Məhkəmə qərarları › İş №1(027)-13/2024

Quba Rayon Məhkəməsi Hökm — İş №1(027)-13/2024

19.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Quba şəhəri İş № 1(027)-13/2024 19.03.2024 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, məhkəmə iclas katibi X7 oğlunun katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakı ilə, xx xxxxxx 1987-ci il tarixdə Quba şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işləməyən, evli, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilən, Quba şəhəri, Səməd Vurğun küçəsi, ev 58-də qeydiyyatda olmaqla Quba şəhəri, 29-cu kvartalda yaşayan, 25 avqust 2023-cü il tarixdə Quba rayon məhkəməsi tərəfindən barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Pentensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Quba Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs verilmiş ittihama əsasən o, istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi ilə əldə etdiyi 03 ədəd qırmızı rəngli kağıza bükülmüş ayrı-ayrılıqda təmiz çəkiləri 0,112 qram, 0,052 qram və 0,049 qram olmaqla ümumi təmiz çəkisi 0,213 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə heroini 18 mart 2023-cü il tarixdə, günorta saatlarında Quba şəhərində yerləşən mərkəzi bazarın yaxınlığında Şahid1 25 (iyirmi beş) manata satmışdır. Məhkəmə istintaqı zamanı aşağıdakı sübutlar tədqiq edilmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilməyərək göstərmişdir ki o, əvvəllər narkotik vasitədən istifadə etsə də, 5-6 aydır ki, narkotik vasitələrdən istifadə etməyi tərgitmişdir. Şahid1 onun həm uzaq qohumudur, həm də qonşusudur. O, neçə ay əvvəl Rzanın Quba şəhəri, Dəvədabanı yaşayış massivində yerləşən evində fəhləlik etdiyi üçün Rza ona 200 manat məbləğində pul borclu olmuşdur. O, Rzadan dəfələrlə həmin pulu almaqla bağlı telefonla danışmış və mübahisə etmişdir. Lakin, Rzanın maddi imkanı olmadığı üçün dəfələrlə ona yemək və siqaret vermişdir. Şahid1 polis əməkdaşları tərəfindən xx.xx.2023-cü il tarixdə tutulsa da, o, şübhəli şəxs qismində xx.xx.2023-cü il tarixdə tutulmuşdur. Polis əməkdaşları onu 03 ədəd qırmızı rəngli kağıza bükülmüş ayrı-ayrılıqda təmiz çəkiləri 0,112 qram, 0,052 qram və 0,049 qram olmaqla ümumi təmiz çəkisi 0,213 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə heroini 18 mart 2023-cü il tarixdə, günorta saatlarında Quba şəhərində yerləşən mərkəzi bazarın yaxınlığında Şahid1 25 (iyirmi beş) manata satmasında təqsirləndirildiyini bildirmişlər. Lakin, o Rzaya heç bir narkotik vasitə satmamışdır. Belə ki, o polis şöbəsində olarkən polis əməkdaşı Şəmsəddin ondan 1 büküm narkotik vasitənin üzərindən çıxmasını etiraf etməsini istəmişdir. Şəmsəddin bildirmişdir ki, həmin etirafı etsə onu inzibati məsuliyyətə cəlb edəcək, əyər yox etməsə 3 bükümündə ona aid olduğunu sənədləşdirəcək. Polis şöbəsində onu döymüş, təhqir etmiş və ailəsi ilə hədələmişlər. Ona görə də o, təzyiq altında qalaraq polis əməkdaşlarının yazdığı etirafedici ifadəni imzalamışdır. Polis əməkdaşları 5 ay sonra onu tutmasının səbəbini Quba şəhərində onu tapa bilmədiklərini bəhanə etmişlər. Lakin, o Quba şəhərində yaşayır. Ünvanı hər kəsə bəllidir. Heç bir istintaq orqanından gizlənməmişdir. Həmin müddət ərzində bir neçə dəfə Bakı şəhərində işləyib yenidən Quba şəhərində yerləşən evinə qayıtmışdır. Həmçinin, o sonuncu dəfə Rza ilə xx.xx.2024-cü il tarixdə görüşmüşdür. Rza polis əməkdaşları tərəfindən saxlanılan gün yəni, xx.xx.2024-cü il tarixdə görüşməmişdir. Anten dairələrinin eyni ünvanlarda göstərilməsinə səbəb Rza ilə qonşu olması və eyni küçədə qalması olmuşdur. Bundan başqa, tutulduğu vaxt onun vəkillə təklikdə ünsiyyət saxlamaq, görüşmək, onunla birlikdə müdafiəsini hazırlamaq üçün heç bir imkan yaradılmamışdır. O, latın qrafikalı Azərbaycan əlifbası ilə sərbəst oxuya və yaza bilmir. İstintaq zamanı onun prosessual hüquqları izah edilməmişdir. İfadəsi kompüter vasitəsi ilə yazılaraq çap edilmiş və təzyiq altında imzalatdırılmışdır. Tutulan zaman, yəni polisin nəzarəti altına keçəndən sonra, tam sarsılmış vəziyyətdə olmuş, nə edəcəyini bilməmişdir. Polisin əsassız olaraq onu narkotik vasitələrin satışı ittihamı ilə cinayət məsuliyyətinə cəlb edəcəyindən çox qorxmuşdur. Tutulduğu zaman polis tutulmanın səbəblərini bildirməmiş, ailə üzvlərinə xəbər verilməmiş, həmçinin tutulan zaman üstündə axtarış aparmamışlar. Onun ibtidai araşdırmada şübhəli şəxs və təqsirləndirilən şəxs qismində verdiyi ifadələri həqiqəti əks etdirmir. Onun məhkəmə iclasında verdiyi ifadəsi isə doğrudur. İbtidai araşdırma aparılan zaman hüquqları pozulmuş və ona qarşı sübutlar qanunsuz yolla əldə edilmişdir. İbtidai istintaqda ona zorla yazılmış ifadələrin altından imza etməyi tələb etmişlər. Rza ilə üzləşdirmə zamanı da o, Rzaya narkotik vasitə satmadığını dəfələrlə qeyd etmişdir. Qeyd olunanlara əsasən barəsində bəraət hökmü çıxarılmasını xahiş etmişdir. Təqsirləndirilən şəxs Quba RPŞ-də verdiyi ifadəsində göstərmişdir ki, o, ara sıra olmaqla 4-5 ildir ki narkotik vasitələrdən istifadə edir. 17 mart 2023-cü il tarixdə günorta saatlarında Quba şəhəri bazar ərazisi yaxınlığında piyada hərəkətdə olan zaman yolun kənarında yerdə bükülmüş salfet kazğızını görüb və əyilib həmin salfet kağızını götürmüşdür. Salfet kağızını götürüb içini açıb baxdıqda içərisində siqaret kağızına bükülmüş iki ədəd bükümün olduğunu görmüşdür. Tanışı Şahid1 əvvəllər bir neçə dəfə ona zəng edərək ondan narkotik vasitə istəmişdir. Buna görədə növbəti gün 18 mart 2023cü il tarixdə tanışı Şahid1 istifadəsində olan 077-511- 03-94 saylı mobil nömrəyə istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən zəng edərək, narkotik vasitə olan heroin almaq istədiyini bildirmişdir. Sonra onlar həmin gün saat 14 radələrində dediyi yerdə görüşüb və yerdən tapdığı bükülülərdən birini Rzaya vemiş, Rza isə ona 10 manat verəcəyini bildirmişdir. Məhkəmə iclasında təqdirləndirilən şəxs Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi bildirmişdir ki, onun iştirakı ilə keçirilən istintaq hərəkətləri zaman Əli Rzaya narkotik vasitə satmasını etiraf etməmişdir. Üzləşdirmə zamanı da Rzaya narkotik vasitə satmadığını dəfələrlə qeyd etmişdir. Şahid1 polis əməkdaşları tərəfindən saxlanılmasından 5-6 ay keçdikdən sonra Əli polis əməkdaşları tərəfindən saxlanılmışdır. Məhkəmə araşdırması zamanı hüquqlarını müdafiə etdiyi şəxsin təqsirliliyi sübuta yetirilməmişdir. Təqsirləndirilən şəxs barəsində bəraət hökmünün qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki o, Təqsirləndirilən şəxs onun həm uzaq qohumudur, həm də qonşusudur. Əli neçə ay əvvəl onun Quba şəhəri, Dəvədabanı yaşayış massivində yerləşən evində fəhləlik etmiş və onun Əliyə 200 manat məbləğində pul borcu olmuşdur. Əli ondan dəfələrlə həmin pulu almaqla bağlı telefonla danışmış və mübahisə etmişdir. Lakin, onun maddi imkanı olmadığı üçün dəfələrlə Əli ona yemək və siqaret vermişdir. O, polis əməkdaşları tərəfindən xx.xx.2023cü il tarixdə tutulmuşdur. O, polis əməkdaşları tərəfindən Quba rayonunda yerləşən “Xınalıq” kafesi ərazisində saxlanılmışdır. Daha sonra polis əməkdaşları onu “Balaqusar” kafesi ərazisinə aparmışlar. Orada polis əməkdaşları onu döyərək və təhqir edərək narkotik vasitəni Əlidən almasını deməsini tələb etmişlər. Çəkiliş zaman 1 büküm narkotik vasitə olsa da, sonradan 2 bükümdə əlavə olaraq qeyd etmişlər. Narkotik vasitələrin onun olmamasını və Əlidən almamasını dediyinə onu həbsdə saxlaya bilmək üçün barəsində İXM-nin 206-cı maddəsi ilə protokol tərtib edilmiş və məhkəmə qaydasında 15 gün müddətinə həbs edilmişdir. Həmin günlərdə səhhətində yaranmış problemlərlə bağlı Quba RPŞ-nə dəfələrlə təcili yardım gəlmişdir. O sonuncu dəfə Əli ilə xx.xx.2024-cü il tarixdə görüşmüşdür. O, polis əməkdaşları tərəfindən saxlanılan gün yəni, xx.xx.2024-cü il tarixdə Əli ilə görüşməmişdir. Anten dairələrinin eyni ünvanlarda göstərilməsinə səbəb Əli ilə qonşu olması və eyni küçədə qalması olmuşdur. Polis əməkdaşları tərəfindən psixoloji basqı və fiziki zor tətbiq edilərək döyüldükdən sonra onların yazdığı ifadəyə təzyiq altında qalaraq imzalamışdır. Əli ona narkotik vasitə satmamış və o Əlidən narkotik vasitə almamışdır. Onun cinayət işi məhkəmə icraatında olarkən dəfələrlə məhkəmədə narkotik vasitəni Əlidən almadığını demək istəsə də, polis əməkdaşlarının hədə-qoruxusundan çəkindiyi üçün susmuş bu barədə deyə bilməmişdir. Hazırda ona təyin olunmuş cəzanı tamamilə çəkib qurtarmış və azadlıqdadır. Ona görə də, doğruları məhkəmə qarşısında demək qərarına gəlmişdir. Şahid1 Quba RPŞ-nə təqsirləndirilən şəxs və üzləşdirmə zamanı verdiyi ifadəsində göstərmişdir ki, narkotik vasitə olan heroin istifadəçisidir və 18 mart 2023-cü il tarixdə tanışı Quba şəhər sakini Əli adlı şəxin istifadəsində olan 077- ***-**-** saylı mobil nömrəsinə öz istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən zəng edərək, həmin gün saat 14:30-da Quba şəhəri, “Ticarət mərkəzi”nin yaxınlığında görüşüb cəmi 25 manata 3 ədəd qırmızı bükülüdə narkotik vasitə olan heroin almışdır. Həmin bükülüləri özünə məxsus “Samsung” markalı mobil telefonun arxasına yerləşdirmiş və telefonu əynində olan qara rəngli gödəkcənin sol yan cibinə qoymuşdur. Sonra saat 18.30 rədalərində Quba şəhəri, T.Əhmədov küçəsində olarkən bir neçə polis əməkdaşı ona yaxınlaşaraq özlərini təqdim edib ona narkotik vasitələrin qanunsuz saxlanmasında və istifadəsində şübhəli olduğunu üçün müdafiəçinin iştirakı ilə videoçəkilişlə üzərinə şəxsi axtarış keçiriləcəyini bildirmişlər. Baxışdan əvvəl o daha əvvəl yerləşdirdiyi mobil telefonun arxasında olan 03 ədəd kağız bükülüləri polis əməkdaşlarına təqdim etmiş və açıldıqda içərisində qəhvəyi rəngli narkotik vasitə heroinə bənzər kütələlər aşkar edilərək götürülmüşdür. Məhkəmə, Şahid1 məhkəmə iclası zamanı veriyi ifadəni sübut kimi qəbul edir. Çünki, ittiham və müdafiə tərfinin iştirakı ilə video konfrans zamanı verilmiş ifadə daha mötəbərdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki o, Quba RPŞ-nin Cinayət-axtarış bölməsinin əməliyyat müvəkkili işləməklə polis kapitanı rütbəsindədir. ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şahid1 qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatını raportla rəhbərliyə məruzə etmiş, məlumatın yoxlanılaraq Şahid1 qanunsuz əməllərinin ifşa edilməsi məqsədilə tərəfindən əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərar qəbul edilmiş, həmin qərar işlədiyi şöbənin rəisi tərəfindən təsdiq edildikdən sonra müvafiq əməliyyat tədbirlərinin keçirilməsindən ötrü Cinayət-axtarış bölməsinin əməliyyat müvəkkili Şahid3, özündən və şöbənin baş inspektor kriminalisti Fuad İslamovdan ibarət tərkibdə əməliyyat qrupu yaradılmışdır. Əməliyyat məlumatı əsasında onlar Şahid1 Quba şəhəri, T.Əhmədov küçəsində olmasını müəyyən etmişlər. Onlar 18 mart 2023-cü il tarixdə, saat 18 radələrində Şahid1 Quba şəhəri, T.Əhmədov küçəsində görmüşlər. Şahid1 yaxınlaşıb özlərini təqdim edərək narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması ilə bağlı barəsində məlumat olduğunu bildirmişlər. Müvafiq prosessual hərəkətlərin həyata keçirilməsindən ötrü dərhal həmin yerə şöbədən təhqiqatçı dəvət etmişlər. X4 tərəfindən Şahid1 şübhəli şəxs qismində tutularaq dəvət edilmiş vəkilin və onların iştirakı ilə video əkilişlə saxlandığı həmin yerdə üzərində şəxsi axtarış aparılacağı izah olunmuş, Şahid1 şəxsi axtarışın aparılmasına etiraz etməmişdir. Şəxsi axtarış keçirilməzdən əvvəl təhqiqatçı Şahid1 üzərində qanunla qadağan olunan nə varsa, hamısını təqdim etməyi təklif etmiş, Şahid1 könüllü olaraq əynindəki qara rəngli qış gödəkçənin sol yan cibindən “Samsung” markalı mobil telefonu çıxararaq telefonun arxasında saxladığı 03 ədəd qırmızı kağız bükülüdə olan narkotik vasitə heroinə bənzər kütləni çıxarıb orada olan onlara məxsus avtomobilin arxa yük yerinin üzərinə qoyaraq təqdim etmişdir. Şahid1 üzərindən aşkar edilmiş narkotik vasitə heroinin tanışı Quba şəhər sakini Əli adlı şəxsdən 25 manata almasını bildirmişdir. Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılarkən o, həmin əməliyyat qrupunda iştirak etməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Quba RPŞ-nin Cinayət-axtarış bölməsinin əməliyyat müvəkkili, polis leytenantı Şahid3 eyniməzmunlu ifadə verərək Şahid2 ifadəsini təsdiq etmişdir. İş üzrə təyin edilib keçirilmiş narkoloji ekspertizasının keçirilməsinə dair Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin Ambulator X1 Komissiyasının 05 oktyabr 2023-cü il tarixli 6343 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs pioidlərin və psixotimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Quba Rayon Məhkəməsinin 18 dekabr 2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 4000 (dörd min) manat cərimə cəzasına məhkum edilmişdir. Quba Rayon Məhkəməsinin 14 iyun 2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 03 (üç) il 06 (altı) ay azadlıqdan məhrum etmə, 02 (iki) il şərti sınaq müddəti və 4000 (dörd min) manat cərimə cəzasına məhkum edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli tutma haqqında protokoldan görünür ki, Şahid1 xx.xx.2023-cü il tarixdə, saat 18:30 radələrində şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan Quba rayon Məhkəməsinin 3(027)-1694/2023 saylı, xx.xx.2023-cü il tarixli (hakim Aydın Babayev) qərarından görünür ki, Şahid1 Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə təqsirli bilinib 15 gün müddətinə inzibati qaydada həbs edilmişdir. İş materiallarında olan Quba rayon Məhkəməsinin 1(027)-128/2023 saylı, xx.xx.2023cü il tarixli (hakim Aydın Babayev) hökmündən görünür ki, Şahid1 Azərbaycan Respublikası CM-nin 234.1-ci madəsi ilə təqsirli bilinib, barəsin 07 (yeddi) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli şəxsin məcburi gətirilməsi barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs məcburi qaydada Quba RPŞ-nin İB-nə gətirilməsi qərara alınmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli tutma haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə, saat 12:00 radələrində şübhəli şəxs qismində tutulmuşdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Həmin Məcəllənin 144-cü maddəsinin tələbinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-cı il tarixli 15 saylı qərarının 9-cı bəndində göstərmişdir ki, CPM-in 33.4, 338.1.2 və 349.5.1-ci maddələrinə müvafiq olaraq məhkəmənin hökmü yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Bu maddələrin tələbinə görə məhkəmə gəldiyi nəticələri şərh edərkən məhkəmə iclasında tədqiq edilməyən və məhkəmə iclas protokolunda əksini tapmayan sübutlara istinad edə bilməz. “Hoanq Fransiya qarşı” iş üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qərarında qeyd etmişdir ki, sübutlar diqqətlə qiymətləndirilmədən hüquqi fərziyyənin tətbiq edilməsi təqsirsizlik prezumpsiyasını böyük ehtimalla pozmuş olur. “Barbera, Messege və Yabardo İspaniyaya qarşı” şikayətlə bağlı qərarında Avropa Məhkəməsi bildirmişdir ki, təqsirsizlik prezumpsiyası nəzərdə tutur ki, məhkəmənin tərkibi öz vəzifələrini icra edərkən təqsirləndirilən şəxsə istinad edilən cinayətin onun tərəfindən törədildiyi kimi qərəzli mövqedən çıxış etməməlidir, bunu sübut etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür və istənilən şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Məhkəmə qeyd edir ki, sübutlar hərtərəfli, tam və obyektiv araşdırmaya əsaslanmaqla daxili inama görə qiymətləndirilməlidir. Hər bir sübuta mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə bütün toplanmış sübutların məcmusuna görə cinayət işinin həlli üçün kifayət etməsi nöqteyi-nəzərdən qiymət verilməlidir. Sübutların yoxlanılmasında məqsəd onların mötəbərliyinin, yəni onlarda olan məlumatların cinayət işinin düzgün həlli üçün əhəmiyyət kəsb edən faktlara və hallara uyğun gəlibgəlməməsinin müəyyən edilməsindən ibarətdir. Sübutların qiymətləndirilməsi şübhə doğurmayan həqiqi nəticələrə gəlinməsi ilə tamamlanmalıdır. Məhkəmə iş üzrə tədqiq edilmiş sübutları müqayisəli təhlil edərək qeyd edir ki, 03 ədəd qırmızı rəngli kağıza bükülmüş ayrı-ayrılıqda təmiz çəkiləri 0,112 qram, 0,052 qram və 0,049 qram olmaqla ümumi təmiz çəkisi 0,213 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə heroini 18 mart 2023-cü il tarixdə, günorta saatlarında Quba şəhərində yerləşən mərkəzi bazarın yaxınlığında X5 25 manata satması ilə bağlı Təqsirləndirilən şəxs ittiham verilmişdir. Təqsirləndirilən şəxs ona qarşı narkotik vasitələrin satışı ilə bağlı verilmiş ittiham üzrə özünü təqsirli bilməmişdir. Hər bir ittihamın əsaslılığı əsaslı şübhə yaratmayan, biri digərini təkzib etməməklə təsdiq edən sübutlarla təsdiq edildikdə mötəbər sübutla təsdiq edilməklə müəyyən edilir. İttihamın əsası kimi şahid qismində dindirilmiş şəxslərin ifadələrinə, şəxsi axtarış və götürmə protokolu, ekspertiza rəyləri, disk mövcuddur. Şahid qismində 3 nəfər şəxs dindirilmiş, həmin şəxslərdən 2 nəfəri hazırda polis əməkdaşı kimi fəaliyyət göstərir. Bir nəfər şəxs isə mülki şəxsdir. Həmin sübutlar biri digərini tamamladıqda ittihamın əsaslılığı qənaətinə gəlinməsi mümkündür. Lakin şahid qismində dindirilən şəxslərdən Şahid1 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsindən fərqli olaraq məhkəmədə məhkəmə istintaqı zamanı polis əməkdaşlarının təhriki nəticəsində onun üzərində aşkarlanmış narkotik vasitəni Təqsirləndirilən şəxs alınmasını deməsi məcbur edilmiş, sonuncudan alması barədə ifadə yazılaraq təzyiq altında Şahid1aya imzalatdırılmışdır. Həmin ifadədən 5 ay sonra Təqsirləndirilən şəxs 23 avqust 2024-cü il tarixdə şahid qismində dindirlilmiş, həmin gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə şübhəli olunduğu üçün tutulmuşdur. Göründüyü kimi, şəxs eyni gündə həm şahid, həm də şübhəli şəxs kimi dindirilmişdir. Bundan başqa X6 qeyd edilən cinayət işi üzrə şahid kimi dindirilməmişdir. Ədalətli məhkəmə araşdırılması hüququ təmin edilməsindən ötrü obyektivliyi şübhə altına alınmayan, qərəzsizliyi şübhə doğurmayan polis əməkdaşı olmayan (çünki baxılan işdə polis əməkdaşları Təqsirləndirilən şəxs təqsirli bilinməsində maraqlıdırlar ona görə ki, əməliyyatı birbaşa realizə ediblər) şəxsin ifadəsinin tədqiq edilməklə digər şahidlərin ifadələri, işin halları və işdə olan başqa sübutlarla üst-üstə düşüb-düşməməsinin araşdırılması zəruridir. Əgər mülki vətəndaş olan şahidin ifadəsi ilə iş üzrə dindirilmiş polis əməkdaşlarının ifadələri üst-üstə düşərsə, onda polis nəfərləri olmalarına baxmayaraq, onların da ifadələri əsaslı şübhə yaratmayan ifadə kimi dəyərləndirilməklə ittiham təsdiq edilə bilər. Əks halda Təqsirləndirilən şəxs verilmiş ittihamın əsassız olması müəyyən edilir ki, bu zaman da ona bəraət verilməlidir. Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə, çəkişmə əsasında aparılan ədalətli məhkəmə araşdırması anlayışı tələb edir ki, ittiham tərəfinin təqdim etdiyi şahidin məhkəməyədək dövrdə aparılmış dindirmə protokolu ilə müqayisədə məhkəmələr daha çox sonuncunun bilavasitə onlar qarşısında iclasda verdiyi ifadəsinə əhəmiyyət versinlər. Digərləri ilə yanaşı, bunun səbəbi ondan ibarətdir ki, ibtidai istintaq dövründə dindirmə nəticəsində əldə edilmiş ifadə ittiham tərəfinin məhkəmədə ittihamı müdafiə etmək üçün toplanılan məlumatların hissəsini təşkil edir, məhkəmə istintaqını aparan tribunalın vəzifəsi isə müttəhimin təqsirinin məhkəmədə faktiki olaraq təqdim edilmiş bütün sübutların bilavasitə tədqiqinə əsaslanan ədalətli qiymətləndirmə nəticəsində müəyyən edilməsindən ibarətdir (bax, Hüseyn və Digərləri Azərbaycana qarşı, № 35485/05 və s., § 211, 26 iyul 2011). “Erkapiç Xorvatiyaya qarşı” (51198/08) İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin xx.xx.2013-cü il tarixli qərarında qeyd edilmişdir ki, məhkəmə əvvəlcədən əks yöndə qərar vermək üçün əsaslı səbəblər olmadığı təqdirdə, ədalət mühakiməsi zamanı məhkəmədə verilən ifadələrə, şahidlərin məhkəməyədək icraat zamanı verdikləri ifadə protokollarından daha çox üstünlük verməli olması qənaətinə gəlmişdir. Bunun səbəbi məhkəməyədək icraat zamanı ifadələrin alınmasının, şəxsə qarşı irəli sürülmüş ittihamın əsaslarını dəstəkləmək məqsədilə material toplama prosesi olmasıdır. Bununla əlaqədar Məhkəmə qeyd edir ki, məhkəmədə şahid qismində dindirilən Şahid1 özü barəsində olan cinayət işi üzrə ibtidai istintaq zamanı vermiş olduğu ifadəni məhkəmə zamanı təsdiq etməməsi, onun vermiş olduğu ittihamının əsasını təşkil edən ifadənin mötəbərliliyini şübhə altına alır və bu qənaəti qaçılmaz edir. Belə ki, o, ifadəsində xx.xx.2023-cü il tarixdə Quba şəhərinin başqa ərazisində polis əməkdaşları tərəfindən saxlanıldığını, çəkiliş zaman 1 ədəd bükümdə narkotik vasitə olduğunu, daha sonra 3 ədəd bükümdə narkotik vasitə aşkarlandığı faktının sənədləşdirilməsini, onun saxlanılmasından 5 ay sonra Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsini və iş materiallarında sübut kimi qəbul edilmiş ifadəsinin onun tərəfindən yazılmadığını təzyiqlər nəticəsində məcburi şəkildə onun tərəfindən imzalandığını bildirmişdir. Həm Şahid1, həm də Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi xüsusatların bir-birini tamamlaması məhz hazırki iş üzrə Təqsirləndirilən şəxs polis əməkdaşılarının təhriki nəticəsində cinayət törətmək üçün təzyiqə məruz qoyduğunu qaçılmaz edir ki, bu da iş üzrə digər sübutların mötəbərliliyinin şübhə altına alır. Belə ki, məhkəmə iclasında hər iki tərəf üzləşdirilmiş Şahid1 təkidlə və dəfələrlə narkotik vasitəni Təqsirləndirilən şəxs almdaığını bildirmişdir. Göründüyü kimi iş üzrə tədqiq edilmiş sübutlar cinayət işi üzrə ibtidai istintaqı aparan Polis şöbəsinin əməkdaşlarının ifadələri təşkil edir. Onların da məhz iştirak etdikləri əməliyyat tədbirinə kölgə salmayacaq ifadələr verməsi qaçılmazdır. İttihamın əsasını təşkil edən digər sübutların da məhz bu baxımdan əsaslı şübhə yaratmayan mötəbər sübut kimi qəbul edilməsi mümkünsüzdür. Həmçinin, iş materialarında olan və məhkəmə istintaqi zamanı tədqiq edilmiş tərəflərin mobil telefonlarının anten dairələrindən, yazışmalarından və danışıqlarından müəyyən olunmuşdur ki, narkotik vasitənin satışı ilə bağlı onların arasında sövdələşmə olmamışdır. Məhkəmə həmçinin qeyd edir ki, Təqsirləndirilən şəxs tutulduğu vaxt onun vəkillə təklikdə ünsiyyət saxlamaq, görüşmək, onunla birlikdə müdafiəsini hazırlamaq üçün heç bir imkan yaradılmamışdır. Təqsirləndirilən şəxs bildiriki, latın qrafikalı Azərbaycan əlifbası ilə sərbəst oxuya və yaza bilmir. İstintaq zamanı onun prosessual hüquqları izah edilməmişdir. İfadəsi kompüter vasitəsi ilə yazılaraq çap edilmişdir. Bundan başqa nə Təqsirləndirilən şəxs Şahid1 cinayət işi üzrə şahid qismində dindirilmiş və işə şahid qismində cəlb edilməmiş, nədə ki, Şahid1 Təqsirləndirilən şəxs barəsində açılmış cinayət işi üzrə şahid qismində dindirilməmişdir. Təqsirləndirilən şəxs cinayət işi üzrə ibtidai istintaq zamanı müstəntiq Şahid1 digər cinayət işi üzrə verdiyi ifadəsi və üzləşdirmə protokolu ilə kifayətlənmişdir. Bundan başqa Şahid1 xx.xx.2023-cü il tarixdə tutulduğu halda, Təqsirləndirilən şəxs 5 ay sonra yəni, xx.xx.2023-cü il tarixdə tutulmuşdur. Təqsirləndirilən şəxs 5 ay sonra ittiham irəli sürülməsi iş üzrə digər sübutların mötəbərliliyinin bir daha şübhə altına alır. İş materiallarında olan Quba rayon Məhkəməsinin 1(027)-128/2023 saylı, xx.xx.2023cü il tarixli (hakim Aydın Babayev) hökmündəki Şahid1 ifadəsi ilə bağlı məhkəmə qeyd edir ki, onun ifadəsi hazirki iş üzrə məcburi hal daşımır. Məhkəmə Şahid1 hazirki ifadəsini mötəbər sübut kimi qəbul edir. Avropa İnsan Hüquqları Məhkəməsi bir sıra qərarlarında qeyd etmişdir ki, ərizəçinin cinayət əməlində iştirakı və ya cinayət törətməyə meylli olduğu barədə hər hansı obyektiv şübhə mövcud olmadıqda, ərizəçi ilə əlaqənin qurulmasına təşəbbüsün göstərilməsi (X9rşı, § 44), ərizəçinin ilkin etirazına baxmayaraq təkrar təklifin verilməsi, inadkarlıqla cinayətə təhrik (Ramanauskas Litvaya qarşı [BP], § 67), orta qiymətdən yüksək təklifin verilməsi (Malininas Litvaya qarşı, § 37), narkotik abstensiya əlamətlərinə istinad etməklə ərizəçidə mərhəmət hissi yaratmaq (Vanyan Rusiyaya qarşı, §§ 11 və 49) Məhkəmə tərəfindən hüquq mühafizə orqanlarının işçisi və ya onların təlimatı əsasında fəaliyyət göstərən fərdi şəxs olmasından asılı olmayaraq sözügedən agentin ərizəçinin cinayət törətmək üçün təzyiqə məruz qoyduğu müəyyən edilmişdir Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №25657/94, §282). Belə olan halda məhkəmə hesab edir ki, Əli Daşdəmovun cinayət törətməsi ilə bağlı göstərilən xüsusatların əksini sübut etmək ittiham tərəfinin öhdəsinə düşsə də, ittiham tərəfi əsaslı şübhə yaratmayan hər hansı bir sübut təqdim etmədiyindən, müdafiə tərəfinin göstərdiyi xüsusatlar əsaslı hesab edilməli, Təqsirləndirilən şəxs satış məqsədi ilə narkotik vasitə əldə edərək saxlaması ilə bağlı ittiham əsaslı şübhə yaratmayan mötəbər sübutla təsdiq edilmədiyindən ona bəraət verilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 21.2 və 21.3-cü maddələrinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayətprosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür İlqar Məmmədov Azərbaycana qarşı işdə Avropa Məhkəməsi bir daha vurğulamışdır ki, cinayət işləri ilə əlaqədar Konvensiyanın 6-cı maddəsinə əsasən baxılan məsələlərdə sübutetmə yükü ittiham tərəfinin üzərindədir və hər hansı mövcud olan şübhə təqsirləndirilən şəxsin vəziyyətini yaxşılaşdıran hal kimi nəzərə alınmalıdır (bax, İlqar Məmmədov Azərbaycana qarşı, № 919/15, § 92, 16 noyabr 2017). Müvafiq Daxili və Beynəlxalq Qanunvericilik və Təcrübə A) Azərbaycan Respublikasının Konstitusiyası Maddə 12. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir. Bu Konstitusiyada sadalanan insan və vətəndaş hüquqları və azadlıqları Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun tətbiq edilir. Maddə 25-ci maddəsinin İ hissəsinə əsasən hamı qanun və məhkəmə qarşısında bərabərdir. Maddə 26. Hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Maddə 60. Hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsinə təminat verilir. Konstitusiyanın 61-ci maddəsinin İİİ hissəsinə əsasən hər bir şəxsin səlahiyyətli dövlət orqanları tərəfindən tutulduğu, həbsə alındığı, cinayət törədilməsində ittiham olunduğu andan müdafiəçinin köməyindən istifadə etmək hüququ vardır. Konstitusiyanın 63-cü maddəsinin İİ və İV hissələrinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz. Konstitusiyanın 67-ci maddəsinin 1-ci hissəsinə əsasən səlahiyyətli dövlət orqanlarının tutduğu, həbsə aldığı, cinayət törədilməsində təqsirləndirdiyi hər bir şəxsə dərhal onun hüquqları bildirilir və tutulmasının, həbsə alınmasının və cinayət məsuliyyətinə cəlb edilməsinin səbəbləri izah edilir. Konstitusiyanın 71-ci maddəsinin İ və İİ hissələrində qeyd olunmuşdur: «Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur; insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz». Konstitusiyanın 127-ci maddəsinin İV hissəsində göstərilir ki, ədalət mühakiməsi vətəndaşların qanun və məhkəmə qarşısında bərabərliyi əsasında həyata keçirilir. Konstitusiyanın 148-ci maddəsinin İİ hissəsinə əsasən Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr Azərbaycan Respublikasının qanunvericilik sisteminin ayrılmaz tərkib hissəsidir. Konstitusiyanın 151-ci maddəsinə əsasən Azərbaycan Respublikasının qanunvericilik sisteminə daxil olan normativ-hüquqi aktlar ilə (Azərbaycan Respublikasının Konstitusiyası və referendumla qəbul edilən aktlar istisna olmaqla) Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələr arasında ziddiyət yaranarsa, həmin beynəlxalq müqavilələr tətbiq edilir. B) İnsan Hüquqlarının və X3 Haqqında Konvensiya (Avropa Konvensiyası) Avropa Konvensiyasının 5-ci maddəsinin 1-ci bəndinə əsasən hər kəsin azadlıq və şəxsi toxunulmazlıq hüququ vardır. Heç kəs qanunla müəyyən olunmuş aşağıdakı hallardan və qaydadan başqa, azadlıqdan məhrum edilə bilməz. C) yarımbəndi: hüquq pozuntusunun törədilməsində əsaslı şübhə ilə bağlı şəxsin səlahiyyətli məhkəmə orqanı qarşısında durmasından irəli gələn və ya onun tərəfindən törədilən hüquq pozuntusunun, yaxud törətdikdən sonra onun gizlənməsinin qarşısını almaq üçün kifayət qədər zəruri əsaslar olduğunun hesab edildiyi hallarda şəxsin tutulması və ya həbsə alınması. Avropa Konvensiyasının 5-ci maddəsinin 2-ci bəndinə əsasən tutulmuş hər kəsə ona aydın olan dildə onun tutulmasının səbəbləri və ona qarşı irəli sürülən istənilən ittiham barədə dərhal məlumat verilir.Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndinə əsasən hər həs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırması hüququna malikdir. Avropa Konvensiyasının 6-cı maddəsinin 3-cü bəndinin «b» və «c» yarımbəndlərinə əsasən cinayət törətməkdə ittiham olunan hər kəs öz müdafiəsini hazırlamaq üçün kifayət qədər vaxta və imkana malik olmaq, şəxsən və ya özünün seçdiyi müdafiəçi vasitəsilə özünü müdafiə etmək və ya müdafiəçinin xidmətini ödəmək üçün vəsaiti kifayət etmədiyi zaman, ədalət mühakiməsinin maraqları tələb etdikdə belə müdafiəçidən pulsuz istifadə etmək hüquqlarına malikdir. Avropa Konvensiyasının 19 və 32-ci maddələrinə əsasən İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi dövlətlərin Konvensiya və ona dair Protokollarla üzərinə götürdükləri öhdəliklərə riayət olunmasını təmin edir, o cümlədən Konvensiyanın və ona dair Protokolların müddəalarının şərhi və tətbiqi üzrə məsələləri həll edir. Avropa Konvensiyasının 46-cı maddəsinin 1-ci hissəsinə əsasən hər bir razılığa gələn yüksək tərəf istənilən anda bildirə bilər ki, o, məhkəmənin bu Konvensiyanın şərhinə və tətbiqinə dair bütün məsələlər üzrə məcburi olan yurisdiksiyasını xüsusi saziş olmadan və ipso-facto tanıyır. «Beynəlxalq müqavilələrin bağlanması, dəyişdirilməsi və denonsasiyası haqqında» 1969-cu il Vyana Konvensiyasının 3-cü maddəsində deyilir ki, beynəlxalq müqavilələr onların tətbiqi təcrübəsi ilə birlikdə məcburi xarakter daşıyır. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı İnsan Hüquqlarının və X3 Haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında»Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli qərarının 2-ci bəndində məhkəmələrə milli qanunvericiliklə yanaşı, Avropa Konvensiyasının müddəalarının rəhbər tutulması və bu zaman İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad edilməsi tövsiyyə olunmuşdur. Azərbaycan Respublikası CPM-nin 9.2-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş hallarda cinayət prosesi prinsiplərinin və ya şərtlərinin pozulması cinayət təqibi üzrə başa çatmış icraatın etibarsız sayılmasına, onun gedişində qəbul edilmiş qərarların ləğvinə, yaxud toplanmış materialların sübutedici qüvvəsinin olmaması qənaətinə gəlməyə səbəb ola bilər. Azərbaycan Respublikası CPM-nin 10.1-ci maddəsinə əsasən məhkəmələr və cinayət prosesinin iştirakçıları Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının digər qanunlarının, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına ciddi əməl etməlidirlər. Azərbaycan Respublikası CPM-nin 10.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının qüvvəyə minmiş və dərc edilmiş qanunu ilə müəyyən olunan əsaslardan və qaydalardan kənar heç kəsin cinayət təqibi üzrə şübhəli və ya təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb edilməsinə, tutulmasına, həbsə alınmasına, axtarılmasına, məcburi gətirilməsinə və digər prosessual məcburiyyət tədbirlərinə məruz qalmasına, habelə məhkum edilməsinə, cəzalandırılmasına, hüquq və azadlıqlarının digər formada məhdudlaşdırılmasına yol verilmir. Azərbaycan Respublikası CPM-nin 10.5-ci maddəsinə əsasən Qanunun bu maddəsində göstərilən tələblərin pozulması ilə aparılan prosessual hərəkətlərin və qəbul olunmuş qərarların hüquqi qüvvəsi yoxdur. Azərbaycan Respublikası CPM-nin 11.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında cinayət prosesi hər kəsin qanun və məhkəmə qarşısında hüquq bərabərliyi əsasında həyata keçirilir. Barbera, Messege və Xabardo İspaniyaya qarşı işdə Avropa Məhkəməsi bildirmişdir ki, ittiham verilən şəxsin təqsirsiz sayılmaq hüququ tələb edir ki, məhkəmənin üzvləri öz vəzifələrini icra edərkən, təqsirləndirilən şəxsin təqsirləndirildiyi cinayəti törətməsi kimi yanlış fikirdən çıxış etməsinlər; sübutetmə yükü ittiham tərəfinin üzərinə düşür və istənilən şübhə təqsirləndirilən şəxsin xeyrinə şərh edilməlidir. Minelli İsveçrəyə qarşı işdə Avropa Məhkəməsi qeyd etmişdir ki, təqsirsizlik prezumpsiyası ibtidai istintaqın necə nəticələnməsindən asılı olmayaraq, cinayət prosesinin bütün mərhələlərinə aiddir; o, təkcə ittihamın mahiyyətinin araşdırılması ilə məhdudlaşmır. Rinqvold Norveçə qarşı işdə Avropa Məhkəməsi belə bir hüquqi mövqeyini ifadə etmişdir ki, bəraət hökmü çıxarıldıqdan və ya qanunla nəzərdə tutulan müddət keçdiyinə görə prosesə xitam verildikdən sonra məsrəflərin əvəzinin ödənilməsi və kompensasiya üzrə işlərə, hətta həmin işlərdə müvafiq şəxs daha «cinayət törətməkdə ittiham olunan» şəxs olmasa belə, 6-cı maddənin 2-ci bəndi tətbiq edilə bilər. Kompensasiyaya dair proses cinayət prosesinin nəticəsidirsə və ya həmin proseslə əlaqədar olub paralel həyata keçirilirsə, bu halda da 6-cı maddənin 2-ci bəndi tətbiq edilir. «Taxqet Belçikaya qarşı» iş üzrə Avropa Məhkəməsinin 13 yanvar 2009-cu il tarixli qərarında göstərilir ki, vacibdir ki, qəbul edilmiş qərarın mənası təqsirləndirilən şəxslərə və eləcə də adından qərar qəbul edilən «Xalqa» izah edilsin, təqsirləndirilən şəxsin təqsirli və ya təqsirsiz olmasına dair qəbul etdiyi dəlilləri, hər bir suala hansı əsasla təsdiqedici və ya inkaredici cavab verməsinin səbəbləri göstərilsin. Azərbaycan Respublikası CPM-nin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn möhtəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası CPM-nin 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikası CPM-nin 351.3.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsiri onun təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələrin onun xeyrinə şərh edilməsi nəzərə alınmaqla sübuta yetirilmiş hesab edilə bilər. Azərbaycan Respublikası CPM-nin 350.2-ci maddəsinə əsasən bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. Azərbaycan Respublikası CPM-nin 55.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxs həmin məhkəmə baxışında aşkar və təxirə salınmadan Azərbaycan Respublikasının adından təqsirsiz elan edilməli və ona məhkəmənin hökmü ilə bəraət verilməlidir. Yuxarıda istinad olunan Azərbaycan Respublikası Konstitusiyasının təqsirsizlik prezumpsiyasından bəhs edən 63-cü maddəsinin 2-ci hissəsində göstərilir ki, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxsin təqsirsiz sayılmaq hüququ Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələrdə və onların tətbiqi təcrübəsində də öz əksini tapmışdır. Avropa Konvensiyasının 6-cı maddəsinin 2-ci bəndinə əsasən cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmin Məcəllənin 42.1.2 və 42.1.4-cü maddələrinə müvafiq olaraq təqsirləndirilən şəxsin təqsirliliyi sübuta yetirilmədikdə məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır. Beləliklə, məhkəmə cinayət işi dəlilləri üzrə dəyərləndirmə apararaq yekun olaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsində nəzərdə tutulan cinayəti törətməsi sübuta yetirilmədiyindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə bəraət verilməli, barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilməli və dərhal məhkəmə iclas zalında həbsdən azad edilməlidir Həmçinin, məhkəmə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi məqsədi ilə, Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən təqsirləndirilən şəxsin hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 15 saat üçün 90 manat pulun Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli qərarına əsasən dövlət büdcəsindən tutulub Quba rayon Vəkil Bürosunun hesabına ödənilməsini əsaslı hesab edir. Məhkəmə bəraət hökmü çıxarılması qənaətinə gəldiyindən həmçinin qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə qanunsuz təqsirləndirilən şəxs qismində cəlb edilməsi, qanunsuz məhkəməyə verilməsi nəticəsində vurulmuş zərərin ödənilməsini tələb etmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 42.1.4, 55.1, 344-347, 349-350, 352-353, 356-358, 383 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs, ona qarşı irəli sürülmüş cinayətin törədilməsində təqsirliliyi sübuta yetirilməməsi əsası ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsilə ona bəraət verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri ləğv edilsin və dərhal məhkəmə iclas zalında həbsdən azad edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə qanunsuz təqsirləndirilən şəxs qismində cəlb edilməsi, qanunsuz məhkəməyə verilməsi nəticəsində vurulmuş zərərin ödənilməsi hüququ və həmin hüququn həyata keçirilməsi qaydası izah edilsin. Hökmdən 20 gün müddətində Quba rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya şikayəti və apellyasiya protesti verilməzsə, qeyd olunan müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Rahim Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar