Məhkəmə qərarları › İş №1(027)-139/2023

Quba Rayon Məhkəməsi Hökm — İş №1(027)-139/2023

19.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Quba şəhəri İş № 1(027)-139/2023 19.09.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Babayev Aydın Vahid oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, Dövlət İttihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs, Onun müdafiəçisi – Müdafiəçi iştirakları ilə, 01 avqust 1979-cu il tarixdə Salyan şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi qaydada işləyən, Sabunçu Rayon Məhkəməsinin 27 noyabr 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 228.1, 234.1-ci maddələri ilə təqsirli bilinərək CM-nin 66.2-ci maddəsinə əsasən 04 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri, Xəzər rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli Qərarı ilə cəzasının çəkilməmiş qalan 07 (yeddi) ay 06 (altı) gün hissəsini çəkməkdən vaxtından əvvəl şərti azad edilmiş, cəzasını çəkib qurtarmamış, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilməklə Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan, qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 0,502 qram çəkidə psixotrop maddə metamfetamin əldə edib üzərində daşımaqla saxlamışdır. Quba RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 23 may 2023-cü il tarixdə, saat 23 radələrində Quba şəhəri, Heydər Əliyev prospektində yerləşən Quba “Asan Xidmət” mərkəzinin qarşısında saxlanılaraq həmin yerdə üzərində şəxsi axtarış aparılarkən əynindəki boz rəngli şalvarın sağ yan cibindən 01 ədəd bükümdə təmiz çəkisi 0,502 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında iş üzrə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində bildirmişdir ki, uzun müddətdir narkotik istifadəçisidir və güclü təsiredici psixotrop maddələrdən də istifadə edir. Əldə etdiyi psixotrop maddəni 23 may 2023-cü il tarixdə Bakı şəhərində yerləşən “Sovedski” kimi tanınan ərazidən tanımadığı şəxsdən 20 manata almış və 23 may 2023-cü il tarixdə təxminən saat 19 radələrində gəzmək üçün Quba rayonuna tanımadığı taksi ilə gələrkən psixotrop maddə üzərində olmuşdur. Təxminən saat 23:15 radələrində Quba “Asan xidmət” mərkəzinin qarşısında piyada gedərkən polis əməkdaşları özlərini təqdim edərək ona qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsində şübhəli olduğunu bildirmişlər. Sonra dəvət olunmuş vəkilin iştirakı ilə üzərində şəxsi axtarış aparılacağı elan edilmiş, ona üzərində olan qanunsuz əşyaları təqdim etməsini təklif etmişlər. Həmin vaxt əynində olan boz rəngli şalvarın sağ yan cibində saxladığı 01 bükümdə olan ağ rəngli psixotrop maddəni onlara təqdim etmişdir. Həmin kütlə elektron tərəzi ilə ölçülən zaman 0.65 qram olduğu müəyyən olunmuş və kağız zərfə qablaşdırılaraq imzalanmışdır. Daha sonra polis əməkdaşları onun üzərində şəxsi axtarışı davam etdirsələr də üzərindən başqa qanunla gəzdirilməsi və ya daşınması qadağan olunmuş əşya, narkotik vasitə və ya psixotrop maddə aşkar edilməmişdir. Polis əməkdaşları bu barədə protokol tərtib etmiş, həmin protokol bütün iştirakçılara ucadan oxunmuş, etiraz olmadığı üçün bütün iştirakçılar, həmçinin də o və vəkili tərəfindən imzalanmışdır. İfadəsinin sonunda Təqsirləndirilən şəxs əməlindən peşiman olduğunu bildirərək məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. İş üzrə məhkəmə iclasında şahid qismində dindirilmiş Quba RPŞ-nin Narkotiklərlə mübarizə qrupunun baş əməliyyat müvəkkili Şahid1 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatını raportla rəhbərliyə məruzə etmiş, müvafiq qərarla cinayət-axtarış bölməsinin axtarış üzrə baş əməliyyat müvəkkili Şahid2 və şöbənin baş inspektor kriminalisti Fuad İslamovdan ibarət tərkibdə əməliyyat qrupu yaradılmışdır. Əməliyyat məlumatı əsasında Təqsirləndirilən şəxs Quba “Asan xidmət” mərkəzinin qarşısında küçədə olmasını müəyyən edilmiş və 23 may 2023-cü il tarixdə, saat 23.15-də qeyd edilən yerdə ona yaxınlaşıb özülərini təqdim edərək narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması barədə məlumat olduğunu bildirmişlər. Dərhal təhqiqatçı dəvət edilmiş, şübhəli şəxs qismində dəvət edilmiş vəkilin və onların iştirakı ilə video çəkilişlə saxlandığı həmin yerdə üzərinə şəxsi axtarış keçrilməzdən əvvəl üzərində qanunla qadağan əşyanın təqdim edilməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs könüllü olaraq əynindəki boz rəngli şalvarın sağ yan cibində saxladığı 01 ədəd bükümdə olan psixotrop maddə metamfetaminə bənzər kütləni çıxarıb təqdim etmişdir. 01 ədəd büküm elektron tərəzidə çəkilmiş və ağ kağız zərfə qoyulub qablaşdırılaraq möhürlənmişdir. O da daxil olmaqla bütün iştirakçılar maddi zərfi imzalayaraq qablaşdırmanın tamlığını təsdiq etmişlər. Video çəkiliş başa çatdıqdan sonra təhqiqatçı tərəfindən şəxsi axtarış aparılması barədə protokol tərtib edilmiş və məzmununun düzgünlüyü bütün iştirakçılar tərəfindən təsdiq edilmişdir. İş üzrə məhkəmə iclasında şahid qismində dindirilmiş X1 Hüseyn Yaşar oğlunun göstərdiyi xususatları təsdiq edərək onunla eyni məzmunlu ifadə vermişdir. İş üzrə təyin edilib keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş məhkəmə kimyəvi ekspertizasının 24 may 2023-cü il tarixli 6/2995 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində " Təqsirləndirilən şəxs üzərindən” yazıları və imzalar olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 0,502 qram ağ rəngli, kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Qeyd: Metamfetaminin təmiz çəkisi - 0,502 qram, tədqiqata sərf edildi 0,05 qram, qalıq 0,452 qram. İş üzrə təyin edilib keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş məhkəmənarkoloji ekspertizasının 14 iyul 2023-cü il tarixli 4436 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Aşkar edilmiş təmiz çəkisi - 0,502 qram metamfetamin Azərbaycan Respublikasının xx.xx.2005-ci tarixli Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları»nda ittiham aktında göstərilən narkotik vasitənin miqdarı şəxsi istehlak miqdarından artıq miqdar kimi müəyyən edilmişdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən hazırki əməl narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi və qanunsuz saxlanması kimi müəyyən edilmişdir. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlamaqla Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsilə nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməlini törətməsi öz ifadələri ilə yanaşı, şahid ifadələri, iş üzrə keçirilmiş məhkəmə-kimyəvi və məhkəmə-narkoloji ekspertizalarının müvafiq rəyləri və məhkəmə istintaqı zamanı tədqiq edilmiş digər subutlara tam sübuta yetirilir. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsilə düzgün tövsif olunmuşdur. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, habelə əməlin cinayət olmasını aradan qaldıran hallar olmadığından, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin təqsirləndirildiyi maddələrin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli Sərəncamının 13, 13.3, 13.4-cü bəndlərinə əsasən məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə müvafiq olaraq cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə müvafiq olaraq cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, habelə təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. İş materiallarında olan Salyan RİHB-nın Salyan şəhər İnzibati Ərazi dairəsi Üzrə Nümayəndəliyi tərəfindən verilmiş 12 iyul 2023-cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Salyan şəhəri M.Quluzadə küçəsi 111 saylı evdə qeydiyyatdadır. İş materiallarında olan Salyan RİHB-nın Salyan şəhər İnzibati Ərazi Dairəsi Üzrə Nümayəndəliyi tərəfindən verilmiş xasiyətnamədən gürünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs sonuncu dəfə Bakı şəhər, Sabunçu rayon məhkəməsinin 27 noyabr 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 228.1 və 234.1-ci maddələri ilə təqsirli bilinərək CM-nin 66.2-ci maddəsinə əsasən 04 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhər, Xəzər rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş qalan 07 (yeddi) ay 06 (altı) gün hissəsini çəkməkdən vaxtından əvvəl şərti azad olunmuşdur. İş materiallarında olan Salyan rayon İcra və Probbasiya şöbəsindən daxil olmuş məktubdan görünür ki, Bakı şəhəri, Xəzər rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş qalan 07 (yeddi) ay 06 (altı) gün hissəsindən vaxtından əvvəl şərti azad olunmuş Təqsirləndirilən şəxs cəzasını çəkib qurtarmamışdır. Göründüyü kimi, cəzasını çəkib qurtarmadan vaxtından əvvəl şərti azad olunmuş təqsirləndirilən Təqsirləndirilən şəxs hazırki iş üzrə törətdiyi cinayət əməllini 23 may 2023-cü il tarixdə, yəni vaxtından əvvəl şərti azad olunduğu müddətdə törətmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 76.6.3-cü maddisnə əsasən cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş məhkum cəzanın çəkilməmiş hissəsi ərzində qəsdən az ağır, ağır və ya xüsusilə ağır cinayət törətdikdə, məhkəmə cəzadan şərti olaraq vaxtından əvvəl azad etməni ləğv edir və ona bu Məcəllənin 67-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin edir. Qeyd edilən Məcəllənin 67.1-ci maddəsjinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.4-cü maddəsinə əsasən hökmlərin məcmusu üzrə qəti cəza həm yeni törədilmiş cinayətə görə təyin edilmiş cəzadan, həm də məhkəmənin əvvəlki hökmü ilə təyin edilmiş cəzanın çəkilməmiş hissəsindən çox olmalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 76.6.3 və 67.1-ci maddələrinin tələblərinə uyğun qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayət törədilməsi cinayəti residivini yaradır. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən onun əməlindən səmimi peşiman olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzasını yüngülləşdirən hallar kimi müəyyən etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəzasını çəkib qurtarmamış yenidən qəsdən cinayət törətməsi, yəni cinayətlərin resedivini Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, habelə şəxsiyyətini, cəzanı yüngülləşdirən halın mövcudluğunu, habelə cəzanı ağırlaşdıran halın olduğunu nəzərə alaraq, ona ittiham olunduğu maddəsin sanksiyasında nəzərdə tutulan cəza növü – azadlıqdan məhrum etmə cəzasının tətbiq edilməsi qənaətinə gəlir və hesab edir ki, bu cəza ilə cəzanın məqsədlərini təmin etmək mümkündür. Beləliklə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Azərbaycan Respublikası CM-nin 76.6.3-ci maddəsinə əsasən Bakı şəhər, Xəzər rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə təyin edilmiş 07 ay 06 gün vaxtından əvvəl şərti məhkum etmə ləğv edilməli və Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hazırki hökm üzrə təyin olunmuş cəzaya Bakı şəhər, Sabunçu rayon məhkəməsinin 27 noyabr 2019-cu il tarixli hökmü ilə təyin edilmiş 04 (dörd) il müddətində azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş qalan 07 ay 06 gün hissəsi qismən birləşdirilməklə Təqsirləndirilən şəxs qəti olaraq cəza təyin edilməlidir. İş materiallarında olan şübhəli şəxsin tutulması haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs 23 may 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Quba rayon məhkəməsinin 25 may 2023-cü il tarixli qərarı ilə həbsetmənin əvvəli 23 may 2023-cü ildən hesablanmaqla Təqsirləndirilən şəxs barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası CPM-158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlandığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxildir. Azərbaycan Respublikası CPM-nin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlama müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 23 may 2023-cü il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə görə cinayətlərin residivi zamanı təqsirləndirilən şəxs barəsində azadlıqdan məhrum etmə növündə cəza təyin edərkən onun ciddi rejimli cəzaçəkmə müəssisəsində cəza çəkməsi müəyyən edilir. Yuxarıda göstərlənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir Azərbaycan Respublikasının Cinayət-Prossesual Məcəlləsinin 346.1 və 346.1.20-ci maddələrinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında digər məsələlərlə yanaşı həmçinin qətimkan tədbirinin ləğv edilməli, dəyişdirilməli və seçilməli olub-olmadığı məhkəmə tərəfindən müzakirə edilməlidir. Həmin Məcəllənin 353.4.12-ci maddəsinə görə, məhkəmənin hökmünün nəticəvi hissəsində hökm qanuni qüvvəyə minənədək məhkumun barəsində seçilmiş qətimkan tədbirinin həlli göstərilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzası təyin ediləcəyindən onun barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Ambulator məcburi–narkoloji tibbi yoxlamanın rəyi nəzərə alınaraq Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilməklə o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə Azərbaycan Respublikası CM-in 99-1.1-ci maddəsində qeyd olunmuş əmlakın müəyyən olunmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs xüsusi müsadirə cinayət-hüquqi tədbiri tətbiq olunmamalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197-198-ci maddələrinə əsasən ekspertə verilməli olan məbləğ məhkəmə məsrəflərinə aid olduğundan, məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. Məhkəmə hesab edir ki, məhkəmə ekspertizası tədqiqatlarının dəyərini təşkil edən 110 manat Təqsirləndirilən şəxs tutulub məhkəmə ekspertiza mərkəzinin hesabına ödənilməlidir. Həmçinin, təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi ilə əlaqədar Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 3 (üç) iş saatına görə 18 (on səkkiz) manat, Azərbaycan Respublikası CPM-in 193.2-ci və 193.3-cü maddələrinə, “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli qərarına əsasən dövlət büdcəsindən tutulub Quba rayon Vəkil Bürosunun hesabına ödənilməsini əsaslı hesab edir. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə maddii sübut olan 1 ədəd CD cinayət işinin materiallarında saxlanılmalı, maddi sübut olan və ekspertiza tədqiqatından sonra qalan 0,452 qram narkotik vasitə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Hökmün icrası Quba Rayon Polis İdarəsinə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasına həvalə edilməlidir. İş üzrə mülki iddia verilməmişdir və müsadirə olunası əmlak yoxdur. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nın 344-347, 349, 351- 354, 356, 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Xəzər rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə müəyyən edilmiş Təqsirləndirilən şəxs cəzasının çəkilməmiş qalan 07 (yeddi) ay 06 (altı) gün hissəsindən vaxtından əvvəl şərti azad etmə Azərbaycan Respublikası CM-in 76.6.3-cü maddəsinə əsasən ləğv edilsin və CM-nin 67.1-ci maddəsinə əsasən hazırkı hökmlə təyin edilmiş 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına Bakı şəhəri, Sabunçu rayon məhkəməsinin 27 noyabr 2019-cu il tarixli hökmü ilə təyin edilmiş 04 il müddətinə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş 07 (yeddi) ay 06 (altı) gün hissəsi qismən birləşdirilməklə Təqsirləndirilən şəxs qəti olaraq 01 (bir) il 07 (yeddi) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin əvvəli 23 may 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin. Təyin edilmiş tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiqi Azərbaycan Respublikasının qanunvericiliyilə nəzərdə tutulmuş qaydada həyata keçirilsin. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Quba rayon Vəkil bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 3 (üç) iş saatına görə 18 (on səkkiz) manat Azərbaycan Respublikası Dövlət büdcəsindən Quba rayon Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyərini təşkil edən 110 manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. İş üzrə maddi sübut - ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,452 qram olan narkotik vasitə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, maddi sübut 1 ədəd CD cinayət işi materiallarında saxlanılsın. Hökmün icrası Quba rayon Polis Şöbəsinə və Ədliyyə Nazirliyi Penitesiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasına həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətinə Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya protesti və ya şikayəti verilməzsə, həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Aydın Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar