Məhkəmə qərarları › İş №1(027)-139/2024

Quba Rayon Məhkəməsi Hökm — İş №1(027)-139/2024

02.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Quba şəhəri İş № 1(027)-139/2024 02.07.2024 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs və onun vəkili Nümayəndə, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Quba rayon vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxxxx 1987-ci il tarixdə Quba rayonu Qəcərzeyid kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Quba rayonu, Qəcərzeyid kəndində qeydiyyatda olmaqla faktiki yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 19 may 2024-cü il tarixdə, saat 09 radələrində Quba rayonu, Bərqov kəndində qayınanası Zərərçəkmiş şəxs məxsus fərdi yaşayış evinin həyətində aralarında ailə münasibətləri zəmnində yaranmış mübahisə zamanı qayınanası Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyələrinə yumruq və təpiklə zərbələr endirib ona baş beyin silkələnməsi ilə müşayiət olunan alnında solda qançır, belində sağda qançır, sol dirsək oynağının travmatik çıxığından ibarət bədən xəsarətləri yetirməklə qəsdən sağlamlığına az-ağır zərər vurmuşdur. Məhkəmə, məhkəməyədək sadələşdirilmiş icraat materialı ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (CPM) 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, təhqiqat və məhkəmə protokollarını, ekspertiza rəyini və digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Şahid onun arvadıdır. Münasibətləri yaxşı olmadığı üçün arvadı və uşaqları ondan ayrı yaşayır. Belə ki, arvadı Turan xeyli müddətdir ki, qayınanası Zərərçəkmiş şəxs təkidi ilə ata evində yaşayır. Övladları isə ara-sıra onun yanına gəlirlər. Sonuncu dəfə, övladları gəlibgetdikdən sonra, qaynanası Tünzalə onun anasına zəng edərək uşaqları ac saxlamalarını bildirərək irad tutmuşdur. O, da bu söhbəti eşidərək xx.xx.2024-cü il tarixdə saat 08 radələrində Quba rayonu, Bərqov kəndinə qayınanasının yaşadığı evə getmiş, qayınanası Tünzalə və arvadı Turanı evin həyətində görüb içəri daxil olmuş, qayınanası Tünzalədən uşaqlarını nə vaxt ac saxlaması barədə soruşmuş, bu səbəbdən aralarında mübahisə yaranmışdır. Bu zaman arvadı Turan əlində olan ağac materialından olan balta sapı ilə onun başına və bel nahiyəsinə vurmuşdur. Həmin vaxt o, əsəbi olduğu üçün qayınanası Tünzalənin sol əlindən tutub özünə tərəf dartaraq yumruqla onun bədəninin müxtəlif nahiyələrinə vurmuşdur. Həmin vaxt o, yerə yıxılmış və yerdə olduğu zaman arvadı Turan əlində olan balta sapı ilə onun belinə və başına vurmuşdur. O yerdən qalxmış və Turanın əlindən ağacı alıb kənara ataraq onu sifətindən və bədənindən sillə ilə vurmuşdur. Aralarında baş vermiş mübahisə təqribən 5-10 dəqiqə davam etmiş, hadisə zamanı orada qaynanası və arvadı olmuşdur. İfadəsinin sonunda Təqsirləndirilən şəxs əməlindən peşman olmasını bildirərək məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs bildirdi ki, Şahid onun doğma qızıdır. X2 rayonu, Qəcərzeyid kənd sakini Təqsirləndirilən şəxsla ailə həyatı qurmuşdur. Onların birgə nikahlarında iki övladları var. Kürəkəni Təqsirləndirilən şəxs spirtli içki aludəçisi olduğu üçün onların ailəsində tez-tez münaqişə yaranır. Bu səbəbdən qızı Turan xeyli vaxtır ki, onunla birlikdə yaşayır. xx.xx.2024-cü il tarixdə saat 08 radələrində kürəkəni Təqsirləndirilən şəxs Quba rayonunun Bərqov kəndində yerləşən yaşadıqları evə gələrək evin həyətində qızı Turana yaxınlaşıb yumruqla və təpiklə onun bədəninin müxtəlif nahiyələrindən vurmuş, o onların arasına girərək o, kürəkəni Eltonu itələmişdir. Bu zaman Elton dəmir nərdivana dəyərək yerə yıxılmışdır. Həmin vaxt Elton ayağa qalxaraq yumruq və təpiklə onun bədəninin müxtəlif nahiyələrində vuraraq ona xəsarət yetirmişdir. Bu səbəbdən də o, həmin vaxt DİN-nin 102 xidmətinə zəng edərək məlumat vermişdir. Aralarında olan dava-dalaş Quba rayonu, Bərqov kəndində yerləşən yaşadığı evin həyətində təxminən 5-10 dəqiqə davam etmişdir. Həmin vaxt orada qızı Turan və qızının azyaşlı uşaqları olmuş, kənar şəxs olmamışdır. Sonda zərərçəkmiş şəxs şikayətçi olduğunu, barışmaq fikri olmadığını bildirdi və təqsirləndirilən şəxsə qanunla nəzərdə tutulmuş qaydada cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid bildirdi ki, Təqsirləndirilən şəxs onun əridir. Münasibətləri yaxşı olmadığı üçün o, xeyli vaxtdır ki, anası ilə birlikdə Quba rayonunun Bərqov kəndində yaşayır. xx.xx.2024-cü il tarixdə, saat 08 radələrində əri Təqsirləndirilən şəxs əvvəlcə onun mobil telefonuna zəng edərək onu söyüb təhqir etdikdən sonra, yaşadığı Bərqov kəndinnə gələrək evin həyətində onu təkrar təhqir edərək yumruq və təpiklə bədəninin müxtəlif nahiyələrindən vurmuşdur. Həmin vaxt onların yanlarında olan anası Tünzalə Eltonu ondan ayırmaq məqsədi ilə sonuncunu kənara itələmişdir. Həmin vaxt Elton dəmir nərdivana ilişərək yerə yıxılmışdır. Bundan sonra, Elton ayağa qalxıb yumruq və təpiklə anasının bədəninin müxtəlif nahiyyələrinə vuraraq ona xəsarət yetirmişdir. Mübahisə Quba rayonu, Bərqov kəndində yerləşən yaşadığı evin həyətində təxminən 5-10 dəqiqə davam etmişdir. Həmin vaxt orada anası Tünzalə və onun azyaşlı uşaqları olmuşdur. Məhkəmədə verilən suallara cavab olaraq, şahid bildirdi ki, Elton içki aludəçisidir və ailəsinə baxmadığı üçün onlar ayrılmış, nikahları pozulmuşdur. Hazırda onlar ayrı yaşayırlar. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətməsi iş materialları və aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. Belə ki, iş üzrə təyin edilib keçirilmiş məhkəmə-tibb ekspertizasının 21 may 2024-cü il tarixli 358 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs Sadiq qızının bədəni üzərində aşkar olunan xəsarətlər - baş beyin silkələnməsi ilə müşayiət olunan alnında solda qançır, belində sağda qançır, sol dirsək oynağının travmatik çıxığı küt əşyanın təsirindən törənməklə, yetirilmə müddəti qərarda göstərilən tarixə, yəni 19 may 2024-cü il tarixə uyğun gəlir, bu xəsarətlər qərarda göstərilən vəziyyətdə əmələ gələ bilər, dərəcəsinə görə sağlamlıqda uzun müddətə pozğunluq törətdiyindən sağlamlığa az ağır zərər vurmaya xarakterikdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin verdiyi cinayət işi üzrə yoxlamaya dair tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Quba RİHB-nın Quba rayonu Alekseyevka İƏD üzrə nümayəndəliyinin 27 may 2024-cü il tarixli arayış və xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Quba rayonu Qəcərzeyid kəndində yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 127.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini təqsirli olaraq törətməsi məhkəmə istintaqı zamanı tam sübuta yetirilir. Belə ki, zərərçəkmiş şəxslə təqsirləndirilən şəxsin arasında 19 may 2024cü il tarixdə, saat 09 radələrində Quba rayonu, Bərqov kəndində aralarında şəxsi münasibətlər zəminində mübahisə baş verməsi hər iki tərəfin məhkəmədə verdikləri ifadələri ilə tam təsdiqini tapır. Bununla da, məhkəmə zərərçəkmiş şəxsin məhkəmədə vermiş olduğu ifadəsini, iş üzrə əldə edilmiş məhkəmə-tibbi ekspertizasının rəyini daha mötəbər sübut kimi qəbul edir və hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 127.1-ci maddəsi ilə düzgün olaraq tövsif edilmişdir. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədə müvafiq hesab edir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur və ona qanunla müəyyən edilmiş qaydada həmin maddənin sanksiyası həddində cəza təyin olunmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən əməlindən səmimi peşman olmasını, ilk dəfə məsuliyyətə cəlb edilməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzanı yüngülləşdirən hallar qismində nəzərə alır. İş üzrə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə cəza məsələsini müzakirə edərkən, Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən halları, ağırlaşdıran halların olmadığını nəzərə alaraq hesab edir ki, ona təyin olunan cəza ədalətli olmaqla yanaşı, törətdiyi cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə, həmin cinayətin törədilməsi halına, onun özünün şəxsiyyətinə tam uyğun olmalıdır. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nın 127.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsinə əsasən zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu Məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş və ya ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsi ilə nəticələnən qəsdən sağlamlığa az ağır zərər vurma iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Belə ki, Azərbaycan Respublikası CM-nin: 8.1-ci maddəsinə əsasən “cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır”. 58.3-cü maddəsinə görə “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır”. 41.2-ci maddəsinə əsasən “cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir”. 58.1-ci maddəsinin tələblərindən görünür ki, “cinayət törətməkdə təqsirli bilinən şəxsə bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir”. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 №-li qərarının, 45-ci bəndində qeyd olunmuşdur ki, “məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər”. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz Qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli əməlinin törədilməsində təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Belə olan halda, azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs üzərinə CM-nin müvafiq maddələrində nəzərdə tutulan vəzifələr qoyulmalıdır. Belə ki, Azərbaycan Respublikası CM-nin: 52-1.2.1-ci maddəsinə əsasən yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2-ci maddəsinə əsasən elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3-cü maddəsinə əsasən məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4-cü maddəsinə əsasən müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Belə ki, Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin: 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir; 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır; 51-3.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir; Bununla da məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə Quba rayonunun hüdudlarını tərk etməmək, axşam saat 24:00-dan səhər saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməli və hökm qanuni qüvvəyə minənədək qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalıdır. “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər eidlmasi haqqında” 07 mart 2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə görə məhkəmə, hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli olan əmlakın olub-olmaması məsələsini həll etməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1 və 99-1.1.1-ci maddəsinə əsasən məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) Xüsusi müsadirə olunan əmlak hesab olunur. Məhkəmə xüsusi müsadirə ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, iş üzrə belə bir əmlak olmadığından təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə ilə bağlı müddəa tətbiq edilməməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 04 (dörd) iş saatına görə 24 (iyirmi dörd) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsindən Quba rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347; 349; 351-353, 356, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 09 (doqquz) ay müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Quba rayonunun hüdudlarını tərk etməmək, axşam saat 24:00-dan səhər saat 07:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilsin və hökm qanuni qüvvəyə minənədək həmin qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 04 (dörd) iş saatına görə 24 (iyirmi dörd) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsindən Quba rayon Vəkil Bürosunun hesabına (H/h AZ18İBAZ********************, Bank rekvizitləri: ABB Quba filialı, VÖEN: **********, Kod: 805476) köçürülsün. Cəzanın icrası Quba rayon İcra və probasiya şöbəsinə həvalə edilsin. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökm apelyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdıqdan sonra qüvvəyə minir. Hakim: Vüqar Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar