Azərbaycan Respublikası adından HÖKM Quba şəhəri İş № 1(027)-133/2022 11.10.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Samir Əlibala oğlunun sədrliyi, məhkəmə iclas katibi Muradov Əli Şakir oğlunun katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Quba rayon Vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə xx.xx.1994-cü il tarixdə Rusiya Federasiyası, Rostov vilayətində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, natamam orta təhsilli, subay, işsiz, məhkumluğu olmayan, Xaçmaz rayonu, Niyazoba kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə “Covid-19” xəstəsi kimi müayinə olunması üçün Xaçmaz rayonundan Quba rayon mərkəzi xəstəxanasına gətirilməsindən sonra yaşadığı Xaçmaz rayonuna qayıtması üçün ona maşın verilməsi tələbi ilə həmin tarixdə saat 18 radələrində xəstəxananın X5 şöbəsinə gəlib bu vaxtı həmin şöbənin qapısında dayanmış həkim Zərərçəkmiş şəxs1 ilə mübahisə edərkən sonuncunun onun ağzına tibbi maska taxması məqsədilə çölə çıxıb yenidən içəriyə girməsini istəməsini bəhanə gətirərək onu nalayiq söyüşlərlə söyüb ictimai asayişi, şəxsiyyətin toxunulmazlığını təmin edən qaydaları pozan, ictimai və şəxsi mənafelərə əhəmiyyətli ziyan vuran, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış və bərqərar olmuş birgə yaşayış və ədəb qaydalarını pozan qərəzli hərəkətləri ilə ictimai qaydanı kobud surətdə pozub, cəmiyyətə açıqca hörmətsizlik ifadə etmiş, daha sonra Zərərçəkmiş şəxs1 onun sol qolundan tutaraq çölə çıxartmaq istədikdə həmin qolunun dirsəyi ilə qəsdən sonuncunun ağız nahiyəsinə bir dəfə zərbə vurub onu yerə yıxmaqla Zərərçəkmiş şəxs1 üst dodağının selikli qişasında əzilmiş yaradan ibarət, dərəcəsi təyin edilməyən qəsdən onun sağlamlığına zərərvurmayan xəsarət yetirmiş, bu zaman Zərərçəkmiş şəxs1 üstünə hücum edərək təpikləməsinə mane olmaq, eləcə də onu sakitləşdirərək nizam-intizama dəvət edən ictimai qaydanın pozulmasının qarşısını almaq istəyən digər şəxs, yəni Zərərçəkmiş şəxs2 da müqavimət göstərərək onun sağ gözünün altına yumruq zərbəsi vuraraq onu da yerə yıxmaqla sonuncunun sağ almacıq nahiyəsində qançırdan ibarət, dərəcəsi təyin edilməyən qəsdən sonuncunun sağlamlığına zərərvurmayan xəsarət yetirməklə şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli xuliqanlıq etmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.2-ci maddəsi ilə ittiham olunaraq məhkəməyə verilmişdir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə protokollarını, ekspertiza rəyi və digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun törətmiş olduğu cinayət əməl Azərbaycan Respublikası CM-nin 221.2.2-ci maddəsi ilə düzgün olaraq tövsif olunmuşdur. Belə ki, məhkəmə iclasında ifadə verərkən iş üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.2.2-ci maddəsi ilə ona elan olunmuş ittihamda özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, o, Xaçmaz rayonu, Niyazoba kəndində yaşayır. 2-ci Qarabağ müharibəsi veteranıdır. xx.xx.2022-ci il tarixdə onu Xaçmaz RMX-nın X5 maşınında “Covid-19” xəstəliyi ilə bağlı müayinə olunması üçün Quba RMX-na gətirmişlər. Orada müayinə olunub test vermiş və səhətinin vəziyyəti “pozitiv” çıxdıqdan sonra həmin xəstəliyi yüngül keçirdiyindən evə buraxılmışdır. Onun yaşadığı Xaçmaz rayonuna qayıtması üçün maddi imkanı olmamışdır. X5 maşının da onu qoyub getməsinə əsəbləşmiş və üstündəki tibbi maskasını yerə atmışdır. Quba RMX-nın həyətində bir qədər gözlədikdən saat 18 radələrində həmin xəstəxananın X5 şöbəsinə gəlmiş və qapı ağzında dayanmış iki nəfər şəxsdən onu evinə aparması üçün maşın verilməsini tələb etmişdir. Həmin şəxslər onunla kobud danışdığı üçün onların biri, yəni Zərərçəkmiş şəxs1 sol qolundan tutub çölə çıxartmaq istəmiş, bu vaxt o, sol qolunun dirsəyi ilə həmin Ənvər adlı şəxsin ağzına vurub onu özündən itələmişdir. Orada dayanmış ikinci şəxs, yəni Zərərçəkmiş şəxs2 onun qoluna girməyə çalışdıqda onun sağ gözünün altına yumruq ataraq şöbədən çıxaraq oradan uzaqlaşmışdır. Xəsarət yetirdiyi Ənvər və Elvin adlı şəxsləri şəxsən tanımır. Onlarla arasında mübahisə yarandıqda həmin şəxslərin tibb işçiləri olduğunu bilməmişdir. Mübahisə 5-10 dəqiqə davam etmişdir. Məhkəmədə verilən suallara cavab olaraq, təqsirləndirilən şəxs bildirdi ki, xx.xx.2020-ci il tarixdə könüllü olaraq Azərbaycan Respublikasının ordu sıralarına daxil olmuş, xx.xx.2020-ci il tarixdə hərbi xidmətdən ehtiyata tərxis olunmuşdur. Müharibə zamanı mərmi partlaması nəticəsində sağlamlığında psixi pozuntu müəyyən edilmişdir. Hadisə törədən zaman özündə olmamış, hərəkətlərini dərk etməmişdir. Sonda Təqsirləndirilən şəxs əməlindən peşman olduğunu, ilk dəfə cinayət əməli törətdiyini, hazırda zərərçəkmiş şəxslərlə barışdığını nəzərə alaraq, ona cəza verilməməsini xahiş etmişdir. İş üzrə Zərərçəkmiş şəxs1 məhkəmədə ifadəsində göstərmişdir ki, o, Quba RMX-nın X5 Şöbəsində həkim işləyir. Təqsirləndirilən şəxs “Covid-19” xəstəliyi ilə əlaqədar müayinə olunması üçün Xaçmaz rayonundan Quba RMX-na gətirilmişdir. xx.xx.2022-ci il tarixdə saat 18 radələrində işlədiyi şöbənin sürücüsü Zərərçəkmiş şəxs2 ilə şöbəsinin qapısının ağzında dayandıqları zaman Təqsirləndirilən şəxs xəstəxananın X5 şöbəsinə gəlib şöbənin qapısında dayanmış və ona evinə, Xaçmaz rayonuna qayıtması üçün maşın verilməsini tələb etmişdir. O, Təqsirləndirilən şəxs maskadan istifadə etməməsini görmüş və Namikə çölə çıxamsını, maska taxıb yenidən gəlməsini tələb etmişdir. Təqsirləndirilən şəxs çölə çıxmaqdan imtina etmiş və Xaçmazdan Quba RMX-na necə gətirilibsə eləcə də onu geri aparılmasını tələb edib səs-küy salaraq maşın istəməkdə davam etmişdir. O, Təqsirləndirilən şəxs bu barədə müdriyyətlə danışacağını demiş və icazə verilərsə maşın təqdim olunacağını bildirmiş və çölə çıxmasını, maskadan istifadə etməsini tələb etmişdir. Bu vaxt Namik onunla mübahisə etmiş və onu nalayiq sözlərlə söyüb təhqir etmişdir. O, Namikin sol qoluna girib onu çölə çıxartmaq istədikdə sonuncu dirsəyi ilə onun ağız nahiyəsinə bir dəfə vuraraq yerə yıxmış, yerdə təpikləmək istəyən zaman Zərərçəkmiş şəxs2 araya girmişdir. Zərərçəkmiş şəxs2 Namiki kənara çəkdikdə, sonuncu Elvinin sağ gözünün altında yumruqla vuraraq yerə yıxmışdır. Mübahisə 5-10 dəqiqə davam etmişdir. O, Namiki söyməmiş, hədələməmiş, vurmamış və ona xəsarət yetirməmişdir. Hadisə zamanı orada işlədiyi şöbənin dispetçeri Samir Qədiməliyev, tibb maması Şahid2 və xadimə Şahid3 olmuşdur. Sonda zərərçəkmiş şəxs Təqsirləndirilən şəxslə barışdığını və sonuncuya qarşı şikayət və tələbinin olmadığını bildirmişdir. İş üzrə Zərərçəkmiş şəxs1 məhkəməyə ərizə verərək, təqsirləndirilən şəxslə barışdığını və ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. İş üzrə Zərərçəkmiş şəxs2 məhkəmədə ifadəsində göstərmişdir ki, o, Quba RMX-nın X5 Şöbəsində sürücü işləyir. Təqsirləndirilən şəxs “Covid-19” xəstəliyi ilə əlaqədar müayinə olunması üçün Xaçmaz rayonundan Quba RMX-na gətirilmişdir. xx.xx.2022-ci il tarixdə saat 18 radələrində Zərərçəkmiş şəxs1 ilə şöbəsinin qapısının ağzında dayandıqları zaman Təqsirləndirilən şəxs xəstəxananın X5 şöbəsinə gəlib şöbənin qapısında dayanmış və ona evə, yəni Xaçmaz rayonuna qayıtması üçün maşın verilməsini tələb etmişdir. Zərərçəkmiş şəxs1 Namikin maskadan istifadə etmədiyini görmüş və çölə çıxmasını, mask taxıb yenidən gəlməsini demişdir. Təqsirləndirilən şəxs çölə çıxmaqdan imtina etmiş və onu geri aparılmasını tələb edərək maşın istəmiş və hay-küy salıb söyüş söymüşdür. Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs bu barədə müdriyyətlə danışacağını demiş və icazə verilərlə maşın təmin ediləcəyini bildirmiş, eyni zamanda təkrar çölə çıxmasını və maskadan istifadə etməsini tələb etmişdir. Bu vaxt Namik onunla mübahisə etmiş və Ənvəri nalayiq sözlərlə söyüb təhqir etmişdir. Ənvər Namikin sol qoluna girib onu çölə çıxartmaq istədikdə Namik dirsəyi ilə Ənvərin ağız nahiyəsinə bir dəfə vurub yerə yıxmışdır. Namik Ənvərin üstünə hücum edərək onu yerdə təpikləmək istədikdə o, araya girmiş və Namik adlı şəxsi Ənvərdən kənara çəkən zaman Namik onun sağ gözünün altında yumruq zərbəsi vuraraq onu yerə yıxıb xəsarət yetirmişdir. Mübahisə 5-10 dəqiqə ərzində davam etmiş, bu zaman baş verən hadisəni işlədiyi şöbənin dispetçeri Samir Qədiməliyev, tibb maması Şahid2 və xadimə Şahid3 görmüşlər. Hadisə zamanı o, Namiki söyməmiş, hədələməmiş, vurmamış və ona xəsarət yetirməmişdir. Sonda zərərçəkmiş şəxs Təqsirləndirilən şəxslə barışdığını və sonuncuya qarşı şikayət və tələbinin olmadığını bildirmişdir. İş üzrə Zərərçəkmiş şəxs2 məhkəməyə ərizə verərək, təqsirləndirilən şəxslə barışdığını və ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 18 radələrində iş yerində olmuş, çağırışları qəbul etmişdir. Bu zaman şöbənin dəhlizi olan tərəfdən mübahisə səsləri və söyüşlər eşitmişdir. O, səs olan tərəfə keçmiş və həmin vaxt iş yoldaşı Zərərçəkmiş şəxs2 yerdə kafelin üstündə olduğunu görmüşdür. Sorğu əsnasında ona məlum olmuşdur ki, mübahisə yaradan şəxs “Covid-19” xəstəsi olmuş və onu yaşadığı Xaçmaz rayonuna geri aparılmasını tələb etmişdir. Həkim Zərərçəkmiş şəxs1 həmin şəxsə tibbi maska taxması üçün çölə çıxmasını tələb etmişdir. Həmiş şəxs məhəl qoymayaraq söyüş söyməyə davam etmişdir. Bu vaxt həkim Zərərçəkmiş şəxs1 həmin şəxsin qolundan tutub çölə çıxartmaq istədikdə, sonuncu dirsəyi ilə Zərərçəkmiş şəxs1 ağzından vurmuşdur. Təkrar vurmaq istəyən zaman şöbənin sürücüsü Elvin araya girmişdir. Elvin hadisə törədən həmin şəxsi kənara çəkmək istədikdə, sonuncu Elvinin sağ gözünün altından yumruqla vuraraq yerə yıxmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 18 radələrində iş yerində xidməti otaqda olmuşdur. Bu zaman şöbənin dəhlizi olan tərəfdən mübahisə səsləri və söyüşlər eşitmişdir. O, səs olan tərəfə keçmiş və dəhlizin qapısının içəri tərəfindən bir nəfər şəxsin həkim Zərərçəkmiş şəxs1lə mübahisə edib söyüş söydüyünü eşitmişdir. Mübahisə yaradan şəxs “Covid-19” xəstəsi olmuş və onu yaşadığı Xaçmaz rayonuna geri aparılmasını tələb etmişdir. Həkim Zərərçəkmiş şəxs1 həmin şəxsə tibbi maska taxması üçün çölə çıxmasını tələb etmişdir. Həmiş şəxs məhəl qoymayaraq söyüş söyməyə davam etmişdir. Bu vaxt həkim Zərərçəkmiş şəxs1 həmin şəxsin qolundan tutub çölə çıxartmaq istədikdə, sonuncu dirsəyi ilə Zərərçəkmiş şəxs1 ağzından vurmuşdur. Təkrar vurmaq istəyən zaman şöbənin sürücüsü Elvin araya girmişdir. Elvin hadisə törədən həmin şəxsi kənara çəkmək istədikdə, sonuncu Elvinin sağ gözünün altından yumruqla vuraraq yerə yıxmışdır. İttiham aktının siyahısında şahid kimi göstərilən Şahid2 məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Şahid2 ifadəsi məhkəmə iclasında elan olunan zaman məlum oldu ki, sonuncu şahidlər X1 və Şahid3 bildirdiklərinə uyğun ifadə vermişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.2.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi özünün etirafedici ifadəsi ilə yanaşı zərərçəkmiş şəxslərin və şahidlərin ifadəsi və aşağıda qeyd olunan digər iş materialları ilə tam təsdiq edilir. İş materiallarında olan: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X4-Təcrübi və Tədris Birliyinin (məhkəmə-tibbi ekspertizası) xx.xx.2022-ci il tarixli 90 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 müayinəsi zamanı onun bədənində müəyyən edilmiş xəsarət - sağ almacıq nahiyəsində qançır olub, həmin xəsarət küt əşyanın təsirindən törənmişdir və hadisənin baş verdiyi vaxta, yəni xx.xx.2022-ci il tarixdə yetirilməyə uygun gəlir, həmin xəsarət dərəcəsinə görə sağlamlığa zərər vurmayan olduğu üçün dərəcəsi təyin edilmir (iş vər.: 11); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X4-Təcrübi və Tədris Birliyinin (məhkəmə-tibbi ekspertizası) xx.xx.2022-ci il tarixli 91 saylı rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs1 müayinəsi zamanı onun bədənində müəyyən edilmiş xəsarət - üst dodağın selikli qişasında əzilmiş yara olub, həmin xəsarət küt əşyanın təsirindən törənmişdir və hadisənin baş verdiyi vaxta, yəni xx.xx.2022-ci il tarixdə yetirilməyə uygun gəlir, həmin xəsarət dərəcəsinə görə sağlamlığa zərər vurmayan olduğu üçün dərəcəsi təyin edilmir (iş vər.: 22); Məhkəmə, cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi ilə yanaşı, mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, eləcə də ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Belə ki, məhkəmə Təqsirləndirilən şəxs xuliqanlıq cinayəti törətməməsi ilə bağlı ifadələrinə dair aşağıdakıları qeyd edir. İlk növbədə vurğulamaq lazımdır ki, həmin mübahisənin təşəbbüskarı Təqsirləndirilən şəxs olmuş, o, ictimai yerdə ucadan nalayiq ifadələr işlətməklə, zərərçəkmiş şəxslərə zor tətbiq etmiş, xəstəxananın iş rejiminin pozulmasına şərait yaratmışdır. Bununla da, o, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış qaydalarına zidd olan, ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlərlə müşayiət edilən qərəzli hərəkətlər etmişdir. Təqsirləndirilən şəxs özünü təqsirli bilsə də, məhkəmə istintaqı zamanı vermiş olduğu ifadəsində müharibə zamanı mərmi partlaması nəticəsində sağlamlığında psixi pozuntu yaranması və bu səbəbdən bir neçə dəfə müalicə alması barədə bildirdiklərinə məhkəmə hüquqi qiymət verərək, cinayətin törədilməsinə şübhə yarada biləcək hər hansı bir halın müəyyən edilməsi məqsədilə psixiatrik ekspertizanın keçirilməsi qənaətinə gəlmişdir. Təqsirləndirilən şəxs xəstəlik haqqında № 4053 şəhadətnaməsindən və xəstənin ambulator kitabçasından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək Azərbaycan Respublikasının ordu sıralarında xidmət etmiş, mərmi partlaması nəticəsində kəllə-beyin travması almışdır. Təqsirləndirilən şəxs baş ağrısından, zəif görmədən, başgicəllənmədən, əsəbilikdən, yuxunun və yaddaşın pozulmasından şiakyətlənmişdir. Təqsirləndirilən şəxs anamnezinə əsasən, onun babası və əmisi ruhi xəstədir. İlkin İnkişafı adi olub. Məktəbə vaxtında gedib. 4-cü sinfi bitirib. Subaydır. İşləmir. xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlər zamanı “Barotravma. Bel əzələlərinin küt travması" xəsarətini almışdır. xx.xx.2020-ci il tarixdə N nömrəli hərbi hissəyə müraciət etmiş “Barotravma, bel əzələlərinin küt travması” diaqnozu qoyularaq müvafiq yardım göstərilmişdir. xx.xx.2020-ci il tarixdə hərbi xidmətdən ehtiyata tərxis olunmuşdur. xx.xx.2021-xx.xx.2021 və xx.xx.2022-xx.xx.2022-ci il tarixlərdə Quba Rayon Psixonevroloji Reabilitasiya Mərkəzində “Üzvi mənşəli şəxsiyyət və davranış pozuntusu" diaqnozu ilə stasionar müalicədə olmuşdur. xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək Respublika Pisixiatriya Xəstəxanasında "Üzvi (barotravma) dissosiativ pozuntu" diaqnozu ilə stasionar müalicədə olmuşdur. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xaçmaz rayon şöbəsinin rəisi tərəfindən hərbi həkim komissiyasına göndərilmişdir. MN BKH-nın baş nevroloqu, ilə konsultasiya olunmuşdur. xx.xx.2021-xx.xx.2021 və xx.xx.2022-xx.xx.2022ci il tarixlərdə X3 Reabilitasiya Mərkəzində, xx.xx.2022-xx.xx.2022-ci il tarixədək Respublika Pisixiatriya Xəstəxanasında, xx.xx.2022-ci il tarixdə MN MHP-da müayinə və müalicədə olmuşdur (iş vər.: 140, 141); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzinin” Publik hüquqi şəxsin xx.xx.2022-ci il tarixli 2391 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs üzvi şəxsiyyət pozuntusu aşkar edilir. Həmin üzvi şəxsiyyət pozuntusu o dərəcədə ifadə olunmayıb ki, o, ona ittiham edilən əməl zamanı öz əməlinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmasın. Təqsirləndirilən şəxs ona ittiham olunan əmələ görə anlaqlı hesab edilməlidir. Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs aşkar edilən üzvi şəxsiyyət pozuntusu diaqnozlu xəstəliklə əlaqədar o, öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini tam dərk etmək və onları tam idarə etmək iqtidarında olmayan şəxs kimi onun əməli Azərbaycan Respublikası CM-nin 22.1-ci maddəsinin təsiri altına düşür. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs hazırki psixi vəziyyətinə görə prosessual fəaliyyət qabiliyyətli şəxs hesab edilir və öz prosessual hüquq və vəzifələrini müstəqil həyata keçirmək iqtidarındadır. İş üçün mühüm əhəmiyyət kəsb edən məhkəmə psixiatrik ekspertiza mərkəzinin xx.xx.2022-ci il tarixli 2391 saylı rəyi belə qənaətə gəlməyə əsas verir ki, Təqsirləndirilən şəxs tərəfindən ona elan edilmiş ittiham üzrə öz hərəkətlərinin faktiki xarakterini dərk edərək cinayətin törədilməsinə şübhə yarada biləcək hər hansı bir hal müəyyən edilməmişdir. Ona görə də, təqsirləndirilən şəxsin məhkəmə araşdırması zamanı ifadəsində göstərdikləri hallar ittihamı təkzib edən sübut kimi qəbul edilə bilməz. Yəni ki, ibtidai istintaq orqanı tərəfindən elan edilmiş ittihamda göstərilən cinayət əməlini törətməsi məhkəmə tərəfindən tədqiq edilmiş sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Belə ki, “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli qərarının 2-ci bəndində məhkəmələrə izah olunmuşdur ki, «ictimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgə yaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafeylərinə toxunan hərəkətlər etməsi başa düşülür. Məhkəmələrin diqqəti xuliqanlıq cinayətinin digər oxşar cinayətlərdən fərqləndirilməsi zəruriyyətinə cəlb edilməlidir. İzah edilməlidir ki, ictimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında, şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən, zərər çəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisə və ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunur. Şəxsi münasibətlər zəminində başlanılmış belə hərəkətlər sonradan ictimai qaydanı kobud surətdə pozmağa və cəmiyyətə qarşı açıq-aşkar hörmətsizlik ifadə edən hərəkətlərə çevrilərsə, onda şəxsin əməli xuliqanlıq kimi qiymətləndirilə bilər. Xuliqanlıq zamanı hakimiyyət nümayəndəsinə qarşı onun həyatıvə sağlamlığı üçün təhlükəli olan zor tətbiq etməklə müşayiət olunan müqavimət göstərildikdə də əməl cinayətlərin məcmuyu qaydasında Cinayət Məcəlləsinin 221.2.2 və 315.2-ci maddələri ilə tövsüf olunmalıdır. Hakimiyyət nümayəndəsi olmayan, lakin xuliqanlıq hərəkətlərinin qarşısını alan şəxsə onun həyatı və sağlamlığı üçün təhlükəli olan zor tətbiq edilərsə, yenə də əməl cinayətlərin məcmuyu qaydasında Cinayət Məcəlləsinin 221-ci və şəxsiyyətə vurulan zərərin dərəcəsindən asılı olaraq Cinayət Məcəlləsinin 126-cı və ya 127-ci maddələriilə tövsüf olunmalıdır. İzah edilsin ki, ictimai qaydanın qorunması üzrə vəzifəsini yerinə yetirən və ya ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə və ya digər şəxsə də müqavimət göstərməklə törədilən xuliqanlıq hərəkəti Cinayət Məcəlləsinin 221.2.2-ci maddəsinin dispozisiyası ilə tam əhatə olunduğundan CM-nin digər maddələri ilə əlavə tövsüfə ehtiyac qalmır. Cinayət Məcəlləsinin 221.2.2-ci maddəsində nəzərdə tutulan hakimiyyət nümayəndəsi dedikdə ictimai qaydanın pozulmasının qarşısını almaq səlahiyyəti olan bütün vəzifəli şəxslər başa düşülür. Digər şəxslər dedikdə isə üzərinə ictimai vəzifələrin yerinə yetirilməsi öhdəliyi qoyulmuş, yaxud vətəndaşlıq borcunu yerinə yetirməsi ilə əlaqədar ictimai qaydanın qorunmasında iştirak edən, hakimiyyət nümayəndəsi olmayan şəxs başa düşülür. İctimai qaydanın qorunması üzrə vəzifənin yerinə yetirilməsi dedikdə küçələrdə və ya ictimai yerlərdə post-patrul xidmətinin həyata keçirilməsi, nümayişlər, piketlər, mitinqlər, tamaşalar, kütləvi tədbirlər, qəza və təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması zamanı qaydanın qorunması halları başa düşülməlidir.» Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında göstərilir: «Cinayət qanunvericiliyində xuliqanlıq cinayəti ictimai təhlükəsizlik əleyhinə olan cinayətlər kateqoriyasına aid edilmiş, onun əsas obyekti kimi ictimai qayda, əlavə obyekti qismində isə insanların sağlamlığının, şərəf və ləyaqətinin, habelə mülkiyyətin mühafizəsi ilə bağlı olan ictimai münasibətlər çıxış edir. İctimai təhlükəsizlik əleyhinə olan cinayətlər ictimai qaydanın, şəxsiyyətin təhlükəsizliyinin və sağlamlığının, şərəf və ləyaqətinin, şəxsi və dövlət əmlakının qorunmasını, eləcə də insanların əmək və istirahətini, müəssisə və təşkilatların normal fəaliyyətini təmin etmək üçün qanunvericilikdə müəyyən edilmiş qaydaları pozan ictimai təhlükəli əməllərdir.” Məhkəmə iclasında araşdırılan sübutlara qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin əməlində xuliqanlıq cinayətinin əlamətləri vardır və onun əməli Azərbaycan Respublikası CM-in 221.2.2-ci maddələri ilə düzgün tövsif edildiyindən, o həmin maddə ilə məsuliyyət daşımalıdır. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən, hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri, həmçinin aşağıda qeyd olunanlar da nəzərə alınmalıdır. İş materiallarında olan: “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikası CMnin 221.2.2-ci maddəsi ittiham elan olunmuşdur (iş vər.: 67, 68); “qətimkan tədbiri seçilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində xx.xx.2022-ci il tarixdə “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (iş vər.: 93-95); Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin verdiyi cinayət işi üzrə yoxlamaya dair tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir (iş vər.: 10); Xaçmaz RİHB-nın Niyazoba kənd İƏD üzrə nümayəndəliyindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs Xaçmaz rayonu Niyazoba kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayır. Təqsirləndirilən şəxs yaşadığı ərazi üzrə müsbət xarakterizə olunur (iş vər.: 57-61); SX № ******* nömrəli hərbi biletin təsdiq olunmuş surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə könüllü olaraq Azərbaycan Respublikasının ordu sıralarına daxil olmuş, xx.xx.2020-ci il tarixdə hərbi xidmətdən ehtiyata tərxis olunmuşdur (iş vər.: 70-73); Azərbaycan Respublikası Medalının İ-4155, İ-6080 və İ-10813 nömrəli vəsiqələrinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Prezidentinin xx.xx.2020-ci il tarixli 2353 nömrəli Sərəncamı ilə “Cəsur döyüşçü”, xx.xx.2020-ci il tarixli 2362 nömrəli Sərəncamı ilə “Füzulinin azad olunmasına görə” və xx.xx.2020-ci tarixli 2364 nömrəli Sərəncamı ilə “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunmuşdur (iş vər.: 137-139). Məhkəmə Azərbaycan Respublikası CM-nin: 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, 2-ci Qarabağ müharibəsinin iştirakçısı olmasını, zərərçəkmiş şəxslərlə barışmasını, zərərçəkmiş şəxslərin ona qarşı şikayət və tələbinin olmamasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır; 61-ci maddəsinə əsasən isə məhkəmə Təqsirləndirilən şəxs əməlində nəzərdə tutulan cəzanı ağırlaşdıran halların olmadığını müəyyən edir. Məhkəmə cəza məsələsini müzakirə edərkən, Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən halları, ağırlaşdıran halların olmadığını nəzərə alaraq hesab edir ki, ona təyin olunan cəza ədalətli olmaqla yanaşı, törətdiyi cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə, həmin cinayətin törədilməsi halına, onun özünün şəxsiyyətinə tam uyğun olmalıdır. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nın 221.2.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş islah işləri növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Belə ki, Azərbaycan Respublikası CM-nin: 8.1-ci maddəsinə əsasən “cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır”. 58.3-cü maddəsinə görə “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır”. 41.2-ci maddəsinə əsasən “cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir”. 58.1-ci maddəsinin tələblərindən görünür ki, “cinayət törətməkdə təqsirli bilinən şəxsə bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir”. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 №-li qərarının, 45-ci bəndində qeyd olunmuşdur ki, “məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər”. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz Qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan islah işləri cəzası təyin edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə 49-cu maddəsinə görə islah işləri iki aydan iki ilədək müddətə təyin edilir və həmin cəza məhkumun iş yeri üzrə çəkilir. İslah işlərinə məhkum olunmuş şəxsin qazancından dövlət nəfinə beş faizdən iyirmi faizədək məbləğdə pul tutulur. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin başlanğıcı onun qazancından tutulmaların aparıldığı vaxtdan hesablanmalıdır. “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər eidlmasi haqqında” 07 mart 2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə görə məhkəmə, hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli olan əmlakın olub-olmaması məsələsini həll etməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1 və 99-1.1.1-ci maddəsinə əsasən məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) Xüsusi müsadirə olunan əmlak hesab olunur. Məhkəmə xüsusi müsadirə ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, iş üzrə belə bir əmlak olmadığından təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə ilə bağlı müddəa tətbiq edilməməlidir. İş üzrə mülki iddia, məhkəmə xərci və maddi sübut yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 42.1.2, 42.2.2, 44.1, 344-353, 356, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona aylıq qazancının 15%-i dövlət nəfinə tutulmaqla 01 (bir) il 06 (altı) ay müddətinə islah işləri növündə cəza təyin edilsin. Cəzasının əvvəli Təqsirləndirilən şəxs aylıq qazancından ilk dəfə 15% dövlət nəfinə tutulduğu gündən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzanın icrası Xaçmaz rayonu İcra və probasiya şöbəsinə həvalə edilsin. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökm apelyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdıqdan sonra qüvvəyə minir. Hakim: Samir Məmmədov
Məhkəmə qərarları › İş №1(027)-133/2022
Quba Rayon Məhkəməsi Hökm — İş №1(027)-133/2022
11.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver