Məhkəmə qərarları › İş №1(027)-139/2022

Quba Rayon Məhkəməsi Qərar — İş №1(027)-139/2022

17.08.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 1(027)-139/2022 17.08.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Samir Əlibala oğlunun sədrliyi məhkəmə iclas katibi Muradov Əli Şakir oğlunun katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1994-cü il tarixdə Quba rayonu Buduq kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, məhkumluğu olmayan, işsiz, Quba rayonu, Buduq kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə axşam saatlarında Quba şəhəri Nizami parkında yerləşən X1 işlətdiyi kafeyə gələrək orada əvvəldən tanıdığı Zərərçəkmiş şəxs ilə həmin tarixdə saat 23:45 radələrinə kimi kartla qumar oynayarkən qumar borcu üstündə aralarında şəxsi münasibətlər zəminində mübahisə yaranmış, kafedən çıxdıqlarından sonra xx.xx.2022-ci il tarixə gecə saatlarında münasibətlərini ayırd etmək üçün Zərərçəkmiş şəxsla birlikdə digər tanışları Şahid1 idarə etdiyi “VAZ 2107” markalı AZ **- BR-*** dövlət qeydiyyat nişanlı minik avtomobildə gedərkən əvvəlcə maşının içində sonuncunun sağ göz nahiyəsinə yumruq atmış, həmin vaxtı Şahid1 idarə etdiyi maşını Quba rayonu, Zizik kəndinə gedən torpaq yolda saxlamasından sonra isə orada maşından düşürdüyü Zərərçəkmiş şəxs ağız nahiyəsinə də yumruq vurub onu yerə yıxaraq bədəninin müxtəlif yerlərinə təpik zərbələri vuraraq onun alnında və sol dirsəkdə çoxlu sıyrıq, sağ orbiti ətrafında qançır-hematoma, alt dodağın selikli qişasında əzilmiş-cırılmış yara, alt dodaqda sağda qançır, döş qəfəsində sağda arxa qoltuq xətti üzrə Vİ qabırğa sahəsində yumşaq toxumanın əziyi və qançırı ilə müşayiət olunan xəsarətlər yetirərək Zərərçəkmiş şəxs sağlamlığının qısa müddətə pozulmasına səbəb olmuş qəsdən onun sağlamlığına yüngül zərər vurmuşdur. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə, cinayət işi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (CPM) 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, təhqiqat və məhkəmə protokollarını, ekspertiza rəyini və digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə tövsif olunmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respubliksı CM-nin 128-ci maddəsi ilə ona elan olunmuş ittihamda özünü təqsirli bilərək, ifadəsində göstərdi ki, xx.xx.2022-ci il tarixdə saat 23 radələrində tanışı Şahid1 ilə Quba şəhəri Nizami parkında yerləşən Orxan adlı tanıdığı şəxsin işlətdiyi kafedə oturub söhbət edən zaman Zərərçəkmiş şəxs içkili halda onların əyləşdiyi masada əyləşmişdir. O, Fərmandan onları tək buraxmasını xahiş etmiş, lakin Fərman getməmiş, əksinə Natiqlə onu söymüşdür. O da Fərmanı itələyərək kabinetdən çölə çıxartmışdır. xx.xx.2022-ci il tarixdə saat 00:15 radələrində onlar kafedən çölə çıxmış, Nizami parkının girəcəyində Fərman onlara yaxınlaşmış və əvvəl Natiqlə, sonra isə onunla mübahisə etməyə başlamışdır. Həmin vaxt Natiq onu sakitləşdirib maşına mindirmiş, Fərmanda evə getmək istədiyini, lakin pulu olmadığını bəhanə gətirərək Natiqdən onu da aparmasını xahiş etmişdir. Natiq razılaşmışdır. Fərman arxa oturacaqda onun yanında əyləşmişdir. Avtomobildə Fərman yenə mübahisə yaradıb söyüş söymüşdür. Həmin vaxt o, əsəbləşərək Fərmanın sağ gözünün altından yumruqla vurmuşdur. Natiq maşını saxlamış, onlar maşından düşdükdən sonra o, Fərmanın ağzının üstündən yumruqla vuraraq yerə yıxmış və sağ qoltuqaltı tərəfindən onun bədəninə təpiklə vurmuşdur. Mübahisə Fərmanın içkili olması və onları söyməsi səbəbindən yaranmışdır. Sonda təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdıqlarını, himayəsində iki azyaşlı uşağın olmasını nəzərə alaraq, cinayət məsuliyyətindən azad edilməsini və barəsində olan cinayət təqibinə xitam verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs məhkəməyə ərizə təqdim edərək zərərçəkmiş şəxslə barışdığını nəzərə alaraq, barəsində olan cinayət işinə xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs bildirdi ki, o, xx.xx.2022-ci il tarixdə axşam saat 17 radələrində Quba şəhəri Nizami parkında yerləşən Orxan adlı şəxsin kafeyə getmiş, orada pul üstündə Təqsirləndirilən şəxsla aralarında mübahisə yaranmış, həmin vaxt Məhsim onu söyüb təhqir etmişdir. Onların səslərini eşidən Orxan gəlib kafeni bağladığını deyərək onların çıxmasını tələb etmişdir. Kafedən çıxdıqdan sonra Nizami parkının girəcəyində Natiqdən 20 manat pulunu istəmiş və onu evinə aparmasını xahiş etmişdir. Natiq razılaşmışdır. Həmin vaxt Təqsirləndirilən şəxs da maşında olmuşdur. Yolda aralarında pul üstündə yenə mübahisə yaranmışdır. Məhsim onu söymüş, o da Məhsimə söyüşlə cavab qaytarmışdır. Bu vaxt Məhsim onun sağ ğözünün üstündən yumruqla vurmuşdur. Natiq Zizik kənd yolu istiqamətinə sürüb yol kənarında maşını saxlamış və onlar maşından düşmüşlər. Maşından düşdükdən sonra onların arasında mübahisə davam etmişdir. Həmin vaxtı Məhsim onun ağzının üstündən yumruq zərbəsi vurub yerə yıxmış, ayağa qalmaq istədikdə isə sağ qoltuğunun arxa tərəfindən ona təpiklə vurmuşdur. Onun təpik zərbəsindən yuvarlanıb kanala düşmüşdür. Məhsim Natiqlə maşına əyləşib çıxıb getmişlər. O da kanaldan çıxıb asfalt yol istiqamətində getmişdir. Yolda Natiq onu görüb götürüb evi istiqamətində aparmışdır. Sonda zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə barışdığını, sonuncu barəsində şikayət və tələbinin olmadığını nəzərə alaraq, barəsində olan işin icraatına xitam verilməsini xahiş etmişdir. İş üzrə Zərərçəkmiş şəxs ərizə təqdim edərək, Təqsirləndirilən şəxs ilə barışdığını, sonuncu barəsində şikayət və tələbinin olmadığını nəzərə alaraq, Salman Heydərov barəsində olan işin icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ibtidai istintaqa verdiyi ifadəsini təsdiq edərək bildirdi ki, xx.xx.2022-ci il tarixdə saat 23 radələrində tanışı Təqsirləndirilən şəxs Quba şəhəri Nizami parkında yerləşən kafedə oturub çay içən zaman Zərərçəkmiş şəxs içkili halda onların oturduğu otağa daxil olmuşdur. Kabinetdə Zərərçəkmiş şəxs Məhsimin və onun ünvanına söyüşlər işlətməyə başlamışdır. Onlar Fərmanın özünü apara bilmədiyini gördükdə Məhsimdən onu çölə çıxartmasını istəmişdir. Sonuncu Fərmanı yola gətirməyə çalışdıqda onu söymüşdür. Bu zaman Məhsim ayağa qalxıb onu itələyərək kabinetdən çölə çıxartmışdır. Həmin vaxt kabinetə gəlmiş Orxan kafeni bağlayacaqlarını onlara bildirərək kafedən çıxıb getmələrini istəmişdir. Fərmanda onlardan əl çəkmədiklərini gördükləri üçün kafedən çıxmalı olmuşlar. Onlar kafedən çıxdıqlarında artıq 29 yanvar 2022-ci il tarixə keçən gecə təxminən saat 00:15 radələri olardı. Bayırda, Nizami parkının girəcəyində Fərman onlara yenə yaxınlaşmışdır. Əvvəl özünün VAZ 2107 markalı AZ 40-BR- 521 nömrə nişanlı avtomaşına oturmaq istədikdə ona yaxınlaşmış Fərman onu arvadından boşandırmaq istəməsini bəhanə edib onunla mübahisə etməyə başlamış, hətta onu söyüb yaxasından tutmuşdur. O, Fərmanın əllərini üzərindən çəkmək istədikdə sonuncu onun üzünə yumruq atmışdır. Lakin həmin vaxt onun yumruq zərbəsindən yayınmış və heç bir xəsarət almamışdır. Sonra Məhsim araya girib Fərmandan çıxıb getməsini tələb etdikdə bu dəfə Məhsimə olan pul borcu üstündə aralarında mübahisə qızışmışdır. O, Məhsimi sakit edib öz maşınına mindirmiş, Fərmandan da çıxıb getməsini istəmişdir. Lakin sonuncu evə getmək istədiyini, lakin pulu olmadığını bəhanə gətirib onu aparmasını xahiş etmişdir. Onda öz maşınında Fərmanı evə aparmağa razılıq vermiş və Fərman, Məhsimin dalınca arxa oturacaqda sonuncunun yanında əyləşmişdir. Təxminən 500 metr Zizik kənd istiqamətinə gedəndən sonra Fərman, Məhsimə borc pul söhbətini yenə açıb ona borcu olmaması barədə söyüş işlətmişdir. Məhsim Fərmanın sağ gözünün altından yumruq zərbəsi vurmuşdur. O, Fərmanla Məhsimi ayırmaq üçün maşını saxlamalı olmuşdur. Həmin anda, Fərmanla Məhsim maşından düşdükdə sonuncu onu söydüyünə görə bu dəfə Fərmanın ağzının üstündən yumruq zərbəsi vuraraq onu yerə yıxmış və sağ qoltuqaltı tərəfindən onun bədəninə təpik atmışdır. Fərman yumalanıb yaxındakı çökək olan yerə düşmüşdür. Bu zaman Məhsim ondan maşına minib getməsini istədiyi üçün sükan arxasına əyləşib oradan ikisi də uzaqlaşmışdır. Bir qədər gedəndən sonra Fərmanın yolun kənarında olan kanala yıxıla biləcəyini düşünüb geri qayıtmışlar. Lakin Fərmanı qoyub getdikləri yerdə tapa bilməmişlər. Onlar asfalt yola çatmağına təxminən 50 metr qalmış, Fərmanın yolun kənarı ilə Quba şəhəri istiqamətinə getdiyini görmüşlər. Avtomobili Fərmanın yanında saxlayaraq ondan maşına əyləşməsini istəyib evə aparcaqlarını demişlər. Fərman avtomobilin arxa oturacağında əyləşmişdir. “Meqa market” adlı mağaza olan yerə çatdıqda Fərman evinin yaxında olduğunu söyləyib maşını saxlamasını istəmişdir. Onu maşından düşürdükdən sonra, onlar getmişlər. Səhəri günü o bilmişdir ki, Fərman ondan və Məhsimdən şikayət etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ibtidai istintaqa verdiyi ifadəsini təsdiq edərək bildirdi ki, o xx.xx.2022-ci il tarixdə axşam saatlarında Quba şəhəri Nizami parkında yerləşən Orxan adlı şəxsin işlətdiyi kafedə olarkən orada tanışları Natiq və Məhsimlə ayrıca kabinetdə oturub çay içmişdir. Həmin vaxtı onlar oturan kabinetə əvvəldən tanıdığı Zərərçəkmiş şəxs içkili halda gələrək onların masasına oturmaq istədikdə Məhsim ona işləri olduğunu söyləyib getməsini xahiş etmiş və gələn dəfə birlikdə oturacaqlarını bildirmişdir. Lakin Fərman getməmiş və həmin vaxtı Məhsimi nalayiq söyüşlə söyüb səs-küy salmışdır. Bu vaxtı Natiqin istəyi ilə Məhsim yerindən qalxıb Fərmanı kabinetdən çölə çıxartmışdır. Həmin anda kafeni işlədən Orxan gələrək onlardan bağlanacaqlarını deyib kafeni tərk etmələrini istəmişdir. Kafedən çıxdıqlarında çöldə Fərman yenə Məhsim və Natiqə yaxınlaşaraq onlarla mübahisə etməyə başlamış, əvvəlcə Natiqə onu arvadından boşatdırdığına görə söyüb Natiqin üzərinə əl-qol atmışdır. Onlar aralarındakı söhbətlərini davam etdirmək üçün Natiqin maşına minib naməlum istiqamətə getmişlər. O özü isə onlarla heç bir yerə getməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ibtidai istintaqa verdiyi ifadəsini təsdiq edərək bildirdi ki, Quba şəhəri Nizami parkında kafe işlətdiyini, həmin kafedə çay və alkoqollu içkilərdən pivə verildiyini bildirmişdir. 28 yanvar 2022-ci il tarixdə saat 15 radələrində atasının xəstəliyi ilə bağlı kafedə işləyən qohumu Əbülfəzə tapşırıb evə getmiş və saat 23:30 radələrində qayıtmışdır. Həmin vaxt kabinetlərin birindən səs-küy və söyüş səsləri gəldiyini eşidib həmin kabinetə getdiyində orada yaxından tanıdığı Zərərçəkmiş şəxsla Natiq və Məhsim adlı şəxslərin mübahisə etdiyini görmüş, iş vaxtının qurtarmasını əsas gətirməklə onlardan kafeni tərk etmələrini tələb etmişdir. Onların kafedən çıxdıqdan sonra kafeni bağlayıb Əbülfəzlə evə getdiklərində çöldə Nizami parkının girəcəyində həmin şəxslərin öz aralarında mübahisə etməkdə davam etdiklərini görmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 oxşar məzmunlu ifadə verməklə şahid X1 ifadəsində bildirdikləri xüsusatları bir daha təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ibtidai istintaqa verdiyi ifadəsini təsdiq edərək bildirdi ki, xx.xx.2022-ci il tarixdə saat 03 radələrində xidmətdə olan zaman Quba şəhərində yerləşən “Meqa Market” adlanan mağazanın qarşısında ona Zərərçəkmiş şəxs yaxınlaşmış və şikayət etmək istədiyini bildirmişdir. Zərərçəkmiş şəxs kimlər tərəfindən döyüldüyünü barədə hç bir məlumatı yoxdur. İş materiallarında olan: Azərbaycan Rrespublikasının Səhiyyə Nazirliyinin Məhkəmə - Tibbi Ekspertizası və Pataloji Anatomiya Elmi-Təcrübi və Tədris biliyinin Quba Rayon Şöbəsinin 31 yanvar 2022-ci il tarixli 68 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs müayinəsi zamanı onun bədənində müəyyən edilmiş xəsarət - alnında və sol dirsəkdə çoxlu sıyrıq, sağ orbiti ətrafında qançır-hematoma, alt dodağın selikli qişasında əzilmiş-cırılmış yara, alt dodaqda sağda qançır, döş qəfəsində sağda arxa qoltuq xətti .üzrə Vİ qabırğa sahəsində yumşaq toxumanın əziyi və qançır olub, həmin xəsarətlər küt əşyanın təsirindən törənmişdir və hadisənin baş verdiyi vaxta, yəni 29 yanvar 2022-ci il tarixdə yetirilməyə uyğun gəlir, həmin xəsarət dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərər vurmaya aiddir (iş vər.:14); Quba RİHB-nin Rustov İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Quba rayonu, Buduq kəndində yaşayır və yaşayış yerində müsbət xarakterizə olunur (iş vər.: 64,65); Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin verdiyi tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamış və cinayət məsuliyyətinə cəlb edilməmişdir (iş vər.:66). Beləliklə, Təqsirləndirilən şəxs əməli özünün etirafı ilə yanaşı zərərçəkmiş şəxsin ibtidai araşdırmada verdiyi izahatı, ekspert rəyi, eləcə də işdə olan digər obyektiv dəlillərlə və iş materialları ilə tamamilə sübuta yetirilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai araşdırma orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə tövsif edilmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışmasını nəzərə alaraq, onun cinayət məsuliyyətindən azad olunması və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məqsədə uyğun hesab edir. Belə ki, Azərbaycan Respublikası CPM-nin aşağıda qeyd olunan maddələrinə görə: 40.3 şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilməlidir. 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı Məcəllənin 39.1.4, 39.1.6- 39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda çıxarılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən, bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Odur ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsi tətbiq edilməklə, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli, onun Azərbaycan Respublikası Cinayət Məcəlləsnin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək saələşdirilmiş icraat materialına xitam verilməlidir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nın 40.3, 43, 321, 347, 356, 384-385-ci və CM-nın 73.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsi tətbiq edilməklə, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsnin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. Qərardan 20 gün müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Qərar apelyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdıqdan sonra qüvvəyə minir. Hakim: Samir Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar