Məhkəmə qərarları › İş №1(027)-133/2023

Quba Rayon Məhkəməsi Hökm — İş №1(027)-133/2023

10.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Quba şəhəri İş № 1(027)-133/2023 10.10.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Samir Əlibala oğlunun sədrliyi Muradov Əli Şakir oğlunun katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, Dövlət ittihamçısı, zərərçəkmiş şəxs X3, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Quba rayon Vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxx 1964-cü il tarixdə Quba rayonu, Susay kəndində doğulmuş, Rusiya Federasiyasının vətəndaşı, orta təhsilli, evli, işsiz, məhkumluğu olmayan, Quba rayonu, Susay-qışlaq kəndində yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 19 iyun 2023-cü il tarixdə saat 15 radələrində Quba rayonu, Susay qışlaq kəndində yerləşən mübahisəli bağ sahəsində aralarında şəxsi münasibətlər zəminində yaranmış münaqişə zamanı X3 burnundan və sifətindən yumruqla vuraraq burnunun üstündə, boyunun sağ ön səthinin sağ əlinin arxa səthinin fasiləli sıyrıqları və sol yanağın selikli qişasının əzilmiş yarasından ibarət dərəcəsinə görə sağlamlığa qısa müddətə pozğunluq törədən xəsarətlər yetirərək onun sağlamlığına qəsdən yüngül zərər vurmuşdur. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə, sadələşdirilmiş icraat materialları ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (CPM) 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, təhqiqat və məhkəmə protokollarını, ekspertiza rəyini və digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, onun və ailə üzvlərinin Quba rayonu, Susay qışlaq kəndi ərazisində 1.06 ha pay torpaq sahələri vardır. Ruhi əsəb xəstəsi olan və hazırda stasionar müalicədə olan bacısı Lətifə Zeynəddinovanın da 0.09 ha pay torpaq sahəsi onunla qonşuluqda yerləşir. Hazırda bacısı Lətifə 1 ilə yaxındır ki, Maştağa qəsəbəsində yerləşən 1 nömrəli psixiatrik xəstəxanada müalicə alır. Xəstəxanaya yerləşdirilməzdən qabaq Qusar rayon Avaranqışlaq kənd sakini Şahid2 ilə 0.09 ha torpaq sahəsinə görə icarə müqaviləsi bağlamış və həmin torpaq sahəsində olan gilas meyvələrini Rəginə sataraq özünə gəlir əldə etmişdir. Bacısı Lətifə torpaq sahəsinin yerini Rəginəyə səhv göstərdiyindən, Rəginə onun sahəsində olan gilas meyvələrini də özü üçün dərib satır. Bununla bağlı Rəginə ilə aralarında 2 ilə yaxındır ki, mübahisə gedir. Əvvəl gilas yığımı zamanı həyat yoldaşı Şahid3 ilə birlikdə bağa gəlmişlər və görmüşlər ki, X6 ailə üzvləri və fəhlələrlə birgə onların bağ sahəsinə aid 40-50 ədəd ağacın meyvəyisi yığıb aparmışlar. 19 iyun 2023-cü il tarixdə, saat təxminən 15 radələrində həyat yoldaşı Şahid3 ona zəng edərək, Rəginənin qızı Nazilə və gəlini Maralla birlikdə yenə də ona məxsus gilas meyvələrini dərdiyini görmüşdür. O, bağ sahəsinə getmiş və orada Rəginənin qızı Nazilə və gəlini Maralla gilas meyvələrini dərmələrini və meyvələr olan yeşikləri daşıdıqlarını görmüşdür. Bununla bağlı aralarında münaqişə yaranmışdır. Onlara gilas meyvələrini dərməməyi, bacısı Lətifənin onlara sahəni düz göstərmədiyini bildirmişdir. Məhkəmədə verilən suallara cavab olaraq, təqsirləndirilən şəxs bildirdi ki, Nazilə və anası onunla kobud danışmış, təhqir etmiş, o, da cavabında kobud ifadələr işlətmişdir. Lakin, Zərərçəkmiş şəxs döyməmiş və xəsarətlər yetirməmişdir. Həmin vaxt sahədə üç nəfər fəhlə də olmuşlar ki, onlar da hadisəni görmüşlər. Bacısı Lətifə xəstə olduğu halda onunla icarə müqavilə bağlamışlar. Birinci il də onların meyvəsin yığıb aparmışlar. Sonda təqsirləndirilən şəxs özünü təqsirli bilmədiyini, Zərərçəkmiş şəxs döyməsə də, aparıb müalicəsini eləməyə hazır olduğunu demişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs məhkəmədə bildirmişdir ki, Təqsirləndirilən şəxs ilə qohumluq əlaqələri yoxdur. Anası Şahid2 Quba rayonu Susayqışlaq kənd sakini X1 2 illik müddətə 0.09 ha torpaq sahəsini icarəyə götürərək bağ sahəsində olan gilas ağaclarına qulluq edib məhsul yetişən vaxtı meyvələrini dərməyi razılaşmışlar. İcrarəyə götürdükləri vaxtdan sahəyə qulluq edərək gübrə vermişlər. Yığım mövsümü zamanı, yəni 19 iyun 2023-cü il tarixdə təxminən saat 14 radələrində o, anası Rəginə və qardaşının həyat yoldaşı Maral ilə birlikdə Quba rayonu, Susayqışlaq kəndində yerləşən icarəyə aldıqları bağ sahəsində gilas dərməyə getmişlər. Həmin vaxt bağ sahəsində olan Təqsirləndirilən şəxs və sonuncunun həyat yoldaşı Cəmilə onları mevyə dərməyə qoymamışlar. Onlar gilas yığmaq istəyəndə Təqsirləndirilən şəxs əvvəl onları nalayiq söyüşlərlə söymüş, daha sonra anası Rəginəni itələyib yıxmış, o Əzizağanı uzaqlaşdırmaq istəyən zaman, sonuncu yumruq zərbələri ilə onun burnundan vurub xəsarətlər yetirmişdir. Məhkəmədə verilən suallara cavab olaraq, zərərçəkmiş şəxs bildirdi ki, həmin gün o, anası Rəginə və gəlinləri Maral ilə bağa getmişlər. Həmin vaxt orada Təqsirləndirilən şəxs, onun həyat yoldaşı Cəmilə və fəhlələr olmuşdur. Təqsirləndirilən şəxs içkili olmuşdur. Nalayiq söyüşləri də Əzizağa demiş, xəsarətləri də ona Əzizağa yetirmişdir. Bağ sahəsini anası Əzizağanın bacısı Lətifədən icarəyə götürmüşdür və bununla bağlı Lətifə Zeynəddinova ilə anası arasında icarə müqaviləsi bağlanmışdır. Anası müqavilə əsasında Lətifəyə icarə haqqı vermişdir. Müqavilə bağlanılan zaman Lətifə kənddə olmuş, hazırda harada olmasını bilmirlər. Birinci il onlar bağ sahəsini gübrələmiş və meyvə yığılan zaman Əzizağa onlara maneələr törətdiyi üçün meyvəni yığa bilməmişlər. İkinci il də yığım zaman eyni qaydada maneələr törətmişdir. Bununla bağlı onlar Lətifə ilə görüşüb danışmaq istəsələr də, Lətifəni tapa bilməmişlər. Onlar Əzizağanın hərəkətləri, yəni 2 ildir törətdiyi maneələri barədə polis şöbəsinə və 102 xidmətinə məlumat vermişlər. Polis əməkdaşları bağ sahəsinə gəlib baxıb getmişlər, bununla da heç bir müsbət nəticə əldə edilməmişdir. Sonda zərərçəkmiş şəxs bildirdi ki, Təqsirləndirilən şəxs ona xəsarətlər yetirməklə burnunu qırmışdır. Bununla bağlı sübut kimi məhkəmə fotoşəkil təqdim etmişdir. Təqsirləndirilən şəxsla barışmaq fikri yoxdur. Məhkəmə iclasında Şahid2 ibtidai istintaqa verdiyi izahatı təsdiq edərək bildirmişdir ki, Zərərçəkmiş şəxs anasıdır. Quba rayonu, Susayqışlaq kənd sakini X1 2 il müddətinə icarəyə 0.09 ha torpaq sahəsini icarəyə götürərək bağ sahəsində olan gilas meyvələrini dərməyi razılaşmışlar. Müqaviləni Quba regional Asan Xidmət mərkəzində bağlamışlar. Lətifə onlara bağ sahəsinin yuxarı hissəsini göstərmişdir. Onlar həmin sahədə aqro-texniki işlər görmüşlər, sahəyə gübrə vermişlər. Ötən il məhsul yığımı zamanı Təqsirləndirilən şəxs həyat yoldaşı Cəmilə ilə birgə onlar mübahisə etməyə başlamışlar. Əzizağa onlara onlara icarə verilmiş yerin başqa yerdə olmasını bildirmişlər. Onlar torpaq şöbəsinə getmişlər və müəyyən edilmişdir ki, Lətifə onlara yığım sahəsi düzgün göstərməmişdir. O Əzizağadan belə olan halda sahəyə verilmiş gübrənin xərcini qaytarmasını demiş, Əzizağa ilə razılığa gəlmişlər ki, gübrənin pulunu verib həmin sahədə olan ağacların meyvəsi yığsın. Bu il isə onlar onlara aid ərazidə işləməyə başlamışlar. Meyvə yığımı zamanı mübahisənin yaranmaması üçün əvvəl polis şöbəsinə məlumat vermiş, sonra sahə rəisinə məlumat vermişlər. Sahə rəisi onların əlindəki xəritəyə baxmış və gedib meyvəni yığmasını demişdir. O, qızı Nailə və gəlini Maral ilə sahəyə getmiş və meyvələri yığmağa başlamışlar. Yığım zamanı Əzizağanın həyat yoldaşı Cəmilə gəlmiş və onlara maneçilik törədərək gilasları dərməyə qoymamışdır. Sonra isə Cəmilə zəng edərək həyat yoldaşı Əzizağanı çağırmışdır. Əzizağa sərxoş halda, əlində içki şüşəsi ilə gəlmiş və onunla mübahisə etmişdir. Əzizağa onları söyüb təhqir etdiyi üçün onlar 102 xidmətinə məlumat vermişlər. Polis əməkdaşları gəlmiş və mübahisənin həlli məqsədilə yenidən torpaq şöbəsinə getməsini demişlər. Polis əməkdaşları getdikdən sonra Əzizağa yenidən yaxınlaşmış və onu yerə yıxmışdır. Qaldırmaq üçün qızı Nazilə ona yaxınlaşanda, Əzizağa qızı Nazilənin burnuna yumruqla, sifətinə və bədəninə də yumruqla vuraraq döymüşdür. Münaqişə təxminən 15 dəqiqə davam etmişdir. Bundan sonra onlar 102 xidmətinə müraciət etmiş, daha sonra Naziləni müayinə etmək üçün xəstəxanaya getmişlər. Məhkəmədə verilən suallara cavab olaraq, şahid bildirdi ki, mübahisə zamanı bağda fəhlələr olsa da, onların yanında olmamışlar. Fəhlələr aralıda bağın yuxarı hissəsində olmuşlar. Hadisə zamanı orada qızı Nazilə, gəlini Maral, Əzizağa və sonuncunun həyat yoldaşı Cəmilə olmuşdur. Məhkəmə iclasında şahid X7 ibtidai istintaqa verdiyi izahatı təsdiq edərək, bildirmişdir ki, mübahisə gilas bağı üstündə olmuşdur. 2 ildir ki, onlar Əzizağanın bacısı Lətifədən icarəyə bağ götürmüşlər. İstifadələrində olan bağ sahəsi Əzizağanın bağ sahəsi ilə qonşudur. 19 iyun 2023-cü il tarixdə, təxminən saat 14 radələrində o, baldızı Nazilə və qayınanası Rəginə ilə birlikdə bağ sahəsinin aşağı hissəsində, yəni Əzizağanın bağına yaxın yerdə olan ağaclardan meyvə yığmışlar. Bu vaxt Əzizağa sərxoş vəziyyətdə gəlmiş və qayınanası Rəginəni itələyib yerə yıxmışdır. Baldızı Nazilə yaxınlaşıb ayırmaq istədikdə Əzizağa Nazilənin yumruqla burnuna, sifətinə və bədəninə vuraraq döymüşdür. Həmin vaxt o, hadisə yerindən təxminən 10 metr aralıda olmuşdur. Verilən suallara cavab olaraq bildirdi ki, hadisə olan yerdə o Əzizağa, sonuncunun yoldaşı Cəmilə, qayınanası Rəginə və baldızı Nazilə olmuşlar. Lətifə Zeynəddinova ötən il onlara torpaq sahəsinin yerini səhv göstərdiyindən onlar göstərilən sahədə olan gilas meyvələrini yığmışdılar. Bu il həmin ərazidən meyvə yığmamışlar. Məhkəmə iclasında Şahid3 həyat yoldaşı Təqsirləndirilən şəxs göstədiklərini təsdiq etmiş və əlavə olaraq bildirmişdir ki, mübahisə bağ sahəsi üstündə olmuşdur. Şahid2 baldızı Lətifə Zeynəddinova ilə sonuncuya məxsus bağ sahəsinin icarəsi ilə bağlı müqavilə bağlasa da, qızı Nazilə ilə birlikdə gecə saatlarında onların bağ sahəsinə aid ağaclardan gilası yığıb aparmışlar. Onlar öz növbəsində gilas yığan zaman Rəginə və ailə üzvləri gəlmiş və mübahisə edərək gilas yığmağa qoymamışlar. Polis əməkdaşları gəlmiş və hər iki tərəfin həqiqi yerini müəyyən etmək məqsədilə onları torpaq şöbəsinə göndərmişlər. Məhkəmədə verilən suallara cavab olaraq şahid bildirdi ki, həmin vaxt hadisə yerində fəhlələr də olmuşdur. Gilas yığımı ilə bağlı aralarında sözlə mübahisə olmuşdur. Həmin vaxt bir-birilərini söysələr də dava-dalaş olmamışdır. Mübahisə bağın aşağı tərəfində olmuşdur. Müdafiə tərəfinin vəsatəti əsasında məhkəmədə əlavə şahid qismində dindirilmiş X8 bildirdi ki, Əzizağanın bağ sahəsində gilas yığmaq üçün fəhlə axtardığını eşidib 19 iyun 2023-cü il tarixdə ora getmişdir. Bağ sahəsində gilas yığacağı yeri ona göstərmişlər. Saat 10-11 radələrində Zərərçəkmiş şəxs ailəsi ilə bağ sahəsinə gəlmiş, 15 ağacı göstərib onları yığımamasını demişlər. Əzizağanın həyat yoldaşı bunu eşidib Əzizağaya zəng etməsini demişdir. Əzizağa gəlmiş və onların arasında mübahisə yaranmışdır. Bundan sonra o həmin yerdən çıxıb getdiyi üçün söyüşlərin və dava-dalaşın şahidi olmamışdır. Hadisə işlədiyi bağ sahəsinin aşağısında olmuşdur. Əzizağanın kimisə vurmasının şahidi olmamış, çünki həmin vaxt onlara yaxınlaşmamışdır. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs özünü təqsirli bilməsə də, onun Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətməsi iş materialları, ekspert rəyi, şahid ifadələri, zərərçəkmiş şəxsin təqdim etdiyi foroşəkillə və aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə tibbi ekspertiza və X10-Təcrübi və Tədris Birliyinin 20 iyun 2023-cü il tarixli 300 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşkar olunan xəsarətlər- burnunun üstündə, boyunun sağ ön səthinin sağ əlinin arxa səthinin fasiləli sıyrıqları və sol yanağın selikli qişasının əzilmiş yarası küt əyşanın (əşyaların) təsirindən törənməklə yetirmə müddəti qərarda göstərilən müddətdə və müxtəlif şəraitlərdə, yəni 19 iyun 2023-cü il tarixdə əmələ gələ bilər və dərəcəsinə görə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. İş materiallarında olan Zərərçəkmiş şəxs təqdim etdiyi fotoşəkildən görünür ki, Zərərçəkmiş şəxs sifət nahiyəsində və burnunda xəsarət və qan izləri vardır. Təqsirləndidilən şəxs zərərçəkmiş şəxsə xəsarət yetirməməsi ilə bağlı verdiyi ifadəni məhkəmə məsuliyyətdən boyun qaçırmaq məqsədi daşıması kimi qiymətləndirir. Həmçinin onunla faktiki nikah münasibətlərində olan Şahid3 da məhkəmədə ifadə verərkən, təqsirləndirilən şəxsə münasibətdə müdafiə xarakterli mövqey tutmuş olur. Bununla yanaşı, təqsirləndirilən şəxsin özünün dəvət etdiyi şahid X8 da hadisəni görmədiyini məhkəmədə bildirmişdir. Digər tərəfdən, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini təqsirli olaraq törətməsi hadisə yerində olan şahidlərin ifadələri, ekspert rəyi və zərərçəkmiş şəxsin fotoşəkli ilə tam təsdiqini tapır. Bununla yanaşı, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə dəymiş zərəri aradan qaldırmağa hazır olduğunu məhkəmədə bildirmişdir ki, bu da onun törətdiyi əməldən peçiman olması kimi qiymətləndirilə bilər. Bununla da, məhkəmə iş üzrə əldə edilmiş məhkəmə-tibbi ekspertizasının rəyini daha mötəbər sübut kimi qəbul edir və hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə düzgün olaraq tövsif edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsinə əsasən sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma - min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədə müvafiq hesab edir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur və ona qanunla müəyyən edilmiş qaydada həmin maddənin sanksiyası həddində cəza təyin olunmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən, hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri, həmçinin aşağıda qeyd olunanlar da nəzərə alınmalıdır. İş materiallarında olan: Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin verdiyi cinayət işi üzrə yoxlamaya dair tələbnamədən görünür ki, xx.xx.1964-cü il təvəllüdlü Təqsirləndirilən şəxs Qusar rayon məhkəməsinin xx.xx.2002-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 1 il müddətinə islah işləri cəzasına məhkum edilmiş, Quba Rayon Məhkəməsinin xx.xx.2005-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 3 ay müddətində cəzasına məhkum edilmiş, xx.xx.2005-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir; Hazırda Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir; Quba RMX-nin Konsultativ Poliklinika şöbəsinin 25 iyun 2023-cü il tarixli PHŞ-6\52- 889\ 2023 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs RMX-nın PŞ-nin narkoloji və psixiatrik kabinetlərində qeydiyyatda yoxdur; Quba RİHB-nın Aşağı Atuc İƏD üzrə nümayəndəliyinin xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Quba rayonu, Susayqışlaq kəndində yaşayır. Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmə Azərbaycan Respublikası CM-nin: 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, zərərçəkmiş şəxslə barışmağa cəhd etməsini cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır; 61-ci maddəsinə əsasən isə məhkəmə Təqsirləndirilən şəxs əməlində nəzərdə tutulan cəzanı ağırlaşdıran halların olmadığını müəyyən edir. Məhkəmə cəza məsələsini müzakirə edərkən, Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən halları, ağırlaşdıran halların olmadığını nəzərə alaraq hesab edir ki, ona təyin olunan cəza ədalətli olmaqla yanaşı, törətdiyi cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə, həmin cinayətin törədilməsi halına, onun özünün şəxsiyyətinə tam uyğun olmalıdır. Belə ki, Azərbaycan Respublikası CM-nin: 8.1-ci maddəsinə əsasən “cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır”. 58.3-cü maddəsinə görə “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır”. 41.2-ci maddəsinə əsasən “cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir”. 58.1-ci maddəsinin tələblərindən görünür ki, “cinayət törətməkdə təqsirli bilinən şəxsə bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir”. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 №-li qərarının, 45-ci bəndində qeyd olunmuşdur ki, “məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər”. Məhkəmə Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan islah edilməsinin mümkünlüyü qənaətinə gələrək, ona Azərbaycan Respublikası CM-nin 128-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə cəzanın təyin edilməsini məqsədəuyğun sayır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 44.1-ci maddəsinə əsasən cərimə bu Məcəllə ilə müəyyən edilmiş hallarda və məbləğdə məhkəmə tərəfindən təyin edilən pul tənbehidir; 44.2-ci maddəsinə əsasən cərimə törədilmiş cinayətin ağırlığı və məhkumun əmlak vəziyyəti nəzərə alınmaqla iyirmi min manatadək miqdarda və ya cinayət nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) bir mislindən on mislinədək miqdarda, habelə cinayətin predmetinin dəyərinin yüz faizinədək miqdarda müəyyən olunur. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan cərimə cəzası təyin edilməlidir. Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməli və hökm qanuni qüvvəyə minənədək həmin qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında» 07 mart 2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə görə məhkəmə, hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli olan əmlakın olub-olmaması məsələsini həll etməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1 və 99-1.1.1-ci maddəsinə əsasən məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) Xüsusi müsadirə olunan əmlak hesab olunur. Məhkəmə xüsusi müsadirə ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, iş üzrə belə bir əmlak olmadığından təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə ilə bağlı müddəa tətbiq edilməməlidir. İş üzrə mülki iddia, maddi sübut və məhkəmə xərci yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347; 349; 351-353, 356, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 1000 (bir min) manat miqdarında cərimə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilsin və hökm qanuni qüvvəyə minənədək həmin qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Cəzanın icrası yaşadığı yer üzrə İcra və probasiya şöbəsinə həvalə edilsin. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökm apelyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdıqdan sonra qüvvəyə minir. Hakim: Samir Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar