini, onun dişlərini təmir etdirəcəyini, həmçinin, qardaşının günahkar olduğunu, qardaşını sərxoşluğa görə müalicə etdiyini bildirmişdir. Bundan sonra Təbriz idarə etdiyi avtomobillə onu Quba rayonu Xaroşa kəndinə aparmışdır. Həmin gün axşam saatlarında Talabıqışlaq kəndində olarkən Xəqaninin aralarında olan dava ilə bağlı polisə şikayət etməsini bilmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 bildirmişdi ki, 22.07.2020-ci il tarixdə təxminən saat 18 radələrində özünə məxsus ərzaq mağazasında olan zaman mağaza ilə üzbəüz küçədə yerləşən Talabıqışlaq tam orta məktəbinin qarşısında səs-küy gəldiyini eşitmiş və mağazadan küçəyə çıxmışdır. Küçədə məktəbin qarşısında Əliflan ilə Xəqaninin dalaşdıqlarını görmüş, Əliflan ilə Xəqani yerə yıxılmış və Əliflan Xaqaniyə yumruqla zərbələr endirirmiş. Bu zaman ətrafda başqa şəxslər də olmuş, lakin heç kim onlara yaxınlaşmamışdır. O, mübahisə olan yerə yaxınlaşmış və Əliflanı Xəqaninin yanından dartıb kənara çəkmiş və Xəqaninin üz nahiyyəsində qan olduğunu görmüşdür. Məktəb direktoru olan Asəf müəllim onlara mübahisə etməmələrini bildirmiş, o da mağazaya müştəri gəldiyi üçün onların yanından aralaşıb mağazaya qayıtmışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 bildirmişdi ki, 22.07.2020-ci il tarixdə saat 18 radələrində Talabıqışlaq kəndinin mərkəzində yerləşən poçtun yanında əmisi Xəqani ilə görüşərək orada söhbət etmişlər. Həmin vaxt onlarla qonşu kənddə yaşayan Əliflan yanlarından keçərək onlara salam verib mağazaya girmişdir. X10 salamını almamışdır. Əliflan məktəbin qarşısında yerləşən mağazaya tərəf getmiş, təxminən 5-10 dəqiqə sonra yanlarına gəlib “niyə salamımı almırsan?” demişdirdi. Xəqani Əliflana “yaxşı edirəm salamını almıram” demiş, Əliflan da Xəqani ilə rus dilində danışmağa başlamış, Xəqani də Əliflana onunla rus dilində danışmamasım, başa düşmədiyini demişdir. Əliflan yenə də rus dilində danışmağa davam etmiş və Xəqani Əliflana “mən qə sənin salamını almıram” demiş, bu zaman əmisi Xaqani ilə Əlifan ondan aralanaraq yaxınlıqda dayanan “Qazel” markalı avtomobilin yan tərəfinə keçmişlər. Bundan sonra o, səs-küy eşidib onların yanına getdikdə Xəqani və Əliflanm avtomobilin yanında yerə yıxılmış vəziyyətdə olduqlarını görmüş, onlar ayağa qalxdıqdan sonra Əliflan Xəqaninin yaxasından tutmuş və fənn işlədərək onu yerə yıxmışdır. Əliflan Xaqanini yerə yıxdıqdan sonra qarnının üzərində oturmuş və bir əli ilə üz nahiyyəsindən tutub saxlayaraq digər əli ilə sinəsinə yumruqla zərbələr endirmişdir. Onları ayırmaq istəmiş, lakin ehtiyat elədiyi üçün yaxınlaşmamışdır. Bu zaman mağazada işləyən Şahid1 və digər kənd camaatı Əlifan ilə Xəqanini ayırmışlar. Mübahisə təxminən 10-15 dəqiqə davam etmiş və həmin vaxt ətrafda adamlar olmuşdur. İş üzrə təyin olunmuş məhkəmə tibb ekspertizasının 07.08.2020-ci il tarixli 878 nömrəli ekspert rəyi ilə müəyyən edilmişdir ki, X1 bədəni üzərində olan xəsarətlər-üst çənədə solda 1-ci kəsici dis ortadan travmatik sınığı, alt çənədə 1-ci kəsici dişin travmatik çıxığı və alt çənədə sağda 2-ci kəsici dişin travmatik laxlaması küt əşyanın (əşyaların) təsirindən törənməklə yetirilmə müddəti qərarda göstərilən vaxtda, yəni 22.07.2020-ci il tarixdə olması mümkündür, bu xəsarət qərarda göstərilən vəziyyətdə əmələ gələ bilər, dərəcəsinə görə ümumi əmək qabiliyyətinin cüzi dayanıqlı itirilməsinə (5 %) səbəb olduğundan sağlamlığa yüngül zərər vurmaya aiddir. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (CPM) 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə protokollarını, ekspertiza rəyini və digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə tövsif olunmuşdur. Məhkəmə və məhkəməyədək araşdırma zamanı toplanmış sübutlara məcmu halında qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli olması özünün və zərərçəkmiş şəxsin ifadəsi, şahid ifadələri, məhkəmə-tibb ekspertizasının müvafiq rəyi və iş materialları ilə də tam sübuta yetirilir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin verdiyi tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamışdır. İş materialında olan Quba RMX-nın 09 oktyabr 2020-ci il tarixli 3236 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Quba RMX-nın konsultativ poliklinika şöbəsinin psixiatrik və narkoloji kabinetlərində qeydiyyatda yoxdur. İş materialında olan Quba RİHB-mn Talabıqışlaq İƏD üzrə nümayəndəsinin 08.10.2020-ci il tarixli 426 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs 1985-ci il təvəllüdlü həyat yoldaşı X3, 2007-ci il təvəllüdlü oğlu Xəyyam İskəndərov və 2009-cu il təvəllüdlü qızı Aysun İskəndərovadan ibarət ailə tərkibi vardır, Quba RİHB-mn Talabıqışlaq İƏD üzrə nümayəndəsinin xasiyyətnaməsinə əsasən Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan AZE N 12150478 saylı və AZE N 12150514 saylı şəxsiyyət vəsiqələrinin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 07.10.2007-ci il təvəllüdlü X4 və 15.01.2009-cu il təvəllüdlü X5 adında azyaşlı övladları vardır. «8 Noyabr – Zəfər günü münasibətilə amnistiya elan edilməsi haqqında» Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli qərarının 9.1-ci bəndinə əsasən Məhkəmə icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə bu Qərarın 1.1–1.16-cı bəndlərində göstərilən şəxslər, habelə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslər barəsində cinayət təqibinə xitam verir və ya həmin şəxsləri təyin edilmiş cəzadan azad etməklə ittiham hökmü çıxarır (bu Qərarın 10-cu və 11ci hissələrində nəzərdə tutulmuş məhdudiyyətlər nəzərə alınmaqla). Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.12-ci maddəsinə əsasən amnistiya aktına əsasən şəxs cinayət məsuliyyətindən azad edilməli olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Təqsirləndirilən şəxs ərizə ilə məhkəməyə müraciət edərək, törətdiyi əməli etiraf etdiyini və əməlindən səmimi peşman olduğunu bildirərək barəsində amnistiya aktının tədbiq olunaraq bəraətverici əsaslar olmadan cinayət məsuliyyətindən azad edilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxsin Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi1 ərizəni müdafiə edərək, təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Dövlət ittihamçısı ərizənin təmin edilməsini təklif etmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi əməl böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına aiddir və onun barəsində amnistiyanın tətbiqinə məhdudiyyətlər müəyyən olunmamışdır. Eyni zamanda, məhkəmə Təqsirləndirilən şəxs ərizəsini və dövlət İttihamçısının ərizənin təmin edilməsinə dair rəyini dinləyib, cinayət işinə əlavə edilmiş sənədləri tədqiq etməklə hesab edir ki, ərizə təmin olunmalı, Təqsirləndirilən şəxs barəsində «8 Noyabr – Zəfər günü münasibətilə amnistiya elan edilməsi haqqında» Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli qərarının 1.16 və 9.1-ci bəndləri tətbiq edilərək, onun Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə Azərbaycan Respublikası CPMnin 39.1.12-ci maddəsinə əsasən xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri xitam edilməlidir. Həmçinin məhkəmə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi məqsədi ilə Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 7 saat üçün 42 manat pulun Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli qərarına əsasən dövlət büdcəsindən tutulub Quba rayon Vəkil Bürosunun hesabına ödənilməsini əsaslı hesab edir. İş üzrə mülki iddia, maddi sübut və məhkəmə məsrəfi yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 39.1.12, 344–348, 356, 381, 383–385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs barəsində «8 Noyabr – Zəfər günü münasibətilə amnistiya elan edilməsi haqqında» Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli qərarının 1.16 və 9.1ci bəndləri tətbiq edilərək, onun Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə Azərbaycan Respublikası CPM-nin 39.1.12ci maddəsinə əsasən xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri xitam edilsin. Təqsirləndirilən şəxsğa oğlunun məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1 sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 07 (yeddi) iş saatına görə 42 (qırx iki) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsindən Quba rayon Vəkil Bürosunun hesabına (H/h AZ62İBAZ********************, Bank rekvizitləri: ABB Quba filialı, VÖEN: **********, Kod: 805476) köçürülsün. Qərardan elan olunduğu andan 20 gün müddətində Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Qərardan apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: İlqar Məmmədov
Məhkəmə qərarları › İş №1(027)-13/2021
Quba Rayon Məhkəməsi Qərar — İş №1(027)-13/2021
22.12.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver