Məhkəmə qərarları › İş №1(027)-131/2022

Quba Rayon Məhkəməsi Hökm — İş №1(027)-131/2022

12.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Quba şəhəri İş № 1(027)-131/2022 12.10.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, Məhkəmə iclas katibi X2, Dövlət İttihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon və (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, Dövlət ittihamçısı, Zərər çəkmiş şəxs: Zərərçəkmiş şəxs nümayəndəsi Müdafiəçi2, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi1 iştirakları ilə, 01 avqust 1997-ci ildə Quba rayonu, Zərqava kəndində anadan olan, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Quba rayonu, Güləzi kəndində qeydiyyatda olmaqla Quba şəhəri 29/31-ci məhəllədə yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 188.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: Təqsirləndirilən şəxs 2017-ci ilin avqust ayında Quba şəhəri H.Əliyev prospektində Sədərək Ticarət Mərkəzinin arxasında yerləşən **********46 reyestr nömrəli 15 oktyabr 2020-ci il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Zərərçəkmiş şəxs məxsus kənd təsərrüfatı təyinatlı 4.2 ha torpaq sahəsinin 0,02 hektar hissəsini mülkiyyət, istifadə və ya icarə hüququ olmadan, özbaşına tutmaqla fərdi yaşayış evi inşa edərək tikinti quraşdırma işləri aparmışdır. Məhkəmədə təqsirləndirilən şəxs və mülki cavabdeh qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 188.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki o, 2017-ci ildə Şahid2 ilə ailə həyatı qurmuşdur. Ailə həyatı qurduqdan sonra, özünə ayrıca ev inşa etmək qərarına gəlmişdir. Ona görə də bir neçə dəfə Quba rayon bələdiyyəsinə torpaqla bağlı müraciət etsə də bələdiyyədən ona boş torpaq sahəsinin olmadığını bildirmişlər. Bundan sonra o, 2017-ci ilin avqust ayında yaşadığı evin yaxınlığında 2 sot torpaq sahəsini özbaşına çəpərləyərək orada tikinti işləri aparmış, yəni, özünə ev inşa etmişdir. Hazırda da inşa etdiyi həmin evdə arvadı Şahid2 və azyaşlı övladları ilə birlikdə yaşayır. O, yaşadığı evin inşa edilməsi ilə bağlı icra hakimiyyəti və ya digər orqanlardan rəsmi qaydada icazə almamışdır. Həmçinin yaşadığı evin tikintisi ilə bağlı heç bir sənədi yoxdur. İfadəsinin sonunda Təqsirləndirilən şəxs mülki iddianı qəbul etmədiyini, zərərçəkmiş şəxslə barışmağa cəhd etdiyini və törətdiyi cinayət əməldən peşman olmasını nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmədə mülkü iddiaçı və zərərçəkmiş şəxs qismində tanınmış Zərərçəkmiş şəxs nümayəndəsi qismində dindirilmiş Müdafiəçi2 göstərdi ki, Zərərçəkmiş şəxs uzun illərdir ki, sahibkarlıq fəaliyyəti ilə məşğul olur. Onun mülkiyyətində olan və qanuni əsaslarla dövlət qeydiyyatına alınmış Quba şəhəri ərazisində Sədərək Ticarət mərkəzinin arxa tərəfində yerləşən 4.2 ha torpaq sahəsi mövcuddur. O, həmin torpaq sahəsini 1997-ci ildə dövlət aktına əsasən alsa da, 2020-ci ildə həmin torpaq sahəsininin dövlət aktını rəsmi reyestrdən çıxarışla əvəzləmiş və o, dövlət reyestrindən çıxarış alan zaman torpaq sahəsinin təyinatının kənd təsərrüfatı təyinatlı olduğunu öyrənmişdir. Çıxarış almazdan əvvəl isə dövlət aktına əsasən həmin torpaq sahəsi tikinti təyinatlı torpaq sahəsi olmuşdur. Həmin torpaq sahəsinin onun mülkiyyətində olmasını təsdiq edən **********46 reyestr nömrəli 15 oktyabr 2020-ci il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış da mövcuddur. O, sahibkarlıq faəliyyəti ilə əlaqədar olaraq daimi olaraq Bakı şəhərində olduğundan Sədərək Ticarət mərkəzinin arxa tərəfində yerləşən 4.2 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə uzun illər nəzarət edə bilməmişdir. Lakin sonradan həmin torpaq sahəsində Quba rayon sakinləri tərəfindən zəbt edilərək qanunsuz fərdi yaşayış evləri tikildiyini öyrənmişdir. O, sakinlər tərəfindən ona məxsus torpaq sahəsinin qanunsuz olaraq zəbt edildiyini öyrəndikdən sonra, nümayəndələrinin vasitəsi ilə həmin vətəndaşlara xəbərdarlıq etmişdir. O, ümumiyyətlə orada yaşayan heç bir vətəndaşla şəxsən ünsiyyətdə olmamışdır. Sonradan isə həmin vətəndaşlar barəsində qanuni tədbir görülməsindən ötrü aidiyyəti üzrə hüquq-mühafizə orqanlarına müraciət etmişdir. İfadəsinin sonunda Müdafiəçi2 mülki iddianın təmin olunması və təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 göstərdi ki, Təqsirləndirilən şəxs onun əridir. O, Təqsirləndirilən şəxsla 2017-ci ildə ailə həyatı qurmuşdur. Ailə həyatı qurduqdan sonra Şahmurad, hazırda yaşadıqları evi inşa etmişdir. Əri Təqsirləndirilən şəxs hazırda yaşadıqları evi inşa etməmişdən əvvəl onlar qaynanası Kifayət Qasımova ilə birlikdə yaşayırmışlar. Sonradan isə Şahmurad hazırki yaşadıqları evi inşa etmiş və onlar 2017-ci ildən həmin evdə yaşamışlar. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin çıxarışından görünür ki, xx.xx.2020-ci il tarixində qeydiyyata alınmış, ********** qeydiyyat nömrəli daşınmaz əmlakın **********6 reyestr nömrəli 4.2 ha kənd təsərrüfatı təyinatlı xüsusi mülkiyyətdə olan torpaq sahəsi Zərərçəkmiş şəxs məxsusdur. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi, özünün etirafedici ifadəsi ilə yanaşı zərərçəkmiş şəxsin nümayəndəsinin ifadəsi, şahid ifadələri və məhkəmə istintaqı zamanı təhqiq edilmiş digər mötəbər subutlarla tam sübuta yetirilir. Təqsirləndirilən şəxs hərəkətlərinə münasibətdə əməlinin cinayət olmasını aradan qaldıran halların, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməlləri istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Odur ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin təqsirləndirildiyi maddələrin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 5.1-ci maddəsinə əsasən, əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər yalnız bu Məcəllə ilə müəyyən edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə müvafiq olaraq cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə müvafiq olaraq cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, habelə təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. İşdə olan Daxili işlər Nazirliyinin Baş Əməliyyat Statistik İnformasiya idarəsi tərəfindən verilmiş tələbnamədən gürünür ki, Təqsirləndirilən şəxs 06 fevral 2020-ci il tarixli Quba rayon Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 263-1.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətinə nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilməklə 6000 manat cərimə cəzasına məhkum edilmiş, 22 iyul 2020-ci tarixli Quba rayon Məhkəməsinin qərarı ilə cərimə cəzası 02 il islah işləri cəzası ilə əvəz edilmiş və 13 dekabr 2021-ci il tarixdə Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli amnistiya qərarının 2.8-ci bəndinə əsasən cəzadan azad olunmuşdur. İş materiallarına əlavə olunmuş Quba rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2022ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Quba rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə təyin edilmiş əsas və əlavə cəzanı çəkib qurtarmışdır. İşdə olan Quba şəhər İHB-nın Quba şəhəri üzrə Nümayəndəliyi tərəfindən verilmiş arayıdan görünür ki, Təqsirləndirilən şəxs Quba şəhəri 29/31-ci məhəllədə yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan Doğum haqqında şəhadətnamələrin ksero surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2019 və xx.xx.2020-ci il təvəllüdlü iki azyaşlı övladı var. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən zərərçəkmiş şəxs ilə barışıq əldə etməyə cəhd etməsini, törətdiyi əməldən peşman olmasını, himayəsində azyaşlı uşaqlarının olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə tərəfindən Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Azərbaycan Respublikası CM-in 188.3-cü maddəsinin sanksiyasında üç ildən beş ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd olunan Qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddələrin sanksiyası həddində, azadlığın məhdudlaşdırılması cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.5-ci maddəinə əsasən məhkəmənin müəyyən etdiyi vəzifələri mütəmadi və ya qərəzli olaraq yerinə yetirməkdən boyun qaçıran məhkumun cəzasının çəkilməmiş hissəsi cəzanın icrasına nəzarət edən orqanın təqdimatı əsasında məhkəmə tərəfindən müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza ilə əvəz edilir. Bu zaman iki gün azadlığın məhdudlaşdırılması bir gün azadlıqdan məhrum etmə hesabı ilə hesablanır. Həmçinin Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Məhkəmə iş üzrə mövcud sübutlara cinayət-prosessual, mülki və mülki-prosessual qanunvericiliyinin müvafiq normaları əsasında hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, cinayət işi üzrə mülki iddiaçı qismində tanınmış Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən ona məxsus olan 0,02 ha torpaq sahəsindən çıxarılması və həmin torpaq sahəsində inşa edilmiş tikililər Təqsirləndirilən şəxs hesabına sökülərək torpaq sahəsinin əvvəlki vəziyyətinə qaytarılmasını tələb etmişdir. Məhkəmə istintaq zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs məxsus kənd təsərrüfatı təyinatlı 4.2 ha torpaq sahəsinin 0,02 hektar hissəsini mülkiyyət, istifadə və ya icarə hüququ olmadan, özbaşına tutmaqla fərdi yaşayış evi inşa edərək tikinti quraşdırma işləri aparmışdır. Ona görə də, iş üzrə mülki iddia təmin edilməli və Qasımov X1 Yusif Qafar oğluna məxsus olan 4.2 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin, zəbt etdiyi 0,02 ha torpaq sahəsi hissəsindən çıxarılmaqla həmin torpaq sahəsində inşa edilmiş tikililər Təqsirləndirilən şəxs hesabına sökülməli və torpaq sahəsi əvvəlki vəziyyətinə qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 179.3-cü maddəsinə əsasən mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. Azərbaycan Respublikası CPM-nin 179.4-cü maddəsinə əsasən Cinayət mühakimə icraatında mülki iddiaya mülki hüquq və hüququn digər sahələri üçün müəyyən edilmiş iddia müddəti tətbiq edilmir. Azərbaycan Respublikası CPM-nin 353.4.10-cu maddəsinə əsasən məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində mülki iddianın həlli və məhkəmə xərclərinin ödənilməsi (kimin və hansı məbləğdə ödəməsi) göstərilməlidir. Azərbaycan Respublikası CPM-nin 354.1.1-ci maddəsinə əsasən məhkəmənin hökmündə mülki iddianın əsaslarının və məbləğinin sübuta yetirilməsindən asılı olaraq o cümlədən iddianın tam və ya qismən təmin edilməsi barədə qərar çıxarılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1-ci maddəsində göstərilir ki, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmçinin, MMin 180.4-cü maddəsində isə göstərilir ki, bu cür tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Bu, o deməkdir ki, özbaşına tikinti icra hakimiyyətinin və ya başqa hər hansı dövlət orqanının göstərişi və ya tələbi ilə birbaşa sökülə bilməz. Mülki Məcəllənin tələbi budur ki, tikili (istər ev, istərsə də qeyri-yaşayış sahəsi olsun) yalnız məhkəmənin söküntü barədə qərarı əsasında sökülə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MM) 386.1-ci maddəsinə əsasən Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası MM-nin 443.1-ci maddəsinə əsasən Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Azərbaycan Respublikası MM-nin 443.2-ci maddəsinə əsasən zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. Azərbaycan Respublikası MM-nin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası MM-nin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası MM-nin 1091.1 və 1091.2-ci maddələrinə əsasən Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Azərbaycan Respublikası MM-nin 1097.1-ci maddəsinə əsasən Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. Azərbaycan Respublikası MPM-nin 5.1-ci maddəsinə əsasən hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanır. İş materiallarında olan təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində 01 iyul 2022-ci il tarixdə “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası CPM-nin 346.1 və 346.1.20-ci maddələrinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında digər məsələlərlə yanaşı həmçinin qətimkan tədbirinin ləğv edilməli, dəyişdirilməli və seçilməli (məhz hansı tədbirin) olub-olmadığı məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). Həmin Məcəllənin 353.4.12-ci maddəsinə görə, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində hökm qanuni qüvvəyə minənədək məhkumun barəsində seçilmiş qətimkan tədbirinin həlli göstərilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması növündə cəza təyin edildiyindən onun barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılmalıdır. Həmçinin, məhkəmə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi məqsədi ilə, Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1 tərəfindən təqsirləndirilən şəxsin hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 05 saat üçün 30 manat pulun Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli qərarına əsasən dövlət büdcəsindən tutulub Quba rayon Vəkil Bürosunun hesabına ödənilməsini əsaslı hesab edir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində qeyd olunmuş əmlakın müəyyən olunmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs xüsusi müsadirə cinayət-hüquqi tədbiri tətbiq olunmamalıdır. Cinayət işi üzrə maddi subutun, məhkəmə xərcinin və xüsusi müsadirə tətbiq edilməli əmlakın olmaması nəzərə alınmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 349. 351- 353, 356- 357, 381, 383 və 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə H ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 188.3-cü maddəsi ilə təqsirli bilinib 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs üzərinə Quba şəhəri, 29/31-ci məhəllə ünvanında yerləşən yaşadığı evi axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, cəzanın icrasına nəzarət edən orqana məlumat vermədən Quba rayonu ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəza çəkilməsi müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılsın. Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 30 (otuz) manat məbləğində pul dövlət büdcəsindən tutulub, Quba rayon Vəkil Bürosunun hesabına keçirilsin. Mülki iddia təmin edilsin. Qasımov X1 Yusif Qafar oğluna məxsus olan 4.2 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin, zəbt etdiyi 0,02 ha torpaq sahəsi hissəsindən çıxarılsın, həmin torpaq sahəsində inşa edilmiş tikililər Təqsirləndirilən şəxs hesabına sökülsün və torpaq sahəsi əvvəlki vəziyyətinə qaytarılsın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Quba rayon İcra və probasiya şöbəsinə tapşırılsın. İş üzrə məhkəmə xərci və maddi sübut yoxdur. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətinə Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Rahim Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar