Azərbaycan Respublikası adından HÖKM Quba şəhəri İş № 1(027)-14/2020 16.06.2020 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, Xudaverdiyev Elşad Mütəllim oğlunun katibliyi, Dövlət ittihamçısı x3, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 qızının, Zərərçəkmiş şəxs3 və zərərçəkmiş şəxs Əsmər Məmmədovanın qanuni nümayəndəsi x1, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Şahmirzəyev Abusalat Ağamirzə oğlunun iştirakları ilə xx.xx.1952-ci il tarixdə Quba rayonunun İkinci Nügədi kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkum olunmayan, barəsindəbaşqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş- Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.2-ci maddəsilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 22 iyul 2019-cu il tarixdə, saat 17:30 radələrində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndinin və 37-ci maddəsinin 1-ci hissəsinin 8-ci bəndinin tələblərini pozaraq nəqliyyat vasitəsini idarəetmə hüququ olmadan və spirtli içki qəbul edərək yüngül dərəcəli alkoqol sərxoşluğu vəziyyətində özünə məxsus “Nazlifan” markalı, **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edib Quba- Qonaqkənd yolunun İkinci Nügədi kəndi ərazisindən keçən hissəsində, eyni əhəmiyyətli yollar hesab olunan Azadlıq küçəsi ilə Xəzər İsgəndərov küçələrinin kəsişməsindəki yol ayırıcına daxil olaraq yolu düzünə keçmək üçün hərəkətə başlayan zaman “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 77-ci maddəsinin 3-cü hissəsinin tələblərinə əsasən sağdan yaxınlaşan nəqliyyat vasitəsinə yol verməli olduğu halda cinayətkarcasına etinasızlıq edərək qanunun qeyd olunan tələblərinə əməl etməyib yol ayrıcına daxil olmuş, bu zaman avtomobilin qabaq sağ tərəfi ilə Quba şəhərindən Qonaqkənd istiqamətində hərəkətdə olan sürücü Zərərçəkmiş şəxs3 idarə etdiyi “Mersedes-Benz C280” markalı, **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobilini qabaq sol tərəfindən vuraraq toqquşmuş, nəticədə ehtiyatsızlıqdan özünün idarə etdiyi avtomobildə olan sərnişinlər x5 baş beyinin ağır dərəcəli əzilməsi ilə müşayiət olunan sağ təpə nahiyəsinin epidural hemotoması, sağ təpə sümüyünün xətti sınığı, sağ təpə nahiyəsinin əzilmiş-cırılmış yarası, sol kürəkdə səthi əzilmiş yarasından ibarət sağlamlığa ağır zərər vuran, Zərərçəkmiş şəxs1 Mayəddin qızının sağ çiynində qançır və sol bazu oynağının çıxığından ibarət sağlamlığa az ağır zərər vuran, “Mersedes-Benz C280” markalı, **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobildə olan sərnişin Zərərçəkmiş şəxs2 sağ dirsəkdə və sağ dizdə qançırdan ibarət sağlamlığa zərər vurmayan xəsarətlər almasına və “Mersedes-Benz C280” markalı, **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobilin zədələnməsi ilə sahibi Zərərçəkmiş şəxs3 4485 (dörd min dörd yez səksən beş) manat maddi ziyan vurulmasına səbəb olaraq, sərxoş halda və nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan yol-hərəkəti qaydalarını pozmaqla ehtiyatsızlıqdan bir nəfər şəxsin ağır və bir nəfər şəxsin az ağır dərəcəli bədən xəsarətləri ilə nəticələnən yol nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.2-ci maddəsilə ilə elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək, ifadəsində göstərmişdir ki, 22.07.2019-cu il tarixdə yaşadığı evdə bir qədər spirtli içki içdikdən sonra, özünə məxsus olan “Nazlifan” markalı avtomaşınla Quba rayonunun İkinci Nügədi kəndində yaşayan qızının evinə qonaq getmişdir. Həmin günü saat 17:30 radələrində həyat yoldaşı Zərərçəkmiş şəxs1 və azyaşlı nəvəsi x11 ilə özünə məxsus, sürücülük vəsiqəsi olmadan idarə etdiyi “Nazlifan” markalı, **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobillə Quba rayonu, İkinci Nügədi kəndi ərazisində yerləşən Xəzər İsgəndərov küçəsi ilə qızının evindən çıxıb yaşadığı evə tərəf saatda 10-15 km sürətlə hərəkət edən zaman, Quba- Qonaqkənd yoluna çatdıqda yol ayırıcında avtomobilini bir anlığa saxlayıb sağ tərəfdən gələn avtomobillər keçənə qədər yolu perpendikulyar keçib gedə biləcəyini düşünmüş, yolun orta hissəsinə az qalmış gözləmədiyi bir anda ağ rəngli Mercedes markalı avtomobil onun avtomobilinin qabaq sağ təkərindən vurmuş, zərbənin təsirindən idarə etdiyi avtomobil əsas yolda fırlanaraq üzü Quba şəhəri istiqamətində dayanmışdır. Nəticədə onun avtomobilində qabaq oturacaqda oturmuş həyat yoldaşı Zərərçəkmiş şəxs1 və azyaşlı nəvəsi Əsmər Məmmədova az ağır və ağır dərəcəli bədən xəsarətləri almışlar. Mersedes markalı avtomaşın əzilməklə orda olan sərnişin Zərərçəkmiş şəxs2 yüngül dərəcəli bədən xəsarəti almışdır.İfadəsinin sonunda Təqsirləndirilən şəxs törətmiş olduğu əməldən peşiman olduğunu, birinci qrup əlil olmasını, zərərçəkmiş şəxslərlə barışmasını və yaşlı olmasının nəzərə alınaraq, barəsində yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, 22.07.2019-cu il tarixdə saat 17:30-da həyat yoldaşı Təqsirləndirilən şəxs məxsus “Nazlifan” markalı avtomobillə Quba rayonu, İkinci Nügədi kəndində yaşayan qızının evindən çıxıb öz evlərinə getmişlər. Avtomobili əri Təqsirləndirilən şəxs idarə etmiş o, isə azyaşlı nəvəsi Əsmər ilə avtomobilin qabaq oturacağında oturmuşdur. Quba-Qonaqkənd yoluna çatdıqda yol ayırıcında əri Seyidbala avtomobili bir anlığa saxlayıb sonra yolu düzünə keçmiş, yolun orta hissəsinə az qalmış gözləmədiyi bir anda ağ rəngli “Mercedes” markalı avtomobil onların olduğu avtomobilin qabaq sağ təkərindən vurmuş, zərbənin təsirindən onların olduğu avtomobil əsas yolda fırlanaraq üzü Quba şəhəri istiqamətində dayanmış və zərbənin təsirindən qucağında əyləşmiş nəvəsi Əsmər və özü xəsarət almışlar. İfadəsinin sonunda Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs qarş heç şikayət və tələbinin olmadığını bildirərək ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, 22.07.2019-cu il tarixdə saat 17 radələrində bacısı oğlu Elçinə məxsus Mercedes markalı avtomobilllə Quba şəhərindən Rustov kəndinə qardaşı oğlunun toy şənliyinə gedən zaman anası Ərkinaz avtomobilin qabaq sərnişin oturacağında, o, isə arxa oturacaqda Elçinin arxasında əyləşmişdir. Anası xəstə və təziyiqi olduğundan Elçin avtomobili yavaş sürətlə idarə etmişdir. Quba rayonunun İkinci Nügədi kəndinin mərkəzindən keçən hissəsində həmin yola birləşən kənd arası yoldan, sol tərəfdən onların yoluna başqa bir avtomobil qəfildən çıxmış, Elçin toqquşmanın qarşısını almaq üçün sükanı sağ tərəfə döndərsə də, ara məsafəsi az olduğundan avtomobilin qabaq sol tərəfi digər avtomobilin qabaq sağ təkəri ilə toqquşmuş, hadisə zamanı anası və Elçin xəsarət almasalar da, onun sağ dirsəyi ilə sağ dizi əzilmiş, lakin xəsarəti ciddi olmadığından xəstəxanaya getməmişdir. İfadəsinin sonunda Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbinin olmadığını bildirərək ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, 22.07.2019-cu il tarixdə saat 17 radələrində özünə məxsus “Mercedes” markalı, **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Quba şəhərindən Quba-Qonaqkənd yolu ilə Rustov kəndində qohumlarının toy şənliyinə gedən zaman avtomobilində nənəsi Ərkinas və xalası Vəsilə olmuş, nənəsi Ərkinas qabaq sərnişin oturacağında, xalası Vəsilə isə arxa oturacaqda, onun arxasında əyləşmiş, həmin vaxt avtomobili 50-60 km/saat sürətlə idarə etmiş, bu zaman ondan qabaqda iki avtomobil getsə də, üzərilərində yük olduğundan yavaş sürətlə hərəkət etmişlər və o həmin avtomobilləri yol hərəkəti haqqında qanunvericiliyin tələblərinə uyğun şəkildə sol tərəfdən ötmüşdür. Avtomobilləri ötdükdən sonra, yolun Quba rayonu, İkinci Nügədi kəndi mərkəzindən keçən hissəsində, həmin yola birləşən kənd arası yoldan, sol tərəfdən hərəkət yoluna “Nazlifan” markalı avtomobil qəfildən çıxmış, toqquşmanın qarşısını almaq üçün sükanı sağ tərəfə döndərsə də, ara məsafəsi az olduğundan avtomobilinin qabaq sol tərəfi Nazlifan markalı avtomobilin qabaq sağ təkəri ilə toqquşmuş, zərbənin təsirindən “Nazlifan” markalı avtomobil əsas yolun düz mərkəzində fırlanıb üzü Quba şəhəri istiqamətində dayanmışdır. Onun avtomobili isə yolun sağ ehtiyyat hissəsində dayanmış, Nazlifan markalı avtomobildə olan qadın və azyaşlı uşaq xəsarət aldıqlarından oradakı avtomobillərdən biri onları xəstəxanaya aparılmışdır. Onun avtomobilində o və nənəsi Ərkinas təhlükəsizlik kəmərlərini taxdıqlarından onlara heç bir şey olmamış, lakin arxa sərnişin oturacağındakı xalası isə sağ dirsəyindən və sağ dizindən yüngül xəsarətlər almışdır. Hadisədən sonra “Nazlifan” markalı avtomobilin sürücüsü, adını sonradan Seyidbala olduğunu öyrəndiyi şəxsə yaxınlaşan zaman Seyidbaladan alkoqol iyi hiss etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin qanuni nümayəndə qismində dindirilmiş x6 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun doğma atasıdır. 2014-cü il təvəllüdlü Əsmər Məmmədova isə onun doğma qızıdır. x22 22 iyul 2019-cu il tarixdə atası Təqsirləndirilən şəxs idarə etdiyi “Nazlifan” markalı avtomobillə törətdiyi yol nəqliyyat hadisəsi zamanı ağır dərəcəli bədən xəsarəti almışdır. İfadəsinin sonunda x6 baş vermiş hadisə ilə əlaqədar təqsirləndirilən şəxsə qarşı hər hansı bir şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 22.07.2019cu il tarixdə, saat 17 radələrində özünə məxsus Opel-Astra markalı, **-DA-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Quba şəhərindən Quba-Qonaqkənd yolu ilə yaşadığı İkinci Nügədi kəndinə gedən vaxt avtomobilinin dam hissəsindəki yük yerində 25 ədəd şifer aparmış, avtomobil yüklü olduğundan avtomobili 40-45 km saat sürətlə idarə etmiş, yolun İkinci Nügədi kəndinin ərazisindən keçən hissəsindən arxadan gələn ağ rəngli “Mercedes” markalı avtomobil onun idarə etdiyi avtomobili ötüb təxminən 10-15 metr irəlidə hərəkət etməyə başlamışdır. Qarşıda olan yol ayırıcının sol tərəfindən ikinci dərəcəli yoldan Quba-Qonaqkənd yoluna “Nazlifan” markalı avtomobil çıxıb dayanmış və qəfildən yolun bu tərəfindən o biri tərəfinə keçmək üçün qarşıdan hərəkət edən “Mercedes” markalı avtomobilin hərəkət yoluna çıxaraq hərəkət etmişdir. Bu zaman “Mercedes” markalı avtomobil sağ tərəfə döndərsə də, “Naz-Lifan” markalı avtomobilin qabaq-sağ yan hissəsi ilə toqquşmuşdur. Hadisə onun qarşısında olduğundan hadisəni olduğu kimi görmüş, idarə etdiyi avtomobil həmin avtomobillərlə toqquşmaması üçün tormoz verərək yolun sol tərəfində saxlamışdır. İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının 03 avqust 2019-cu il tarixli, 924 saylı ekspert rəyindən görünür ki, 2014-cü il təvəllüdlü x5 bədəni üzərində aşkar olunan xəsarətlər-baş beyinin ağır dərəcəli əzilməsi ilə müşayiət olunan sağ təpə nahiyəsinin epidural hematoması, sağ təpə sümüyünün xətti sınığı, sağ təpə nahiyəsinin əzilmiş-cırılmış yarası, sol kürəkdə səthi əzilmiş yara küt əşyanın (əşyaların) təsirindən törənməklə yetirilmə müddəti qərarda göstərilən vaxta, yəni 22.07.2019-cu il tarixə uyğun gəlir, bu xəsarətlər qərarda göstərilən vəziyyətdə, yəni baş vermiş yol nəqliyyat qəzası nəticəsində əmələ gələ bilər, dərəcəsinə görə həyat üçün təhlükə törətdiyindən sağlamlığa AĞİR zərər vurmaya aiddir. İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının 24 iyul 2019-cu il tarixli, 878 saylı ekspert rəyindən görünür ki, 1977-ci il təvəllüdlü Zərərçəkmiş şəxs2 bədəni üzərində aşkar olunan xəsarətlər-sağ dirsəkdə və sağ dizdə qançır küt əşyanın (əşyaların) təsirindən törənməklə yetirilmə müddəti 22.07.2019-cu il tarixə uyğun gəlir. Bu xəsarətlər yol nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilər, sağlamlığa zərər vurmadıqlarından dərəcəsi təyin olunmayan xəsarətlər növünə aiddir. İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının 03 avqust 2019-cu il tarixli, 933 saylı ekspert rəyindən görünür ki, 1956-cı il təvəllüdlü Zərərçəkmiş şəxs1 bədəni üzərində aşkar olunan xəsarətlər-sağ çiynində qançır və sol bazu oynağının çıxığı küt əşyanın (əşyaların) təsirindən törənməklə yetirilmə müddəti qərarda göstərilən vaxta, yəni 22.07.2019-cu il tarixə uyğun gəlir, bu xəsarətlər qərarda göstərilən vəziyyətdə, yəni baş vermiş yol nəqliyyat qəzası nəticəsində əmələ gələ bilər, dərəcəsinə görə sağlamlıqda uzun müddətə pozğunluq törətdiyindən sağlamlığa AZ AĞİR zərər vurmaya aiddir. İş materiallarında olan məhkəmə yol nəqliyyat hadisələri ekspertizasının 21 avqust 2019-cu il tarixli, 20191 saylı ekspert rəyindən görünür ki, “Nazlifan” markalı, **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 77-ci maddəsinin 3-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuş və həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtomobili sürücülük vəsiqəsi olmadan idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtomobili sərxoş halda idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 8-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. İş materiallarında olan Quba rayon Mərkəzi Xəstəxanasının 22.07.2019-cu il tarixli, 405 saylı sərxoşluq hallarının bütün növlərinin təyini məqsədilə aparılan tibbi müayinəsi protokolundan görünür ki, Təqsirləndirilən şəxs hadisə baş verən zaman yüngül dərəcəli alkoqol səxoşluğu vəziyyətində olmuşdur. İş materiallarında olan 24.07.2019-cu il tarixli, ziyan aktından görünür ki, “Mercedes-Benz- 280.C” markalı, **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobilə 4485 (dörd min dörd yez səksən beş) manat maddi ziyan dəymişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və x7 tərəfindən verilmiş 03.09.2019-cu il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamışdır. İş materiallarında olan Quba Rayon Polis Şöbəsinin DYPB-nin 10.09.2019-cu il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs sürücülük vəsiqəsi olmamışdır. İş materiallarında olan Quba Rayon İcra Hakimiyyəti Başçısının İkinci Nügədi İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş 02.09.2019-cu il tarixli, 114 saylı arayışından görünür ki, Təqsirləndirilən şəxs Quba rayonu, İkinci Nügədi kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayır. Ailə tərkibi: Arvadı- 1956-cı il təvəllüdlü Zərərçəkmiş şəxs1, Oğlu-1980-cı il təvəllüdlü x6, Gəlini-1980-cı il təvəllüdlü x8, Nəvəsi-2005-ci il təvəllüdlü x15, Nəvəsi-2008-ci il təvəllüdlü x12 və Nəvəsi-2014-cü il təvəllüdlü x4 ibarətdir. İş materiallarında olan Quba Rayon İcra Hakimiyyəti Başçısının İkinci Nügədi İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədə Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və x14 Nazirliyinin arayışından görünür ki, Təqsirləndirilən şəxs İ qrup əlildir. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, zərərçəkmiş şəxsin hüquqi varisi x1 Quba rayon məhkəməsinə daxil olmuş ərizələrindən görünür ki, onların Təqsirləndirilən şəxs qarşı şikayət və tələbləri yoxdur. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələbinə uyğun olaraq iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmişlərin, şahidlərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və iş üzrə digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv, hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs x2 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.2-ci maddəsinin cinayət tərkibi var. Məhkəmə, eyni zamanda Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası CPM) 126.6-cı maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs ittiham olunduğu əməldə öz təqsirini etiraf etməsini iş üzrə bütün sübutların məcmuyu ilə təsdiq edildiyi üçün, ona qarşı ittihamı təsdiq edən əsas kimi qəbul edir. Məhkəmə, həmçinin nəzərə alır ki, bu etiraf könüllü şəkildə, nəyəsə məcbur edilmədən həyata keçirildiyi üçün sübut kimi qəbul edilməklə yanaşı, təqsirləndirilən şəxsin şəxsiyyətini xarakterizə edən hal kimi də dəyərləndirilməlidir. Bu zəmində məhkəmə, x24 Avropa Məhkəməsinin İnsan Hüquqlarının və x10 Haqqında Konvensiyanın (Avropa Konvensiyası) 6-cı maddəsi ilə əlaqədar Con x9rşı işi ilə bağlı qərarına istinad etməyi zəruri hesab edir. Belə ki, Avropa Məhkəməsinin həmin qərarında qeyd olunmuşdur ki, milli məhkəmə ittiham tərəfinin təqdim etdiyi sübutların əsaslılığını qiymətləndirərkən təqsirləndirilən şəxs tərəfindən izahat verilməsini onun buna məcbur edilibedilməməsi zəminində dəyərləndirməlidir. Əgər təqsirləndirilən şəxs ifadə verməyə və ya susmağa məcbur edilməyibsə, onda onun söylədikləri başqa sübutlarla tutuşdurulmaqla sübut əhəmiyyəti daşıya bilər. Məhkəmə, iş üzrə mövcud sübutlara hüquqi qiymət verərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinməlidir. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Məhkəmə baxışının gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli olması müəyyən edildiyi üçün, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə görə barəsində ittiham hökmü çıxarılmalı və ona təqsirli bilindiyi maddənin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58, 59 və 61-ci maddələrinin tələblərini, o cümlədən törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Belə ki, Təqsirləndirilən şəxs təqsirini etiraf etməsini, əməlindən səmimi peşmançılıq çəkməsini, yaşlı olmasını,İ qrup əlil olmasını, hadisə zamanı arvadının və nəvəsinin az ağır və ağır xəsarət almalarını, zərərçəkmiş şəxslərdən Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, zərərçəkmiş şəxsin hüquqi varisi x1 ona qarşı şikayət və tələblərinin olmamasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli az ağır və ehtiyatsızlıqdan törədilən cinayətdir. Bu cinayətin törədilməsi nəticəsində də zərərçəkmiş şəxslərə ehtiyatsızlıqdan ağır bədən xəsarəti yetirilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən törətdiyi cinayətin xarakterini və ictimai-təhlükəlilik dərəcəsini, nəzərə alaraq ona təqsirləndirildiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini, onun şəxsiyyətini müsbət cəhətdən səciyyələndirən halları, işdə cəzanı yüngülləşdirən halları, həmçinin təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq barəsində həmin Məcəllənin 70-ci maddəsinin tətbiq olunaraq təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının sınaq müddəti müəyyən olunmaqla şərti hesab olunmasını məqsədəmüvafiq hesab edir. Məhkəmə şərti məhkum etmə barədə gəldiyi nəticəni qeyd olunanlarla əsaslandırır: Cinayət Məcəlləsində cəzanın 3 məqsədi müəyyən olunub: 1) sosial ədalətin bərpası; 2) məhkumun islah edilməsi, yəni xüsusi xəbərdaredici məqsəd; 3) başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması, yəni ümumi xəbərdaredici məqsəd (CM, maddə 41.2). Şərti məhkum etmənin tətbiq edilməsi üçün əsas məhkumun cəza çəkmədən islah olunmasının mümkün sayılmasıdır, qanunverici başqa əsas müəyyən etməyib (CM, maddə 70.1). Göründüyü kimi şərti məhkum etmənin tətbiqi zamanı cəzanın 2-ci məqsədinə çatmağın mümkünlüyü müzakirə olunmalıdır, bu məqsəd isə məhkumun islah edilməsidir. Məhkumun islah edilməsi deyiləndə onda qanuna itaətin həvəsləndirilməsi, insana, cəmiyyətə, əməyə, birgəyaşayış qayda və ənənələrinə hörmət və ehtiramın formalaşdırılması başa düşülür (Cəzaların İcrası Məcəlləsi, maddə 8.1). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.1-70.3-cü maddələrinə əsasən islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Sınaq müddəti altı aydan beş ilədək müddətə müəyyən edilir. Bundan başqa Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, zərərçəkmiş şəxsin hüquqi varisi x6 ilə barışıq əldə etmiş, cinayət əməli törətməsini etiraf edib, bu əməli törətməsindən səmimi peşman olmuşdur. Həmçinin Təqsirləndirilən şəxs,hazırki cinayət işi üzrə təqsirli bilindiyi əməldən sonra cinayət qanunu ilə nəzərdə tutulmuş əməli yenidən törətməmiş, həmçinin işin ədalətli, tam və obyektiv araşdırılmasına heç bir maneçilik törətməmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs İ qrup əlildir. Göstərilənlər belə nəticəyə gəlməyə əsas verir ki, bu hallar, Təqsirləndirilən şəxs ictimai-faydalı fəaliyyətə qayıtması və islah olunması, həmçinin normal cəmiyyətə qovuşması istəyinin göstəriciləridir. Bu səbəbdən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.2-ci maddəsində nəzərdə tutulmuş müəyyən müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilərək təyin edilmiş cəza sınaq müddəti müəyyən edilməklə şərti hesab edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.5-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən məhkumun üzərinə onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini, təhsil yerini, iş yerini dəyişməmək, müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, ailəsinə maddi yardım göstərmək vəzifələri qoya bilər. Məhkəmə, məhkumun üzərinə onun islah olunmasına kömək edən digər vəzifələr də qoya bilər. İstinad edilən maddələrin tələbi baxımından məhkəmə hesab edir ki Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzası şərti hesab edilməklə sınaq müddəti müəyyən edilməli, onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində qeyd olunmuş əmlakın müəyyən olunmamasını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə xüsusi müsadirə cinayət-hüquqi tədbiri tətbiq olunmamalıdır. Zərərçəkmiş şəxs3 vurulmuş ziyanın ödənilməsi ilə bağlı mülki qaydada məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Məhkəmə hesab edir ki, aparılmış ekspertiza xərcini təşkil edən 170 (yüz yetmiş) manat Təqsirləndirilən şəxs tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. İş üzrə mülki iddianın və maddi sübutun olmaması nəzərə alınmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 351-356-cı maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respulikası Cinayət Məcəlləsinin 263-1.2-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməsində təqsirli bilinib 2 (iki) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq olunmaqla ona təyin olunmuş 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası 01 (bir) il 06 (altı) ay sınaq müddəti müəyyən edilməklə şərti hesab edilsin. Təqsirləndirilən şəxs təyin olunmuş sınaq müddətinin əvvəli hökm qanuni qüvvəsini aldığı gündən hesablansın. Hökmün icrası və Təqsirləndirilən şəxs davranışı üzərində nəzarətin həyata keçirilməsi Quba rayon İcra və probasiya şöbəsinə həvalə edilsin. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. İş üzrə ekspertiza xərcini təşkil edən 170 (yüz yetmiş) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası hesabına ödənilsin. Zərərçəkmiş şəxs3 vurulmuş ziyanın ödənilməsi ilə bağlı mülki qaydada məhkəməyə müraciət etmək hüququ izah edilsin. Cinayət işi üzrə xüsusi müsadirə tətbiq edilməli əmlakın, maddi sübutun və mülki iddianın olmaması nəzərə alınsın. Hökmdən Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya şikayəti və apellyasiya protesti verilməzsə, qeyd olunan müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Rahim Həsənov
Məhkəmə qərarları › İş №1(027)-14/2020
Quba Rayon Məhkəməsi Hökm — İş №1(027)-14/2020
16.06.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver