Məhkəmə qərarları › İş №1(027)-132/2022

Quba Rayon Məhkəməsi Hökm — İş №1(027)-132/2022

23.08.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Quba şəhəri İş № 1(027)-132/2022 23.08.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov İlqar Aslan oğlunun sədrliyi, Muradov Əli Şakir oğlunun katibliyi, Dövlət İttihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, Dövlət ittihamçısı, Zərər çəkmiş şəxs: Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1971-ci ildə Qusar rayonu, Gedəzeyxur kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkum olunmamış, Qusar rayonu, Gedəzeyxur kəndində qeydiyyatda olmaqla Quba rayonu, Qırmızı qəsəbə, Zevin küçəsi 31 saylı evdə yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Təqsirləndirilən şəxs 15 aprel 2022-ci il tarixdə saat 13 radələrində Quba rayonu, Qırmızı qəsəbə ərazisində X8 məxsus fərdi yaşayış evinə açıq pəncərədən qanunsuz daxil olaraq evin birinci mərtəbəsində yerləşən otaqdakı divanın üzərindən həmin evə evin sahibi tərəfindən nəzarət edilməsi həvalə olunmuş Zərərçəkmiş şəxs məxsus 10200 manat ekvivalentində 6000 ABŞ dollar pulu gizli olaraq talayaraq zərərçəkmiş Zərərçəkmiş şəxs xeyli miqdarda ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 177.2.3 və 177.2.4-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, 2000-ci ildən Quba rayonu, Qırımızı qəsəbə ərazisində yaşayır və təmizlik işləri ilə məşğul olub ailəsi üçün çörək pulu qazanır. 15 aprel 2022-ci ildə saat 13 radələrində o, qəsəbə ərazisində təmizlik işləri görən zaman görmüşdür ki, çayın kənarında tanımadığı şəxsə məxsus olan mənzilin dəmir darvazasının yaxınlığında ağac qabıqları var. O, həmin ağac qabıqlarını götürmək üçün darvazaya yaxınlaşan zaman giriş qapısının açıq olduğunu görmüşdür. O, maraq üçün darvazanın açıq qapısından həyətə daxil olub görmüşdür ki, həyətdə heç kəs yoxdur. O, evə tərəf yaxınlaşdıqa görmüşdür ki, evin birinci mərtəbəsinin pəncərəsi açıqdır. O, həmin pəncərədən evə daxil olmuşdur ki, evdə qiymətli nəsə olsa oğurlasın. Evdə heç kəsin olmadığına əmin olduqdan sonra evdə dəyərli bir şeyin olub-olmadığına baxmışdır. Fikirləşmişdir ki, bir şey tapmasa aliminumum qab qaçağı otaqda olan zənbilə yığıb aparıb satsın. Otaqda olan aşsüzəni zənbilə qoymaq istəyərkən, divanın üzərində olan örtüyü qaldırıb alt hissəsinə baxan zaman orada bir ədəd qırmzı rəngli qapaqla bağlanmış şəffaf rəngli plastik qab görmüşdür. O, həmin qabı götürərək qapağını açıb görmüşdür ki, yapışdırıcı skoçla bağlanmış halda qabın içərisində xeyli miqdarda ABŞ dolları var. O, içkili olduğundan həmin pulları saymamış, həmin pulları götürüb əynindəki köynəyin sol qoltuq cibinə qoyaraq evə daxil olduğu pəncərədən də həyətə çıxmışdır. Sonra həyətin qapısını arxadan bağlamış, orada olan taxta nərdivanın köməyi ilə daş hasardan küçəyə çıxmışdır ki, evdən oğurluq olmasından şübhələnməsinlər. Evdən çıxdıqdan sonra, çayın kənarı ilə piyada Quba şəhərinin mərkəzinə getmişdir ki, araq və yemək alaraq evə getsin. Çayın kənarında olan zaman oğurladığı pulları çıxarıb saydıqda görmüşdür ki, cibində 6000 ABŞ dollar pul var. Onun oğurluq etməsi barədə ailə üzvlərindən heç kəsin xəbəri olmamışdır. 26 aprel 2022-ci il tarixdə günorta saatlarında o, qeydiyyatda olduğu Qusar rayonu, Gedəzeyxur kəndinə getmişdir. Həmin gün kəndə kəndirbaz və onun qruppası gəlmişdir. O, kənddə həmin kəndirbazın çıxışına baxmış və həmin çıxşda iştirak edən kosa paltarını geyən şəxsə oğurladığı puldan 200 ABŞ dolları və 70 manat pul vermişdir. İfadəsinin sonunda Təqsirləndirilən şəxs törətdiyi əməllərdən peşman olduğunu, zərərçəkmiş şəxslərə vurduğu zərəri ödədiyini və zərərçəkmiş şəxslər ilə barışıq əldə etməsini bildirib ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 17 ildir ki, Quba rayonu, Qırmızı qəsəbədə Tarxun adlı şəxsin evində yaşayır, eləcə də həmin evə nəzarət edir. Həmin evdən təxminən 30 metr aralıda X9 məxsus evə də nəzarət edir. X12 Federasiyasında yaşadığından evə nəzarət etməyi ona həvalə etmişdir. Həmin evin qapı pəncərəsi həmişə bağlı olur. Təkcə o, evin aşağı mərtəbəsinin bir otağının kiçik pəncərəsini açıq qoymuşdur ki, havası dəyişsin. Həmin evdə xeyli əşyalar vardır. O, özünə məxsus 6000 ABŞ dollar pulu skoça büküb boş kauçuk düyü qutusunun içərisinə qoyub həmin qutunu da skoçla bağlamışdır. Həmin düyü qutusunu Zorikə məxsus evin aşağı mərtəbəsində yerləşən yataq otağındakı divanın üstünə qoymuşdur. Həmin qutunun üzərinə isə yun adyal atmışdır. 2022-ci ilin aprel ayının ortalarında işləri çox olduğu üçün o, Zorikin evinə gedib gələ bilməmişdir. 17 may 2022-ci il tarixdə o, axşam vaxtı Zorikin evinə baxmağa getdikdə görmüşdür ki, evin içərisində olan bəzi əşyalar dağınıq vəziyyətdədir. O, 6000 ABŞ dollar pulu qoyduğu yerə baxdıqda həmin pulun divanın üzərində olmadığını görmüşdür. Həmin evin birinci mərtəbəsinin kiçik pəncərəsi açıq olduğu üçün o, hesab etmişdir ki, evə daxil olan şəxs həmin pəncərədən daxil olmuşdur. Ona görə də həmin gün o, Quba RPŞ-nə gedib ona məxsus 6000 ABŞ dollar pulun oğurlanması barədə məlumat vermişdir. Ərizəsi əsasında Quba rayon polis şöbəsində aparılan araşdırma zamanı məlum olmuşdur ki, Zorik Yaqubovun evindən ona məxsus 6000 ABŞ dolları Qusar rayon sakini X3 oğurlamışdır. İfadəsinin sonunda Zərərçəkmiş şəxs ona vurulmuş ziyanın tam olaraq ödənildiyini, təqsirləndirilən şəxsə qarşı şikayət və tələbinin olmadığını bildirərək, təqsirləndirilən şəxsə yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, təxminən 40 ildir ki. kəndirbazlıq sənəti ilə məşğul olur. O, Eldar, Əkbər, Mahir və Telman adlı şəxslərlə birlikdə qrup şəklində Quba, Qusar, Xaçmaz və digər rayonlara gedib kəndirbazlıq nümayiş etdirib çörək pulu qazanırlar. Kəndribazlıqla Eldar məşğul olur. O, isə kosa paltarında insanları əyləndirir. Mahir zurna, Əkbər nağara ifa edir. Telman isə onları və kəndirbazlıq avadanlqlarını daşımaqla məşğul olur. 26 aprel 2022-ci il tarixdə saat 11 radələrində o, Eldar, Əkbər, Mahir və Telman Qusar rayonu, Gedəzeyxur kəndinə getmişlər ki, orada kəndirbazlıq sənətini nümayiş etdirib çörək pulu qazansınlar. Saat 17 radələrində onlar kəndirbazlığı nümayiş etdirməyə başlamışlar. Kəndirbazlıqla əsasən Eldar məşğul olmuşdur. O, isə kosa paltarı geyinib oraya toplanan insanları əyləndirib güldürmüşdür. Orada olan sakinlərin bəziləri onları əyləndikləri üçün ona pul vermişlər. Təxminən 20 dəqiqədən sonra həmin kənd sakini Səbrulla ona yaxlınlaşıb 50 manat pul vermişdir. Bir az keçdikdən sonra Səbrulla onu yenidən yanına çağırıb əynindəki şalvarının sağ yan cibindən bir bükümdə yüzlük ABŞ dolları əskinasları çıxarıb həmin pulların içərisindən ona 100 ABŞ dollar pul vermişdir. 10-15 dəqiqədən sonra, Səbrulla yenidən onu yanına çağırıb 100 ABŞ dollar pul verib demişdir ki, heç kəsdən pul alma. Təxminən 5 dəqiqə sonra Səbrulla yenidən ona 20 manat pul vermişdir. Sonra Səbrulla orada olan bir uşaqa 20 manat pul vermişdir. Təqsirləndirilən şəxs ona verdiyi pulları haradan əldə etdiyim deməmişdir. İş üzrə şahid qismində dindirilmiş Şahid2 və Ərəbov X1 Hafiz İmam oğlunun ifadəsinə uyğun ifadə verərərk onun göstərdiyi xüsusatları təsdiq etmişlər. İş üzrə təyin edilib keçirilmiş məhkəmə daktıloskopik ekspertizasının 05 iyul 2022-ci il tarixli, 22/461R saylı rəyindən görünür ki. xx.xx.2022-ci il tarixdə Quba rayonu, Qırmızı qəsəbə ərazisində X4 məxsus fərdi evdə baş vermiş oğurluq faktı ilə əlaqədar 15 ədəd yapışqan lenti kəsikləri üzərində olan əl izlərindən 03 ədəd əl-barmaq və 01 ədəd ovuc izi şəxsiyyətin eyniləşdirilməsi üçün yararlıdır. Tədqiqata vət.Təqsirləndirilən şəxs adına olan əl- barmaq və ovuc əksləri tam və aydın şəkildə əks olunduğundan müqayisəli tədqiqatın aparılması üçün yararlıdır. Şəxsiyyətin eyniləşdirilməsi üçün yararlı olan 01 ədəd əl barmaq izi (ADİS-in məlumat bankına Quba RPŞ-dən) xx.xx.1971 -ci il tatixdə Qusar rayonunda anadan olmuş Təqsirləndirilən şəxs sağ əlinin ovucunun əksi ilə eynilik müəyyən edilmişdir Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməsi öz ifadəsi ilə yanaşı zərərçəkmiş şəxsin ifadəsi, şahid ifadələri, məhkəmə daktıloskopik ekspertizasının müvafiq rəyi və işin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxslər cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdırlar. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmələri üçün əsaslar yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən qeyd edir ki, Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. məhkumun islah edilməsi onun qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Məhkəmə hesab edir ki, bu zəmində şəxsin ictimai təhlükəliliyini müəyyən etmək üçün birinci növbədə onun törətdiyi cinayətin başqa cinayətlərin arasında yeri, şəxsin antisosial yönümünün davamlı olub-olmaması, onun cinayətin törədilməsinə gətirib çıxaran vərdişləri diqqətlə aydınlaşdırılmalıdır. şəxsin antisosial yönümü onun törətdiyi cinayətdə özünü büruzə verir. Ancaq bu, təkcə şəxsin törətdiyi cinayətin ictimai təhlükəliliyi ilə deyil, eyni zamanda onun əvvəlki dövrlərdəki hərəkətlərində ifadə olunan antisosial davranışı və keyfiyyəti ilə də ölçülür. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsə cəza təyin edilməsi zamanı onun xarakteri, sosialpsixoloji vəziyyətinin bütün çalarları, şəxsiyyətinin xarakterik cəhətləri də nəzərə alınmalıdır. Yalnız bu halda cəzanın ədalətliliyinə və fərdiliyinə, həmçinin onun məqsədlərinə nail olmaq mümkün olar. Məhkəmə hesab edir ki, cəza təyin edilərkən şəxsin sosial və psixoloji kriteriyalarına xüsusi önəm vermək lazımdır. Şəxsin sosial kriteriyası onun qanunlara və digər sosial normalara, əməyə, ictimai vəzifələrə, ailəyə münasibətini, təhsilini, tərbiyəsini və sair sosial şərtləri özündə əks etdirir. Şəxsin psixoloji kriteriyası isə onun xarakterini, iradəsini, qabiliyyətini və digər şəxsiyyətə xas olan cəhətlərini özündə ehtiva edir. Bu cəhətlərin tədqiq olunması və qiymətləndirilməsi şəxsin mənəvi deqradasiyaya məruz qalıbqalmamasını, törətdiyi cinayətin onun anticəmiyyət yönümünün məntiqi nəticəsi olduğunu, yoxsa təsadüfi olaraq baş verdiyini, şəxsin islah olunması üçün hansı imkanların olması və bununla bağlı hansı qanuni vasitələrin seçilməsini müəyyənləşdirmək üçün çox vacibdir. Çünki insan sosiumun tərkib hissəsidir və onun fəaliyyətinin hansı yönümə istiqamətlənməsi cəmiyyət üçün əhəmiyyətlidir. Ancaq hər bir halda bu keyfiyyətlər şəxsin törətdiyi cinayətin xarakteri və ictimai təhlükəliliyi ilə vəhdətdə nəzərə alınmalıdır. xüsusi ilə nəzərə alınmalıdır ki, cəzanın məqsədlərinə çatmaq üçün hansı yol seçilməlidir: təqsirləndirilən şəxsi azadlıqdan məhrum etməklə onu cəmiyyətdən təcrid etmək, fiziki cəhətdən imkanlarını məhdudlaşdırmaqla cəzanın məqsədlərinə nail olmaq, yoxsa, azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza seçməklə şəxsə etimad göstərib, bu yolla onun islah olunmasına və cəzanın digər məqsədlərinə çatmaq. Yuxarıda istinad olunan Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsi cəzanın aşağıdakı məqsədlərini önə çəkir: Sosial ədalətin bərpası; Məhkumun islah edilməsi; Məhkum tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması (xüsusi prevensiya) və başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması (ümumi prevensiya). Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsi haqq-ədaləti bərabər mənafelərə bərabər münasibət kimi təsbit edir. Bu xüsusda məhkəmə bildirir ki, CM-nin 41.2-ci maddəsində nəzərdə tutulmuş cəza tətbiq edilmək yolu ilə sosial ədalətin bərpası bütövlükdə cəmiyyətə, burada hökm sürən ictimai münasibətlərə münasibətdə həyata keçirilməklə iki istiqaməti nəzərdə tutur: 1) Dövlət cinayət törədən şəxs tərəfindən vurulmuş zərərin ödənilməsini qanunda nəzərdə tutulmuş cəzalar, habelə xüsusi müsadirə növündə cinayət-hüquqi xarakterli tədbir tətbiq etməklə təmin edir. həm də burada söhbət təkcə maddi zərərdən getmir. əslində sosial ədalətin bərpası dedikdə, cinayətkarın barəsində təyin edilən qanuni cəza vasitəsilə başqasına vurduğu zərərə adekvat məhrumiyyətlərə məruz qalması başa düşülməlidir. 2) Vətəndaşlar dövlətin cinayətkarı cəzalandırmağa qadir olmasına, həm də bu cəzanın təyin edilməsi zamanı humanizm, ədalətlilik, cəzanın törədilmiş cinayətin ağırlığına uyğunluğu, cəzanın fərdiləşdirilməsi prinsipləri əsas götürülməklə qanuna uyğun tətbiq edilməsinin təmin edilməsinə inanırlar. Məhkəmə onu da nəzərə çatdırır ki, heç şübhəsiz ki, sosial ədalətin bərpası zərərçəkmiş şəxsə münasibətdə onun cinayət nəticəsində pozulmuş hüquqlarının və qanuni mənafelərinin mühafizəsi yolu ilə həyata keçirilir. Bu zaman cəza vurulmuş zərərin ödənilməsi imkanını və onun mümkün həddini-məhkumun məhrumiyyətlərini, həmçinin hüquq və azadlıqlarının məhdudlaşdırılmasının cinayət nəticəsində zərərçəkmiş şəxsə vurulmuş zərərə uyğunluğunu təmin etməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili işlər Nazirliyinin Baş Əməliyyat Statistik informasiya İdarəsinin 07 iyun 2022-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs Quba rayon məhkəməsinin xx.xx.2013-cü il tarxili hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 2700 manat cərimə cəzasına məhkum edilmiş, xx.xx.2016-cı ildə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2016-cı il tarixli Amnistiya Qərarının 1.8- ci bəndinə əsasən cəzadan azad edilmişdir. İş materiallarında olan Qusar rayon icra Hakimiyyəti Başçısının Gədəzeyxur kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2022-ci il tarixli 337 №-li arayışından görünür ki, Təqsirləndirilən şəxs Qusar rayonu, Gədəzeyxur kəndində qeydiyyatda olmaqla himayəsində bir azyaşlı uşağı (xx.xx.2015-ci il təvəllüdlü X2) vardır. İş materiallarında olan şəxsiyyət vəsiqəsi məlumatlarından görünür ki, X5 xx.xx.2015-ci il tarixdə Quba şəhərində anadan olmuşdur. İş materiallarında olan Qusar rayon icra Hakimiyyəti Başçısının Gədəzeyxur kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədə Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materialında olan Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş zərər tam ödənilib və ona qarşı şikayət və tələbi yoxdur. Məhkəmə qeyd edir ki, hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət öz xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə görə az ağır və qəsdən törədilən cinayətdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən himayəsində bir azyaşlı övladının olmasını, əməlindən peşman olmasını, cinayət nəticəsində dəymiş ziyanı tamamilə ödəməsini, zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal aşkar etmədi. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən cəzalarını yüngülləşdirən halları, cəzanın fərdiləşdirilməsi prinsipini, təyin olunan cəzanın onların islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddələrin sanksiyalarında nəzərdə tutulmuş həddə azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azərbaycan Respublikası CM-nin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Həmçinin Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. İş materiallarına əlavə olunmuş şübhəli şəxsin tutulması haqqında 21 may 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə tutulmuşdur. Cinayət işinə əlavə olunmuş Quba rayon prokuroru Namiq Muradovun 23 may 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair müstəntiq Anar Şirinovun vəsatəti təmin edilməmişdir. İş materiallarında olan təqsirləndirilən şəxsin barəsində qətinmak tədbirinin seçilməsi haqqında 08 iyul 2022-ci il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası CPM-158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlanıldığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxildir. Azərbaycan Respublikası CPM-158.2.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin ev dustaqlığında saxlanılığı müddət həbsdə saxlama müddətinə daxil edilir. Azərbaycan Respublikası CPM-nin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlama müddəti məhkəmə tərəfindən ona təyin edilmiş olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə hesab edir ki, belə olan halda Təqsirləndirilən şəxs 21 may 2022-ci il tarixdən 23 may 2022-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu müddət azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılması cəzasına iki gününə bərabər hesablanmaqla ona təyin olunacaq azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalıdır. Azərbaycan Respublikası CPM-nin 346.1 və 346.1.20-ci maddələrinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında digər məsələlərlə yanaşı həmçinin qətimkan tədbirinin ləğv edilməli, dəyişdirilməli və seçilməli (məhz hansı tədbirin) olub-olmadığı məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). Həmin məcəllənin 353.4.12-ci maddəsinə görə, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində hökm qanuni qüvvəyə minənədək məhkumun barəsində seçilmiş qətimkan tədbirinin həlli göstərilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edildiyindən onun barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirimədən qüvvəsində saxlanılmalıdır. Hökmün icrası Quba rayon İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 18 (on səkkiz) manat məbləğində pul dövlət büdcəsindən tutulub, Quba rayon Vəkil Bürosunun hesabına keçirilməlidir. İş üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsinə əsasən xüsusi müsadirə tətbiq edilməli əmlak yoxdur. İş üzrə maddi subut, məhkəmə xərcləri və mülki iddia yoxdur. Qöstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası CPM-nin 346, 349. 351-353, 356- 357, 381, 383 və 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinib 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 21 may 2022-ci il tarixdən 23 may 2022-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 gün müddət nəzərə alınaraq, azadlıqdan məhrum etmə cəzasının bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki günü hesabı ilə hesablanmaqla ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın Təqsirləndirilən şəxs üzərinə Quba rayon İcra və Probasiya şöbəsinə məlumat vermədən saat 24:00-dan növbəti gün saat 07:00-dək yaşadığı ünvan 1 ünvanını tərk etməmək, Quba rayonu hüdudlarından çıxmamaq şərti ilə, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzasının icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan dədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılsın. Hökmün icrası Quba rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 18 (on səkkiz) manat məbləğində pul dövlət büdcəsindən tutulub, Quba rayon Vəkil Bürosunun hesabına keçirilsin. İş üzrə maddi sübut, məhkəmə xərci və mülki iddia yoxdur. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətinə Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar