Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 1(027)-134/2023 02.08.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Babayev Aydın Vahid oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, Dövlət İttihamçısı– Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon və (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, Dövlət ittihamçısı, Zərər çəkmiş şəxs - X2, İctimai təhlükəli əməli törətmiş şəxs – Təqsirləndirilən şəxs1, Onun müdafiəçisi – X1, İctimai təhlükəli əməli törətmiş şəxs –Təqsirləndirilən şəxs2, Onun müdafiəçisi – X5 iştirakı ilə, xx xxxxxx 1994-cü il tarixdə Quba rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, məhkum olunmayan, işləməyən, Quba rayonu, 2-ci Nügədi kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair və 16 yanvar 1992-ci il tarixdə Quba rayonu, 2-ci Nügədi kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, məhkum olunmayan, işləməyən, Quba rayonu, 2-ci Nügədi kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair sadələşdirilmiş icraat materialına açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs1 24 may 2023-cü il tarixdə saat 20.30 radələrində idarə etdiyi “Vaz- 21093” markalı, RUS M657HK05 dövlət qeydiyyat nişanlı avtomobillə Qonaqkənd-Quba avtomobil yolunun Quba rayonu, 2-ci Nügədi kəndi ərazisindən keçən hissəsində Quba şəhəri istiqamətində hərəkətdə olarkən, «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanunun 50.1-ci maddəsinin tələblərini pozaraq hərəkəti üçün təhlükə yaranmasını görməsinə baxmayaraq idarə etdiyi nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu halda həmin tədbirləri görməmiş, həmin vaxt «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanunun 42-ci maddəsinin 1-ci hissəsinin və 69-cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinin tələblərini pozaraq yolun həmin hissəsində dönmə əməliyyatının qadağan olmasına baxmayaraq hərəkətin digər iştirakçıları üçün təhlükəli manevr edərək yolun sağ çiynindən hərəkətə başlayıb sola doğru istiqamətlənərək əks istiqamətli nəqliyyat axınlarını ayıran 1.1. üfiqi nişanlama xəttini kəsib dönmə əməliyyatı aparan digər sürücü Təqsirləndirilən şəxs2 idarə etdiyi “Vaz-21074” markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin sol arxa tərəfi ilə toqquşmuş, nəticədə ehtiyatsızlıqdan “Vaz-21093” markalı, RUS M657HK05 dövlət qeydiyyat nişanlı avtomobildə olan sərnişin Zərərçəkmiş şəxs sağlamlığının uzun müddətə pozulmasına və bununla da sağlamlığına az ağır zərər vurulmasına səbəb olmuşdur. Həmçinin Təqsirləndirilən şəxs2 24 may 2023-cü il tarixdə saat 20.30 radələrində idarə etdiyi “Vaz-21074” markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobillə Qonaqkənd-Quba avtomobil yolunun Quba rayonu, 2-ci Nügədi kəndi ərazisindən keçən hissəsində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanunun 42-ci maddəsinin 1-ci hissəsinin və 69-cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinin tələblərini pozaraq yolun həmin hissəsində dönmə əməliyyatının qadağan olmasına baxmayaraq hərəkətin digər iştirakçıları üçün təhlükəli manevr edərək yolun sağ çiynindən hərəkətə başlayıb sola doğru istiqamətlənməklə əks istiqamətli nəqliyyat axınlarını ayıran 1.1. üfiqi nişanlama xəttini kəsib dönmə əməliyyatı apardığından həmin vaxt Quba şəhəri istiqamətində hərəkətdə olan və «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanunun 50.1ci maddəsinin tələblərini pozaraq hərəkəti üçün təhlükə yaranmasını görməsinə baxmayaraq idarə etdiyi nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməyən digər sürücü Təqsirləndirilən şəxs1 idarə etdiyi “Vaz-21093” markalı, RUS M657HK05 dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sol tərəfi ilə toqquşmuş, nəticədə ehtiyatsızlıqdan “Vaz-21093” markalı, RUS M657HK05 dövlət qeydiyyat nişanlı avtomobildə olan sərnişin Zərərçəkmiş şəxs sağlamlığının uzun müddətə pozulmasına və bununla da sağlamlığına az ağır zərər vurulmasına səbəb olmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə ona elan edilmiş itiham üzrə özünü təqsirli bilərək ifadəsində bildirmişdir ki, 24 may 2023-cü il tarixdə, saat 20:30 radələrində X8 məxsus etibarnamə və BC kateqoriya sürücülük vəsiqəsi əsasında 60 km/saat sürətilə idarə etdiyi “Vaz- 210093” markalı, RUS M657HK05 dövlət qeydiyyat nişanlı avtomobillə Quba şəhəri istiqamətində hərəkətdə olmaqla 2-ci Nügədi kəndi ərazisindən keçərkən aralarında 6-7 metr məsafə olan “Vaz- 21074” markalı avtomobil anidən yolun onun hərəkət istiqamətində olan hissəsinə çıxıb sola dönmək istəyərkən tormoz versə də, sürüşərək həmin avtomobillə toqquşmuşdur. Hadisədən əvvəl spirtli içki qəbul etməmişdir və hadisə zamanı özü xəsarət almamışdır. Həmin vaxt avtomobilində qonşusu Rüfət, onun arvadı Kəmalə və gəlinləri Aysel olmuşlar. Baş vermiş yol nəqliyyat hadisəsi zamanı digər sərnişinlər xasarət almasalar da, Kəmalə sol qolundan xəsarət almışdır. İfadəsinin sonunda Təqsirləndirilən şəxs1 əməlindən peşiman olduğunu, hazırda zərərçəkmiş şəxslə barışdığını, zərər çəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmadığını bildirib barəsində olan məhkəməyədək sadələşdirilmiş icraat materialının icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə ona elan edilmiş itiham üzrə özünü təqsirli bilərək ifadəsində bildirmişdir ki, BC kateqoriyalı sürücülük vəsiqəsi vardır və 24 may 2023-cü il tarixdə, saat 20:30 radələrində idarə etdiyi atası X6 məxsus “Vaz-21074” markalı, 40-BJ915 dövlət qeydiyyat nişanlı avtomobillə yaşadıqları kənddən Quba şəhərinə gedərkən, 2-ci Nügədi kəndi ərazisində yolun sağ çiynindən hərəkətə başlayıb sola doğru istiqamətlənməklə əks istiqamətli nəqliyyat axınlarını ayıran 1.1. üfiqi nişanlama xəttini kəsib dönmə əməliyyatı apardığı zaman Quba şəhəri istiqamətində hərəkətdə olan “Vaz-21093” markalı, RUS M657HK05 dövlət qeydiyyat nişanlı avtomobil onun idarə etdiyi avtomobili sol tərəfdən vurmuşdur. Hadisədən əvvəl spirtli içki qəbul etməmiş və avtomobili idarə edərkən heç bir maneə olamışdır. Hadisə zamanı avtomobildə atası Polad qabaq sərnişin oturacağında, anası Mərifət isə arxa sol sərnişin oturacağında əyləşmişlər. Baş vermiş yol nəqliyyat hadisəsi zamanı onun avtomobilində olan valideyinləri xəsarət almasalarda, “Vaz-21093” markalı, RUS M657HK05 dövlət qeydiyyat nişanlı avtomobildə olan sərnişin Zərərçəkmiş şəxs xəsarət almışdır. İfadəsinin sonunda Təqsirləndirilən şəxs1 əməlindən peşiman olduğunu, zərərçəkmiş şəxslə barışıq əldə etdiyini, zərər çəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmadığın bildirərək barəsində olan məhkəməyədək sadələşdirilmiş icraat materialının icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərər çəkmiş şəxs qismində dindirilmiş X3 ifadəsində göstərmişdir ki, ailə üzvləri ilə birlikdə Quba rayonunun 2-ci Nügədi kəndində yaşayır. 24 may 2023-cü il tarixdə, saat təxminən 20:30 radələrində həmkəndlisi Təqsirləndirilən şəxs1 idarə etdiyi “Vaz 2109” markalı, RUS M657HK05 dövlət qeydiyyat nişanlı avtomobillə Quba şəhəri istiqamətində hərəkətdə olarkən Quba rayonu, 2-ci Nügədi kəndi ərazisində yolun sağ tərəfində dayanan “Vaz 2107” markalı 40- BJ915 dövlət qeydiyyat nişanlı avtomobil anidən Sahibin idarə etdiyi avtomobilinin qarşısına çıxmış və yol-nəqliyyat hadisəsi baş vermişdir. Hadisə vaxtı o sol arxa oturacaqda əyləşmiş və baş vermiş hadisə nəticəsində sol çiynindən və sol qolundan xəsarət almışdır. Xəsarət alması ilə əlaqədar başlanmış məhkəməyədək sadələşdirilmiş icraat materiallarına məhkəmədə baxılarkən xəsarət almasında təqsirli bilinən həmkəndlisi Təqsirləndirilən şəxs1 və “Vaz 2107” markalı 40-BJ915 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs2 ilə barışmışdır və onlara qarşı şikayət və tələbi yoxdur. İfadəsinin sonunda X3 məhkəməyə ərizə təqdim edərək təqsirləndirilən şəxslərə qarşı şikayət və tələblərinin olmadığını bildirərək onların barələrində olan məhkəməyədək sadələşdirilmiş icraat materialının icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, ailə üzvləri ilə birlikdə Quba rayonunun 2-ci Nügədi kəndində yaşayır. 24 may 2023- cü il tarixdə, saat təxminən 20.30 radələrində həyat yoldaşı Polad ilə oğlu Nazimin idarə etdiyi “Vaz-21074” markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə yaşadıqları kənddən Quba şəhəri istiqamətində hərəkətdə olarkən, qan təziqi üçün istifadə etdiyi dərmanlar yaşadıqları evdə qaldığı ünün geri qayıtmalı olmuşlar. Geri qayıdarkən oğlu Nazim dönmə əməliyyatı aparan zaman arxadan gələn avtomobil oğlunun idarə etdiyi avtomobilin sol tərəfi ilə toqquşmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, 24 may 2023cü il tarixdə, saat təxminən 20:30 radələrində həyat yoldaşı Mərifət Şıxməmmədova ilə birlikdə həmkəndliləri Sahib Mirzəyevin idarə etdiyi “Vaz-21093” markalı avtomobillə Quba şəhəri istiqamətində hərəkətdə olarkən Quba rayonu, 2-ci Nügədi kəndi ərazisində yolun sağ tərəfində dayanmış “Vaz-2017” markalı avtomobil anidən onların qarşısına çıxmış və yol nəqliyyat hadisəsi baş vermişdir. Hadisə zamanı arxa oturacaqda oturmuş arvadı Mərifət sol çiynindən və sol qolundan xəsarət almışdır. İş üzrə təyin edilib keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş məhkəmə-tibb ekspertizasının 26 may 2023-cü il tarixli 180 saylı rəyinə əsasən Zərərçəkmiş şəxs bədəni üzərində aşkar olunan xəsarət - sol bazu oynağının bazu sümüyünün proksimal ucunun böyük qabarının sınığı bərk küt əyşanın təsirindən törənməklə yetirmə müddəti qərarda göstərilən müddətdə və şəraitdə, yəni 24 may 2023-cü il tarixdə yol nəqliyyat hadisəsi zamanı əmələ gələ bilərdi. Həmin xəsarət dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddir. İş üzrə təyin edilib keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş məhkəmə yolnəqliyyat hadisələri ekspertizasının Yol-nəqliyyat hadisələrinin tədqiqi ekspertizasının 14 iyun 2023cü il tarixli 8/1723 saylı rəyinə əsasən Vaz-21074 markalı **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs2 hərəkətində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanunun 42-ci maddəsinin və 69-cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Vaz-21093 markalı RUS M657HK05 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs1 hərəkətində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanunun 50.1 maddəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. İş materiallarında olan AE 629832 seriyalı və BD602183 seriyalı sürücülük vəsiqələrinin surətindən və Quba RPŞ-nin DYPB-nin 23 iyun 2023-cü il tarixli arayışından görünür ki, sürücü Təqsirləndirilən şəxs1 «BC» kateqoriyalı və sürücü Təqsirləndirilən şəxs2 «B1, B, C1, C» kateqoriyalı sürücülük vəsiqələri vardır və onlar sürücülük hüququndan məhrum edilməmişlər, həmin sürücülük vəsiqələri müvafiq olaraq xx.xx.2030-cu il və xx.xx.2031-ci il tarixədək etibarlıdırlar. İş materiallarında olan Quba RMX-nin Konsultativ Poliklinika şöbəsinin 23 iyun 2023-cü il tarixli məktublarından görünür ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 RMX-nın PŞ-nin narkoloji və psixiatrik kabinetlərində qeydiyyatda yoxdurlar. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 onlara istinad edilən cinayət əməlini törətməkdə təqsirlidirlər. İbtidai istintaq orqanı tərəfindən onların törətdikləri cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə tövsif edilmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs və İctimai təhlükəli əməli törətmiş şəxslər ərizə təqdim edərək barışdıqlarını bildirmiş və sadələşdirilmiş icraat matarialının icraatına xitam verilməsini xahiş etmişlər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü maddəsinin qeyd hissəsinin 2-ci bəndinə görə cinayət qanununun 263.1 və 263.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törtəmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Bu halda şəxsin əməllərində inzibati xəta tərkibinin əlamətləri olduqda o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.1.2-ci maddəsinə əsasən cinayət qanununun müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərar çıxarır. Məhkəmə iş üzrə təqsirləndirilən şəxslərin və zərərçəkmiş şəxsin təqdim edilmiş ərizələrini, habelə iş materiallarını araşdıraraq hesab edir ki, cinayət qanununun müddəalarının qüvvəsinə görə cinayət məsuliyyətindən azad edilməklə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində olan məhkəməyədək sadələşdirilmiş icraat materialının icraatına xitam verilməlidir. Qeyd olunanlara əsasən, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayət məsuliyyətindən azad edilməsi və barələrində olan cinayət təqibinə xitam verilməsi məsələsi həll edilərkən qanunla nəzərdə tutulan əsaslarla yanaşı onların şəxsiyyəti, cəzanı ağırlaşdıran və yüngülləşdirən hallar da məhkəmə tərəfindən araşdırılmışdır. Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamələrdən görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışlar. İş materiallarında olan Quba RİHB-nın 2-ci Nügədi qəsəbə İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 19 iyun və 20 iyun 2023-cü il tarixli 705 və 707 №-li arayış və xasiyyətnamələrdən görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Quba rayonu, 2-ci Nügədi qəsəbəsində qeydiyyatda olmaqla həmin ünvanda yaşayırlar və yaşayış yeri üzrə müsbət xarakterizə olunurlar. Məhkəmə hesab edir ki, məhkəmə ekspertizası tədqiqatının dəyərini təşkil edən 128 manat pul Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutulub məhkəmə ekspertiza mərkəzinin hesabına ödənilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməlində inzibati xəta tərkibinin əlamətlərinin olmasının araşdırılması üçün məhkəmənin yekun qərarının surəti ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməlidir. Həmçinin, məhkəmə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs hüquqlarının müdafiəsi məqsədi ilə, Quba rayon Vəkil Bürosunun vəkili X1 və X9 tərəfindən cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə hər iş saatına görə 6 (altı) manat olmaqla, 2 saat üçün 12 manat Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli qərarına əsasən dövlət büdcəsindən tutulub Quba rayon Vəkil Bürosunun hesabına ödənilməsini əsaslı hesab edir. İş üzrə mülki iddia verilməmişdir, maddi sübut və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 43.1.2, 156, 321.1, 321.2.1, 384.1.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsilə cinayət məsuliyyətindən azad edilməklə barəsində olan məhkəməyədək sadələşdirilmiş icraat materialının icraatına xitam verilsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsilə cinayət məsuliyyətindən azad edilməklə barəsində olan məhkəməyədək sadələşdirilmiş icraat materialının icraatına xitam verilsin. İş üzrə məhkəmə ekspertizası tədqiqatlarının dəyərini təşkil edən 128 (yüz iyirmi səkkizş) manat Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutulub AR Ədliyyə Nazirliyinin MEM-nin hesabına ödənilməlidir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməlində inzibati xəta tərkibinin əlamətlərinin olmasının araşdırılması üçün məhkəmənin yekun qərarının surəti ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilsin. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Quba rayon Vəkil Bürosunun vəkili X1 və X9 tərəfindən cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə hər iş saatına görə 6 (altı) manat olmaqla, 2 saat üçün hər birinə 12 (on iki) manat Azərbaycan Respublikası Dövlət büdcəsindən Quba rayon Vəkil Bürosunun hesabına köçürülsün. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Quba Rayon Məhkəməsinin vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilmədikdə, qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Aydın Babayev
Məhkəmə qərarları › İş №1(027)-134/2023
Quba Rayon Məhkəməsi Qərar — İş №1(027)-134/2023
02.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver