Məhkəmə qərarları › İş №1(027)-140/2022

Quba Rayon Məhkəməsi Hökm — İş №1(027)-140/2022

26.08.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Quba şəhəri İş № 1(027)-140/2022 26.08.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Samir Əlibala oğlunun sədrliyi, məhkəmə iclas katibi Muradov Əli Şakir oğlunun katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs oğlunun, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Quba rayon Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1982-ci il tarixdə Quba rayonu, Zərdabi qəsəbəsində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, himayəsində iki azyaşlı uşağı olan, orta təhsilli, işsiz, məhkumluğu olmayan, Quba rayonu, Zərdabi qəsəbəsində qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 26 fevral 2022-ci il tarixdə saat 15 radələrində Quba şəhəri H,Əliyev prospekti ilə şəhərin yuxarı hissəsi istiqamətində idarə etdiyi Hundai Azera markalı A 711 EM-05 RUS nömrə nişanlı avtomobil ilə hərəkətdə olarkən avtomobili saxlayıb, yolun sağ ehtiyat hissəsi səki ilə piyada hərəkətdə edən Şəfiyevə Tünzalə ismayıl qızı və Zərərçəkmiş şəxs yaxınlaşıb birlikdə əylənmələrini təklif etdiyinə görə aralarında yaranmış mübahisə zamanı ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər edərək özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini nümayiş etdirərək cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları və əxlaq normalarına etinasızlıq etməklə, Zərərçəkmiş şəxs yumruq zərbələri ilə vurub ona sol goz orbiti ətrafında qançır-hematoma, sifətində sağda yumşaq toxumanın əziyi və qançırı şəklində ifadə olunan qapalı kəllə-beyin travması, sifətində sağda, sağ və sol dizdə, sol əlin ovuc səthində hərəsində bir yerdə sıyrıq ilə nəticələnən sağlamlığa qısa müddətə pozğunluq törədən sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarətləri yetirməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən və şəxs üzərində zor tətbiq edilməsi ilə müşayiət olunan qərəzli hərəkətlər etməklə xuliqanlıq etmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə protokollarını, ekspertiza rəyi və digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun törətmiş olduğu cinayət əməl Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə düzgün olaraq tövsif olunmuşdur. Belə ki, məhkəmə iclasında ifadə verərkən iş üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə ona elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək, ifadəsində göstərdi ki, xx.xx.2022-ci il tarixdə Quba şəhərində Yüksəl restoranından tanışları Rəşad və Cəfərisadiq, oğlu Mustafaqulu ilə birlikdə çıxaraq “Hyundai” markalı avtomobilinə əyləşib H.Əliyev prospektində yerləşən parka doğru hərəkət etmişdir. O, avtomobili idarə etmiş, sağ ön oturacaqda Rəşad, arxa sol tərəfdə Cəfərisadiq və arxa sağ tərəfdə oğlu əyləşmişdir. Parka yanındakı dayanacağın yaxınlığında dönüş etmək üçün avtomobili yavaşlatmış, həmin vaxt yol kənarında səki ilə gedən iki qadın ucadan söyüşlər söymüşdür. O, avtomobili saxlamış və qadınların söyüş söymələrinin səbəbini soruşmuşdur. Bu vaxt qadınlardan biri avtomobilin arxa sağ qapısı tərəfdən bir dəfə ayaqla vurmuşdur. O, avtomobildən düşmüş və qadınlara yaxınalaşmışdır. Bu vaxt digər qadın əlindəki çanta İlə onun çiyin hissələrindən vurmuş və nalayiq söyüşlər söymüşdür. O, yenidən həmin qadından söyüş söyməsinin səbəbini soruşmuş, bu vaxt üzərinə doğru gələn qadın, yəni Zərərçəkmiş şəxs çantası ilə onu vurmaq istədikdə, o, özünü müdafiə etmək üçün Ayşəni özündən kənarlaşdırmış və sonuncu avtomobilin qarşısında yerə yıxılmışdır. Bunu gördükdə onlar avtomobilə əyləşib oradan uzaqlaşmışlar. Məhkəmədə verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, o, Zərərçəkmiş şəxs qəsdən vurmamış, ona xəsarət yetirməmiş, əksinə Ayşən onu söymüş və çantası ilə vurmaq istəmişdir. Ayşənin həmin vaxt hamilə olmasını bilməmiş və bunu aşkar sürətdə müşahidə etməmişdir. Sonradan bilmişdir ki, avtomobilinin arxa oturacağında əyləşən azyaşlı oğlu qadınlara barmağı ilə nalayiq işarə etmiş və bu səbəbdən Ayşən onları söyməyə başlamışdır. Bunu biləndə öz oğlu ilə tərbiyəvi söhbət aparmışdır. Məhkəmənin ilk iclasında barəsində bəraətverici əsaslar olmadan iş üzrə icraata xitam verilməsini xahiş etsə də, hazırda hesab edir ki, əməlində heç bir cinayətin tərkibi yoxdur və ona bəraət verilməlidir. Sonda təqsirləndirilən şəxs barəsində bəraət hökmü çıxarılmasını xahiş etdi. Məhkəmənin xx.xx.2022-ci il tarixdə keçirdiyi hazırlıq iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək, zərərçəkmiş şəxslə barışdığını bildirmiş və cinayət işi üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. İş üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs məhkəmədə bildirdi ki, xx.xx.2022-ci il günorta saatlarında Tünzalə İlə birlikdə Quba şəhərinə gəlmiş, Quba şəhərində H.Əliyev prospekti ilə şəhərin aşağı hissəsinə doğru səki ilə gedən zaman yanılarında qara rəngli avtomobil saxlamış və avtomobildə arxada əyləşən oğlan uşağı barmağı ilə ona nalaiq işarə göstərmişdir. Bundan əsəsbləşib avtomobildəkiləri söyməyə başlamış və həmin şəxslər maşından düşüb onlara yaxınlaşmışlar. Sonradan adını bildiyi Təqsirləndirilən şəxs ondan nə səbəbdən söydüyünü soruşduqda, o, maşının arxa qapısına təpik vurmuş və çantasını qaldırıb Rəşidi vurmaq istədikdə, ayağı səkidən sürüşüb yıxılmışdır. Yıxıldıqda o, huşunu itirmiş və sonra nə baş verdiyini xatırlamır. Çox güman ki, onda olan xəsarətləri də yıxılarkən almışdır. Rəşid onu vurmamış və xəsarət yetirməmişdir. Təhqiqatda və istintaqda əsəbi olduğundan ziddiyyətli ifadələr vermiş və Rəşid tərəfindən döyüldüyünü bildirmişdir. Əslində hadisənin necə baş verdiyini məhkəməyə bildirir. Həmçinin həmin vaxt o, hamilə olduğundan, əsəbi olmuş və hisslərini cilovlaya bilməmişdir. Hadisə baş verən gün həyəcanlı olduğu üçün DİN-nin 102 xidmətinə məlumat vermiş və şikayət ərizəsi yazmışdır. Rəşid onu vurmamış, itələyib yerə yıxmışdır. Hadisə baş verən gün yerə, asfalt üzərinə yıxıldığından göz nahiyyəsindən, ayağında və ovuclarında sıyrıqdan ibarət xəsarətlər almışdır. Hazırda səhhəti yaxşıdır. Hadisə olan zaman hamilə olmuş və həyəcanlı olduğu üçün istintaqda fərqli ifadə vermişdir. Hazırda təqsirləndirilən şəxslə barışmış və ona qarşı heç bir şikayəti və tələbi yoxdur. İş üzrə Zərərçəkmiş şəxs məhkəmə əzirə verərək, Təqsirləndirilən şəxs ilə barışdığını, sonuncu tərəfindən ziyanın tamamilə ödənildiyini və bununla bağlı şikayət və tələbinin olmadığını bildirmişdir. Şahid1 məhkəmədə zərəçəkmiş şəxslə eyni məzmunlu ifadə verdi və ibtidai istintaq zamanı vermiş olduğu ifadəsi ilə məhkəmə istintaqı zamanı verdiyi ifadələr arasındakı fərqi onunla izah etdi ki, ibtidai istintaqda izahat və ifadələrində qeyd olunanlar polis əməkdaşları tərəfindən yazılmış, özü tərəfindən sərbəst yazılmamışdır. Onlar hadisənin təsiri altında olduqlarından polis şöbəsində aparılan istintaq hərəkətlərinə münasibət bildirmədən onlara təqdim olunmuş protokolları imzalamışlar. İzahatda və dindirmə protokolunda qeyd olunanlar həqiqəti əks etdirmir. Ona görə ibtidai istintaqdakı ifadələrlə məhkəmə zalında verilən ifadələr arasında ziddiyyət yaranır. İbtidai istintaqdakı ifadəsi doğru deyil. Hadisə Rəşidin onlara otelə dəvət etməsi səbəbindən deyil, Rəşidin avtomobilinin arxa oturacağında əyləşmiş uşağın Ayşənə barmaq işarəsi göstərməsi, sonuncunun da cavabında söyüş söyməsi və avtomobilə təpik vurması səbəbindən yaranmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 15 radələrində Quba RPŞ-nin PPXB-nin polis nəfərləri Şahid4 və Şahid5 ilə birlikdə Quba şəhəri, H.Əliyev prospektində xidmətdə olduqları zaman uzaqdan mübahisə və qışqırıq səsləri eşidib səs gələn tərəfə doğru qaçmışlar. Hadisə olan tərəfə yaxınlaşanda yolun kənarında dayanmış “Hyundai” markalı qara rəngli avtomobilin yanında Rəşidin Ayşən ilə mübahisə etdiyini görmüşdür. Həmin vaxt Rəşidin yanında Rəşad adlı şəxs də olmuşdur. Onlar çatan zaman Rəşid və Rəşad avtomobilə əyləşib çıxıb getmişlər. Avtomobili Rəşid idarə etmişdir. Rəşidin Ayşəni vuraraq xəsarət yetirməsini görmüş, lakin Rəşadın Ayşəni vurmasını görməmişdir. Məhkəmədə verilən suallara cavab olaraq şahid bildirdi ki, hadisə olan yerlə onların dayandığı yer arasında 300 metrə yaxın məsafə olmuşdur. Həmin məsafədən yolun kənarında dayanan avtomobili və mübahisəni görmüş və səs-küy eşitmişlər. Rəşid avtomobili H.Əliyev prospektində olan parkın girişlərindən birində saxlamışdır. Onların hadisə yerinə yaxınlaşdığını görən Rəşid və Rəşad maşına əyləşib getmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 analoji ifadə vermiş və əlavə olaraq göstərmişdir ki, Quba şəhəri H.Əliyev prospektində xidmətdə olduğu zaman “Hyundai” markalı qara rəngli avtomobilin parkın yanında dayandığını, avtomobildən düşən bir nəfərt şəxsin qızla mübahisə edərək vurduğunu görmüşdür. Orada iki nəfər olmuş, bir nəfər qızı vurmuş, digəri isə onları ayırmışdır. Onların hadisə yerinə yaxınlaşdığını görən şəxslər avtomobilə əyləşib getmişlər. Onlar da hadisə barədə polis şöbəsinə məlumat vermişlər. Verilən suallara cavab olaraq, şahid bildirdi ki, hadisə olan yerlə onların dayandığı yerin arasında məsafəni dəqiq bilmir. O, xidmətdə Quba RPŞ-nin PPXB-nin polis nəfərləri Şahid6 və Şahid5 ilə birlikdə olmuşlar və parkda olan büstün qarşısında yolun kənarında dayanmışlar. Uzaqdan bir nəfər şəxsin “Hyundai” markalı avtomobilin qarşısında qızı vurduğunu görmüşdür. Lakin uzaq olduğu üçün kimin vurmasını görməmişdir. Onlar hadisə yerinə yaxınlaşanda zərərçəkən qız huşunu itirmiş vəziyyətdə olmuş, onlar xanıma təcili tibbi yardım briqadasını çağırmışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 analoji ifadə vermiş və əlavə olaraq göstərmişdir ki, Quba şəhəri, H.Əliyev prospektində xidmətdə olduğu zaman “Hyundai” markalı qara rəngli avtomobilin parkın yanında dayandığını, avtomobildən düşən bir nəfərt şəxsin qızla mübahisə edərək vurduğunu görmüşdür. Onların hadisə yerinə yaxınlaşdığını görən şəxslər avtomobilə əyləşib getmişlər. Verilən suallara cavab olaraq, şahid bildirdi ki, hadisə olan yerlə onların dayandığı yerin arasında məsafəni dəqiq bilmir. O, xidmətdə Quba RPŞ-nin PPXB-nin polis nəfərləri Şahid6 və Şahid4 ilə birlikdə yolun kənarında dayanmışlar. Uzaqdan bir nəfər şəxsin “Hyundai” markalı avtomobilin qarşısında qızı vurduğunu görmüşdür. Lakin uzaq olduğu üçün kimin vurmasını görməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, xx.xx.2022-ci il tarixdə günorta saatlarında Rəşidin avtomobili ilə Quba şəhəri H.Əliyev prospekti ilə parka doğru hərəkət etmişlər. Həmin vaxt avtomobil Təqsirləndirilən şəxs idarə etmiş, o, avtomobilin ön sağ sərnişin oturacağında, Cəfərısadıq arxa sol tərəfdə sərnişin oturacağında və arxa sağ sərnişin oturacağında isə Rəşidin azyaşlı oğlu Qulu əyləşmişdir. Heydər Əliyev adına parkın ikinci girişindən parka giriş edən zaman səki ilə gedən iki nəfər xanım onlara sataşdıqlarını düşünmüşlər və qızlardan biri nalayiq ifadələr işlətmiş və avtomobilin arxa sağ qapısından təpiklə vurmuşdur. Rəşid söyüş söyməsinin səbəbini soruşmaq üçün avtomobildən düşüb qıza yaxınlaşmışdır. Qız həmin vaxt əlində olan çantanı Rəşidin üstünə atmışdır. Baş vermiş hadisə zamanı o və Rəşid Ayşənə və Tünzaləyə heç bir xəsarət yetirməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə hadisə baş verən gün o, Təqsirləndirilən şəxs idarə etdiyi avtomobildə arxa oturacaqda sürücünün arxasında oturmuşdur. Onun yanında isə Rəşidin oğlu əyləşmişdir. Heydər Əliyev adına parkın ikinci girişindən parka giriş edən zaman səki ilə gedən iki nəfər qadın nalayiq ifadələr işlətmiş və avtomobilin arxa sağ qapısından təpiklə vurmuşlar. Avtomobilin pəncərələri açıq olmuşdur. Rəşid bunu eşidib avtomobili saxlayıb düşmüş və qadınlara yaxınlaşıb söyüş söyməsinin səbəbini soruşmuşdur. Həmin vaxt onların arasında mübahisə düşmüş, o da qorxudan başqa avtomobilə minib oradan getmişdir. Mübahisə başlayan zaman avtomobildə olmuş və heç kimə xəsarət yetirməmişdir. İş materiallarında olan hadisə zamanı çəkilmiş videogörüntünün olduğu 01 ədəd DVD formatlı diskə məhkəmədə baxış keçirilərkən, video yazıda Quba şəhəri, H.Əliyev prospektində avtomobil yolunun sağ tərəfi ilə səkidə 2 nəfər qadının hərəkət etdiyi (həmin qadınlar iş üzrə Zərərçəkmiş şəxs və Şahid1dır), onların yanına səkiyə doğru qara rəngli “Hyundai” markalı avtomobilin yaxınlaşdığı görünür. Avtomobil yaxınlaşdıqdan sonra avtomobilin ön sağ tərəfindəki qapıdan bir nəfər şəxs düşür (həmin şəxs Şahid3dur). Sürücü qapısından isə bir nəfər qapını açıb çıxdıqdan sonra qadınlara yaxınlaşır. (həmin sürücü Təqsirləndirilən şəxsdur). Qadınlar bir qədər geri çəkilirlər və qadınlardan biri (Şahid1) digərindən (Zərərçəkmiş şəxs) uzaqlaşıb avtomobilin arxa tərəfindən yolu keçən zaman, sürücü oturacağından düşən şəxs (Təqsirləndirilən şəxs) Ayşəni səkinin kənarında üz nahiyyəsindən bir neçə dəfə vurub dartaraq avtomobilin ön hissəsinə gətirib yerə yıxmaqla vurmağa davam edir. Bu vaxt avtomobilin arxa oturacağında sol tərəfdə əyləşən bir nəfər şəxs (şahid Cəfərsadıq Sultanov) avtomobilin qapısını açıb düşür və yolun əks tərəfinə keçir. Şahid3 avtomobilin ön hissəsinə tərəf keçir və geri qayıdır. Həmin vaxt 3 nəfər polis əməkdaşları mübahisə yerinə doğru qaçır. Avtomobilin sol arxa qapısından isə bir nəfərin qapını açıb çıxdığı və yolu keçdiyi görünür (həmin şəxs Şahid2dur). Polis əməkdaşları avtomobilin yanına çatan zaman bir nəfər (Təqsirləndirilən şəxs) avtomobilə sürücü qapısından digər şəxs isə (Şahid3) ön sağ sərnişin oturacağında əyləşir və hadisə yerindən uzaqlaşırlar (DVD disk). Videogörüntüdə şəxslərin sifət cizgiləri görünmədiyindən, onların şəxsiyyətinin müəyyən edilməsi təqsirləndirilən şəxsin və şahidlərin ifadələri əsasında aparılmışdır. Yəni adı çəkilən şəxslərdən hansı birinin avtomobili idarə etməsi və sərnişin oturacağında oturması onların hər birinin özü tərəfindən məhkəməyə bildirilmişdir. Bununla da, sürücü olan Təqsirləndirilən şəxs sükan arxasından enməsini və zərərçəkmiş şəxsə yaxınlaşıb onu bir neçə dəfə vurmasını, daha sonra asfalt üzərinə yıxmasını rahatlıqla izləmək mümkündür. Lakin məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs özünü qismən təqsirli bilərək, verdiyi ifadəsində Zərərçəkmiş şəxs döymədiyini bildirmiş, zərərçəkmiş şəxs isə öz növbəsində dindirilən zaman israrla təqsirləndirilən şəxs tərəfindən zorakılığa məruz qalmadığını qeyd etmişdir. Məhkəmənin son iclasında isə təqsirləndirilən şəxsə son söz verilən zaman sonuncu özünü ümumiyyətlə təqsirli bilməyərək, barəsində bəraət hökmün çıxarılmasını xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə özünü təqsirli bilməsə də, onun təqsiri yuxarıda təsvir olnan videogörüntü və şahid qismində dindirilmiş polis əməkdaşlarının ifadələri ilə tam təsdiq edilir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plemumunun «Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında» xx.xx.2004-cü il tarixli 1 saylı Qərarının 2-3-cü bəndlərində göstərilir ki, «Cinayət Məcəlləsinin xuliqanlığa görə məsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə, təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür. Məhkəmələrin diqqəti xuliqanlıq cinayətinin digər oxşar cinayətlərdən fərqləndirilməsi zəruriyyətinə cəlb edilməlidir. İzah edilməlidir ki, ictimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında, şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən, zərər çəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisə və ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunur. Şəxsi münasibətlər zəminində başlanılmış belə hərəkətlər sonradan ictimai qaydanı kobud surətdə pozmağa və cəmiyyətə qarşı açıq-aşkar hörmətsizlik ifadə edən hərəkətlərə çevrilərsə, onda şəxsin əməli xuliqanlıq kimi qiymətləndirilə bilər.» Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında göstərilir: «Cinayət qanunvericiliyində xuliqanlıq cinayəti ictimai təhlükəsizlik əleyhinə olan cinayətlər kateqoriyasına aid edilmiş, onun əsas obyekti kimi ictimai qayda, əlavə obyekti qismində isə insanların sağlamlığının, şərəf və ləyaqətinin, habelə mülkiyyətin mühafizəsi ilə bağlı olan ictimai münasibətlər çıxış edir. İctimai təhlükəsizlik əleyhinə olan cinayətlər ictimai qaydanın, şəxsiyyətin təhlükəsizliyinin və sağlamlığının, şərəf və ləyaqətinin, şəxsi və dövlət əmlakının qorunmasını, eləcə də insanların əmək və istirahətini, müəssisə və təşkilatların normal fəaliyyətini təmin etmək üçün qanunvericilikdə müəyyən edilmiş qaydaları pozan ictimai təhlükəli əməllərdir. Məhkəmə iclasında araşdırılan sübutlara qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin əməlində xuliqanlıq cinayətinin əlamətləri vardır və onun əməli Azərbaycan Respublikası CM-in 221.1-ci maddəsi ilə düzgün tövsif edildiyindən, o həmin maddə ilə məsuliyyət daşımalıdır. Belə ki, cinayət işinin materiallarından göründüyü kimi, xx.xx.2022-ci il tarixdə Zərərçəkmiş şəxs Quba RPŞ-nə əlyazma ərizəsi ilə müraciət edərək, xx.xx.2022-ci il tarixdə Quba şəhəri, H.Əliyev prospektində Rəşid tərəfindən döyüldüyünü bildirmişdir. Daha sonra izahat verərkən xx.xx.2022-ci il günorta saatlarında Tünzalə İlə birlikdə Quba şəhərinə gəlmiş, Quba şəhərində H.Əliyev prospekti ilə şəhərin aşağı hissəsinə doğru səki ilə gedən zaman yanılarında qara rəngli avtomobil saxlamış və avtomobili idarə edən şəxs Rəşid Tünzaləyə və ona onlarla birlikdə otelə getməyi təklif etmişdir. Tünzalə də Rəşidə “get öz ananı bacını apar otelə” demiş və avtomobilin arxa sağ qapısı tərəfə təpiklə vurmuşdur. Bu zaman Rəşid avtomobildən enib üzərinə gəlmiş, ardıncədə ön sağ tərəfdə əyləşən Rəşada da qapını açıb üzərinə gəlmişdir. Rəşad əlində olan mobil telefonla onları çəkməyə başlamış, o da Rəşadın telefonla video çəkməsindən əsəbləşərək Rəşadın ünvanına nalayiq söyüşlər söymüşdür. Tünzalə də yanından aralaşıb avtomobilin arxa tərəfindən keçərək yolun qarşı tərəfinə keçmək üçün getmişdir. Bu zaman Rəşid üzərinə doğru gələrək onu əl çantasından dartaraq arxaya doğru itələmişdir və üz nahiyyəsindən vurmağa başlamışdır, ardıncada avtomobilin qabağına doğru dartıb gətirib vuraraq yerə yıxmış və yerə yıxılan zaman dizləri asfalta çırpılmış, sol əlində ovucu sıyrılmışdır. O, avtomobilin qarşısında yerə yıxılan zaman Rəşad da yanına gələrək bel nahiyyəsindən bir dəfə təpiklə vurmuş, daha sonra polis əməkdaşlarının gəldiklərini görüb avtomobilə əyləşərək çıxıb getmişdirlər. Eyni məzmunlu ifadəni Zərərçəkmiş şəxs şahid qismində, zərərçəkmiş şəxs qismində dindirilərkən təsdiq etmişdir. Sözügedən məqamlar iş üzrə şahid qismində dindirilmiş Şahid1 İsmayil qızının da ibtidai istintaq zamanı şahid qismində verdiyi ifadəsində öz əksini tapmışdır. Belə ki, Şahid1 ibtidai istintaqa ifadə verərkən rəfiqəsi Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən ictimai yerdə söyüldüyünü və döyüldüyünü bildirmişdir. Həmçinin, eyni tarixli 532 nömrəli raportadan görünür ki, saat 16:45-də Quba rayon Diaqnostika Mərkəzinin həkimi Babazadə polis şöbəsinə zəng edərək, bildirmişdir ki, 28 həftəlik hamiləlik vəziyyətində olan Zərərçəkmiş şəxs sağ sifətinin qızartısı, aşağı ətrafın əziyi diaqnozu ilə xəstəxnaya müraciət etmiş və döyüldüyünü bildirmişdir. Zərərçəkmiş şəxs xəsarət aldığı halda, məhkəmə iclasında ibtidai istintaqda verdiyi ifadəsinə zidd ifadə verməsi, hadisə zamanı Ayşənin yanında olmuş iş üzrə Şahid1 da ibtidai istintağa göstərdiklərini təkzib etməyə çalışması bülə düşünməyə əsas verir ki, təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə məhkəmədənkənar öz aralarında razılığa gələrək təqsirləndirilən şəxsi cinayət məsuliyyətindən yayındırmağa cəhd etdilər. Belə ki, Zərərçəkmiş şəxs məhz xx.xx.2022-ci il tarixdə döyülməsi nəticəsində xəsarət alması iz üzrə keçirilmiş məhkəmə-tibbi ekspertizasının tam təsdiq edilir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, Məhkəmə-Tibbi Ekspertiza və X6- Təcrübi və Tədris Birliyinin (məhkəmə-tibbi ekspertizası) xx.xx.2022-ci il tarixli 115 nömrəli ekspert rəyindən görünür ki, 1992-ci il təvəllüdlü Zərərçəkmiş şəxs bədəni üzərində olan xəsarətlər-sol göz orbiti ətrafında qançır-hematoma, sifətində sağda, sağ və sol dizdə, sol əlin ovuc səthində hərəsində bir yerdə sıyrıq küt əşyanın (əşyaların) təsirindən törənməklə yetirilmə müddəti qərarda göstərilən vaxtda, yəni xx.xx.2022-ci il tarixə uyğun gəlir, dərəcəsinə görə sağlamlıqda qısa müddətə pozğunluq törətdiklərindən sağlamlığa yüngül zərər vurmaya aiddir (iş vər.: 20). Məhkəmə-tibbi ekspertin rəyindən göründüyü kimi, Zərərçəkmiş şəxs bədən səthində aşkar edilən xəsarətlər sifət nahiyyəsinin həm sol, həmdə ki sağ tərəfində aşkar edilmişdir ki, bu cür xəsarətlərin şəxsin özü tərəfindən yerə yıxılması ilə eyni zamanda alması ağlabatan deyildir. Beləliklə, məhkəmə hesab edir ki, Zərərçəkmiş şəxs bədən səthində, ələxsus sifət nahiyyəsində aşkar edilən xəsarətlər məhz Təqsirləndirilən şəxs tərəfindən vurulması nəticəsində əmələ gəlmişdir. İş üzrə Təqsirləndirilən şəxs tərəfindən ictimai qaydanın kobud surətdə pozulması vətəndaşların gediş-gəlişi üçün nəzərdə tutulan səkidə mübahisə yaratmaqda, ucadan nalayiq ifadələr işlətməkdə ifadə olunmuşdur. Belə ki, mübahisənin səsi hadisə yerindən 100 metrdən çox məsafədə olan polis əməkdaşları tərəfindən də eşidilmişdir ki, bu da öz növbəsində ictimai qaydadnın kobud surətdə pozulmasına bir daha dəlalət edir. Beləliklə, qeyd olunanlardan göründüyü kimi, Təqsirləndirilən şəxs əməlində xuliqanlıq cinayətinin əlamətlərin mövcudluğu onun CM-nin 221.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi məhkəmə istintaqı zamanı tam təsdiqi tapır. Odur ki, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs oğunun barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən, hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri, həmçinin aşağıda qeyd olunanlar da nəzərə alınmalıdır. İş materiallarında olan: “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir (iş vər.: 88, 89); “qətimkan tədbiri seçilməsi barədə” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmişdir (iş vər.: 98, 99, 101); “sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, iş üzrə hadisənin görüntüləri əks olunmuş bir ədəd ümumi tutumu 72,9 MB və bir ədəd 1,8 MB olan DVD disklər maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir (iş vər.: 79-84). Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin verdiyi cinayət işi üzrə yoxlamaya dair tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Quba Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirli bilinib 01 il islah işləri cəzasına məhkum edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2016-cı il tarixli qərarına əsasən cinayət məsuliyyətinə cəlb edilmə müddətinin keçməsi ilə əlaqədar Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə cəza təyin edilməmişdir. (iş vər.: 44,45); Quba RİHB-nın Quba şəhər İƏD üzrə nümayəndəliyinin xx.xx.2022-ci il tarixli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs həyat yoldaşı-1985-ci il təvəllüdlü X4, oğlu 2009-ci il təvəllüdlü X1 və qızı-2014-cü il təvəllüdlü X2 ibarət ailə tərkibi vardır. Təqsirləndirilən şəxs barəsində heç bir şikayət və narazıçılıq daxil olmamışdır (iş vər.: 109,110); Quba rayon mərkəzi xəstəxanasının xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Quba RMX-nın konsultativ poliklinika şöbəsinin psixiatrik və narkoloji kabinetlərində qeydiyyatda yoxdur (iş vər.: 53). Məhkəmə Azərbaycan Respublikası CM-nin: 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, əməlindən peşman olmasını, himayəsində iki azyaşlı uşağının olmasını, zərərçəkmiş şəxslə barışmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır; 61-ci maddəsinə əsasən isə məhkəmə Təqsirləndirilən şəxs əməlində nəzərdə tutulan cəzanı ağırlaşdıran halların olmadığını müəyyən edir. Məhkəmə cəza məsələsini müzakirə edərkən, Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən halları, ağırlaşdıran halların olmadığını nəzərə alaraq hesab edir ki, ona təyin olunan cəza ədalətli olmaqla yanaşı, törətdiyi cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə, həmin cinayətin törədilməsi halına, onun özünün şəxsiyyətinə tam uyğun olmalıdır. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nın 221.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Belə ki, Azərbaycan Respublikası CM-nin: 8.1-ci maddəsinə əsasən “cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır”. 58.3-cü maddəsinə görə “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır”. 41.2-ci maddəsinə əsasən “cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir”. 58.1-ci maddəsinin tələblərindən görünür ki, “cinayət törətməkdə təqsirli bilinən şəxsə bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir”. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 №-li qərarının, 45-ci bəndində qeyd olunmuşdur ki, “məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər”. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz Qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Onun cəmiyyətdən təcrid olunmadan islah edilməsinin mümkünlüyü qənaətinə gələrək, hesab edir ki, ona tətbiq edilməsi nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzası cinayət törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə və xarakterinə mütənasibdir. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Belə olan halda, azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs üzərinə CM-nin müvafiq maddələrində nəzərdə tutulan vəzifələr qoyulmalıdır. Belə ki, Azərbaycan Respublikası CM-nin: 52-1.2.1-ci maddəsinə əsasən yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2-ci maddəsinə əsasən elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3-cü maddəsinə əsasən məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4-cü maddəsinə əsasən müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Belə ki, Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin: 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir; 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır; 51-3.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər eidlmasi haqqında” 07 mart 2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə görə məhkəmə, hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli olan əmlakın olub-olmaması məsələsini həll etməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1 və 99-1.1.1-ci maddəsinə əsasən məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) Xüsusi müsadirə olunan əmlak hesab olunur. Məhkəmə xüsusi müsadirə ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, iş üzrə belə bir əmlak olmadığından təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə ilə bağlı müddəa tətbiq edilməməlidir. İş üzrə maddi sübut hesab edilən iki ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia və məhkəmə məsrəfi yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1, 344-353, 356, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Quba rayonunun hüdudlarını tərk etməmək, axşam saat 23:00-dan səhər saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut hesab edilən iki ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Hökmün icrası Quba rayon İcra və probasiya şöbəsinə həvalə olunsun. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökm apelyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdıqdan sonra qüvvəyə minir. Hakim: Samir Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar