Azərbaycan Respublikası adından HÖKM Quba şəhəri İş № 1(027)-14/2022 01.03.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Samir Əlibala oğlunun sədrliyi, məhkəmə iclas katibi Muradov Əli Şakir oğlunun katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, X2 zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, onların vəkili Quba rayon Vəkil bürosunun vəkili X1, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Quba rayon Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1970-ci il tarixdə Quba rayonu, Digah kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işsiz, Bakı Ağır Cinayətlər Məhkəməsinin 23.11.2018-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CMnin 263-1.3-cü maddəsi ilə təqsirli bilinərək 03 (üç) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 05 (beş) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, “8 noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05.11.2021-ci il tarixli Qərarının 2.2-ci bəndinə əsasən çəkilməmiş qalan azadlıqdan məhrumetmə cəzasından 06.12.2021-ci il tarixdə azad edilmiş, Quba rayonu, Digah kəndində qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin materiallarına açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 09.05.2021-ci il tarixdə saat 12 radələrində nəqliyyat vasitələrini idarə etmək hüququ olmadan idarə etdiyi, Quba rayonu, Ağbil kənd sakini Şahid məxsus, “KAMAZ” markalı **-CC-*** dövlət qeydiyyat nişanlı avtomobillə Quba şəhərinin girişindən H.Əliyev prospekti ilə “köhnə avtovağzal dairəsi” istiqamətində hərəkətdə olarkən "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə əsasən dönmə işıqlarını saz vəziyyətdə saxlamalı, həmin Qanunun 64-cü maddəsinin 1-ci hissəsinin tələblərinə əsasən yük avtomobillərinin hərəkəti qadağan olan yola daxil olmamalı, Qanununun 69-cu maddəsinin 6-cı hissəsinin 18-ci bəndinin tələblərinə əsasən yalnız “düzünə hərəkət” məcburi hərəkət istiqamətini göstərən nişanlanma xəttinin riayət etməli olduğu halda cinayətkarcasına etinasızlıq edib qanunun qeyd olunan tələblərinə əməl etməyərək həmin tələbləri kobud şəkildə pozmaqla yolun orta zolağı ilə hərəkət edərkən dönmə işıqlarını yandırmadan yol ayrıcından geri dönmək üçün avtomobili qəfil sol tərəfə doğru istiqamətləndirmiş, bu zaman onunla eyni istiqamətdə arxa sol zolaqla hərəkətdə olan Quba rayonu, İqriq kənd sakini Zərərçəkmiş şəxs1 idarə etdiyi “Mercedes Benz C220” markalı **-LK-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə ehtiyyatsızlıqdan Mercedes Benz C220 markalı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs1 baş beyin silkələnməsi ilə müşayiət olunan alnında sağda və solda əzilmiş-cırılmış dəri defektli yaralar, sağ üst göz qapağında dəri defekti ilə və sağ üst göz qapağının tam qapanmaması və hissiyyat poğunluğu-üz sinirinin sağ şaxəsinin neyropatiyası ilə nəticələnən əzilmiş-cırılmış yara, sağ göz orbiti ətrafında qançır hematoma, döş qəfəsində sağda və sağ saidin yuxarı 1/3-nin ön səthində səthi əzilmiş yaralardan ibarət, sağlamlığına az ağır zərər vuran xəsarətlər yetirilməsinə, həmçinin “Mercedes Benz C220” markalı avtomobilin zədələnməsi ilə X6 6340 manat dəyərində maddi ziyan vurulmasına səbəb olmuşdur. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263-1.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (CPM) 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə protokollarını, digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 263-1.1-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, 2021-ci ilin may ayında Quba rayonunda yerləşən İdman Kompleksində tikinti işləri getdiyi üçün o da orada usta yanında fəhlə işləmişdir. 09.05.2021-ci il tarixdə İdman Kompleksində işlədiyi zaman saat 12 radələrində “Kamaz- 55102” markalı **-CC-*** dövlət nömrə nişanlı avtomobilin sahibi Vüqar ondan avtomobilə yanacaq doldurmaq lazım olduğunu və bunun üçün də kamazı yanacaq doldurma məntəqəsinə aparıb yanacaq doldurub geri idman kompleksinə gətirməyini xahiş etmiş, o da əvvəllər Kamaz markalı avtomobil sürdüyü üçün razılaşmışdır. Vüqar özü minik avtomobili ilə “Azpetrol” yanacaq doldurma məntəqəsinə gəlib ödənişi edərək yanacaq dolduracağını bildirmişdir. O, isə Kamaz markalı avtomobillə İdman Kompleksindən çıxıb Quba şəhəri aşağı dairəvi yoldan H.Əliyev prospekti ilə Quba şəhəri istiqamətində hərəkətə başlamışdır. Həmin yolla hərəkət edib yolayrıcından dönüb əks istiqamətdə yerləşən yanacaq doldurma məntəqəsinə getmək istəmiş, yolayrıcına çatmağa az qalmış o, hərəkətdə olduğu üç zolaqlı hərəkət istiqamətindəki orta zolaqla hərəkətini davam etdirib sola dönmə işığını yandıraraq yolayrıcında gözləyib əks istiqamətdə də hərəkətdə olan avtomobillərin hərəkətini gözləyərək geriyə dönmək istəmişdir. Həmin zaman sol yan güzgüdən arxadan maşınların gəlib-gəlmədiyinə baxdıqda uzaqdan “Mersedes” markalı avtomobilin ondan soldakı zolaqla gəldiyini görmüşdür. Lakin o, artıq dönmə əməliyyatını həyata keçirmək üçün avtomobili sola doğru istiqamətləndirib orta zolaqdan solda yerləşən zolağa doğru hərəkətə başladığı anda həmin “Mercedes Benz C220” markalı avtomobil arxadan gəlib idarə etdiyi Kamazın sol orta təkərinə, daha sonra yanacaq çəninə dəymişdir. Zərbə sərt olduğu üçün o, sürücü sükanından yan sərnişin oturacağına atılmış, lakin ciddi xəsarət almamışdır. O, avtomobildən aşağı düşdükdə “Mersedes” markalı avtomobilin sürücüsünün üz nahiyyəsində qan olduğunu görmüşdür. Sürücünü xəstəxanaya yola salmış, özü isə hadisə yerinə polis əməkdaşlarının gəlməsini gözləmişdir. Məhkəmədə verilən suallara cavab olaraq bildirdi ki, dönmə əməliyyatını həyata keçirən zaman “Mercedes Benz C220” markalı avtomobil arxadan gəlib idarə etdiyi kamazın sol yanından vurmuşdur. Həmin yola yük avtomobili girə bilməzdi, o, səhlənkarlıq etmişdir. Hadisə olan gün zərərçəkmişin yanına gedib maşınını düzəltməyi təklif etmiş, lakin atası razı olmamışdır. Zərərçəkmişlərə bu vaxta kimi heç bir yardım etməmiş, sadəcə təklif etmişdir. Zərərçəkmişin sifətində əvvəlcədən yanıq izi olmuşdur. Hazırda törətdiyi əməldən peşimandır. 410 manat əmək haqqı alır, maddi vəziyyəti çox aşağıdır. Bu səbəbdən zərərçəkmişlərə vurduğu ziyanı ödəyə bilməmiş və barışıq da əldə edə bilməmişdir. İmkanı çatdığı müddətdə zərərçəkmiş şəxslərə vurduğu ziyanı ödəyəcəkdir. İlk dəfə cinayət törətdiyini nəzərə alaraq, məhkəmədən ona yüngül cəza verilməsini xahiş etdi. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263-1.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi özünün etirafından başqa, aşağıdakı qeyd edilənlərlə tam sübuta yetirilir. Məhkəmə iclasında zərərçəkmiş Zərərçəkmiş şəxs1 ifadəsində bildirdi ki, qardaşı Zərərçəkmiş şəxs2 məxsus “Mersedes Benz C220” markalı **-LK-*** dövlət nömrə nişanlı avtomaşını 2018-ci ilin iyun ayından etibarnamə əsasında idarə edir. 09.05.2021-ci il tarixdə saat 12 radələrində həmin avtomobillə Quba şəhəri Asan Xidmət mərkəzinin qarşısından H.Əliyev prospekti ilə Quba şəhəri istiqamətində hərəkət etmişdir. O, həmin yolla ən solda yerləşən zolaqla hərəkət edib Quba şəhəri köhnə avtovağzal dairəsi adlanan yerə getmişdir. Bir qədər hərəkət etdikdən sonra orta zolaqla “Kamaz” markalı avtomaşının hərəkətdə olduğunu görmüşdür. Həmin kamaz markalı avtomobil orta zolaqla getdiyi üçün o da sol zolaqla yolayrıcından düzünə hərəkətimi davam etdirmişdir. Bu zaman H.Əliyev prospekti ilə hərəkət edərkən kamazın yanına çatdığı zaman “Kamaz” markalı avtomaşın anidən yolayrıcından dönmək üçün sola doğru manevr etmişdir. Həmin vaxt “Kamaz” markalı avtomobil onun idarə etdiyi avtomobilin qarşısına çıxdığı üçün o, əyləcə basmışdır. O, əyləci sıxmağına baxmayaraq “Kamaz” markalı avtomobilin sürücüsü avtomobilin sol güzgüsü olmadığından onun avtomobilinə doğru dönməyə başlamış və idarə etdiyi avtomobil “Kamaz” markalı avtomobilin sol ön təkərinə dəymişdir. Zərbə nəticəsində idarə etdiyi avtomobilin sağ hissəsi “Kamaz” markalı maşının sol hissəsi ilə toqquşmuşdur. Lakin onların toqquşmalarına baxmayaraq “Kamaz” markalı avtomobilin sürücüsü öz avtomobilini saxlamamış və hərəkət edərək onun avtomobilini əzib bir neçə metr yolayrıcına doğru aparmışdır. Zərbənin təsirindən avtomobilim əks istiqamətdə yola çıxmışdır. Bundan sonra hər iki avtomobil dayanmışdır. Həmin an gözləri qaralmış və üzünə baxdıqda sifətinin və qolunun qan olduğunu görmüşdür. Məhkəmədə verilən suallara cavab olaraq bildirdi ki, H.Əliyev prospekti ilə hərəkətdə olduğu zaman idarə etdiyi avtomobilin sürəti qaydaya uyğun olmuşdur. Hadisə zamanı o, xəsarət almış, tanımadığı taksi ilə onu əvvəl Quba RMX-na, orada qəbul etmədikləri üçün Quba Mərkəzi diaqnostika mərkəzinə aparmışdır. Hadisə nəticəsində sifətində xəsarət yaranmışdır. Əvvəl sifəti belə olmamışdır. Bundan başqa o, çox qan itirmiş və sükan qabırğalarını əzmişdir. Səhhətinə görə işdən azad edilmişdir. Sonda zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən qəza nəticəsində dəymiş ziyanın ödənilməsini və Təqsirləndirilən şəxs qanunla nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş Zərərçəkmiş şəxs2 ifadəsində bildirdi ki, Zərərçəkmiş şəxs1 onun qardaşıdır. Nüsrətin idarə etdiyi “Mersedes Benz C220” markalı **-LK-*** dövlət nömrə nişanlı avtomobil ona məxsusdur. Qardaşı Nüsrət həmin avtomobili etibarnamə əsasında idarə etmişdir. 09.05.2021-ci il tarixdə şəxsi işləri ilə əlaqədar Bakı şəhərində olmuşdur. Həmin gün günorta saatlarında atası Ülfət zəng edərək qardaşının yol-nəqliyyat hadisəsində xəsarət aldığını bildirmiş, o, da Qubaya qayıtmışdır. O, Quba rayonuna çatdıqdan sonra Quba RDM-də qardaşının yanına getmişdir. O, xəstəxanaya çatdıqda qardaşının əməliyyatda olduğunu görmüşdür. Hadisədən sonra o, müəyyən etmişdir ki, avtomobilinə 6340 manat maddi ziyan dəymişdir. Məhkəmədə verilən suallara cavab olaraq bildirdi ki, avtomobilimi artıq təmir elətdirmişdir. Sonda zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən qəza nəticəsində dəymiş ziyanın ödənilməsini və sonuncunun qanunla nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Şahid ifadəsində göstərdi ki, 2021-ci ilin may ayında Quba rayonunda yerləşən idman kompleksində tikinti işləri getdiyi üçün o da həmin yerdə işləmişdir. “Kamaz-55102” markalı **-CC-*** dövlət nömrə nişanlı avtomobil nəqliyyat vasitəsi sərəncam vermək haqqında etibarnamə əsasında ona məxsusdur. 09.05.2021-ci il tarixdə İdman Kompleksində işdə olan zaman saat 12 radələrində “Kamaz-55102” markalı **-CC-*** dövlət nömrə nişanlı avtomobilin yanacağı olmadığından Rahibdən Kamazı yanacaq doldurma məntəqəsinə aparıb yanacaq doldurub geri idman kompleksinə gətirməyini xahiş etmişdir. O, özü minik avtomobili ilə “Azpetrol” yanacaq doldurma məntəqəsinə gəlib ödəniş edəcəyini demişdir. Bundan sonra Rahib Kamaza oturub yanacaq doldurmağa getmiş, o isə Vladimirovka kəndinə doğru getmişdir. Yolda olan zaman Rahib zəng edərək başqa avtomobillə toqquşduğunu demişdir. Məhkəmədə verilən suallara cavab olaraq bildirdi ki, Rahibi 4-5 ildir ki, tanıyır, qardaşının iş yoldaşıdır. Qardaşı da Kamaz sürücüsü olmuşdur. Rahibin əvvəl məhkum olunmasını bilməmişdir. Hadisə baş verən gün Kamazı o, idarə etməmişdir. Kamaz etibarnamə əsasında ona məxsusdur. Kamazın sığortası vardır. Hadisə baş verən gün sığortanın əməkdaşları gəlib baxış keçirmiş və avtomobilin şəkillərini çəkib getmişlər. Baş vermiş hadisəni özündə əks etdirən DVD diskə məhkəmədə baxış keçirilərkən müəyyən edildi ki, Kamaz markalı avtomobil Quba şəhəri H.Əliyev prospekti ilə Quba şəhəri istiqamətində yolun hərəkət hissəsində orta zolaqla hərəkət edir. Bu zaman sol zolaqla arxadan Mercedes markalı avtomobil Kamaz markalı avtomobilə doğru yaxınlaşır. Mercedes markalı avtomobil Kamaz markalı avtomobilin sol arxa təkərini keçən zaman Kamaz markalı avtomobil sola doğru istiqamətlənir. Bu zaman toqquşma baş verir və toqquşmanın təsirindən Mercedes markalı avtomobil sol səkiyə sıxılaraq yolun əks istiqamətinə keçir. Kamaz bir qədər irəlilədikdən sonra dayadır. Bundan sonra Mercedes markalı avtomobilin sürücüsü avtomobildən enir. Bununla da videoçəkiliş başa çatır. İş materiallarında olan: “yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” 09.05.2021-ci il tarixli protokoldan görünür ki, hadisə Quba şəhəri, H.Əliyev prospektində baş vermiş, hadisənin baş verdiyi yol asfaltbeton örtüklü, düz, quru olmaqla, nəqliyyat vasitələrinin normal hərəkəti üçün maneə yoxdur. Hadisənin baş verdiyi yer asfalt örtüklü, quru, hamar, düz olmaqla nəqliyyat vasitələrinin hərəkəti üçün maneəsizdir. Yolun hərəkət hissəsinin eni 12 metrdir. Hadisənin baş verdiyi yol yaşayış məntəqəsi daxilində olmaqla, yük avtomobillərinin hərəkəti qadağandır yol nişanının təsir zonasındadır. Hadisə zamanı avtomobilə məxsus tormoz izi və şin izləri aşkar edilməmişdir (iş vər.: 6-11); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X11 X12 rayon şöbəsinin 26.05.2021-ci il tarixli 421 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində obyektiv olaraq hər hansı xəsarət və onun izi aşkar edilməmişdir (iş vər.: 32); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X11 X12 rayon şöbəsinin 31.05.2021-ci il tarixli 371 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 bədəni üzərində aşkar olunan xəsarətlər baş-beyin silkələnməsi ilə müşayiət olunan alnında sağda və solda əzilmiş-cırılmış dəri defektli yaralar, sağ üst göz qapağında dəri defekti ilə və sağ üst göz qapağının tam qapanmaması və hissiyyat poğunluğu-üz sinirinin sağ şaxəsinin neyropatiyası ilə nəticələnən əzilmiş-cırılmış yara, sağ göz orbiti ətrafında qançır hematoma, döş qəfəsində sağda və sağ saidin yuxarı 1/3-nin ön səthində səthi əzilmiş yaralar olmaqla dərəcəsinə görə sağlamlıqda uzun müddətə pozğunluq törətdiklərindən sağlamlığa az ağır zərər vurmaya aiddir (iş vər.: 33-34); Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin (yolnəqliyyat hadisələrinin məhkəmə ekspertizası) 15.07.2021-ci il tarixli 8/1367 saylı rəyindən görünür ki, “Mercedes Benz C220” markalı **-LK-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs1 hadisənin qarşısının alınması ilə əlaqədar hərəkətlərini tədqiq etmək mümkün deyildir. “Kamaz” markalı **-CC-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 69-cu maddəsinin 6-cı hissəsinin 18-ci bəndinin (1.18 “yalnız düzünə hərəkət” məcburi hərəkət istiqamətini göstərən nişanlanma xəttinin) tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin (üfüqi nişanlanma xəttinin) tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs “Kamaz” markalı avtomobili yük avtomobillərinin hərəkəti qadağan olduğu yolda idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 64-cü maddəsinin 1 -ci hissəsinin (3.4 “Yük avtomobillərinin hərəkəti qadağandır” yol nişanının) tələblərinə uyğunsuzluq olmuşdur. Sürücü Təqsirləndirilən şəxs “Kamaz” markalı avtomobili arxa sola dönmə işığı nasaz vəziyyətdə idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 1 -ci hissəsinin 3-cü bəndinin (1 saylı əlavənin 3-cü hissəsinin 3-cü bəndinin) tələblərinə uyğunsuzluq olmuşdur (iş vər.: 55-58); Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin (yolnəqliyyat hadisələrinin məhkəmə ekspertizası) 12.10.2021-ci il tarixli 8/2306 saylı rəyindən görünür ki, “Mercedes Benz C220” markalı **-LK-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs1 hadisənin qarşısının alınması ilə əlaqədar hərəkətləri tədqiq etmək mümkün olmamışdır (iş vər.: 102-105). Məhkəmədə ekspert rəyləri tədqiq edilərkən müəyyən edildi ki, ekspert rəyləri işin müəyyən edilmiş hallarına uyğun gəldiyindən və digər sübutlarla təsdiq edildiyindən iş üzrə sübut kimi qəbul edilməlidir. "xxxx" MMC-nin 12.05.2021-ci il tarixli ziyan aktından görünür ki, “Mercedes Benz C220” markalı **-LK-*** dövlət qeydiyyat nişanlı avtomobilə 6340 manat ziyan dəymişdir (iş vər.: 39, 40); “sübutların qiymətləndirilməsi haqqında” 09.11.2021-ci il tarixli qərardan görünür ki, iş üzrə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 İsmət oğlu mülki iddiaçı qismində tanınsın. İş üzrə yol-nəqliyyat hadisəsinin görüntüləri əks olunmuş bir ədəd DVD disk sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə olunmuşdur. Şahid barəsində Azərbaycan Respublikası İXM-nin 335.1-ci maddəsi ilə təbdir görülməsi üçün qərarın surəti Quba RPŞ-nə verilmişdir (iş vər.: 128-134). Beləliklə, məhkəmə və məhkəməyədək araşdırma zamanı toplanmış sübutlara məcmu halında qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs yol hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs1 sağlamlığına az ağır zərər vurulmasına səbəb olan yol-nəqliyyat hadisəsi törətməsi özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxslərin ifadəsi, ekspert rəyləri, hadisə yerinə baxış protokolu və digər sübutlarla tam təsdiq edilir. Məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 263-1.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun: 37-ci maddəsinin İ hissəsinin 3-cü bəndində əsasən mexaniki nəqliyyat vasitəsinin sürücüsü yola düşməzdən qabaq nəqliyyat vasitələrinin istismara buraxılmasına dair bu Qanunun 1 saylı əlavəsinə uyğun olaraq, nəqliyyat vasitəsinin texniki cəhətdən sazlığını yoxlamalı və onu yol boyu təmin etməlidir; 64-cü maddəsinin İ hissəsinə əsasən qadağan nişanları yol hərəkəti iştirakçılarının hərəkətlərinə müəyyən məhdudiyyətlər qoyur, yaxud ləğv edir; 69-cu maddəsinin Vİ hissəsinin 18-ci bəndinə əsasən 1.18 — yolayrıcında hərəkətin zolaqlar üzrə icazə verilmiş istiqamətlərini göstərir, müstəqil, yaxud 5.8.1, 5.8.2 nişanları ilə birlikdə tətbiq edilir, dalan təsviri çəkilmiş nişanlama xətti göstərir ki, yaxınlıqdakı hərəkət hissəsinə dönmək qadağandır, sol kənar zolaqdan sola dönməyə icazə verən işarə həmin zolaqdan geriyə dönməyə də icazə verir. “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli, 5 nömrəli Qərarının: 1-ci bəndində qeyd edilir ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ilə bağlı cinayətlərin geniş yayılması hərəkət təhlükəsizliyinin təmin edilməsini və yol-nəqliyyat hadisələrinin qarşısının alınması üçün təşkilati və təsiredici hüquqi tədbirlərin həyata keçirilməsini zəruri edir. Bununla bağlı məhkəmələrin diqqəti yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması cinayətlərinə dair işlərə obyektiv və keyfiyyətli baxılmasına, işin bütün hallarının tam və hərtərəfli araşdırılmasına, o cümlədən yol hərəkəti qaydalarını pozmuş şəxsin hadisədən bilavasitə əvvəl vəziyyətinin, psixoloji və sağlamlıq durumunun müəyyən edilməsinə, cinayətlərin törədilməsinə səbəb olmuş və şərait yaratmış halların aşkar edilməsinə, cinayət işləri üzrə qanuni, əsaslı və ədalətli qərarların qəbul edilməsinə yönəldilsin; 17-ci bəndinə əsasən məhkəmələr nəzərə almalıdırlar ki, konkret bir hadisədə yolhərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması CM-nin 263.1, 263.1-1, 263.2, 263.3, 263-1.1, 263-1.2, 263-1.3, 263-1.4, 351.1, 351.1-1, 351.2 və 351.3-cü maddələrində nəzərdə tutulmuş nəticələrdən bir neçəsinə səbəb olduqda, təqsirləndirilən şəxsə elan olunmuş ittihamda və ittiham hökmünün təsviri-əsaslandırıcı hissəsində baş vermiş nəticələrin hamısı göstərilməli, lakin onun əməli cinayət qanununun bu nəticələrdən daha ağırına görə məsuliyyət nəzərdə tutan maddəsi ilə tövsif edilməlidir. Belə hallarda yol-nəqliyyat hadisəsi nəticəsində sağlamlıqlarına müvafiq maddələrin dispozisiyalarında göstərilən ağırlıqda fiziki zərər vurulmuş şəxslər zərər çəkmiş şəxs qismində, ölmüş zərərçəkmiş şəxsin yaxın qohumu və ya yaxın qohumu olmadıqda CPM-in 106.1-ci maddəsinə göstərilən digər şəxs zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınmalı və cinayət təqibi zamanı onların CPM-nin 87 və 106-cı maddələrində nəzərdə tutulmuş hüquqları təmin edilməlidir. Qeyd edilən cinayətlərin törədilməsi nəticəsində əmlakına maddi zərər vurulmuş şəxs cinayət prosesində CPM-in tələblərinə müvafiq olaraq mülki iddia verdikdə mülki iddiaçı qismində tanına bilər. Biri biri ilə əlaqədar olmayan və müxtəlif vaxtlarda yol hərəkətinin və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması qeyd edilən maddələrdə nəzərdə tutulmuş eyni nəticələrə səbəb olduqda törədilmiş əməllər CMnin həmin nəticəyə görə məsuliyyət müəyyən edən müvafiq maddəsi ilə, belə əməllərin hər birisi müxtəlif nətiəcələrə səbəb olduqda isə həmin əməllər cinayətlərin məcmusu qaydasında tövsif edilir. 4 və 22-ci bəndlərində tövsiyə edildiyi kimi, nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs dedikdə, həmin hüququ ümumiyyətlə əldə etməmiş və ya ondan qanunvericilikdə nəzərdə tutulmuş qaydada məhrum olunmuş, habelə bu hüququ müvəqqəti məhdudlaşdırılmış şəxslərlə yanaşı, həm də müvafiq kateqoriyaya aid olan nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxslər başa düşülür (məsələn, yalnız “B” kateqoriyasına aid olan avtomaşınları idarə etmək hüququna malik olub avtobusları idarə edən şəxslər). Məhkəmələr nəzərə almalıdırlar ki, CM-in 263, 263-1, 264 və 351 -ci maddələrində nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirləndirilən şəxslərin sürücülük hüququnun olmaması və ya yetkinlik yaşına çatmaması onun barəsində nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə növündə əlavə cəzanın tətbiq olunmasına maneə deyildir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1-ci maddəsinin “nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs” müddəasının şərh edilməsinə dair” 24 sentyabr 2014-cü il tarixli qərarında qeyd edilir ki, CM-in 263-1-ci maddəsində nəzərdə tutulan cinayət əməli insanların həyat və ya sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlərə yönəldiyi üçün bu cinayətin tərkibinin, xüsusilə də onun subyektinin düzgün müəyyən olunması böyük əhəmiyyət kəsb edir. CM-in 263 və 263-1-ci maddələrində nəzərdə tutulan cinayətlərin obyekti yol hərəkətinin və nəqliyyat vasitələrinin istismarının təhlükəsizliyini təmin edən ictimai münasibətlərdir. Eyni zamanda, CM-in qeyd olunan maddələri ilə cinayət məsuliyyətinin yaranması insan sağlamlığına zərər vurulmasından asılı olduğu üçün bu cinayətlərin əlavə obyekti insanın həyat və ya sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlərdir. CM-in 263 və 263-1-ci maddələrində nəzərdə tutulmuş cinayətlərin subyekti yalnız yol-nəqliyyat hadisəsinin törədildiyi anda 16 yaşına çatmış, anlaqlı vəziyyətdə olan və nəqliyyat vasitələrini idarə edən şəxs ola bilər. Bununla yanaşı, CM-in 263-1-ci maddəsində nəzərdə tutulan cinayətin subyekti yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını alkoqollu içkilərin qəbulu, narkotik vasitələrdən, psixotrop maddələrdən və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində sərxoş halda pozan nəqliyyat vasitələrini idarə edən şəxsdir. Bu cinayətin digər subyekti isə yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını pozan nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxsdir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun normasında nəqliyyat vasitələrini idarəetmə hüququnun əldə edilməsinin şərtləri və qaydaları dəqiq müəyyən olunmuşdur və bu Qanuna uyğun olaraq sürücülük vəsiqəsini əldə etmiş şəxs nəqliyyat vasitələrini idarə etmək hüququ olan şəxs hesab edilməlidir. Beləliklə, CM-in 263-1-ci maddəsinin “nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs” müddəası, ilk növbədə, hadisə törədilən zaman ümumiyyətlə sürücülük vəsiqəsi olmayan şəxsi ehtiva edir. Göstərilənləri nəzərə alaraq, Konstitusiya Məhkəməsinin Plenumu belə qənaətə gəlir ki, CM-in 263-1-ci maddəsinin “nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs” müddəası hadisə törədilən zaman ümumiyyətlə sürücülük vəsiqəsi olmayan şəxsi, qanunvericiliyə uyğun olaraq nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilmiş şəxsi, nəqliyyat vasitələrini idarə etmək hüququ məhdudlaşdırılmış şəxsi, həmin növ nəqliyyat vasitəsini idarə etmək hüququna malik olmayan şəxsi ehtiva edir. Azərbaycan Respublikası CM-nin: 263.1-ci maddəsinə əsasən avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda iki ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş min manatdan yeddi min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır; 263-1.1-ci maddəsinə əsasən bu Məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməllərin alkoqollu içkilərin qəbulu, narkotik vasitələrdən, psixotrop maddələrdən və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində sərxoş halda olan və ya nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən törədilməsi ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda - üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə altı min manatdan səkkiz min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıdakılar nəzərə alınmalıdır. Cinayət işinin materiallarında olan: “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” 10.11.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə ittiham elan olunmuşdur (iş vər.: 137,138); “qətimkan tədbiri seçilməsi barədə” 10.11.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (iş vər.: 163, 164, 166); “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi” barədə 03538 nömrəli aktına əsasən Təqsirləndirilən şəxs hadisə zamanı ayıq olmuşdur (iş vər.: 28); Quba RİHB-nin Xucbala kənd İƏD üzrə nümayəndələyinin 08.11.2021-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs arvadı X7, oğlu X8 və X4 ibarət ailə tərkibi vardır. Həmin tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur (iş vər.: 126,127); Azərbaycan Respublikası DİN BDYPİ Qİİ tərəfindən verilmiş 02.03.2018-ci il tarixli AC № 161058 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətinə əsasən “Mercedes Benz C220” markalı **-LK-*** dövlət qeydiyyat nişanlı avtomobil Zərərçəkmiş şəxs2 məxsusdur (iş vər.: 35); AE 621904 nömrəli sürücülük vəsiqəsinin surətindən görünür ki, Zərərçəkmiş şəxs1 BC kateqoriyalı nəqliyyat vasitələrini idarə etmək hüququ vardır (iş vər.: 36); nəqliyyat vasitələrin istifadə edilməsi haqqında etibarnamənin sürətindən görünür ki, Zərərçəkmiş şəxs2 mülkiyyətində olan “Mercedes Benz C220” markalı **-LK-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmək üçün Zərərçəkmiş şəxs1 etibar etmişdir (iş vər.: 38); Azərbaycan Respublikası DİN BDYPİ Xaçmaz RQİ və TBŞ tərəfindən verilmiş 05.01.2021-ci il tarixli AD № 957979 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətinə əsasən “KAMAZ 55102” markalı yük avtomobili X5 məxsusdur (iş vər.: 98); nəqliyyat vasitələrinə sərəncam verilməsi haqqında etibarnamənin sürətindən görünür ki, X9 mülkiyyətində olan “KAMAZ 55102” markalı yük avtomobilini üzərində sərəncam vermək hüququ ilə Şahid oğluna etibar etmişdir (iş vər.: 99); Azərbaycan Respublikası DİN-nin BDYPİ-nin 30.06.2021-ci il tarixli arayışından görünür ki, DİN-nin BDYPİ mərkəzləşdirilmiş kompüter bazasına əsasən “KAMAZ” markalı **-CC-*** dövlət qeydiyyat nişanlı avtomobilin Quba rayonu, Ağbil kənd sakini Şahid etibarnamə əsasında verilməsi müəyyən olunmuşdur (iş vər.: 52); Azərbaycan Pespublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin 23.01.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 263-1.3cü maddəsi ilə 03 (üç) il nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilməklə 05 (beş) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir (iş vər.: 85); Bakı Ağır Cinayətlər Məhkəməsinin 23.01.2018-ci il tarixli 1(101)-223/18 hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263-1.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib 03 (üç) il nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilməklə 05 (beş) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir (iş vər.: 90-95); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmət 1 X19 Cəzaçəkmə Müəssisəsinin 17/41-93 saylı 11.02.2022-ci il tarixli məktubundan görünür ki, Bakı Ağır Cinayətlər məhkəməsinin 23.01.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CMnin 263-1.3-cü maddəsi ilə 03 (üç) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 05 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs “8 noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05.11.2021-ci il tarixli Qərarının 2.2-ci bəndinə əsasən çəkilməmiş qalan azadlıqdan məhrumetmə cəzasından 06.12.2021-ci il tarixdə azad edildiyindən Təqsirləndirilən şəxs əlavə cəzanın icra edilməsi üçün barəsində olan hökmün surəti 06.12.2021-ci il tarixli 17/41-1146 saylı məktubla yaşayış yeri üzrə Quba rayon İcra və probasiya şöbəsinə göndərilmişdir; Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X20 İdarəsinin sorğuya cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin 23.11.2018-ci il tarixli hökmü ilə tətbiq olunmuş 03 (üç) il nəqliyyat vasitələrini idarə etmək huququndan məhrumetmə cəzasının müddəti onun əsas cəzadan azad edildiyi 06.12.2021-ci il tarixdən hesablanmağa başlanmışdır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edərək peşiman olmasını, yaşayış yerindən müsbət xarakterizə olunmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən isə məhkəmə Təqsirləndirilən şəxs əməlində nəzərdə tutulan cəzanı ağırlaşdıran halların olmadığını müəyyən edir. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət hadisəsi nəticəsində bir nəfər şəxsin sağlamlığına az ağır zərər vuran müxtəlif bədən xəsarətləri yetirməsini, digər zərərçəkmiş şəxsə maddi zərər vurmasını, zərərçəkmiş şəxslərlə barışıq əldə etmək üçün tədbirlər görməməsini, vurduğu maddi zərərlə bağlı heç bir ödəniş etməməsini nəzərə alaraq, ona Azərbaycan Respublikası CM-nin 263-1.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədəuyğun sayır. Cinayət törətmiş şəxslərə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cinayət törətmiş şəxslərin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə və xarakterinə mütənasibdir və hazırkı halda həmin cəza, cəzanın məqsədini təmin edir. Belə ki, Azərbaycan Respublikası CM-nin: 8.1-ci maddəsinə əsasən “cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır”. 58.3-cü maddəsinə görə “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır”. 41.2-ci maddəsinə əsasən “cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir”. 56.1.1-ci maddəsinə əsasən, ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. 58.1-ci maddəsinin tələblərindən görünür ki, “cinayət törətməkdə təqsirli bilinən şəxsə bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir”. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 №-li qərarının, 45-ci bəndində qeyd olunmuşdur ki, “məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər”. Eyni zamanda məhkəmə qeyd edir ki Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsinin sanksiyasının göstərişinə əsasən, təqsirləndirilən şəxs nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə təqsirli bilinməli, ona həmin maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə əsas cəza, nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilmə növündə əlavə cəza təyin olunmalıdır. Bakı Ağır Cinayətlər Məhkəməsinin 23.01.2018-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin olunmuş və onun əsas cəzadan azad edildiyi 06.12.2021-ci il tarixdən hesablanmağa başlanılmış 03 (üç) il nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrumetmə cəzasının bu günə çəkilməmiş 02 (iki) il 09 (doqquz) ay 07 (yeddi) gün hissəsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.4-cü maddəsinə əsasən hazırki hökmlə təyin edilmiş əlavə cəzaya qismən toplamaq yolu ilə birləşdirməli və Təqsirləndirilən şəxs üzərində qəti cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin əvvəli məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata düşdüyü vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs oğlu barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut kimi tanınmış bir ədəd DVD disk cinayət işinin materiallarına saxlanılmalıdır. Bundan başqa, iş üzrə məhkəmə xərci olan 200 (iki yüz) manat Təqsirləndirilən şəxs alınaraq Məhkəmə Ekspertiza Məkəzinin hesabına köçürülməlidir. “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edillməsi haqqında” 07 mart 2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə görə məhkəmə, hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli olan əmlakın olub-olmaması məsələsini həll etməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1 və 99-1.1.1-ci maddəsinə əsasən məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) Xüsusi müsadirə olunan əmlak hesab olunur. Məhkəmə xüsusi müsadirə ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, iş üzrə belə bir əmlak olmadığından təqsirləndirilən şəxslərin barəsində xüsusi müsadirə ilə bağlı müddəa tətbiq edilməməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs istintaq orqanında dövlət hesabına hüquqlarını müdafiə etmiş Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Odur ki, Təqsirləndirilən şəxs məhkəmədə dövlət hesabına hüquqlarını müdafiə etmiş Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 10 (on) iş saatına görə 60 (altmış) manat məbləğində manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsindən Quba rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347; 349; 351-353, 356, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və 2 (iki) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Bakı Ağır Cinayətlər Məhkəməsinin 23.01.2018-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin olunmuş və onun əsas cəzadan azad edildiyi 06.12.2021-ci il tarixdən hesablanmağa başlanılmış 03 (üç) il nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrumetmə cəzasının bu günə çəkilməmiş 02 (iki) il 09 (doqquz) ay 07 (yeddi) gün hissəsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.4-cü maddəsinə əsasən hazırki hökmlə təyin edilmiş əlavə cəza ilə qismən toplamaq yolu ilə birləşdirilsin və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 03 (üç) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış bir ədəd DVD disk cinayət işinin materiallarına saxlanılsın. İş üzrə məhkəmə məsrəfi olan 200 (iki yüz) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertiza Məkəzinin hesabına (büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, X3, kod 210005, VOEN **********, müxbir hesab AZE41 NABZ********************, SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, hesab AZ34CTRE********************) köçürülsün. Təqsirləndirilən şəxs məhkəmədə dövlət hesabına hüquqlarını müdafiə etmiş Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 10 (on) iş saatına görə 60 (altmış) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsindən Quba rayon Vəkil Bürosunun hesabına (H/h AZ18İBAZ********************, Bank rekvizitləri: ABB Quba filialı, VÖEN: **********, Kod: 805476) köçürülsün. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökm apelyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdıqdan sonra qüvvəyə minir. Hakim: Samir Məmmədov
Məhkəmə qərarları › İş №1(027)-14/2022
Quba Rayon Məhkəməsi Hökm — İş №1(027)-14/2022
01.03.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver