Məhkəmə qərarları › İş №1(027)-132/2021

Quba Rayon Məhkəməsi Hökm — İş №1(027)-132/2021

23.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Quba şəhəri İş № 1(027)-132/2021 23.11.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim – Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon və (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs, müdafiəçi – Quba rayon vəkil bürosunun vəkili X2, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə xx.xx.1985-ci il tarixdə Quba rayonu, Ağbil kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, fərdi əməklə məşğul olan, orta təhsilli, məhkum olunmamış, Quba rayonu, Ağbil kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan, 14.08.2021-ci il tarixdə barəsində başqa yerə getməmək haqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Quba Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i : Təqsirləndirilən şəxs cavabdeh kimi ondan 10.04.2017-ci il tarixdən hesablanmaqla 15.06.2009-cu il təvəllüdlü X5 və 12.08.2010-cu il təvəllüdlü X8 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay hər uşaq üçün 100 manat olmaqla, cəmi 200 manat sabit pul məbləğində alimentin tutularaq tələbkar Orucova (Məmmədova) Aysel Nemət qızına ödənilməsinə dair Quba Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 23.05.2017-ci il tarixli, 2(027)-1753/17 №-li qətnaməsini üzürsüz səbəbdən müəyyən olunmuş müddətdə icra etmədiyinə və icra məmurunun qanuni tələbini üzrsüz səbəbdən yerinə yetirmədiyinə görə barəsində çıxarılmış 10.01.2020-ci il tarixli inzibati xəta haqqında protokol əsasında Quba Rayon Məhkəməsinin həmin tarixli, 3(027)- 26/2020 saylı qərarı ilə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati xətanı törədməkdə təqsirli bilinərək 500 manat məbləğində inzibati qaydada cərimə edilməsinə, habelə icra sənədindəki tələbi icra etməsi üçün ona yeni müddət təyin edilərək 11.02.2020-ci. 15.02.2021-ci və 02.04.2021-ci il tarixlərdə məsuliyyəti elan olunmaqla rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq öz hərəkətlərini davam etdirməklə şəxsi maraq niyyəti ilə cinayət təqibi başlanılması məsələsinə baxılması üçün təqdimat verilən 23.04.2021-ci tarixədək 9100 manat məbləğində aliment borcunu ödəməyərək zərərçəkmiş şəxs Orucova (Məmmədova) Aysel Nemət qızına ziyan vurmaqla yanaşı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq icra etməməklə ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı işin tədqiq olunmuş obyektiv halları ilə tam sübuta yetirilir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə ona qarşı irəli sürülmüş ittihamda təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs ilə 03.08.2008-ci il tarixdə nikaha daxil olmuşdur. Birgə nikahlarından 2009-cu il təvəllüdlü Şəhla və 2010-cu il təvəllüdlü Turan adlı uşaqları dünyaya gəlmişdir. Əvvəllər münasibətləri yaxşı olsa da sonradan münasibətləri pozulmuşdur. Bundan sonra Zərərçəkmiş şəxs məhkəməyə müraciət etmiş və Quba rayon Məhkəməsinin 23.05.2017-ci il tarixli qətnaməsi ilə 10.04.2017-ci il tarixdən hesablanmaqla 15.06.2009-cu il təvəllüdlü X5 və 12.08.2010-cu il təvəllüdlü X8 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay hər uşaq üçün 100 manat olmaqla cəmi 200 manat sabit pul məbləğində alimentin tutularaq Orucova (Məmmədova) Aysel Nemət qızına ödənilməsi qət edilmişdir. Qətnamə icra olunması üçün Quba rayon İcra və Probasiya şöbəsinə göndərilmişdir. Birgə nikah dövründə aldığı torpaq sahəsinin və evin özünə düşən hissəsindən Zərərçəkmiş şəxs xeyrinə imtina etmiş, Zərərçəkmiş şəxs isə evi öz adına keçirmişdir. Zərərçəkmiş şəxs isə bunun qarşılığında alimentdən imtina etməli idi. Lakin Zərərçəkmiş şəxs razılaşmanın üstündə durmamışdır. Alimenti ödəmədiyinə görə Quba Rayon Məhkəməsinin 2020-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 500 manat məbləğində cərimə edilmişdir. Taksı fəaliyyəti ilə məşğuldur və aylıq qazancı 250-300 manat təşkil edir. Əlavə olaraq hər ilin yay mövsümündə meyvə alveri ilə məşğul olur və 2- 3 aya 3000-3500 manat gəliri olur. Alimentin ödənilməməsinin səbəbi Zərərçəkmiş şəxs ilə aralarında razılaşmanın olmasını həmin razılaşmanın tələbkar tərəfində yerinə yetirilməməsi və onun tərəfindən aldadılması olmuşdur. Hal-hazırda aliment borcunu ödəməyə maddi imkanı yoxdur. İfadəsinin sonunda təqsirləndirilən şəxs ona yüngül cəza təyin etməyi məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Orucova (Məmmədova) Aysel Nemət qızı ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə 03.08.2008-ci il tarixdə rəsmi nikaha daxil olmuşdur. Birgə nikahdan 15.06.2009-cu il tarixdə Şəhla və 12.08.2010-cu il tarixdə Turan adlı iki uşaqları dünyaya gəlmişdir. Əvvəllər münasibətləri yaxşı olsa da, sonradan münasibətləri pozulmuşdur. Bundan sonra məhkəməyə müraciət etmiş və Quba rayon Məhkəməsinin qətnaməsinə əsaəsn Təqsirləndirilən şəxs 10.04.2017-ci il tarixdə hesablanmaqla 15.06.2009-cu il təvəllüdlü X5 və 12.08.2010-cu il təvəllüdlü X8 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay hər uşaq üçün 100 manat olmaqla cəmi 200 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Qətnamə icra olunması Quba rayon İcra və Probasiya şöbəsinə göndərilmiş, icra dövründə Təqsirləndirilən şəxs aliment ödəməyəcəyini bəyan etmişdir. İcra məmurunun qanuni tələblərini yerinə yetirmədiyindən və aliment ödəməyindən inzibati protokol tərtib olunaraq baxılması üçün Quba rayon Məhkəməsinə göndərilmiş, həmin vaxt borcundan 500 manat ödəniş etdiyindən inzibati xəta üzrə işə xitam verilmişdir. Bundan sonra yenidən 2020-ci ildə inzibati protokol tərtib olunmuş və həmin məhkəmənin qərarı ilə 500 manat məbləğində cərimə edilmişdir. Təqsirləndirilən şəxs meyvə alveri ilə məşğuldur və maddi imkanı kifayət qədər yaxşıdır. 23.04.2021-ci il tarixə Təqsirləndirilən şəxs 9100 manat aliment borcu mövcuddur. İfadəsinin sonunda Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs qanunla nəzərdə tutulmuş ağır cəzanın təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Quba rayon İcra və Probasiya şöbəsinin icra məmuru Şahid1 ifadəsində göstərmişdir ki, Quba rayon Məhkəməsinin 23.05.2017-ci il tarixli. 2(027)-1753/2017 saylı icra sənədinə əsasən iki uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün Təqsirləndirilən şəxs 10.04.2017-ci il tarixdən hər ay 200 manat pul məbləğində aliment tutularaq Orucova (Məmmədova) Aysel Nemət qızına verilməlidir. İcra sənədi 18.09.2017-ci il tarixdə şöbənin icraatına daxil olmuş və müfaviq qaydada icraata başlanılmışdır. Başlanılmış icraat zamanı borclu tələbi təmin etməmişdir. Borclu Təqsirləndirilən şəxs 08.01.2020-ci il tarixdə şöbəyə dəvət edilmiş, ona aliment üzrə yaranmış borclarını ödəməsi təklif olunsada o, borcu ödəməkdən imtina etdiyi üçün barəsində inzibati protokol tərtib olunaraq məhkəməyə təqdim olunmuşdur. Quba rayon Məhkəməsinin həmin qərarına əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanı törətməkdə təqsirli bilinib 500 manat məbləğində cərimə edilmişdir. Qanunvericiliyin tələbinə əsasən icra sənədinin icrası ilə bağlı borclu Təqsirləndirilən şəxs 10 gün yeni icra müddəti təyin edilmiş və bu müddət ərzində tələbi təmin etməyəcəyi təqdirdə Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə cinayət məsuliyyəti daşıyacağı barədə bildiriş göndərilmişdir. Lakin borclu Təqsirləndirilən şəxs qəbul etməsinə və inzibati məsuliyyətə cəlb olunmasına baxmayaraq tələbi təmin etməkdən qərəzli olaraq boyun qaçırmağa davam etmiş, o cümlədən işlə təmin olunması üçün məşğulluq orqanına müraciət etməmişdir. Quba rayon Məhkəməsinin 29.01.2020-ci il il tarixli qəradadına əsasən borclunun ölkədən getmək hüququ müvəqqəti olaraq məhdudlaşdırılmışdır. Təqsirləndirilən şəxs tərəfindən cari ilin mart ayı daxil olmaqla tələbkarın xeyrinə cəmi 500 manat məbləğində aliment pulu ödəmişdir, onun aliment üzrə 9100 manat məbləğində aliment borcu vardır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Quba rayon İcra və Probasiya şöbəsinin icra məmuru Şahid2 Gülbala oğlu Şahid1 ifadəsinə oxşar ifadə vermişdir. İş materiallarında olan Quba Rayon Məhkəməsinin 2(027)-1753/2017 saylı 23 may 2017-ci il tarixli qətnaməsinin surətindən görünür ki, iddiaçı X4 iddia tələbi qismən təmin edilərək, Təqsirləndirilən şəxs 10.04.2017-ci il tarixdən başlayaraq 15.06.2009-cu il təvəllüdlü X5 və 12.08.2010-cu il təvəllüdlü X8 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay hər uşaq üçün 100 manat məbləğində, cəmi isə 200 manat sabit pul məbləğində alimentin tutularaq tələbkar X6 ödənilməsi qət edilmişdir. İş materiallarında olan 18.09.2017-ci il tarixli icraata başlamaq haqqında qərarın surətindən görünür ki, Quba Rayon Məhkəməsinin 2(027)-1753/2017 saylı, 18 sentyabr 2017-ci il tarixli icra sənədi üzrə icraata başlanılmış, borclu Təqsirləndirilən şəxs 10 gün müddətində icranı könüllü təmin etməsi təklif edilmişdir. İş materiallarında olan Quba Rayon İcra Şöbəsinin xəbərdarlıq məktublarının surətindən görünür ki, Təqsirləndirilən şəxs icra şöbəsinə gəlmədiyi təqdirdə barəsində məcburi icra tədbirlərinin görüləcəyi barədə xəbərdarlıq edilmişdir. İş materiallarında olan Quba Rayon Məhkəməsinin 3(027)-26/2020 saylı 10.01.2020-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsilə təqsirli bilinərək 500 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. İş materiallarında olan Quba Rayon Məhkəməsinin 10.01.2020-ci il tarixli qərardadının surətindən görünür ki, icra sənədinin icrasını təmin etmək məqsədi ilə Təqsirləndirilən şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. Məhkəmə təqsirləndirilən şəxsi, zərərçəkmiş şəxsi və şahidləri dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri özünün, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri eləcədə məhkəmə istintaqı zamanı təhqiq olunmuş digər subutlarla tam sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs oğlunun törətdiyi cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə tövsif olunmuş və ona həmin maddənin sanksiyası daxilində cəza təyin edilməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, habelə əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Odur ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə təqsirləndirilən şəxs oğlu Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin təqsirləndirildiyi maddənin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən, cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 5.1-ci maddəsinə əsasən, əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər yalnız bu Məcəllə ilə müəyyən edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə müvafiq olaraq cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə müvafiq olaraq cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, habelə təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistika və İnformasiya İdarəsi tərəfindən verilmiş 17 iyun 2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. İş materiallarında olan Quba RİHB-nın Vladimirovka İƏD-si Üzrə Nümayəndəliyi tərəfindən verilmiş arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Quba rayonu, Ağbil kəndində qeydiyyatda olmaqla yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun yaşayış yeri üzrə müsbət xarakterizə olmasını Azərbaycan Respublikası 59.2-ci maddələrinə əsasən cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmə tərəfindən Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən təqsirləndirilən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Azərbaycan Respublikasının CM-nin 306.1-ci maddəsinin sanksiyasında iki min manatdan dörd min manatadək miqdarda cərimə və ya üç yüz iyirmi saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulmuşdur. Törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Bu növ cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. İş materiallarında olan axtarışda olan şəxsin tutulması barədə 13.08.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 13.08.2021-ci il tarxdə şübhəli şəxs kimi tutulmuşdur. İş materiallarında olan qətimkan tədbirinin seçilməsi haqqında 14.08.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həmin tarixdə ”başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası CPM-158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlandığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxildir. Azərbaycan Respublikası CPM-nin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlama müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə hesab edir ki, Qanunun bu tələbi baxımından X9 13 avqust 2021-ci il tarixdən 14 avqust 2021-ci il tarixədək tutulduğu 01 gün müddət ona təyin olunacaq cəzaından çıxılmaqla ona qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası CPM-nin 346.1 və 346.1.20-ci maddələrinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında digər məsələlərlə yanaşı həmçinin qətimkan tədbirinin ləğv edilməli, dəyişdirilməli və seçilməli (məhz hansı tədbirin) olubolmadığı məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). Həmin Məcəllənin 353.4.12-ci maddəsinə görə, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində hökm qanuni qüvvəyə minənədək məhkumun barəsində seçilmiş qətimkan tədbirinin həlli göstərilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza təyin ediləcəyi təqdirdə onun barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri «həbs» qətimkan tədbiri ilə əvəz edilməli və seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası CM-nin 56.1.2-cı maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs oğlunun cəzaçəkmə müddətinin əvvəli 23 noyabr 2021-ci il tarixdən hesablanmalıdır. Məhkəmə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi məqsədi ilə Quba rayon Vəkil Bürosunun vəkili X7 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 20 saat üçün 120 manat pulun Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli qərarına əsasən dövlət büdcəsindən tutulub Quba rayon Vəkil Bürosunun hesabına ödənilməsini əsaslı hesab edir. İş üzrə maddi sübut, məhkəmə məsrəfləri və mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 185, 344-349, 351-353, 358, 384, 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H ö k m e t d i : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 01 (bir) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 13 avqust 2021-ci il tarixdən 14 avqust 2021-ci il tarixədək tutulduğu 01 (bir) gün müddət təyin edilmiş cəzadan çıxılaraq onun üzərində qəti olaraq 11 (on bir) ay 29 (iyirmi doqquz) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzasının əvvəli 23 noyabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri «həbs» qətimkan tədbiri ilə əvəz edilsin və seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Quba rayon Vəkil Bürosunun vəkili X1 etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 20 (iyirmi) iş saatına görə 120 (yüz iyirmi) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsindən Quba rayon Vəkil Bürosunun hesabına (H/h AZ1862İBAZ********************, Bank rekvizitləri: ABB Quba filialı, VÖEN: **********, Kod: 805476) köçürülsün. Hökmün icrası Quba rayon polis şöbəsinə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasına həvalə olunsun. Müsadirə olunası əmlak və mülki iddianın olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu andan, həbsdə saxlanılan məhkum şəxsə isə rəsmi qaydada verildiyi andan 20 gün müddətinə Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Sədrlik edən: Vüqar Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar