Məhkəmə qərarları › İş №1(027)-134/2024

Quba Rayon Məhkəməsi Hökm — İş №1(027)-134/2024

24.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Quba şəhəri İş № 1(027)-134/2024 24.06.2024 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Babayev Aydın Vahid oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, Dövlət İttihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs, Qanuni nümayəndəsi Şahid1, Onun müdafiəçisi –Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxx 2008-ci ildə Quba rayonu, Əlibəyqışlaq kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, işləməyən, əvvəllər məhkum olunmamış, hazırda Quba rayonu, Əlibəyqışlaq kənd orta məktəbinin 10-cu sinifində təhsil alan, Quba rayonu Əlibəyqışlaq kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs 11 fevral 2024-cü il tarixdə, saat 03 radələrində Zərərçəkmiş şəxs məxsus Quba şəhəri, Bazar ərazisində yerləşən “AY” telefon və aksessuarlar satışı mağazasının nəzarətsiz qaldığına əmin olduqdan sonra oğurluq niyyəti ilə özü ilə gətirdiyi bıçaqla mağazanın plastik qapısının alt hissəsini kəsib binaya qanunsuz daxil olaraq bir ədəd 299 manat dəyərində, ÇXR-da istehsal olunmuş, "Texno Camon 12 Air" markalı mobil telefon, bir ədəd 15 manat dəyərində gümüşü rəngli, sferblatının iç tərəfində "MAGOTAN", alt hissəsində "MADE İN CHİNA STAİNLESS STEEL" yazısı olan qol saatı, bir ədəd 20 manat dəyərində gümüşü rəngli, sferblatının iç tərəfində "ORİENT", alt hissəsində "STAİNLESS STEEL BACK WATER RESİSTANT" yazısı olan qol saatı, bir ədəd 15 manat dəyərində gümüşü rəngli, sferblatının iç tərəfində "MAGOTAN", alt hissəsində " STAİNLESS STEEL BACK İN CHİNA" yazısı olan qol saatı, bir ədəd 25 manat dəyərində gümüşü rəngli, sferblatının iç tərəfində "RADO", alt hissəsində "STAİNLESS STEEL BACK 8964G" yazısı olan qol saatı, bir ədəd 20 manat dəyərində qara rəngli, sferblatının iç tərəfində "CASİO", alt hissəsində "STAİNLESS STEEL BACK CASİO" yazısı olan qol saatı, bir ədəd 15 manat dəyərində sarı rəngli, sferblatının iç tərəfində "ROLEX", alt hissəsində "STAİNLESS STEEL WATER RESİSTANT" yazısı olan qol saatı, bir ədəd 20 manat dəyərində kəmər hissəsi yaşıl rəngli, sferblatının iç tərəfində "GUSALAİ", alt hissəsində "STAİNLESS STEEL BACK MADE İN CHİNA" yazısı olan qol saatı, bir ədəd 10 manat dəyərində gümüşü opravalı gün eynəyi, bir ədəd 10 manat dəyərində qara opravalı gün eynəyi, bir ədədinin qiyməti 5 manat olan 8 ədəd, 40 manat dəyərində gümüşü rəngli boyunbağı, bir ədədinin qiyməti 3 manat olan 15 ədədi gümüşü, 1 ədədi qara rəngli 48 manat dəyərində qolbağ, ümumi dəyəri 28 manat olan dörd ədəd pul kisəsi və bir ədəd 20 manat dəyərində əl çantasını götürərək ümumilikdə zərərçəkmiş şəxsə 585 (beş yüz səksən beş) manat ziyan vurmaqla özgənin əmlakını gizli olaraq talamaqla oğurluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində bildirmişdir ki, Quba rayonu, Əlibəyqışlaq kənd orta məktəbinin 10-cu sinif şagirdidir. 10 fevral 2024-cü il tarixdə, səhər evdən çıxıb məktəbə getməyərək oğurluq edib pul əldə etmək qərarına gəlmişdir. Bütün günü Quba şəhərində olub gecə saatlarında “Bazar”ın içərisində üzərində “AY mobile” yazısı olan telefon və aksessuarların satışı mağazası diqqətini çəkmişdir. Mağazanın giriş qapısı plastikdən olmuş və ətrafında da kamera olmadığını müşahidə etmişdir. Yaxınlıqda olan lotoreya satılan piştaxtanın üzərində qulp hissəsi sınıq olan bıçaqı götürüb mağazanın plastik giriş qapısının alt hissəsini kəsərək mağazaya daxil olmuşdur. Mağazanın kassa hissəsində pul tapmayıb, əliboş çıxmamaq üçün mağazadan götürdüyü bel çantasının içərisinə bir ədəd "Texno" markalı mobil telefonu, yeddi ədəd qol saatını, iki ədəd günəş eynəyini, müxtəlif növ gümüş rəngli sep və qolbaq bijuteriyaları götürüb mağazaya daxil olduğu hissədən çölə çıxıb Quba şəhəri “Köhnə avtovağzal” dairəsinə gəlib oradan taksiyə minib Quba rayonu, Əlibəyqışlaq kəndinə yaşadığı evə getmişdir. Evdə oğurladığı mobil telefonu və digər əşyaları valideynlərinin görməməsi üçün bacısına məxsus istifadə olunmayan məktəbli çantasının içərisində gizlətmişdir. Oğurladığı bel çantasını diqqət çəkməməsi üçün kənd ərazisində, çay kənarında olan zibillik əraziyə tullamışdır. 14 fevral 2024-cü il tarixdə polis əməkdaşlarının onu axtardıqlarını eşidib atası Azərə törətdiyi oğurluq hadisəsi barədə danışmışdır. İfadəsinin sonunda Təqsirləndirilən şəxs əməlindən peşiman olduğunu, zərərçəkmiş şəxslə barışdığını və vurduğu ziyanı tam şəkildə ödədiyini bildirərək ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs bildirmişdir ki, Quba şəhəri bazar ərazisində yerləşən özünə məxsus “AY mobile” Telefon və Aksessuarlar satışı mağazasında fəaliyyət göstərir və 11 fevral 2024-cü il tarixdə, saat 08 radələrində bazar ərazisində olan adını bilmədiyi mühafizəçi ona zəng edib mağazanın plastik giriş qapısının alt hissəsinin sındığını bildirmişdir. Saat 09 radələrində o, mağazaya gəlmiş və plastik giriş qapısının alt tərəfinin plastik örtüyünün sındırıldığını görmüşdür. Mağazaya girib içəri nəzər saldıqda, vitrində olan bir ədəd 299 manat dəyərində “Texno Camon 12 Air” markalı mobil telefon, ümumi dəyəri 80 manat olan yeddi ədəd qol saatı, ümumi dəyəri 20 manat olan iki ədəd günəş eynəyi, ümumi dəyəri 28 manat olan dörd ədəd pul kisəsi, dəyəri 20 manat olan bir ədəd əl çantası və 100 manat dəyərində müxtəlif növ bijuteriyaların oğurlandığını aşkar etmişdir. Bundan sonra hadisə yerinə Quba rayon polis şöbəsinin əməkdaşları gələrək baxış keçirmişlər. Ümumilikdə mağazadan baş vermiş oğurluq nəticəsində ona 550 manat maddi ziyan dəymişdir. İfadəsinin sonunda Zərərçəkmiş şəxs ona vurulmuş ziyanın tam şəkildə ödənildiyini, şikayət və tələbinin olmadığını, təqsirləndirilən şəxslə barışdığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, oğlu Təqsirləndirilən şəxs Quba rayonu, Əlibəyqışlaq kənd tam orta məktəbinin 10-cu sinif şagirdidir. 14 fevral 2024-cü il tarixdə, yaşadığı evdə olarkən Quba rayon polis şöbəsinin əməkdaşları gəlib oğlu Elgünün evdə olub olmaması ilə maraqlanmışlar. Elgün evdə olmadığı üçün polis əməkdaşları çıxıb getmişlər. Polis əməkdaşları getdikdən sonra Elgün evə qayıtmış, söhbət zamanı Elgün 11 fevral 2024-cü il tarixdə, gecə saatlarında Quba şəhəri, bazar ərazisində yerləşən “AY mobile” adlı telefon və aksessuarların satışı mağazasından oğurluq etdiyini bildirib törətdiyi oğurluq hadisəsini tam ətraflı şəkildə ona danışmışdır. Bundan sonra oğlu Elgün mağazadan oğurladığı bir ədəd "Texno Camon 12 Air" markalı mobil telefonu, yeddi ədəd qol saatını, iki ədəd günəş eynəyini və 24 ədəd müxtəlif növ bijuteriyaları ona təqdim etmişdir. Bundan sonra o, Elgünü oğurladığı əşyalarla birlikdə polis şöbəsinə gətirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Quba rayon regional mühafizə şöbəsində mülki mühafizəçisi vəzifəsində xidmət aparan Şahid2 ifadəsində bildirmişdir ki, 10 fevral 2024-cü il tarixdə, saat 18:00-da o, Quba şəhəri, “Köhnə avtovağzal” dairəsi yaxınlığında yerləşən Bazar ərazisində piyada marşrutunda xidmətə çıxmış, xidmətdə olarkən səhər saat 08 radələrində “Əfqan” marketlə üzbə-üz aralıqda yerləşən “AY mobile” Telefon və Aksessuarlar satışı mağazasının qarşısından keçdiyi zaman mağazanın plastik giriş qapısının alt hissəsinin kəsildiyini və kəlimiş plastik hissələrin yerdə olduğunu aşkar etmişdir. Hadisə barədə şöbənin rəhbərliyinə məlumat verdikdən sonra, mağazanın sahibi Zərərçəkmiş şəxs mobil nomrəsinə zəng edib onu hadisə yerinə dəvət etmişdir. Bundan bir qədər sonra, Quba rayon polis şöbəsinin əməkdaşları və mağazanın sahibi mağazaya gəlmişlər. Aparılmış müayinə zamanı məlum olmuşdur ki, mağazadan bir ədəd “Texno Camon 12 Air” markalı mobil telefon, yeddi ədəd qol saatı, iki ədəd günəş eynəyi, dörd ədəd pul kisəsi, bir ədəd əl çantası və müxtəlif növ bijuteriyalar oğurlanmışdır. Müayinə zamanı polis əməkdaşları tərəfindən fotoşəkillər çəkilmiş və hadisə yerindən əl-barmaq izləri götürmüşlər. İş üzrə təyin edilib keçirilmiş məhkəmə-doktolaskapik ekspertizasının ----- tarixli rəyindən gürünür ki, hadisə yerinin müayinəsi zamanı götürülmüş əl izlərindən 18 ədədi (Qapının sınmış hissəsindən götürülümüş) (ADİS-in məlumat bankına Quba RPŞ-dən daxil olan) xx.xx.2008-ci il tarixində Quba rayonunda anadan olmuş Təqsirləndirilən şəxs sağ əlinin ovucunun (05 dəfə), böyük barmağının, sol əlinin ovucunun (02 dəfə), böyük, şəhadət (04 dəfə), orta (02 dəfə), adsız (02 dəfə) və çeçələ barmaqlarının əksləri ilə eynilik müəyyən etmişdir. İş üzrə təyin edilib keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş məhkəmə əmtəəşünaslıq ekspertizasının 27 mart 2024-cü il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilən bir ədəd ÇXR-da istehsal olunmuş, "Texno Camon 12 Air" markalı mobil telefon dəyəri 299 manat, bir ədəd gümüşü rəngli, sferblatının iç tərəfində "MAGOTAN", alt hissəsində "MADE İN CHİNA STAİNLESS STEEL" yazısı olan qol saatı dəyəri 15 manat, bir ədəd gümüşü rəngli, sferblatının iç tərəfində "ORİENT", alt hissəsində "STAİNLESS STEEL BACK WATER RESİSTANT" yazısı olan qol saatı dəyəri 15 manat, bir ədəd gümüşü rəngli, sferblatının iç tərəfində "MAGOTAN", alt hissəsində " STAİNLESS STEEL BACK İN CHİNA" yazısı olan qol saatının dəyəri 15 manat, bir ədəd gümüşü rəngli, sferblatının iç tərəfində "RADO", alt hissəsində "STAİNLESS STEEL BACK 8964G" yazısı olan qol saatının dəyəri 25 manat, bir ədəd qara rəngli, sferblatının iç tərəfində "CASİO", alt hissəsində "STAİNLESS STEEL BACK CASİO" yazısı olan qol saatının dəyəri 20 manat, bir ədəd sarı rəngli, sferblatının iç tərəfində "ROLEX", alt hissəsində "STAİNLESS STEEL WATER RESİSTANT" yazısı olan qol saatının dəyəri 15 manat, bir ədəd kəmər hissəsi yaşıl rəngli, sferblatının iç tərəfində "GUSALAİ", alt hissəsində "STAİNLESS STEEL BACK MADE İN CHİNA" yazısı olan qol saatının dəyəri 20 manat, bir ədəd gümüşü opravalı gün eynəyinin dəyəri 10 manat, bir ədəd qara opravalı gün eynəyinin dəyəri 10 manat, bir ədəd gümüşü rəngli qolbağının dəyəri 5 manat olmaqla 8 ədədinin qiyməti 40 manat, bir ədəd gümüşü rəngli qolbağının dəyəri 3 manat olmaqla 15 ədədinin qiyməti 45 manat 2024-cü ilin fevral ayına orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 537 manat müəyyən edilir. İş üzrə təyin edilib keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş kompleks ambulator məhkəmə psixiatrik və psixoloji ekspertizasının xx.xx.2024-cü il tarixli, 822 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM- nin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini ölçüb-biçmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs məsuliyyətsizlik, inadkarlıq, səthilik kimi fərdipsixoloji xüsusiyyətlərə malikdir. Hazırki müayinə zamanı Təqsirləndirilən şəxs özündən uydurmağa və başqalarının təsiri altında hərəkət etməyə meyillilik aşkar edilmədi. O, iş üçün əhəmiyyət kəsb edən halları düzgün qavraya bilər. Təqsirləndirilən şəxs əqli inkişafında gerilik əlamətləri aşkar edilmir. Hadisə zamanı onun psixi-emosional vəziyyətində iş üçün əhəmiyyət kəsb edən hər hansı mühüm dəyişiklik yaranmamışdır. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs binaya qanunsuz daxil olaraq özgənin əmlakını gizli talamaqla Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməlini törətməsi öz etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxs və şahidlərin ifadələri, iş üzrə keçirilmiş məhkəməəmtəəşünaslıq, kompleks ambulator məhkəmə psixiatrik və psixoloji ekspertiza rəyləri və məhkəmə istintaqı zamanı tədqiq edilmiş digər subutlara tam sübuta yetirilir. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsilə düzgün tövsif olunmuşdur. Məhkmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, habelə əməlin cinayət olmasını aradan qaldıran hallar olmadığından, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq, barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin təqsirləndirildiyi maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd olunan Qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəzasiyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017ci il tarixli Sərəncamının 13, 13.3, 13.4-cü bəndlərinə əsasən məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə müvafiq olaraq cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə müvafiq olaraq cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, habelə təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. İş materiallarında olan Azərbaycan Respublikası DİN Baş Əməliyyat Statistika və İnformasiya İdarəsi tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməmişdir. İş materiallarına əlavə edilmiş Quba RİHB-nın Vladimirovka kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən daxil olmuş Təqsirləndirilən şəxs barəsində olan ailə tərkibi haqqında arayışdan görünür ki, Quba rayonu, Əlibəyqışlaq kəndində qeydiyyatda olmaqla yaşayır və onun atası - xx.xx.1982-ci il təvəllüdlü Şahid1, anası - xx.xx.1988-ci il təvəllüdlü X1, bacısı - xx.xx.2006cı il təvəllüdlü X3 və qardaşı - xx.xx.2018-ci il təvəllüdlü X2 ibarət ailə tərkibi vardır. İş materiallarına əlavə edilmiş Quba rayonu, Əlibəyqışlaq kənd M.Qonaqov adına tam orta məktəbdən verilmiş Təqsirləndirilən şəxs barəsində olan xasiyyətnamədən görünür ki, həmin məktəbin 10-cu sinif şagirdidir. Dərsə davamiyyəti zəifdir, sinif yoldaşları və müəllimlər tərəfindən barəsində heç bir şikayət və narazıçılıq daxil olmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.2-ci maddəsinə əsasən cinayətin yetkinlik yaşına çatmayan şəxs tərəfindən törədilməsi və 59.2-ci maddəsinə əsasən əməlindən peşiman olmasını, zərərçəkmiş şəxsə vurduğu maddi ziyanı ödəyərək barışıq əldə edilməsini cəzasını yüngülləşdirən hallar kimi nəzərə alınmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəza təyini zamanı Təqsirləndirilən şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən olunmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama —yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Alı Məhkəməsi Plenumunun “Yetkinlik yaşına çatmayanların cinayətləri barədə işlər üzrə məhkəmə təcrübəsi haqqında” 30 iyun 2008-ci il tarixli Qərarının 11ci bəndinə əsasən 1. Məhkəmələrə izah olunsun ki, yetkinlik yaşına çatmayanların törətdiyi cinayətə görə cəza təyin olunması haqqında məsələ həll edilərkən, Azərbaycan Respublikası CM-nin 58-ci maddəsində qeyd olunan (törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirləndirilən şəxsin şəxsiyyəti haqqında məlumatlar, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar) hallardan başqa, həmçinin Azərbaycan Respublikası CM-nin 86-cı maddəsində nəzərdə tutulan şərtlər də (yetkinlik yaşına çatmamış şəxsin həyat və tərbiyə şəraiti, əqli və psixiki inkişaf səviyyəsi, şəxsiyyətlərinin digər xüsusiyyətləri, yetkinlik yaşına çatmış şəxslərin ona təsiri və s.) nəzərə alınmalıdır. İlk növbədə, azadlıqdan məhrum etməklə əlaqədar olmayan cəzanın tətbiq olunmasının mümkünlüyü müzakirə olunmalıdır. Yetkinlik yaşına çatmayanlara cəza təyin edərkən məhkəmələr nəzərə almalıdırlar ki, cəza maksimum dərəcədə məhkumun islah və yenidən tərbiyə olunması məqsədinə xidmət etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, habelə təqsirkarın şəxsiyyəti, cəzanı yüngülləşdirən halların mövcudluğunu, cəzanı ağırlaşdıran halların olmadığını, həyat və tərbiyə şəraiti, şəxsiyyətlərinin digər xüsusiyyətlərini nəzərə alaraq, onun cəmiyyətdən təcrid edilmədən islah edilməsini mümkün sayaraq, ona ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulan cəza növü – azadlığın məhdudlaşdırılması cəzasının tətbiq edilməsi qənaətinə gəlir və hesab edir ki, bu cəza ilə cəzanın məqsədlərini təmin etmək mümkündür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmçinin Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Həmin Məcəllənin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Məhkəmə hesab edir ki, hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Quba rayon İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası CPM-nin 346.1 və 346.1.20-ci maddələrinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında digər məsələlərlə yanaşı həmçinin qətimkan tədbirinin ləğv edilməli, dəyişdirilməli və seçilməli (məhz hansı tədbirin) olub-olmadığı məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). Həmin Məcəllənin 353.4.12-ci maddəsinə görə, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində hökm qanuni qüvvəyə minənədək məhkumun barəsində seçilmiş qətimkan tədbirinin həlli göstərilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzası təyin edildiyindən barəsində seçilmiş yetkinlik yaşına çatmayanı nəzarət altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə Azərbaycan Respublikası CM-in 99-1.1-ci maddəsində qeyd olunmuş əmlakın müəyyən olunmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs xüsusi müsadirə cinayət-hüquqi tədbiri tətbiq olunmamalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197-198-ci maddələrinə əsasən ekspertə verilməli olan məbləğ məhkəmə məsrəflərinə aid olduğundan, məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. Məhkəmə hesab edir ki, məhkəmə ekspertizası tədqiqatlarının dəyərini təşkil edən 128 manat Təqsirləndirilən şəxs tutulub məhkəmə ekspertiza mərkəzinin hesabına ödənilməlidir. Həmçinin, məhkəmə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi məqsədi ilə, Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən təqsirləndirilən şəxsin hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 5 (beş) iş saatına görə 30 (otuz) manat Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli qərarına əsasən dövlət büdcəsindən tutulub Quba rayon Vəkil Bürosunun hesabına ödənilməsini əsaslı hesab edir. Azərbaycan Respublikası CPM-nin 132.1.5-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır. İş materiallarından göründüyü kimi, maddi sübut kimi tanınmış bir ədəd ÇXR-da istehsal olunmuş, "Texno Camon 12 Air" markalı mobil telefon, bir ədəd gümüşü rəngli, sferblatının iç tərəfində "MAGOTAN", alt hissəsində "MADE İN CHİNA STAİNLESS STEEL" yazısı olan qol saatı, bir ədəd gümüşü rəngli, sferblatının iç tərəfində "ORİENT", alt hissəsində "STAİNLESS STEEL BACK WATER RESİSTANT" yazısı olan qol saatı, bir ədəd gümüşü rəngli, sferblatının iç tərəfində "MAGOTAN", alt hissəsində " STAİNLESS STEEL BACK İN CHİNA" yazısı olan qol saatı, bir ədəd gümüşü rəngli, sferblatının iç tərəfində "RADO", alt hissəsində "STAİNLESS STEEL BACK 8964G" yazısı olan qol saatı, bir ədəd qara rəngli, sferblatının iç tərəfində "CASİO", alt hissəsində "STAİNLESS STEEL BACK CASİO" yazısı olan qol saatı, bir ədəd sarı rəngli, sferblatının iç tərəfində "ROLEX", alt hissəsində "STAİNLESS STEEL WATER RESİSTANT" yazısı olan qol saatı, bir ədəd kəmər hissəsi yaşıl rəngli, sferblatının iç tərəfində "GUSALAİ", alt hissəsində "STAİNLESS STEEL BACK MADE İN CHİNA" yazısı olan qol saatı, bir ədəd gümüşü opravalı gün eynəyi, bir ədəd qara opravalı gün eynəyi, 8 ədəd gümüşü rəngli boyunbağı, 15 ədədi gümüşü, 1 ədədi qara rəngli qolbağ Zərərçəkmiş şəxs qaytarılmışdır. İş üzrə mülki iddia verilməmişdir və xüsusi müsadirə olunası əmlak yoxdur. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nın 344-347, 349, 351- 354, 356, 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsilə nəzrədə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs üzərinə Quba rayonu, Qusar rayonu, Xaçmaz rayonu inzibati ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 23:30-dan növbəti gün saat 06:30-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş yetkinlik yaşına çatmayanı nəzarət altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 128 (bir yüz iyirmi səkkiz) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə - Quba rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Quba rayon Vəkil bürosunun vəkili Müdafiəçi sərf etdiyi 5 (beş) iş saatına görə 30 (otuz) manat Azərbaycan Respublikası Dövlət büdcəsindən Quba rayon Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə maddi sübutun Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətinə Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya protesti və ya şikayəti verilməzsə, həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Aydın Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar