Azərbaycan Respublikası adından HÖKM Quba şəhəri İş № 1(027)-135/2023 12.09.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Samir Əlibala oğlunun sədrliyi, məhkəmə iclas katibi Muradov Əli Şakir oğlunun katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, X5, zərərçəkmiş şəxs X4 hüquqi varisi X6, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Quba rayon Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1952-ci il tarixdə Quba rayonu, Yenikənd kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta-ixtisas təhsilli, işsiz, təqaüdçü, məhkumluğu olmayan, Quba rayonu, Gənclər qəsəbəsində qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin materiallarına açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs arvadı X2 olduğu öz mülkiyyətində olan “Mersedes-Benz C220” markalı “**-ZV-***” dövlət qeydiyyat nişanlı minik avtomobilini “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərinə zidd olaraq idarə etmək hüququ olmadan 09 mart 2023-cü il tarixdə saat 08.00 radələrində Quba şəhəri, Fətəlixan küçəsindən Quba şəhəri, Qəçrəş yolu yaşayış massivi istiqamətində idarə edərkən “Quba rayon mərkəzi xəstəxanası” publik hüquqi şəxsi istiqamətində gedən yolun kəsişdiyi nizamlanmayan yolayrıcında sola dönmə işıq siqnalını yandıraraq yolayrıcından sola doğru dönmə əməliyyatı apararkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 77-ci maddəsinin 4-cü hissəsinin tələblərinə əsasən relssiz nəqliyyat vasitəsinin sürücüsü sola və ya geriyə dönərkən eyni əhəmiyyətli yolda qarşı tərəfdən düzünə və ya sağa hərəkət edən nəqliyyat vasitəsinə yol verməli, qarşıdan gələn avtomobilin hərəkəti üçün təhlükə şəraiti yaratmamalı, onun hərəkətinə üstünlük verərək yol verməli və sonra dönmə əməliyyatına başlamalı olduğu halda həmin tələbləri pozaraq avtomobili ilə geriyə dönmə əməliyyatını icra etdiyindən avtomobilinin sağ yan hissəsi qarşıdan gələn Quba RPŞ-nin PPXB-nin polis nəfəri, polis serjantı Şahid idarə etdiyi Quba RPŞ-nin “Hyundai İX 35” markalı **-AP-*** dövlət qeydiyyat nişanlı xidməti minik avtomobilinin qabaq hissəsi ilə toqquşmuş, nəticədə X16 qızı sağ qasıq və oturaq sümüklərində cüzi yerini dəyişən xətti sınıqlar kimi sağlamlıqda uzun müddətə pozğunluq törədən dərəcəsinə görə sağlamlığa az ağır zərər vurmaya xarakterik bədən xəsarətləri aldığından nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını pozaraq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olmuşdur. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263-1.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (CPM) 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə protokollarını, digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 263-1.1-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, 09 mart 2023-cü il tarixdə X23 ilə birlikdə özünün şəkər dərmanlarını götürmək üçün Quba RMX-ya getmək məqsədilə evdən çıxmışdır. Avtomobili özü idarə etmiş, arvadı Əntiqə isə arxa sağ oturacaqda əyləşmişdir. 09 mart 2023-cü il tarixdə, saat 08 radələrində Quba şəhəri, Fətəlixan küçəsi ilə RMX istiqamətində təqribən 30 km/saat sürətlə hərəkətdə olmuşdur. Həmin yolda piyada keçidindən sonra Quba RMX-nın yeni inzibati binasına dönmək və ya geriyə dönmək əməliyyatını icra etmək üçün dönmə işığını yandıraraq avtomobili sürətini 5-10 km/saat sürətə kimi azaltmışdır. Həmin vaxt yolun əks istiqaməti ilə Quba şəhəri, Fətəlixan küçəsi istiqamətində hərəkət edən qara rəngli, “Hyundai’” markalı avtomobili gözləməli olsa da, geriyə dönmə əməliyyatını icra edə biləcəyini düşünmüş, lakin qarşıdan gələn avtomobilin sürəti çox olduğundan o, geriyə dönmə əməliyyatını icra edənədək yol nəqliyyat hadisəsi baş vermişdir. Hadisə nəticəsində o və X23 xəsarət alaraq Quba RMX-ya yerləşdirilmişdir. Ona ambulator müalicə göstərilərək stasionara yerləşdirilməmişdir. X23 stasionar müalicəyə qəbul edilmiş və 29 mart 2023-cü il tarixdə Quba RMX-da vəfat etmişdir. Məhkəmədə verilən suallara cavab olaraq bildirdi ki, 1977-ci ildən avtomobil idarə edir. 09 mart 2023-cü il tarixdə saat 08 radələrində Quba şəhəri, Fətəlixan küçəsi ilə hərəkətdə olarkən avtomobili təxminən 30 km/saat sürətlə idarə etmişdir. Həmin yolda olan piyada keçidindən sonra Quba RMX-nın yeni inzibati binasına dönmək əməliyyatını icra etmək üçün dönmə işığını yandıraraq avtomobili sürətini 5-10 km/saat sürətə kimi azaltmışdır. Hadisə baş verən yolun sürət həddi 50 km/saat olmasına baxmayaraq, qarşıdan gələn avtomobilin sürəti çox yüksək olmuşdur. “Mercedes Benz C220" markalı, “**-ZV-***” dövlət qeydiyyat nişanlı avtomobili 2021-ci ildə almışdır. Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi əsasında həmin avtomobil onun mülkiyyətindədir. Əvvəllər nəqliyyat vasitəsini idarə etmək üçün sürücülük hüququ olsa da, sonradan müddəti bitdikdən sonra yeni sürücülük vəsiqəsi almaq üçün müraciət etməmiş, 5-6 ildir ki, avtomobili nəqliyyat vasitəsini idarə etmək üçün sürücülük hüququ olmadan idarə edir. Buna baxmayaraq, o kifayət qədər təcrübəlidir və hər zaman son dərəcə ehtiyyatlı idarə etmişdir. Özünə arxayın olmuş və avtomobili öz ehtiyacları üçün idarə etmişdir. Hadisə 09 mart 2023-cü il tarixdə baş vermiş, hadisə zamanı həyat yoldaşı Əntiqə xəsarətlər almışdır. Əntiqə 20 gün xəstəxanada müalicə almış, həmin vaxt onun hüşu özündə olmuş, hətta onunla və digər qohumları ilə ünsiyyət qurmuşdur. Əntiqə xəstəxanada nəzarətdə olmasına, mütəmadi müalicə almasına baxmayaraq, hadisədən 20 gün sonra, 29 mart 2023-cü il tarixdə ölmüşdür. Zərərçəkmiş şəxs öz həyat yoldaşı, zərərçəkmişin hüquqi varisi isə qaynıdır. Zərərçəkmişin hüquqi varisi ilə barışmışdır. Sonuncunun ona qarşı heç bir şikayət və tələbi yoxdur. Barəsində qərar qəbul edilərkən göstərilənləri nəzərə alınmasını məhkəmədən xahiş etdi. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263-1.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi özünün etirafından başqa, aşağıdakı qeyd edilənlərlə tam sübuta yetirilir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X4 hüquqi varisi X12 ifadəsində bildirdi ki, X16 qızı onun doğma bacısıdır. Əntiqə dayısı oğlu və həmkəndlisi Təqsirləndirilən şəxs ilə ailə qurmuşdur. Gülmuradla münasibəti normaldır, aralarında hər hansı ədavət, düşmənçilik yoxdur. Baş vermiş yol nəqliyyat hadisəsindən 11-12 mart 2023-cü il tarixdə məlumatı olmuşdur. Bacısı oğlu kənddə ona Əntiqənin Gülmuradla birlikdə Quba RMX-ya gedən zaman yol nəqliyyat hadisəsi baş verməsini və Əntiqənin RMX-ya yerləşdirilməsini demişdir. O, RMX-ya Əntiqənin vəziyyətinə baxmağa getmişdir. Həmin vaxt Əntiqənin vəziyyəti normal olmuş, onlarla danışmışdır. Gülmurad “Mercedes Benz C220” markalı avtomobil idarə etmişdir. Gülmuradın və Əntiqənin deməsinə əsasən avtomobili Gülmurad idarə etmiş, Əntiqə isə arxa sağ tərəfdə əyləşmişdir. Quba RMX istiqamətində geriyə dönmə əməliyyatını icra edən zaman əks yoldan gələn avtomobil bacısının əyləşdiyi hissədən dəymiş və yol nəqliyyat hadisəsi baş vermişdir. 29 mart 2023-cü il tarixdə isə Gülmurad zəng edərək Əntiqənin RMX-da ölməsini demişdir. Baş vermiş hadisə ilə əlaqədar heç kimdən şikayət və tələbi yoxdur. Zərərçəkmiş şəxs X4 hüquqi varisi X12 məhkəməyə ərizə təqdim edərək, Təqsirləndirilən şəxs qarı heç bir şikayət və tələbinin olmamasını bildirmişdir. Məhkəmə iclasında Şahid ifadəsində göstərdi ki, o, 2017-ci ildən Quba RPŞ-nin Post Patrul Xidməti Bölüyündə polis nəfəri işləyir, polis serjantıdır. 01 mart 2023-cü il tarixdən etibarən yol vərəqəsi əsasında Quba RPŞ-yə məxsus “Hyundai İX 35” markalı, **-AP-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmişdir. Nəqliyyat vasitəsini idarə etmə hüququ vardır. Ümumilikdə 2016-cı ildən avtomobil idarə etmişdir. 09 mart 2023-cü il tarixdə, saat 08 radələrində idarə etdiyi “Hyundai İX 35” markalı, “**-AP-***” dövlət qeydiyyat nişanlı avtomobillə Quba rayonu, Qəçrəş yolu yaşayış massivindən Quba şəhəri, Fətəlixan istiqamətində hərəkətdə olmuşdur. Təqsirləndirilən şəxs idarə etdiyi “Merdeces Benz C220” markalı avtomobillə əks yolla sola dönmə işıqlarını yandıraraq hərəkət etmişdir. Təqsirləndirilən şəxs dönmə yerinə çatan zaman sürətini azaltmış və bu vəziyyətdən onu gözləyəcəyini düşünmüşdür. Yol hərəkəti qaydalarına əsasən Təqsirləndirilən şəxs onun keçməsini gözləməli və əks yolla hərəkət olmadığı halda geriyə dönmə əməliyyatını icra etməli olmuşdur. O, dönmə hissəsinə çatmağa təqribən 1 metr qalmış Təqsirləndirilən şəxs qəflətən geriyə dönmə əməliyyatını icra etmiş, o dərhal əyləcə tam bassa da, məsafə az olduğundan yol-nəqliyyat hadisəsi baş vermişdir. Baş vermiş qəza Təhlükəsiz Şəhər xidmətinin video müşahidə kameraları vasitəsilə qeydə alınmışdır. Qəzanın baş verməsinə səbəb Gülmuradın onu gözləməyərək geriyə dönmə əməliyyatını icra etməsi olmuşdur. Məhkəmədə verilən suallara cavab olaraq, şahid bildirdi ki, o, 09 mart 2023-cü il tarixdə saat 08 radələrində Quba şəhəri, Qəçrəş yolu yaşayış massivindən Quba şəhəri, Fətəlixan küçəsi ilə hərəkətdə olarkən avtomobili təxminən 60 km/saat sürətlə idarə etmiş və tələsməmişdir. O Təqsirləndirilən şəxs dayanacağından əmin olduğu üçün dayanmamışdır. Baş vermiş hadisəni özündə əks etdirən DVD diskə məhkəmədə baxış keçirilərkən müəyyən edildi ki, “Mersedes-Benz C220” markalı **-ZV-*** dövlət qeydiyyat nişanlı minik avtomobil Quba şəhəri, Fətəlixan küçəsindən hərəkət zolağı ilə Quba şəhəri, Qəçrəş yolu yaşayış massivi istiqamətində, “Hyundai İX 35” markalı **-AP-*** dövlət qeydiyyat nişanlı minik avtomobil Quba şəhəri, Qəçrəş yolu yaşayış massivindən hərəkət zolağı ilə Quba şəhəri, Fətəlixan küçəsi istiqamətində hərəkət edir. Yolun hərəkət hissələri qoşa xətlə ayrılmış, qoşa xəttdən “Quba rayon mərkəzi xəstəxanası” publik hüquqi şəxsinə gedən yola daxil olma və ya geriyə dönmə hərəkətlərini icra etmək üçün kəsik-kəsik xətlər nəzərdə tutulmuşdur. “Mersedes-Benz C220” markalı **-ZV-*** dövlət qeydiyyat nişanlı minik avtomobil hərəkət zolağı ilə hərəkətdə olarkən sola dönmə cihazını yandırır, “Quba rayon mərkəzi xəstəxanası” publik hüquqi şəxsə dönən yoldan geriyə dönmə hərəkətini icra etmək istəyən zaman əks istiqamətdən gələn “Hyundai İX 35” markalı **-AP-*** qeydiyyat nişanlı minik avtomobilinin keçməsini gözləmədən geriyə dönmə əməliyyatını icra edir və nəticədə yol-nəqliyyat hadisəsi baş verir İş materiallarında olan: “yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” 09 mart 2023-cü il tarixli protokoldan görünür ki, hadisə baş verən yer Quba şəhəri, Fətəlixan küçəsidir. Yol quru, düz, asfaltbeton örtüklü olmaqla iki tərəflidir, əks istiqamətli nəqliyyat axınları 1.3 üfüqi nişanlanma xətti ilə ayrılır, həmin xətt yolayrıcı daxilində qırıq-qırıq xətlə əvəz olunur. Yolun hərəkət hissəsinin eni 14,8 metr olmaqla “Mercedes Benz C220” markalı avtomobilin hərəkəti istiqamətində sağ hərəkət hissəsinin eni 5 metr, əks hərəkət hissəsinin eni isə 9,8 metrdir. Hadisə yeri yaşayış məntəqəsi daxilindədir və icazə verilən maksimum sürət həddi 60 km/saatdır; Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin (yolnəqliyyat hadisələrinin məhkəmə ekspertizası) 21 iyun 2023-cü il tarixli 8/1348-4/987 №- li rəyindən görünür ki, “Mercedes Benz C220” markalı “**-ZV-***” dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 77-ci maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuş, həmin maddənin tələblərinə əsasən relssiz nəqliyyat vasitəsinin sürücüsü sola və ya geriyə dönərkən eyni əhəmiyyətli yolda qarşı tərəfdən düzünə və ya sağa hərəkət edən nəqliyyat vasitələrinə yol verməlidir. Mövcud şəraitdə hərəkət edən Hyundai İX 35 markalı avtomobilin yaxınlaşması şəraitində yolayrıcında dönmə əməliyyatı aparmaqla idarə etdiyi avtomobili sol hərəkət hissəsinə çıxararaq Hyundai İX 35 markalı avtomobilin sürücüsünün hərəkəti üçün təhlükə şəraiti yaratmamalı, onun hərəkətinə üstünlük verərək yol verməli və sonra dönmə əməliyyatına başlamalı idi. Yəni hərəkətin təhlükəsizliyinin təmin olunması məqsədilə sürücü Təqsirləndirilən şəxs əks istiqamətdə öz yolu ilə gələn Hyundai İX 35 markalı avtomobilin təhlükəsiz keçib getməsini təmin etməli idi. Beləliklə, sürücüsü Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Qanununun 77-ci maddəsinin 4-cü hissəsinin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtomobili sürücülük vəsiqəsi olmadan idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur; Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X17 X18 rayon şöbəsinin 29 mart 2023-cü il tarixli 22 nömrəli rəyindən görünür ki, X4 meyitinin xarici müayinəsi zamanı onun bədəni üzərində hər hansı xəsarət və onun izi aşkar edilməmişdir. X3 meyitinin daxili müayinəsi zamanı ürəkdə miokardın kəskin işemik distrofiyası, ürək əzələlərində qeyri-bərtabər doluqanlılıq, ürəyin tac damarlarında və aortada sklerotik dəyişikliklər, ürəyin sol mədəcəyinin hipertrofiyası, ağ ciyərlərdə xırda ocaqlı qansızmalar, baş beyin maddəsinin ödemi, məhkəmə-histoloji tədqiqat zamanı miokardda bəzi damarətrafı xırda skleroz ocaqları, stromanın ödemi, ağciyərlərdə ödem, ocaqlı qansızma, atelektaz və emfezima ocaqları, baş beyin maddəsinin ödemi aşkar edilmişdir. X3 meyitinin daxili müayinəsi zamanı onun sağ qasıq və oturaq sümüklərində cüzi yerini dəyişən xətti sınıqlar aşkar edilmişdir ki, bunlar da küt əşyanın (əşyaların) təsirindən törənməklə yetirilmə müddəti qərarda göstərilən vaxta, yəni 09 mart 2023-cü il tarixə uyğun gəlir, bu xəsarət canlı şəxslərdə sağlamlıqda uzun müddətə pozğunluq törətdiyindən sağlamlığa az ağır zərər vurma əlamətlərinə malikdir və baş vermiş ölümlə səbəbli əlaqəsi yoxdur. X3 meyitinin məhkəmə-tibbi müayinəsi zamanı onun daxili üzv və hissəciklərində ürək qan-damar sistemi və qaraciyər xəstəliklərindən əzab çəkməsinə dəlalət edən dəyişikliklər aşkar olunmuşdur. X3 ölümünə səbəb baş beyin maddəsinin ödemi fonunda kəskin ürək qan-damar çatışmazlığı olmuşdur, ölüm 29 mart 2023-cü il tarixdə, saat 10.00-da xəstəxanada baş vermişdir, təşrih zamanı ölümün həmin vaxtda baş verməsi inkar olunmur; Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X17 X18 rayon şöbəsinin 13 mart 2023-cü il tarixli 197 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində aşkar olunan xəsarət - sifətində sağda əzilmiş yara küt əşyanın təsirindən törənməklə yetirilmə müddəti qərarda göstərilən vaxta, yəni 09 mart 2023-cü il tarixə uyğun gəlir, bu xəsarət qərarda göstərilən vəziyyətdə əmələ gələ bilər və sağlamlığa zərər vurmadığından dərəcəsi təyin olunmayan xəsarətlər növünə aiddir. Məhkəmədə ekspert rəyləri tədqiq edilərkən müəyyən edildi ki, ekspert rəyləri işin müəyyən edilmiş hallarına uyğun gəldiyindən və digər sübutlarla təsdiq edildiyindən iş üzrə sübut kimi qəbul edilməlidir. “sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Şahid əməlinə hüquqi qiymət verilməsi üçün ********* nömrəli cinayət işindən Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə cinayət işinin ayrılması nəzərə alınmışdır. “Cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması və istintaq aidiyyəti üzrə göndərilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərarından görünür ki, ********* nömrəli cinayət işindən Şahid barəsində Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə cinayət işinin ayrılması və cinayət işi üzrə ibtidai istintaqın aparılması rayon prokurorluğunun müstəntiqi X9 tapşırılması qərara alınmışdır. Beləliklə, məhkəmə və məhkəməyədək araşdırma zamanı toplanmış sübutlara məcmu halında qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs yol hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan zərərçəkmiş şəxs – X1 az ağır zərər vurulmasına səbəb olan yol-nəqliyyat hadisəsi törətməsi özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin hüquqi varisinin ifadəsi, ekspert rəyləri, hadisə yerinə baxış protokolu və digər sübutlarla tam təsdiq edilir. Məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 263-1.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun: 77-ci maddəsinin İV hissəsinə əsasən relssiz nəqliyyat vasitəsinin sürücüsü sola və ya geriyə dönərkən eyni əhəmiyyətli yolda qarşı tərəfdən düzünə və ya sağa hərəkət edən nəqliyyat vasitələrinə yol verməlidir. Tramvay sürücüləri də öz aralarında bu qaydanı əsas tutmalıdırlar; 33-cü maddəsinin İV hissəsinə əsasən velosiped, araba, asma mühərrikli velosiped və moped istisna olmaqla, Azərbaycan Respublikasının ərazisindəki yollarda nəqliyyat vasitələrini idarəetmə hüququ sürücülük vəsiqəsi əsasında həyata keçirilir. “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli, 5 nömrəli Qərarının: 1-ci bəndində qeyd edilir ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ilə bağlı cinayətlərin geniş yayılması hərəkət təhlükəsizliyinin təmin edilməsini və yol-nəqliyyat hadisələrinin qarşısının alınması üçün təşkilati və təsiredici hüquqi tədbirlərin həyata keçirilməsini zəruri edir. Bununla bağlı məhkəmələrin diqqəti yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması cinayətlərinə dair işlərə obyektiv və keyfiyyətli baxılmasına, işin bütün hallarının tam və hərtərəfli araşdırılmasına, o cümlədən yol hərəkəti qaydalarını pozmuş şəxsin hadisədən bilavasitə əvvəl vəziyyətinin, psixoloji və sağlamlıq durumunun müəyyən edilməsinə, cinayətlərin törədilməsinə səbəb olmuş və şərait yaratmış halların aşkar edilməsinə, cinayət işləri üzrə qanuni, əsaslı və ədalətli qərarların qəbul edilməsinə yönəldilsin; 17-ci bəndinə əsasən məhkəmələr nəzərə almalıdırlar ki, konkret bir hadisədə yolhərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması CM-nin 263.1, 263.1-1, 263.2, 263.3, 263-1.1, 263-1.2, 263-1.3, 263-1.4, 351.1, 351.1-1, 351.2 və 351.3-cü maddələrində nəzərdə tutulmuş nəticələrdən bir neçəsinə səbəb olduqda, təqsirləndirilən şəxsə elan olunmuş ittihamda və ittiham hökmünün təsviri-əsaslandırıcı hissəsində baş vermiş nəticələrin hamısı göstərilməli, lakin onun əməli cinayət qanununun bu nəticələrdən daha ağırına görə məsuliyyət nəzərdə tutan maddəsi ilə tövsif edilməlidir. Belə hallarda yol-nəqliyyat hadisəsi nəticəsində sağlamlıqlarına müvafiq maddələrin dispozisiyalarında göstərilən ağırlıqda fiziki zərər vurulmuş şəxslər zərər çəkmiş şəxs qismində, ölmüş zərərçəkmiş şəxsin yaxın qohumu və ya yaxın qohumu olmadıqda CPM-in 106.1-ci maddəsinə göstərilən digər şəxs zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınmalı və cinayət təqibi zamanı onların CPM-nin 87 və 106-cı maddələrində nəzərdə tutulmuş hüquqları təmin edilməlidir. Qeyd edilən cinayətlərin törədilməsi nəticəsində əmlakına maddi zərər vurulmuş şəxs cinayət prosesində CPM-in tələblərinə müvafiq olaraq mülki iddia verdikdə mülki iddiaçı qismində tanına bilər. Biri biri ilə əlaqədar olmayan və müxtəlif vaxtlarda yol hərəkətinin və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması qeyd edilən maddələrdə nəzərdə tutulmuş eyni nəticələrə səbəb olduqda törədilmiş əməllər CMnin həmin nəticəyə görə məsuliyyət müəyyən edən müvafiq maddəsi ilə, belə əməllərin hər birisi müxtəlif nətiəcələrə səbəb olduqda isə həmin əməllər cinayətlərin məcmusu qaydasında tövsif edilir. 4 və 22-ci bəndlərində tövsiyə edildiyi kimi, nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs dedikdə, həmin hüququ ümumiyyətlə əldə etməmiş və ya ondan qanunvericilikdə nəzərdə tutulmuş qaydada məhrum olunmuş, habelə bu hüququ müvəqqəti məhdudlaşdırılmış şəxslərlə yanaşı, həm də müvafiq kateqoriyaya aid olan nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxslər başa düşülür (məsələn, yalnız “B” kateqoriyasına aid olan avtomaşınları idarə etmək hüququna malik olub avtobusları idarə edən şəxslər). Məhkəmələr nəzərə almalıdırlar ki, CM-in 263, 263-1, 264 və 351-ci maddələrində nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirləndirilən şəxslərin sürücülük hüququnun olmaması və ya yetkinlik yaşına çatmaması onun barəsində nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə növündə əlavə cəzanın tətbiq olunmasına maneə deyildir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1-ci maddəsinin “nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs” müddəasının şərh edilməsinə dair” 24 sentyabr 2014-cü il tarixli qərarında qeyd edilir ki, CM-in 263-1-ci maddəsində nəzərdə tutulan cinayət əməli insanların həyat və ya sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlərə yönəldiyi üçün bu cinayətin tərkibinin, xüsusilə də onun subyektinin düzgün müəyyən olunması böyük əhəmiyyət kəsb edir. CM-in 263 və 263-1-ci maddələrində nəzərdə tutulan cinayətlərin obyekti yol hərəkətinin və nəqliyyat vasitələrinin istismarının təhlükəsizliyini təmin edən ictimai münasibətlərdir. Eyni zamanda, CM-in qeyd olunan maddələri ilə cinayət məsuliyyətinin yaranması insan sağlamlığına zərər vurulmasından asılı olduğu üçün bu cinayətlərin əlavə obyekti insanın həyat və ya sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlərdir. CM-in 263 və 263-1-ci maddələrində nəzərdə tutulmuş cinayətlərin subyekti yalnız yol-nəqliyyat hadisəsinin törədildiyi anda 16 yaşına çatmış, anlaqlı vəziyyətdə olan və nəqliyyat vasitələrini idarə edən şəxs ola bilər. Bununla yanaşı, CM-in 263-1-ci maddəsində nəzərdə tutulan cinayətin subyekti yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını alkoqollu içkilərin qəbulu, narkotik vasitələrdən, psixotrop maddələrdən və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində sərxoş halda pozan nəqliyyat vasitələrini idarə edən şəxsdir. Bu cinayətin digər subyekti isə yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını pozan nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxsdir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun normasında nəqliyyat vasitələrini idarəetmə hüququnun əldə edilməsinin şərtləri və qaydaları dəqiq müəyyən olunmuşdur və bu Qanuna uyğun olaraq sürücülük vəsiqəsini əldə etmiş şəxs nəqliyyat vasitələrini idarə etmək hüququ olan şəxs hesab edilməlidir. Beləliklə, CM-in 263-1-ci maddəsinin “nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs” müddəası, ilk növbədə, hadisə törədilən zaman ümumiyyətlə sürücülük vəsiqəsi olmayan şəxsi ehtiva edir. Göstərilənləri nəzərə alaraq, Konstitusiya Məhkəməsinin Plenumu belə qənaətə gəlir ki, CM-in 263-1-ci maddəsinin “nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs” müddəası hadisə törədilən zaman ümumiyyətlə sürücülük vəsiqəsi olmayan şəxsi, qanunvericiliyə uyğun olaraq nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilmiş şəxsi, nəqliyyat vasitələrini idarə etmək hüququ məhdudlaşdırılmış şəxsi, həmin növ nəqliyyat vasitəsini idarə etmək hüququna malik olmayan şəxsi ehtiva edir. Azərbaycan Respublikası CM-nin: 263.1-ci maddəsinə əsasən avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda iki ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş min manatdan yeddi min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır; 263-1.1-ci maddəsinə əsasən bu Məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməllərin alkoqollu içkilərin qəbulu, narkotik vasitələrdən, psixotrop maddələrdən və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində sərxoş halda olan və ya nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən törədilməsi ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda - üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə altı min manatdan səkkiz min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıdakılar nəzərə alınmalıdır. Cinayət işinin materiallarında olan: “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə ittiham elan olunmuşdur; “qətimkan tədbiri seçilməsi barədə” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir; Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X13 Piblik hüquqi şəxsin xx.xx.2023-cü il tarixli 1019/K nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs götürülmüş qan nümunəsində etil spirti aşkar edilməmişdir. Quba RİHB-nın Hacıhüseynli kənd İƏD üzrə nümayəndəsinin xx.xx.2023-cü il tarixli 318 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs Quba rayonu, Gənclər qəsəbəsində yaşayır. Təqsirləndirilən şəxs oğlu - X10, gəlini - X11, nəvələri - X14 və X7 ibarət ailə tərkibi vardır. Həmin tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur; Azərbaycan Respublikası DİN BDYPİ Qİİ tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli AE № ******* nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətinə əsasən “Mercedes Benz C220” markalı **-ZV-*** dövlət qeydiyyat nişanlı avtomobil Təqsirləndirilən şəxs məxsusdur; Quba RPŞ-nin DYPB tərəfindən verilmiş 12 mart 2023-cü il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs sürücülük hüququ yoxdur; Azərbaycan Pespublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməli qismən etiraf edərək peşiman olmasını, yaşayış yerindən müsbət xarakterizə olunmasını, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməsini, sonuncunun ona qarşı şikayət və tələbinin olmamasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən isə məhkəmə Təqsirləndirilən şəxs əməlində nəzərdə tutulan cəzanı ağırlaşdıran halların olmadığını müəyyən edir. Cinayət törətmiş şəxslərə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cinayət törətmiş şəxslərin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə və xarakterinə mütənasibdir və hazırkı halda həmin cəza, cəzanın məqsədini təmin edir. Belə ki, Azərbaycan Respublikası CM-nin: 8.1-ci maddəsinə əsasən “cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır”. 58.3-cü maddəsinə görə “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır”. 41.2-ci maddəsinə əsasən “cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir”. 56.1.1-ci maddəsinə əsasən, ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. 58.1-ci maddəsinin tələblərindən görünür ki, “cinayət törətməkdə təqsirli bilinən şəxsə bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir”. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 №-li qərarının, 45-ci bəndində qeyd olunmuşdur ki, “məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər”. Eyni zamanda məhkəmə qeyd edir ki Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsinin sanksiyasının göstərişinə əsasən, təqsirləndirilən şəxs nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə təqsirli bilinməli, ona həmin maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə əsas cəza, nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilmə növündə əlavə cəza təyin olunmalıdır. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin əvvəli məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata düşdüyü vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Bundan başqa, iş üzrə məhkəmə xərci olan 250 (iki yüz əlli) manat Təqsirləndirilən şəxs alınaraq Məhkəmə Ekspertiza Məkəzinin hesabına köçürülməlidir. “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edillməsi haqqında” 07 mart 2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə görə məhkəmə, hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli olan əmlakın olub-olmaması məsələsini həll etməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1 və 99-1.1.1-ci maddəsinə əsasən məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) Xüsusi müsadirə olunan əmlak hesab olunur. Məhkəmə xüsusi müsadirə ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, iş üzrə belə bir əmlak olmadığından təqsirləndirilən şəxslərin barəsində xüsusi müsadirə ilə bağlı müddəa tətbiq edilməməlidir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347; 349; 351-353, 356, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və 01 (bir) il 06 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə məhkəmə məsrəfi olan 250 (iki yüz əlli) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertiza Məkəzinin hesabına (büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, X8, kod 210005, VOEN **********, müxbir hesab AZE41 NABZ********************, SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, hesab AZ34CTRE********************) köçürülsün. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökm apelyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdıqdan sonra qüvvəyə minir. Hakim: Samir Məmmədov
Məhkəmə qərarları › İş №1(027)-135/2023
Quba Rayon Məhkəməsi Hökm — İş №1(027)-135/2023
12.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver