Məhkəmə qərarları › İş №1(027)-132/2024

Quba Rayon Məhkəməsi Hökm — İş №1(027)-132/2024

01.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Quba şəhəri İş № 1(027)-132/2024 01.07.2024 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Babayev Aydın Vahid oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, Dövlət İttihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs, Onun müdafiəçisi –Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxx 1985-ci ildə Quba rayonu, Barlı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, fərdi qaydada işləyən, məhkumluğu olmayan, Quba rayonu, Barlı kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə, mənbədən və vaxtda satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda, yəni 03 ədəd sellofan torbada ümumi təmiz çəkisi 25,18 qram olan bitki mənşəli, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuananı əldə edib daşımaqla Quba rayonu Barlı kəndində yaşadığı evdə saxlamış və Quba RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində 27 mart 2024-cü il tarixdə, saat 19 radələrində Quba rayonu, Barlı kəndində yaşadığı evinin qarşısında saxlanıldıqdan sonra evə baxış keçirilən zaman evin qonaq otağında oturacaq divanının arxasında saxladığı ayrı-ayrılıqda təmiz çəkiləri 4,79 qram, 6,79 qram və 13,6 qram olmaqla ümumi təmiz çəkisi 25,18 qram olan həmin narkotik vasitə-qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində bildirmişdir ki, 2023-cü ilin sentyabr ayında, günorta vaxtlarında Quba rayonu, Barlı kəndində, Qudyalçay çayının kənarında gəzdiyi zaman yerdə kökdən çıxmış vəziyyətdə üzərində bir neçə qurumuş yarpağı olan narkotik vasitə marixuana kolu tapıb həmin koıu yaşadığı evə gətirmişdir. Evdə kolun üzərində olan yarpaqları yığıb selofan torbaya qoyaraq evində saxlamış, kolu isə evinin yaxınlığında olan zibilliyə atmışdır. Selofan torbaya qoyduğu narkotik vasitəni yaşadığı evin zal otağındakı divanın arxasında gizlətmişdir. Ağciyər xəstəsi olduğu üçün həmin narkotik vasitədən bir neçə dəfə istifadə etmişdir. 27 mart 2024-cü il tarixdə, axşam saat 18:30 radələrində evinin həyətində olduğu zaman mülki geyimdə olan polis əməkdaşları onu küçəyə çağıraraq özlərini təqdim edib narkotik vasitələrin istifadəsində və saxlanılmasında şübhəli olduğunu bildirmişlər. Sonra təhqiqatçı ona narkotik vasitələrin istifadəsində şübhəli olduğuna görə tutduğunu bildirmiş və ona müdafiəçi təqdim etmişdir. Polis əməkdaşlarının sorğusuna cavab olaraq evində narkotik vasitə marixuana olduğunu etiraf etmiş və tapdığı narkotik vasitəni saxladığı sellofan torbanı divanın arxasında gizlətdiyi yerdən çıxarıb polislərə təqdim etmişdir. Həmin narkotik vasitə olan sellofan torba elektron tərəzidə çəkildikdən sonra, bir ədəd böyük ağ zərfə qoyub möhürləmiş, o və vəkili zərfin üzərində imza etmişlər. İfadəsinin sonunda Təqsirləndirilən şəxs əməlindən peşiman olduğunu bildirərək ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, Quba rayonu, Barlı kəndində yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrdən istifadə etməsi, daşıması və yaşadığı evində saxlaması barədə daxil olmuş əməliyyat məlumatı əsasında əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərar qəbul etmiş və əməliyyat qrupu yaradılmışdır. 27 mart 2024-cü il tarixdə əməliyyat qrupunun üzvləri ilə birlikdə Təqsirləndirilən şəxs Quba rayonu, Barlı kəndində yaşadığı evin qapısında saxlamışlar. Özlərini təqdim etdikdən sonra, Təqsirləndirilən şəxs barəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasına dair barəsində məlumat olduğunu bildirib üzərində şəxsi axtarış və yaşadığı evə baxış keçiriləcəyi bildirilmişdir. Sonra Quba Rayon Polis Şöbəsinə məlumat verərək təhqiqatçı və vəkil dəvət etmişlər. Təhqiqatçı gələnə kimi Təqsirləndirilən şəxs hərəkətlərini daim nəzarətdə saxlamışlar. Vəkil ilə birlikdə gələn təhqiqatçısı tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduqdan sonra, video çəkilişdən istifadə edilmələ Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı onun üzərindən daşınması və saxlanması qanunla qadağan edilmiş hər hansı bir əşya aşkar edilməmişdir. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı evdə narkotik vasitə saxladığını etiraf edərək yaşadığı evə baxış keçirilməsinə etiraz etmədiyini bildirmişdir. Bundan sonra, Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilərkən sonuncu evin qonaq otağında olan divanın arxasından şəffaf rəngli sellofan torba çıxarıb onlara təqdim etmişdir. Torbala baxış keçirilərkən onların içərisində narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə aşkar edilmişdir. Sorğu sual zamanı Təqsirləndirilən şəxs həmin narkotik vasitəni çay kənarından tapıb evinə gətirdiyini etiraf etmişdir. Sonra təhqiqatçı Təqsirləndirilən şəxs təqdim etdiyi selofan torbadakı narkotik vasitəyə bənzər kütləni elektron tərəzidə çəkərək ağ rəngli zərfə qoyub qablaşdırmışdır. Baxışın keçirilməsi başa çatdıqdan sonra şəxsi axtarış və baxış keçirilməsi barədə protokollar tərtib edilmiş, oxuyub düzgünlüyünü imzaları ilə təsdiq etmişlər. İş üzrə təyin edilib keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş məhkəmə bioloji ekspertizasının 28 mart 2024-cü il tarixli 3-16-16/2-7/490 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş kağız paketdə 03 (üç) ədəd sellofan torbalarda ayrı- ayrılıqda təmiz çəkiləri 4,79 qram, 6,79 qram, 13,6 qram ümumi təmiz çəkisi 25,18 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Rəyin qeyd hissəsindən görünür ki, tədqiqatlar «çətənənin yoxlanması üçün tövsiyyə olunan metodlar» Bakı 2005-ci il metodik vəsaitində göstərilmiş metodlarla aparılmışdır. Marixuananın ümumi çəkisi - 25,18 qram, tədqiqata cəmi sərf edildi - 0,6 qram(hər obyektdən 0,02 qram), qalıq 25,12 qram. İş üzrə təyin edilib keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş məhkəmənarkoloji ekspertizasının 07 may 2024-cü il tarixli 3046 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs kannabinoidlərdən istifadə etmə halları olub, lakin hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs yaşadığı evə baxışın keçirilməsini özündə əks edən diskə baxış keçirilərkən müəyyən olunur ki, Təqsirləndirilən şəxs Quba rayonu, Barlı kəndində yaşadığı evin qonaq otağında olan divanın arxasından selofan torbanın içərisində narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə aşkar edilərək götürülmüşdür. Aşkar edilmiş ümumi təmiz çəkisi 25,18 qram narkotik vasitə qurudulmuş marixuana Azərbaycan Respublikasının xx.xx.2005-ci tarixli Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları»nda ittiham aktında göstərilən narkotik vasitənin miqdarı şəxsi istehlak miqdarından artıq miqdar kimi müəyyən edilmişdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən hazırki əməl narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi və qanunsuz saxlanması kimi müəyyən edilmişdir. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməklə, saxlamaqla və daşımaqla Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməlini törətməsi öz etirafedici ifadəsi ilə yanaşı, şahidlərin ifadələri, iş üzrə keçirilmiş məhkəmə bioloji və məhkəmə-narkoloji ekspertiza rəyləri və məhkəmə istintaqı zamanı tədqiq edilmiş digər subutlara tam sübuta yetirilir. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsilə düzgün tövsif olunmuşdur. Məhkmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, habelə əməlin cinayət olmasını aradan qaldıran hallar olmadığından, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq, barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin təqsirləndirildiyi maddələrin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd olunan Qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəzasiyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativcəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017ci il tarixli Sərəncamının 13, 13.3, 13.4-cü bəndlərinə əsasən məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə müvafiq olaraq cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə müvafiq olaraq cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, habelə təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. İş materiallarında olan Azərbaycan Respublikası DİN Baş Əməliyyat Statistika və İnformasiya İdarəsi tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Quba Rayon Məhkəməsinin 26 noyabr 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 29, 177.2.1ci maddəsi ilə təqsirli bilinərək 01 il azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, 18 fevral 2021-ci ildə cəzası bitdiyi üçün qeydiyyatdan çıxarılmışdır. İş materiallarına əlavə edilmiş Quba RİHB-nın Zərdabi qəsəbə İƏD üzrə nümayəndəsinin arayışından görünür ki, Təqsirləndirilən şəxs Quba rayonu Barlı kəndində qeydiyyatdadır və halhazırda həmin ünvanda yaşayır. Quba RİHB-nın Zərdabi qəsəbə İƏD üzrə nümayəndəsinin xasiyyatnaməsinə əsasən Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən təqsirini etiraf etməklə səmimi peşmançılığı və yaşayış yeri üzrə müsbət xarakterizə olunması cəzasını yüngülləşdirən hallar kimi nəzərə alınmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən məsuliyyətini ağırlaşdıran hal müəyyən olunmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, habelə təqsirkarın şəxsiyyəti, cəzanı yüngülləşdirən halların mövcudluğunu, cəzanı ağırlaşdıran halların olmadığını nəzərə alaraq, onun cəmiyyətdən təcrid edilmədən islah edilməsini mümkün sayaraq, ona ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulan cəza növü – azadlığın məhdudlaşdırılması cəzasının tətbiq edilməsi qənaətinə gəlir və hesab edir ki, bu cəza ilə cəzanın məqsədlərini təmin etmək mümkündür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmçinin Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Həmin Məcəllənin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Məhkəmə hesab edir ki, hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Quba rayon İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. İş materiallarında olan şübhəli şəxsin tutulması haqqında protokoldan və qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il şübhəli şəxs qismində tutulmuş və xx.xx.2024-cü il tarixdə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası CPM-158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlandığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə hesab edir ki, qanunvericiliyin qeyd edilən tələbi baxımından Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət azadlıqdan məhrum etmə cəzasının bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər tutulmaqla ona təyin olunacaq azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla ona qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası CPM-nin 353.4.12-ci maddəsinə görə, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində hökm qanuni qüvvəyə minənədək məhkumun barəsində seçilmiş qətimkan tədbirinin həlli göstərilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzası təyin edildiyindən barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə hesab edir ki, ambulator məcburi–narkoloji tibbi yoxlamanın rəyi nəzərə alınaraq Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə Azərbaycan Respublikası CM-in 99-1.1-ci maddəsində qeyd olunmuş əmlakın müəyyən olunmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs xüsusi müsadirə cinayət-hüquqi tədbiri tətbiq olunmamalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197-198-ci maddələrinə əsasən ekspertə verilməli olan məbləğ məhkəmə məsrəflərinə aid olduğundan, məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. Məhkəmə hesab edir ki, məhkəmə ekspertizası tədqiqatlarının dəyərini təşkil edən 72 manat Təqsirləndirilən şəxs tutulub məhkəmə ekspertiza mərkəzinin hesabına ödənilməlidir. Həmçinin, məhkəmə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi məqsədi ilə, Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən təqsirləndirilən şəxsin hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 5 (beş) iş saatına görə 30 (otuz) manat Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli qərarına əsasən dövlət büdcəsindən tutulub Quba rayon Vəkil Bürosunun hesabına ödənilməsini əsaslı hesab edir. Azərbaycan Respublikası CPM-nin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Məhkəmə hesab edir ki, maddi sübut kimi saxlanılan ekspertiza təhqiqatından sonra qalıq çəkisi 25,12 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana məhv edilməli, axtarış və götürmənin videoçəkilişinin qeydə alındığı 1 ədəd CD cinayət işi materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia verilməmişdir və xüsusi müsadirə olunası əmlak yoxdur. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nın 344-347, 349, 351- 354, 356, 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsilə nəzrədə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki günü hesabı ilə ona təyin edilmiş cəzadan çıxılmaqla Təqsirləndirilən şəxs üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə Quba rayonu, Qusar rayonu və Xaçmaz rayonu inzibati ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 23:30-dan növbəti gün saat 06:30-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 72 (yetmiş iki) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. İş üzrə maddi sübut ekspertiza tədqiqatından sonra qalıq çəkisi 25,12 qram olan narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin və 1 ədəd CD cinayət işi materiallarında saxlanılsın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə - Quba rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Quba rayon Vəkil bürosunun vəkili Müdafiəçi sərf etdiyi 5 (beş) iş saatına görə 30 (otuz) manat Azərbaycan Respublikası Dövlət büdcəsindən Quba rayon Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətinə Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya protesti və ya şikayəti verilməzsə, həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Aydın Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar