Məhkəmə qərarları › İş №1(027)-13/2023

Quba Rayon Məhkəməsi Hökm — İş №1(027)-13/2023

01.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Quba şəhəri İş № 1(027)-13/2023 01.02.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi məhkəmə iclas katibi Fətəliyev Veysəl Surxay oğlunun katibliyi dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 Qalyan oğlunun, X2 və Zərərçəkmiş şəxs4 İsgəndər oğlunun Təqsirləndirilən şəxs və onun müdafiəçisi Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1968-ci il tarixdə Qusar rayonu, Urva kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, Qusar Rayon Məhkəməsinin 21 sentyabr 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş hazırada Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 7 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən, Qusar rayonu, Urva kəndində qeydiyyatda olan və həmin kənddə yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgə əmlakını gizli olaraq talamaq məqsədilə 27 iyul 2018-ci il tarixdə gecə saatlarında Zərərçəkmiş şəxs4 məxsus Quba rayonu Susayqışlaq kəndində yerləşən mağazanın tavanını əvvəlcədən özü ilə gətirdiyi dəmir parçası ilə sındırdıqdan sonra tavandan həmin mağazaya qanunsuz daxil olaraq mağazanın piştaxtasının siyirməsindən 100 (bir yüz) manat dəmir pul, 1000 (bir min) manat kağız pul, 200 (iki yüz) manat dəyərində Azercell və Azerfon mobil telefon operatorlarına məxsus ödəmə kartlarını və mağazanın rəfinə düzülmüş 200 (iki yüz) manat dəyərində müxtəlif növ siqaretlər olmaqla ümumilikdə Zərərçəkmiş şəxs4 1500 (bir min beş yüz) manat məbləğində əmlakını gizli olaraq talamaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgə əmlakını gizli olaraq talamaq məqsədilə 31 iyul 2021-ci il tarixdə axşam saatlarında Quba rayonu Amsarqışlaq kənd sakini Zərərçəkmiş şəxs1 məxsus evin qapısından həmin evə qanunsuz daxil olaraq, evin dəhlizində olan şifonerin içərisində olan Zərərçəkmiş şəxs1 məxsus boz rəngli kişi kostyumunun iç sol cibindən 200 (iki yüz) manat nağd pul, həmçinin evin qonaq otağındakı divar mebelinin içərisindəki çaydanın içərisindən X4 məxsus bir ədəd qızıl qadın sepini, bir ədəd qızıl qadın qolbağını, bir ədəd qızıl qadın üzüyünü, bir ədəd qızıl qadın-uşaq sırğası olmaqla ümumilikdə 3000 (üç min) manat məbləğində özgə əmlakını gizli olaraq talamaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgə əmlakını gizli olaraq talamaq məqsədilə 01 sentyabr 2021-ci il tarixdə gecə saat 01 radələrində Zərərçəkmiş şəxs3 Əlbala oğluna məxsus Quba rayonu Timiryazev qəsəbəsində yerləşən ərzaq mağazasının qapısını özü ilə hadisə yerinə gətirdiyi dəmir parçası ilə sındırmaqla mağazaya qanunsuz daxil olub mağazanın piştaxtasının üzərindən 150 (bir yüz əlli) manat pul və mağazanın rəfinə düzülmüş 250 (iki yüz əlli) manat dəyərində müxtəlif növ siqaretlər olmaqla ümumilikdə Zərərçəkmiş şəxs3 400 (dörd yüz) manat məbləğində əmlakını gizli olaraq talamaqla oğurluq etmişdir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə protokollarını və digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, Təqsirləndirilən şəxsnın törətmiş olduğu cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə tövsif olunmuşdur. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, 2018-ci ilin iyul ayının axırlarında maddi durumu çətin olduğundan oğurluq edib pul əldə etmək qərarına gəlmişdir. Bu məqsədlə də hava qaraldıqdan sonra gecəyə yaxın o, Quba rayonu, Susayqışlaq kəndinə gəlmiş və orada kəndin girişində olan mağazaya daxil olaraq oğurluq etmək üçün mağazanın əhatəsində bir qədər gəzmişdir. Həmin vaxt o, mağazanın yan divarına vurulmuş işıq sayğacını görmüş və sayğacdan işığı söndürmüşdür ki, oğurluq edən zaman onu kənardan görən olmasın. O, özü ilə gətirdiyi dəmir parçası ilə qapının qıfılını qırmaq istəsə də, lakin qıra bilməmişdir. Bu səbəbdən də o, mağazaya tavandan daxil olmaq qərarına gəldiyi üçün tavana qalxmışdır. O, dəmir tavanın dəmirini fiziki güc tətbiq edərək bir qədər aralamış və oradan tavana içəri hissədən vurulmuş lambiri qıraraq mağazanın içərisinə daxil olmuşdur. Mağazanın içərisində o, piştaxtanın siyirməsini açan zaman orada kağız və dəmir pulların, sim və nar konturların olmasını görmüşdür. O, orada olan kağız və dəmir pulları, sim və nar konturları götürərək şalvarımın cibinə qoymuşdur. Daha sonra o, piştaxtanın əks tərəfində rəfə yığılmış müxtəlif növ siqaretləri görmüş və orada piştaxtanın üzərindən bir ədəd sellofan torba götürərək müxtəlif növ siqaretləri həmin sellofan torbanın içərisinə yığmışdır. Daha sonra o, mağazaya bir daha baxmış və onun üçün əhəmiyyət kəsb edən başqa əşya olmadığını gördüyü üçün siqaretlər olan sellofan torbanı da götürərək tavana çıxıb mağazaya daxil olduğu yerdən çölə çıxaraq oradan piyada Xudat şəhərinə getmişdir. O, orada Rahibin evinə gələrək oğurladığı əşyaları Rahibə vermiş və həmin vaxt Qusar polisi onu axtardığına görə Rahibin evində gizlənmişdir. O, həmin mağazadan 100 (bir yüz) manat xırda pul, 1000 (bir min) manat kağız pul, sim və nar konturları, və müxtəlif növ siqaretlər oğurlamışdır. Bundan başqa o, 2021-ci ilin iyul ayının sonlarında yenidən oğurluq etmək məqsədilə gecəyə yaxın hava tam qaraldıqdan sonra Quba rayonu, Amsarqışlaq kəndinə gəlmiş və kəndi bir qədər piyada gəzdikdən sonra kəndin ortasında bir mərtəbəli evin həyətinə daxil olmuşdur. O, həmin evi bir qədər müşahidə etdikdən sonra, evdə heç kimin olmadığına əmin olduqdan sonra evin giriş qapısını itələyən zaman açıq olmasını görmüşdür. Q, həmin qapıdan evə daxil olaraq dəhlizdə olan şifoneri açıb içərisində olan paltarların ciblərini axtarmağa başlamışdır. Həmin vaxt orada olan boz rəngli kişi kostyumunun iç sol cibindən 200 (iki yüz) manat pulu götürmüşdür. Bundan sonra o, həmin dəhlizdən qonaq otağına daxil olmuş və orada divar mebelini içərisindəki qabların içərisinə baxan zaman oradakı çini çaydanın içərisində bir ədəd qızıl qadın sepi, bir ədəd qızıl qadın qolbağını, bir ədəd qızıl qadın üzüyü, bir ədəd qızıl qadın-uşaq sırğasını gördüyü üçün həmin qızıl-zinət əşyalarını götürərək cibinə qoymuşdur. Daha sonra o, evi tərk edərək oradan birbaşa Xudat şəhərinə getmişdir. O, Xudat şəhərində tanışı Rahibin evində qalmağına baxmayaraq bu oğurluq barəsində Rahibə heç nə bildirməmişdir. Daha sonra həmin qızılları Quba şəhərində bazarda tanımadığı şəxsə 750 (yeddi yüz əlli) manata satmış və əldə etdiyi pulları öz məsrəflərinə xərcləmişdir. Bundan başqa yenə pulu olmadığından o, 01 sentyabr 2021-ci il tarixdə saat təxmin 01:00 radələrində Quba şəhəri Timiryazev qəsəbəsinə gələrək Quba- Xaçmaz yolunun kənarında yerləşən mağazanın yanına gəlmişdir. Ətradfada kənar şəxslərin olmadığını görüb o, özündə olan dəmir parçası ilə mağazanın qıfılını qıraraq mağazaya daxil olmuşdur. O, ilk öncə mağazanın piştaxtasına yaxınlaşaraq piştaxtanın üzərində olan 150 (bir yüz əlli) manat pulu götürərək şalvarının cibinə qoymuşdur. Daha sonra piştaxtanın arxasındakı divara vurulmuş rəfin üzərinə yığılmış müxtəlif növ siqaretləri götürərək sellofan torbanın içərisinə yığmışdır. Daha sonra o, bir qədər də mağazada müşahidə apardıqdan sonra mağazadan çıxıb Xudat şəhərinə getmişdir. O, Rahibin evinə getmiş və həmin siqaretlərdən bir hissəsini, həmçinin oğurladığı pulun da bir hissəsini Rahibə vermişdir. Onun oğurluq etməsi barədə Rahibin məlumatı olmamışdır. Məhkəmədə verilən suallara cavab olaraq təqsirləndirilən şəxs bildirmişdir ki, törətdiyi oğurluq əməlindən heç kimin xəbəri olmamış, oğurluq etdiyi yerlərə tək girmişdir. İfadəsinin sonunda Təqsirləndirilən şəxs törətdiyi əməldən peşman olmasını, cəzaçəkmə müəssisəsində olarkən ayağının birinin diz hissəsindən aşağı hissəsinin amputasiya olunmasını bildirib ona yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, xx.xx.2021-ci il tarixdə, saat 12 radələrində ailə üzvləri ilə birlikdə toy mərasimində iştirak etmək üçün evdən çıxıb toya getmişlər. Toya getməzdən əvvəl o, cibində olan 200 manat pulu yaşadığı evdə paltar şkafında asdığı pencəyinin sol iç qoltuq cibinə qoymuşdur. Həmçinin arvadı Aytən də özünə məxsus olan qızıllardan 1 ədəd qızıl üzüyü, 1 ədəd qızıl boyunbağını, 1 ədəd qızıl qolbağı və 1 ədəd uşaq üçün nəzərdə tutulmuş üzərində xırda qaşları olan qızıl sırğanı qablar üçün nəzərdə tutulmuş şkafda çaydanın içərisinə qoymuşdur. O, ailə üzvlərini toya aparıb heyvanların otunu vermək üçün geri qayıtmış və yenidən toya qayıtmışdır. O, toya gedən zaman həyət darvazasının və evin giriş qapısını bağlamamışdır. Təxminən saat 17 radələrində arvadı Aytən evə qayıdıb heyvanlara baxdıqdan sonra təxminən saat 20 radələrində yenidən toya qayıtmışdır. Onlar evə gəldikdən sonra Aytən üzərində olan qızıllarını çıxarıb çaydanın içərisinə qoymuş, həmin vaxt çaydanın içərisində əvvəlki qızılların olmasına fikir verməmişdir. O da pencəyin cibində 200 manat pulun yerində olmasına baxmamışdır. xx.xx.2021-ci il tarixdə ailəsi ilə birlikdə toy mərasimində iştirak etdikləri qohumu Arazın evinə qonaq getmişdir. xx.xx.2021-ci il tarixdə kənddə yenidən toy mərasiminə dəvət edilmişdir. Həmin gün təxminən saat 20 radələrində ailə üzvləri ilə birlikdə toya getmək üçün hazırlaşan zaman Aytən bəzi qızılların yerində olmadığını müəyyən etmişdir. Məhkəmədə verilən suallara cavab olaraq, zərərçəkmiş şəxs bildirdi ki, hadisə nəticəsində onun evindən 200 manat pul və 3000 manat dəyərində qızıl-zinət əşyaları oğurlanmışdır. Onlara dəymiş maddi ziyan təqsirləndirilən şəxs tərəfindən ödənilməmişdir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş X5 analoji ifadə verərək, Zərərçəkmiş şəxs1 göstərdiklərini təsdiq etmişdir. İş üzrə Zərərçəkmiş şəxs1 qızı və X6 məhkəməyə təqdim etdikləri ərizədə təqsirləndirilən şəxs tərəfindən onlara dəymiş ziyanın ödənilmədiyini bildirərək, sonuncu ilə barışmadıqlarını bildirmişlər və məhkəmənin növbəti iclaslarında iştirak edə bilməyəcəklərini nəzərə alaraq, məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini xahiş etmişlər. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, yaşadığı Quba rayonu, Susayqışlaq kəndində ona məxsus ərzaq mağazası vardır. O həmin mağazada işləməsi üçün həmkəndlisi Şahid2 işə götürmüşdür. xx.xx.2018-ci il tarixdə, saat 08 radələrində yaşadığı evdən çıxıb, mağazanın yanına gəlmişdir. Bu zaman mağazanın dam örtüyünün dağılmış vəziyyətdə olduğunu, qapının üzərində olan qıfılın isə sındırıldığını və qapının dəmirinin açar olan hissəsinin yanından əzildiyini görmüşdür. Həmin vaxt o, mağazaya girmədən Fəridin yaşadığı ünvana gedərək, baş vermiş hadisə barəsində Fəridə bildirmiş və onlar birlikdə mağazaya gəlmişlər. Mağazanın açarı yalnız Fəriddə olur. Fərid açarla qapını açdıqdan sonra birlikdə mağazaya daxil olmuş və dam örtüyündə olan lambirinin sındırıldığını və siqaretlərin mağazanın yerinə dağıldığını görmüşlər. O, Fəriddən mağazada pul saxladığını soruşduqda. Fərid ona 1100 manat pulu kassada saxladığını demişdir. O, kassaya baxdıqda pulun olmadığını görmüş və 1100 manat pulun oğurlandığını başa düşmüşdür. Daha sonra onlar mağazadan başqa nə oğurlandığını dəqiqləşdirmək üçün ətrafa baxmış və konturlar saxladıqları qutudan 200 manat dəyərində 2 manatlıq və 5 manatlıq nar konturlarının, 3 manatlıq və 5 manatlıq sim konturlarının, 5 manatlıq cin konturlarının oğurlandığını aşkar etmişlər. Bundan başqa "LD", "KENT-4", "VİNSTON" markalı, təxminən 200 manat dəyərində olan siqaretlərində oğurlandığını aşkar etmişlər. Hazırda o, təqsirləndirilən şəxslə barışmış, sonuncuya qarşı şikayət və tələbi yoxdur. Zərərçəkmiş şəxs4 məhkəməyə təqdim etdiyi ərizəsində təqsirləndirilən şəxslə barışdığını, ona qarşı şikayət və tələbinin olmadığını bildirmişdir. İş üzrə Zərərçəkmiş şəxs3 məhkəməyə təqdim etdiyi ərizəsində təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyanın ödənilmədiyini bildirərək, sonuncuya cəza verilməsini xahiş etmiş və məhkəmə iclaslarında iştirak edə bilməyəcəyini bildirərək, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qimində dindirilmiş məhkəmə istintaqı zamanı ifadəsi elan olunmuş Zərərçəkmiş şəxs3 ifadəsindən gürünür ki o, Quba rayonu Timiryazev qəsəbəsində qeydiyyatda olmaqla həmin ünvanda ailə üzvləri ilə birlikdə yaşayır. Anası Şahid1 kiçik qardaşı ilə ata evlərində, onun evindən bir qədər kənarda yaşayır. Həmin həyətdə ona məxsus gündəlik tələbat malları mağazası vardır və həmin mağaza ona məxsusdur. Həmin mağazanı o, özü işlədir, o olmayan vaxtlarda isə anası Nailə mağazada alver edir. 31 avqust 2021-ci il tarixdə o, mağazada olmadığına görə mağazada anası Nailə alver etmişdir. Anası Nailə axşam saat təxminən 23 radələrində mağazanı bağlayaraq yaşadığı evə getdikdən sonra, yatmış və 01 sentyabr 2021-ci il tarixdə gecə saat 03 radələrində qapının döyülməsini eşidərək qapıya çıxdıqda orada olan adamların mağazanın qapısının sındırıldığını və naməlum şəxsin mağazadan oğurluq etməsi barədə anasına bildirmişlər. Anası Nailə dərhal mağazanın qarşısına gəlmiş və bu zaman görmüşdür ki, mağazanın qapısına bağlanan qıfıl sındırılmış və mağazanın qapısı açıq qalmışdır. Anası Nailə mağazaya daxil olduqdan sonra məlum olmuşdur ki, mağazadan 150 manat pul və 250 manat dəyərində müxtəlif növ siqaretlər oğurlanmışdır. Məhkəmədə verilən suallara cavab olaraq, zərərçəkmiş şəxs bildirdi ki, hadisə nəticəsində onun mağazasından 150 manat pul və 250 manat dəyərində müxtəlif növ siqaretlər oğurlanmışdır. Onlara dəymiş maddi ziyan təqsirləndirilən şəxs tərəfindən ödənilməmişdir. İttiham aktının siyahısında şahid qismində göstərilmiş Şahid1 və Şahid2 məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmalarına baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş məhkəmə istintaqı zamanı ifadəsi elan olunmuş Şahid1 ifadəsindən görünür ki o, Quba rayonu Timiryazev qəsəbəsində qeydiyyatda olmaqla həmin ünvanda ailə üzvləri ilə birlikdə yaşayır. Yaşadıqları evin həyətində oğlu Zərərçəkmiş şəxs3 məxsus gündəlik tələbat malları mağazası vardır. Həmin mağazanı oğlu Cəlal işlədir. Oğlu Cəlal olmayan vaxtlarda o, mağazada oturaraq alver edir. 31 avqust 2021-ci il tarixdə oğlu Cəlal olmadığına görə mağazada o, alver etmiş və axşam saat təxminən 23 radələrində mağazanı bağlayaraq yaşadığı evə getmişdir. 01 sentyabr 2021-ci il tarixdə, gecə saat 03 radələrində o, qapılarının döyülməsini eşitmiş və qapıya çıxdıqda orada olan adamlar mağazanın qapısının sındırıldığını və naməlum şəxsin mağazadan oğurluq etməsi barədə ona məlumat vermişlər. O, dərhal mağazanın qarşısına gəlmiş və bu zaman görmüşdür ki, mağazanın qapısını bağladığı qıfıl sındırılmış və mağazanın qapısı açıqdır. O, mağazaya daxil olduqdan sonra, ona məlum olmuşdur ki, mağazadan 150 manat pul və 250 manat dəyərində müxtəlif növ siqaretlər oğurlanmışdır. O, dərhal bu barədə oğlu Cəlala zəng edərək bildirmişdir. Oğlu Cəlal isə həmin gün Bakı şəhərində olduğu üçün oradan DİN-in 102 Xidmətinə zəng edərək bu barədə məlumat vermişdir. İş üzrə Şahid2 ibtidai istintaqa verdiyi ifadəsi məhkəmədə elan olunan zaman müəyyən edildi ki o, Quba rayonu, Susayqışlaq kəndində yerləşən həmkəndlisi Zərərçəkmiş şəxs4 ərzaq mağazasında 2018-ci ilin aprel ayından etibarən satıcı kimi işləyir. xx.xx.2018-ci il tarixdə, saat 00:15 radələrində mağazanın qapısını bağlayaraq yaşadığı evə getmişdir. xx.xx.2018-ci il tarixdə saat 08 radələrində yaşadığı evdə olan zaman, Rüstəm gəlib onu çağırmış və mağazanın dam örtüyünün dağılmış vəziyyətdə olduğunu, qapının üzərində olan qıfılın isə sındırıldığını və qapının dəmirinin açar olan hissəsinin yanından əzildiyini bildirmişdir. O, Rüstəm ilə birlidkə mağazaya gəlmişdir. O, açarla mağazanın qapısını açmış və Rüstəmlə birlikdə mağazaya daxil olmuşdur. O, mağazanın içəri tərəfindən dam örtüyündə olan lambirinin sındırıldığını və mağazada satılan müxtəlif növ siqaretlərin yerə dağıldığını görmüşdür. Rüstəm ondan mağazada pul saxladığını soruşduqda, o, Rüstəmə 1100 manat pulu kassada saxladığını demişdir. Rüstəm kassaya baxdıqda, kassada saxladığı 1100 manat məbləğində pulun oğurlandığını ona bildirmişdir. Daha sonra onlar mağazdan başqa nə oğurlandığını dəqiqləşdirmək üçün ətrafa baxmış və konturlar saxladıqları qutudan 200 manat dəyərində 2 manatlıq və 5 manatlıq nar konturlarının, 3 manatlıq və 5 manatlıq sim konturlarının, 5 manatlıq cin konturlarının oğurlandığını aşkar etmişlər. Bundan başqa onlar mağazadan "LD", "KENT-4", "VİNSTON" markalı, təxminən 200 manat dəyərində olan siqaretlərində oğurlandığını aşkar etmişlər. Rüstəm bu barədə dərhal 102 zəng xidmətinə zəng edərək bildirmiş və hadisə yerinə Quba rayon polis şöbəsinin əməkdaşları gəlmişlər. İş üzrə təyin edilib keçirilmiş məhkəmə-əmtəəşunaslıq ekspertizasının xx.xx.2018-ci il tarixli 21153 nömrəli rəyindən görünür ki, 1 ədəd "LD" markalı siqaretin qiyməti 2,0 manat, 1 ədəd "KENT-4" markalı siqaretin qiyməti 2,50 manat, 1 ədəd "WİNSTON" markalı siqaretin orta bazar qiyməti 2,30 manat müəyyən edilmişdir. İş üzrə təyin edilib keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2022-ci il tarixli 9/3532 nömrəli rəyindən görünür ki, 1 qram 583 əyarlı qızılın 2018-ci il tarixə orta bazar qiyməti nəzəri qaydada təxminən 60 manat müəyyən edilmişdir. Qızıl-zinət əşyalarının çəkisi göstərilmədiyindən qiymətləndirmə aparmaq mümkün olmamışdır. Beləliklə, məhkəmə təqsirləndirilən şəxsi dinləyib, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələrini nəzərdən keçirib, iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməsi özünün etirafı ilə yanaşı, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, ekspert rəyi və aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Beləliklə, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edərək belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə təqsirləndirilən şəxsə cəza təyin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli qərarında qeyd olunur ki, “mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanmasını (oğurluq) kimi tövsif edilməlidir. Təqsirkar şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi, sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan oğurluq cinayəti başa çatmış hesab edilir”. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 09 iyun 2011-ci il tarixli Qərarında qeyd olunur: “CM-in 177-ci maddəsi oğurluğu özgənin əmlakını gizli olaraq talama kimi müəyyən etmişdir. Talama – özgənin əmlakını tamah məqsədi ilə hüquqazidd və əvəzsiz olaraq, həmin əmlakın mülkiyyətçisinə və başqa sahibinə ziyan vurmaqla götürmə və özünün və ya başqa şəxslərin xeyrinə keçirməsidir. Götürmənin gizli üsulu oğurluğu talamanın başqa formalarından fərqləndirir. Oğurluq zamanı təqsirkar zərərçəkmişin əmlakını onun iradəsindən kənar, gizli götürərək öz sərəncamına keçirir. Götürmənin gizliliyi dedikdə, cinayətin həm mülkiyyətçidən, həm də digər şəxslərdən xəbərsiz həyata keçirilməsi başa düşülür. Oğurluq cinayətinin obyekti qismində mülkiyyət münasibətləri çıxış edir. Bu cinayət əməlinin obyektiv cəhəti özgənin əmlakını gizli talamada ifadə olunur. Oğurluq subyektiv cəhətdən yalnız birbaşa qəsd formasında, tamah məqsədilə törədilir. CM ilə oğurluq cinayət əməlinin bir neçə tövsifedici əlamətləri müəyyən edilmişdir. Oğurluğun yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədilməsi oğurluq cinayətinin tövsifedici əlamətlərindən biridir. Oğurluğun yaşayış sahəsinə, habelə binaya, anbara və ya digər saxlanc yerlərinə daxil olmaqla törədilməsi öz ictimai təhlükəliliyi ilə seçilir. Belə ki, mənzildə, binada, anbarda və digər saxlanc yerlərində fiziki və hüquqi şəxslərə məxsus daha qiymətli və xüsusi mühafizə olunan əşyalar saxlanılır. Adı çəkilən yerlərə daxil olma şəxslərə daha əhəmiyyətli ziyanın dəyməsi ehtimalını artırır. CM-in 177.2.3-cü maddəsində qeyd edilən yaşayış sahəsi insanların daimi və ya müvəqqəti yaşaması üçün nəzərdə tutulmuş, onların əmlakının olduğu evlər, mənzillər, bağ evləri, mehmanxana və sanatoriya otaqlarını, habelə onların tərkib hissələrini nəzərdə tutur. Bina insanların və ya maddi dəyərlərin yerləşdirilməsi üçün nəzərdə tutulmuş tikili və ya qurğulardır. Maddi nemətlərin saxlanması üçün xüsusi olaraq təchiz edilmiş binalar, qurğular, habelə xüsusi mühafizə vasitələri ilə təchiz edilmiş saxlama yerləri anbar hesab edilir”. Azərbaycan Respublikasının xx.xx.2017-ci il tarixli Qanunu ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinə edilmiş və xx.xx.2017-ci il tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikası Cinayət Məcəlləsnin 177-ci maddəsinin qeyd hissəsinin 1-ci bəndinə əsasən bu Məcəllənin 177.1, 178.1 və 179.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı, lakin beş min manatdan artıq olmayan məbləğdə ziyan vurulduğu hallarda yaranır. Bu Məcəllənin 177.2.1-177.2.3-2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə yüz manatdan yuxarı məbləğdə ziyan vurulduğu hallarda yaranır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən, cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 5.1-ci maddəsinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər yalnız bu Məcəllə ilə müəyyən edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə müvafiq olaraq cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə müvafiq olaraq cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, habelə təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. İş materialında olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş tələbnamədən və hökmlərin surətindən görünür ki, Təqsirləndirilən şəxs Qusar rayon məhkəməsinin 13 dekabr 2011-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 132, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək CM-nin 66.3 və 66.5-ci maddələrinə əsasən 5 il 10 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Azərbaycan Respubklikası CM-nə dəyişikliklər edilməsi haqqında 26 iyun 2012-ci il tarixli Qanuna əsasən Bakı şəhər, Qaradağ rayon məhkəməsinin 18 sentyabr 2012-ci il tarixli qərarı ilə CM-nin 132-ci maddəsi ilə təyin olunmuş cəzadan azad edilməklə çəkilməmiş qalan 4 il 10 ay 23 gün azadlıqdan məhrum etmə cəzasının 6 ay hissəsindən azad olunmuş, 11 fevral 2017-ci il tarixdə cəzasını çəkib qurtarmışdır. Təqsirləndirilən şəxs sonuncu dəfə Qusar rayon məhkəməsinin 21 sentyabr 2022-ci İİ tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 2 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməklə cəzaçəkmə müddətinin əvvəli 29 dekabr 2021-ci il tarixdən hesablanmışdır. Göründyü kimi, Təqsirləndirilən şəxs Qusar rayon məhkəməsinin 13 dekabr 2011-ci il tarixli hökmü ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını 11 fevral 2017-ci il tarixdə çəkib qurtarmışdır. Azərbaycan Respublikası CM-nın 83.3.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkumluğunun ödənilməsi üçün qanunla müəyyən edilmiş 02 il müddətinin axımı onun hökmlə təyin edilmiş cəzadan azad edildiyi vaxtdan, yəni xx.xx.2017-ci il tarixdən hesablanır. Göründüyü kimi, Təqsirləndirilən şəxs hazırki ittihamla bağlı cinayət əməlini xx.xx.2018-ci il tarixdə törədərkən əvvəlki məhkumluğu ödənilməmiş və götürülməmişdir ki, bu da öz növbəsində onun əməlində cinayətin residivini yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayət törədilməsi cinayəti residivini yaradır. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. İş materiallarında olan Qusar RİHB-nın Urva kənd İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş 31 may 2022-ci il tarixli 379 №-li arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Qusar rayonu Urva kəndində qeydiyyatda olamaqla həmin kənddə yaşayır və yaşayış yeri üzrə mənfi xarakterizə olunur. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxslərdən biri ilə barışıq əldə etməsini cəzanı yüngülləşdirən hal qismində nəzərə alır. Məhkəmə hesab edir ki cinayətin residivi CM-nin 61.1.1-ci maddəsinin müddəalarına əsasən Təqsirləndirilən şəxs təyin ediləcək cəzanı ağırlaşdıran haldır. Azərbaycan Respublikası CM-in 177.2.2 və 177.2.3-cü maddələrinin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cinayət qanununun ədalət və cəzanın fərdiləşdirilməsi prinsiplərini rəhbər tutur və törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, təqsirləndirilən şəxsin şəxsiyyətini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, sosial ədalət baxımından cəzanın məqsədləri Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü - maddələrinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin olunduğu təqdirdə təmin edilə bilər. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs hazırki iş üzrə cinayət əməlini Qusar rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmündən əvvəl törətmişdir. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən, cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Məhkəmə hesab edir ki, Qanunun bu tələbi baxımından Təqsirləndirilən şəxs cinayətlərin məcmusu qaydasında birinci hökmlə təyin edilmiş cəza hazırki hökmlə təyin olunmuş cəza ilə toplanılmaqla qəti cəza təyin edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinin tələbinə görə Təqsirləndirilən şəxs ona təyin edilən azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin əvvəli 29 dekabr 2021-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası CPM-nin 346.1 və 346.1.20-ci maddələrinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında digər məsələlərlə yanaşı həmçinin qətimkan tədbirinin ləğv edilməli, dəyişdirilməli və seçilməli (məhz hansı tədbirin) olubolmadığı məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). Həmin Məcəllənin 353.4.12-ci maddəsinə görə, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində hökm qanuni qüvvəyə minənədək məhkumun barəsində seçilmiş qətimkan tədbirinin həlli göstərilməlidir. İş materiallarında olan Quba rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli məhkəmə hazırlıq iclasının qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həmin tarixdə həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri qüvvəsində saxlanılmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində qeyd olunmuş əmlakın müəyyən olunmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs xüsusi müsadirə cinayət-hüquqi tədbiri tətbiq olunmamalıdır. Həmçinin məhkəmə keçirilmiş məhkəmə ekspertizası tədqiqatının dəyəri olan 100 manatın Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə köçürülməsini əsaslı hesab edir. Məhkəmə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi məqsədi ilə Quba rayon Vəkil Bürosunun vəkili X8 tərəfindən təqsirləndirilən şəxs X1 hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə üçün 6 saat üçün 36 manat pulun Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli qərarına əsasən dövlət büdcəsindən tutulub Quba rayon Vəkil Bürosunun hesabına ödənilməsini əsaslı hesab edir. İş üzrə maddi subut, mülki iddia və müsadirə ediləsi əmklak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351-356-cı maddələrini rəhbər tutaraq, məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək, ona 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Qusar Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə təyin edilmiş 02 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzası hazırki hökm üzrə təyin olunmuş cəzaya qismən birləşdirilməklə Təqsirləndirilən şəxs qəti olaraq 03 il 03 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 29 dekabr 2021-ci tarixdən hesablansın və o, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizalarının ümumi dəyəri 100 (bir yüz) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, AZ34CTRE********************, X3, Kod: 210005, VÖEN: **********, Müxbir hesab AZ41NABZ********************, S.W.İ.F.T. Bik: CTREAZ22) köçürülsün. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 6 (altı) iş saatına görə 36 (otuz altı) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsindən Quba rayon Vəkil Bürosunun hesabına (H/h AZ62İBAZ********************, Bank rekvizitləri: ABB Quba filialı, VÖEN: **********, Kod: 805476) köçürülsün. Hökmün Təqsirləndirilən şəxs həbsdə saxlanılması ilə bağlı olan hissəsinin icrası Quba rayon Polis şöbəsinə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasına tapşırılsın. Maddi subutun, müsadirə olunmalı əmlakın və mülki iddianın olmaması nəzərə alınsın. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökm apelyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdıqdan sonra qüvvəyə minir. Hakim: Vüqar Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar