Məhkəmə qərarları › İş №1(027)-135/2022

Quba Rayon Məhkəməsi Hökm — İş №1(027)-135/2022

25.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Quba şəhəri İş № 1(027)-135/2022 25.10.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov İlqar Aslan oğlunun sədrliyi, Məhkəmə iclas katibi X2, Dövlət İttihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon və (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs və Müdafiəçi iştirakları ilə xx.xx.1993-cü ildə Quba rayonu, Zərdabi qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, məhkum olunmayan, fərdi əməklə məşğul olan, Quba rayonu, Zərdabi qəsəbəsində qeydiyyatda olmaqla yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi ilə ümumi çəkisi 0,992 qram qurudulmuş marixuanı əldə edib daşıyaraq yaşadığı Quba rayonu Zərdabi qəsəbəsində yerləşən evində saxlamış, xx.xx.2022-ci il tarixdə Quba rayonu Zərdabi qəsəbəsində yaşadığı evin yaxınlığında təxminən saat 01 radələrində tanışı Şahid7 bir ədəd bükümdə ümumi çəkisi 0,992 qram qurudulmuş marixuananı 40 manata satmışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki o, 2021-ci ilin yaz aylarında o. istifadə etdiyi marixuananın içərisindən tapdığı bir ədəd toxumu yaşadığı Zərdabi qəsəbəsində Qudyalçayın yaxınlığında əkmişdir. Əkdiyi toxum kol şəkilinə düşdükdən sonra, kolun üzərində olan yarpaqları yığıb qurutmuşdur. xx.xx.2022ci il tarixdə axşam saatlarında tanışı Şahid7 zəng edərək narkotik vasitə marixuana almaq istədiyini demiş və o, Cavidə narkotik vasitə olan marixuana sata biləcəyini demişdir. Təxminən saat 01 radələrində Cavidlə Quba rayonu Zərdabi qəsəbəsində institut yolu deyilən yerin yaxınlığında görüşmüş, özü ilə evdə şəxsi istifadəsi üçün saxladığı və 2021-ci ildə əkdikdən sonra topladığım 1 ədəd koldan qalan marixuanadan bir qədərini bükümdə yığaraq Cavidə satmaq üçün gətirmişdir. O, evində olan marixuanadan 1 bükümdə özü üçün istifadə etmək məqsədilə evdə saxlamış və qalan hissəsini isə Cavidə satmaq üçün gətirmişdir. Cavidlə görüşmüş və 40 manat müqabilində qurudulmuş marixuana satmışdır. Cavidə narkotik vasitəni satdıqdan sonra, evə qayıtmış, səhər, yəni xx.xx.2022-ci il tarixdə onu bu məsələ ilə bağlı polis şöbəsinə dəvət etmişlər. O da polis şöbəsinə gələrək Cavidə 40 manat müqabilində narkotik vasitə marixuana satdığını etiraf etmişdir. Bundan sonra, polis əməkdaşları onun razılığı əsasında yaşadığı evə baxış keçirmişlər. Baxış zamanı polis əməkdaşları onun gödəkcəsinin cibində olan narkotik vasitənin qalıqlarını aşkar edib zərfə qoyduqdan sonra qablaşdırmışlar. İfadəsinin sonunda Təqsirləndirilən şəxs əməlindən peşman olmasını, himayəsində azyaşlı uşaqlarının olmasını nəzərə alıb məhkmədən ona yüngül cəza təyin edilməsi xahiş etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə günorta saatlarında o, tanışları Dadaş və Rasimlə Quba şəhəri H.Əliyev prospektində yerləşən Qafqaz Oil YDM-nin yaxınlığındakı Zeytun kafesində görüşüb çay içmişlər. Söhbət zamanı Dadaş ona və Rasimə marixuana çəkməyi təklif etmişdir. Rasimin və Dadaşın üzərində pul olmamış onunda cibində 40 manat telefon kreditinin pulu olmuş və həmin pulu ödəniş etməli olduğunu demişdir. Rasim də üzərində pul olmadığını və üzərində olan puldan narkotik alacağıhalda, həmin puldan özünə düşən hissəsini sabah verəcəyini demişdir. Dadaş da ona üzərində olan 40 manat pula narkotik vasitə marixuana almağını və həmin pulu kreditə ödəməli olduğu üçün axşam görüşən zaman 40 manat pulu ona verəcəyini demişdir. O da razılaşmış və maraqlanacağını demişdir. Dadaşla sağollaşdıqdan sonra, tanışı Nəzər zəng edərək onları çay içməyə dəvət etdiyi üçün o Rasimlə birlikdə Nəzərlə Quba şəhərində Zeytun kafesinin yaxınlığında görüşmüş və Nəzərin işlədiyi otelə getmişlər. xx.xx.2022-ci il tarixdə təxminən saat 01 radələrində oteldə olan zaman o, tanışı Sahibə zəng edərək marixuana istədiyini demişdir. Sahib də bir qədər marixuanası olduğunu demiş, Sahibdən 40 manatlıq marixuana alacağını deyiib və harada olduğunu soruşmuşdur. Sahib də Zərdabi qəsəbəsinə gəlməyini demişdir. O, Rasimə istifadə etməkləri üçün Zərdabi qəsəbəsində yaşayan tanışı Sahibdən marixuana almaq üçün getmək lazım olduğunu demiş, Rasim də razılaşmışdır. Nəzərin marixuana almaq üçün getmələrini bilməsini istəmədiyi üçün Nəzərə Zərdabi qəsəbəsində bir tanışı ilə görüşməli olduğunu deyib, onları aparmasını xahiş etmişdir. Nəzərin avtomobili ilə Zərdabi qəsəbəsinə gəlmişlər və avtomobildən enib Sahiblə görüşmək üçün getmişdir. Nəzər və Rasim avtomobildə qalmışlar. Sahiblə institut yolu deyilən yerin yaxınlığında görüşüb 40 manat pul verib marixuana alıb avtomobilə qayıtmışdır. Avtomobildə aldığı kibrit qutusunda olan marixuananı Rasim və Dadaşla çəkməkləri üçün 5 ədəd xırda bükümlərə ayırdıqdan sonra, bükümləri saxlamaq üçün Rasimə vermişdir. Artıq gec olduğu üçün Dadaşa zəng edib kəndə getməli olduğunu, marixuananın da Rasim də olduğunu dedikdən sonra, Quba şəhərində Nəzərin idarə etdiyi maşından düşüb taksiyə minərək yaşadığı ekəndə getmişdir. Səhəri gün o, Rasimin üzərində narkotik vasitə gəzdirməsi ilə əlaqədar polis əməkdaşları tərəfindən saxlanılmasını eşitmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid8, Şahid9 Şahid7 göstərdiyi xususatları təsdiq edərək onunla eyni məzmunlu ifadə vermişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, o, xx.xx.2022-ci il tarixdə Şahid7 narkotik vasitəni satmaqda şübhəli olan Təqsirləndirilən şəxs Quba rayon polis şöbəsinə dəvət olunmuşdur. Sorğu-sual zamanı Təqsirləndirilən şəxs Şahid7 narkotik vasitə olan qurudulmuş marixuananı 40 manata satdığını etiraf etmişdir. Bundan sonra, polis şöbəsində yaradılan əməliyyat qrupunun üzvləri ilə birlikdə Sahib Qafarovun yaşadığı Quba şəhəri, Zərdabi qəsəbəsində yerləşən evinə baxışın keçirilməsində iştirak etmişdir. Baxışda təhqiqatçı Cəlal Sultanov, əməliyyat müvəkkilləri Şahid6, Şahid5 və kiçik inspektor Eyvaz Sultanov iştirak etmişdirlər. Sahibin yaşadığı ünvanda özünün, vəkilinin və ailə üzvlərindən atası Teyfur Qədirovun iştirakı ilə baxış keçirilən zaman giriş qapsının yanındakı paltar asılqanın olduğu yerdə gödəkcənin cibindən narkotik vasitəyə bənzər az miqdarda kütlə aşkar edilərək götürülmüşdür. Məhkəmədə şahid qismində dindirilmiş Şahid6 Şahid4 göstərdiyi xususatları təsdiq edərək onunla eyni məzmunlu ifadə vermişdir. İş üzrə təyin edilib keçirilmiş məhkəmə bioloji ekspertizasının xx.xx.2022-ci il tarixli 7/388 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, tədqiqata təqdim olunmuş üzərində “Şahid8 üzərindən aşkar olunmuş narkotik vasitə olan marixuana” yazılar və imzalar olan zərfdə 5(beş) ədəd gümüşü rəngli kağız bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri – 0,243 qram, 0,213 qram, 0,236 qram, 0,213 qram, 0.087 qram bikti mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanalardır.Həmin marixuanaların ümumi çəkisi-0,992 qramdır.Tədqiqata sərf edildi-0,1 qram (hər obyektdən 0,02 qram), qalıq-0,892 qram. İş üzrə təyin edilib keçirilmiş məhkəmə bioloji ekspertizasının xx.xx.2022-ci il tarixli 7/393 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, tədqiqata təqdim olunmuş üzərində “Vət. Təqsirləndirilən şəxs yaşadığı evdəki gödəkcəsinin cibindən aşkar edilmiş cib tozu” yazılar və imzalar olan zərfdə ümumi çəkisi – 0,050 qram cib tozunun tərkibində cüzi miqdarda narkotik tərkibli çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə marixuananın hissəcikləri vardır. Cüzi miqdarda olduğu üçün çəkisi müəyyən olunmadı və onunla müqayisəli tədqiqat aparılmadı.Cib tozunun ümumi çəkisi – 0,050 qram, tədqiqata sərf edildi cəmi – 0,02 qram, qalıq – 0,030 qram. İş materiallarından olan məhkəmə narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli 3701 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabionidlərin qəbulu nəticəsində yaranan asılılıq sindiromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi öz ifadəsi ilə yanaşı məhkəmə istintaqı zamanı dindirilmiş şahid ifadələri, iş üzrə təyin edilib keçirilmiş məhkəmə-kimyəvi və məhkəmə narkoloji ekspertizaların müvafiq rəyləri, eləcədə məhkəmə istintaqı zamanı təhqiq olunmuş digər mötəbər subutlarla tam sübuta yetirilir.Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən qeyd edir ki, Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. məhkumun islah edilməsi onun qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Məhkəmə hesab edir ki, bu zəmində şəxsin ictimai təhlükəliliyini müəyyən etmək üçün birinci növbədə onun törətdiyi cinayətin başqa cinayətlərin arasında yeri, şəxsin antisosial yönümünün davamlı olub-olmaması, onun cinayətin törədilməsinə gətirib çıxaran vərdişləri diqqətlə aydınlaşdırılmalıdır. şəxsin antisosial yönümü onun törətdiyi cinayətdə özünü büruzə verir. Ancaq bu, təkcə şəxsin törətdiyi cinayətin ictimai təhlükəliliyi ilə deyil, eyni zamanda onun əvvəlki dövrlərdəki hərəkətlərində ifadə olunan antisosial davranışı və keyfiyyəti ilə də ölçülür. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsə cəza təyin edilməsi zamanı onun xarakteri, sosial-psixoloji vəziyyətinin bütün çalarları, şəxsiyyətinin xarakterik cəhətləri də nəzərə alınmalıdır. Yalnız bu halda cəzanın ədalətliliyinə və fərdiliyinə, həmçinin onun məqsədlərinə nail olmaq mümkün olar. Məhkəmə hesab edir ki, cəza təyin edilərkən şəxsin sosial və psixoloji kriteriyalarına xüsusi önəm vermək lazımdır. Şəxsin sosial kriteriyası onun qanunlara və digər sosial normalara, əməyə, ictimai vəzifələrə, ailəyə münasibətini, təhsilini, tərbiyəsini və sair sosial şərtləri özündə əks etdirir. Şəxsin psixoloji kriteriyası isə onun xarakterini, iradəsini, qabiliyyətini və digər şəxsiyyətə xas olan cəhətlərini özündə ehtiva edir. Bu cəhətlərin tədqiq olunması və qiymətləndirilməsi şəxsin mənəvi deqradasiyaya məruz qalıb-qalmamasını, törətdiyi cinayətin onun anticəmiyyət yönümünün məntiqi nəticəsi olduğunu, yoxsa təsadüfi olaraq baş verdiyini, şəxsin islah olunması üçün hansı imkanların olması və bununla bağlı hansı qanuni vasitələrin seçilməsini müəyyənləşdirmək üçün çox vacibdir. Çünki insan sosiumun tərkib hissəsidir və onun fəaliyyətinin hansı yönümə istiqamətlənməsi cəmiyyət üçün əhəmiyyətlidir. Ancaq hər bir halda bu keyfiyyətlər şəxsin törətdiyi cinayətin xarakteri və ictimai təhlükəliliyi ilə vəhdətdə nəzərə alınmalıdır. xüsusi ilə nəzərə alınmalıdır ki, cəzanın məqsədlərinə çatmaq üçün hansı yol seçilməlidir: təqsirləndirilən şəxsi azadlıqdan məhrum etməklə onu cəmiyyətdən təcrid etmək, fiziki cəhətdən imkanlarını məhdudlaşdırmaqla cəzanın məqsədlərinə nail olmaq, yoxsa, azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza seçməklə şəxsə etimad göstərib, bu yolla onun islah olunmasına və cəzanın digər məqsədlərinə çatmaq. Məhkəmə qeyd edir ki, hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət öz xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə görə az ağır və qəsdən törədilən cinayətlərdir. Yuxarıda istinad olunan Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsi cəzanın aşağıdakı məqsədlərini önə çəkir: Sosial ədalətin bərpası; Məhkumun islah edilməsi; Məhkum tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması (xüsusi prevensiya) və başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması (ümumi prevensiya). Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsi haqq-ədaləti bərabər mənafelərə bərabər münasibət kimi təsbit edir. Bu xüsusda məhkəmə bildirir ki, CM-nin 41.2-ci maddəsində nəzərdə tutulmuş cəza tətbiq edilmək yolu ilə sosial ədalətin bərpası bütövlükdə cəmiyyətə, burada hökm sürən ictimai münasibətlərə münasibətdə həyata keçirilməklə iki istiqaməti nəzərdə tutur: 1) Dövlət cinayət törədən şəxs tərəfindən vurulmuş zərərin ödənilməsini qanunda nəzərdə tutulmuş cəzalar, habelə xüsusi müsadirə növündə cinayət-hüquqi xarakterli tədbir tətbiq etməklə təmin edir. həm də burada söhbət təkcə maddi zərərdən getmir. əslində sosial ədalətin bərpası dedikdə, cinayətkarın barəsində təyin edilən qanuni cəza vasitəsilə başqasına vurduğu zərərə adekvat məhrumiyyətlərə məruz qalması başa düşülməlidir. 2) Vətəndaşlar dövlətin cinayətkarı cəzalandırmağa qadir olmasına, həm də bu cəzanın təyin edilməsi zamanı humanizm, ədalətlilik, cəzanın törədilmiş cinayətin ağırlığına uyğunluğu, cəzanın fərdiləşdirilməsi prinsipləri əsas götürülməklə qanuna uyğun tətbiq edilməsinin təmin edilməsinə inanırlar. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsi tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamışdır. İş materiallarında olan Quba RİHB-nın Zərdabi qəsəbə İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 693 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs Quba şəhəri, Zərdabi qəsəbəsində yaşayır. İş materiallarında olan Quba RİHB-nın Zərdabi qəsəbə İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarına əlavə olunmuş AZ-İV N 340206 nömrəli xx.xx.2009-cu il tarixli və AZ-İV N 749786 nömrəli xx.xx.2022-ci il tarixli doğum şəhadətnamələrinin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2019-cu il təvəllüdlü Səma və xx.xx.2022-ci il təvəllüdlü Rüqəyya adlı iki azyaşlı övladı vardır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətmiş olduğu əməldən peşman olmasını, himayəsində iki nəfər azyaşlı övladının olmasını,yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını və ilk dəfə az ağır cinayət törətməsini cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə tərəfindən Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən təqsirləndirilən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respubılikası CM-nin 234.2-ci maddəsinin sanksiyasında isə üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cinayət qanununun ədalət və cəzanın fərdiləşdirilməsi prinsiplərini rəhbər tutur və törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, təqsirləndirilən şəxsin şəxsiyyətini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, sosial ədalət baxımından cəzanın məqsədləri Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsinə əsasən müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin olunduğu təqdirdə təmin edilə bilər. İş materiallarına əlavə olunmuş təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi haqqında Quba Rayon Məhkəməsinin 22.04 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs etmənin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmaqla 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası CPM-158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlandığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxildir. Azərbaycan Respublikasg CPM-158.2.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin ev dustaqlığında saxlanılığı müddət həbsdə saxlama müddətinə daxil edilir. Azərbaycan Respublikası CPM-nin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlama müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 20 aprel 2022-ci il tarixdən hesablanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən ümumi reyimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Habelə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri qüvvəsində saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 72 (yetmiş iki) manat ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin Dövlət xəzinadarlığı Agentliyi, kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22 Məhkəmə Ekspertiza Mərkəzi VÖEN ********** Hesab AZ34OTRE**********002088501 hesabına ödənilməlidir. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə maddi sübutlar olan və Quba rayon PŞ-nin saxlanc anbarında saxlanılan ekspertiza təhqiqatından sonra ümumi qalıq çəkisi 0.8912 qram olan narkotik vasitə marixuana və 0,030 qram cib tozu hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Habelə məhkəmə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi məqsədi ilə Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 36 (otuz altı) manat məbləğində pul dövlət büdcəsindən tutulub, Quba rayon Vəkil Bürosunun hesabına keçirilməsini əsaslı hesab edir. İş üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsinə əsasən xüsusi müsadirə tətbiq edilməli əmlak yoxdur. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 349. 351-353, 356- 357, 381, 383 və 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinib 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmənin əvvəli 20 aprel 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs 72 (yetmiş iki) manat ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin Dövlət xəzinadarlığı Agentliyi, kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22 Məhkəmə Ekspertiza Mərkəzi VÖEN ********** Hesab AZ34OTRE**********002088501 hesabına ödənilsin. İş üzrə maddi sübutlar olan və Quba rayon PŞ-nin saxlanc anbarında saxlanılan ekspertiza təhqiqatından sonra ümumi qalıq çəkisi 0.8912 qram olan narkotik vasitə marixuana və 0,030 qram cib tozu hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 36 (otuz altı) manat məbləğində pul dövlət büdcəsindən tutulub, Quba rayon Vəkil Bürosunun hesabına keçirilsin. Hökmün icrası Quba rayon Polis Şöbəsinə və Ədliyyə Nazirliyi Penitesiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasına həvalə edilsin. İş üzrə mülki iddia yoxdur. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətinə Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar