Məhkəmə qərarları › İş №1(027)-132/2025

Quba Rayon Məhkəməsi Qərar — İş №1(027)-132/2025

12.01.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 1(027)-132/2025 12.01.2026 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Kamilli Günel Hakim qızının sədrliyi, məhkəmə iclas katibi X1, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Quba rayon Vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə, 23 avqust 1969-cu ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, subay, Sumqayıt şəhəri, Nizami küçəsi, 111 ŞPİ-də qeydiyyatda olan və Sumqayıt şəhəri, məhəllə 41A, ev 4B, mənzil 28-də yaşayan, barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin materiallarına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 31 mart 2025-ci il tarixdə, saat 16 radələrində, Quba şəhəri, “223-cü Atıcı diviziya” küçəsində AF707541 nömrəli, “B” dərəcəli sürücülük vəsiqəsi ilə idarə etdiyi “Khazar SD” markalı, **-PR-*** dövlət qeydiyyat nişanlı avtomobili Quba rayonu, Qırmızı qəsəbə istiqamətində 20 km/saat sürətlə hərəkət etdirib svetforun yaşıl işığında Quba şəhəri, M.P.Vaqif küçəsinə daxil olmaq məqsədilə sola dönmə əməliyyatı apararkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinin 1-ci hissəsinin tələblərinə əsasən relssiz nəqliyyat vasitəsinin sürücüsü svetforun yaşıl işığında sola və geriyə dönərkən, qarşıdan düzünə və ya sağa gedən nəqliyyat vasitələrinə yol verməli olmaqla o, mövcud vəziyyətdə bu maddənin tələblərini rəhbər tutaraq əks istiqamətdən gələn Zərərçəkmiş şəxs idarə etdiyi “VAZ 21074” markalı, 40-BK- 129 dövlət qeydiyyat nişanlı avtomobilin hərəkətdə olmasını nəzərə almalı, həmin küçələrin kəsişdiyi yol ayrıcında sola doğru dönmə əməliyyatı aparmadan əvvəl “VAZ 21074” markalı avtomobilin hərəkətinə üstünlük verərək yol verməli və bundan sonra hərəkətin təhlükəsizliyinə əmin olaraq sola manevr etməli və həmin tələblərə riayət etməklə onun hadisənin qarşısını almağa texniki imkanı olduğu halda, qeyd olunan yol hərəkəti qaydalarını cinayətkarcasına etinasızlıq etməklə pozaraq, svetforla nizamlanan yol ayrıcında qarşıdan əks istiqamətdə düzünə hərəkətdə olan "MKZ. 21074” markalı avtomobilə yol vermədən yol ayrıcına daxil olub sola doğru dönmə əməliyyatı apararaq, idarə etdiyi avtomobilin qabaq-sağ tərəfi ilə qarşıdan gələn “VAZ 21074” markalı avtomobilin qabaq tərəfinin toqquşması zamanı baş vermiş yol-nəqliyyat hadisəsi zamanı Zərərçəkmiş şəxs “sağ əlində İİİ daraq sümüyünün qapalı yerini dəyişən sınığı”ndan ibarət olub dərəcəsinə görə sağlamlığa az ağır zərər vurmaya aid xəsarətlər yetirməklə o, yol hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olmuşdur. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (CPM) 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə protokollarını, digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Sumqayıt şəhəri, məhəllə 41A, ev 4B, mənzil 28-də anası ilə birlikdə yaşayır. Heç bir yerdə işləmir. 31 mart 2025-ci il tarixdə, saat 16 radələrində Quba şəhəri, 223-cü Atıcı Diviziya küçəsində etibarnamə əsasında idarə etdiyi “Khazar SD” markalı, **-PR-*** dövlət qeydiyyat nişanlı avtomobillə Quba şəhəri, Köhnə avtovağzal dairəsi istiqamətindən Quba rayonu, Qırımızı qəsəbəyə doğru hərəkət edib “Lüks dönər” evinin, yəni hərəkətdə olduğu küçə ilə M.P.Vaqif küçəsinin kəsişdiyi yol ayrıcının qarşısındakı svetoforun yaşıl işığında sola dönmə əməliyyatı həyata keçirməmişdən əvvəl əks istiqamətdən gələn avtomobillərin ötüb keçməsini gözləmişdir. Yol boş olandan sonra qarşıdan sürətlə gələn, yəni sonradan tanıyaraq adını bildiyi Natiq adlı şəxsin idarə etdiyi “VAZ 21074” markalı, **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobil onun sola dönmə əməliyyatını başa çatdırmasını gözləmədən avtomobilin qabaq tərəfi onun idarə etdiyi avtomobilin qabaq-sağ tərəfindən vuraraq toqquşmuşdur. “VAZ 21074” markalı avtomobil onun avtomobil ilə toqquşandan sonra idarəetməni itirib həmin vaxt hərəkətdə olan “Mercedes Atego” markalı avtomobilinə dəymişdir. Toqquşmadan sonra avtomobillərdən düşüb vəziyyətlə maraqlanarkən məlum olmuşdur ki, hadisə zamanı VAZ 21074” markalı avtomaşının sürücüsü Zərərçəkmiş şəxs sağ əlindən xəsarət almışdır. Az sonra hadisə yerinə gələn polis əməkdaşları onun iştirakı ilə hadisə yerinə baxış keçirilmişdir. Alkotester vasitəsilə sərxoşluğu yoxlanılarkən ayıq vəziyyətdə olduğu müəyyən edilmişdir. Hadisə vaxtı hər hansı xəsarət almadığı üçün xəstəxanaya müraciət etməmiş və ona görə də məhkəmə-tibbi ekspertizadan keçməkdən imtina etmişdir. Təqsirləndirilən şəxs ifadəsində həmçinin göstərmişdir ki, hadisə vaxtı avtomobildə tək olmuş və hər hansı xəsarət almamış, avtomobili 10-20 km/saat sürətlə idarə etmişdir. Hadisə vaxtı avtomobildə hər hansı bir yük və texniki nasazlıq, səhhətində hər hansı narahatçılıq olmamışdır. "B" kateqoriyalı sürücülük vəsiqəm var. “\/AZ 21074” markalı avtomobilin toqquşma təhlükəsinin nə zaman yaranmasını xatırlamır. Toqquşma təhlükəsi yaranan zaman bunun qarşısını almaq üçün avtomobili sola tərəfə istiqamətləndirsə də, qəzadan yayına bilməmişdir. İfadəsinin sonunda Təqsirləndirilən şəxs əməlindən peşman olmasını, zərərçəkmiş şəxslə barışdığını, zərərçəkmiş şəxsə dəymiş ziyanı tam ödədiyini, sonuncunun ona qarşı şikayət və tələbinin olmadığını nəzərə alaraq, barəsində olan cinayət təqibinə xitam verilməsini xahiş etdi. İbtidai sitintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs məhkəmə iclasında ifadəsi elan olunan zaman məlum oldu ki o, ailəsi ilə birlikdə ,Quba rayonu, Alekseyevka kəndində yaşayır. 31 mart 2025- ci il tarixdə, saat 16 radələrində Quba şəhəri, 223-cü Atıcı diviziya küçəsində etibarnamə əsasında idarə etdiyi “VAZ 21074” markalı, **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobillə Quba rayonu, Qırımızı qəsəbəsi istiqamətindən Quba şəhəri, Köhnə avtovağzal dairəsi istiqamətinə doğru hərəkət edərək “Lüks dönər” evinin, yəni onun hərəkətdə olduğu küçə ilə M.P.Vaqif küçəsinin kəsişdiyi yol ayrıcının qarşısındakı svetoforun yaşıl işığında hərəkətimi davam etdirən zaman əks istiqamətdən gələn “Khazar SD” markalı avtomobil onu gözləmədən qəflətən özünə nisbətdə sola dönərək onun qarşısına çıxmışdır. O, əyləci sıxsa da, qəzadan yayına bilməmişdir. Nəticədə onun avtomobilinin qabaq tərəf həmin avtomobilin qabaq-sağ tərəfinə dəyərək toqquşma baş vermişdir. Toqquşmadan sonra onun avtomobili idarəetməni itirib həmin vaxt hərəkətdə olan “Mercedes Atego” markalı avtomobilə dəymişdir. “Khazar SD” markalı avtomobil isə yolun sol tərəfində dəyərək dayanmışdır. Hadisə nəticəsində onun sağ qolu avtomobilin bort hissəsinə dəydiyi üçün əl barmağının biri sınmış, avtomobilində sərnişin kimi əyləşmiş Şahid2 Namik oğlunun isə üz nahiyyəsini şüşə qırıntıları kəsmişdir. Sürücülər toqquşmadan sonra bir-birinin vəziyyəti ilə maraqlanaraq hadisə yerinə polisin gəlməsini gözləmişlər. Az sonra hadisə yerinə gələn polis əməkdaşlarına özünü tədqim edərək hadisə barədə məlumat vermiş və onun iştirakı ilə hadisə yerinə baxış keçirilmişdir. Alkotester vasitəsilə sərxoşluğu yoxlanılarkən ayıq vəziyyətdə olduğu müəyyən edilmişdir. Səhhətində problemlər olduğu üçün sonradan xəstəxanaya müraciət edərkən əl barmağında sınıq olması müəyyən olunmuşdur. İş üzrə Zərərçəkmiş şəxs məhkəməyə notarial qaydada təsdiq edilmiş ərizə təqdim edərək bildirmişdir ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan tam olaraq ödənilmişdir. Ondan heç bir şikayət və tələbi yoxdur. Onunla barışmışdır. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş Şahid1 ifadəsindən görünür k o, ailəsi ilə birlikdə Quba rayonu, Vladimirovka kəndində yaşayır. “Mercedes Atego” markalı, **-PR-*** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə əsasında idarə edərək sürücü işləyir. 31 mart 2025-ci il tarixdə, saat 16 radələrində Quba şəhəri, 223-cü Atıcı Diviziya küçəsində etibarnamə əsasında idarə etdiyi “Mercedes Atego” markalı, **-PR-*** dövlət qeydiyyat nişanlı avtomobillə Quba rayonu, Qırımızı qəsəbə istiqamətindən Quba şəhəri, Köhnə avtovağzal dairəsinə doğru hərəkət edib, “Lüks dönər” evinin, yəni hərəkətdə olduğu küçə ilə M.P.Vaqif küçəsinin kəsişdiyi yol ayrıcının qarşısındakı svetoforun yaşıl işığında sola, yəni M.P.Vaqif küçəsinə daxil olmaq üçün əvvəlcədən sol zolağı tutaraq sola dönmə işığını qoşandan sonra yol ayrıcına daxil olmuşdur. O, sola dönmə əməliyyatı həyata keçirmək istəyən zaman əks istiqamətdən gələn “Khazar SD” markalı avtomobil yol ayrıcına daxil olaraq özünə nisbətdə sola dönərkən onunla eyni istiqamətdən gələrək düzünə hərəkətini davam etdirən “VAZ 21074” markalı avtombil qarşısına çıxaraq toqquşmuşdur. Toqquşmadan sonra “VAZ 21074” markalı avtombil idarəetməni itirib onun idarə etdiyi avtomobilə dəymişdir. “Khazar SD” markalı avtomobil isə toqquşmadan sonra yolun sol tərəfində dəyərək dayanmışdır. Sürücülər toqquşmadan sonra avtomobillərdən düşüb bir- birinin vəziyyəti ilə maraqlanaraq hadisə yerinə polisin gəlməsini gözləmişlər. Az sonra hadisə yerinə gələn polis əməkdaşlarına özünü tədqim edərək hadisə barədə məlumat vermiş və onun iştirakı ilə hadisə yerinə baxış keçirilmişdir. Alkotester vasitəsilə sərxoşluğu yoxlanılarkən ayıq vəziyyətdə olduğu müəyyən edilmişdir. Şahid1 ifadəsində həmçinin göstərmişdir ki, həmin vaxt hər hansı xəsarət almamış və xəstəxanaya müraciət etməmişdir. Onun həmin sürücülərin hər hansı biri ilə düşmənçiliyi və ya ədavəti olmamış, onları hadisədən əvvəl tanımamışdır. “Khazar SD” markalı avtomobilin sola dönmə əməliyyatı aparan zaman diqqətsizlik edərək əks istiqamətdən düzünə və sağa hərəkətdə olan nəqliyyat axınını gözləməməsi, yəni mövcud vəziyyətdə qarşıdan gələn “VAZ 21074” markalı avtomobilə yol verməməsi hadisənin baş verməsinə səbəb olmuşdur. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Məhkəmə-tibbi ekspertizasının 14 aprel 2025-ci il tarixli, 237 nömrəli nömrəli rəyinə əsasən Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarət - “sağ əlində İİİ daraq sümüyünün qapalı yerini dəyişən sınığı” küt əşyanın (əşyaların) təsirindən törənməklə yerinə yetirilmə müddəti qərarda göstərilən vaxta, yəni 31 mart 2025-ci il tarixə uyğun gəlir, bu xəsarət qərarda göstərilən vəziyyətdə əmələ gələ bilər, dərəcəsinə görə həyat üçün təhlükə törətdiyindən sağlamlığa az ağır zərər vurmaya aiddir. Məhkəmə-yol nəqliyyat hadisələri ekspertizasının 19 may 2025-ci il tarixli, 8/885 nömrəli rəyinə əsasən “Khazar SD” markalı, **-PR-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 76-cı maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və həmin maddənin tələblərinə riayət etməklə hadisəsinin qarşısını almağa texniki imkanı olmuşdur. “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi” barədə 644182 nömrəli qəbzə əsasən Təqsirləndirilən şəxs həmin gün müayinədən keçirilərkən ayıq olmuşdur. AE seriyalı 611850 nömrəli xx.xx.2023-cü il tarixdə verilmiş və xx.xx.2033-cü il tarixə kimi qüvvədə olan sürücülük vəsiqəsinə əsasən Təqsirləndirilən şəxs “BCD” kateqoriyalı nəqliyyat vasitələrini idarə etmək hüququ mövcudur. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin verdiyi cinayət işi üzrə yoxlamaya dair tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamışdır. Sumqayıt Şəhər İcra hakimiyyəti Başçısının Mənzil- Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 1 saylı mənzil Kommunal Sahəsi tərəfindən verilmiş arayışa və arayışa əlavə edilmiş xasiyyətnaməyə əsasən Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, Nizami küçəsi, 111 ŞPİ-də qeydiyyatda olmaqla Sumqayıt şəhəri, məhəllə 41 A, ev 4B, mənzil 28-də yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Beləliklə, Təqsirləndirilən şəxs əməli məhkəmə iclasında təqsirləndirilən şəxsin öz etirafedici ifadəsi, zərərçəkmiş şəxsin ifadəsi, şahid ifadəsi, ekspert rəyləri, hadisə yerinə baxış protokolu eləcə də işdə olan digər obyektiv dəlillərlə və iş materialları ilə tamamilə sübuta yetirilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai araşdırma orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə tövsif edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 10.1-ci maddəsinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza, bu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədildiyi zaman qüvvədə olan cinayət qanunu ilə müəyyən edilir. Törədildiyi zaman cinayət sayılmayan əmələ görə heç kəs cinayət məsuliyyətinə cəlb oluna və cəzalandırıla bilməz. Həmin Məcəllənin 10.3-cü maddəsinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılmasını və bu əmələ görə cəzanı aradan qaldıran, cəzanı yüngülləşdirən, yaxud cinayət etmiş şəxsin vəziyyətini başqa cür yaxşılaşdıran cinayət qanununun geriyə qüvvəsi vardır, yəni həmin qanunun qüvvəyə minməsindən əvvəl müvafiq əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxslərə, habelə cəza çəkən, yaxud cəzasını çəkmiş, lakin məhkumluğu üstündən götürülməmiş və ya ödənilməmiş şəxslərə şamil edilir. Həmin Məcəllənin 263.1-ci maddəsinə əsasən avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda-iki ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş min manatdan yeddi min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Qeyd hissəsinin 2-ci bəndinə əsasən bu Məcəllənin 263.1 və ya 263.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Bu halda şəxsin əməllərində inzibati xəta tərkibinin əlamətləri olduqda o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilir Azərbaycan Respublikasının xx.xx.2017-ci il tarixli Qanunu ilə xx.xx.2017-ci il tarixdə qüvvəyə minmiş Azərbaycan Respublikası Cinayət Məcəlləsnin 263-cü maddəsinin qeyd hissəsinin 2-ci bəndinə əsasən bu Məcəllənin 263.1 və ya 263.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Bu halda şəxsin əməllərində inzibati xəta tərkibinin əlamətləri olduqda o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsnin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışmasını və ona dəymiş ziyanı tamamilə ödəməsini nəzərə alıb hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməlidir. Azərbaycan Respublikası CPM-nin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir): Azərbaycan Respublikası CPM-nin 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda çıxarılır. Odur ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü maddəsinin qeyd hissəsinin 2-ci bəndi tətbiq edilməklə, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli, onun Azərbaycan Respublikası Cinayət Məcəlləsnin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilməli, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri xitam olunmalıdır. Məhkəmə eyni zamanda hesab edir ki, cinayət məsuliyyətindən azad edilmiş Təqsirləndirilən şəxs əməllərinin inzibati məsuliyyətə səbəb olması məsələsi araşdırılması üçün hazırki qərarın surəti, qərar qanuni qüvvəsini aldıqdan sonra, ərazi aiddiyatı üzrə Quba rayon Polis şöbəsinə göndərilməlidir. İş üzrə məhkəmə məsrəfi olan 128 (bir yüz iyirmi səkkiz) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. Həmçinin, təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi ilə əlaqədar Müdafiəçi sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə, 6 (altı) iş saatına görə 66 (altmış altı) manat, Azərbaycan Respublikası CPM-in 193.2-ci və 193.3-cü maddələrinə, Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli Qərarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2025-ci il tarixli qərarına əsasən dövlət büdcəsindən tutulub Quba rayon Vəkil Bürosunun hesabına ödənilməsini əsaslı hesab edir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nın 43, 321, 347, 356, 384- 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü maddəsinin qeyd hissəsinin 2-ci bəndinə əsasən cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri xitam olunsun. Təqsirləndirilən şəxs əməllərinin inzibati məsuliyyətə səbəb olması məsələsi araşdırılması üçün hazırki qərarın surəti, qərar qanuni qüvvəsini aldıqdan sonra, ərazi aiddiyatı üzrə Quba rayon Polis şöbəsinə göndərilsin. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Quba rayon Vəkil bürosunun vəkili Müdafiəçi 06 (altı) iş saatına görə 66 (altmış altı) manat Azərbaycan Respublikası Dövlət büdcəsindən Quba rayon Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə məhkəmə məsrəfi olan 128 (bir yüz iyirmi səkkiz) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertiza Məkəzinin hesabına (büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, X2, kod 210005, VÖEN **********, müxbir hesab AZE41NABZ**********0000003944, SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, hesab AZ34CTRE********************) köçürülsün. Qərardan 20 gün müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Qərar apellyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdıqdan sonra qüvvəyə minir. Hakim: Günel Kamilli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar