Məhkəmə qərarları › İş №1(027)-136/2022

Quba Rayon Məhkəməsi Hökm — İş №1(027)-136/2022

16.08.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Quba şəhəri İş № 1(027)-136/2022 16.08.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Samir Əlibala oğlunun sədrliyi, məhkəmə iclas katibi X5, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs hüquqi varisi X1, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Quba rayon Vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1982-ci ildə Quba şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, evli, Xaçmaz regional qaz istismar sahəsinin Quba xidmət sahəsinin təbii qazın qəbulu və satışı xidmətinin mühəndisi vəzifəsində işləyən, himayəsində iki azyaşlı uşağı olan, məhkumluğu olmayan, ünvan 1 ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin materiallarına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 25 aprel 2022-ci il tarixdə saat 16 radələrində etibarnamə olmadan idarə etdiyi tanışı Şahid məxsus Vaz 21150 markalı, Az **-OH-*** dövlət qeydiyyat nişanlı avtomobillə Quba şəhəri Vaqif küçəsi ilə yeni avtovağzal istiqamətində 50 km/saat sürətlə hərəkətdə olan zaman "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə əsasən hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün tədbirləri görməli olduğu halda cinayətkarcasına etinasızlıq edərək qanunun qeyd olunan tələblərinə əməl etməyib həmin küçədə yolu soldan sağa doğru keçən piyada Quba şəhər sakini Zərərçəkmiş şəxs avtomobilinin qabaq sağ hissəsi ilə vurmuş və nəticədə ehtiyyatsızlıqdan sonuncuya gözlərinin ağlı qişası və birləşdirici toxumasında qansızıma, başın sağ təpə nahiyəsinin əzilmiş-cırılmış yarası, hər iki dirsəyin və sağ dizin sıyrıqları, başın yumşaq toxumalarının alt səthində sağ təpə nahiyəsində qansızıma, baş beyin toxumasına, beyinciyə və beyin mədəcikiərinə qansızma, boyun döş və qarın hissədə yumşaq toxumalar altında qansızmalar əmələ gəlməsi kimi xəsarətlərlə nəticələnən, həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid bədən xəsarətləri yetirərək ölümünə səbəb olmuşdur. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (CPM) 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə protokollarını, digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə tövsif olunmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, azyaşlı övladını məktəbdən götürüb evə gətirmək üçün xx.xx.2022-ci il tarixdə saat 16 radələrində əmisioğlu Şahid avtomobilini götürüb idarə etmişdir. Övladını 1 nömrəli məktəbdən götürüb yaşadığı evə gətirmiş, avtomobili Nemətə qaytarmaq üçün evdən çıxmış və Quba şəhəri Vaqif küçəsi ilə şəhərin aşağı hissəsinə doğru 60 km/saat sürətlə hərəkət etmişdir. Vaqif küçəsi ilə şəhərin aşağı hissəsinə doğru sağ zolaqla hərəkətdə olarkən, Zərərçəkmiş şəxs yolun sol tərəfində olan səkidən yolun hərəkət hissəsinə daxil olub sol zolaqdan sağ zolağa keçməkdə olduğunu 5-6 metr məsafədən görmüşdür. Bu zaman yolun sağ tərəfində əlvan metal qəbulu sexinin qarşısında yük avtomobili dayanmışdır, Zərərçəkmiş şəxs yolu soldan sağa doğru keçib həmin yük avtomobilinin ön hissəsinə keçmiş və o, Nəsirullaya çatan zaman Nəsirulla yük avtomobilinin qarşısından geriyə doğru arxa-arxaya hərəkət edərək onun hərəkət yoluna çıxmışdır. O da həmin vaxt sol hərəkət zolağı ilə hərəkətdə olmuş və Nəsirullanı vurmamaq üçün avtomobilini nisbətən sol hərəkət zolağına doğru hərəkət etdirərkən avtomobilin ön sağ hissəsi ilə Nəsirullanı vurmuş və sonuncu avtomobilin üzərinə qalxaraq ön alın şüşəsinin sağ tərəfinə çırpılıb yerə düşmüşdür, O, avtomobili saxlayıb düşmüş və Nəsirullaya yaxınlaşmışdır. Həmin vaxt Nəsirulla yerdə uzanıqlı vəziyyətdə olmuşdur. O, təcili tibbi yardım xidmətinə zəng edərək məlumat vermişdir. Bir neçə dəqiqə keçdikdən sonra təcili tibbi yardım avtomobili hadisə baş verən yerə gəlmiş və Nəsirullanı Quba RDM-na aparmışlar. Təcili tibbi yardıma məlumat verdikdən sonra isə özü Quba RPŞ-nin növbətçi hissəsi ilə əlaqə saxlayıb baş vermiş yol nəqliyyat hadisəsi barədə məlumat vermişdir. Məhkəmədə verilən suallara cavab olaraq, təqsirləndirilən şəxs bildirdi ki, o, Zərərçəkmiş şəxs çatan zaman Nəsirulla yük avtomobilinin qarşısından geriyə doğru arxa-arxaya hərəkət edərək onun hərəkət yoluna çıxmışdır. O, uzaq məsafədən həm Nəsrullanı yola keçən zaman, həm də orada dayanmış yük avtomobilini görmüşdür. Nəsirulla arxa-arxaya geri qayıtdığı üçün qarşısına çıxmışdır. Ona görə o, həmin vaxt o, hadisənin qarşısını ala bilməmişdir. Hadisə zamanı idarə etdiyi avtomobildə videoqeydiyyat cihazı olmamış, nə də ətraf ərazidə müşahidə kameralarının olmasını xatırlamır. Hadisə baş verən kimi o, Nəsirullaya yaxınlaşmış və TTY xidmətinə zəng edib məlumat vermişdir. Həmin vaxt Nəsirulla sağ olmuş, sonradan xəstəxanada ölmüşdür. Sonda Təqsirləndirilən şəxs zərərçəkmişin hüquqi varisi ilə barışdığını, mərhumun dəfn mərasimində iştirak etdiyini, ailəsinə maddi və mənəvi dəstək olduğunu bildirmişdir. Əməlindən peşiman olduğunu, ailəsini dolandıran yeganə şəxs olduğunu bildirərək məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi özünün etirafından başqa, aşağıdakı qeyd edilənlərlə sübuta yetirilir. Belə ki, məhkəmə iclasında Zərərçəkmiş şəxs hüquqi varisi X2 ibtidai istintaqa verdiyi ifadəsini təsdiq edərək bildirdi ki, Zərərçəkmiş şəxs onun atasıdır. xx.xx.2022-ci il tarixdə Quba şəhərində bazarda olan zaman tanışı Murad zəng edərək atası Nəsirullanın Quba şəhəri Vaqif küçəsində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət aldığını bildirmişdir. O, hadisə yerinə getmiş və hadisə yerində olan təcili tibbi yardım avtomobili ilə atası Quba rayon xəstəxanasına aparmışlar. Xəsatəxanaya çatdıqdan bir qədər sonra atası xəsarətlərinin ağır olması səbəbindən vəfat etmişdir. Məhkəmədə verilən suallara cavab olaraq, zərərçəkmiş şəxs bildirdi ki, atası Nəsirullanın sağlamlığı ilə bağlı hər hansı şikayəti olmamışdır. Hadisənin bilavasitə şahidi olmasa da, sonradan öyrənmişdir ki, atası yolu keçmiş, sonradan geri qayıdan zaman Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilin qarşısına çıxmışdır. Təqsirləndirilən şəxs mərhum atasının dəfn mərasimində iştirak etmiş, ona maddi və mənəvi dəstək olmuşdur. Hadisəni törədən Təqsirləndirilən şəxs barəsində hər hansı bir şikayəti və ya tələbi yoxdur, sonuncu ilə barışmışdır. Göstərdiklərini nəzərə alınmasını məhkəmədən xahiş etdi. İş üzrə Zərərçəkmiş şəxs hüquqi varisi X2 məhkəməyə ərizə təqdim edərək, təqsirləndirilən şəxsə qarşı şikayət və tələbinin olmadığını, onunla barışdığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ibtidai istintaqa verdiyi ifadəsini təsdiq edərək bildirdi ki, Təqsirləndirilən şəxs doğma əmisi oğludur. Vaz 21150 markalı **- OH-*** dövlət qeydiyyat nişanlı avtomobil ona məxsusdur. Orxan bəzən həmin avtomobili idarə etmişdir. xx.xx.2022-ci il tarixdə Orxanla birlikdə Quba şəhəri Hacıbaba Əliyev küçəsində işləyən zaman avtomobilini həmin küçədə saxlamışdır. Həmin gün saat 16 radələrində Orxan öz avtomobilinin təmirdə olduğunu və azyaşlı övladını məktəbdən götürmək üçün avtomobilini istəmişdir. O da Orxana etibar edərək avtomobilini idarə etməsi üçün vermişdir. Orxan da avtomobilin açarını ondan aldıqdan sonra işə salmış və çıxıb getmişdir. Orxan avtomobil ilə getdikdən sonra bir qədər vaxt keçdikdən sonra ona zəng edərək avtomobil ilə hadisə törətməsini və Vaqif küçəsində piyadanı vurmasını bildirmişdir. O, Orxanın hadisə törətdiyi yerə getmiş və həmin vaxt Orxanın avtomobil ilə vurduğu piyadanı hadisə yerində görmüşdür. Bir qədər sonra təcili tibbi yardım avtomobili hadisə yerində gəlmiş və piyadanı xəstəxanaya aparmışlar. Məhkəmədə verilən suallara cavab olaraq, şahid bildirdi ki, hadisənin bilavasitə şahidi olmamış, sonradan hadisə yerinə gəlmiş və zərərçəkmiş şəxsi yerdə görmüşdür. Avtomobil ona məxsus olsa da, əmisi oğlu olduğu üçün idarə etmək üçün Təqsirləndirilən şəxs etibar etmişdir. Cinayət işinin materiallarında olan: Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X6- Təcrübi və Tədris Birliyinin (meyitin məhkəmə-tibbi ekspertizası) 18 may 2022-ci il tarixli 16 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs meyitinin xarici müayinəsi zamanı gözlərinin ağlı qişası və birləşdirici toxumasında qansızma, başın sağ təpə nahiyəsinin əzilmiş-cırılmış yarası, hər iki dirsəyin və sağ dizin sıyrıqları, daxili müayinə zamanı başın yumşaq toxumalarının alt səthində sağ təpə nahiyəsində qansızma, baş beyin toxumasına, beyinciyə və beyin mədəciklərinə qansızma, boyun döş və qarın hissədə yumşaq toxumalar altında qansızmalar aşkar edilmişdir ki, bunlar da həyati olub ölümündən az əvvəl yetirilməyə uyğundur, kut əşyanın (əşyaların) təsirindən törənməklə yetirilmə müddəti 25 aprel 2022-ci il tarixə uyğun gəlir, bu xəsarətlər qərarda göstərilən vəziyyətdə, yəni qeyd olunan yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilər, dərəcəsinə görə canlı şəxslərdə birlikdə həyat üçün təhlükə törətmələrinə görə sağlamlığa ağır zərər vurma əlamətlərinə malikdir. Zərərçəkmiş şəxs meyitindən götürülən qanda məhkəmə-kimyəvi tədqiqat nəticəsində 0,55% etil spirti aşkar edilmişdir ki, bu da adətən canlı şəxslərdə yüngül dərəcəli alkoqol sərxoşluğu vəziyyətinə uyğun gəlir. Zərərçəkmiş şəxs ölümünə səbəb baş vermiş yol nəqliyyat hadisəsi zamanı başın küt travmasından baş beyin toxumasına qansızma törənməsi olmuşdur (iş vər.: 43,44); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin (məhkəmə yol-nəqliyyat hadisələri ekspertizası) 05 iyul 2022-ci il tarixli 8/1494 nömrəli rəyindən görünür ki, VAZ 21150 markalı, **-OH-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur (iş vər.: 51-54). Məhkəmədə ekspert rəyləri tədqiq edilərkən müəyyən edildi ki, ekspert rəyləri işin müəyyən edilmiş hallarına uyğun gəldiyindən və digər sübutlarla təsdiq edildiyindən sübut kimi qəbul edilməlidir. 25 aprel 2022-ci il tarixli “yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, hadisə Quba şəhəri, Vaqif küçəsində baş vermiş, Hadisənin baş verdiyi yer asfalt örtüklü, quru, hamar, düz olmaqla nəqliyyat vasitələrinin hərəkəti uçün maneəsizdir. Yolun hərəkət hissəsinin eni 7,8 metrdir. Hadisənin baş verdiyi yol yaşayış məntəqəsi daxilındədir. Hadisə zamanı avtomobilə məxsus əyləc izi və təkər izləri aşkar edilməmiş, piyada yolun sol tərəfində olan səkidən 4,9 metr məsafədə, yolun hərəkət hissəsində olan qırıq-qırıq nişanlanma xəttindən isə 1,1 metr məsafədə vurulmuşdur (iş vər.: 5-13); xx.xx.2022-ci il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsinin tərkibini yarandığından, onun təqsirləndirilən şəxs qismində cəlb edilməklə həmin maddə ilə ittiham edilməsi qərara alınmışdır (iş vər.: 85-89). Beləliklə, məhkəmə və məhkəməyədək araşdırma zamanı toplanmış sübutlara məcmu halında qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs yol hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan Zərərçəkmiş şəxs ölümünə səbəb olan yolnəqliyyat hadisəsi törətməsi özünün etirafedici ifadələri ilə yanaşı, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidin ifadələri, ekspert rəyləri, hadisə yerinə baxış protokolu və digər sübutlarla tam təsdiq edililr. Məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Belə ki, Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsinə əsasən, bu Məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulan əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun: 36-cı maddəsinin 1 hissəsinin 3-cü bəndinə əsasən, yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar; 50-ci maddəsinin 1 hissəsinin əsasən, sürücü hərəkətin intensivliyini, nəqliyyat vasitəsinin, yükün xüsusiyyətlərini və vəziyyətini, yol və meteoroloji şərati, xüsusən hərəkət istiqamətində görmə şəraitini nəzərə almaqla, nəqliyyat vasitəsini müəyyən olunmuş sürət məhdudiyyətindən çox olmayan sürətlə sürməlidir. Sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməlidir. “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli 5 nömrəli Qərarının: 1-ci bəndində qeyd edilir ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ilə bağlı cinayətlərin geniş yayılması hərəkət təhlükəsizliyinin təmin edilməsini və yolnəqliyyat hadisələrinin qarşısının alınması üçün təşkilati və təsiredici hüquqi tədbirlərin həyata keçirilməsini zəruri edir. Bununla bağlı məhkəmələrin diqqəti yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması cinayətlərinə dair işlərə obyektiv və keyfiyyətli baxılmasına, işin bütün hallarının tam və hərtərəfli araşdırılmasına, o cümlədən yol hərəkəti qaydalarını pozmuş şəxsin hadisədən bilavasitə əvvəl vəziyyətinin, psixoloji və sağlamlıq durumunun müəyyən edilməsinə, cinayətlərin törədilməsinə səbəb olmuş və şərait yaratmış halların aşkar edilməsinə, cinayət işləri üzrə qanuni, əsaslı və ədalətli qərarların qəbul edilməsinə yönəldilsin; Qərarın 21-ci bəndində qeyd edilir ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasında təqsirləndirilən şəxslərə cəza təyin edilərkən məhkəmələr nəzərə almalıdırlar ki, cinayətin ağır nəticələrə səbəb olması CM-nin 263.2, 263.3, 263- 1.3, 263-1.4, 351.2 və 351.3-cü maddələrinin dispozisiyasında cinayət tərkibinin zəruri elementi kimi nəzərdə tutulduğundan həmin nəticələrin mövcudluğu özü-özlüyündə CMnin 61.1.2-ci maddəsinə istinad edilməklə cəzanı ağırlaşdıran hal hesab edilə bilməz. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş daha ciddi cəza növü və həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza cəzanın məqsədlərini təmin edə bilmir. Odur ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilibödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yol-nəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yolnəqliyyat hadisəsi nəticəsində zərər çəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıdakılar nəzərə alınmalıdır. İş materiallarında olan: “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə ittiham elan olunmuşdur (iş vər.: 61, 62); “qətimkan tədbirinin seçilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (iş vər.: 241); Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin verdiyi cinayət işi üzrə yoxlamaya dair tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir (iş vər.: 45); AF seriyalı 324027 nömrəli xx.xx.2019-cu il tarixdə verilmiş və xx.xx.2029-cu il tarixə kimi qüvvədə olan sürücülük vəsiqəsinə əsasən Təqsirləndirilən şəxs “BC” kateqoriyalı nəqliyyat vasitələrini idarə etmək hüququ vardır (iş vər.: 18); AD seriyalı 442229 nömrəli xx.xx.2019-cu il tarixdə verilmiş nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinə əsasən, VAZ 21150 markalı, **-OH-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi Şahiddur (iş vər.: 19); xx.xx.2022-ci il tarixli 02832 nömrəli sərxoşluq vəziyyətinin müayinəsi protokolundan görünür ki, hadisə baş verən vaxt sürücü Təqsirləndirilən şəxs ayıq olmuşdur (iş vər.: 15); Quba RİHB-nın Quba şəhər İƏD üzrə nümayəndəliyin xx.xx.2022-ci il tarixli arayış və xasiyyətnamədən görünür ki, ünvan 2 ünvanda yaşayan Təqsirləndirilən şəxs ailəsi anası – xx.xx.1955-ci il təvəllüdlü Naibə Zeynalova, həyat yoldaşı – xx.xx.1989-cu il təvəllüdlü Əfilə Zeynalova, qızı – xx.xx.2014-cü il təvəllüdlü Leyla Zeynallı və oğluxx.xx.2017-ci il təvəllüdlü Əliqulu Zeynallıdan ibarətdir. Təqsirləndirilən şəxs Quba şəhərində yaşadığı ərazi üzrə müsbət xarakterizə olunur (iş vər.: 49, 50). Məhkəmə Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs ilk dəfə ehtiyatsızlıqdan az ağır cinayət törətməsini, törətdiyi əməli etiraf edərək peşiman olmasını, zərərçəkmiş şəxsin hüquqi varisinin ona qarşı şikayət və tələbinin olmamasını, onunla barışıq əldə edilməsini, vurduğu zərəri aradan qaldırmasını, himayəsində iki azyaşlı uşağının olmasını, yaşayış yerindən müsbət xarakterizə olunmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən isə məhkəmə Təqsirləndirilən şəxs əməlində nəzərdə tutulan cəzanı ağırlaşdıran halların olmadığını müəyyən edir. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs – hər birinə Azərbaycan Respublikası CMin 263.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədəuyğun sayır. Cinayət törətmiş şəxslərə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cinayət törətmiş şəxslərin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə və xarakterinə mütənasibdir və hazırkı halda həmin cəza, cəzanın məqsədini təmin edir. Belə ki, Azərbaycan Respublikası CM-nin: 8.1-ci maddəsinə əsasən “cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır”. 58.3-cü maddəsinə görə “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır”. 41.2-ci maddəsinə əsasən “cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir”. 58.1-ci maddəsinin tələblərindən görünür ki, “cinayət törətməkdə təqsirli bilinən şəxsə bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir”. 60.1-ci maddəsinə əsasən, Bu Məcəllənin 59.1.8, 59.1.10—59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz; 59.1.11-59.1.13-cü maddələrinə görə cinayətin törədilməsindən bilavasitə sonra zərərçəkmiş şəxsə tibbi və ya digər yardım göstərilməklə onun həyat və sağlamlığına dəyə biləcək zərərin azaldılması; zərərçəkmiş şəxslə və ya onun yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsi; cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi və ya aradan qaldırılması cəzanı yüngülləşdirən hallar hesab edilir. 56.1.1-ci maddəsinə əsasən, ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Eyni zamanda məhkəmə qeyd edir ki Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsinin sanksiyasının göstərişinə əsasən, təqsirləndirilən şəxs nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinməli, ona həmin maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə əsas cəza, nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilmə növündə əlavə cəza təyin olunmalıdır. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin əvvəli məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata düşdüyü vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Bundan başqa, iş üzrə məhkəmə xərci olan 85 (səksən beş) manat Təqsirləndirilən şəxs alınaraq Məhkəmə Ekspertiza Məkəzinin hesabına köçürülməlidir. “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər eidlmasi haqqında” 07 mart 2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə görə məhkəmə, hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli olan əmlakın olub-olmaması məsələsini həll etməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1 və 99-1.1.1-ci maddəsinə əsasən məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) Xüsusi müsadirə olunan əmlak hesab olunur. Məhkəmə xüsusi müsadirə ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, iş üzrə belə bir əmlak olmadığından təqsirləndirilən şəxslərin barəsində xüsusi müsadirə ilə bağlı müddəa tətbiq edilməməlidir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347; 349; 351-353, 356, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinsin və o, 01 (bir) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata düşdüyü vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə məhkəmə xərci olan 85 (səksən beş) manat Təqsirləndirilən şəxs alınaraq Məhkəmə Ekspertiza Məkəzinin hesabına (büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, X3, kod 210005, VÖEN **********, müxbir hesab AZE41NABZ**********0000003944, SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, hesab AZ34CTRE********************) köçürülsün. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökm apellyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdıqdan sonra qüvvəyə minir. Hakim: Samir Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar