Məhkəmə qərarları › İş №1(027)-138/2021

Quba Rayon Məhkəməsi Hökm — İş №1(027)-138/2021

25.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Quba şəhəri İş № 1(027)-138/2021 25.11.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X3 oğlunun katibliyi, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi X1 iştirakı ilə, xx xxx 1993-cü ildə Quba rayonu, Çiçi kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkum olunmamış, Quba rayonu, Çiçi kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Quba Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs 2021-ci ilin fevral ayının axırlarında yaşadığı Quba rayonu, Çiçi kəndindəki özünə məxsus pay torpaq sahəsinin baş tərəfində tərkibində narkotik maddələr olan 08 (səkkiz) ədəd narkotik təbiətli çətənə (kannabis) bitkilərini qanunsuz olaraq əkib aqrotexniki qaydada qulluq göstərməklə yetişdirib kultivasiya etmiş, 08 avqust 2021-ci il tarixdə saat 20:00 radələrində Quba RPŞ-nin əməkdaşları tərəfindən həmin torpaq sahəsinə baxış keçirilən zaman 08 (səkkiz) ədəd ümumi xalis çəkisi 1000 qram (min qram) olan narkotik təbiətli çətənə (kannabis) bitkiləri aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı aşağıdakı sübutlar tədqiq edilmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək göstərmişdir ki, bir neçə müddətdir ki, narkotik vasitə istifadə edir. 2021-ci ilin fevral ayının axırlarında o, Bakı şəhərində tanımadığı şəxsdən 15 ədəd çətənə bitkisinin toxumunu pay olaraq almışdır ki, həmin toxumları yaşadığı Quba rayonu, Çiçi kəndində yerləşən pay torpaq sahəsində əkib becərsin. 2021ci ilin fevral ayının axırlarında aldığı 15 ədəd çətənə kolunun toxumlarını pay torpaq sahəsinin baş tərəfində əkmişdir. Əkdiyi çətənə toxumlarına mütəmadi su verərək onlara qulluq etmişdir ki, kollar tez böyüsün, yaxşı inkişaf etsin. Nəticədə 13 ədəd çətənə kolu əmələ gəlmiş, həmin kollar bir müddət sonra yaşıllaşmışdır. Lakin sonradan həmin çətənə kollarının 05 ədədini mal-qara xarab etmişdir. Həmin ərazidə cəmi 08 ədəd çətənə kolu qalmışdır. 08 avqust 2021-ci il tarixdə saat 20:00 radələrində o, çətənə bitkilərini əkdyi sahəyə gedərkən orada polis əməkdaşlarının olduğunu görmüşdür. Polis əməkdaşları ona narkotik vasitələrin istifadəsində, saxlanmasında, eləcə də onlara məxsus pay torpağında narkotik vasitələrin becərilməsində şübhəli bilindiyini, bu səbəbdən pay torpaq sahəsinə baxış keçiriləcəyini bildirərək becərdiyi çətənə kollarını göstərməsini təklif etmişlər. Həmin vaxtı videoçəkilişdən istifadə olunmaqla polis əməkdaşları dəvət olunmuş aqronomun iştirakı ilə pay torpaq sahəsinə baxış keçirilmişlər. Baxış zamanı pay torpaq sahəsinin baş tərəfindən 08 ədəd narkotik tərkibli çətənə kolları aşkar edilmişdir. Baxışda iştirak edən aqronom da həmin bitkilərin çətənə koluna bənzədiyini və onlara xüsusi qulluq göstərildiyini təsdiq etmişdir. Həmin aşkar olunmuş çətənə kolları polis əməkdaşları tərəfindən torpaqdan çıxarılmış və götürülmüşdür. Sonra həmin kollar polis əməkdaşları tərəfindən sintetik materialdan olan kisəyə qoyularaq qablaşdırılmışdır. Çətənə kollarını əkib becərməkdə məqsədi öz istifadəsi üçün tədarük görmək olmuşdur. İfadəsinin sonunda Təqsirləndirilən şəxs əməlindən peşman olmasını və cavan olmasını bildirib məhkəmədən onun barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 2020-ci ilin fevral ayından Quba RPŞ-nin CAB-nin əməliyyat müvəkkili vəzifəsində xidmət edir. Quba rayonu, Çiçi kənd sakini Təqsirləndirilən şəxs pay torpaq sahəsində narkotik tərkibli çətən kolları əkib yetişdirməsi barədə Quba rayon polis şöbəsinə əməliyyat məlumatı daxil olduqdan sonra ondan, CAB-nin əməliyyat müvəkkili, polis kiçik leytenantı Şahid2, İTB-nin sahə polis nəfərləri polis serjantı Şahid3, Şahid4, Şahid5 və ƏRQ-nun inspektoru, polis serjantı Eyvaz Sultanovdan ibarət əməliyyat qrupu təşkil edilmişdir. Həmin məlumat əsasında 08 avqust 2021-ci il tarixdə saat 20:00 radələrində əməliyyat qrupunun üzvləri Təqsirləndirilən şəxs məxsus Quba rayonu, Çiçi kəndindəki pay torpaq sahəsinə getmişlər. Az sonra Enur Həsənov da həmin torpaq sahəsinə gəlmişdir. Təqsirləndirilən şəxs narkotik vasitələrin istifadəsində, saxlanılmasında, eləcə də pay torpağında narkotik vasitələrin becərilməsində şübhəli olduğunu bildirib pay torpağına baxış keçirmək istədiklərini bildirdikdə, Təqsirləndirilən şəxs etiraz etməmişdir. Bundan sonra, videoçəkilişdən istifadə edilməklə Təqsirləndirilən şəxs pay torpaq sahəsinə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs məxsus pay torpaq sahəsinin baş tərəfində əkilmiş 08 ədəd müxtəlif hündürlükdə olan narkotik tərkibli çətənə kolları aşkar edilmişdir. Baxışda iştirak edən aqronom Firuz Hüseynov da həmin bitkilərin çətənə koluna bənzədiyini və onlara xüsusi qulluq göstərildiyini bildirmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin kollar narkotik tərkibli çətənə kollarıdır və onları gələcəkdə özü istifadə etmək üçün əkib becərmişdir. Təqsirləndirilən şəxs pay torpaq sahəsindən aşkar olunaraq götürülən 08 ədəd çətənə kolları kisəyə yığılaraq ekspertizaya göndərilməsi üçün qablaşdırılmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2, Şahid3 Şərafətdin oğlu, Şahid4, Şahid5 Şahid1 göstərdiyi xususatları təsdiq edərək onunla eyni məzmunlu ifadə vermişlər. İş üzrə təyin olunmuş məhkəmə-bioloji ekspertizasının 09.08.2021-ci il tarixli, 7/1577 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs .....8 ədəd kol..” yazı və imzalar olan 1 ədəd ağ rəngli sintetik torbada 8 ədəd yaş vəziyyətdə, ümumi çəkisi, 1000 qram olan çətənə (kannabis) bitkiləridir. Çətənə bitkilərinə aqrotexniki qaydada qulluq göstərilmişdir. İş üzrə təyin edilmiş məhkəmə-narkoloji ekspertizasının 13.08.2021-ci il tarixli, 2837 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin halhazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan Quba DAİM-nin 08.08.2021-ci il tarixli rəyindən görünür ki, Quba rayonu, Çiçi kənd ərazisində Təqsirləndirilən şəxs pay torpağına baxış keçirilmiş, polis əməkdaşlarının və Təqsirləndirilən şəxs iştirakı ilə kolların içində kollardan təmizlənmiş ərazidə 8 ədəd müxtəlif ölçüdə narkotik xassəli bitkiyə oxşar bitki aşkarlanmış və Təqsirləndirilən şəxs məxsus pay torpağından aşkar edilib götürülmüş müxtəlif ölçülərdə 8 ədəd cətənəyə bənzər narkotik tərkibli bitkilərə (kollara) aqrotexniki qaydada qulluq olunmaqla kultivasiya olunaraq dibləri yumşaldılmış və üzvü gübrələr verilməklə suvarılmışdır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs oğluna məxsus Quba rayonun Çiçi kəndi ərazisində yerləşən pay torpağına baxış və götürmənin aparılmasını özündə əks edən diskə baxış keçirilərkən müəyyən olundu ki, pay torpağına baxış keçirilən zaman pay torpağından 8 ədəd müxtəlif hündürlükdə olan narkotik tərkibli çətənə kolları aşkar ediərək götürülmüşdür. Məhkəmə təqsirləndirilən şəxs və şahidləri dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri özünün və şahidlərin ifadələri, ekspertiza rəyləri və eləcədə məhkəmə istintaqı zamanı təhqiq olunmuş digər subutlarla tam yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsinin sanksiyası daxilində cəza təyin edilməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, habelə əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Odur ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin təqsirləndirildiyi maddənin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən, cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 5.1-ci maddəsinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər yalnız bu Məcəllə ilə müəyyən edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə müvafiq olaraq cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə müvafiq olaraq cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, habelə təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. İş materialında olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 17 avqust 2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamışdır. İş materiallarında olan Quba RİHB-nın Quba rayonu, Çiçi kənd İnzibati Ərazi dairəsi Üzrə Nümayəndəliyi tərəfindən verilmiş 15 sentyabr 2021-ci il tarixli 344 №-li arayışından görünür ki, Təqsirləndirilən şəxs Quba rayonu, Çiçi kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayır. İş materiallarına əlavə edilmiş Quba RİHB-nın Quba rayonu, Çiçi kənd İnzibati Ərazi Dairəsi Üzrə Nümayəndəliyi tərəfindən verilmiş xasiyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən əməlindən səmimi peşman olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını Azərbaycan Respublikasının CM-nin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hal qismində nəzərə alır. İş üzrə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərədə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası CM-in 237.1-ci maddəsinin sanksiyasında üç min manatdan altı min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Bu növ cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. İş materiallarında olan şübhəli şəxsin tutulması haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs 08 avqust 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, 10 avqust 2021-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində “Polisin nəzarəti alıtna vermə” qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası CPM-158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlandığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxildir. Azərbaycan Respublikası CPM-nin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlama müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə hesab edir ki, Qanunun bu tələbi baxımından Təqsirləndirilən şəxs 08 avqust 2021-ci il tarixdən 10 avqust 2021-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 gün müddət ona təyin olunacaq cəzaından çıxılmaqla ona qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası CPM-nin 346.1 və 346.1.20-ci maddələrinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında digər məsələlərlə yanaşı həmçinin qətimkan tədbirinin ləğv edilməli, dəyişdirilməli və seçilməli (məhz hansı tədbirin) olubolmadığı məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). Həmin Məcəllənin 353.4.12-ci maddəsinə görə, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində hökm qanuni qüvvəyə minənədək məhkumun barəsində seçilmiş qətimkan tədbirinin həlli göstərilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza təyin ediləcəyi təqdirdə onun barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri «həbs» qətimkan tədbiri ilə əvəz edilməli və seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Təqsirləndirilən şəxs oğlunun cəzaçəkmə müddətinin əvvəli 25 noyabr 2021-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası CM-nin 56.1.2-cı maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində qeyd olunmuş əmlakın müəyyən olunmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs xüsusi müsadirə cinayət-hüquqi tədbiri tətbiq olunmamalıdır. Həmçinin məhkəmə keçirilmiş məhkəmə ekspertizası tədqiqatının dəyəri olan 88,70 manatın Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə köçürülməsini əsaslı hesab edir. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan 1 ədəd CD disk iş materiallarında saxlanılmalı, iş üzrə maddi sübut olan Quba rayon Polis şöbəsində saxlanılan 01 ədəd kisədə qablaşdırılmış tədqiqat sonrası qalığı 999,6 qram olan narkotik vasitə əkilib becərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə (kannabis) bitkiləri hökm qanuni qüvvəyə mindikdən sonra müvafiq qaydada məhv edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351-356-cı maddələrini rəhbər tutaraq, məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinərək, 09 (doqquz) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə 08.08.2021-ci il tarixdən 10.08.2021-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 2 (iki) gün müddət təyin olunmuş cəzadan çıxılaraq onun üzərində qəti olaraq 08 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 25.11.2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri «həbs» qətimkan tədbiri ilə əvəz edilsin, o, dərhal məhkəmə iclas zalından həbs edilsin və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 88,70 (səksən səkkiz manat, yetmiş qəpik) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Təqsirləndirilən şəxs xüsusi müsadirə cinayət-hüquqi tədbiri tətbiq olunmasın. İş üzrə maddi sübut olan 1 ədəd CD disk iş materiallarında saxlanılsın və iş üzrə maddi sübut olan Quba rayon Polis şöbəsində saxlanılan xalis çəkisi 01 ədəd kisədə qablaşdırılmış tədqiqat sonrası qalığı 999,6 qram olan narkotik vasitə əkilib becərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə (kannabis) bitkiləri hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Hökmün icrası Quba rayon Polis Şöbəsinə və Ədliyyə Nazirliyi Penitesiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasına həvalə edilsin. Hökmdən 20 gün müddətində Quba rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya şikayəti və apellyasiya protesti verilməzsə, qeyd olunan müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Rahim Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar