Məhkəmə qərarları › İş №1(027)-14/2024

Quba Rayon Məhkəməsi Hökm — İş №1(027)-14/2024

16.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Quba şəhəri İş № 1(027)-14/2024 16.01.2024 QUBA RAYON MƏHKƏMƏSİ Hakim – Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, məhkəmə iclas katibi X4, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərər çəkmiş şəxslər – Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs və onun müdafiəçi – Quba Rayon Vəkil Bürosunun vəkili X3 iştirakları ilə, xx xxxx 1996-cı il tarixdə Quba rayonu Barlı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, Quba rayonu Barlı kəndində daimi pasport qeydiyyatında olmaqla həmin kənddə yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan yol hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan zərərçəkmiş şəxslərin sağlamlığına az ağır zərər vurulmasına səbəb olmuşdur. Belə ki, Təqsirləndirilən şəxs 16 may 2023-cü il tarixdə saat 19:30 radələrində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinə əsasən, sürücülük vəsiqəsi və etibarnaməsi olmadan saat 20-30 km/sürətlə idarə etdiyi “Ford-Tranzit” markalı AZ **-KA-*** dövlət nömrə nişanlı yük avtomobili ilə Quba-Xaçmaz yolunun Quba rayonu Barlı kəndi ərazisindən keçən hissəsində, Quba istiqamətində hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 69-cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinin tələblərinə əsasən, maşını 1.1 üfüqi nişanlanma xəttini kəsərək qarşı əks hərəkət zolağına çıxarmamalı və hərəkət üçün təhlükəli şərait yaratmamalı olduğu halda cinayətkarçasına etinasızlıq edib qanunun qeyd olunan tələblərinə əməl etməmiş, maşım Xaçmaz istiqamətinə döndərərək həmin istiqamətdə qarşıdan gələn Zərərçəkmiş şəxs1 idarə etdiyi “Mercedes-Benz” markalı AZ **-BP-*** dövlət nömrə nişanlı minik avtomobilinin yoluna çıxarması ilə ona ön sağ tərəfdən toqquşduqdan sonra sonuncunun maşının idarəetməsini itirməsi ilə yolun sağ tərəfindəki işıq dirəyinə dəyməsi nəticəsində sürücü Zərərçəkmiş şəxs1 İİ bel fəqərəsinin kompresion sınığı, həmçinin onun maşınında sərnişin olan Zərərçəkmiş şəxs2 başında təpə nahiyəsində əzilmiş-cırılmış yara, İİ bel fəqərəsinin sınığı, sağ ayaqda V daraq sümüyünün qapalı yerdəyişmiş sınığı ilə müşayiət olunan ehtiyatsızlıqdan az ağır zərər vuran xəsarətlər almalarına və Zərərçəkmiş şəxs3 alt çənədə əzilmiş-cırılmış yara, alt çənədə sağda İV-V dişin travmatik sınığı, sol dizdə və baldırda səthi əzilmiş yaralar ilə müşayiət olunan ehtiyatsızlıqdan yüngül zərər vuran xəsarətlər almasına səbəb olan yolnəqliyyat hadisəsi törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki o, Quba rayonu, Barlı kəndində yaşayır, subaydır və fərdi əmək fəaliyyəti ilə məşğul olur. “Ford-Tranzit” markalı AZ **-KA-*** dövlət nömrə nişanlı yük avtomobili ona məxsus olsa da, həmkəndlisi Şahid4 adına rəsmiyyətdədir. Həmin avtomaşını sürücülük vəsiqəsi olmadan idarə edir. 16 may 2023-cü il tarixdə, saat 19:30 radələrində saatda 20-30 km sürətlə idarə etdiyi “Ford- Tranzit” markalı AZ **-KA-*** qeydiyyat nişanlı yük maşını ilə yaşadığı Quba rayonu, Barlı kəndindən çıxaraq Quba-Xaçmaz yolu ilə Quba istiqamətində hərəkət edərkən, idarə etdiyi avtomaşını magistral yolda döndərib əks hərəkət zolağına çıxardıqda həmin vaxtı qarşı hərəkət zolağı ilə gələn «Mercedes-Benz” markalı AZ **-BP-*** qeydiyyat nişanlı minik avtomobilinin sağ tərəfi onun maşınına dəymiş və həmin anda «Mercedes-Benz” markalı avtomobil idarəetməni itirib yolun sağ tərəfində olan işıq dirəyinə çırpılmışdır. Bu zaman onun özü və maşınında sərnişin olan dostu Murad və Muradın anası Narqiza hər hansı bir xəsarət almamışlar. Lakin onun maşını ilə toqquşmuş “Mercedes-Benz” markalı avtomobilin sürücüsü və iki nəfər sərnişin xəsarət almışdır. O, və dostu Murad maşından düşüb dərhal «Mercedes-Benz” markalı avtomobildə olan şəxslərin avtomobildən çıxmasına köməklik etmişlər. Sonra hadisə yerinə gəlmiş təcili yardım maşını «Mercedes- Benz” markalı avtomobildə xəsarət almış bir nəfər sürücü və iki nəfər sərnişini Quba RDMnə aparmışdır. Maddi imkanı olmadığı üçün o, xəsarət alan şəxslərə maddi yardım göstərə bilməmişdir. İfadəsinin sonunda Təqsirləndirilən şəxs əməlindən peşman olduğunu, anasının xəstə olmasını bildirərək məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, o, hərbiçidir, Sumqayıt şəhəri H.Z.Tağıyev qəsəbəsində yerləşən Hərbi şəhərcik 17-də qeydiyyatdadır və hazırda Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Quru qoşunlarına aid Qusar rayonu ərazisində yerləşən hərbi hissədə, gizir rütbəsində xidmət aparır. O, 2016-cı ildən sürücülük vəsiqəsi almış və 2022-ci ilin avqust ayından etibarən “Mercedes-Benz” markalı AZ **-BP-*** qeydiyyat nişanlı minik avtomobilini etibarnamə əsasında idarə edir. 16 may 2023-cü il tarixdə, saat 19:30 radələrində o, idarə etdiyi həmin «Mercedes-Benz” markalı avtomobillə iş yerindən çıxıb Quba rayonu ərazisindən keçməklə Xaçmaz rayonunda yaşadığı evə gedirdi. Onun sürdüyü maşında hərbiçi iş yoldaşları Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 da var idi. Yola çıxmazdan qabaq onun maşının qabaq oturacağında Dəyanət, arxa oturacağında isə Sahib əyləşmişdi. Həmin vaxtı o, maşını Quba-Xaçmaz yolu ilə Xaçmaz istiqamətində saatda 60-70 km/sürətlə idarə edərkən yolun əks istiqamətindən Qubaya tərəf hərəkətdə olmuş “Ford- Tranzit” markalı AZ **-KA-*** qeydiyyat nişanlı yük avtomobilinin Xaçmaz istiqamətinə doğru dönməsini görmüş, onun maşını ilə “Ford-Tranzit” markalı maşının arasında az məsafə qaldığından toqquşmadan qaçmaq üçün dərhal idarə etdiyi maşını sağa yönəltmiş, lakin həmin anda hərəkət yoluna çıxmış “Ford-Tranzit” markalı yük avtomobili onun maşını sol tərəfəndən vurduğu üçün maşının idarəetməsini itirmiş və həmin yük avtomobili ilə toqquşmanın təsirindən onun maşını yolun sağ kənarındakı işıq dirəyinə dəyib dayanmışdır. Həmin anda o, belindən bərk ağrı hiss etmiş, Dəyanətin başının əzildiyini və Sahibin çənəsindən yara aldığını görmüşdür. Buna baxmayaraq onların üçü də maşından özləri çıxa bilmişlər. Onların maşından çıxmasına heç kim, o cümlədən “Ford-Tranzit” markalı avtomobilin sürücüsü kömək etməmişdir. Bundan başqa maşından çıxdıqdan sonra “Ford-Tranzit” markalı maşının sürücüsü olan Şahməmməd adlı şəxs ona yaxınlaşıb özünü təqdim etmiş və “Ford-Tranzit” markalı maşını onun sürməsini heç kimə deməməsini xahiş etmişdir. Hətta Şahməmmədin yanında olmuş adını bilmədiyi şəxs də ona “səndən soruşan olsa “Ford- Tranzit” markalı maşının sürən şəxsin onun olmasını deməməyi” təklif etmişdir. Ancaq, o, həmin şəxslərin təklifi ilə razılaşmamışdır. Həm də hadisədən dərhal sonra oraya çoxlu sayda adamlar toplaşmış, təcili yardım çağırmış və az vaxtda hadisə yerinə gəlmiş təcili yardım maşını onu və xəsarətlər almış hərbiçi yoldaşları X12 RDM-nə aparmışdır. Həmçinin Zərərçəkmiş şəxs1 ifadəsində bildirmişdir ki, baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində aldığı xəsarətlərə görə o, “Ford-Tranzit” markalı avtomobilin sürücü olan Şahməmməd adlı şəxsdən şikayətçidir və onun məsuliyyətə cəlb olunmasını tələb edir. İfadəsinin sonunda Zərərçəkmiş şəxs1 ona dəymiş ziyanın ödənilməsini, əks halda təqsirləndirilən şəxsə qanunla nəzərdə tutulmuş qaydada cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 bildirdi ki, 16 may 2023-cü il tarixdə, saat 19:30 radələrində Zərərçəkmiş şəxs1 idarə etdiyi «Mercedes-Benz” markalı avtomobillə Quba rayonu ərazisindən Xaçmaz rayonuna getmişdir. Həmin vaxt maşında hərbiçi iş yoldaşı Zərərçəkmiş şəxs3 da olmuşdur. Zərərçəkmiş şəxs1 maşını Quba-Xaçmaz yolu ilə Xaçmaz istiqamətində saatda 60-70 km/sürətlə idarə edərkən yolun əks istiqamətindən Qubaya tərəf hərəkətdə olmuş “Ford- Tranzit” markalı AZ **-KA-*** qeydiyyat nişanlı yük avtomobilinin Xaçmaz istiqamətinə doğru dönməsini görmüş, Sənanın maşını ilə “Ford-Tranzit” markalı maşının arasında az məsafə qaldığından toqquşmadan qaçmaq üçün Sənan idarə etdiyi maşını sağa yönəltmiş, lakin həmin anda hərəkət yoluna çıxmış “Ford-Tranzit” markalı yük avtomobili Sənanın idarə etdiyi maşını sol tərəfəndən vurduğu üçün maşın idarəetməsini itirmiş və həmin yük avtomobili ilə toqquşmanın təsirindən maşın yolun sağ kənarındakı işıq dirəyinə dəyib dayanmışdır. Həmin anda Sənan, Sahib və o, müxtəlif bədən xəsarətləri almışlar. Buna baxmayaraq onların üçü də maşından özləri çıxa bilmişlər. Onların maşından çıxmasına heç kim, o cümlədən “Ford-Tranzit” markalı avtomobilin sürücüsü kömək etməmişdir. İfadəsinin sonunda Zərərçəkmiş şəxs2 ona dəymiş ziyanın ödənilməsini, əks halda təqsirləndirilən şəxsə qanunla nəzərdə tutulmuş qaydada cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 bildirdi ki, 16 may 2023-cü il tarixdə, saat 19:30 radələrində Zərərçəkmiş şəxs1 idarə etdiyi «Mercedes-Benz” markalı avtomobillə Quba rayonu ərazisindən Xaçmaz rayonuna getmişdir. Həmin vaxt maşında hərbiçi iş yoldaşı Zərərçəkmiş şəxs2 da olmuşdur. Zərərçəkmiş şəxs1 maşını Quba-Xaçmaz yolu ilə Xaçmaz istiqamətində saatda 60-70 km/sürətlə idarə edərkən yolun əks istiqamətindən Qubaya tərəf hərəkətdə olmuş “Ford- Tranzit” markalı AZ **-KA-*** qeydiyyat nişanlı yük avtomobilinin Xaçmaz istiqamətinə doğru dönməsini görmüş, Sənanın maşını ilə “Ford-Tranzit” markalı maşının arasında az məsafə qaldığından toqquşmadan qaçmaq üçün Sənan idarə etdiyi maşını sağa yönəltmiş, lakin həmin anda hərəkət yoluna çıxmış “Ford-Tranzit” markalı yük avtomobili Sənanın idarə etdiyi maşını sol tərəfəndən vurduğu üçün maşın idarəetməsini itirmiş və həmin yük avtomobili ilə toqquşmanın təsirindən maşın yolun sağ kənarındakı işıq dirəyinə dəyib dayanmışdır. Həmin anda Sənan, Dəyanət və o, müxtəlif bədən xəsarətləri almışlar. Buna baxmayaraq onların üçü də maşından özləri çıxa bilmişlər. Onların maşından çıxmasına heç kim, o cümlədən “Ford-Tranzit” markalı avtomobilin sürücüsü kömək etməmişdir. İfadəsinin sonunda Zərərçəkmiş şəxs3 hadisə zamanı ona maddi ziyan dəyməmiş və hal hazırda Təqsirləndirilən şəxs heç bir şikayət və tələbinin olmamasını nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 bildirmişdir ki, 16 may 2023-cü il tarixdə, saat 19:30 radələrində qonşuları Təqsirləndirilən şəxs idarə etdiyi “Ford-Tranzit” markalı AZ **-KA-*** dövlət nömrə nişanlı yük avtomobilində Quba-Xaçmaz yolu ilə Quba rayonu, Barlı kəndinə getdikləri zaman sonuncu idarə etdiyi maşını əks hərəkət zolağına çıxartması nəticəsində qarşıdan gələn «Mercedes-Benz” markalı minik avtomobili ilə toqquşmuş, hadisə nəticəsində onlar xəsarət almasa da «Mercedes-Benz” markalı avtomaşındakı üç nəfər şəxs xəsarət almışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 və Şahid2 analoji ifadə verərək Şahid1 ifadəsində göstərdikləri xüsusatları təsdiq etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 bildirmişdir ki, Təqsirləndirilən şəxs onun qonşusudur. 2023-cü ilin fevral ayında Şahməmməd sürücülük vəsiqəsi olmadığından özünə məxsus “Ford-Tranzit” markalı AZ **-KA-*** dövlət nömrə nişanlı yük avtomobili onun adına rəsmiyyətə saldırılmasını xahiş etmiş, o da razılıq verdikdən sonra notarial qayda da həmin maşın üçün etibarnamə almışdır. Etibarnamə əsasında maşın onun adında olsa da, faktiki olaraq Şahməmməd həmişə öz maşınını özündə saxlayıb idarə etmişdir. İş üzrə təyin edilib keçirilmiş məhkəmə-tibb ekspertizasının 22 may 2023-cü il tarixli 400 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs3 müayinəsi zamanı onun bədənində müəyyən edilmiş xəsarətlər - alt çənədə əzilmiş-cırılmış yara, alt çənədə sağda İV-V dişin travmatik sınığı, sol dizdə və baldırda səthi əzilmiş yaralar olub, həmin xəsarətlər baş vermiş yol-nəqliyyat hadisəsi zamanı sərnişini olduğu avtomobilin başqa avtomobillə toqquşma nəticəsində törənməyə uyğun gəlir və hadisənin baş verdiyi tarixdə yəni 16 may 2023-cü il tarixdə əmələ gələ bilər, həmin xəsarətlər dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərərvurmaya aiddir. İş üzrə təyin edilib keçirilmiş məhkəmə-tibb ekspertizasının 22 may 2023-cü il tarixli 402 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 müayinəsi zamanı onun bədənində müəyyən edilmiş xəsarət - İİ bel fəqərəsinin kompresion sınığı olub, həmin xəsarət baş vermiş yol-nəqliyyat hadisəsi zamanı sükan arxasında olduğu avtomobilin başqa avtomobillə toqquşma nəticəsində törənməyə uyğun gəlir və hadisənin baş verdiyi tarixdə yəni 16 may 2023-cü il tarixdə əmələ gələ bilər, həmin xəsarətlər dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olmuş sağlamlığa az ağır zərərvurmaya aiddir. İş üzrə təyin edilib keçirilmiş məhkəmə-tibb ekspertizasının 22 may 2023-cü il tarixli 403 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 müayinəsi zamanı onun bədənində müəyyən edilmiş xəsarət -- başında təpə nahiyəsində əzilmiş-cırılmış yara, İİ bel fəqərəsinin sınığı, sağ ayaqda V daraq sümüyünün qapalı yerdəyişmiş sınığı olub, həmin xəsarət baş vermiş yol-nəqliyyat hadisəsi zamanı sərnişini olduğu avtomobilin başqa avtomobillə toqquşma nəticəsində törənməyə uyğun gəlir və hadisənin baş verdiyi tarixdə yəni 16 may 2023-cü il tarixdə əmələ gələ bilər, həmin xəsarətlər dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olmuş sağlamlığa az ağır zərərvurmaya aiddir. İş üzrə təyin edilib keçirilmiş məhkəmə yol-nəqliyyat hadisəsi ekspertizasının 04 oktyabr 2023-cü il tarixli 3-16-16/2-8/2869 №-li rəyindən görünür ki, “Ford- Tranzit” markalı AZ **-KA-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 69-cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddələrin tələblərinə riayət etməklə hadisənin qarısını almağa texniki imkanı olmuşdur. Sürücüsü Təqsirləndirilən şəxs avtomobili sürücülük vəsiqəsi olmadan idarə etdiyindən, onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. «Mercedes-Benz” markalı AZ **-BP-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs1 hadisənin qarşısının alınması ilə əlaqədar olan hərəkətlərinin texniki nöqteyi-nəzərdən tədqiq etməyə lüzum yoxdur. İş materiallarında olan Quba RPŞ-nin, DYPB-si tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs sürücülük vəsiqəsi yoxdur. İş materiallarında olan xx.xx.2023-cü il tarixli sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolundan görünür ki, Təqsirləndirilən şəxs hadisə törədilən zaman ayıq olmuşdur. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263-1.1-ci maddəsində nəzərdə tutulan cinayət əməllərini törətməsi özünün, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, iş üzrə təyin edilib keçirilmiş məhkəmə yol-nəqliyyat hadisələri və məhkəmə tibb ekspertizasının müvafiq rəyləri, eləcədə məhkəmə istintaqı zamanı təhqiq olunmuş digər mötəbər subutlarla tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs hərəkətlərinə münasibətdə əməlinin cinayət olmasını aradan qaldıran halların, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməlləri istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Odur ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin təqsirləndirildiyi maddələrin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 5.1-ci maddəsinə əsasən, əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər yalnız bu Məcəllə ilə müəyyən edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə müvafiq olaraq cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə müvafiq olaraq cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, habelə təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və X2 İdarəsi tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamışdır. İş materiallarına əlavə olunmuş Quba rayon X9 Hüquqi şəxs tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Quba rayon Mərkəzi Xəstəxanasında psixiatrik kabinetində qeydiyyatda yoxdur. İş materiallarında olan Quba Rayon İcra Hakimiyyəti Başçısının Zərdabi qəsəbə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 837 saylı arayış və arayışa əlavə edilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Quba rayonu, Barlı kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmə Təqsirləndirilən şəxs oğlunun təqsirini etiraf edərək əməlindən səmimi peşiman olmasını cəzanını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs oğlunun əməlini ağırlaşdıran halları müəyyən etməmişdir. Azərbaycan Respublikası CM-in 263-1.1-ci maddəsinin sanksiyasında üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə altı min manatdan səkkiz min manatadək miqdarında cərimə və ya üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsi haqq-ədaləti bərabər mənafelərə bərabər münasibət kimi təsbit edir. Bu xüsusda məhkəmə bildirir ki, CM-nin 41.2-ci maddəsində nəzərdə tutulmuş cəza tətbiq edilmək yolu ilə sosial ədalətin bərpası bütövlükdə cəmiyyətə, burada hökm sürən ictimai münasibətlərə münasibətdə həyata keçirilməklə iki istiqaməti nəzərdə tutur: 1) Dövlət cinayət törədən şəxs tərəfindən vurulmuş zərərin ödənilməsini qanunda nəzərdə tutulmuş cəzalar, habelə xüsusi müsadirə növündə cinayət-hüquqi xarakterli tədbir tətbiq etməklə təmin edir. Həm də burada söhbət təkcə maddi zərərdən getmir. Əslində sosial ədalətin bərpası dedikdə, cinayətkarın barəsində təyin edilən qanuni cəza vasitəsilə başqasına vurduğu zərərə adekvat məhrumiyyətlərə məruz qalması başa düşülməlidir. 2) Vətəndaşlar dövlətin cinayətkarı cəzalandırmağa qadir olmasına, həm də bu cəzanın təyin edilməsi zamanı humanizm, ədalətlilik, cəzanın törədilmiş cinayətin ağırlığına uyğunluğu, cəzanın fərdiləşdirilməsi prinsipləri əsas götürülməklə qanuna uyğun tətbiq edilməsinin təmin edilməsinə inanırlar. “Yol hərəkəti haqqında və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 07 oktyabr 2004-cü il tarixli 2 №li Qərarının 10cu bəndində qeyd edilir ki, bu qəbildən olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən cinayətin baş verməsində zərərçəkən və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxslərin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkənə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkən şəxsin, təqsirkarın ailə üzvü və yaxud yaxın qohumu olması, təqsirləndirilən şəxslərin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar aydınlaşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs oğluna cəza təyin edərkən cinayət qanununun ədalət və cəzanın fərdiləşdirilməsi prinsiplərini rəhbər tutur və törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, təqsirləndirilən şəxsin şəxsiyyətini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, sosial ədalət baxımından cəzanın məqsədləri Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlıqdan məhrum etmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Azərbaycan Respublikası CM-nin 45.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növünün intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrum etmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. Bu cəza növünün digər əsas cəzalara əlavə olaraq təyin edildiyi hallarda, habelə şərti məhkum etmə zamanı əlavə cəzanın müddəti hökmün qanuni qüvvəyə mindiyi andan hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1-ci maddəsinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilməsi məntəqə tipli cəzaçəkmə müəssisələrində müəyyən edilir. İstinad edilən maddələrinin tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanı məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin əvvəli cəzanı icra edən orqana qeydiyyata alındığı tarixdən hesablanmalıdır. İş materiallarında olan təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi haqqına qərardan gürünür ki, 13 oktyabr 2023-cü il tarixdə Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası CPM-nin 346.1 və 346.1.20-ci maddələrinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında digər məsələlərlə yanaşı həmçinin qətimkan tədbirinin ləğv edilməli, dəyişdirilməli və seçilməli (məhz hansı tədbirin) olub-olmadığı məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). Həmin Məcəllənin 353.4.12-ci maddəsinə görə, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində hökm qanuni qüvvəyə minənədək məhkumun barəsində seçilmiş qətimkan tədbirinin həlli göstərilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə aparılmış məhkəmə ekspertizası təhqiqatının dəyəri 128 (yüz iyirmi səkkiz) manat Təqsirləndirilən şəxs alınıb Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilməlidir. İş üzrə maddi sübut hesab edilmiş yol-nəqliyyat hadisəsinin görüntülərini əks etdirən bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Təqsirləndirilən şəxs hazırki iş üzrə istintaqla Azərbaycan Respublikası CM-in 99-1.1ci maddəsində qeyd olunmuş əmlakın müəyyən olunmamasını nəzərə alaraq məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs xüsusi müsadirə cinayət-hüquqi tədbiri tətbiq olunmamalıdır. Həmçinin, məhkəmə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi məqsədi ilə Quba rayon Vəkil Bürosunun vəkili X6 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə üçün 05 (beş) iş saatına görə 30 (otuz) manat pulun Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli qərarına əsasən dövlət büdcəsindən tutulub Quba rayon Vəkil Bürosunun hesabına ödənilməsini əsaslı hesab edir. İş üzrə mülki iddia yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs təyin olunmuş cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli cəzanı icra edən orqana qeydiyyata alındığı tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə aparılmış məhkəmə ekspertizasının dəyəri 128 (yüz iyirmi səkkiz) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilsin. Azərbaycan Respublikası CM-in 99-1.1-ci maddəsində qeyd olunmuş əmlakın müəyyən olunmamasını nəzərə alaraq Təqsirləndirilən şəxs xüsusi müsadirə cinayəthüquqi tədbiri tətbiq olunmasın. İş üzrə maddi sübut hesab edilmiş yol-nəqliyyat hadisəsinin görüntülərini əks etdirən bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Quba rayon Vəkil Bürosunun vəkili X1 etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 05 (beş) iş saatına görə 30 (otuz) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsindən Quba rayon Vəkil Bürosunun hesabına (H/h AZ18İBAZ********************, Bank rekvizitləri: ABB Quba filialı, VÖEN: **********, Kod: 805476) köçürülsün. Müsadirə olunası əmlak və mülki iddianın olmaması nəzərə alınsın. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən: Vüqar Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar